Anım ziyarətində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və şəhidin ailə üzvləri iştirak ediblər. Şəhidin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin ailə üzvləri ilə görüşərək onlara dərin hüznlə başsağlığı verib. O, Siyahim Dəmirovun timsalında Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın göstərdikləri şücaət və fədakarlıqdan, onların döyüş yolunun gələcək nəsillər üçün örnək olmasından danışıb. Həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğı xüsusi vurğulanıb, dövlət tərəfindən şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunacağı bildirilib.
Şəhidin ailə üzvləri övladları ilə qürur duyduqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Siyahim Əlizamin oğlu Dəmirov — 13 sentyabr 1990-cı ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri olan Siyahim Dəmirov 2020-ci il Vətən müharibəsində Murovdağ, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 29 oktyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Doğma Əlinəzərli kəndində dəfn edilib. Ölümündən sonra “Qarabağ” ordeni, həmçinin “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Yazıya 2 dəfə baxılıb










