Elçin İsgəndərzadə – Dodaqlarımda iki-üç şeirlik pıçıltı…

photo_10717Dodaqlarımda iki-üç şeirlik pıçıltı,

barmaqlarımın arasından süzülən sözlər.

 

Hərfləri tütün kimi sarıyıram vərəqə…

Xəbərim var ki, ayağımın altında yer yarpaqlayır,

yarpaqların üstündə kölgəm gedir.

 

Udqunduğum günlər dolaşır boğazımda…

qəhərdi, bilirəm.

Hər şeir qəhərdi,

hər qəhər bir nəmli baxış.

 

Üzümü dəyişdirmək istəyirəm

bir ovuc suda…

Bir ovuc suda axır ulduzlar.

 

Hər şey ulduz kimi ölür,

ulduzlar şeir kimi.

 

Ölü şeirlər yazıram bir ovuc suda…

Bir ovuc adamlar qalıb oxumağa.

 

Ovcumu yumuram bərk-bərk,

adamları qoymuram getməyə.

 

Sol

 

Küləklər də sol tərəfindən əsir adamın,

yağışlar da soldan yağır.

 

Atılan daşa sağ çiynini döndərirsən,

daş da sağdan adlayıb sola dəyir.

 

Kürəyindəki yükləri sanma kürəyin daşıyır,

sol tərəfin daşıyır o yükləri də,

o sancıları, o ağırlıqları da.

 

Hara dönsən, sol tərəfindi…

sağından vursalar da,

adam solundan ölür.

 

Köçə bilməyən quşlar

 

Küçələr yetim,

gecələr soyuq,

həyat anlamını itirmiş eynilik,

ağaclar köçə duran durnalar kimi,

amma uçmağı bilməyən.

 

Durnaların hamısı mən…

Ağacın qırılmış budağındakı

yerinin intizarında.

O yer hansı ocaqdasa, çoxdan yanmış,

küllərini küləklər sovurmuş.

 

Hərdən də küləklər o külləri vurar gözlərimə…

Ağacın kəsilmiş budağındakı

yanan yerimin küllərini,

o küllərdə  qanadlarımın izi.

Hər gün o külləri sovurur külək,

o küllərdən çiçəklər açır kül rəng.

…Köçə bilməyən quşlar

fəsilləri unudur mənimtək.

 

Yaşam düsturu

 

Ölüm düsturutək

dodaqlarındakı son gülüş öləziyər.

Həyat eşqi kimi

gözlərinin yarıaçığından

bir gilə yaş qarşılayar əcəli.

Əcəl bilməz,

amma gözlərin bilər

bir gilə yaşdakı yaşam aclığını.

 

Həyat düsturutək gələr ölüm,

həyat düsturutək

çiyinlər gizildəyər ölümü daşımağa.

(yəni elə belə də olmalıymış misalı)

 

Çiyinlər bir uşağın anasını aparıb gedərkən…

O uşaq hönkürər,

o uşaq çiyinlərdən küsər.

 

Küsər atasının,

əmisinin çiyinlərindən,

küsər bütün çiyinlərdən.

 

Neçə illər sonra…

Şəhid dostunu çiyinlərində aparar həmin uşaq.

 

Onda da qayıdıb öz çiyinlərindən küsər…

 

Sonra küsülü çiyinlərində daşıyar

atasını,

əmisini,

neçələrini,

doğmalarını.

 

…Gözəl bir axşam,

sevgilisinin başı qonar çiyinlərinə…

 

Boz darıxmaq

 

İllah ki, canına dolar günbəgün

rəngsiz sıxıntılar, boz darıxmaqlar.

İçindən,

çölündən axar beləcə

alov dilimitək,

bircə səni sıxan

bu sükut darıxmaqlar, söz darıxmaqlar.

 

Yadına düşər ki, amma əvvəllər

bu darıxmaqların öz rəngi vardı,

sevda rəngi vardı,

yaz rəngi vardı…

Yaz kimi darıxardın,

bir qız dodağında ən dadlı söz kimi darıxardın,

bir sözdən utanan üz kimi darıxardın.

 

Rəng-rəngiydi duyğuların da…

yaşıl darıxardın,

al darıxardın,

bir gözəl qırmızı,

bir gecə qara,

bir dan üzünə ağ darıxardın.

 

Bir mavi darıxmaq gözünün yaşında

dalğalanardı,

bir sarı darıxmaq gözünün kökündə

buxarlanardı…

Bütün darıxmaqların,

bütün rənglərin sonunda

bir sevda göy qurşağıydı…

 

Sonra da bilmədin necə, nə cürsə, –

rəngi qaçdı rənglərin,

bütün rənglərin yerində

bir sevgi yanığının külü qaldı, tozu qaldı…

Bütün rənglərin

canında darıxmaq adlı bozu qaldı.

 

Bozardı keçdiyin və keçmədiyin bütün küçələr,

küçələrdə adam-adam sözlər,

addım-addım hecalar.

Beləcə gözlərini dimdiklədi günbəgün

bu bozumtul quşlar, bu boz sərçələr.

 

Sən də ki, bu boyda çoxluğun səssizliyində,

göylərdə bozarmış

bir göyqurşağına baxar, baxarsan…

İllah ki, bu qədər rənglərdən sonra

durub eləcə boz darıxarsan.

 

Qürubda

 

Gözlərimdə gün batır… çoxdan,

gözlərimə gün batır… çoxdan,

gözlərim günə batır… çoxdan.

 

Çoxdan…

günsüz günlər doğur,

gün doğmur.

 

Çoxdan…

gözlərim batır qürubda.

 

Bəzi şeylər…

 

Bəzi şeylər anladılmaz,

anladılmaz…

Anladılmaz ayağının altında

qırılan güzgünün səsi,

ha desən də,

qırıqların o anda çıxartdığı xırçıltını

təsvir edə bilmərsən olduğu kimi.

Bir qəbir üstündə solan gülü

anlada bilməzsən,

anlada bilməzsən o gül necə solur.

İçindən bir təbəssüm keçər həyata…

nə həyata anlada bilərsən,

nə özünə…

Nə də heç kimə.

Anlada bilməzsən

səbəbi nədir bu təbəssümün.

Heç özün də anlaya bilmərsən özünü…

sadəcə, çıxıb gedərsən –

elə o gedişdən gedərsən axırda.

O gedişi də anladamazsan.

Çünki bəzi şeylər anladılmaz, anladılmaz.

Çünki bəzi şeylər edilir,

gedilir,

susulur!

 

Tənhalıqda unudulmaq

 

Çox çətinmiş tənhalıqda tənhalıq,

çox çətinmiş unudulmaq necə də.

Gecənin bir aləmində qayğılı

durub belə tək gəzişmək küçədə.

Xatirələr qoşun olur, bilirsən…

yağış yağır, xatirələr islanır.

Bir yandan da,

qəfil baxıb görürsən

bir yaş pişik ayağına yaslanır.

Ha neynirsən,

aralanmır pişik də,

miyoltusu təkliyinə qarışır.

Düşünürsən, bu tünlükdə, ah, nədən

pişik mənim ayağıma dolaşır?

Uzaqlaşıb qaranlıqda itirsən,

pişik qalır, yağış yağır beləcə.

çox çətinmiş,

çox çətinmiş görürsən,

tənhalıqda pişik olmaq bir gecə.

 

Elə

 

Gün də gələr, yadın itər,

unudular, adın itər,

dünyada ölümdən betər

yaşamaq zoruymuş elə.

 

Bir gün özün də bilərsən,

bir gün özün də görərsən,

illərdən sonra deyərsən,

sevgilər koruymuş elə.

Ayağından izinəcən,

dodağından sözünəcən,

baxışından gözünəcən

adam da yoluymuş elə!

 

Qırılır

 

Sularda ləpələr qırılır,

sularda körpələr qırılır.

Ağrının, acının üstündən

keçəndə, körpülər qırılır.

 

Bu həyat donduqca, gördüm,

bir umud sındıqca, gördüm,

bir qazi yandıqca, gördüm,

canında qəlpələr qırılır.

 

Bu dünya nə aldı, nə verdi,

dərdi də bir matah nəmərdi.

Ömür də bir gödək kəmərdi,

dartıram, törpülər qırılır.

 

Geyindirəm ki,

bu ömür çılpaq qalmasın.

Çılpaq qalmasın –

umuddan,

sabahdan,

məndən…

 

Qalıb

 

Əl çatmayan xəyallar

gözlərimdən iraqda,

iraqda qalıb, iraqda.

 

Əllərim yanıb ocaqsız,

bu evin kərpicləri

qopub düşür suvaqsız.

Xoşbəxtlik də haçandı,

bir sevgi sorağında,

soraqda qalıb, soraqda.

 

Bu ömür xatirədi

kimlərsə, oxuyub keçir,

xatirələr yenə də

qərənfil qoxuyub keçir –

sevgilər məktublarda,

xatirələr dəftərdə –

varaqda qalıb, varaqda.

 

Ayrılıq

 

Mən bir notun necə sızlamasına şahidəm,

sonra o biri notlar sızlayır,

sonra bir bəstə…

Bəstədən gələn ağrıya ağrıyır kimsə,

kimsə hıçqırır o nəğməyə,

kimsə də o nəğməni mızıldanır yolçuluğunda…

 

Bir ağrının qanadlarında uçur günlər,

günlər ömür qarası,

kəfən bəyazı.

 

Günlərdən demə,

notlardan de…

həftələrdən de…

 

Həftə də yeddi gün,

notlar da.

Hər gün bir ağrılı not,

hər not bir başqa rəng,

hər rəng bir başqa ayrılıq.

Yenə bütün yollar ayrılığa çıxır, Yarəbb!

 

Keçər

 

Bir yuxuydu, oyaq gördüm,

bilmirəm, nə sayaq gördüm,

bir avarsız qayıq gördüm,

içimdən yellənib keçər.

 

Daşa çıxdı nələr, nələr,

o sevinclər, o sevmələr,

o susmalar, o dinmələr,

yağışdı, lillənib keçər.

 

İt hürənlər yönüm isə,

bu qaranlıq önüm isə,

ayrılıqlar mənim isə…

sevdalar küllənib keçər.

 

Rostok-Köln qatarında

 

Hər stansiyada bir xəyal öldürürəm,

hər dayanacağa

bir məzar daşıyıram,

uzaqlaşıram vağzallardan.

Vağzallar heç də qovuşdurmur həsrətliləri,

vağzallar ayırır,

vağzallar ən böyük ayrılıq məkanıdır.

Gözləmələrin mamır bağlamış

umudları rəngdədi həyat da…

Elə yaşılına aldanırsan,

rənginə susayırsan..

Hər limanda bir vidanın

kölgəsi sarılır boynuna…

 

Bir ömürlük ixtisar

 

Məktəbdən öyrənmişdim ixtisar eləməyi,

sonra həyat öyrətdi…

Məktəbdə yazı taxtasında edərdim ixtisarları,

həyatda həyatımdan…

Sanki həyat ixtisar eləməkdən başqa

heç nə öyrədə bilmirdi…

Silib atırdın elə

beləcə ixtisara düşdü

neçə dost,

neçə tanış,

neçə insan.

Məktəbdən sonra

günlərin ixtisarına keçdim,

sonra ayların,

sonra illərin…

Elə oldu ki,

bütöv bir ili ixtisar elədim ömrümdən,

sonra bütöv bir ömrü…

Sonra saçlarımı ixtisar elədim,

ürəyimi,

əllərimi…

Sonra da özümü ixtisar elədim!..

 

Qocalıq etüdü

 

Gözlərini eşitməyənlər,

əllərini necə eşitsinlər…

Ya əllərin nə deyir divarlarda,

nə danışır barmaqların bir-biriylə.

Barmaqların on dəcəl uşaq,

dalaşardılar,

sarmaşardılar,

küsüşərdilər hərdən…

Barmaqlarının ucundan gələrdi

üşüməyin də,

yanmağın da.

İndi on dəcəl uşaq,

on susqun qocadı…

Əllərin əsir,

əllərinin üstü çatlayır ayazlarda…

Nəfəsin də çatmır barmaqlarının ucuna…

İsidə bilmirsən on qocanı,

on qocanın uşaq xatirələrini…

Amma bir zaman əllərindən qopub

qaçmaq istəyirdi barmaqların.

Qoymadın,

bildin ki, irəlidə divarları

oxumaq olacaq barmaqlarınla.

 

Ölüm

 

Ən çox ölümü gəzdiririk canımızda,

son nəfəsin başucunda.

Hara gedirik, ölüm yanımızda,

hamıdan yaxın,

hətta özümüzdən də…

Yerində oturub

növbəsini gözləyir səbirlə,

səbirsiz olanda,

bir qəza olur,

Ölüm qəzası…

Ən təhlükəli anlarda belə,

bilirsən ki,

nəsə olsa,

ölümlə çıxıb gedəcəksən.

Ölüm…

Ən yaxın dostdu, bəlkə

üzünü görmədiyin,

tanımadığın,

bilmədiyin.

Bəlkə üzünü görəndə sevəcəksən!

 

Özün

 

Hayandasa, büdrəsən,

qolundan yapış, yapış.

Nəfsinlə davalarda

özünlə çarpış, çarpış.

 

Gün ağla, gülmək üçün,

yol axtar, gəlmək üçün,

özündə ölmək üçün

özünlə tapış, tapış.

 

Bir də baxıb görərsən

öz ayağın üçünmüş,

şeytana gülə-gülə

tikdiyin papış, papış.

 

Unutdurur

 

Yüz kəlmə içndə bir kəlmə olur,

yüz sözü bir kəlmə söz unutdurur.

Neçə qış donursan, buz bağlayırsan,

donduğun qışları, sırsıraları

lap bircə yaz gəlir, yaz unutdurur.

 

Hər şeyin çoxu da hüzur gətirmir,

çoxluqlar, toxluqlar özür gətirmir,

elə azlar var ki, bircə çimdikdi,

o qədər çoxluğu, o qədər çoxu,

olur ki, bir çimdik az unutdurur.

 

Sevirsən, sevirsən, deyə bilmirsən,

yaş keçir, ilk sevgi keçmir, görürsən,

hələ də sevirsən,

niyə?

bilmirsən,

bir ömür sürdüyün o yad qadını,

bircə sən bilirsən, bir ömürdü ki,

elə ilk sevdiyin qız unutdurur.

 

Eləyir

 

Bu səssizlik içində

çəkilirəm özümə,

gözyaşlarım səs eləyir.

Dinləyirəm,

sanki hava gözyaşımdan

çisəkləyir, sis eləyir.

 

Ulartılar, çığırtılar,

neçə-neçə hayqırtılar,

neçə-neçə bağırtılar

gözyaşının səslərində,

batır, batır, pəs eləyir.

 

Əvvəl duru süzülərdi,

indi yaşlar lilli axır,

bulanıqdı, kirli axır…

İçim yanır ocaq-ocaq,

gözüm belə his eləyir.

 

Yoxluq

 

Sən də yoxsan,

ömür də ki, yoxluğuna bürünüb.

Sənsiz hər şey

öz-özünə, çıxıb gedib, kürünüb.

Uğraşıram

yerindəki ağrılarla, beləcə,

buludları daşıyıram

yastığıma hər gecə.

 

Bilirsən də,

gecələrin bulud olmaq ağrısı,

hələ bir də,

bir işaran umud olmaq ağrısı…

 

Bir yalançı həvəs kimi

gəlib içimdən keçir.

Arzularım qanad açıb

payız köçündən keçir.

 

Sən də yoxsan,

çəkdiyimi biləsən.

Yoxluq çəkilməz imiş,

kaş ki, kaş ki, görəsən.

 

Ömür

 

Unuda, unuda, unuda,

gedirsən, gedirsən, gedirsən.

Beləcə, hardasa, hardasa,

itirsən, itirsən, itirsən.

 

Azırsan özündə, özündə,

bir gizli sözündə, sözündə,

ömrün o üzündə, üzündə,

bitirsən, bitirsən, bitirsən.

 

Yaş kimi yanaqda, yanaqda,

kaş kimi dodaqda, dodaqda,

quş kimi budaqda, budaqda

ötürsən, ötürsən, ötürsən.

 

Tale türküsü

 

Bu axı taledir, bu axı bəxtdir,

Sağına-soluna çapır, çapılır.

Bir günü yarımçıq, bir günü dolu,

bir günü eləcə, boşdan yapılır.

 

Bir günü yaşıldır, bir günü sarı,

Gedir ən sonuncu mənzilə sarı.

Qəfil yoxa çıxır yoxunda varı,

Nə özü, nə izi, tozu tapılır.

 

Əvvəli başlayan yoldur, görürsən,

ortası açılan güldür, görürsən,

axırı bir ovuc küldür, görürsən,

küləyə qapılır, yelə qapılır.

 

Tüstümə

 

Yalqız uçan quşların

qanadının küləyi,

əsdi üstümə, üstümə.

Bir-iki sözü də

elə köz kimi

basdım köksümə, köksümə.

 

Əllərim buluda döndü,

ağladı, elə ağladı,

mən bir söz saxladım içimdə,

Allah da məni saxladı…

Amma bir umudsuzluq

gəlib məni haqladı,

durdu qəsdimə, qəsdimə.

 

Özümə ağlama, dedim,

o bir sözü ürəyində

daha saxlama – dedim…

Nə dedim, haqqıma dedim,

dedim ki, bu taledən,

bu ömürdən,

bu umuddan

heç nə gözləmə, gözləmə.

 

Od olub özümü yandırsam,

su olub odumu söndürsəm,

bu ömürü,

bu günü

bir gün tərsinə çöndərsəm –

boğularam,

öz sözümdən,

qalxan tüstümə, tüstümə.

 

Bu da mən!

 

Ruhuna çiçəklər səpdiyin adamların

ulduz olduğuna inanarsan gecələr…

 

Adamlar yoxa çıxdıqca

ulduzlar çoxalar.

Ulduzlar çoxaldıqca

ulduzları sayarsan bir-bir –

bu o,

bu da babam,

bu da atam, nənəm.

Onların yanında da

adsız bir ulduza ad qoyarsan,

bu da mən!..

 

Vətən

 

Nəğmə də bitir,

şeir də,

yol da…

Hələ arzular da –

bircə sən,

bircə sən

bitmirsən,

Vətən!

 

Şuşam!

 

O bizim ağaclarıydı,

o bizim küləkləriydi,

o bizim yağışlarıydı…

Duruşundan tanıyırdım,

qoxusundan tanıyırdım,

yağmasından tanıyırdım.

 

Ağac da boynubüküydü,

külək də qırıq-qırığıydı,

bulud da çilik-çiliyiydi…

Ağacına qurban olum, – dedim,

buluduna qurban olum, – dedim,

daş yoluna qurban olum – dedim…

O qədər qurban oldum ki, –

gördüm anam da qurbandı,

gördüm balam da qurbandı…

 

Qurbanlarını qəbul elə, Şuşam!

 

Ömürsüz ömür

 

Bezib, özündən bezib

soyunasan bu ömrü, –

əlindən,

ayağından,

gözündən soyunasan.

Saçından,

bədənindən,

üzündən soyunasan.

 

Sonra çıxıb gedəsən,

ömrün geridə qala

Əlinlə,

ayağınla,

saçınla,

qulağınla

ömürsüz gedəsən…

 

Sonra ömrün olmaya,

eləcə yaşayasan

bir tənha mağarada.

Gecən-gündüzün,

yazın-payızın olmaya…

 

Eləcə bir günün ola,

daşa “qardaş” deyəsən,

çiçəyə “bacı”,

torpağa “ana”.

Sonra soyunduğun əlin gələ

gözlərini qapaya…

 

mənbə: ədəbiyyat qəzeti

 

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.