Hüseyn Hüseynov – Biz uşaqlarımızın gələcəyi üçün savaşdıq….

120442390_333833278067461_400178133545438362_oÖz Ana yurdumuzu işğaldan azad etmək uğurunda apardığımız vətən müharibəsi başlayanda mən də öz borcumu könüllü yerinə yetirmək üçün cəbhəyə yollandım. Bu haqq savaşımız bizim qələbəmiz ilə bitdi. Və indi biz evdəyik. Biz Azərbaycanın əzəli torpaqları olan Qarabağımızın zəfəri ilə geri döndük. Qarabağda son gücünə qədər döyüşən Azərbaycan Ordusunu özüm də daxil olmaqla təbrik edirəm.
Şəhidlik zirvəsinə ucalan bütün hərbi xidmətini yerinə yetirən və könüllü əsgər yoldaşlarıma və zabit heyətinə Allahdan rəhmət diləyirəm. Şəhid ailələrinə, yaxınlarına demək istəyirəm ki, siz daim şəhidlərlə fəxr etməlisiniz, onlar bu vətənin bütövlüyünü öz qanları-canları bahasına əldə etdilər. Xəsarət alan igidlərimizə isə şəfalar diləyirəm. Onları Azərbaycan xalqı heç zaman unutmayacaq.
Biz Azərbaycan Respublikasının ərazi bütövlüyü üçün savaşdıq, biz uşaqlarımızın gələcəyi üçün savaşdıq, onların daha təhlükəsiz və bütöv Azərbaycan Respublikasında yaşaması üçün savaşdıq. Artıq yeni nəsil üçün “işğalda olan torpaqlarımız” anlayışı olmayacaq, bunun əvəzinə “vaxtilə işğal olunmuş tarixi Azərbaycan torpaqları” anlayışı olacaq. Və mən əmin idim ki, cəbhədə olmayan bütün Azərbaycan xalqının da ürəyi bizimlə döyünürdü, hər gün cəbhədən gələn xəbərlərlə yatıb qalxırdınız, hər gün həyəcanla bizim üçün dua edirdiniz. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və 10 noyabr gecə saatlarından sonra bütün işğalda olan torpaqlarımız tədriclə azad edilərkən Azərbacan ictimaiyyəti də, xalqımız bunu fərəhlə paylaşıb, hər kəsin səmimi qəlbən sevinci ətrafa işıq kimi yayılıb. İndi bunu bütün sosial şəbəkələrə baxarkən görürəm.
Bu “Vətən müharibəsi”ndə Ermənistan tərəfi, separatçı Dağlıq Qarabağ qondarma rejim terrorçuları və onların gizlin və aşkar havadarları gördü ki, Azərbaycan-Türk, xalqının birliyi var, bu birliyi, möhkəmliyi, sədaqəti sındıra bilməzlər. Eləcə də Azərbaycan – İsrail və Azərbaycan – Pakistan xalqlarının möhkəm dostluğu var, hansı ki hər sahədə bu dostluq özünü göstərir, istər müharibə, istər mədəniyyət, istər elm, istərsə də gələcək perspektivlər.
Mən əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı cəbhədə döyüşlər başlayan gündən bir yumruq kimi birləşdi, hamının amalı ancaq ərazi bütövlüyümüzün bərpası idi. Bununla da bütün Azərbaycan xalqı cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağın azad olunması üçün verdiyi tarixi əmri sonuna qədər dəstəklədi və bunun ətrafında heç bir iqtidar, müxalifət, neytral cəhbə demək olar ki olmadı, yekdilliklə Azərbaycan xalqının dəstəyi oldu. Belə həlledici və çətin məqamda göstərdiyi birliyə, əzmə və şücaətə görə xalqıma sonsuz minnətdarlığımı bildirirəm. Bu bizim xalqımızın vahidliyi demək idi. Azərbaycan Respublikasının Konstitusiyasında “Xalqın vahidliyi” maddəsi əks olunub. Göstərilir ki, “Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.” Həqiqətən də biz bu birliyimizlə sübut etdik ki, Azərbaycan Respublikası milli kimliyindən, dilindən, dinindən, cinsindən, sosial mənşəyindən, düşüncəsindən asılı olmayaraq hər birimizin ümumi və bölünməz vətənidir.

Yazıya 552 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.