Andrey Qalamaqa 1958-ci ildə anadan olub. M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Rusiya Yazıçılar Birliyinin üzvüdür. Şeirlər, pyeslər, film ssenariləri və bədii tərcümələrdən ibarət 6 kitab müəllifidir. Rusiyanın Moskva şəhərində yaşayır.
Yaradıcılığı fəlsəfi tutumu, fani həyata deyil, əbədiyyətə – irfana bağlılığı, haqq-ədalət uğrunda mübarizliyi ilə seçilir.
.
Ömür kitabımı son qapı kimi
Arxamca bağlayıb getdiyin gündən
Əbədi ölümə hazırlaşıram…
Günbəgün anlayıb, kəşf elədim mən.
Qətiyyən qınağa çəkmərəm səni,
Sən əsl mələksən mənim gözümdə.
Ölüm dedikləri nədir ki, hətta
Ölümü sanıram təpər dizimdə.
Qocalıq xofu da çökmür üstümə,
Xəstəlik qorxumu susdurub daha.
Nə qədər olsa da şirin bu həyat,
Əbədi ölümdən deyildir baha!
Mələk işığının parıltısında
Sonunda tərk etdin məni, bağışla!
Hay verib, hayıma gəlmədin, əfsus,
Boşuna üz tutdum bu yalvarışla.
Cavabsız qoyduğun suallarımla,
Səni qınayımmı, budur niyyətin?
Fevralda öləni iyulda gəzmə,
Ölüm beşiyidir əbədiyyətin!
Qalxdığın zirvəni fəth etmək üçün
Gülərək addımla, olar qismətin.
Mənə nəsib oldu sağ ikən ölmək,
Ölümlə doğulmaq! Ən son niyyətim!
İçimdə çırpınan vüsal eşqiylə
Özümü tovlayıb, ya aldatmıram.
Sağ ikən sinəmdə qalan sözləri
Yoxluğum deyəcək, hey aram-aram!
Sənə yalvarmıram, pənah ummuram,
Faniymiş ümidlər, bitdi zillətim!
Mənim ala gözlü Ölüm Mələyim,
Sənsən əzəl sevdam, son məhəbbətim!
Yazıya 69 dəfə baxılıb