Cümhuriyyət Ordusunun döyüşən generalları: Onlar Qarabağı necə azad etdilər..?
Bu gün Azərbaycan ordusunun yaradılmasından 102 il vaxt ötür. 1918-ci ildə yoxdan bir bayraq qaldırdığımız kimi, yoxdan da bir ordu yaradıb Azərbaycanın ərazi bütövlüyünü təmin etdik.Bu gün 27 ildən çoxdur ki, ermənilərin bizə atdığı güllələri saymaqla məşğul olduğumuz bir dövrdə, müdafiə nazirimizin ana dilində danışa bildiyini az qala “bayram” etdiyimiz bir zamanda o illərdə 114 min kv. kilometrlik ərazidə üçrəngli Azərbaycan bayrağını dalğalandıran insanları yad etmək milli mədəniyyətimizin əsasını təşkil etməlidir.Bəs bu əməliyyatları kimlər və necə aparırdı? Onların qələbəsinin sirri nədə idi?Vətənpərvərlikmi, cəsarətmi, peşəkarlıqmı,hansı dövlətdən asılı olmamaqmı? Odur ki, böyük hərbiçilərimiz olan S.Mehmandarovun, Ə.Şıxlinskinin, M.Sulkeviçin, X.Sultanovun, H.Səlimovun və digərlərinin adlarını sayğılarla xatırlamaq hər birimizin borcudur.Təəssüflər ki, Bəzən onları unudur və nədənsə yada salmırıq.Ötən il böyük ictimai-siyasi və hərbi xadim X.Sultanovun 140 illiyi tamam oldu.Mənim və digər dostlarımızın təşəbbüsləri nəzərə alınmadı və həmin yubiley dövlət səviyyəsində qeyd olunmadı.Yubileyi qeyd edib dünyanın müxtəlif dillərində “Qarabağın general qubernatoru X.Sultanov” kitabını çap etsəydik, yaxud onun haqqında maraqlı bir film çəkilsə də necə əhəmiyyətli olardı? Bu yazımda isə döyüşən Cümhuriyyət generallarımızla bağlı bəzi məqamları oxuculara təqdim edirəm.
Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professorSƏMƏD BƏY MEHMANDAROV (1855-1931)
Azərbaycan Cümhuriyyətinin Hərbi Naziri
S.Mehmandarov Hərbi Nazir olarkən ilk verdiyi əmrlərdən biri − Azərbaycan ordusu əskərinin ana dilində salamlaşmağı idi. Onun əmrində qeyd olunurdu: “Sırada, eləcə də sıradan kənarda olarkən əskərlərin türkcə salamlaşması − bir sözlə “salam”, cavabı isə “əleyküm-salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əskərə deyilməlidir: “Mərhəba!”, əskər cavab verməlidir: “Çox sağ ol!”.
S.Mehmandarov Ordunu bolşeviklərin zərərli təbliğatından qorumağa çalışır, bununla əlaqədar Nazirlər Şurasının sədri, eyni zamanda Daxili İşlər Naziri N.Yusifbəylini 1919-cu ilin mayın 11-də məlumatlandırırdı: “Mənim tərəfimdən belə bir məlumat alınmışdır ki, Bakıda müsəlmanlardan ibarət olan xeyli bolşevik təmayüllü şəxs hər vasitə ilə kazarmalara daxil olmağa, təbliğatla ordunun əsaslarını sarsıtmağa və bolşevik ideyalarını aşılamağa can atırlar. Bakıda yerləşən qoşunlar, xüsusilə piyada qoşunları hərbi tərbiyənin əsaslarını tamamilə mənimsəməmişlər və intizam o qədər də möhkəm deyil, buna görə də mən qoşunları Bakıya gətirmək istəmirdim. Bu gənc qoşunları bolşeviklərin dağıdıcı təbliğatından qorumaq üçün Zati-Alilərinizdən kazarmaların yerləşdiyi rayonlara kənar şəxslərin icazəsiz daxil olmasına imkan verilməməsi məqsədi ilə qoşunların yerləşdiyi rayonlarda polis nəzarətinin tətbiqinə sərəncam verməyinizi xahiş edirəm”.
Azərbaycanda müstəqil dövlət quruculuğuna mane olan qüvvələr dağıdıcılıq işlərini davam etdirsələr də, onların qarşısı güc nazirlikləri tərəfindən qətiyyətlə alınırdı. 1919-cu ilin iyununda Azərbaycan Cümhuriyyəti üçün ən təhlükəli problem − Lənkəran qəzasında baş verən hadisələr idi. Azərbaycanın ərazi bütövlüyünü parçalamaq istəyən və qondarma “Muğan respublikası” yaratmaq istəyən bu qüvvələrə qarşı S.Mehmandarov çox qətiyyətli davranmışdı. O, doğulub boya-başa çatdığı bu bölgədəki “separatçı” qüvvələrə xəbərdarlıq edirdi: “Azərbaycan Respublikası hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına vətəndaş müharibəsini birdəfəlik kəsmək, qayda-qanun yaratmaq, yerli əhalini zalımlardan və qatillərdən qurtarmaq üçün dəstə göndərirəm. Azərbaycan qoşunları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu yerin bütün millətlərdən olan əhalisi üçün qanunçuluğun və ədalətin müdafiəçisi kimi gəlir. Silahlı qüvvələrin himayəsi altında ölkənin bütün sahələrinin idarəçiliyində təxirə salınmadan mülki idarəçilik bərpa ediləcəkdir… Bununla yanaşı xəbərdar edirəm ki, hər hansı şura, komitə, yaxud “Muğan respublikası” şəklində heç bir özbaşına təşkilatın olmasına yol verilməyəcəkdir. Lənkəran qəzasında yalnız Azərbaycan Respublikasının hakimiyyəti tanınacaqdır və onun sərəncamlarını yerinə yetirməyənlər qiyamçı kimi hərbi dövrün qanunlarına uyğun məsuliyyət daşıyacaqlar. Xəbərdar edirəm ki, rus əhalisinə qarşı heç bir qarətə və zorakılığa yol verilməməlidir. Çünki, onlar da qəzanın digər millətlərinin nümayəndələri ilə bərabər hüquqlu Azərbaycan Respublikasının vətəndaşlarıdır… Hər cür silahlı müqavimət ölüm hökmü ilə cəzalandırılacaqdır və qoşuna belə hallarda amansızlıqla fəaliyyət göstərməyi əmr edirəm. Bu barədə bu və ya digər bəhanə ilə əhalini qoşunlara, yaxud hakimiyyətə qarşı qaldıracaq şəxslərin hamısına xəbərdarlıq edirəm. Öz növbəsində mən dəstə rəisinə, qoşunların əhaliyə heç bir zərər verməməsi və mülki əhaliyə qarşı hər cür zorakılıq edənləri ciddi cəzalandırmağı əmr edirəm”.
S. Mehmandarov Hərbi Nazir olaraq münaqişə bölgələrinə gedir, yaranmış vəziyyətlə yaxından tanış olurdu. Onun Nazirlər Şurasının sədri N.Yusifbəyli ilə Qarabağ bölgəsinə səfəri haqqında “Azərbaycan” qəzeti yazırdı: “Qarabağın həyatında daha əlamətdar hadisə − bu, 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını − Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi Baş Nazir N.Yusifbəylini və Hərbi Nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş Nazir N.Yusifbəyli qəbul etdi. İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söylənildi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq qeyd etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil!!
S. Mehmandarov Hərbi Nazir vəzifəsində olarkən əskərlər arasında böyük nüfuza sahib idi və ona çoxlu şərqilər qoşulmuşdu:
-Səməd Paşa sərdarımız,Qan axıdar xəncərimiz.Düşmənləri qəhr edərik,Yurdlarını məhv edərik,Biz bir tabor əskərlərik,Pək şanlıyıq!
S.Mehmandarov Parlamentdəki çıxışını bu sözlərlə yekunlaşdırır: “Bir neçə söz də şəxsim ətrafında qaldırılmış səs-küy haqqında ərz edəcəyəm. Bu sözləri o ağalar danışırlar ki, qoymamışam Azərbaycan xəzinəsinə südlü inək və Hərbiyyə nazirliyinə darüləcəzə (əlillər evi, qocalar evi) kimi baxsınlar. Mən bəyan edirəm ki, bu vaxtadək olduğu kimi, bundan sonra da tutduğum yol ilə gedəcəyəm və heç bir qüvvə məni bu yoldan çıxara bilməz. Hər kəs məndən sonra nazir olsa, görər ki, nə qədər zəhmət çəkilmiş və nə işlər görülmüşdür”.
Həmin dövrdə nəşr edilən “Azərbaycan” qəzeti S.Mehmandarovun bu çıxışından sonra Parlament üzvlərinin ona olan inamını və hörmətini belə işıqlandırırdı: “Hərbiyyə naziri həzrətləri axırda salondan çıxarkən yenə bütün məclis şiddətli və sürəkli alqış ilə onu yola salır”.
XOSROV BƏY SULTANOV (1879 – 1943)AZƏRBAYCANIN İLK HƏRBİ NAZİRİ, QARABAĞIN GENERAL QUBERNATORU
X. Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan bir yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti”.Müraciətdə yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.
X.Sultanovun Qarabağın general-qubernatoru təyin edilməsi erməniləri narahat edirdi. Diplomatik Nümayəndəliyin Azərbaycan və Ermənistan üzrə təmsilçisi Tekinskiyə, Xarici İşlər Nazirliyinin Azərbaycan hökumətinin Qarabağda fəaliyyətinə Ermənistan hakimiyyətinin mane olması ilə əlaqədar nota verməsi haqqında 1720 saylı 18 iyun 1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır: “Ermənistan hökumətinə xəbər verin: Sultanov Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə. Azərbaycan Respublikası tərəfindən Azərbaycanın ayrılmaz və mübahisəsiz torpaqları olan Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və bu, aprelin 3-də İttifaq Komandanlığı tərəfindən rəsmi qəbul edilib. Bu səbəbdən Sultanovun fəaliyyətinə və Azərbaycan qoşunlarının Qarabağa daxil olmasına erməni hökumətinin hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla bağlı isə general-qubernator tərəfindən güclü tədbirlər görülüb və həyat normal axarına düşüb”.
X. Sultanovun 1919-cu ilin 26 iyulunda Şuşadan S.Mehmandarova göndərdiyi 3743 saylı məlumatda Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunurdu. Həmin məlumatdan: “Zəngəzurla Naxçıvanın əlaqəsi probleminin həll edilməsi ancaq Zəngəzurda hərbi hissələrin gücləndirilməsi ilə mümkündür. Bu haqda mən Sizinlə şəxsən danışdım və Siz də razılaşdınız. Bu məsələni indi əlverişli bir məqamda, maldarlar dağlarda, ermənilərdən arxada olarkən, qan tökmədən həll etmək olar. Bazarçay yaxınlığında olan Qızıl Boğaz və Bazarçay yerlərini tutmaqla, buradakı malakan əhalisi Azərbaycan hakimiyyətini tanımağa hazırdır. Və bundan ötrü onlar öz nümayəndələrini Xalq milisinin rəisi Sultanovun yanına göndərmişlər. Və məsələ bununla da öz-özlüyündə həll edilir.Odur ki, cənab əlahəzrət, hərbi hissə dəstələrinin Xalq milisi dəstələri ilə birgə Bazarçay kəndini almaq üçün Sizin sərəncam verməyinizi xahiş edirəm.Aldığım məlumata görə, Mərcanlı maldarları döyüşçülərimiz üçün bir neçə yüz buynuzlu heyvan verməyə razılaşıblar. General-qubernator X.Sultanov”.
MASEY ALEKSANDROVİÇ SULKEVİÇ (1865 − 1920)AZƏRBAYCAN ORDUSUNUN BAŞ QƏRARGAH RƏİSİ
M.Sulkeviç tələbkar komandir və Baş Qərargah rəisi idi. Onun imzası ilə Gəncədə 1919-cu ilin 17 mayında hazırlanan 5 saylı əmrdə belə qeydlər vardır: “Səhv həmişə mümkündür. Dövlət xəzinəsindən ayrılan xəzinə pulu birbaşa təyinatı üzrə sərf olunmalı və sənədlərdə təsdiq edilməlidir. Ordu və xəzinə maraqlarına qayğı çox olarsa, bunu edənlərə tərif və təşəkkür daha çox olar”. M.Sulkeviç Azərbaycan Cümhuriyyəti Ordusunun milliləşməsinə də önəmli əhəmiyyət verirdi. Onun Baş Qərargah rəisi olaraq 1919-cu ilin avqustun 10-da verdiyi 561 saylı əmrdə maraqlı qeydlər vardır. Əmrdə göstərilir ki, Azərbaycan Ordusunun piyada və süvari alayları, eləcə də ayrıca batalyonları, hərbi məktəbləri üçün hazırlanan bayrağın bir tərəfində “Azərbaycan”, digər tərəfində isə “Kömək Allahdandır, qələbə yaxındır!” sözləri yazılmalıdır. Göstərilirdi ki, bayrağın parçasının kənarındakı zolaqlar Teymurləngin Səmərqənddəki qəbrində olan naxışlar kimi olmalıdır.
M. Sulkeviçin Qarabağın general-qubernatoru X. Sultanova 7 sentyabr 1919-cu il tarixində göndərdiiyi məktubda ermənilərin Qarabağın tam şəkildə itirilməsi ilə barışa bilməyəcəyi, bunun üçün bütün imkanlardan istifadəyə çalışacağı bildirilirdi. Bununla əlaqədar o, ermənilərə nəzarət məqsədi ilə Xankəndindəki, gələcəkdə isə Gorusdakı qarnizonları tam tərkibdə öz yerlərində saxlamağı tələb edirdi.M.Sulkeviç yerli əhali arasında olan bacarıqlı, döyüşkən ruhlu insanlardan piyada və süvari partizan dəstələrinin təşkil olunmasını da vacib sayırdı. Onun təklifinə görə, 20-40 yaşlı sakinlərdən ibarət olan 4 batalyon yaradıb onlardan ərazilərin müdafiəsində istifadə edilməli idi.
İstinad: Fedai.az
Yazıya 492 dəfə baxılıb