VII BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI HAQQINDA TƏƏSSÜRAT
6-10 oktyabr tarixlərində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası baş tutdu. Pandemiyanın gətirdiyi bəlalardan dolayı iki ildir ki, kitabla bağlı bu cür möhtəşəm sərgi keçirilmirdi. Bəli, çətin durumda olan naşirlər bu anı çoxdan gözləyirdi. Düzü, sərginin keçiriləcəyi yerlə bağlı mənim də tərəddüdlərim vardı. Çünki şəhərimizin lap o başında – Eksposentrdə keçiriləcəkdi. Bu adı eşidəndə hamın ağlına gələn ilk bu cümlələr gəlirdi: “Kimdir kitab oxuyan?”, “Kimdir kitaba görə bu boyda yolu gələn?” Bir də Eksposentr ətrafında belə bir imic formalaşmışdı ki, orda sadəcə texnologiya, inşaat, mebel və sairə bahalı sərgilər keçirilir, kitabın orda nə işi var. Axı kitab varlılardan bir az uzaq görünür. Sanki kitabı sadəcə imkansızlar sevir, oxuyur. Əslində, bir az da elədir, sanki Exposentri kitaba, kitabı Exposentrə yaraşdıra bilmirdik. Amma beş gün davam edən sərgi göstərdi ki, biz yanılmışıq, kitaba görə, oxumağa görə Çinə, Şama gedən bu millət niyə 30 dəqiqəlik yolu gəlməsin ki?! Bəzən özümüzü heç də yaxşı dəyərləndirə bilmirik. Axı bu millətin uluları Orxan-Yeniseydə daşlar üzərində kitab yazıb, hələ XI əsrdə lüğət yazıb, Cəlil Məmmədquluzadə və silahdaşları eşşəklərin üzərində ta Hindistana qədər kitab, jurnal göndərib, gətirib… İndi bizə nə olub ki, yarım saatlıq yolu özünə rəva görməsin!
Bəli, beş gün müddətində gördük ki, oxuyan da var, yazan da. Çünki VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası qısa zamanda çox mütəşəkkil təşkil edildi. Naşirlərə yer seçimindən başlamış, oxuculara şəhərin iki məntəqəsindən ödənişsiz marşrut təşkil edilməsi, Zəfərimizin dostu, qardaşımız Türkiyədən gələn otuza yaxın naşir, tanınmış yazarlar, tərtibat, çıxışlar və tədbirlər üçün ayrılmış panellər, uşaqlar üçün təşkil edilmiş əyləncəli oyunlar, Mədəniyyət Nazirliyinin naşirlərin arzularını daima diqqətdə saxlamaları ürəkaçan mənzərə idi. Əvvəlki sərgilərimizdən çox yanı ilə fərqlənirdi. Çünki kitab üçün ayrılan bu möhtəşəm saray göz qamaşdırırdı. Bir çox kitab sərgilərində iştirak etmişəm – Frankfurt, London, İstanbul, Moskva, Almaatı, Daşkənd və s. Pafoslu səslənməsin, deyim ki, format olaraq sanki TÜYAP kitab sərgisinin kiçik variantı idi. Birinci dəfəydi ki, sərgi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən naşirlərin qrupu yaradılmış, Azərbaycan Nəşriyyatları İctimai Birliyi ilə bir neçə dəfə görüş keçirilib məsləhətlər aparılmış, gedişatla bağlı məlumat verilmişdi.
Önəmli tərəflərindən biri də naşirlərə əlavə yer kirayələmək üçün şərait yaradılması idi. Nazirlik üçün təklif edilən 6 kvadrat metrlik yerdən əlavə, hər kvadrata görə beş gün üçün cəmi 50 manat məbləğ müəyyən edilmişdi. Bu da naşirlərimizin standart yerdən çıxaraq öz stendlərini daha geniş, daha maraqlı dizaynda tərtib etmələrinə şərait yaratdı. Bunu Parlaq İmzalar, Teas-press, Hədəf Nəşrləri, Everest nəşriyyatlarının timsalında görə bildik. Və beləcə, yeni ənənənin başlanğıcı oldu və gələn sərgi üçün daha ciddi rəqabət bizi gözləyir.
Bu sərgidə o da ilk idi ki, yeni yaranan Azərbaycan Nəşriyyatları İctimai Birliyi öz stendi ilə iştirak edirdi… Naşirləri birləşməyə, birgə şəkildə problemləri səsləndirməyə, onlara sinə gərməyə çağırırdı.
Sərginin gedişində Mədəniyyət naziri Anar Kərimov naşirlərlə görüşdü, problemlərini dinlədi. Bəndəniz də söz alaraq cənab nazirə naşirlərin bir neçə problemi haqqında danışdım. Ümid edirik ki, yaxın zamanlarda onlar da həllini tapar. Yaddan çıxmamış bunları da qeyd edim:
1. Şənbə-bazar günləri şəhərimizin müxtəlif yerlərində mütəmadi kitab yarmarkalarının təşkili;
2. Dərsliklər və uşaq ədəbiyyatda olduğu kimi, bədii, elmi və publisistik ədəbiyyatın, ümumiyyətlə, kitabın vergidən azad edilməsi;
3. ANİB Kitab mərkəzinin açılması – bütün nəşriyyatların öz kitablarını oxuculara daha rahat təklif edə biləcəyi, müzakirələrin aparıla biləcəyi salonun olması, kitabla bağlı startap layihələri işləmələri üçün gənclərə masalar və bilgisayarlarla təhcil edilməsinə xidmət edən bir məkan;
4. Nəşriyyatlar üçün güzəştli kreditlərin, subsidiyaların verilməsi;
5. Tərcümə kitablar üçün qrant müsabiqələrinin keçirilməsi;
6. Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün dövlətin təşviq proqramlarının hazırlanması;
7. Kağız üzərindən ƏDV-nin götürülməsi;
8. Naşirlər gününün təsis edilməsi və nəşriyyat sektorunda fəaliyyət göstərən şəxslərin dövlət təltiflərinə salınması və ya mükafatların təsis edilməsi;
9. Rayonlarımızda bu cür mütəşəkkil sərgilərin təşkil edilməsi;
10. Kitaba “daş kitabə” adlı abidənin qoyulması və ya kitabsevərlər üçün parkın salınması.
Açığı, cənab nazirin də bu və digər yoldaşların təkliflərinə səmimi münasibət göstərməsi, dəstəkləməsi uzun illərdir, sahibsiz qalan kitabı sevindirməyə bilməzdi.
Səgrinin son günlərinin adətən sönük keçəcəyini gözləyən naşirlər bu dəfə də yanıldı, şənbə-bazar tarixləri olduğu üçün sərgiyə ciddi axın oldu.
Sərgidə xarici naşirlərlə yerli naşirlər üçün B2B görüşlərinin təşkil edilməsi isə bir ayrı profesionallıqdan xəbər verirdi. Biz də Hədəf Nəşrləri olaraq sərgidə iştirak edən Türkiyəli naşirlərin hər birinə “xoşgəldin” paxlavası, Azərbaycan-Türkiyə bayraqları ilə rənglənmiş Xarı bülbül ikonu hədiyyə etdik, söhbətlər apardıq.
Düzdür, biz bundan da möhtəşəm, regional bir sərgini keçirə biləcək ölkəyik. Bunu başlanğıc hesab etsək, gələn ilki sərginin daha möhtəşəm olacağına ümid artır. Bu il fəxri qonaq ölkə Türkiyə idi, gələn ilsə Pakistanın olması arzusu doğdu içimdə. Niyə də yox? Axı Pakistan bu qarışıq dünyada bizə yaxın olan böyük Şərq dövlətidir, niyə mədəniyyətlərimiz inteqrasiya olmasın, tanışlıq yaranmasın?!
Həm də ümid edirik ki, gələnilki sərgiyə daha mütəşəkkil hazırlaşılacaq, xarici yazarlar, hətta nobelçi yazarlar oxucularla görüşə dəvət ediləcək, Eksposentrin daha böyük salonunda, daha geniş imkanlara sahib olan stendlər qurulacaq, mətkəblilərin, tələbələrin gəlişi daha yaxşı təmin ediləcək, onlara kitab almaları üçün güzəştli kart sistemi veriləcək, nəinki iki məntəqədən marşrutlar təşkil ediləcək, hətta qeydiyyatdan keçmiş iştirakçılara bütün marşrutlar ödənişsiz olacaq! Bütün bunlara gördüklərimizdən sonra daha çox inanır, bütün təşkilatçılara təşəkkürümü bildirirəm.
Şəmil SADİQ
ANİB-in sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent
Yazıya 210 dəfə baxılıb