Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 saylı kitabxana filialı 44 günlük Vətən müharibəsində şəhid olmuş Musa Rövşən oğlu Əsgərovun “Şəhidlərimiz şərəf, qeyrət, ucalıq zirvəsidir” başlığı altında şəhid ailəsi ilə görüş keçirib. Tədbiri giriş sözü ilə açan böyük kitabxanaçı Günel Əliyeva tədbir iştirakçılarını salamladı. Daha sonra Vətən uğrunda öz canlarından keçmiş Şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxanaçı qeyd edib ki, Şəhidlər bizim and yerimiz, qibləgahımızdır. Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
kultur.az xəbər verir ki, tədbirdə şəhid Musa Rövşən oğlu Əsgərovun həyatına həsr olunmuş video-çarx nümayiş olunub. Şəhidin atası Rövşən Əsgərov və anası Hüsniyyə Əsgərova övladları Musa Əsgərovun şərəfli həyat yolundan bəhs ediblər. Onlar qeyd ediblər ki, Musa nöqsansız uşaq idi. Hara gedirdisə, harda olurdusa onun haqqında ancaq xoş sözlər eşidirdik. Ona görə kimsə bizə bircə dəfə də şikayət etməyib. Musa çox vətənpərvər övlad idi. Musa ilə qürur duyuruq, Onunla fəxr edirik!
Sonra Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxışında bildirib ki, azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.
Növbəti çıxışda Şəhid Musa Əsgərovun təlimatçısı XTQ-nin ehtiyatda olan mənsubu Füzuli Zeynalov çıxış edərək qeyd edib ki, Musa azyaşlı olmasına baxmayaraq XTQ-nin giziri vəzifəsində xidmət göstərərək Balaca Canavar ləqəbi ilə döyüş yoldaşlarından seçilirdi. O, silahların taktiki-texniki xüsusiyyətlərini böyük həvəslə öyrənmişdi. Atıcı silahlardan istifadə qaydalarını çox yaxşı mənimsəmişdi. Vətən müharibəsində yüksək döyüş bacarığı ilə seçilən Xüsusi Təyinatlı Qüvvələrin cəsur döyüşçüsü, Gənc snayperçi 27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində qəhrəmancasına şəhid olaraq, başından yaralandı və son nəfəsində belə, üzərindəki bayrağı əlləri ilə sıxıb saxladı.
Tədbirdə XTQ-nin ehtiyatda olan mənsubları və qaziləri Xəzər Maqsudlu, Elvin Rəsulov, Şamil Baxışov, Elton Həsənov, Osman Salahov, və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə şəhər Təşkilatının sədri Bəyanət Qasımov çıxış ediblər. Hər bir çıxışçı şəhidin gənc yaşda gələcək nəsillərə örnək olası qəhrəmanlığından bəhs ediblər. Sonra Gəncə Dövlət Dram Teatrının əməkdar aktrisası “Şəhidlər ölməz, Azərbaycan deyəndə” şeirlərini səsləndirib. Musa Əsgərovun ən yaxın dostu şəhidlə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Gəncə şəhər V.Əliyev adına 12 nömrəli tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.
Tədbir qəhərəman Şəhidimiz Musa Əsgərovun ailəsinə yazdığı son məktubun səsləndirilməsi ilə tədbir yekunlaşıb. Sonda tədbir iştirakçıları ilə Xatirə şəkli çəkilib. Tədbirdən sonra Gəncə Şəhidlər Xiyabanında Musa Rövşən oğlu Əsgərovun məzarı ziyarət olunub.
Yazıya 42 dəfə baxılıb