Şirvan şəhərinin 60 illiyinə həsr edilmiş hekayələr kitabı

IMG-20231007-WA0015Pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi,  “Qızıl qələm” media mükafatı laureatı,  Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Tərəqqi” medallı Akif Nurağa oğlu Abbasov Şirvan şəhər 2 nömrəli məktəbinin məzunudur (1967).

O, “Yenicə çapdan çıxmış “Zoğal mürəbbəsi və başqa hekayələr” kitabını Şirvan şəhərinin 60 illiyinə həsr etmişdir. 

Kitabda yazıçının son illərdə qələmə aldığı bir sıra hekayələr özünə yer almışdır.  Oxucu həm ciddi, həm də satirik hekayələrlə tanış ola bilərlər. Kitaba eyni zamanda uşaqlar üçün hekayələr və lətifələr də daxil edilmişdir.

Hekayələrin mövzusu gündəlik həyatdan alınmışdır.

Müəllifin dediyinə görə, bu və ya digər hadisə və əhvalatları ona müxtəlif tədbirlərdə, məclislərdə (toylarda, ad günlərində, bayramlarda) öz məzəli söhbətləri ilə dostlar, tanışlar, iş yoldaşları danışmışlar. O da danışılanlara bəzək-düzək vuraraq hekayə halına gətirmişdir.  Buna görə yazıçı  professorlar Fərahim Sadıqova və Mübariz Əmirova,  müğənni Həsən Abbasova,  həkim Ağazər Şükürova, dosent Nizami Süleymanova,  Vidadi Behbudova, doktorant Reyhan Hacızadəyə, ingilis dili müəllimləri, kitab müəllifinin tələbəlik illərinin yadigarları Rafiq Salahova, Zemfira İsmayılovaya, Zəhra Yaqubovaya, Səfalət Həmidovaya, Tovuz Hüseynovaya öz minnətdarlığını bildirir.

Hekayələrdin bir qismində şair Əliağa Vahid və xalq artisti Hacıbala Hüseynovun (“Qafiyənin gözəl yerində”, “İki qabda qənd gətir”), xalq artistləri Məleykə Əsədova və Niyaməddin Musayevin (“Antaliyada istirahət”), eyni zamanda  Roza Zərgərlinin (“Saqqız”) başına gələn əhvalatlar təsvir edilmişdir.

         Hekayələrin əksəriyyəti satirik və yumorludur. Həmin yaradıcılıq nümunələrində işbazlar (“Loteriya bileti”), dələduz və oğrular (“İtalya markalı ayaqqabı”), fırıldaqçılar (“Ana da, bacı da gözləməkdə idi”, “Kabab qonaqlığı”), xəsislər (“Mərahimin qonaqlığı”, “Evdən yeməmiş çıxmır”), ortada yeyib qıraqda gəzənlər (“Allahın ruzusu”),  nankor, yaramaz və bədxah ermənilərlə mübarizə (“Quldur dəstələri yaxalandılar”) işıqlandırılır.

“Yoxlama”, “Sevinc yaşları”, “Dil tapmaq lazımdır”, “Suyu gəlməyən krant” və s. nisbətən ciddi hekayələrdir.

Kitabın bir bölməsi “Uşaqlar üçün hekayələr” adlanır. Burada “Lay la elədi”,  “İreyhan kimdir?”, “ “Şəkərçörəyi”, “Qum”, “Saqqız”, “Nə deyərlər”, “Alça oğurluğu”, “Dərsdə”, “Məktəbə getməliyəm”, “Gizlənpaç” və s. kimi hekayələr toplanmışdır.

Kitabın bir bölməsini də “Lətifələr” təşkil edir.

                                                 Fəxrəddin Rəhimov

 

 

Yazıya 39 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.