Əzizağa Elsevər – Sevgi ölmür , yaşayır…

41406017_291144274810217_1079621380825153536_n (Hekayə)

Kim deyir ki, sevgi ölür?! Sevgi  ölmür, yaşayır. Valideyin, Yurd, Torpaq, Vətən sevgisi, bacı-qardaş sevgisi, sonalanmış bir gözəlin qismətinə bələnmiş taleh sevgisi heç vaxt, heç vaxt ölmür. Hər açılan sabah, hər doğulan günəş kimi təzədən doğulub yaşayır.

– Məcid, qadan alım, sən Allah, bir söz desəm inciməzsən ki?! -Şam yeməyindən sonra Könül xanım süfrəni yığışdıra-yığışdıra ərinə dedi: – Sözündən belə çıxır ki, mərhəmətinin bolluğundan bu yay da yenə ailəlikcə istirahətə gedə bilməyəcəyik?!

– Neyləyim, ay Könül, ay canım! Vallah, üzüyumşaqlıq deyil, çox təkid etdim. Hətta səhhətimi də bəhanə  gətirdim, olmadı. Rektordur…tələbəm olub! Xasiyyətimi yaxşı bilir. Düzlüyə, təmizliyə çox meyllidir. Təzə gəlib, hələ işin içinə tam girə bilməyib. Elə bilirsən hamıya arxayındır? Yox, arxayın deyil. Ancaq sağ olsun, çoxlarının kürkünə birə salıb. Üzə vurmasalar da, qırımları çox şeydən xəbər verir. Elə bil bazarları bağlanıb, daha saxta nömrələri də işə keçmir, əvvəlki kimi at oynada bilmirlər. Deyirsən, güvənc yerini də əlindən alım, qurdlar süfrəsində, meydanda tək qoyum? Yazıq deyilmi… qurd-quş basıb yesin?! İnsafın necə yol verir… Həə, özün de, mənim yerimə sən olsaydın, nə edərdin? Dabanına tüpürüb, istirahət adıyla dağa-daşa qaçardın?! Axı meydan gərək boş olmasın, boş qalanda, özün bilirsən ki, qurd-quş yığışır. Bax, bir tərəfdən, niyə axıra qədər düz ola bilmirik, deyirik. O biri tərəfdən də düzlük, ədalət yaratmaq istəyənin arxasında axıra qədər durmaq istəmirik. Həyatdakı faciəmiz də bundadır. Niyə, niyə qolumuzu çırmayıb mərdi-mərdanə axıra qədər döyüşə bilmirik. Belə çıxır ki, yalançı qəhrəmanlığımızın sərhəddi evimizin kəndarına, şəxsi marağımıza toxunana qədərdir? Ondan o yana nə olursa olsun, kimi yandırırsa yandırsın, daha bizi düşündürmür?!

– Niyə düşündürmür, canım-gözüm, axı sən niyə birtərəfli düşünürsən! Bəs səhhətin də bizə, uşaqlarımıza lazım deyil?! Məgər istirahət bizim alnımıza yazılmayıb, bizə yaraşmır? Biz də gün işığına çıxıb bir doyunca, ürəkaçıqlığı ilə istirahət etsək, günahmı olar? Nə vaxta qədər yayın cırrama istisində otaqların enini, uzununu ölçməliyik , həə… Gör neçə ildir qəbul imtahanında olursan, quru maaşdan savayı bir şey görürük? Quru sağ olnan qarınmı doyur? Doyursa, de, biz də bilək! Uşaqlar, allah saxlasın, böyüyür, böyüdükcə elə dərdləri-sərləri, qayğıları da özləri kimi böyüyür. O gün “Araz” marketdə Şəfiqəni gördüm. Sənin professor dostun Mürsəlin arvadı Şəfiqəni deyirəm. Kiçik oğlu ilə gəlmişdi. Zalımın qızı elə bil dilotu yemişdi. Deyir, bu yayı Qırğızıstana, İssık-Kula dincəlməyə gedəcəyik. Bir yaxın dostumuz dəvət edib.

– Getsin də, nə olar gedəndə! İndi aləmin qarışan, hər şeyin tərsinə yozulan vaxtıdır. Ağlı başında olan evdən qırağamı çıxar?! Səbr elə, biz də Türkiyəyə gedərik, özü də Antalyaya! Heç bilirsən, necə yerdir? Gedənlər hamısı tərifləyir. Deyirlər, təmiz cənnətdir. Getməyə dəyər, necə olsa, həm də qardaş ölkədir, təbiəti də gözəl…

– Vallah, sən ancaq şirin şəd verirsən. Vəd verməkdən vədəbaz da olmuşuq. Soruşmaq ayıb olmasın, Antalyaya nəynən gedəcəyik, ilboyu qənaət edib yığdığımız pul heç ona bəs edərmi?! Beş nəfərin xərci heç bilirsən nə qədər edir?

– Bəs Şəfiqəgil gedir, biz gedə bilmirik? Elə bilirsən onların xərci az edir? Mürsəlin orda əmisi oğlu var, deyir, yaxşı vəzifədədir. İmkanı da pis deyil. O, mənfur Sovetlərin otuzuncu illərdə ora sürgün etdiklərinin uşaqlarındandır. Oxuyublar, sıxıntıdan da bir təhər çıxıblar, əlləri çörəyə çatıb. Mürsəlin dediyinə görə, əmisi oğlu nazir müavinidir. Nazir müavini olmaq da bilirsən nə deməkdir? Deyir, təki siz gəlin, görün Sizə necə qulluq edirəm.

– Belə de də, ay əzizim! Şəfiqə də gur-gur guruldayır.Əri professordur, bəs bizimki, ayıb olmasın, professor deyil, balqabaqdır?! Maaş həmin həmin maaşdır. Düşünürdüm, necə olur onlar gedə bilir, biz isə yox?!

– Heç səndən gözləməzdim. Sənin dediyindən belə çıxır ki, qonşudan qalma dala?!

– Heç bilirsən, qızımız nə deyir? Məzuniyyətdən sonra işə qayıdanlar harda istirahət etdiklərindən ağız dolusu danışır. Çəkdikləri şəkilləri ortalığa tökür. Mən isə… nə deyim, ağzıma su alıb susuram. Deyirəm, atama görə heç yerə gedə bilmirik. Axı qəbul imtahanıdır, ciddi dövlət işidir. Neyləmək olar, elə bilirsən hər adamı orda saxlayırlar?! Hətta bəziləri zarafata salıb atmaca da atır:” Yəqin marağı var! Olmasa, şəhərdə canınıza niyə qəsd edir ki?!”-deyirlər.

– Sən də inanırsan? Bunu dərd edib ürəyinə salırsan? Desinlər də, hansı düz işə qulp qoymayıblar ki…

– Yox, ürəyimə salmıram. O nədir ki, ürəyimə salam. Ancaq məni ağrıdan odur ki, içim özümü yandırır, çölüm özgəsini…

… Vaxtıyla Məcidin qoynu noğullu-nabatlı xanım-xatın nənəsi Tavad xala onun boynunu qucaqlayıb gur, şəvə kimi yupyumşaq saçlarını öpə-öpə, sığallaya-sığallaya deyərdi:” Səhərə yaxın görülən yuxular düz çıxır, bala! Elə bil qeybdən nagahani bir səs qulağına pıçıldayır ki, ömrünün bir günü də belə ötəcək. O səsə inanıb güvəndikcə, qazancın, itirdikcə itkilərin də çox olacaq!..” Dəfələrlə sınamışdı Tavad nənəsinin dediklərini, həqiqətən də beləydi. Gördükləri xəyalına düşmədiyi yerdə başına gəlirdi. Bu səhər də yuxu görmüşdü. Rəhmətlik anasının bir zaman dediyi kimi, kiməsə danışmadan, ilk əvvəl su kranının qabağında dayanıb onun şırıltısına qulaq verə-verə:” Yusif peyğəmbər xeyir eləsin! Bu nə yuxu idi, mən görürdüm, Allahım?!”-dodaqları altında pıçıldadı. Bir neçə dəfə ovuclarını sərin su ilə doldurub sifətinə, boyun-boğazına vurdu. Tiftikli dəsmalla üzünü qurulaya-qurulaya pəncərədən çölə baxdı. Həyətdə sakitlik idi. Yenə hər günkü kimi, Nuru kişiylə Məxmər arvad qovaq ağacının altındakı skamyada oturub təmiz hava alır, nə barədəsə danışıb asta-asta gülümsəyirdilər. Çox səmimi, mehriban, xoşbəxt bir ailə idilər. Allah bir az da uzun ömür versin, qızıl toylarını görəcəkdilər. Bütöv bina son günlər bundan danışırdı. Vaxtilə uzaq dağ rayonlarının birindən gəlmişdilər, elə o əzəmətli dağlar kimi dağ ömrü yaşayırdılar. Xeyirxahlığa, təmənnasığlığa bürünmüş dağ ömrü!

Məcid yuxusunu sakit-sakit bir də xatırladı. Kəndin girəcəyindəki dörd yol ayrıcında, qoşa çinarın altında dayanmışdı. Bir az o yanda ağlı-qaralı maşınlar şütüyüb gedirdi. Çox qəribəydi, elə bil onu heç görmür, tanımırdılar da. Axı bu necə olur? Bu kənddə doğulmamışdımı, səkkiz il müəllim işlədiyi məktəbin tozlu-torpaqlı yolunu gündə nə az, nə də çox iki kərə əriş-arğac etməmişdimi?! Bax, elə bu vaxt cavabsız suallar içində çırpınarkən qırmızı rəngli bir “Jiquli” qəfil tormozlayıb qabağında dayandı. Təkərlər bərk-bərk qıjıldayıb, qoşa xətt sala-sala, toz-torpağı yerindən oynatdı. Sükan arxasında oturmuş, üzünü yaxşı görə bilmədiyi qadının tanış, doğma səsini eşitdi: “Oturun, müəllim, oturun gedək!” Bilmədi, maşına oturdu, yoxsa-yox! Axşamdan qurduğu saatın zəngi çalındı. Yuxulu gözlərini açıb yerində qurcalandı. Könül içəri girib:” Süfrə hazırdır. Bilirsən də imtahana gedəcəksən!..”-dedi. Məcid qımıldanmadan gördüklərini anbaan təkrar xatırladı. Yox, daha ardı gəlmədi. Yuxunun yuxu ömrü qırılmış, yuxu yaddaşı pozulmuşdu. Keçən boz, boş anlarsa o şirinliyi, o sirri, müəmmanısa saxlaya bilməmişdi. Hayıf, yuxu ömrü də ömürdən keçən bir iz, bir xatirədir. Nə olsun ki, səndən başqa onu kimsə görmür.

…İki saatdan çox idi ki, ixtisasartırma fakültəsində dövlət imtahanı gedirdi. Kəsilən, narazı qalan yox idi. Bu, içəridən çıxanların hərəkətindən, xoş, təbəssüm dolu baxışlarından da apaydın oxunurdu.

-Sevinc Şamxallı!- qapıda dayanan cavan oğlanın səsi komissiyanın sədri Məcid Çıraqlını (Məcid müəllimi düzlüyünə, təmizliyinə görə tələbələri çox sevirdi. Hətta o dərəcədə ki, ona Məcid Çıraqlı yox, elə çox zaman da Məcid İnsaflı  deyirdilər.) diksindirdi. Əlində tutduğu armudu stəkan yerə düşüb çilikləndi. Yaxşı ki, yarıya qədər içmişdi, çox da isti deyildi. – Üzr istəyirəm!.. yaxşı ki, üstünüzə tökülmədi. – Məcid müəllim üzrxahlıq etdi. Təəccübünü, həyəcanını gizlətmədən, əyilib stəkanın qırıqlarını yığa-yığa: – Bağışlayın, necə dediniz, oğlum?- soruşdu. İçində elə bil qəfil təlatüm oyandı. Bu, o idi. Məcidin uzaq illərin arxasında qoyub gəldiyi Sevinc!.. Sevinc Şamxallı idi. Mən nə görürəm… bu necə olur, Allahım?! Zalımın qızı heç elə bil dəyişməmişdi. Yel kimi ötüb keçən zaman, elə bil ki, onu görməmişdi, ondan yan keçmişdi. Heç o xurmayı tellərinə də toxunmamışdı, çöhrəsinə qırış-qırış illərin yükünü də çatmamışdı. Ənlik-kirşan da vurmamışdı ki, o illərin üstünü sığallayıb düzəldə. Hər şey o, ötən illərdəki kimi idi. Yox, bəlkə elə deyildi. Bəlkə Məcidə elə gəlirdi. Ola bilməzdi ki, zaman nəyisə əllərindən alıb aparmasın. Ötən o illərin dolaylarında itirib batırmasın? Axı zaman amansızdır, mərhəmətli deyildir. Bəlkə də, Məcidin içindəki oyalanan xatirə işığı idi. Könlündən gözünə tökülüb işıq-işıq parlayırdı. Sevinci arxada qalmış o illərin sevinci içində görürdü. Məcid onda da yazırdı. Ara-sıra mərkəzi mətbuatda da çap olunurdu. Ancaq çoxları kimi, Sevinc də buna adi məşğuliyyət, keçib-gedəsi həvəs kimi baxırdı. Məcidin hər təzə hekayəsi çap olunanda, kimsə tərifləyib təbrik edəndə, o da  Məcidə “Yenə sərçələrdən, böcəklərdən yazmısan?”-soruşub, yüngülcə təbəssümlənər, onu bir az da cırnatmaq, özündən çıxartmaq istəyindən, elə bil ki, ləzzət alardı. Məcid Sevincin içindən keçənləri gözlərindən oxuyar, inciməz və bunları şıltaq şəhərli qızının məzəli atmacası kimi ötürərdi.Təbiəti çox sevirdi Məcid. Boş vaxtlarında çayın o tayındakı üzüm, kəndin arxasındakı meyvə bağlarına gəzməyə çıxardı. Payızı, nədənsə çox sevirdi. Payızda elə bil ki, bağlar dil açıb danışır, həzin, çox kövrək bir səslə onu çağırır, çağırırdı. Sonsuz səmanın gərdənindən boyunbağı kimi asılan durna qatarı Məcidi xəyallandırır, fikirlərini çəkib uzaqlara, çox uzaqlara aparırdı. Məcid narahat idi, özünü axtarırdı. Bu yerlərdə doğulsa da, nədənsə sıxılır, adamlarla qaynayıb qarışa bilmirdi. Dərsi qurtaran kimi evə qayıdır, o biri müəllimlər kimi məktəbin həyətindəki bufetdə çay, bulku qonaqlığından domino oynamır, şeş qoşa atmırdı. Hərdən bəzilərinin “ yəqin simiclik edir” dedikləri qulaqlarına da çatırdı. Bunu kimin dediyi, niyə dediyinin fərqinə də varmır, heç əhəmiyyət də vermirdi. Kimdənsə küsmür, incimirdi də. Hərdən də acığa, oturmasa da, bir gözündən mayıf bufetçiyə, “ Burda oturan müəllimlərə çay, bulku qonaqlığı məndən!..” – deyib stolun üstünə pul da atardı. Çayçı Mərdalı mayıf gözlərini oynada-oynada onu süzər, boş bir stolu çiynindən asdığı dəsmalla silə-silə gülümsəyib: “ Otur, otur, əmin sənə bir xoruzquyruğu çay dəmləsin, mixək qatışıqlı, içəsən, sonra da deyərsən ki, əsil çay necə olur!..” -söyləyib içəri çəkərdi. Müəllimlər yer-yerdən qışqırışar, Məcidi alqışlayıb bufetçinin gətirdiyi küncütlü, kişmişli, içi ballı bulkuları elə həvəslə, elə iştahla yeyərdilər ki, heç oynayıb, daha özlərini yormağa da ehtiyac qalmazdı. Çay içə-içə ağızları qızışar, gah siyasətdən, gah futboldan danışar, sonra da uzaq-uzaq ölkələrdən geri qayıdan adamlar kimi, yorulub kəndin dərd-sərləri üstündə dayanardılar.

O idi. Xəyal dünyasından qopub gəlmiş həqiqət işığı idi. Məcid özünü büsbütün itirmişdi. Kimin nə danışdığını, necə danışdığını düşüncəsində cəmləşdirə bilmirdi. İçində oyalanan xatirələrin işığında əriyir, o hissin, o duyğunun ala-toranlığında itib-batırdı. Ötüb keçən illər yaddaşının yaxasından asılır, vərəqlənib ürəyində çırpımır, danışmaq, danışmaq istəyirdi… Kövrək arzularının cığırına düşüb şəhərə gəlmişdi.  Onun üçün uzaq, əlçatmaz, möcüzəli görünən şəhərə. Əvvəl-əvvəl uyğunlaşa bilmir, ürəyində: “ Oturmuşdum da kənddə! Axı nə işim vardı bu şəhərdə…” – deyib özünü qınayır, min kərə danlayırdı. Axşamlar qaranlıq düşəndə şəhərin qərib gecələrindən sıxılır, nədənsə hər gün yuxularında kəndə qayıdır, sinif otaqlarında yenə dərs keçir, tozlu-torpaqlı yolları əriş-arğac edir, anasının süfrəsi, bişirdiyi yeməkləri üçün bərk darıxırdı. Qəribəydi, şəhərdə kənd üçün, kənddə şəhər üçün darıxırdı. Heç səbəbi özünə də bəlli olmayan narahat bir ömür yaşayırdı. Özünü axtarırdı, ancaq axtardığı o özü hansı görünüşdə, hansı biçimdəydi hələ bilmirdi. Kövrək, həzin duyğuları söz-söz çırpınır, elmin işığı içində göyərdikcə qəribə, ilahi, bəmbəyaz bir dünya fəcrin qızılı-çəhrayı şəfəqlərinə bürünürdü.

Ailəyə çətinliyi, ziyanlığı dəyməsin deyə nəşriyyatda işə də düzəlmişdi. Redaktor idi. Nəşriyyatın işi, kitabxanalar, arxivlər başını o qədər qatmışdı ki, çox zaman günün hardan başlayıb harda bitdiyini də yaxşı xatırlaya bilmirdi. Hələ üstəlik, ilhamı gələndə, ürəyini cırmaqlayıb “ məni də, məni də yaz!”- deyəndə sanki bu dünyadan ayrılıb tamam bir özgə adam olurdu. Duyğulu anları çox olurdu. Bir həzin  musiqi dinləyəndə, kədərli şeir oxuyanda kövrəlməyi, dolumsunub ağlamağı da var idi. Bayılda tatar qadını Naziyanın ( ona həmişə Naza deyirdilər) çox da böyük olmayan həyət evində kirayənişin qalırdı. Əri maşın qəzasında ölmüşdü. Təkcə bir qız övladı var idi. O da Kazan universitetində oxuyarkən, hüquq fakültəsinin sonuncu kursunda bir erməni oğlana qoşulub qaçmışdı. İndi Kazanda hüquqşünas  işləyirdi. Naziyanın ermənilərdən heç də xoşu gəlmirdi. Tərs kimi, burda qonum-qonşuları da erməni idi. Vallah, Allah bu erməni millətini, elə bil ki, onun-bunun haqqını yemək üçün yaratmışdı. Erməni qonşuları tək-tənha yaşayan Naziyanı incidib qaçırmaq, dəyər-dəyməzinə evinə yiyə durmaq istəyirdilər. Bu məsələdə JEK-də işləyən  erməni mühəndis Joranın da barmağı var idi. Məcidin bu həyətə girməsindən sonra Naziyanı daha incitmirdilər. Daha şərləyib, psixi pozğunluğunu bəhanə gətirərək əvvəlki kimi tez-tez dəlixanaya, milisə zəng çalmır, qaranlığa salıb evinin işığını, suyunu kəsmir, daş atıb pəncərəsinin hörümçək toru basmış, özü kimi solğun, küsgün aynalarını qırmırdılar. Küçədə, orda-burda tum satmaqla dolanan Naziya Məcidə güvənib öyünür, qonşulara, elə JEK-in özünə də: “ Baxın haa, jurnalistdır…redaktordur. Ayağınızi dəng tutun!..”-deyib hədə-qrxu da gəlirdi. Daha Jora buralarda fırlanmır, ermənilərlə him-cimləşmirdi.

Tək-tənha qadının-Naziyanın hələ canı suluydu, duyğuları da var idi. Hisslərini gizlədə bilmirdi. Yaş fərqi olsa da, Məciddən elə bil nəyisə umurdu. Tez-tez nəyisə bəhanə edib Məcidin otağına gələndə, gizlədə bilmədiyi baxışlarında qəribə bir aləm oxunurdu. Məcid qız kimi həyalı idi, utanırdı. O baxışlarda ərimək, üzülmək, ucuz, yüngül bir hiss yaşamaq istəmirdi. Naziyasa Naziyalığında idi. Gah təzə paltarını geyinib gəlir, gah “Yerin məlum! Hamamdan gəlmişəm. Buranın hamamı heç bilirsən necədir? Cənnətdir ey, vallah, cənnət!..”-deyib yaxasını açır, gah da bişirdiyi borşdan, aşdan bir qab doldurub gəlirdi. Ancaq Məcid heç vaxt “sərhəddi” keçmir, Naziyanın baxışlarından tutub kitab kimi içini oxusa da, soyuq bir daş kimi lal, tərpənməz olurdu. Məcid ürəyində Naziyanı qınamır, ondan qətiyyən incimirdi də. Qadın idi. Hissiyyatını boğa bilməyən tək-tənha qadın. Gələni, gedəni yox idi. Gördüyü, aboy kağızları orda-burda qopmuş, cırılmış soyuq divarlar idi. Axşamlar yerinə qor tökülür, yuxusu ərşə çəkilir, yerində qurcalansa da, yuxusu gəlmirdi ki, gəlmirdi. Yaşamaqdan bezmişdi. Bir dəfə özünü dənizə atmaq, köpüklü sularda boğulmaq, bu fani dünyadan əl üzmək istəyirdi. Onda da nurani sifətli bir qoca əllərindən tutub son anda saxlamışdı. Sınayıcı nəzərlərlə üzünə baxa-baxa: “ Ömür sənin deyil ki, qızım, ömür Allahındır! Verən də, alan da odur. Onun böyüklüyünə şək-şübhənmi var?! Ağlını başına yığ, qayıt, qayıt evinə, qızım!..” -deyib, kənara çəkmişdi qoca. Naziyə elə bil yuxudaydı, ayılmışdı. Azacıq tökülmüş şabalıdı saçlarını yola-yola beynini yeyən qara fikirlərdən uzaqlaşmışdı. Ətrafına baxanda, kimsə yox idi. O nurani sifətli qoca necə oldu bəs? Dənizin içərilərinə uzanan körpüdə kimsə görünmürdü axı?! Dəniz uğuldayır, köpüklü sular çırpınır, küləyin qanadlarında soyuq yağış damcıları kədərli payız nəğməsini pıçıldayırdı. Naziyanın islanmış bədənində bir ovuc qarışqa gəzirmiş kimi üşütmə başlayır, titrətmədən nə edəcəyini bilməyərək dəli kimi bağırır, hönkür-hönkür ağlayırdı. Naziya o gün sürünə-sürünə güclə evinə gəlmişdi. Qızma içində yanırdı. Tez-tez diksinir, dodaqları altında nə isə danışır, sayıqlayırdı. Məcid həkim çağırmışdı, dava-dərman alıb gətirmişdi. Düz bir həftədən sonra yataqdan güclə qalxmışdı Naziyə. Məcidin ona yazıqlığı gəlirdi. Düşünürdü, neyləsin, hisslərini boğa, qadınlıq duyğularını gizlədə bilmirdi. Qızdırma içində olanda da, Məciddən gözlərini çəkə bilmir, sanki dünyasını dəyişmiş həyat yoldaşının indi xatirəyə dönmüş baxışlarının cizgilərini onun çöhrəsində axtarırdı. Kim bilir, bəlkə də, əlinə düşmüş qəfil yem kimi, ucuz, çox ucuz bir macəra yaşamaq istəyirdi. İnsan elə bir varlıqdır ki, içində gəzdirdiyi sirri, bəzən heç özü də oxuya bilmir.

Məcidin iş yeri də elə bil qız yığnağı idi. Çoxusunun onda gözü var idi. Niyə də olmasın axı?! Bir az açıq desək, təmiz kənd uşağı idi. Hələ şəhər bicliyinə, əyriliyinə bulaşmamış kənd uşağı. Nə gizlədək, hələ sadəlövhlüyü, insanlara tez inanmağı da var idi. Sağ tərəfdə oturan qızla Məcid eyni ildə, eyni ayda doğulmuşdular. Təkcə gün fərqi var idi. Üçcə gün Məciddən böyük idi. Eyni bürcdən idilər. Hərçənd ki, Məcid bürc-mürc filana o qədər də inanmasa da, ancaq o, möhkəm inanır və hər gün evdən çıxanda bürcünə baxıb, o yazılanlara uyğun əhvalını kökləyib işə gəlirdi. Bir tərəfi qarabağlı idi, Şuşada dədə-baba mülkləri var idi. Atası avtobus sürücüsü idi. Ukraynada hərbi xidmətdə olarkən atası anasına ilişmiş, ya sevmiş, onu dəqiq bilmirdi. Sonra da qoltuğuna vurub özüylə gətirmişdi. Hərçənd ki, valideyinləri əvvəl-əvvəl nəm-güm eləsələr də, sonra “ daha neyləmək olar, su girdi qaba, oldu içməli!”-deyib razılaşmağa, olanlarla barışmağa məcbur oldular. Toyları Şuşada olmuşdu. Dediklərinə görə, ağır bir nəsil idilər. Qol-budaq atıb, qabağa gedənləri, böyük vəzifədə, nazirlikdə, komitədə, filanda işləyənləri var idi. Qızın dediyinə görə, evdə üç bacıydılar, ikisi ərə getmiş, ev-eşik sahibi olmuşdular. Bu isə, evdə oturub qismətini gözləyirdi. Evin kiçik uşağı olduğu üçün bir az şıltaq, ərköyün böyütmüşdülər. Özünün dediyinə görə, hər kəsi bəyənən deyildi. İndiyə qədər çox elçi düşənləri olsa da, hamısına yox demişdi. Niyə, nə üçün, heç özü də bilmirdi. Görünür, ürəyindəki ağ atlı oğlan, məhəbbət şahzadəsi hələ gəlməmişdi. Məcidə yaman meylini salmışdı. Gözlərini qıyıb, qəribə, çox şirin təbəssümlə, xoş gülüşlə baxmağı var idi. Deyirdi: “ Ay Məcid, səndə elə bil, şeytan tükü var! Bu nə olan şeydir ki, qızlar səni görən kimi başına fırfıra kimi fırlanırlar!..” Sonra da gülümsəyib, şəhadət barmağını əsdirə-əsdirə: “ Yaxşı bax haa, könlünü kiməsə qapdırma, onsuz da səni kiməsə vermərəm!..”-deyib zarafatlaşardı. Hər gün özüylə çay içmək üçün heç də bir-birini təkrarlamayan mürəbbə, meyvə gətirərdi. “ Anam bişirib, öz bağımızdandır! Meyvələr də özümüzünküdür!”-deyib Məcidin qabağına ayrıca qoyar, sonra da çay süzüb gətirərdi. Hər gün təkrarlanan bu mənzərə qarşıda oturan qızı da qıcıqlandırar, o da özünü istətmək, göstərmək üçün nə iləsə bir şeylə dilə gəlməyə çalışardı. Onun atası şəhərin hansı rayonundasa oboxeis, anası da radioda jurnalist idi. Özündən kiçik bir qardaşı da var idi, hələ tələbə idi, hüquq fakültəsində oxuyurdu. Qızın anası Məcidi Mətbuat günündə radioya çağırmış, beş-on dəqiqəlik bir söhbət aparmışdı. Məcid də radioda ilk dəfə çıxış etdiyi üçün, düzü o qədər həyəcanlanmışdı ki, nə dediyini, necə danışdığını da xatırlaya bilmirdi. Ancaq o verilişə qulaq asanlar tərifləyib, “ Sağ ol, yaxşı danışdın!”-deyirdilər. Məcidin bu çıxışına qədər iki hekayəsi radioda səslənmiş, hətta müharibə mövzusunda yazılmış ən yaxşı hekayə müsabiqəsində bir hekayəsi üçüncü yeri tutmuşdu. Artıq yavaş-yavaş hekayələri, esseləri, irili-xırdalı məqalələri qəzetlərə, jurnallara da yol tapırdı. İndi durum deyim, kiminsə köməyi, tapşırığı ilə?! Yox, yazdıqlarında istilik, işıq olmasaydı, işıq üzü görərdimi? Eşitdiyi təriflər də, ona həvəs, qol-qanad verirdi. Düşdüyü mühit də ziyalı mühiti idi. Nəşriyyatın müdiri də yazı-pozu adamı idi. O da yazır, müntəzəm olmasa da, hekayələri ədəbi orqanlarda çap olunurdu, radioda səslənirdi. Hər təzə hekayə yazanda Məcidi çağırıb otağında üzbəüz otuzdurar, çay içə-içə oxuyub fikrini soruşardı. Bu, özlüyündə nəşriyyatda Məcidə hörmət qazandırsa da, nədənsə, şöbə müdirlərində qısqanclıq, qorxu, xof yaradardı. Ancaq Məcidin kiminsə yerində, stolunda gözü yox idi. Bunlar onun üçün boş, mənasız bir şey idi. Allah onu necə yaratmışdısa, elə o görünüşdə, o biçimdə də qalmaq istəyirdi. Buqələmunluq nə onun xislətinə, nə də soyuna, kökünə yaraşırdı. Aldığı ailə tərbiyəsinə görə də həmişə tanrısına duaçı idi.

Məcidin sol böyründə erməni qadını Susanna oturmuşdu. Qarabağ hadisələri başlamasa da, ermənilərin hələ nəsə qurdalandığını, çirkli oyunlar oynadıqlarını şayiə, ehtimal kimi danışırdılar. Qəzetlər yenə palaz-palaz beynəlmiləlçilikdən, qardaşlıqdan yazır, ağsaqqallar, ağbirçəklər radioda, televiziyada “ Əsli və Kərəm” nağılları uydururdular. Məcidin, nədənsə bu erməni qadınını görməyə gözü yox idi. Ərə də getməmişdi, kənarda bir sərxoş rusla him-cimləşib  bir oğlan uşağı dünyaya gətirmiş, adını da Akop qoymuşdu. Özünün dediyinə görə, ana babası Akopun adını ona vermişdi. O Akop jüz il yaşamışdı, yəqin bu arzuyla da oğlunun gələcəyinə yanaşıb o adı vermişdi. Daha araq almadığına görə rus da onu atıb getmiş, heç uşağı da vecinə almamışdı. Susanna bir sərxoş rusa görə,  kişilərdən yanıqlı düşüb, hər gün onları qaralayır, gileylənib söyürdü. Əti acı, dili də zəhər idi bədbəxt qızının. Yersiz deyindiyinə görə, otaqda oturan yəhudi qadını Jenya bir gün dözməyib Susannanın ağzından vurdu, onu göy yuyub, qara sərdi: “ Günahkar özünsən, Susanna! Özü yıxılan ağlamaz. Bəs bir sərxoş, sərsəri rus kişisinin dalıyca qaçanda bilmirdin ki, bunun axırı da belə olacaq? Bilirdin! Axı qadının qadın ağlı olar, özünə hörmət etməyi bacarar. Hər gün bir araqla başını tovlamaqla, elə düşünürdün ki, küçədə yatan ağıllanacaq, sona qədər sənə ərlik edəcək? Ərlik etsəydi, çölə atılmaz, elə öz evinin, öz ailəsinin kişisi olardı də?! Öz səhvindir, danışmaqla nə düzələcək ki?! İndi nə sənə, nə uşağa yiyə durmursa, onda uşağı kimin adına yazdıracağını düşün!.. Sonra deməsinlər ki, bic doğulub!..”

Məcid qadın dedi-qodusunu dinləmək istəmədiyindən otaqdan çıxıb kitabxanaya getmək istərkən, dəhlizin başında baş mühasib Züleyxa ilə rastlaşdı. Dilucü salamlaşıb keçmək istərkən, mənalı-mənalı ona baxıb, sonra oğrun-oğrun gülümsəyən Züleyxa: – Yenə nə iş çevirirsən, ay xətəkar?!-dedi.- Səninlə maraqlanan o qadın kimdir? Elə bil silistçidir, zalımın qızı. Hər şeylə maraqlanırdı. Bizim qızları bəyənmədin, həə?! Bəyənməzsən də, özlərini ayı kimi aparanda, niyə də bəyənəsən ki?!

Məcid utandı, həyadan üzü qızardı. Bircə kəlmə belə söz deyə bilmədi. Ürəyində:” Axı bu, kim ola bilər ki?!”-deyə düşünsə də, təxminində yanılmırdı. Çox güman ki, Sevincin anası ola bilərdi. O da, hardasa mühasib işləyirdi. Sevinc gərək ki, bir dəfə demişdi. İndi xatırlaya bilmirdi Məcid. Qız anasıdır, neyləsin, yəqin övladı üçün içində bir narahatlıq duyğusu var. Axı kim istəməz ki, övladı xoşbəx olsun?! Vallah, bu nə talehdir tanrıdan yazılır qızlar üçün. Böyüt, böyüt, nazını çək, axırda da gedib bir özgə çırağını yandırsın. Kim bilir, düşdüyü yerdə onu nə gözləyir?! Ehtiyacmı, sıxıntımı, üzüntümü?! Ya xöşbəxt bir taleh! Ata nəvazişinin, ana sevgisinin yerini verəcək bir doğmalıq varmı?! Bəlkə, buna görə “Vağzalı” çalınanda kövrək olmayan da kövrəlir, bir işıqlı duyğunun sehrinə düşüb sevincdən ağlamaq və dünyaya təzədən gəlmək istəyir!..

Sevincin təyinatını rayona vermişdilər. Kənddə qohumları olduğu üçün elə bu kənddə də işləməyi özü istəmişdi. Bu, Məcidin şəhərə gəlməsindən bir il qabaq olmuşdu. Bir il məktəbdə dərs demişdilər Sevinclə. Tanış olmuş, sonra aralarında hər gün zərrə-zərrə ilahidən gələn bir duyğu, sevgi yaranmışdı. Məcid şəhərə gəldikdən sonra içində sanki dərin boşluq yaranmışdı. Bayram günlərində Sevincə təbrik dolu açıqcalar göndərər, tətildə şəhərə gələndə evlərinə zəng çalardı. Qiyabi də olsa, evlərində hamı onu tanıyırdı. Zəng çalınanda, daha çox kiçik bacısı Şəhla götürər, sonra Sevinci telefona çağırardı. Aradan ötən bir il yarım ərzində şəhərdə cəmi üç dəfə görüşmüşdülər. Sonuncu görüşlərində vaxtın nə tez keçdiyini özləri də bilmədilər. Bir də onu gördülər ki, qaranlıq çöküb şəhərin gözlərinə, Bakının küçələri çıraqbandı, işıq-işıq göz vurur. Düzdür, Bakıda evləri var idi, qardaşı ailəsi ilə orda qalırdı. Qonşu şəhərə-Sumqayıta, ordan da mikrorayona getməli idi.  Məcid gecənin bu vaxtı onu tək buraxmayacaqdı ki?!

Avtobusda arxa cərgədə oturmuşdular. Söhbət edə-edə, deyib gülə-gülə şəhərə çatdılar. Tüstü bacaları buludlara toxunan zavodların sığındığı, nəhəng çinar ağaclarının çətir tutduğu məhəllədən keçib bazarın qarşısında düşdülər. Mikrorayona gedən avtobusu çox gözləməyə ehtiyac qalmadı. Minməkləri ilə tərpənməyi bir oldu. Sevinci düz evlərinin giriş qapısına qədər gətirdi. Evlərinin pəncərəsini göstərdi Sevinc, sonra işıqda aydın görünən xoş bir təbəssümlə: “ Sağ ol, gecən xeyirə qalsın!..”-deyib sanki quş kimi uça-uça pilləkənləri qalxdı. Məcid elə bil yuxu görürdü. Həyəcandan bədəni titrəyirdi. Özündə, sözündə deyildi. Yıxılacağından qorxub, iri gövdəli qovaq ağacının altındakı oturacaqda əyləşdi. Qulağı guruldayır, ürəyinin döyüntüləri aydın hiss olunurdu. Cib dəsmalını çıxarıb üz-gözünün tərini sildi. Bayaqdan gözünü çəkə bilmədiyi pəncərəyə baxıb, səsi gəldikcə ucadan, lap ucadan bağırmaq: “Sevinc! Sevinc! Sevdam mənim!..”- deyib sevincindən hamıya, hamıya pay vermək istədi…

Məcidin o gecə gözlərinə yuxu getmədi. Gördükləri, eşitdikləri, artıq bir hə cavabı idi. Sakitcə musiqi dinləyir, çay içə-içə pəncərədən tutqun payız səmasına baxırdı. Külək şıltaqlığından əl çəkmir, qovaq ağacının budaqlarını oynadıb, qızılı-çəhrayı yarpaqlarını pəncərənin qabağına tökürdü. Dirəkdən yellənən elektrik lampasının işığında yarpaqlar nədənsə, Məcidə ovçu vurmuş durnanın son, ağrı-acılı uçuşunu xatırladırdı. Son nəğməsini oxuyacaq durna. Deyirlər, axı durnalar da bəmbəyaz qu quşları kimi, ölümünü qabaqcadan hiss edir. Son ölüm ayağında ömrü boyu ürəyində gəzdirdiyi nəğməsini oxuyur. Bu, nə qəribə talehdi, Allahım! Ölümü də nəğməylə qarşılayıb, ömrünün bir anlıq xatirə-xatirə oyalanan duyğularını da o nəğməyə büküb etibarsız dünyayla vidalaşır…

Məcidin Sevinclə şəhərdə görüşdüyü, evlərinə qədər ötürdüyü o xoşbəxt gündən düz bir ay keçmişdi. Evlərində götür-qoy etdikdən sonra Məcidgilin onlara nə vaxt gələcəklərini deməli idi. Ancaq günlər keçir, ondan hələ ki, bir xəbər çıxmırdı. Narahat duyğular Məcidin içində baş qaldırır, fikrini min yerə çəkib aparır, hissini, xəyalını  dumanlandırıb bir-birinə qarışdırırdı. Tətildən təzəcə qayıtmışdı. Kəndə zəng çala bilməzdi, yaxşı deyildi. Qız uşağı idi, adına söz-sov çıxmasını da istəmirdi. Zəng çalmağı elə Məcid üçün də yaxşı deyildi. Kənddən çıxana qədər müəllim kimi pis ad qoymamışdı.

Gərək ki, həftənin son iş günü idi. İş saatı qurtarmağa az qalırdı. Bəziləri yır-yığış edib otaqdan çıxmağa hazırlaşırdı. Telefon zəng çaldı. Təzə işə düzəlmiş Səməd Söhrablı üzünü Məcidə sarı tutub: – Sizi istəyirlər!-dedi. Sevincin anası idi. Məcidi görmək istəyirdi. Razılaşdılar. Bir saatdan sonra Azdramanın qabağında, Füzuli heykəlinin  böyründəki skamyada oturub onu gözləyəcəkdi.  “Min cür xırdavat” mağazasının qabağındakı avtobus dayanacağında 96-dan düşüb, dədə Füzulinin heykəlinə tərəf üz tutdu Məcid. Skamyaya çatanda elə bil heyrət onu bürüdü, ayaqları quruyub qaldı. İçində: “ İlahi, insan da bu qədər bir-birinə oxşayar ?!”-deyə öz-özündən soruşdu. Elə bil, bir alma idi, yarıya bölmüşdülər. Ya hansısa mahir bir rəssamsa çəkdiyi portretdə səhvən Sevincin başını götürüb, bu qadının çiyinlərinə qoymuşdu. Həyəcandan dili tutulmuşdu Məcidin. Sevinclə görüşəndə dili dolaşdığı kimi, indi də özünü ələ ala bilmirdi. Soyuq tər bürümüşdü bədənini. Beləcə, bir az da keçsəydi, bəlkə də, “ Sevinc, sənsənmi?”-deyə soruşacaqdı Məcid. Yaxşı ki, qadın özü dilləndi:- Gəl, oğul, gəl! Düz gəlibsən, Məcid-dedi. Ayağa durub, bir əliylə boş skamyada oturmağa yer göstərdi. Məcidin azacıq həyacanı çəkildi, qırışığı açıldı. “ Təşəkkür edirəm!..” söyləyib, skamyada əyləşdi. Qadın açıq, səmimi söhbət olsun deyə, xoş bir təbəssümlə Məcidi süzüb: – Şəhərlə necəsən, oğul, uyğunlaşa bilirsənmi?- deyə soruşdu.

-Pis deyil! Sağ olun, iş-güc o qədər insanın başını qatır ki, darıxmağa heç vaxt da qalmır. Günün hardan başlayıb, harda bitdiyini də hiss etmirsən. Şəhər, elə bil, qaynar qazandı, hamını qarışqa kimi qayğıları ilə aldadır, hamı qaça-qaçda, tələsha tələsdədir.

-Kəndlə, valideyinlərinizlə əlaqəniz necədir, yaxşıdırlarmı? Gedib heç onları yoxlaya bilirsinizmi? Ata, ana yaxşı şeydir, evin  istiliyi, işığı, bini-bərəkətidir, qədrini bilin. Valideyin xeyir-duası, bəlkə də, İlahi qüdrətdən gələn sədadır!..

– Bu xoş sözlərə, diqqətinizə görə, çox sağ olun. İmkan tapan kimi gedib yoxlayıram. “Mərkəzi poçtxana”dan zəng çalıb tez-tez hal-əhval tuturam.

– Bilirsən, oğul, səni niyə çağırmışam? Neçə gündür düşünürəm, buna mərdimazarlıqmı, xeyirxahlıqmı deyim, düzü hələ kəsdirə, ad da qoya bilmirəm. Qızımı istədiyin, qızımın da səndə könlü olduğu mənə bəllidir. İşin, ağlın, düşüncən də yerindədir. İncimə, sənə nəsə deyiblər, ya deməyiblər, onu da bilmirəm. İş yerinlə də maraqlanmışam, lap yaxın bir qohumum da ora baş çəkib. Eşitdiyim ancaq ürəyimi açan sözlər olub. Pisliyinə, ziyanına bir kəlmə belə söz deyən olmayıb. Bir həftə olar, qızımla telefonda danışdığım. Düzü, bu

həftə ərzində nələr çəkdiyimi bir allah bilir.

Axşamüstü idi. Evə zəng çalmışdılar. Tanımadığım bir kişi idi zəng çalan. Deyirdi ki, ürəyim yanır, Sizi çox istəyib, qızınızın gələcəkdə bədbəxt olmaması üçün zəng çalıram. Elə bilməyin ki, mərdimazarlıq edirəm, ara vururam. Yox, vicdanım buna yol vermir, susmağı özümə bağışlaya bilmirəm. Bizim də qız övladımız var, bilirik valideyinlik məsuliyyətinin nə demək olduğunu. Həqiqəti öyrənməsəniz  ömrünüzün sonuna qədər çox peşiman olacaqsınız. Onda da əliniz hara çatacaq ki?! Məndən deməkdir, dedim, çıxaracağınız nəticə isə Sizdən asılıdır. Unutmayın ki, atalarımız:“ Sonrakı peşimançılıq fayda verməz!” sözlərini boş-boşuna deməyib. Sonra dilim dinc durmadı, belə ürəyiniz yanırsa, zəng çalmaqdansa, qızıma deməyiniz pis olardımı?!- dedim. Söz altında qalmadı, tutuldusa da, “ Məhəbbətin gözü kordur, ona çatmaz, sevənlərdə  heç ağılmı olur, anam!”-dedi və söhbəti daha uzatmayıb, sağollaşmadan da dəstəyi asdı.

-Hə-əə, mən təxmin etdiyim bir müəllim var. Bütün həyatı mərdimazarlıq üstündə qurulub. Kişidir, ancaq küpəgirən qarılar kimi qeybətçildir. Böhtanı adama elə yapışdırar ki, özün də təəccüb qalarsan. Bəs nə deyiblər,… düzü, mənimçün də maraqlıdır.

– Guya, uşaq vaxtı eşşəkdən yıxılıb, onurğa sütunu zədələnib, uzun müddət müalicə olunub. Həkimlər o vaxt deyib ki, ailə həyatı uğursuz da ola bilər, uşaqları olmaya da bilər!.. Daha nə bilim nələr, nələr…

– Bəs qızınız… qızınız nə deyib ona?! Qızınız da ona o dəqiqə inanıb, həə?!

– Yox, qızım heç indi də inanmır. Ancaq mənə deyəndən sonra, neçə gündür ki, içimdə rahatlığımı da itirmişəm, oğul. Yediyim, içdiyim də elə bil zəhərə dönüb.

– Bəs qızınız… qızınız məndən niyə bir kəlmə soruşmayıb? Hər deyilən sözə, elə o dəqiqə inanmaqmı olar? Axı evinizdə həkim var. Onurğa sütunu zədələnmiş insan da belə normal yaşaya, gəzə bilərmi?! Onun-bunun sözüylə oturub-durmaq, insanı hara aparıb çıxarar ki, görəsən? İnsan gördüyünə, yoxsa eşitdiyinə daha çox inam gətirməlidir? Əlbəttə gördüyünə. Çünki gördüyün sənindir… sənin həqiqətindir. Eşitdiyin isə, sənin deyil, başqasının nəfəsinə bürünmüş yad bir düşüncədir. Ona inam gətirmək, insanın özü-özünü aldatmasıdır. Bəs ağıl, düşüncə nədən ötrüdür? Bəli, mən kənddə böyümüşəm, kəndçi balasıyam! Kənddə böyümək qəbahət deyil ki?! Eşşək arabası da sürmüşəm, kərəntiylə, oraqla da ot biçib gətirmişəm. Eşşək də minib sürmüşəm. Amma yıxıldığım, onurğamı zədələdiyim, hələ uzun müddət müalicə aldığım heç yadıma gəlmir! Mən bu düşüncəni qızınıza, mənim tanıdığım Sevincə heç yaraşdırmazdım! Bəlkə sabah başqa birisi bir özgə şey uyduracaq, onadamı inanacaq, onu da dərd edib içində gəzdirəcək?

– Yox, qızım indi də buna inanmır. Ancaq mənim içimi yeyən bu şübhəyə necə soyuqqanlı ola bilərəm. Əgər söhbət qızımın taleyindən, gələcəyindən gedirsə, sonrakı peşimançılıq fayda verərmi?! Əgər doğrudanmı qızıma, onun ailəsinə hörmətin varsa, onda bizim tanıdığımız həkimlərin yoxlamasından, testindən keç. Elə biz də, Siz də sabahkı qurulacaq ailənin taleyindən tam arxayın olaq.

– Məgər bu, alçaltmaq, birisinin heysiyyatı, qüruru ilə oynamaq, demək deyilmi?!

Araya cansıxıcı bir sükut çökdü. Elə bil dünyanın dərdləri qurğuşun kimi Məcidin çiyinlərinə tökülüb onun qürurunu əydi, yumağa döndərdi. Bilmədi, bilmədi nə desin, içini göynədən gözləmədiyi bu ağrını, acını necə udsun. Handan-hana Sevincin anası onun dinmədiyini görüb ayağa qalxdı, daha bu barədə heç nə demədi. Sağollaşıb ağır-ağır avtobus dayanacağına tərəf getdi. Məcid hələ də özündə deyildi. Sanki bu dünyayla tək qalmışdı. Obası köçüb yurdu boş qalan ocaq yerlərinin həsrəti kimi kimsəsizləşmişdi. Buz heykəli kimi yerə yapışmış, bədənində acı bir titrətmə qopmuşdu. Ağlamaq, doyunca ağlamaq istəyirdi…

…  – Sevinc, sən hələ burdasan? Bəs niyə getməmisən?..

– Professor Məcid Çıraqlını gözləyirəm. Olmazmı?!

– Olar, Sevinc xanım, olar… niyə də olmasın ki?!

– Həyat yoldaşım maşınla gəlib götürməlidir. O gələnə qədər, düşündüm ki, ötən günlərin xatirinə Sizinlə bir-iki kəlmə kəssəm günah olmaz ki?! Həə, anamın da bir xahişi var. Deyir, harda görsən o cavan oğlandan mənim də adımdan mütləq bir üzr diləyərsən. Elə o gördüyü cavan oğlan kimi də Sizi yadda saxlayıb. Deyir, günahkaram mən onun yanında. Qəlbinə dəyib, ürəyini sındırmışam. Axı qəlb sındırmaq, Allaha da xoş getməz. Kim bilir, bəlkə çəkdiklərim bağışlanmaz günahlarımın əvəzidir çıxır balamın qabağına?! Yox, elə düşünmə ki, anam bu sözləri sakitcə, heç nə olmamış kimi deyir. Gözlərimin içinə düz baxa bilmir, baxışlarını məndən gizlədir. Hiss edirəm ki, bu özü də bir etirafdır..

Bilirsən ki, atamı erkən itirmişəm. Məktəbli olanda atalar uşaqlarını əllərindən tutub məktəbə gətirəndə həmişə onlara həsədlə, nə gizlədim, bəlkə də, qısqanclıqla, paxıllıqla da baxmışam. Ata qayğısına, tellərimdə yeri göynəyən ata əllərinin sığalına həmişə ehtiyacım, istəyim olub. Nə gizlədim, anam gözləriylə od götürüb, həm ana, həm ata olub bizə. Bir gözüylə gülsə də, bir gözüylə də ağlayıb. İçində gəzdirdiyi ağrı-acısını heç vaxt bizim çiynimizə yükləməyib, günümüzə, güzəranımıza calamayıb. Mən o ananın sözünü necə yerə sala bilərdim, xeyir-duasını eşitmədən, axı necə gəlinlik duvağına bürünərdim?! Anam inad etsə də, mən istəyimə xəyanət etmədim. Günlərnən zənginizi gözlədim, susdun. Siz məni xəyal qırıqlığına uğratdınız, düşüncələrimlə, ağrı-acılarımla tək-tənha qoydunuz. Bilirəm, mənə qəzəbliydiniz, üç dəfə zəng çalsam da cavab vermədiniz. Umu-küsüdənsə, fikirləşib çıxış yolu da tapardıq. Nə bilim, bəlkə taleh belə fərman verib. Taleyin yazdığını kim poza bilər ki?! Axı taleh yazısı Tanrı yazısı deyilmi?!

-Sevinc, ayaq üstə niyə dayanaq ki?! Yaxşı deyil, binanın arxasında əla bir çayxana var… Uca çinarların kölgəsinə sığınmış çayxana! Onkologiyanın həyəti olduğu üçün gəlib-gedənləri çox olur. İnsafən, yaxşı da çay verirlər.

Çayxanada adam o qədər də çox deyildi. Boş stollardan birində əyləşdilər. Yaxınlıqdakı ağacın dibi sulandığından torpağın, çayırın xoş qoxusu gəlirdi. Bu qoxu Məcidin uşaqlıq, gənclik illərini yadına salır, keçib gəldiyi kənd yollarını xəyalında əriş-arğac edirdi.

-Oğul, bala, bizə yaxşı dəmlənmiş çay gətir! -Məcid müəllim oturan kimi cavan çayçıya üzünü tutub səsləndi.-Həə, yanında limonu, çiyələk mürəbbəsi də olsun…

-Sevinc xanım, yanılmıramsa, bayaq həyat yoldaşım maşınla gəlib götürəcək dediniz. Kənddənmi gələcək?

-Yo-oox… yoo-ox!..- Sevinc həyəcanlandı. Yanaqlarına qızartı çökdü. Sözünün dalını gətirə bilmədi, susdu. Başını aşağı saldı. Handan-hana əllərini çənəsinə dirsəkləyib maddım-maddım, günahkarcasına, utanırmış kimi Məcidə baxdı. -Yooxx… mən elə bilirdim ki, Sən bilirsən. Demək, bilmirsən… Mən on  ildən çox olar ki, ondan ayrılmışam. Düzü, inana bilmirəm ki, həyatda belə iyrənc məxluqatlar da var imiş. O, haqqında onurğa zədələnməsi söhbətini çıxardan, anama zəng çaldıran da bu imiş. Sən demə, öz başına gələnləri sənin ünvanına calayırmış. Mənim sənə çaldığım zənglər cavabsız qalanda, vallah, elə bil havalanmışdım, başımı itirmişdim. Nə etdiyimi, heç özüm də bilmirdim. Məktəb direktoruydu, hər imkandan, hər fürsətdən istifadə edib mənə təzyiq göstərirdi. Tez-tez nəyisə bəhanə edib otağına çağırırdı. Sanki göz verib işıq vermirdi. Çalışırdı ki, adıma söz-söhbət çıxartsın, dilimi gödəltsin, iradəmi, istəyimi qırsın. Səninlə olan münasibətlərimi yaxşı bilirdi. Kənd yeri idi, hamı bir-birini gözəl tanıyırdı, kimin nə etdiyini, nə düşündüyünü yaxşı bilirdilər. Ovucun içi boyda kənddə, əslinə baxsan, heç pıçıltı da gizli qalmırdı. Nə gizlədim, anam inadına bürünəndə, səndən ümidim üzüləndə, acığa, həə… nə gizlədim, lap acığa hər şeyi unudub ona hə dedim. Bax, o dərindən düşünülməmiş həə cavabım, yadıma düşəndə indi də məni yandırır. Tüstüm təpəmdən çıxır. Korun-korun yanan ocaq kimi içim yanır, arzularımı, ümidlərimi tüstüsüylə boğub, istisi, hisi-pasıyla kirlədib dağıdır. Nə deyim, bu da bir talehdi mən yaşadım, bir xəyal qırıqlığıydı sərablandırıb yuxu kimi ötürdüm. Uşağımız olmadı. Analar görəndə beşik başında, çalınmamış laylamın həsrəti məni boğdu. Xəyalımda olmayan uşaqlarımı böyütdüm, yuxularımda neçə kərə onlara ad qoydum. Anam bir gün, heç ərim də bilmədən, həkimə göstərdi məni. Həkim analizlərdən sonra: “ Sənlik deyil, ana ola bilərsən!”- deyəndə anam ağladı. Kim bilir, bu bəlkə də, bir taleh qarğışı idi. Bir zaman ürəyindən keçənləri indi özünə qaytarırdı anamın.

-Axı, bu necə olur?.. ayrıldığı qadından uşaqları var idi, aliment də verirdi…

– Yox, yox… bu elə deyil! Mən də belə düşünürdüm. Bunu özü etiraf elədi. Həkimdəndir uşaqları. O, qonşuları olan həkimdən. Arvadının həkimlə xəstəxanada görüşdüklərini bilirmiş. Həkimi işdən çıxardanda arvadın gözü o qədər qızır ki, evə gətirməkdən belə çəkinmir. Bir gün qapını onun üzünə açmayanda, arvadı abırsız-abırsız gözlərinin içinə baxa-baxa irişib həkimin böyrünə qısılanda ayrılırlar.

Analıq istəyim elə bil ki, boğulmuşdu. Ümidsizlik, inamsızlıq içimi yeyirdi. Anam da bir tərəfdən tez-tez zəng çalıb təkid edirdi ki, “ Allah kərimdir, ümidsiz olmayın. Hər dərdin bir əlacı var. Bilirsən ki, səni üşüdən sonsuzluq səndən deyil, ərindəndir. Onda onu dilə tut, təkid elə, qoy həkimə gəlsin!..”

Anamın bu sözləri məni silkələyir, yerimdən oynadırdı. Hər dəfə ərimə həkimə get deyəndə bir bəhanə tapır, yayınırdı. Bilmirəm televizorda gedən verilişdən, ya iki gün qabaq Şəfiqə müəllimin dediklərindən, ya nədənsə bərk kövrəlib ərimin ayaqlarına düşdüm: “ Axı ana olmaq mənim də haqqımdır!”- deyib uşaq kimi ağladım. Əllərimdən tutub divana əyləşdirdi. Sakitləşdirib ovundurdu məni. Bir zaman yol qəzasına düşdüyünü, ölümdən qayıtdığını, heç vaxt, heç vaxt övladı olmayacağını dilə gətirdi. Bir anlığa susub, sonra:” Gözlərimi yumaram, xoşlandığın biri varsa, dilxoşluq edə bilərsən!..”-söylədi. Elə bil yer ayaqlarımın altından qaçdı, elə bil içimdə vulkan püskürdü. Qəzəblə, sonsuz nifrətlə yerimdən qalxıb üzünə tüpürdüm. “Sən necə kişisən, qürurun, mənliyin yoxdurmu sənin?!”-deyib, silləni necə tutuşdurdumsa, tarazlığını itirib yerə yıxıldı. Paltomu əynimə geyib, geriyə də baxmadan evdən çıxdım. Quşbaşı qar yağır, külək havada oynadıb dər-divara çırpırdı. Mən daha üfunət iyi verən o evdə qala bilməzdim. Çıxmaqdan başqa yolum da yox idi. O, elə bilirdi ki, belə havada yerimdə oturacaq, hövsələmi basıb hər şeyi sakitcə ötürəcəyəm. Yox, o məni nə hesab edirmiş, məni əxlaqsızmı zənn edirmiş?! Allahım, belə insanları niyə yaradırdın, niyə məni belələri ilə baş-başa qoyurdun? Dünyanı boş qalmamaq üçünmü, ya yaxşısının yaxşılığın qədrini bilmək üçünmü? Söz tapa bilmirdim, içimi dağıdacaq o qəzəbi, o hissi ifadə edəcək sözü elə bil yaddaşımdan silmişdilər. Elə bil yerdə yox, hansısa boşluqda, havasızlıqda idim. Bir az da çox qalsam, boğulacaq, halsızlaşıb bayılacaqdım. Qəzəbim dalğa-dalğa içimdən kükrəyir, nifrətim od olub içimi yandırırdı. Allahım, o mənə hansı gözlə baxırmış, mən o gözə, o baxışa heç layiq idimmi?! Axı mən nəyi arzulamışdım, indi hardan hara gör gəlib çıxmışdım?! Deyirlər, namusu itə atdılar, it də yemədi. Bəs namusunu itə atan bu şərəfsizlə yaşamaq bundan sonra mənə nə verə bilərdi?!  Ancaq həşarat ömrü, qürursuz, ləyaqətsiz ömür. Baxdım, heç tükü də tərpənmədi, heç məni saxlayası, ovundurası bir söz də demədi. Onunla keçirdiyim ömrümə min kərə yazıqlar olsun. O nə ömür idi, mən yaşadım. Ona ömürmü deyim, məsləksiz, əqidəsiz, şərəfsiz bir ömür…

Uşaq vaxtı qış tətilində kəndə gedəndə babam qabarlı əllərini odun peçinin istisində ovuşdurub deyərdi:” Bayırda hava çox soyuqdur. Şaxta qılınc kimi kəsir. Belə havada, heç it də itdigiynən burnunu çölə çıxarmaz!”

İtin burnunu çölə çıxarmadığı o soyuqda babamın sözləri yadıma düşdü. İnadın əllərindən tutub baş magistral yola tələsirdim. Ümidimi itirməmişdim. Geriyə yolum daha içimdə qapanmışdı. İçimdə közərən yalançı bir ümidə bükülmüş körpüləri də sel aparmışdı.

Yolun kənarında nə qədər dayandığım yadımda deyil. Düzü, elə halda idim ki, ya yerdə, ya göydə olduğumu da unutmuşdum. Üstümü nə qədər qardan təmizləsəm də, yenə də qar məni Şaxta baba, Qar qız kimi bəzəyirdi. İrəlidə, döngədə, çayın üstündəki körpüdə qurd gözləri kimi qoşa işıq parladı. Önümdən bir az irəli keçmişdi ki, saxladı. Kabinanın qapısını azacıq açıb, soyuqdan qorxa-qorxa başını güclə çölə çıxaran yaşlı kişi: – Hara gedirsən, ay anam, ay qızım? – soruşdu. Sonra da cavab gözləmədən: – Belə havada kimisə çöldə qoymaq heç kişilikdən deyil!-dedi. Bilmirəm, hardansa ağlıma girdi anamın xəstə olduğunu, getməyin mütləq lazım gəldiyini söylədim. Şəhərə gəlirdilər, gəlninin vəziyyəti yaxşı deyildi, rayonda həkimlər əlac qılmadıqlarından Bakıya göndəriş vermişdilər. Arxa qapıdan içəri keçdim. Yorğana bükülü gəlin və yanında yun şalına bərk-bərk bürünmüş yaşlı qadın oturmuşdu. Görünür, qaynana idi. Çox istiqanlı, söhbəti şipşirin bir qaynana. Elə o dəqiqə istilənməyim, qırışığım açılsın deyə termosdan isti çay verdilər. Adi vaxtda acı bağırsaq kimi uzanan şəhər yolunu nə vaxt bitirdiyimizi yadıma sala bilmədim. Həkim qardaşımın işlədiyi xəstəxanaya gedirdilər. Gecədən xeyli keçsə də, maşını qardaşımın evinin qabağına sürdürdüm. Düzdür, qardaşımın yoldaşı, gəlinimiz bir az mızıldansa da, qardaşım geyinib xəstənin səhərin açılması, həkimlərin iş vaxtının başlamasını gözləyənə qədər əziyyət çəkməməsi üçün xəstəxanada aparıb yerləşdirdi. Sən demə, dünya yaxşı adamlarla doluymuş. Yaxşılıq elə yaxşıları tapırmış…

Nə gizlədim, həyatım bir müddət çox sarsıntılı, cəhənnəm əzabı kimi keçdi. Eşitdiyim sözləri yadıma salanda  dəli olmaq dərəcəsinə qədər gəlirdim. Müəllim kimi işə düzəldim. Başım qarışdı, təzə mühit, təzə tanışlıqlar içimdə bir az yüngüllük yaratdı. Sonra uşaq vaxtı bir yerdə oynadığımız qohumuma rast gəldim. Rusiyətdə yaşayırmış, hüquqşünasdır… hansısa şəhərdə, dəqiq bilmirəm, deyəsən Ufada müstəntiq imiş. Mühüm işlər üzrə müstəntiq. Dediyinə görə, böyük bir mafiyanın  maliyyə, adam oğurlama cinayətlərini araşdırırmış. Əvvəlcə ona xəbərdarlıq, sonra külli miqdarda pul təklif ediblər, işi çox qurdalama, alacağını al, üstündən də sakitcə sivişib keç, deyiblər. Onsuz da tutulan tutulub, ölən də ölüb, daha o birilərin üstünə getmə. Yox, bunların heç birini qəbul etməyib. İnadla öz sözünün üstündə dayanıb. Onlar da bildiklərini edib, ailəsinə olmazın işgəncələrini verməklə, öldürüb, evini də yandıraraq çəkdikləri şəkilləri də ona göndəriblər. Qaysaq bağlamış yaralarını qopartmamaq üçün soruşmuram. Bilirəm, onları xatırlatmaq ona çox ağır gəlir. Danışa bilmir, danışanda da göz yaşlarını güclə saxlayır. Mərhum yoldaşı da elə öz kəndlərindən olub. İki uşağının və yoldaşının məzarları da həmin kənddədir. Mən də elə ona qoşulub bir neçə dəfə ziyarətə getmişik. Baş daşlarından boylanan şəkillər elə bil dil açıb: “Axı bizim gühahımız nə idi?!” -deyə dərdlərini, ağrı-acılarını danışırlar. Yaxşı ki, ailəmiz, iki uşağımız- bir oğul, bir qız payımız var. Həyat yoldaşım bunlarla nəfəs alır, yaşayır. Uşaqlar olmasaydı, həyat yoldaşım yəqin ki, öz məzarını da çoxdan o məzarlar cərgəsinə qatardı.Elə mənə də həyat verən, ömrümü yaşadan övladlarımdır. Nə deyim, bu da bir talehdir mən yaşadım.

Sevinc bir anlıq susdu. Çaydan bir qurtum içib sınayıcı nəzərlərlə Məcid Çıraqlıya baxdı. Sonra sifətinə qonan yüngül təbəssümlə gülümsədi.

-Deyir, dərdli deyingən olar, qəmli yatağan. Dilotu yemiş adamlar kimi heç mən sənə imkan vermədim axı, danışmağa. Bəs sən neynirsən, ailən, uşaqların necədir? Düzdür, televiziyada çıxışlarını görürəm, qəzetdə, jurnallarda yazılarını oxuyuram. Neyləmək olar, Tanrının yazdığını kim poza bilər ki?! Taleyin yazdığını mən poza bilsəydim inan, Onu arzumla, məramımla yazardım təzədən! Vallah, heç inanmazdım, Tanrım məni taleh imtahanından çıxardıb, sizin imtahanınızda bir də belə görüşdürə.

Məcid Çıraqlı elə bil donmuşdu. Danışa bilmirdi. Xatirələr içində oyalanır, keçən günlər vərəq-vərəq yaddaşına tökülürdü. Qınayan olmasaydı ağlar, ürəyi boşalıncaya qədər ağlardı. Ailəsindən narazı deyildi, evdə hörmətini saxlayır, həyat yoldaşı, uşaqları pərvanə kimi başına dolanırdılar. Ancaq mahnıda deyildiyi kimi, heç vaxt unudulan, unudulan deyildi ilk məhəbbət. Zaman keçər, ömür ötər ilk məhəbbətsə nə qocalar, nə də bitər. İlk məhəbbətdə nə qüdrət varsa, zaman da onun qabağında aciz qalar. Nə əriyər, nə qocalar, həmişə cavan qalar ilk məhəbbət.

Mobil telefon zəng çaldı. Məcid Çıraqlı düşüncədən ayıldı. Əl çantasını qurdalaya-qurdalaya: – Muraddır!.. Həyat yoldaşım Murad!-dedi. Ayağa durdular. Çinar ağacının kölgəsində dayanmış qara “Prado” maşınından polis geyimində polkovnik rütbəli ucaboy, yaraşıqlı zabit və on-oniki yaşlı oğlan uşağı düşdü.

-Tanış olun, Murad! Bu, Məcid Çıraqlıdır…- Sevinc gülümsəyə-gülümsəyə dilləndi: – Kənddə bir yerdə müəllim işləmişik. İndi professordur. Heç ağlıma gəlməzdi ki, bu günkü imtahanımın komissiya sədri olacaq… Həə, sən niyə kənarda durmusan, Məcid balam, adaşındır… dayındır, gəlib əl verib bir görüşsənə!..

Sevinc Məcid deyəndə Məcid Çıraqlının içində elə bil nəsə gizildədi. Qayıdıb ağrı, həsəd dolu bir baxışla Sevincə baxdı. Demək, gənclik məhəbbəti ölməmişdi. Evində o günləri hələ xatırlayası bir Məcid böyüyürdü…

Sağollaşdılar, xudahafizləşib ayrıldılar. Maşın uzaqlaşdı, Məcid Çıraqlı hələ də yerində donub qalmışdı. Gördüklərinə inana bilmirdi. Bu gerçək idi, ya şirin bir xəyal, yuxu idi ağlına sığışdıra, inamını göyərdə bilmirdi. Həyəcandan bədəni titrəyirdi. Yıxılmamaq üçün çinarın gövdəsinə söykəndi. Düz otuz il bundan qabaq da Sevinci evlərinə ötürüb, “hə-ə” kəlməsini eşidəndə də bədəni beləcə uçunmuşdu. Handan-hana özünə gəlib asta-asta evlərinə tərəf addımladı. Evdə onu ailəsi gözləyirdi. Bayaq Sevincin dediyi:”Yaşadığım bu illərdən sonra dərk etdim ki, ailə-sığındığın, güvəndiyin, arxalanıb güc-qüvvət aldığın isti ocaqdır. Ocağı yanar, isti olanın qapısı həmişə xoşbəxtliyə açılar! Ailəsi ilə nəfəs alan, ailəsiylə də xöşbəxt olanın həyatda yeri  də həmişə yüksək olar!”- fikri onu tutmuşdu. Dünən üstündə dayandığı fikrini dəyişib, indi ürəyində ailəsiylə Antalyaya istirahətə gedəcəklərini qətiləşdirmişdi…

Bakı- Ankara-Bakı,   03 aprel- 08 noyabr 2022-ci il.

 

 

 

Yazıya 67 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.