Qəfil zəng Raufu yuxudan ayıltdı. Səhər təzə açılırdı. Telefondakı adı görəndə, bütün cismini həyəcan, narahatlıq bürüdü.
Ariz idi zəng edən.
– Mən sənnən mütləq görüşməliyəm. Yəni bu görüşə görə gəlmişəm Gəncəyə.
– Saat neçədə?
– Nə qədər tez olsa yaxşıdır. Mən Bakıya qayıtmalıyam.
– Onda yarım saatdan sonra Xan bağında görüşək, Nigar Rəfibəylinin abidəsi önündə.
– Oldu. Mən elə indi ora gedirəm.
– Mən də gəlirəm.
Rauf yuyunub, köhnə “Mercedesi”ni işə saldı.
Maşını çıxartmaq üçün darvazanı açanda, qapıbir qonşusu Qazi Əlini gördü. O, qoltuq ağaclarına söykənib, çörək almaqdan gəlirdi. Əli Qarabağ müharibəsi əlili idi. Aprel döyüşlərində isə oğlu Nadir şəhid oldu. Qazi Əli onun arvadını və iki körpə qızlarını yanına köçürtdü. O da, ömür-gün yoldaşı sanki təskinliyini bu körpə balalardan alırdılar. Gəlin də halal süd əmmiş idi. Fikri-zikri bu uşaqları böyütmək, onlara yaxşı təhsil vermək idi.
– Hara gedirsən, Rauf?
– Təcili işim var. Bir nəfərnən görüşüm var.
– Allah amanında.
Rauf yola düşdü.
“Görəsən Ütarid necədir?” Bu fikir elə bil onun qanını dondurdu.
Bir neçə ay bundan qabaq Rauf Ütaridlə birgə ömrünün ən xoşbəxt gününü yaşadı. Elə bil qaranlıq ömrünə günəş doğdu. Bir sehrli, möcüzəli yuxu gördü.
Onda Hacıkənddə Milli yaylaq festivalı keçirilirdi. El şənliyi qurulmuşdu. Yüzlərlə insan bu şənliyə qatılmışdı. Bütün xalqların mətbəxi təşkil olunmuşdu. Ləziz yeməklərin ətri otların, çiçəklərin rayihəsinə qarışmışdı. Boş düzəngahda səhnə qurulmuşdu. Səhnədə milli paltar geyinmiş qızlar rəqs edirdi. Səhnədə fortepyano da qoyulmuşdu. Fortepyano Rauf üçün qoyulmuşdu. Bu gün o özünün 2-ci noktyurnunu ifa edəcəkdi.
Rəqslər bitən kimi, aparıcı Raufun adını elan etdi.
– İndi isə bəstəkar Rauf Əzimbəyli özünün 2-ci noktürnunu ifa edəcək.
Rauf səhnəyə çıxanda, bir dəstə keçmiş tələbə yoldaşları arasında Utaridi kollecdə dərs dediyi tələbələrini gördü. Qəlbində ildırım çaxdı. Tələbə yoldaşları arasında Ariz yox idi. Ütarid Arizin arvadı idi. Hansı üzlə Ariz gəlməliydi ki, Gəncəyə? Düşündü o.
Bir an baxışları Ütaridin nəzərləri ilə qarşılaşdı. Cismi silkələndi. Uşaqlara əl edib, yeyin addımlarla pianino arxasına keçdi. Çalmağa başlayanda, gördü ki, Ütarid səhnə yaxınlığına, onun qənşərinə gəldi.
Rauf çalmağa başladı. Musiqi dayanan kimi, hər tərəfdən səngiməyən alqışlar gəldi. “Bravo” sədaları altında Rauf tamaşaçılara baş əyib, aşağı düşdü. Bir-bir yoldaşlarınnan görüşdü.
Ütarid onnan bir kursda oxumamışdı. Konservatoriyanın yuxarı kurslarında idi. Ariz də, Ütarid də, Rauf da eyni yaşda idilər. Rauf ödənişli əsaslarla konservatoriyaya qəbul olundu, ancaq oxumağa gedə bilmədi. Anasını qoymadı borc pul götürsün kimdənsə. Hərbi komissarlıqdan ona çağırış vərəqi gələndə, Rauf rahat ürəklə əskəri xidmətə getdi. Naxçıvanda xidmət etdi, iki ildən sonra konservatoriyaya qəbul olunanda, Ariz artıq üçüncü kursda oxuyurdu. Ütarid də onunla birgə təhsil alırdı.
Rauf onu akt zalında Arizlə birgə gördü. İlk dəfə gördüyü bu qız onun ruhunu, varlığını ələk-vələk elədi. Ürəyi cizildədi. Bir anlıq özünü Arizin yerində gördü. Bir anlıq xoşbəxt oldu.
Sonra Arizin Ütaridlə toyu oldu. Bu toya Rauf getmədi. Ancaq Ariz bir neçə gündən sonra, Raufa zəng edib dedi ki, onu gənc ifaçıların müsabiqəsinə seçiblər. İstəyir orda Raufun 1-ci noktyurnunu ifa eləsin.
– Bu çox yaxşı olacaq, Rauf. İkimiz də tanınarıq. Rauf tərəddüd etmədən öz əsərini ona verdi.
Xarici ölkədə keçirilən bu müsabiqədə Ariz Raufun yaratdığını öz əsəri kimi ifa etdi. Dərhal qəzetlər Arizi yeni dünyanın Şopeni, Şumanı, adlandırdılar .
“Noktyurnu” əcnəbi musiqiçilər ifa etməyə başladı. Raufun ürəyi qan ağlayırdı.
“Duz, çörək kəsmişdik axı, necə qıydı Ariz mənə, mənim əsərimə? O mənnən necə görüşəcək? Ariz Raufnan heç görüşmək niyyətində də deyildi. Bir müddət sonra təsadüfən görüşəndə, dedi:
– Rauf, keç günahımdan. Məni şeytan aldatdı.
– Təzə əsərlər yaz, yarat, sonra gülüb getdi.
Onda Rauf gündüz konservatoriyada oxuyurdu, gecələr 5 ulduzlu otellərin birində resepsionda işləyirdi. Gəlib, gedənləri qeydə alırdı, itən əşyaları saxlayırdı. O vaxt anası çox ciddi xəstə idi. 1-ci dərəcəli diabet idi. İnsulin vururdu özünə.
Anası vaxtilə Gəncədə ilk kamera orkestrinin yaradıcısı olan İsmayıl Vəliyevin tələbəsi olmuşdu. Anası Gəncə Musiqi Kollecini bitirmişdi. İsmayıl müəllim onu Konservatoriyada oxumağını davam etdirməyi məsləhət bilmişdi.
Ancaq Rauf körpə olduğundan, anası ali təhsil ala bilmədi, uşağını böyütdü. Ömrünün qara günləri başladı – atası buralarda baş girləyə bilmədi – getdi Rusiyaya bəxtini sınamağa. Əvvəllər pul göndərirdi. Sonra o da kəsildi.
Üstəlik anasının işlədiyi musiqi məktəbinin direktoru anasını məzəmmət elədi – Müəllimə siz öz sinfinizə uşaq yığa bilmirsiz. 3-4 nəfər uşağa dərs deyib əmək haqqı alırsınız. Belə getsə, gərək özünüzə ayrı iş axtarasız. Onda Rauf 12 yaşına keçmişdi. Hər yerdən əli üzülən anası üz tutdu əziz qonşuları Bayaz xalaya:
– Əlacsız qalmışam, Bayaz xala, oğluna de ki, mənə bir iş tapsın.
Ertəsi gün Raufun anası Bayaz xalanın oğlu müdir işlədiyi restorana Raufla getdi.
Anası orada aşpaz köməkçisi işləyirdi, hərdən restoranın qonağı çox olanda, o qab-qacaq yuyulmasına da kömək edirdi. Hər axşam evlərinə qazanlardan hələ soyumamış yeməklər gətirirdi – 2 nəfərlik. Bunu restoranın sahibi icazə vermişdi.
Rauf bir dəfə sarsıntı keçirmişdi anasının qab yumağıyla bağlı. Onda Gülüstanda yaşadıqları evin qonşuluğunda böyük bir malikanə vardı. Bu malikanədə Xatın adında alverçi qadın yaşayırdı. O, ölmüş ərinə ehsan verirdi. Raufun anasını qab yumağa çağırdı. Xatının qulluqçusu naxoşlamışdı. Artıq şər qarışanda Rauf anasını qarşılamağa getdi. O, həmişə anasını gecə qarşılayıb, evə birgə qayıdırdılar. Bu dəfə də Rauf anasını qarşılamağa gedəndə, Xatın anasını saxladı.
– Bir dayan.
Xatın əlindəki əyri-üyrü qazançaya boşqablardan artıq qalan yeməkləri boşaltdı.
– Apar, bunu da gədən yesin.
Anası əliylə qazanı itələdi.
– Mənim oğlum heç kəsin artığına qalmayıb, – dedi. Və əllərini qabağındakı önlüklə silib, oğlunun yanına gəldi. Anasının rəngi avazımışdı. Raufun əlacı olsaydı bu Xatını öldürərdi, ya ayrı cür qisas alardı.
Əgər atası yanlarında olsaydı, Rauf da ürəkli böyüyərdi, anası da onun-bunun qablarını yumazdı, anasına xalxın artığı təklif olunmazdı.
Anasını qucaqladı. Anasına:
– Qaranlıqdan sonra işıq olur, Ana.
Anası kövrəldi. Vicdansız atan buralarda olsaydı, heç kim mənnən belə davranmazdı.
Atasını Rauf tək bir dəfə gördü. Avtobusda. Onda Ariz də, Rauf da konservatoriyaya qəbul olunan il idi. Ariznən bir yerdə girdilər Konservatoriyaya. Ariz Raufu da özüylə birgə Xaçbulağa aparırdı. Avtobusda onların qarşısında bir uca boy, yaraşıqlı kişi, bir sarışın qadın əyləşmişdi.
Kişi Arizi öpdü.
– Atan nətəridir? Mənim salamlarımı çatdır. Mən də bir neçə günlüyə gəlmişəm. Uşaqlar Xaçbulaqda anamın yanındadırlar. Onlara komandirnən (yanındakı qadına işarə elədi) baş çəkməyə gedirəm. Yanındakı kimdir?
– Dostumdur, Sadıx əmi.
– Hə, yaxşı oğlana oxşayır.
“Sadıx əmi”. Rauf az qaldı qışqırsın ki, mən sənin oğlunam. Sənin ürəyin titrəmədimi? Görmürsənmi biz sənnən nə qədər oxşayırıq bir-birimizə? Ancaq Rauf ağrısını uddu. Heç nə demədi. Növbəti dayanacaqda sürücü düşüb, “Sadıx əminin” iri səbətlərini yerə düşürdü.
Rauf düşündü ki, bəlkə də atası növbəti dayanacaqda yox, o birilərdə düşsəydi, Rauf ona yaxınlaşıb deyərdi – Ata, mən sənin oğlunam.
Atası avtobusdan düşəndə, Rauf çox pərt oldu. İstəyirdi ki, atası avtobusnan onnan bir uzun yol getsin.
Rauf düşündü ki, bir də nə vaxtsa təsadüfən atasını görsə, mütləq ona yaxınlaşacaq.
Rauf heç Arizə də heç nə demədi. Ağrısını içində gizlətdi.
Konservatoriyada dərslər başlayanda Ariz Bakıya getdi, Rauf əskərliyə. İki ildən sonra ordudan təxris olunandan sonra, Konservatoriyaya girdi. Axşamlar Bayaz xalanın yaxın qohumunun 5 ulduzlu otelində işə düzəldi. Anasını işdən çıxartdırdı.
– Sənin oğlun var, ana. Özüm də işləyirəm. Mən sənə hər ay pul göndərəcəm, həm də mən təqaüd də alıram.
Anası işdən çıxdı. 2-3 tələbəsi vardı. Musiqi nəzəriyyəsindən onları kollecə qəbul olunmalarına hazırlayırdı.
Rauf heç vaxt ağlına gəlməzdi ki, bu oteldə o Xatını görəcək, Xatın 201-ci otaqda gecələyən bir məşhur oliqarxın yanına gəlmişdi. Hələ səhər açılmamış, Xatın birinci mərtəbəyə düşəndə, döyükə-döyükə ətrafa baxdı və pilləkənləri cəld düşməyə başladı. Aşağı pillələrə çatanda, çantası açıldı, oradan bir bağlama düşdü. Rauf bağlamanı götürüb onun arxasınca qaçdı. Ancaq Xatın onu gözləyən taksiyə minib, gözdən itdi.
Rauf bağlamanı açdı, sanki gözləri dörd oldu. Zərfin üstünə – 10 min dollar və ürəyim sözləri yazılmışdı.
İlk öncə Rauf fikirləşdi ki, 3 gün gözləyəcək, əgər Xatın gəlməsə onda pulu özünə götürəcək və varlı adamlar yaşayan kimi yaşayacaq.
Anasına təzə palto, jaket, ayaqqabılar, koftalar, özünə 3 dəst brend kostyumlar, köynəklər, ayaqqabılar, “Bravo”dan ən bahalı ərzaqları alacaq və ən nəhayət “Qreed” parfümünü alacaq. Bu ətri çox xoşlamışdı.
Xatından xəbər çıxmadı. Görünür belə pulları o çox görüb. Xatın gedəndən sonra, oliqarx kişi də oteli tərk etdi.
Xadimə qız onun otağından “Qreed” parfümünü gətirdi.
– Gör nə gözəldir!
– Götür də, sən götür.
Mənə heç kəsin artığı lazım deyil, apar tulla getsin.
Sonra Rauf elə bil yuxudan ayıldı.
“Yox, bu pul harınlamış kişinin harınlamış fahişəyə verdiyi puldur. Bu pul kirdən təmizlənməlidir. Bu pul qanıyla torpağımızı vətən eyləyən, pak eyləyən qaziyə verilməlidir”.
Gəncədə qapı bir qonşusu olan Qazi Əliyə verilməlidir. 3 gündür ki, Qazi Əli Bakıda Raufun konservatoriya yataqxanasında qaldığı otaqda qonaqdır. 3 gündür öz əlil araası ilə, müvafiq idarələrin qabağında ləlöyün olmuşdu.
Rauf səhər işdən çıxıb yataqxanaya yollanmışdı. Qazi Əli artıq ayağa qalxmışdı, yenə hansısa idarəyə getməyə hazırlaşırdı.
Yaşadığı evin dam örtüyü sökülüb, dağılmışdı. Yağış, qar yağanda evə su damırdı. Yoldaşı Aygün və gəlini Tamam evə daman yağışın altına ləyən, vedrə qoymaqdan yorulurdular.
– Hara gedirsən, – soruşdu Rauf.
– Yenə gedirəm, bəlkə insafa gəldilər bu məmurlar.
– Heç yerə getmə. Mən sənə xeylaq pul gətirdim ki, evini təmir edəsən. Kombi də çəkdir, əməlli-başlı təmir elə, uşaqların böyüyür, qoy normal şəraitdə yaşasınlar.
Rauf zərfin üzərində yazılmış 10 min dollar – ürəyim sözlərini silib, bağlamanı Qazi Əliyə uzatdı.
Kişini heyrət bürüdü.
– Bu hardandır?
– Tapmışam. Sənin qismətindir.
– Bə özün?
– Özümə heç nə lazım deyil.
– Çox sağ ol, ağrın alım. Pensiyamnan az-az qaytararam.
– Bu borc deyil. Bu sənə olan bəxşeişdir. Sənin qismətindir. Halalın olsun.
Rauf Qazi Əlini taksiyə mindirib, avtovağzala apardı. Ordan da bir taksi tutub, onu Gəncəyə yola saldı.
Qəlbində bir rahatlıq vardı. “Çox şükür Allaha” dedi ürəyində.
Konservatoriyaya gələndə uzaqdan Ütaridi gördü. Elə bil ilğım göründü gözlərinə. Ayaqları büdrədi. Ürəyi şiddətlə döyünməyə başladı. Sonra Ariz Ütaridin qoluna girdi.
Rauf Üzeyir bəyin abidəsinin qənşərinə keçdi. İstəmirdi onları birgə görsün. İstəmirdi onlar Raufu görsün. Elə bil qəlbi çilik-çilik oldu. Bir həftədən sonra Ütaridlə Arizin toyu oldu.
Rauf getmədi bu toya. Bu toyda əyləşib, Ütaridin gəlinlik paltarında başqasına ərə getməyi Rauf üçün bir məşəqqət, zülüm idi. Qoy Ariz incisin ondan, dostları qınasın, eybi yoxdur. Rauf ürəyini heç kimə açası deyildi. Ütarid adı bir od kimi dodaqlarını yandırırdı. Bu ad onun varlığına, ruhuna sahib çıxmışdı. Rauf təzə bəstələr üzərində işləyirdi. Müəllimi Arif Məlikov onu tərifləyirdi. “Sən sənət üçün yaranıbsan. Sən heç vaxt bu sənətə xəyanət eləmə. Həyat enişli, yoxuşludu. Hətta şəxsi faciə də yaşasan musiqidən ayrılma”.
Böyük bəstəkarın bu sözləri Raufa qol-qanad verirdi. Qəlbini bürüyən iğtişaşı musiqi səngidirdi. Orkestr və fortepiano üçün konserti yenicə tamamlamışdı. Onu dəyər verdiyi dirijor Murad Adıgözəlzadəyə təqdim etmişdi. Ondan cavab gözləyirdi.
Ancaq yazdığı 1-ci noktyurn yadına düşəndə ürəyi sızıldayırdı. İlk dəfə onu konservatoriyanın kiçik konsert zalında ifa etmişdi. Onda zalda olan Ütarid Raufa yaxınlaşdı.
– Nə qədər gözəl əsərdir! Nə qədər kədər var, nə qədər hüzn var sənin musiqində. Bunla belə çox işıq var əsərində. Onun gözləri doldu. Sonra Ariz də ona yaxınlaşdı.
– Təbrik edirəm səni, əhsən!
Mən musiqiçilərin beynəlxalq festivalına dəvət almışam. Orada sənin “Noktyurnunu” ifa etmək istərdim. Təsəvvür edirsən bütün dünya səni dinləyəcək. Səni tanıyacaqlar.
Rauf notları Arizə verdi. Sonra festivalda Ariz bu musiqini özünün əsəri kimi təqdim etdi münsiflər heyətinə, tamaşaçılara.
Rauf ona salam vermirdi. Ariz konservatoriyada müəllim işləyirdi. Rauf hələ tələbə idi. Ütarid Asəf Zeynallıda musiqi nəzəriyyəsindən dərs deyirdi. Onu hərdən bir görürdü. Və həmin gün ömrünün ən xoşbəxt gününə çevrilirdi. Sonra Rauf konservatoriyanı bitirib Gəncəyə musiqi kollecinə təyinat aldı.
Sonra Hacıkənddə 2-ci Milli yaylaq festivalı keçirildi. Sonra Rauf Ütaridi gördü. Bir dəstə musiqiçiylə o da festivala gəldi. Onlardan çoxu Raufun tələbə yoldaşları idi. Rauf Ütaridi görəndə rəngi avazıdı.
Aparıcı Raufun adını çəkəndə Rauf yeyin addımlarla çəmənlikdə qurulmuş səhnəyə çıxdı, özünün 2-ci noktyurunu ifa etdi. “Bravo” səsləri eşidildi. Bütün bu alqışlar içində o səhnəyə lap yaxın duran Ütaridi gördü, özünün kollecdəki tələbələrini gördü. Onlar Raufu çəkirdilər.
Nədənsə Raufun gözünün qabağına Ukranyadakı bombalanan şəhərdə dağıntıların içində salamat qalmış piano düşdü. Və kimsə bu pianoda çalmağa başladı – dağıntılar içində. Sənət əbədidir.
Rauf səhnədən düşdü, Ütarid və tələbə yoldaşları ona yaxınlaşdılar. Rauf səs-küy içində rəngi avazımış Ütaridin səsini eşitdi.
– Çox sağ ol, Rauf. Onun səsi titrəyirdi. Mən heç vaxt Arizi bağışlamayacam. O, çox pis iş gördü.
Rauf dinmədi. Onda da susmuşdu. Axı Raufun 1-ci noktyurnunu müəllimələri, tələbə yoldaşları eşitmişdi. Fəqət heç kəs səsini çıxarmamışdı. Qorxurdular. Arizin atası böyük vəzifə adamı idi. Raufun yazıq olmuş anasından başqa heç kəsi yox idi. Səsini heç kəs eşitməzdi. Elə bil səhrada tənha qalmışdı.
Anası Raufu oxşayanda “Mənim həzrət Yusif kimi gözəl olan balam. Ölüm qabağında, hər qaranlıqdan sonra sabah açılır. Çalış pislikləri unut”. Nə yaxşı ki, bu dünyada anası var, nə yaxşı ki, anası daha ehtiyac çəkmir.
Hər il Rauf anasına Xaçbulaqda ev tutur – 3 ay Bayaz xala və onun nəvələriylə orada dincəlir. Rauf hər həftə anasına bazarlıq aparır. İki gün onun yanında qalandan sonra, könül rahatlığı tapırdı. İcarəyə tutduğu evin yanında Bayaz xalanın oğlu böyük bir imarət tikdirirdi. Ev hələ hazır deyildi.
– Sənə Allah böyük istedad verib, Rauf. Çox yaz. Səni dünya tanıyacaq. Rauf dinmədi. Səssiz filmlərdəki kimi səsi çıxmırdı. Bir təhər boğuq səslə
– Sağ ol, Ütarid.
Kollecdəki tələbələri onlara yaxınlaşdılar.
– Rauf müəllim biz sizin ifanızı yazdıq telefonlarımıza.
– Sağ olun.
Bir qədər tələbə yoldaşlarıyla söhbət etdilər. Axıska türklərinin mətbəxinə getdilər. Orada nahar etdilər.
Qurub yaxınlaşırdı. Ancaq adamlar buradan getmək istəmirdi.
Sonra yağış yağmağa başladı. Rauf öz pencəyini Ütaridin çiyninə saldı. Burda bir çoban evi var, orda daldalanmaq olar, – dedi.
Burada xeyli çadırlar qurulmuşdu. Hamı bu alaçıqlara tərəf qaçdı.
Təkcə Rauf Ütaridlə birgə çoban evinə sarı yüyürdülər. Çoban evi bomboş idi. Çobanın özü yaxınlıqda qoyunları haylayırdı.
– Səhərə kimi qala bilərsiniz, müəllim. Mən heyvanı kəndə aparıram. Sabah qayıdajam.
– Sağ ol, ağsaqqal.
Dünyada möcüzə varmış. Rauf Ütaridi qucaqladı. Pencəyi yerə düşdü, Ütarid ona sığındı.
– Biz nə gec rast gəldik bir-birimizə.
– Gec rast gəldik. Rauf onun boynunu, üzünü, dodaqlarını öpürdü.
Elə bil yuxu görürdü. Yer-göy bir-birinə qarışdı. Çobanın balaca daxmasında, dar çarpayısında sanki bütün dünyanı fəth etdi Rauf.
– Mən ömrümdə birinci dəfədir ki, qadın kimi xoşbəxtəm,–dedi Utarid. Elə bil ikisi də yerdən aralanıb səmaya uçdular. Ancaq səhərə yaxın yuxuya getdilər. Onları yuxudan çobanın uzaqdan gələn səsi oyatdı.
– Mən istəyirəm sən qalasan, həmişəlik qalasan. Bizim gözəl ailəmiz olar, uşaqlarımız olar. Ayrıl ondan.
– Arizlə yaşamaq mənə çətindir. Ancaq atamı ayaqlamaq istəmirəm. Onu hörmətdən salmaq istəmirəm.
Sənsiz yaşamaq da mənə zülm olacaq. Mən səni hərdən yuxularımda görürəm. Bilirsən, özümü xoşbəxt sanırdım yuxularımda.
Mən,… mən… bir qərar verəcəm, – dedi Ütarid.
Rauf çobanın otaqdakı masasının üstünə 50 manat qoyub, Ütaridlə qayıtdı Gəncəyə. Ürəyində burulğan çağlayırdı. Taksi tutub, Ütaridi Bakıya yola saldı. Özü bazarlıq edib, Xaçbulağa anasının yanına getdi.
Xaçbulaqdan qayıdandan sonra isə sarsıldı.
Sosial şəbəkələrdə bir gənc musiqi müəlliminin özünü sərnişin aftobusunun altına atdığı yazılmışdı. Xoşbəxtlikdən sürücü əyləci vaxtında basmış intihara cəhd edən qadın sağ qalmışdır. Qadına “Beynəlxalq Xəstəxanada” yardım edilir. Yanına heç kəs buraxılmır.
“Şükür ki, sağdır. Şükür Allahın böyüklüyünə”, – özü-özünə deyirdi Rauf.
İndi Arizin ona zəng eləməyi Raufda təəccüb doğururdu. Ürəyinə hər şey gəlirdi. Qoy nə olursa olsun, təki Ütarid yaşasın. Təki o, sağ olsun.
Rauf maşını çalışırdı sürətlə sürməsin. Maşın getdikcə, o stendlərə vurulmuş şəhid şəkillərini görürdü. Çoxsunu şəxsən tanıyırdı-Hacı Rauf Əsgərov, müharibəyə gedəndə anası Brilliant müəlliməyə “Mən şəhid olmağa gedirəm, Ana” demişdi və 46 günlük müharibədə şəhid oldu, şəhid İlqar Burcəliyev aktyor nəvəsi, bəlkə də gələcəyin görkəmli futbolçusu ola bilərdi. İlqar futbolçu idi.
Şəhid Yüksəl Əlizadə, gənc hüquqşünas, prokurorluqda işləyirdi. Kim deyir ki, müharibə ancaq kasıblar üçündür? Təkcə Gəncə yüzlərlə şəhid verdi. Çoxu da həyatda təmin olunmuş insanlar idi.
Xan bağına yaxınlaşdıqca, narahatlığı artırdı. Görən Ariz ona nə deyəcək? Nə soruşacaq?
Rauf Xan bağında Arizi uzaqdan gördü. O, Nigar Rəfibəylinin abidəsinin yanında dayanmışdı. Raufa əl uzatdı, görüşdülər. Ariz xeyli arıqlamışdı, sifətinə sarılıq çökmüşdü. Onlar bağın içindəki çayçıda əyləşdilər.
– Mən ağır xəstəyəm, Rauf. Artıq metastaz bütün bədənimə yayılıb. Gəldim səndən halallıq alım. Nə isə şeytan aldatdı. Nə isə. İndi mənim adımla da dünyada bir noktyurn qalacaq. Necə ki, Konsuelo Rodriqesin “Besame muço” su kimi. Halallıq ver. Unut onu yazdığını.
Bir də neçə vaxtdır özümdə deyiləm. Ariz döş cibindən bir vərəq çıxartdı.
– Al, oxu.
Rauf kağızı götürdü:
– Mən ikili həyat sürə bilmədiyim üçün ölümə qərar verdim. Məni bağışlayın. Ütarid.
Raufun kağız tutduğu əli əsirdi.
– Ütarid dəfələrlə yuxuda sayıqlayıb sənin adını çəkirdi. Sizin aranızda bir şey olub?
– Yox, yox, – əsəbi halda dedi Rauf.
– And içərsən?
– And içirəm, bizim aramızda heç nə olmayıb.
– Sadəcə mən dünyamı rahat dəyişmək istəyirəm. Ona görə şübhələrimə son qoymaq istədim.
– Allah kömək olsun sənə.
– Artıq köməkdən keçib.
O, yavaş-yavaş ayağa qalxdı. Onları kənardan seyr edən Arizin sürücüsü dərhal gəlib Arizin qoluna girdi. Onlar getdilər. Rauf da çayçının hesabını verib, ayağa qalxdı. Səhər olmasına baxmayaraq hava qaraldı, yağış yağacaqdı. Birdən yaxınlıqdakı qonşu “besedkada” tələbələrini gördü. Onlar Raufun “Noktyurn”a qulaq asırdılar. Raufun beynində bir işıq şırımı açılırdı. Bu işıq onun bütün varlığını bürüyürdü.
SON
Yazıya 37 dəfə baxılıb