Akif ABBASOV – ANA DA, BACI DA GÖZLƏMƏKDƏ İDİ

AKIF ISTANBUL 5(hekayə)

         Bazarda yenə də qələbəlik idi. Bazar günü olduğundan çoxları bir həftəlik bazarlıqlarını edib aparıb başlarının altına qoyurdular. Ağız deyəni qulaq eşitmirdi. Hər bir kəs öz malını tərifləyirdi: “Gəl ay müştəri, qızıldandır dişləri! …Soğan deyil, baldır, ey  bal! Kartof deyil, almadır, alma!”

Sənətkar dükanları da bazarın müxtəlif tərəflərinə səpələnmişdi. Səhərlər işə başlar, axşamüstülər – bazar bağlananda dükanlarının ağzına qıfıl vurub ya evlərinə yolanardılar, ya da “ümumu qazana pul düşüb” ucuz yeməkxanaların birinə yeyib-içməyə, özlərinin dedikləri kimi, “vurmağa” gedərdilər.

Əlqərəz,  bazar hamıya lazım olan bir yer idi. Kimisi burada çörəyini çıxarırdı, kimisi də  bazarlığını edirdi.

Həsən 14-15 yaşlarında idi. O da arada bazara gələrdi. Qardaşı Fazil saatsaz idi. Balaca bir dükanı vardı. Gəliri başından aşmasa da, dolanırdı. Fazil onun ögey qardaşı idi, ayrı yaşayırdı, arvad-uşağı vardı. Hərdən Həsəngilə də əl tutardı. İmkan olanda.

İndi onu bazara Fazil özü çağırmışdı. Həsənin rəssamlıq qabiliyyəti vardı.  Rənglərdən yaxşı baş çıxarırdı.  Arada oxuduğu məktəbin foyesində  onun çəkdiyi mənzərə rəsmlərindən ibarət sərgi də  təşkil olunurdu. Hamı baxır, bəyənirdi. Ona hədiyyələr də verilirdi.

Fazil çağırmışdı onu ki, gəlib onun dükanına əl gəzdirsin, dükanı abıra salsın. Həsən də boya aldırmışdı, indi zövqlə qapı-pəncərəni, dükanın divarlarını bəzəyirdi. Öz işindən özü də zövq alırdı.

Həsən tələsmədən, səylə kistanı boyaya batırıb  qapıya yaraşıq verirdi.

Fazildən başqa Həsənin işinə uzaqdan bir nəfər də göz qoyurdu. Həmin şəxs Qayib kişi idi. Həsənin işini çox bəyənmişdi. Ona yaxınlaşdı:

-Ay oğul, işin irəli! Gördüyün iş xoşuma  gəldi. Gərək əminin evini də abıra salasan.

Həsən təəccüblə ona baxdı. Bu rayonda, bazarda gör nə qədər rəngsaz vardı. Həsən heç onların yanından yel olub da  keçə bilməzdi. Bu əmi nə əcəb ona ağız açır?!

-Oğul, hər adamı evinə apara bilmirsən. Sənətkar olmaqdan başqa həm də gərək namuslu insan olasan. Kəsəsi, səni bəyəndim. Zəhmət haqqı olaraq sənə 150 manat da pul verəcəyəm.

Həsən qulaqlarına inanmadı:

-Nə qədər?

-150 manat.

Həsən əl saxladı.  Cibində siçanlar oynayırdı. 150 manat nədir, heç 15 qəpiyi də yox idi, gedib su alsın. Susuzluqdan ciyəri yanırdı. Həsənin dayanıb key-key baxdığını görən Qayib kişi onun qolundan tutdu:

-Hə, nə deyirsən?

Yüz əlli manat Həsən kimi atasız bir uşaq üçün, onun ailəsi, anası və bacısı üçün böyük pul idi. Çox böyük. Qardaşının yanında nə qədər boynunu büküb durmaq olardı? O da ya azdan-çoxdan pul verər, ya da ağlaşma qurardı ki, “vallah, mən də elə siz gündəyəm” – deyərdi.

Həsən məktəbli idi. Evdə bir qardaş, bir bacı idilər. Anaları hərbi komissarlıqda xadimə işləyirdi. Bir ayda aldığı pul vur-tut 80 manat idi.

Qayib kişinin isə, bazarın gözəgəlimli yerində iri bit təsərrüfat mağazası vardı. Qaz vurub, qazan doldururdu.  150 manat onuncun qəpik-quruş sayılırdı.

Həsən tez razılaşdı və işə başladı. Hər gün dərsdən sonra gəlir, evin rəngsazlıq işlərini görürdü. Günorta qabağına yemək də qoyurdular. O, ev sahiblərindən, onlar da Həsəndən razı idilər. Həsən başını aşağı salıb öz işini görürdü.

Qayib kişi hər dəfə yaxınlaşanda Həsən hiss edirdi ki, o, həvəslə onun işinə baxır və işdən qazı qalır. Həsən hər dəfə Qayib kişinin əlini cibinə salaraq  boyun olduğu pulun müəyyən qədərini ona verəcəyini  gözləyirdi. Lap 10 manat, iyirmi manat, otuz-qırx manat olsun!

Həsən anasına da, bacısına da aldığı sifariş barədə məluma vermişdi. Evdəkilər buna çox sevinmişdilər.150 manat kasıb ailə üçün böyük pul idi. Evdə işləyən yalnız ana idi.  Birisinin ayaqqabısı, donu, o birinin corabı, jaketi, plaşı, özünün də hər bir geyimi nimdaş idi.

Lakin Həsən hər dəfə baxa-baxa qalır, deyə bilmirdi ki,  Qayib kişi pulun bir hissəsini avans kimi ona versin. Qayib kişinin tərpənmədiyini görəndə isə fikirləşirdi ki, görünür, Qayib kişi işin tamam-kamal qurtarmasını gözləyir. Pulun hamısını onda, lap axırda verəcək.

Beləliklə, Həsən ruhdan düşməyib işini davam etdirirdi.

…Bu gün Həsənin sevimli günü idi. Evdəkilər də xoş xəbər gözləyirdilər.

Həsən öz işini başa çatdırmışdı. İki göz lazım idi ki, tamaşasına dura. Qayib kişi, arvadı Tavat, qızı Şəhla, oğulları Sabirlə Cabir heyran-heyran baxırdılar. Sonra Sabirlə Cabir çıxıb getdilər iş-güclərinin dalınca. Şəhla da otağına çəkildi.  Qaldılar üçü – Həsən, Qayib kişi, bir də Tavat.

Qayib kişi  əlini Həsənin kürəyinə vuraraq:

-Halal olsun, bala,  yaşın az olsa da,  qabiliyyətlisən, əsl sənətkarsan.

Sonra Tavata sarı dönərək:

-Arvad, o dəftəri gətir bura.

Tavat getdi, az sonra dəftər qələmlə qayıtdı. Qayib kişi dəftərdəki qeydlərə baxa-baxa:

-Həsən, deməli, belə. Diqqətin məndə olsun.

Həsən diqqət kəsildi.

-Bir aydır işləyirsən, elədir?

Həsən cəld:

-Elədir, – dedi.

-Hər gün nahara oturmusan. Elədir?

-Elədir, Qayib dayı.

-Günorta yeməyi zamanı  sənin qabağına gah yarpaq dolması, gah döşəmə pilov, bəzən də səbzə pilov, gah küftə bozbaş, cücə ətilə çığırtma, gah kələm dolması qoyublar. Nuş canla yemisən?

-Yemişəm.

-Arada bir neçə dəfə  qonaqlarım gəlib. Kabab çəkmişəm. Sən də yemisən.  Şirə, kompot, göy-göyərti, salat da öz yerində.  Hər gün neçə dəfə limonlu çay içmisən. Bəzən axşamüstülər də mən işdən tez gələndə  səni yanımda oturtmuş, Allahın verdiyindən sənə də  vermişəm. Olub belə şey?

-Olub.

Həsən udqunmaqda idi. Öz-özünə düşünürdü: “Bu nə söz-söhbət idi?! Yeyib içdiklərimi başıma niyə qaxır? Adam adamın çörəyini yeyər. Pulumu ver çıxıb gedim də.  Bizimkilər150 manatın haraya xərclənəcəyini çoxdan müəyyənləşdiriblər”.

Qayib kişi sözünə davam etdi:

-Hə, Həsən bala, deməli, sənə çatacaq 150 manatdan gözünü çək. Bu, bir. İkincisi,  mən hesablamışam. Hələ üstəlik sənin mənə yüz manat borcun var. Onun 50 manatını keçirəm. Qalır 50 manatı…

Həsən quruyub qalmışdı. Bu nə iş idi düşmüşdü?! Bir aydan çoxdur gəlib-gedib. Əlləşib, boyanın kəskin iyini udub, başı ağrayıb. Bu bir ay ərzində gördüyü işlər bir yana qalsın, sən demə, hələ özünün də bu Qayib kişiyə borcu varmış!!!

Anası ilə, bacısını gözləri önünə gətirdi. Onlar Həsənin gətirəcəyi 150 manatı səbirsizliklə gözləyirdilər.

Bakı şəhəri, 05 may 2023-cü il

 

 

 

 

Yazıya 51 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.