Akif ABBASOV – MƏRAHİMİN QONAQLIĞI

AKİF 100(hekayə)

         Axşamüstülər bir yerə yığışırdılar. Yorğun-arğın işdən gələndən sonra hamı dincəlmək istəyir, deyib-gülüb, şənlənmək istəyir. İstər yay olsun, istərsə də payız,  qış, ya da yaz. Bəşirin yeməkxanası onların oturub-durduqları yer idi. Dostlar çox vaxt burada çay içər, söhbət edər, zarafatlaşar, bir-birini dolayar, bəzən də bir-birlərinə şəbədə qoşardılar.

Bəzən kiminsə təklifi ilə süfrəyə noxudla pivə gələrdi. Bu zaman təbii ki, çay ixtisara düşərdi. Birinin ad günü, xoş günü, bayram günü olanda yemək sifariş verib araq da gətirdərdilər.

Hər dəfə hesabı biri ödəyərdi, yaxud da ümumi “tasa” beşdən-üçdən düşüb  yemək-içməyin pulunu verərdilər.  Əlqərəz vəziyyətdən çıxa bilirdilər. Amma Mərahim o qədər simic idi ki, hər dəfə bit tövrlə hesabvermədən kənarda qalardı.     Ümumi “tas”a  da yaxın düşməzdi.

Xasiyyətini bildiklərindən onun xətrinə dəyməzdilər.

Hamı bir yana, Fərman bir yana. Mərahimin bu əcaib xasiyyəti onu heç açmırdı. Bəzən söz atırdı:

-Mərahim, sənin də hesab verən gününü görəydik.

Mərahim dişlərini ağartdı:

-Xam xəyala düşmə…

Bir dəfə Fərman Mərahimi bir tərəfə çəkib:

-Qardaş, bilirsən sənin xətrini çox istəyirəm, – dedi. -Xətrin o biri dostlarımızın yanında da əzizdir. Ona görə də bizimlə bir yerdəsən. Amma sənin yerinə mən utanıram. Bir dəfə sən də bir kişi hərəkəti elə.

Mərahim özünü bilməməzliyə vurub:

-Nəyi nəzərdə tutursan?

Fərman onun artistlik elədini görüb acıqla:

-Guya başa düşmürsən, –  dedi.  Sonra sərt halda: -Onsuz da xeyri yoxdur. Bilirsən nə var? Bax səni istədiyimdəndir…

Fərman bu sözləri deyib əlini cibinə saldı, bir şax yüz manatlıq çıxarıb Mərahimə uzatdı:

-İstəyirəm ki, bu gün bizi sən qonaq edəsən. Al bu yüz manatlığı. Görsünlər ki, sən də ürəkli oğlansan. Birisi bizi çaya, başqası pivəyə qonaq edir. Səni isə dolayırlar ki, əlini cibinə salmırsan. Bir yaxşı qonaqlıq ver onlara, görsünlər necə oğlansan.

Mərahim pulu aldı, eyni zamanda mütəəssir oldu:

-Fərman, sən doğrudan da yaxşı dost imişsən, – deyib Fərmanı qucaqladı və öpdü.

Fərman tapşırdı:

-Bax xəsislik eləmə, pulun hamısını xərclə. Qoy verdiyin  qonaqlıq əla olsun, heç vaxt yaddan çıxmasın! Mən üstünü vuran deyiləm.

Mərahim sevincək:

-Yaxşı, brat, – dedi, -yaxşı.

O gün beş dost yaxşı yeyib-içdilər. Mərahimin tərifini göylərə qaldırdılar. Limonlu, mürəbbəli çay da içdilər. Mərahim çıxarıb 98 manat pul ödədi. Hamı ondan razı qalmışdı. Heç kim   Mərahimdən belə əliaçıqlıq gözləmirdı. Demə, papaq altında yatan kişilər varmış.

-Bərəkallah, Mərahim!

-Var ol, brat!

Dostlar ayağa qalxıb dağılışmaq istəyəndə Fərman əl işarəsi ilə onları saxladı:

-Həzərat,  heç kim yerindən qalxmasın. Yəni siz doğrudan inandınız ki,   Mərahim bu yekəlikdə qonaqlıq verdi?!

Hamı diqqət kəsildi, sonra bir-birlərinə baxdılar. “Bu Fərman nə deyir?! Mərahim verdi axı qonaqlıq!”

Mərahim gözlərini ağartdı. Fərman ona fikir vermədi, amma bu dəfə üzünü  o biri dostlarına yox, Mərahimə tutdu:

-Brat, o 100 manatı mənə Nadir vermişdi. Vermişdi ki, sənə çatdırım, qardaşın Raufa çatası pul idi. Rauf Nadirin mobil telefonunu təmir eləyib. Xahişim budur ki, Nadirin pulunu qardaşın Raufa verəsən.

Fərmanın sözlərini eşidən Mərahimin rəngi ağardı. Yaman yerdə axşamlamışdı. Birdən-birə 98 manat!!!  Raufun xasiyyəti pisdir. Onun pulunun dalından keçmək olmaz. Düzü-dünyanı dağıdar.

Mərahim başını qaldırıb Fərmana baxdı. Dili söz tutumurdu ki, ona nə isə desin. Amma baxışları sanki dilə gəlmişdi: “Bu nə oyun idi minim başıma gətirdin!”

Fərman da baxışları ilə ona cavab verdi: “Başına oyun açılası adamsan! Sənə bu da azdır. Adam kişi olar!”

Dostları gülmək tutmuşdu. Fərman Mərahimə yaxşıca dərs vermişdi.

                                                  Şirvan şəhəri, 30 iyul 2023-cü il

 

 

 

Yazıya 32 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.