Elə insanlar var ki, şəxsi tanışlığın qiyabi tanışlığından çox sonralar başlayır. Necə deyərlər, özündən əvvəl sözünü tanıyırsan. Bu cür tanışlıqlar zamanı iki məqam xüsusi diqqət çəkir. Ya sözünü sevdiyin şəxsin özü ümidlərini doğrultmadığından peşiman olursan, ya da sözü ilə şəxsiyyəti üst-üstə düşdüyündən çox sevinirsən. Nə xoş ki, mənim Laçınlı şair dostum Eynulla Sadıq ikincilərdəndir. Yeri gəlmişkən, “Laçınlı şair” ifadəsinə də bir aydınlıq gətirim ki, qaranlıq qalmasın. Əslində şairləri regionlara bölməyin qəti əleyhinəyəm. Çünki şairin aranlısı, dağlısı, şəhərlisi, kəndlisi olmur. Hər şairin özünü gözəl ifadə edə bilməsi və başqalarından öz deyim tərzi ilə seçilməsi əsas şərtdir. Bu ifadəni ona görə işlətdim ki, Eynulla müəllimi də, elə mənim özümü də Laçınlılar daha yaxşı tanıyırlar. Yəni Laçına bir köynək yaxınıq.
Amma onu da danmaq olmaz ki, Eynulla Sadığın şeirlərində baş mövzu da elə Laçının özüdür, bənzərsiz təbiətidir. Bir də daşına, torpağına uşaqlığının, gəncliyinin acılı-şirinli xatirələri hopan doğma yurd yerlərindən ayrı düşməsinin nisgilidir:
.
Eynulla dolaşır yorğun yolları,
Vətən deyə açıq qalıb qolları.
Dəyişilib bu dünyanın halları,
Qorxuram daha pis işləri çıxa.
.
Və ya
.
Artdı bəxtin qeylü-qalı,
Qalan ömrüm təmənnalı.
Həyatımdan bir mənalı
Nəğmə kimi ötən dağlar.
.
Şair harada olursa olsun, yönünü dağlara çevirir. Ən ümidsiz vaxtlarında da qibləgahı saydığı ucalıqlara qayıdacağına, ən azı heykəlləşib qayıdacağına inanır:
.
Eynullayam, dərdə meydandı sinəm,
Xəcalət danışam, xəcalət dinəm.
Doğma qəbristanda heykələ dönəm,
Gözümü qırpmadan baxam dağlara.
.
Nə yaxşı ki, şairin poetik arzuları reallaşdi. Vüsal ovqatlı, qələbə soraqlı şeirlər də yazmaq qisməti oldu. Amma o da bir gerçəklikdir ki, həmişə sevincini, kədərini oxucuyla bölüşən qələm əhlinin qarşısında bütün dövrlərdə heç vaxt aktuallığını itirməyən bir vəzifə də durur: zamanın eybəcərliklərini qamçılamaq. Bu baxımdan Qarabağ müharibəsində də öz mənafeyini güdənlər Eynulla Sadığın satira hədəfinə tuş gəlir. Zəhmətkeş xalqın maaşını, təqaüdünü kəsən dövlət məmurlarına sabiranə məsləhət verməyi də unutmur:
.
Çörəyi qaziylə bölməyənləri,
İmana, məzhəbə gəlməyənləri,
Qarabağ haradır – bilməyənləri
Çalış harın eylə, qudurğan eylə.
.
Yazıq Eynullanı as ayağından,
Müftə ye vətənin bal-qaymağından!
Elə ki usandın el qınağından,
Xalqa danışmağı qadağan eylə!
.
Fərqindəyik ki, xalqın danışan dili olan şairləri susdurmaq asan deyil. Təkcə hisslərini, duyğularını poetikləşdirməklə kifayətlənməyərək, haqsızlığa qarşı etiraz səsini ucaldan şairlərin sırasında Eynulla Sadığın da özünəməxsuz yeri var.
Bu gün ömrünün və yaradıcılığının müdriklik çağını yaşayan qələm dostuma uğurlar arzulayıram!
.
Arif Məmmədli
Şair-publisist
Yazıya 282 dəfə baxılıb