Gəldi Gedərov 124 nömrəli mənzil-istismar kontorunun müdiri idi. Qabaqlar – SSRİ dövründə mənzil-istismar kontorları fironluq edirdilər. Müdirlərin qəbuluna düşmək çətin idi, çox çətin. Düşəndə də çox vaxt işin düzəlmirdi. Kontorların müdirlər də, işçilər də, necə deyərlər, “qaz vurub qazan doldururdular”. Çox zaman hər işdən ötrü bu kontorlara ayaq döyməli olurdun. Daha nə iş qalmırdı ki, mənzil-istismar kontorları məşğul olmasın?!
O zamanlar Bakı qapalı şəhər elan edildiyindən pasport qeydiyyatı olmayanları işə götürmürdülər. Şəhərə gələn, burada qohum-əqrəbası olmayan şəxslər üçün pasport qeydiyyatına düşmək müşkül məsələ idi. Mənzil sahibi razılıq verəndə də mənzilin neçə kvadratmetrdən ibarət olmasına fikir verilirdi ki, həmin şəxsi pasport qeydiyyatına götürə bilsinlər. Yoxsa qanun pozğunluğu olardı.
Ev növbəsində durmaq istəyənlər də mənzil-istismar kontorundan arayış almalı idilər. Həmin arayışda yenə də mənzilin neçə kvadratmetrdən ibarət olduğu, müraciət edənin ev növbəsinə dura bilib-bilməməsi qeyd edilirdi.
Çox zaman əlin cibində olanda daxili işlər şöbəsinin pasport qeydiyyatı şöbəsi ilə mənzil-istismar kontoru müdirinin bir araya gəlməsi sayəsində pasport qeydiyyatı öz həllini tapırdı.
Mənzil-istismar kontorları eyni zamanda dövlət hesabına tikilmiş mənzillərin təmirini də həyata keçirirdi. Amma hər bir adamın müraciətini nəzərə almaq mümkün deyildi. Kontora bu məqsədlə ayrılmış vəsait növbəyə duranların hamısının mənzilini təmir etməyə imkan vermirdi. Bir sıra hallarda rüşvət kimi isə qabağa salırdı.
İş yerinə, müxtəlif təşkilatlara təqdim etmək üçün yaşayış yerlərindən arayışı da mənzil-istismar kontorundan alırdın. Bir zamanlar SSRİ deyilən ölkədə ərzaq qıtlığı baş qaldıranda əmək və müharibə veteranları, təqaüdçülər mənzil-istismar kontorunun qabağını kəsdirirdilər. Ərzaq talonlarını buradan alırdılar.
Bir sözlə, mənzil-istismar kontorlarının müdirlərinin əlləri pulla oynayırdı.
SSRİ dağıldı. Mənzil-istismar kontorları ilə bağlı mif də yoxa çıxdı. Ölkəmizdə yeni strukturlar yaradıldı. Mənzil-istismar kontorlarının fəaliyyət dairəsi məhdudlaşdırılsa da, yenə beşdən, ondan qazanırdılar. Yoxsa Gəldi Gedərova nə düşmüşdü ki, bütün günü divarlarının rəngi getmiş kabinetində oturub qalsın?!
İndi Gəldi Gedərov kabinetində əyləşib televizora baxırdı. O, katibəsi Nazlı Qəmzəliyevanın gətirdiyi xoruzpipiyi çayı təzəçə içməyə başlamışdı ki, baş mühəndis qaranəfəs içəri girdi:
-Rayon İcra Hakimiyyətindən gələn var. İki nəfər əməkdaşdır.
Gəldi Gedərov qonaqları qarşılamaq üçün cəld ayağa qalxdı. Salamlaşıb bir-birindən hal-əhval tutdular.
İndi xoruzpipiyi çayı üçlükdə içirdilər: Gəldi Gedərov, İcra Hakimiyyəti əməkdaşları Yoxlamazadə və Nəzarətli. Çay içə-içə gözlərini televizora dikmişdilər. Xəbərlərə qulaq asırdılar.
Çay məclisi başa çatandan sonra Yoxlamazadə dilləndi:
-Gəldi müəllim, İcra başçısı yanında Şuraya sizin mənzil-istismar kontorunun fəaliyyəti ilə bağlı məsələ hazırlamalıyıq. Bizə şərait yaradın ki, yoxlamanı həyata keçirək.
-Oldu, cənab Yoxlamazadə.
Gəldi Gedərov tez sərəncam verdi, kontorda yoxlama başlandı. Onlara otaq ayırmışdılar. Sənədlərə baxır, yazıb-pozurdular.
Mənzil-istismar kontorunun bir neçə otağı vardı. Birində – müdir, digərində – müavini, başqasında – baş mühəndis əyləşirdi. Mühasibliyə 3 otaq ayırmışdılar. Biri – baş mühasib, digəri – iki mühasib, biri də – xəzinədar üçün. Texniklərin də ayrıca otağı vardı, amma ayaqyolu ilə üzbəüz yerləşirdi.
Otaqları gəzib qurtarandan sonra Nəzarətli üzünü müdirə tutaraq:
-Bu binəva texniklərdən ötrü münasib otaq tapılmırdı ki, onları ayaqyolunun iyinə verirsiniz?
Gəldi Gedərov etinasız tərzdə:
-Onlar işdə tapılırlar ki otursunlar? – dedi. -Bütün günü çöldə-bayırdadırlar. O çağırışda, bu çağırışda olurlar.
Yoxlamazadə söhbətə qoşuldu:
-Əslində bu texniklər sizin kontorun ürəyidirlər. Sakinlərin dərdinə-sərinə daha çox onlar yarıyırlar. Baş mühasiblə üzbəüz otağı onlar üçün ayırmaq olardı. İndiki halda orada ehtiyat hissələri saxlanılır. Xəzinədar da mühasiblərlə bir otaqda əyləşə bilərdi. Onun otağını isə texniklərə verərdiniz. Texniklər üçün də şərait yaradılmalıdır. Onların da istirahət etmək, otaqda çay içmək, yemək yemək hüququ var. O otaq yararsızdır, təmirsizdir, tör-töküntülüdür… Nə isə.
Nəhayət, bir neçə gün sonra yoxlama başa çatdı. Bir həftə sonra İcra başçısı yanında Şura qərar çıxardı. İşdə yol verdiyi qüsurlara, səlahiyyət vəzifələrini aşdığına, mənzil-istismar idarəsinin fəaliyyətini lazımınca qura bilmədiyinə görə Gəldi Gedərova töhmət verilməklə işdən azad olundu. Əyləşdiyi kreslonu, kabinetinin açarını və kontorun möhürünü yeni təyin olunmuş müdir Qol Budaqova təhvil verdi. Az sonra Budaqov Gəldi Gedərovu kabinetinə çağırıb:
-Necə olmasa bu kontora rəhbərlik etmisən, – dedi. -Səni işsiz qoymaq istəmirəm. Qərara aldım ki, səni texnik vəzifəsinə təyin edim. Bu da əmrin.
Gəldi Gedərov əmri alıb, təşəkkür etdi, baş endirib çıxdı.
O, texniklərin əyləşdiyi otağa sarı gedə-gedə öz-özünə düşündü: “Sənə nə olursa, ədabazlığından olur. Bu texniklər çox dedi, mən az eşitdim. O gün Yoxlamazadə ilə Nəzarətli də mənə irad tutdular. Yenə əlimi əlimin üstünə qoyub oturdum. Mən nə biləydim ki, axırda o otaqda mən özüm oturmalı olacağam. Gərək vaxtında tədbir görəydim. Texniklər üçün münasib otaq ayırardım, oranı təmir etdirəydim… İndi hər dəfə otağa girəndə, hər dəfə otaqdan çıxanda ayaqyolundan gələn üfunətli iyi qoxulaya-qoxulaya dəhlizdə addımlamalı olacağam. Səd heyf”.
Bakı şəhəri, 20 fevral 2023-cü il
Yazıya 20 dəfə baxılıb