Baxış bəy Kazımbəyovun qısa tarixçəsi – “Difai”-dən…

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olmuşdur. Onlar zaman-zaman xalqımızın tarixində gördükləri böyük işlər və əməllərlə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində “Difai” partiyasının üzvlərindən biri Baxış bəy Kazımbəyovun xüsusi rolu vardır.

Baxış bəy Qarabağda, onun bir guşəsi Ağdamda məşhur olan kazımbəyovlar soyundandır. Bu soyun ulu babası Hətəmxan ağa Çəmənlidir. Onun Məhəmməd bəy, Nadirqulu adlı oğlanları vardı. Hətəmxan ağanın ikinci oglu Nadirqulu bəy 1774-cü ildə Kəbirli mahalının Çəmənli obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı idi. Rus-İran savaşlarında iştirak etmişdi.

Nadirqulu bəy Pərzad xanımla ailə ailə qurmuşdu. Kazım bəy adlı oglu var idi.

Kazım bəy Nadirqulu bəy oğlu 1815-ci ildə Kəbirli mahalının Çəmənli obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Kazım bəyin törəmələri Kazımbəyov soyadını daşıyırdılar.

Məşədi Kazım bəy Yaxşı xanımla ailə qurmuşdu. Hüseyn bəy, Nadirqulu bəy adlı oğlanları, Qızxanım xanım, Bəyim xanım, Püstə xanım adlı qızları vardı.

Hüseyn bəy Məşədi Kazım bəy oğlu 1839-cu ildə Kəbirli mahalının Çəmənli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.

Hüseyn bəyin Şükür bəy, Baxış bəy adlı oğlanları, Xanım xanım adlı qızı vardı.

Hüseyn bəyin ikinci oglu Baxış bəy Kazımbəyov 1878-ci ildə Şuşa qəzasının Çəmənli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa real məktəbində oxumuşdu.

Baxış bəy Kazımbəyovun Çəmənli obasında xeyli torpaq mülkiyyyəti vardı. Ona məxsus olan torpağın bir hissəsində bağ saldırmışdı.

Baxış bəy Kazımbəyov “Difai” təşkilatının Ağdam şöbəsinin üzvü idi. Ondan başqa Ağdam qanadının üzvüləri Səlim bəy Rüstəmbəyov, qardaşı Şükür bəy, Cəfər bəy Vəzirov, Qəhrəman ağa Cavanşir, Qasım bəy Vəzirov, Davud Ağamirzəyev, Hacı Seyid Miriş Seyid Bağır oğlu və başqaları idilər. Təbliğat qrupuna Mirzə Məmməd İbrahimovun başçılığı ilə 6 nəfər daxil idi. (НАИИ, ф.1, оп.З, д.1478, л.41)

1909-cu ilin may ayında «Qarabağ Birlik Məclisi»nin üzvlərinin işi üzrə məhkəmə araşdırması aparılmışdı. İş üzrə müttəhimlər kimi «Difai»nin Şuşa bölməsinin üzvləri Məşədi Şamil Hacıyev, Əfrasiyab Əzimov, Kərbəlayi Yusif Mirsiyabov, Rza bəy Rzabəyov və Məmməd İsmayıl oğlu, Ağdam bölməsinin üzvləri Hacı Miriş Mirbağırov, Mirzə Davud Ağamirzəzadə, Baxış bəy Kazımbəyov, Hacı Cümşüd Hacı Cəfərqulu oğlu, Zulfuqar bəy Abdulla bəy oğlu Haqverdiyev və Muxtar Kərbəlayi Məmməd oğlu keçirdi. Adları çəkilən şəxslər «fəaliyyətinin məqsədi Zaqafqaziyanın müsəlman əhalisini qanuna və hökümətin sərəncamlarına itaət

etməməyə təhrik etməkdən ibarət olan, özünü müsəlman «Difai» partiyası və «Qarabağ Məclisi» adlandıran, üzvləri ətraf kəndləri gəzərək əhalidən partiyanın ehtiyacları və silah üçün pul yığan, partiyanın adından inzibati və məhkəmə vəzifələrini yerinə yetirən, əhali arasında çəkişmə və mübahisələri tənzimləməklə məşğul olan cinayətkar birlikdə iştirak etməkdə» ittiham olunurdu.

Araşdırma nəticəsində Yelizavetpol dairə məhkəməsi 1909-cu il mayın 15-də «Qarabağ Birlik Məclisi»nin üzvlərinin işi üzrə hökm çıxarmışdı. Məhkəmənin qərarı ilə həmin şəxslərdən 8 nəfəri 8 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilmiş, 3 nəfərin isə təqsiri sübut edilmədiyinə görə məhkəmə onlara bəraət vermişdi. (ГАППОДАР: ф. 276, oп. 8, д. 217, л. 22-25.)

Baxış bəy Kazımbəyov 1914-cü ildə vəfat edib.

Baxış bəy Kazımbəyov Ziba xanımla ailə qurmuşdu. Həsən bəy adlı oğlu vardı.

Baxış bəy Kazımbəyov bir partiya təşkilatçısı idi. Partiyanın təşkilatcıları qarşıya qoyduqları siyasi məqsədi vəzifələri kütlələrin dərk edib həyata kecirmələri üçün onlarda müəyyən şüur və siyasi mədəniyyət səviyyəsi olmasının zəruriliyini çox düzgün anlayırdılar. Buna görə də əhali arasında geniş maarifçilik işi aparır, mədəni-maarif cəmiyyətinin imkanlarından istifadə edir, siyasi ədəbiyyat yardırdılar.

“Difai”nin şöbələrinə başcılıq edənlər əhali arasında geniş şöhrətə malik insanlar idi. Çar məmurları öz ali rəislərinin nəzərinə çatdırırdılar ki, bu partiyanın mövcud olduğu müddətdə yerli əhalinin ictimai işlərə marağı xeyli artmışdır. İndi əhali onun komitələrinə hökumət idarəsindən çox müraciət edirdi.

На изображении может находиться: 1 человек

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

İstinad: Fedai.az

Yazıya 459 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.