GƏNC NƏSLİN MƏNƏVİ GÖRÜŞLƏRİNİN ZƏNGİNLƏŞMƏSİNDƏ «GÜLÜSTAN» ƏSƏRİNİN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ

20200512_103901Mənəvi aləmin zənginləşməsində, həyat mövqeyinin möh­kəm­lən­mə­sin­də kitablar mühüm rol oynayır. Kitablar oxucunun görüş dairəsini, münasibətlər dünyasını ge­niş­lən­di­rir. Bununla yanaşı, kitab seçimi də diqqət tələb edən məsələdir. Bu mənada, Nax­çı­van Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təs­­diq edilmiş oxunması zəruri olan kitabların əhəmiyyəti çox böyükdür. Bu dövlət sə­nə­di­­nin imzalanması yeniyetmə və gənclərdə şüurlu həyat yolu sürməyə, peşə istiqamətini düz­gün müəyyənləşdirməyə kömək edir, insana öz ləyaqətini düzgün qiy­mət­lən­dir­mə­si­nə, onun özünü, kimliyini dərk etməsinə, həyat zirvəsinin nədən ibarət olmasını an­la­ma­sı­na şə­rait yaradır. Çünki kitab insana yalnız özü üçün deyil, başqaları üçün də yaşamağı, iş­lə­məyi öyrədir. Bu mənada, oxunması zəruri olan kitabların siyahısı, həqiqətən də, çox həs­salıqla hazırlanmış, çox düzgün seçilmişdir.

Oxunması zəruri olan kitabların siyahısında yer alan alim və mü­təfəkkir, əxlaq və ədəb carçısı Sədi Şirazinin“Gülüstan” əsərində də – Allaha olan böyük sevgi, əx­la­qi saflıq, mənəvi dəyər, hu­ma­nizm, şərəf və ləyaqət, sadəlik və tə­va­­­zö­kar­lıq, vic­­dan­­lılıq, əməksevərlik, qəhrəmanlıq, mərdlik, qo­ca­lıq, ali­cə­­­nab­lıq, sə­da­qət və sə­mi­miy­yət, dostluq və yol­­­daşlıq, dəyanət və ehtiram, və­də­yə əməl et­­mək, dar gün­də baş­qa­larına kö­­mək etmək, və­­tənpərvərlik, sülhpərvərlik, ədalətlilik, təvazökarlıq, qənaətcillik, özündən bö­yüklərə, va­­li­deyn­­­lərə hör­mək et­mək, özündən ki­­çiklərə qay­ğıy­la yanaşmaq, ağlın gücü, alimlərə hör­­mət, kamillik kimi ali insani keyfiyyət və qiymətli fikirlərdən bəhs edilmiş və bu kimi gö­rüş­lər üzərində qu­rul­­muşdur.

O dövrün saray şairlərinin bir çoxu məddahlıq edərək deyir­di­lər: “Mən xoşbəxtəm ki, sənin dövründə yaşayıram!”. Sədi Şirazi isə özünü hakimdən uca tuta­raq deyirdi: “Sən nə xoşbəxtsən ki, mənim dövrümdə doğulmusan, çünki mənim əsərlərimdə həmişəlik yaşayacaqsan!”. Altmış dörd (64) yaşında 176 hekayət, 54 hikmət, 36 nəsihət, 4 hədis və müqəddimədən ibarət olan əsərə Sədi “Gülüstan” adını vermişdir. Sədi əsərin müqəddiməsində əsərini tərif edərək yazırdı:

Nəyinə lazımdır gül tabaq-tabaq,

                                      Gəl Gülüstanımdan apar bir vəraq.

                                      Gül beş-altı günə saralıb solar,

                                      Mənim Gülüstanım daim xoş olar.

Həqiqətən də, əsərin yazılmasından təqribən 800 il keçsə də bu əsər bu gün də nəsihətamiz və məlahətliyi ilə öz təravətliyini qoruyub saxlayan əzəmətli sənət abidəsi. Gənclərin və yaşlıların əxlaqi dünyagörüşündə forma yaradan “Gülüstan” əsəri səkkiz fəsildən ibarətdir.

  1. Hökmdarın rəftarı haqqında.
  2. Dərvişlərin əxlaqı haqqında.
  3. Qənaətin fəziləti haqqında.
  4. Susmağın faydaları haqqında.
  5. Eşq və cavanlıq haqqında.
  6. Zəiflik və qocalıq haqqında.
  7. Tərbiyənin təsiri haqqında.
  8. Söhbət qaydaları haqqında

Hikmət və gözəllik şairiSədi Şirazi əxlaqi-didaktik “Gülüstan” əsərində vali­deyn-övlad münasibəti məsəsələ­ri­nə böyük əhəmiy­yət verir. Nəsihətnamələr aqillərin gündəlik fəaliyyətin­də sınaqdan çıxan bir neçə on və yüzil­lik­lə­rin cilalayıb nəsildən-nəslə verdiyi əxlaqi fikirlər məcmusudur. Müdrik fikirlər və ya nəsihətlər böyük arzu və imkanlarla fəaliyyətə baş­layan, lakin həyatın sir­lərinə bələd olmayan gənc nəslin etibarlı bələdçi­sidir. Nəsi­hətlər gənc nəslə bəşəriyyətin yaratdığı ən gözəl mənəvi sərvətləri bəxş etməklə bərabər, insa­na insanlığın sirlərini öyrədir və həmçinin, onun cə­miy­yət qarşısındakı borcunu və vəzifələ­rini yada sa­lır.

Qoca Şərqin böyük ustadı Sədi Şirazi “Tərbiyə haqqında” yeddinci fəslin “Oğul tərbi­yə­si” bölməsində valideynlərə nəsihət edir ki, uşağa lap kiçik yaşlarından elm öyrədin, bilik verin, həmçinin, zəhməti sevdirin, sənət öyrədin. Sədi sənəti tükənməz dövlət ad­lan­dırır. Həmçinin şair burada bu sayılan məfhumlarda müəllimin də böyük rolundan söhbət açır:

                            On birə girəndə oğlunun yaşı,

                                      Qoyma naməhrəmə qarışsın başı.

                                      …İstəyirsən səndən qalsın yaxşı ad,

                                      Elm öyrət oğluna, qoy olsun ustad.

                                      Oğlunun olmasa ağlı, kamalı,

                                      Sən öldün neyləyir dövləti, malı.

                                      …Oğluna bilik ver, sevdir zəhməti.

                                      Qoy olsun kamalı, ağlı, sənəti.

Həmçinin, şair qeyd edir ki, uşağın əqlinin və zəkasının formalaşmasında müəllimin böyük rolu vardır. Şair vurğulayır ki, müəllim ədəbli, həlim, səlim, namuslu bir əfəndi olmalıdır. Əgər belə ol­arsa onun yetişdirdiyi nəsil də bəxtiyar nəsil olar. Yox, əgər müəllim bədəsil, nanəcib biri olarsa o xalq artıq bir heçliyə məhkumdur. Şair sadaladığımız fikirləri poetik dillə belə ifadə edir:

                                      Əgər bir müəllim olsa bədəsil,

                                      Yetişdirə bilməz bəxtiyar nəsil.

Gənc nəslin tərbiyəsi yalnız ataların övladla­rına olan nəsihətləri ilə məh­dud­laşmır. Sədi Şirazi öz növbəsində həm də qanadlı sözlərin dalınca ge­dir, uşaq­ların əməli fəaliyyətində onlara ciddi nəza­rət edir.

Tarixdən bizə məlumdur ki, oğla­nın tərbiyəsi ilə başlıca olaraq kişilər, qızın tərbiyəsi ilə qadınlar məşğul olurdular. El arasında “Qız ana­­dan görməyincə süfrə salmaz. Oğul atadan görməyincə öyüd almaz” aforizmləri də uzaq keçmişlərdən bizə nümunə kimi gəlib çatmışdır. Bu mənada, Sədi Şirazi qiy­mətli incilərində belə qeyd edir ki, hər bir ata və ana övladının qəlbində məhəbbət, qayğı, vətənpərvərlik, insanpərvərlik, dostluq və yoldaşlıq, düzlük və doğruçuluq kimi müqəddəs keyfiyyətləri aşı­la­mağı özlərinin məsul vəzifəsi hesab etməlidir. Həmçinin, uşaqlar da ata və ananın hörmətini daim əziz və uca tutmalıdırlar. Ən azı ona görə ki, “onların hər ikisi  (ata və ana – K.C.) səninlə Yaradan arasında va­s­itədir. Deməli, sən özünə və Yaradanına hörmət et­di­yin qə­dər, öz vasitələrinə də hörmət etməlisən. Ağlı başında olan hər övlad heç vaxt ata və ana haqqını unutmaz”.

Sədi Şirazi  gənclərə xitabən deyir ki, ata və ananın haqqını dini cəhətdən qəbul etməsən də, ağıl və insanlıq nöqteyi-nəzərindən qəbul etməlisən. Çünki atan və anan sənin əsil böyüdə­nin və tərbiyə verənindir, sən onların haqqını ödəməkdə kahallıq göstərsən, bu ona dəlalət edər ki, sən heç bir yaxşılığa layiq deyilsən. Çünki aşkar xeyirxahlığın qədrini bilməyən adam dolayı xeyirxahlığın qədrini haradan bilər? Qədir bilməyən adama yaxşılıq etmək nadanlıqdır. Sən də nadanlıq adını qazanmağa çalışma.

Tərbiyə etmək, hər şeydən əvvəl, gözəl şəxsi nümunə göstərmək deməkdir. Yalnız öyüd-nəsihət­lə, söhbət və mühazirələrlə övladı tərbiyə etmək mümkün olsaydı, onda nə gözəl olardı ki! Atalar gözəl deyib: “Kötəklə tərbiyələnmək olsaydı, onda öküz hamıdan tərbiyəli olardı”. Gözəl nəsihətlər, ən əsası gözəl nümunələrlə birləşməsə, biz övlad tərbiyəsində arzu olunan nə­ti­cə­ni əldə edə bilmərik. Sədi Şirazi “Gülüstan” adlı əsərində yazır ki, Diyarbəkirdə bir qocaya qo­naq oldum. Onun çoxlu malı və gözəl bir oğlu var idi. Bir gecə qoca dedi: –Ömrümdə bundan başqa övladım olmayıbdır. Bu vadidə ziyarətgah deyən bir ağac vardır ki, adamlar dilədiklərini almaq üçün ora gedirlər. Mən həmən ağacın altında uzun gecələr oturub ağlamış və çoxlu dualar etdikdən sonra Allah bunu mənə əta etmişdir. Oğlan isə bu vaxtda astadan yol­daş­la­rına deyirdi: Kaş o ağacın yerini biləydim, gedib dua elə­yəy­dim, atam öləydi və mirası mənə qalaydı.

Ata sevinirdi ki, oğlum ağla çatıb; oğul deyinirdi ki, atam nə üçün ölmür.

İllər keçir lakin güzər etmirsən,

Öz atanın məzarına heç zaman.

Sən atana nə hörmətlər etdin ki,

O hörməti gözləyirsən oğlundan?

Sədi Şirazi “Gülüstan” əsərində üzünü gənclərə tutaraq yazır ki, miras xatirinə ana və ata­nın ölümünü arzulama. Ata-anan ölməsə də, sənin ruzin yetişəcəkdir, çünki hər kəsin qisməti özü­­nə çatacaqdır. Artıq ruzi əldə etmək üçün özünü çox da ora-bura vurma, ora-bura soxulmaqla ruzi art­maz, ona görə deyiblər: “Zəhmət çəkməklə yaşa, özünə əziyyət verməklə yaşama!”.

Böyük pedaqoq və filosoflar qeyd edirlər ki, tərbiyə mürəkkəb dialektik prosesdir. Qeyd et­di­yimiz kimi, tərbiyə etmək, nümunə göstərmək, həm də öyüd-nəsihət ver­mək, həmçinin, ye­ri gəldikcə kömək əli uzatmaq, nəzakətlə nəzarət etməyi ba­car­maq deməkdir. Burada həyatı yax­şı bilmək, onun tələblərini müdrikliklə dərk etmək də çox vacibdir. Xüsusən, övlad tər­bi­yə­sində. Biz övladlarımızı yalnız sev­məklə, əzizləməklə kifayətlənə bilmərik. Maksim Qorki yazır ki, övladı sev­mək asan­dır, toyuq da öz balasını sevir. Lakin övladı tərbiyə et­mə­yi bacar­maq in­­sandan istedad və zəngin həyat biliyi tələb edən böyük dövlət əhəmiyyəti olan bir işdir. Burada nə sevərkən, nə də tələbkarlıq gös­tərərkən ifrata varmaq olmaz. Valideyn çalış­ma­lı­dır ki, onun övladı heç kəsə xeyir vermə­yən şum­lan­­ma­mış xam torpaq olmasın.

Bəzən valideynlər gileylənərək deyirlər: “Nə­dən­sə tərbiyə işində oğlanlar qızlara nis­bətən çox vaxt alırlar?”, “Oğlanlar daha çox intizamsızlıq edir, dalaşır, gücü çatanı vurur, çat­ma­ya­na daş atır” və s. Məhz ona görə də, uşağı insani münasibətlərin mürəkkəb aləminə daxil etmək tərbiyənin ən vacib şərtlərindən biridir. Əgər uşaq valideynin üzünə ağ olursa, cavab qaytarırsa və ya xalq dili ilə desək bozarırsa burada valideynlər günahkardırlar. Çünki uşaqlar məsumdurlar, onünçün etdikləri işlərin heç birindən məsul deyildirlər, onların hal və hərəkət­lə­rin­­dən məsul olacaq yalnız ata-analarıdır.

Sədi Şirazi tərbiyəvi-didaktik dolu olan “Gülüstan” əsərində belə nəql edir ki: Yoxsul bir dərvişin arvadı hamilə idi, doğum vaxtına az qalırdı, dərvişin isə ömründə uşağı olmamışdı. Dedi: Əgər Allah mənə oğul versə, əynimdəki xirqədən başqa nəyim varsa hamısını fəqir-füqə­raya bağışlayacağam.

         Təsadüfən oğlu oldu, əhdini yerinə yetirib var-yoxunu dərvişlərə payladı.

         Şam səfərindən qayıdarkən yolum o kənddən düşdü, kefini soruşdum, dedilər zindan­da­dır. Səbəbini bilmək istədim. Dedilər:

– Oğlu şərab içibdir, dava edibdir kimin isə qanın töküb qaçıbdır. Onun əvəzinə atasının boy­nuna kəndir salıb, ayağına zəncir vurub aparıblar.

Dedim: – Bu bəlanı o özü dua edib Allahdan istəmişdir.

Ey əqli başında olan kişi bil,

Hamilə qadınlar doğsalar ilan,

Cəmiyyət gözündə daha da xoşdur,

Yaramaz, naxələf övlad doğmaqdan

Sədi Şirazinin bu kimi məsəl və misallarından belə nəticəyə gəlirik ki, bu gün va­lideyn ol­maq, uşaq tərbiyə etmək atadan, anadan mühitdən böyük məsuliyyət, gərgin əmək, hə­yat təcrübəsi, səbr və bilik, dözüm və psixoloji-pedaqoji axtarışlar tələb edir. Çünki əv­vəllər valideynlərin “mən de­dim, qurtardı” nidası ilə uşağı susdurmaq, onu “ki­fa­yət­­ləndirmək” mümkün idisə, indi bu ni­da­nın kəsəri xeyli azalmışdır. Ona görə yox ki, uşaqlar əvvəlkinə nisbətən ipə-sapa yatmayan ol­muş­lar. Xeyr, ona görə ki, bir za­man­lar böyüklərin bilik ethi­yatı çox zəngin idi və onların bir çox fikirləri uşaqlar tə­rə­fin­dən mübahisəsiz qə­bul olunurdu. Müasir dövrdəki informasiya zənginliyi – kino, teatr, ra­dio, intek aləmi, televi­ziya, mətbuat, internet, nəhayət, canlı ictimai əhatə böyük­lər­lə uşaqlar arasın­dakı bu məlumat fərqini xeyli azaldıb. Onların bilik dairəsi, dün­ya­gö­rüş­lə­ri ge­niş­lənib, düşüncələri daha artıq inkişaf edib, zənginləşib.

Bu mənada, müasir dövrün tələblərinə uyğun olaraq hər bir valideyn və ya hər bir ata-ana mə­­suliyyətindən asılı olmayaraq yeni priyom, yeni üsul, vasitə və tərz axtarışı tapıntısına çıx­ma­lı­dır. Belə tapıntını da Sədi Şirazinin “Gülüstan” əsəri ilə əldə etmək olar.

 

KAMAL CAMALOV

                                     Azərbaycan Respublikasının Əməkdar müəllimi

                                     Naxçıvan Müəllimlər İnstitutunun dosenti,

                                     pedaqogika üzrə fəlsəfə doktoru

                                     AYB-nin üzvü

Yazıya 1251 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.