Türkiyədə Karaman şəhərinin qala divarları
Tarixi Azərbaycan torpaqları Ermənistandakı qədim türk yer adlarının nəzərə çarpacaq qədər böyük hissəsini etnotoponimlər təşkil etmişdir: Qıpcaq, Qazaxlar kimi tayfa adlarıyla bir sırada Baharlı, Boz doğan, Bayandur, Qaraman, Qacar, Qarabağlar, Avşar, Təklə, Çaxırlı(Çakırlı), Şidli, Çəpni, Kəngərli, Dəvəli, Dügərli və b.k. yer adları qədim türk soylarının adlarını əks etmişlər ki, hər biri tarixi sənədlərə bərabər tutula bilər.
Türk tayfa adlarının yayılma arealına daxil olan Qərbi Azərbaycan (müasir Ermənistandakı adların varlığı onların böyük Azərbaycana, habelə geniş Türk coğrafiyasına birbaşa bağlılığını göstərir. Bu yazımızda bircə örnək gətirməklə fikrimizi izah edək: qədim Basarkeçər mahalına (Vardenis ray.) məxsus, adına yazılı qaynaqlarda 13-cü əsrin əvvəllərinə aid qeydlərdə rastlanan Qaraman kəndinin adına Qaraman dağ (Ağdam), Qaramanlı təpəsi (Yevlax), Qaraman bəy dağı (Laçın), Qaraman dərəsi (Kəlbəcər). Tarixən Amu Dərya boylarından qopub yürüş edən qaramanlar Azərbaycanda da yerləşmişlər. Göyçay, Yevlax, Salyan, Qubadlı rayonlarındakı Qaraman kəndləri, eləcə də Qaraman çay (Qax r.), Qaraman dağı (Şamaxı) Qaraman kanalı (Şəmkirçaydan çəkilmiş qədim arx), Tovuzda Qaraman tapı həmin tayfanın geniş ərazilərin əsil sahibləri olmasından xəbər verir.
Habelə Türk dünyasının hər guşəsində rast gəlmək olur: Ural, Volqa çayları boyunca, eləcə də Şimali Qafqaz coğrafiyasında hazırda Qaramanlarla bağlı çoxlu yer adı vardır. Volqa çayının qolları Karaman Bolşoy, Karaman Malıy çaylarının adları ilə yanaşı (Saratov vil.) vaxtilə bu ərazilərdə Karaman kəndi, qarovul məntəqələri var idi; belə strateji mövqedə yerləşən məntəqələrə ruslar “stan”-duracaq (stanitsa sözü buradandır) deyirdilər. Qazaxıstanda mövcud olan Karaman şəhəri bu tayfanın yayılma miqyasının genişliyini göstərir. Hazırda Türkmənistanda Böyük Qaraman və İkinci Qaraman (Saraqat r.), Qaramanlı dağı (Türkmənbaşı limanı), Qaramanlı dərəsi (Qızılarbat r.) həmin böyük tayfanın adı ilə bağlıdır. Qaraman –bayatılara keçib:
Aşıq Qaramanlıdır,
Xalın qara manlıdır.
Yarın soyuq üzündən
Yenə qar amanlıdır.
Qaramanlar və ya karamanlar əsas etibarilə Kiçik Asiyada məskunlaşmış böyük türk qəbiləsinin adıdır. Qaramanlar da, Avşarlar kimi Salur tayfa birliyində güclü ellərdən olmuşdur. Türkmən alimi Ataniyazovun göstərdiyinə görə Karaman, habelə Akman ən böyük türk tayfasıdır… Rəşidəddinin göstərdiyinə görə Səlcuq hökmdarı Toğrul zamanı (1038-1068) Anadoluya yerləşmiş, 1252-ci ildə Mərkəzi və Cənubi Anadoluda öz müstəqil əmirliklərini yaratmış, bəylik qurmuşlar (ilk əmirləri Oğuznamənin müəllifi Sadəddin Yazıçıoğlunun oğlu Nura Sufidir). Elə bu illərdən də öz tayfa adı ilə meydana gəlmiş və Qaraman və ya Qaramanoğulları bəyliyi adlanmaqla öz soy adlarını tariximizdə əbədiləşdirmişlər. Mərkəzi Osmanlı dövləti adına müstəqil bəyliyi zəbt etmək istəyən dövlətin təşəbbüslərinə qarşı daim dirəşən bir bəylik kimi Anadoluda 1483-cü ilədək hökm sürmüşdür. Bəzi müəlliflərə görə Qaramanlar öz adını doğma Oğuz şeiri varsaq adında saxlamış əski Varsaqlardır. Səfəvilər ordusunda Qaraman bəyləri fəal mövqeyə malik idilər. 15 əsrdən Qızılbaşların tərkibində Qaraman adı ilə fəaliyyətləri məşhurdur. Bu adların belə geniş coğrafiyaya malik olmaları qədim Oğuzların özünün malik olduğu möhtəşəm coğrafiyadan xəbər verir.
Həqiqətən tarixi Azərbaycan torpaqları olan müasir Ermənistanda sonradan dəyişdirilmiş türk kökənli yer adlarında bir çox qiymətli cəhətlər – təbii coğrafi zənginlik, qədim türk etnoslarının varlığı, habelə qədim çağ türkcəmiz ilə səsləşəm əski türk sözləri, əsatiri türk kültürünü saxlayan, dərin inamları yaşadan, zəngin və rəngarəng etnoqrafik cizgiləri əks edən bir çox tarixi faktlar ifadə olunmuşdur.
Prof. Minaxanım Nuriyeva.
Azərbaycan Dövlət Pedaqoj Universiteti
Karaman körpüsü(Türkiyə)
Yazıya 50 dəfə baxılıb