İlk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən «Əli və Nino» əsəri dünyanın 33 dilinə tərcümə olunub. Azərbaycan mühacir ədəbiyyatının nümayəndələrindən biri olan Qurban Səidin «Əli və Nino» əsəri məhəbbət romanı olsa da, əsərdəki hadisələr Rusiya bolşeviklərinin inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və ermənilərin «Qızıl Ordu»ya birləşərək Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə «tərəqqi etmiş» Qərb və «geridə qalmış» Şərqin qovuşduğu Bakıdır.
Hər bir oxucu «Əli və Nino» əsərini oxuyarkən Bakıda «Rus İmperator Humanist Gimnaziyası»nın üçüncü sinif şagirdi Əli xan Şirvanşir ilə «Müqəddəs Kraliça Tamara Liseyi»nin şagirdi Nino Kipiani arasında olan təmiz, saf sevgi, vətənpərvərlik, böyüyə hörmət, kiçiyə qayğı və həmçinin yuxarıda qeyd etdiyimiz siyasi hadisələrlə tanış olur.
İlk əvvəl Əli xan oxuduğu gimnaziyanın sərt qaydalarından danışır, ancaq bunu da qeyd edir ki, «gimnaziyaçılara sillə vurmaq qəti qadağan idi». Əli xan «böyük tənəffüs»ləri «dünyanın ən qəşəng qızı» Nino Kipianini görməyə tələsir və ona dərsdə baş verən macəralardan söhbət edir. Əli xan Ninonun gözəlliyini belə təsvir edir: «Ninonun ağ dərisi və incə, uzun kirpikləri altında iri, gülər, qafqazlılara məxsus qığılcım saçan gözləri var idi. Bu cür xoş, şən gözlər ancaq gürcü qızlarında olur. Daha heç kimdə! Nə avropalı qızlarda, nə də asiyalılarda. Nazik, hilal qaşlı Ninonun profili həzrəti Məryəmin profilini xatırladırdı». Ümumiyyətlə, Əli xan gürcü qadınlarını «yer üzündə ən gözəl qadınlar» və Ninonu da «bütün gürcü qadınları kimi yaxşı bir həyat yoldaşı» olacağına inanır.
Əli xan qeyd edir ki, səkkiz illik məktəb sayılan «Rus İmperator Humanist Gimnaziyası»nda sinifdən sinifə ancaq imtahan verməklə keçmək olardı. Riyaziyyat və fizika fənnini zəif bildiyini və köçürmə yolu ilə qiymət aldığını xatırlayan Əli xan yazır: «Baxmayaraq ki, ruslar müsəlmanları çox nadir hallarda imtahanda kəsərdilər. Bunun səbəbi isə o idi ki, hamımızın çoxlu dostu var idi. Dostlarımız da əli xəncərli və tapançalı güclü cavanlar idilər. Müəllimlər də bunu bilirdilər və şagirdlər onlardan qorxduqları qədər, onlar da şagirdlərdən qorxurdular… Elə bu səbəbdəndir ki, mən – Əli xan Şirvanşir riyaziyyat dərsini həyasızcasına parta qonşum Metalnikovdan köçürərkən müəllimlər buna göz yumurdular. Təkcə bir dəfə, bu köçürmə əməliyyatının lap ortasında müəllim mənə yaxınlaşdı və ümidsiz halda pıçıltı ilə dedi: «Belə açıq yox, Şirvanşir, axı biz də tək deyilik». Riyaziyyatdan yazılı imtahanı əngəlsiz keçdim».
Ninonun da riyaziyyat fənnini zəif bildiyini və Əli xanın ona köməklik etdiyini və bununla da Ninonun gözündə bir qəhramana çevrildiyini Əli xan xatırlayaraq yazır: «O zaman Nino böyük tənəffüsdə gözləri yaşla dolu bizim tərəfə gəldi və məni sinfə dartıb apardı. Mən düz bir saat onun partasının altında oturub, riyaziyyat tapşırığının cavablarını ona pıçıldadım. O gündən bəri mən Ninonun nəzərində bir qəhrəman idim».
Səkkiz illik təhsilini müvəffəqiyyətlə başa vuran Əli xan kamillik imtahanını hələ axıra çatdırmamışdı. Səfər xan gərək həyatın astanasında duran oğluna həyatın bütün müdrikliklərini təfərrüatı ilə açmalı idi: «Oğlum, indi, həyata qədəm basdığın anda mən sənə bir daha müsəlmanın vəzifələrini başa salmalıyam… Məhv olmamaq üçün biz, qədim ənənələrimizi və köhnə həyat tərzimizi mühafizə etməliyik. Oğlum tez-tez dua et. İçki içmə. Heç bir yad qadını öpmə. Yoxsullara və zəiflərə mərhəmət göstər. Vətən yolunda qılıncı sıyırıb can vermək üçün həmişə hazır ol. Sən döyüş meydanında həlak olsan, bu, mən qocanı ağrıdacaq. Amma şərəfsiz olub sağ qalsan, mən qoca kişi xəcalət çəkəcəyəm. Düşmənini heç vaxt bağışlama… Sabahın qayğısını çəkmə, çünki sabahı düşünmək insanı qorxaq edər… Sənə yalvarıram: siyasətlə məşğul olma! Nə istəyirsən elə, amma siyasətə qarışma».
Əli xanın məktəbi bitirdikdən sonra arzusu Moskvada Lazareviç adına Şərq dilləri İnstitutunda oxumaq olmuşdur.
Əli xanla Nino arasında saf, təmiz, ülvi sevgi bəzən məzhəb ayrılığından hər ikisini də narahat edir. Nino deyir ki, «əvvəlcə bir müsəlmana ərə getdiyim üçün atam və anam qəmdən öləcəklər. Sonra sənin atan (Əli xanın atası – K.C.) lənət oxuyub tələb edəcək ki, islamı qəbul edim. Bunu da etsəm, atacığımız çar xristianlıqdan döndüyümə görə məni Sibirə sürgün edəcək, səni də, təhrik etdiyim üçün mənə qoşacaq». Əli xan isə biraz ürəkli şəkildə deyir ki, yox, Nino, bu o qədər də pis olmayacaq. Sən islamı qəbul etməməlisən, valideynlərin qəmdən ölməyəcəklər.
Ümumiyyətlı, «Əli və Nino» arasında din, tərbiyə, mənşə fərqini də nəzərə almaq lazımdır. Əli xan da Ninonu sevdiyini atasına anlatmaqda çətinlik çəkir. Çünki atası oğlunun xristian qızıyla evlənməsini islam dininə təhqir kimi saya bilər. Ancaq Əli xanın gözlədiklərinin tam əksi baş verir. Atası deyir ki, «bütün gürcü qızları incəbeldirlər, buna baxmayaraq, sağlam uşaqlar doğurlar… Sənin Ninon xristian qızıdır. Qoyma onu evinə yad imanı gətirsin. Bazar günləri onu kilsəyə göndər… Qadın tez sınan bir qabdır. Bunu bilmək vacibdir… Bilirsən ki, müsəlmanlar dörd arvadı birdən saxlaya bilər. Amma biri ilə kifayətlənsən, daha yaxşıdır. Əlbəttə, Ninonun uşağı olmasa, başqa məsələdir… Onunla səbirli ol. Qadınlar uşaq kimidirlər, amma uşaqdan fərqli olaraq daha hiyləgər və daha yaman olurlar. Bunu bilməlisən, bu çox vacibdir. İstədiyin vaxt ona çoxlu hədiyyələr gətir, ipək və daş-qaş ver… Kişi gərək arvadı sevməsin. Kişi vətəni, müharibəni sevər. Kişi qadını qorumalıdır, sevməli deyil».
Üzdəniraq ermənilərin zaman-zaman Azərbaycana, Türkiyəyə baş qaldıran xəyanətkar hərəkətləri tarixi faktdır. Bizim öz içimizdə yaşayan, duzumuzu-çörəyimizi yeyən, kirvə-kirvə deyə qılığımıza girən, ancaq əllərinə fürsət keçən kimi türklərə, azərbaycanlılara qarşı məkrli siyasət yürüdürlər. Onların insanlıqdan kənar məkrlə, qəddarlıqla, xəyanətlə dolu xislətləri «Əli və Nino» məhəbbətindən də yan keçmir. Özünü Əli xana və Kipianilər ailəsinə dost kimi göstərən Naxararyan da belələrindəndir. İlk əvvəl Əli xan Şirvanşir tərəfindən Kipianilər ailəsinə elçi düşən Naxararyan çox keçməmiş Ninoya eşq elan edir. Nino Əli bəyi sevdiyini deyəndə Naxararyan Ninonu daha çox sevdiyini deyir. «Bu ölkənin daşı-daş üstə qalmayacaq (Azərbaycan nəzərdə tutulur – K.C.)! Mən Sizi Asiyanın əlindən oğurlayıb qaçacağam». Naxararyan dediyi kimi də edir və Ninonu qaçırmaq qərarına gəlir. Ninonun qaçırılmasını eşidən Əli xanın sifəti od tutub yanır, qan gicgahına vurur, sanki «gözəgörünməz bir qüvvə dəyənəklə başı»na zərbə endirmişdi. Qarabağ atı ilə Mərdəkan yolunda Naxararyanın maşınına çatan və çatan anda da Naxararyanın boğazından yapışan Əli xan: «Boz qurd kimi yapışırıq düşmənin boğazından Naxararyan!» deyərək xəncəri düşmənin gövdəsinə, ürəyinin başına soxur.
Bu hadisə hər bir oxucuda olduğu kimi, Əli xanın atası Səfər xanda da bir məmnunluq hissi yaradır. Səfər xan əlini Əli xanın çiyninə qoyaraq: «Mən səninlə fəxr edirəm, Əli xan, fəxr edirəm. Mən də belə edərdim» – deyir.
Bundan sonra Əli xan polislərdən qorunmaq üçün Dağıstana getmək məcburiyyətində qalır. Dağıstan aulunun camaatı Əli bəyi göz bəbəyi kimi qoruyur. Çünki Əli bəyə Naxararyanlar tərəfindən bir xətər toxunsaydı «buradakı hər bir kəndlinin adının üstündə ömürlük ləkə olardı».
Nino ilə Əli xan elə Dağıstanda da ailə qururlar. Bundan sonra Prinses Nino Kipiani ancaq öz etiqadını, yunan-ortodoks təriqətini saxlayaraq Nino xanım Şirvanşir kimi tanınır. Əli xan Şirvanşirin və Nino xanım Şirvanşirin bir qız övladları dünyaya gəlir. Nino xanım oxuduğu «Müqəddəs Kraliça Tamara Liseyi»nin şərəfinə olaraq Əli xandan qızlarının adını Tamara qoymağı məsləhət edir. Əli xan da da razılaşır. Çünki Tamara adına həm xristianlarda, həm də müsəlmanlarda təsadüf edilirdi.
Artıq dünyanın hər yerində Amerikada hindular, Afrikada zəncilər, Rusiya, Gürcüstanda zəhmətkeşlər inqilab dalğaları yaratmışdı. Bu inqilab dalğaları Azərbaycandan da yan keçmir və Azərbaycan artıq özünü müstəqil dövlət elan edir. Əli xan da Qərbi Avropa şöbəsinə attaşe təyin olunur. Əli xanın və Nino xanım Şirvanşirin ingilis dilini bilməsi Avropadan gələn qonaqları qarşılamağa çox köməklik edir. Ancaq Azərbaycanın müstəqilliyi az çəkdi, cəmi bir il, səkkiz ay (1918-1920-ci illər). Rusiya bolşevikləri Azərbaycanın hər qarış torpağını işğal edir, nazirlər güllələnir, parlament deputatları güllələnir, meyitlərə daş bağlayıb Xəzər dənizinin girdabına qərq edirlər. Əli xan belə qarışıq zamanda vətəni qədər sevdiyi Ninonu Tiflisə (Gürcüstana) yola salmaq istəyəndə Nino Əli xansız heç bir yerə getməyəcəyini deyir. Əli xan bir neçə günə Ninonun yanına qayıdacağını vəd etdikdən sonra Nino Əli xanla razılaşır və Əli xanı gözləmək ümidiylə Gürcüstana yola düşür. Yaxın dostları Əli xana vətəni tərk etməyi təklif edəndə: «Mən öz vətənimdən heç yana qaçmayacağam» – deyir. Əli xan Gəncənin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olur və şəhidlik zirvəsizə ucalır.
Yekun olaraq qeyd edək ki, Azərbaycanda olduğu kimi, Gürcüstanda da bu iki gəncin əbədi sevgisi bir əfsanəyə çevrilib. Bu sevgi və onların taleyi Qafqazın keçmişini, bu gününü və gələcək taleyini də əks etdirir. Bu gün Azərbaycanda “Əli və Nino” mağazalar şəbəkəsi fəaliyyət göstərir. Gürcüstanın Batumi şəhərinin dənizkənarı bulvar ərazisində isə heykəltəraş Tamar Kvesitadze bu iki gəncin, “Əli və Nino”nun əbədi segisi üçün, eləcə də «gürcü və Azərbaycan xalqlarının dostluq rəmzi» adı altında 2010-cu ildə 7 metr hündürlüyündə hərəkət edən möhtəşəm heykəl ucaltmışdır.
Əli xan Şirvanşir ilə Nino xanım Şirvanşirin məhəbbəti Azərbaycan və gürcü xalqları – arasındakı əbədi məhəbbət rəmzi olaraq yaşayacaqdır.
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi
kamal.camalov@gmail.com
Yazıya 349 dəfə baxılıb