İradə Aytellə Həcər Əmiraslanlının söhbəti…

162347751_4425142424166068_368352337395064871_n

İradə Aytel: “Mən hələ də bilmirəm ki, oxucuları başıma yığmağa, özümü, yazımı təqdim etməyə layiqəmmi? “

Müsahibimiz İradə Ayteldir. Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliyinin, İzmirdə yerləşən Uluslararası Aktivist Sanatçılar birliyinin üzvüdür. “Sevgidən doğulan işıq”, “Bir cüt qızılgül”, “Çiçək açan dərdlərim”, “İkimizin bir evimiz varıydı”, “Partizanın acı həqiqətləri”, “Sədnik Paşa Pirsultanlının nəsri”, “Eynək taxan Günəş”, “Qanlı öpüşlər”, “Bağışla”, “Seyfəli şəhidləri”, “Leytenant Məcidov”  kitablarının müəllifidir. Son zamanların ən çox adıçəkilən yazarı kimi müsahibəyə başlamaq istəsək də, qəbul etmədi… “Belə deməzdim… Yazmaq istədiklərim o qədərdir ki… Sosial durum, pul qazanmaq məcburiyyəti, qayğılar insanın içindəkiləri boğur. Çox az yazıram”, dedi və sual yağışı başladı…

 – İradə xanım, ədəbiyyata necə gəldiniz? Nə vaxtsa, peşman oldunuz bu qərardan?

– Məni ədəbiyyata sevgi gətirdi. İlk olaraq ədəbiyyat müəllimimə – Qərənfil Quliyevaya olan sevgi, sonra isə platonik sevgilər. Bədii ədəbiyyatı çox oxuyurdum. İnanın ki, 6-7 yaşlarımda oxuduğum kitablar hələ də yadımdadır. İbtidai sinifdə bir sinif yoldaşım var idi, ona vurulmuşdum. İlk dəfə onun adının baş hərflərindən ibarət şeir yazmışdım. Sonra pyes yazdım, qəhrəmanımı yenə də onun adıyla adlandırmışdım…

– Sualıma cavab almamışam hələ, amma bir sual doğdu içimdə. O sinif yoldaşınızla olan sevginiz necə, sizinlə böyüdümü?

– Böyüdü, lakin platonikliyini itirmədi. Mən 8-ci sinifdə oxuyanda yaşayış yerimiz dəyişdi, məktəb dəyişdi və onu bir daha görmədim…

– Təəssüf…

– Bəlkə də belə yaxşıdır… “Bəlkə də biz onda ayrılmasaydıq, nə mən indikiydim, nə o indiki“…

– Ramiz Rövşən yetişdi dadımıza…

– Hə, şairə alqış! Sualınızın davamına keçim, ədəbiyyata gəlməyimə peşman oldummu? Olmadım! Ümumiyyətlə, mən heç vaxt, heç nəyə peşman olmuram. Üç gün əvvəl bacımla söhbət edirdim. Yeri gəlmişkən, deyim, bacım pedaqoq-rəssamdır – Brilyant Ramazanqızı. İç dünyası çox böyük xanımdır, onunla söhbət maraqlı olur. Gənclik səhvlərimizdən söz düşmüşdü. Mən evdə bir az dəli-dolu olmuşam. Tez yerimişəm – 8 aylığımda, tez danışmışam, oxumağı-yazmağı tez öyrənmişəm, tez sevmişəm və s… Bu tezliklər çox sayda səhvlərlə nəticələnib. Səhvlərimi bir-bir yada salıram, filan vaxt filan şey etdim, hə, böyük səhvdir. Ancaq mütləq o səhvin içərisində özümə haqq qazandıracaq nəsə tapıram. Əlbəttə, elə olmalı idi, haqlıydım, deyə özümə təsəlli verirəm. ona görə də heç vaxt peşman olmuram. Ədəbiyyat məni çox əzablardan qurtardı, içim dolduqca yazdım, boşaldım…

– Deməli, siz oxucular üçün deyil, özünüz üçün yazırsınız…

– Bəli, oxucular məndən inciməsin, mən yazanda heç kimi düşünmürəm, özümü yazıram, özümdən yazıram…

– Qınaqlardan qorxmursunuz?

– Qorxsam, yaza bilmərəm.

– Bu gün insanların həyatına sosial media daha güclü təsir edir, nəinki kitab və ya qəzet. Dünya heç bir zaman olmadığı qədər “səhralaşır”…

– Sosial medianın yaxşı tərəfləri də var. Dünyada baş verənlərdən xəbər tutmaq, ədəbiyyatı, incəsənəti izləmək və s. Ancaq sanki insanları bir-birindən uzaqlaşdırır. İnsanlar robortlaşır. Hisslər, duyğular arxa plana keçir. Hər şey mexaniki olur, hətta sevgi də… Özü düşünməyi, qərar verməyi sevən, texnologiyaya meylli “Z” nəsli – yerini eyni vaxtda bir neçə işlə məşğul olan, az danışan, ünsiyyəti sevməyən, virtual aləmlə yaşayan, təbiətdən uzaq  “alfa” nəslinə verdi. Hələ bundan sonra “Beta” nəsli gələcək… Allah bilir, onlar necə olacaq? Bunun qarşısını almaq isə mümkün deyil.

– Sizcə, yazıları digər insanlardan fərqləndirən cəhətlər var?

– Var, müşahidə qabiliyyəti. Yazıçı ilk olaraq müşahidə etməyi bacarmalıdır, mütaliəsi çox olmalıdır, çox düşünməlidir, ən asası cəsarətli olmalıdır. Təzyiqlərdən, qınaqlardan qorxmamalıdır.

– 44 günlük Zəfər tariximizin Şəhidi Aqil Məcidovun xatirəsinə həsr edilən “Leytenant Məcidov” adlı yeni kitabınız ilk gündən çox böyük sevgi ilə qarşılandı. Bu mövzuya ilk müraciətiniz deyil…

– “Leytenant Məcidov” mənim sayca 11-ci kitabımdır. Bundan əvvəl də Qarabağ döyüşlərini əks etdirən kitablarım işıq üzü görüb. “Bir cüt qızılgül” (sənədli-roman) 90-cı illərdə Gədəbəy döyüşlərində qəhrəmanlıqla döyüşən, Şəhid Əhməd Həsənovun həyat və döyüş yollarına həsr edilib. “Seyfəli Şəhidləri” kitabım Vətən müharibəsi zamanı şəhadətə yüksəlmiş şəhidlərimiz barəsində oçerklərdən ibarətdir. Böyük zəfərimizdən sonra “Polad ürəklər” adlı bir layihə gerçəkləşdirdim. Məqsədim Vətən Müharibəsində qəhrəmanlıqlarıyla seçilmiş Şəhid və qazilər haqqında reportaj hazırlayaraq onların həyat və döyüş yollarını ictimaiyyətə çatdırmaq, gələcək nəsillərə göstərmək idi. Layihə çərçivəsində ən uzaq bölgələrdə, ucqar kəndlərdə olur, mediada işıqlanmayan, az işıqlanan qazi və şəhidlərimiz haqqında reportajlar hazırlayırdım. Bu layihədə mənə çox yerdən dəstək oldu. İlk olaraq təklif Rusiyada yaşayan azərbaycanlı Afiq Allahverdiyevdən gəldi. Onun dəstəyi ilə Gədəbəy rayonuna ezam olundum. Bundan sonra Gədəbəy, Tovuz və başqa bölgələrin ayrı-ayrı adamları çəkiliş qrupumuza dəstək oldular, şəhidlərini nişan verdilər, bizi qarşıladılar, çəkiliş üçün şərait yaratdılar. Onu deyim ki, bütün bu işləri təmənnasız, mənəvi və vətəndaşlıq borcum olaraq etmişəm. Sonra layihəmiz “ElTv”, “RealTv” ekranlarında “AyTVaz” youtube kanalında, “kultur.az” saytında  və başqa sosial şəbəkələrdə yayımlandı. O qəhrəmanların evində olduqca, onları böyüdən anaları tanıdıqca, sinəm qürurdan böyüyürdü. Heyran qalırdım ki, İlahi, necə böyük ürəkli, qürurlu analar-atalar varmış… Xalqımla fəxr edirdim hər çəkilişdə. Aqil Məcidov Tovuzda böyüyüb boya-başa çatıb, hərbi təhsil alıb. Aqili tanımaq üçün kitabı oxuyun, lütfən. Mən onu tanıdım, sevdim və haqqında sevə-sevə yazdım. İmkanım olsa, 44 günlük zəfərimizdə əməyi olan döyüşçüm, qazim, Şəhidim barədə qalaq-qalaq yazaram. Onlar bizim başımızı uca etdilər, sinəmizi qürurla doldurdular….

– Bu kitabın nəşri ərəfəsində, nə kimi çətinliklərlə üzləşdiniz?

– Kitabın nəşrində ilk olaraq Aqilin öz əməyi var. Aqil örnək ömür yaşamasaydı, bu kitab da yazılmazdı. Sonra Aqili böyüdən ailənin, təhsil verən müəllimlərin, hərbi həyatında rolu olanların, Aqilin dostlarının əməyi böyük oldu. Kitabın çapında isə “Tovuz Xeyriyyə cəmiyyəti”nin sədr müavini Çingiz Abbasovun, dizayner Ramiz Hümmətovun böyük əməyi var. “Elm və Təhsil” nəşriyyatında çap olunan, çox mükəmməl, nəfis tərtibatlı kitabın xərcini Çingiz müəllim çəkib.

– Kitabı oxuculara təqdim edəcəksinizmi? İndi təqdimat dəbdir…

– İyirmi ildən çoxdur ki, bu sahədəyəm. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Uluslararası Aktivist Sanatçılar Birliyi, Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin üzvü, Prezident təqaüdçüsüyəm. Hələ də özümü xalq tərəfindən sevilən, imzası tanınan, hiss etmirəm. Hələ də yubileylərdən, təqdimatlardan qaçıram. Bir kitabı güc-bəla ilə işıq görən, təmtəraqla təqdimatlar edən cəsurlara həsəd də aparıram.

Bəli, təqdimat olacaq, “Tovuz Xeyriyyə Cəmiyyəti” təşkil edəcək. Aqil Məcidovun oxuduğu orta və ali məktəblərdə, Tovuz rayon  Mədəniyyət evində nəzərdə tutulub. Mən orada qonaq olacam.

– Biz də iştirak edərik, İnşallah! İradə xanım, əsərləriniz başqa ölkələrdə də dərc edilirmi? Mən sizin yaradıcılığa bələdəm, oxucularımız üçün daha geniş məlumat olsun deyə, soruşuram. Yəqin ki, sırada başqa kitablarınız da var…

– Türkiyə, Rusiya, Özbəkistan, Gürcüstan, İran və s. ölkələrdə hekayə və şeirlərim dərc edilir. Yeni kitablarım isə, İnşallah, olacaq. Atəşkəs dönəmində başladığım bir romanım var, yarımçıq qaldı. Zəfər gəlmədən, təbim gəlmədi. İndi onun üzərində işləyirəm.

– Son olaraq, xalqın sevdiyi yazar olaraq, gənc yazarlarımıza bu sahə ilə bağlı məsləhətləriniz…

– Məni tanınan və sevilən olaraq qəbul edirsinizsə, çox şadam. Var olun! Bir gəncin, onun çalışdığı qurumun mənə bu dəyəri verməsi sevindirici haldır. Məsləhət verməmişəm heç vaxt, məncə insan yaşadıqlarından nəticə çıxarır, həm də “Z”, “alfa” nəslinin adamlarına məsləhət, bu, absurddur. Gənclərə yazılarımla, davranışımla, həyata baxışımla, təhsilimlə, vətənimi, xalqımı sevməyimlə örnək olmaq istəyərdim. Gənclər səhvləri ilə də gözəldir! Gəncliyinizi şad, xoşbəxt, qayğısız, müharibələrdən, xəstəliklərdən uzaq keçirməyinizi arzu edirəm.

HƏCƏR ƏMİRASLANLI

mənbə: https://informator.az/

Yazıya 89 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.