Qaraxanlılar qonşu kəndlərin əhalisi kimi, saza-sözə bağlı, şair təbiətli, vətənpərvər insanlardır. Kənddə kifayət qədər ədəbiyyata, yaradıcılığa həvəs göstərən insanlar yaşayıb yaradıb. Ümumiyyətlə respublikamız üçün bu kənd əhali sayına nisbətdə çox sayda ziyalı, maarifçi, aşıq, şair, bir sözlə görkəmli insan bəxş edib. Sazlı-sözlü, sinəsi bayatılı-laylalı ağsaqqalı, ağbirçəyi ilə məşhur olan bu qədim oğuz yurdunun qeyrətli kişiləri, xanım-xatın qadınları, ismətli qız-gəlinləri, düşmənə meydan oxuyan gənc oğulları var. Bu elin sayılıb-seçilən oğullarından biri də Namazəli Məmmədovdur.
Tovuz elinin qədim yurdu olan Qaraxanlı kəndində Nəsir Məmmədovun ailəsində doğulub boya başa çatan, kənddə sayılıb-seçilən, vətənpərvər, xeyirxah insan kimi dillər əzbəri olan Namazəli Məmmədov 1961-ci ilin 20 mayında dünyaya gəlib. Görünür ən gözəl fəsildə dünyaya gəldiyi üçündür ki, insanlara, hətta güllərə, çiçəklərə, ağaclara da eyni həssaslıqla yanaşır. Təbiətdə canlı nə varsa hamısı onun üçün vətən torpağında bitənlərdir. Torpağının ən xırda daşına da, ən böyük dağına da eyni sevgi ilə yanaşır. Torpağa bağlılıq, yurda bağlılıq onun damarında axan qanıdır.
1978-ci ildə Xatınlı kənd orta məktəbini bitirən Namazəli Məmmədov 1979-84-cü illərdə Çingiz İldırım adına Politexnik İnstitutunda təhsil alıb. Oxuduğu illərdə Tələbə Həmkarlar Təşkilatının sədri olub. 1984-cü ildə gənc mütəxəssis kimi “azərrabitətikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində quraşdırıcı vəzifəsini icra edib. Sonralar mühəndis, Trestin lobaratoriya rəisi, İttifaq Telefon Tikinti Trestinin 1 saylı Tikinti Quraşdırma idarəsində mühəndis-məşqçi vəzifəsində çalışıb.
Zaman-zaman müxtəlif vəzifələri icra edən Namazəli Məmmədov 1996-cı ildən “azərrabitəinşaat” layihə Tikinti Birliyinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə rəis təyin edilib.
Namazəli Məmmədov Ölkə başçısı, prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə Kosmosun idarə olunmasında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına, Qaqauz Respublikasının 20-ci ildönümü münasibəti ilə səmərəli fəaliyyətinə görə “dövlət medalına” layiq görülüb. 2019-cu ildə isə Azərbaycan Vətən Vətən Müharibəsi Veteranları İctimai Birliyinin “Milli Ordunun 100 illiyi” medalı ilə təltif olunub.
İnsanoğlu yarandığı gündən onun ən ali məqsədi nəsil artırmaq və yetişdirməkdir. “Kitabi Dədə Qorqud” dakı Oğuz tayfaları da nəsil artırmağa böyük önəm verib. Doğum mərasimləri içərisində “Ad qoyma” ənənəsi mövcuddur. “Kitabi Dədə Qorqud” dastanında ad qoyan şəxs el ağsaqqalı hesab olunan Dədə Qorquddur. Dastanda adlar adətən gəncin göstərdiyi hünər ilə əlaqəli olur. Namazəli Məmmədova ata-anası ad qoydu, el ağsaqqalı, müdrik şəxsiyyət, Vətənpərvər insan, dostluğa sədaqətli, elinə-obasına bağlı, nəhayət Xeyriyyəçi Namazəli Məmmədov adını öz əməlləri ilə qazandı. O damarında türk qanı daşıyan AZƏRBAYCAN VƏTƏNDAŞIDIR.
***
30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər yazdı. Bu Zəfəri Azərbaycan əsgəri, Azərbaycan kişisi qazandı. Bu günün insanları müharibə günlərinə şahid oldu, Zəfər sevincini çox böyük hisslərlə yaşadı. Namazəli Məmmədov ömrünün ötən 60 ilində belə Zəfər hissinə bərabər -heç bir duyğu, sevinc yaşamayıb. Fəxrlə-qürurla ” Çox xoşbəxtəm ki, bu Zəfər sevincini mən də yaşadım. Şuşanın alınması sevincini ürəkdən yaşadım” – deyir.
Hər zaman Hərbiçilərimizə diqqət, qayğı göstərərək Vətənin keşiyində dayanan, bir an belə gözünü tətikdən çəkməyən Azərbaycan əsgərini tez-tez ziyarət edən Namazəli Məmmədov Onları ruhlandırmaq üçün əlindən gələni edir, hətta fərqlənən əsgərlərə hədiyyələr verir.
***
Həyatda ən böyük missiyası xeyriyyəçilik olan Namazəli Məmmədov etdiklərini dilə gətirməyi sevmir. Etdiyi yaxşılıqları Aşıq Cəlal Qəhrəmanovun misraları ilə ifadə edir.
Qoy səni el desin el tərifləsin,
Sən özün-özünü öymə sən canın.
Bu xeyirxah insanın ruhu, varlığı saz üzərində köklənir.
Ozan-aşıq sənətinə yaxından bələd olan Namazəli Məmmədovun saza-sözə böyük sevgisi var. Aşıq Əkbərin və digər ustad aşıqların yaradıcılıq gecələrinin keçirilməsində, Mikayıl Azaflının, Hüseyn Bozalqanlının, Gülarə Azaflının, Əli Həmdioğlunun, Fətalı Alıoğlunun, Xəyyat Mirzənin, Aydın Çobanoğlunun, Xəyyat Mirzənin oğlu Qəhrəman müəllimin, Şair Məftunun, Həsən Mülkülünün kitablarının işıq üzü görməsində Namazəli müəllim maliyyə dəstəyi göstərib. Aşıq sənətinə dəstək göstərmək milli mənəvi dəyərlərə sahib çıxmaq, xalqının önəmli bir sənətini yaşatmaq deməkdir.
Namazəli müəllim tez-tez aşıq məclisləri təşkil edir.
Yüzlərlə tələbənin təhsil haqqının ödənilməsində, ölkədən kənarda təhsil almasında onun əməyi var. Təhsilə verilən dəyər, qiymət, təhsil üçün qoyulan xərc heç zaman itməz, ən böyük savaba yazılar.
İlk əmək fəaliyyətinə 1978-ci ildə fəhləliklə başlayan Namazəli Məmmədov ilk addımlarından tanınıb, tanına-tanına sevilib, sevilə-sevilə elinin-obasının, hər kəsin ürəyində özünə heykəl qurub.
60 illik ömür səhifəsini vərəqlədikcə onun ağlı-qaralı, acılı-şirinli alın yazısını oxuyuruq. Həyat bəzən önun üzünə gülüb, bəzən onu güldürüb, bəzən isə ən ağır sınaqlardan keçirib. O hər çətinliyə sinə gəlməyi bacarıb.
Aidə xanım Şirinovanın təbirincə desək, O bu dünyaya gülmək, sevmək-sevilmək, xeyriyyəçilik etmək üçün gəlib.
Yaxşı sözün söyləməyə tələsmə,
Yaxşıların yaxşısıdır yaxşılıq.
Bu dünyaya mərd oğullar gətirən,
Bir ananın naxışıdır yaxşılıq.
Yaxşıların yaxşısı, yaxşılığın naxışı Namazəli müəllim, 60 dan başlayan qədəminiz mübarək!
İlhamə Cəlalqızı Qəsəbova
Yazıya 264 dəfə baxılıb