MAR BAYCİYEV – DUEL (Akif Abbasovun tərcüməsində)

Без названияNasir, dramaturq, teatr və kino rejissor, ədəbiyyatşünas, jurnalist Mar Taşimoviç Bayciyev  1935-ci martın 23-də ildə Calalabadda (Qırğızıstan)  doğulub. Qırğızıstan universitetinin məzunudur (1960), Moskvada ssenarist və rejissorluq kursunda təhsil alıb. . “Pravda” və “Komsomolskaya pravda” qəzetlərinin  müxbiri, Qırğızstan Parlamentinin deputatı olub (1990–1995).

2021-ci il oktyabrın 29-da Bişkekdə dünyasını dəyişib.

Əsərləri: 1. “Qayıtma” (hekayələr), 1964. 2. Duel: dram, 1968. 3.  Özgə xoşbəxtliyi: novellalar, povestlər, kinopovest, 1969. 4. Payız yağışları: hekayələr, 1975. 5. Mənim qızıl balığım: hekayələr, povestlər, 1975. 6.  Biz – kişilərik, 1976.   Qədim nağıl: dram,  1978. 7. Şənbə günü, axşam: pyeslər, 1987 və s.

 

(5 fəsildə dramatik novella)

 

Mən qadınam. Adım Nazidir. İyirmi iki yaşım var. İki gəncin birinin adı İsgəndər, digərininki Əzizdir. Buralarda daha  heç kim yoxdur.

Hə, yeri gəlmişkən, sonradan bir tibb bacısı da gəlib çıxır.

 

BİRİNCİ  FƏSİL

 

Yayın son günləri mavi İssık-Kul gərək ki, fırtınalı olur. Gölün üzərini qara   buludlar alır və  bu zaman o daha çox dənizə bənzə­yir. Bəzən  göy guruldayır, lakin bu artıq son şimşəklərdir. Bəzən külək dağlardan qar havası gətirir. Göydə köçəri quş karvanı bir-birinin ardınca ötüb keçir. Sahil kimsəsizdir. Tutqun gecədir. Dalğaların şiddətli səsi fırtınanın qopduğundan xəbər verir. Gölün üzərində durna qatarı uçur. Quşlar sakitcə və  aramla qanad çalırlar.

Mən sahildə dayanmışam. Külək saçlarıma və nazik paltarıma divan tutur.

Üzümü səmaya tutub qışqırıram:

– Ehe-he,  durnalar! Hara uçursunuz? Məni də özünüzlə aparın. Ehe-he-hey!

Bilmirəm dənizdən, yainki yüksəklikdən qulağıma səs gəlir:

– E-e-ey!

– Oho-ho-o!

Bu dəfə səs açıq-aydın dənizdən gəldi. Başa düşdüm ki, bu, əks-səda deyil. Dalğaların qolları arasında unudulmuş kim isə mənə hay verir! Mən sahil boyunca qaçır, yaylığımı yellədirəm.

– Buraya! Mən buradayam! Buraya!

Səs eşidilir:

– Gəlirəm!

Dalğaların qoynunda qayıq göründü. Bir müddət sonra 30 yaşlı bir nəfər sahilə çıxdı.

Əziz.   Nə olub? Köməyə çağırırdın?

Mən.  Yox.

Əziz.  Bəs çağıran kim idi?

Mən.  Mən!

Əziz.  Nə olmuşdu?

Mən.  Heç nə…

Əziz.  Çığırtı eşidib köməyə tələsdim. Dəniz qanunudur.

Mən.  Mənə isə elə gəldi ki, sən köməyə çağırdın…

Əziz.  Axı sən birinci çağırdın…

Mən.  Mən durnalarla söhbət edirdim.

Əziz. Yaxşı söhbət idi. Məni qorxutdun.

Mən.  Bağışla. Çığırtı eşidib kiminsə batmaqda olduğunu zənn etdim.

Əziz.  Dənizə tullanmaq istəyirdin?

Mən. Üzə bilmirəm.

Əziz. Onda boğulanı necə xilas edəcəkdin?

Mən. Başlayacaqdım qışqırmağa, o da sahilə çıxacaqdı. İnsan dənizdə tənha olanda qorxudan  bata bilər…

Əziz. Sən kimisə gözləyirdin?

Mən. Bəli.

Əziz. O dənizdədir?

Mən. Bəli.

Əziz. Qayıdar. Fırtına qorxulu deyil, ancaq yaman soyuqdur.

Mən.  Donmusan?

Əziz. Xeyr.

Mən.  Bəs niyə titrəyirsən?

Əziz.  Elə-belə. Titrəməyi sevirəm.

Mən. Pijonluq etmə, dodaqların göm-göydür!

Əziz. Yaxşı, pijonluq etmərəm. Mən donmuşam.

Mən. Elə isə… Oda yaxın əyləş. İndi sənə qəhvə süzərəm.

Mən çadıra yaxınlaşdım, örtüyü çəkdim. O, «Moskviç» markalı maşını gördü.

Əziz. Oho! Öz maşınındır?

Mən. Xeyr. Onun maşınıdır! (Mən başımın işarəsi ilə dənizi göstərdim və tonqala çır-çırpı atdım).

Əziz.  Deməli,  vəhşi adamlarsınız?

Neandertal* adamlarıq (Tonqal çox möhkəm qızmışdı.  Onun üçun qəhvə süzdüm).

Əziz.  Çoxdan burada yaşayırsınız?

Mən.  Üçüncü gündür.

Əziz.  Çox gec gəlibsiniz. Mövsüm sona yetib. Çimmək olmaz. Adam-insan da yoxdur.

Mən.  Adam-insan… Onlar mağazada bizi təngə gətiriblər.

Əziz.  Sən mağazada işləyirsən?

Mən. Toxuculuq şöbəsində işləyirəm. O isə (başımın işarəsi ilə dənizi göstərdim) bizim müdirdir. Biz həmişə mövsümün axırında, adamlar az olanda gəlirik. O, balıq tutur, mən burada qalıram. Yenə istəyirsən? (O, başı ilə razılığını bildirdi, mən, qəhvə süzdüm).

Əziz.  Təşəkkür edirəm. Bəs o olmayanda sən nə edirsən?

Mən. Gördüyün  kimi: Heç nə… Sahildə gəzir, balıqqulağı yığıram. Köhnə jurnalları oxuyuram.

Əziz  (bir udum qəhvə içib).  Bura darıxdırıcıdır?

Mən.  Hara darıxdırıcı deyil ki?

Əziz.  Məsələn, şəhər…

Mən.  A-a (əlimi yellədim). Eyni şeydir. Fərqi ondadır ki, şəhər  daha səsli-küylüdür. Heç nə edə bilməzsən. Uşaqlıqda mənə elə gəlirdi ki, gedib üfuqə çıxmaq olar. Elə bilirdim orda  nə isə yeni bir şey, başqa aləm, başqa günəş var. İndi bilirəm ki, orada da yeni heç nə yoxdur.

Əziz.  Üfüqün arxasında yeni üfüq, yeni dəniz, yeni insanlar, şəhərlər var…

Mən.  Hər yerdə eyni şeylə rastlaşırsan. Elə bil qapısı qıfıllı otaqdasan, otaq isə səni sıxır.

Əziz.  Bəs onda durnaları niyə haraylayırdın?

Mən.  Hər halda onlar harasa uçurlar.

Əziz. Uçurlar… (Onun sözünü kəsmək üçün dənizə baxdım). Nə isə çoxdandır görünmür.

Əziz. Ərindir?

Mən.  Oynaşım.

Əziz.  Oho!

Mən.  Nə olub.

Əziz.  Heç… İndi nə isə özgə cür ifadə edirlər. Ən çox dost, yoldaş deyirlər.

Mən.  Hər şeyi öz adıyla çağırmaq lazımdır.

Əziz.  Görünür, sən haqlısan.

Mən.  Bəs sən? Belə fırtınada dənizdə nə edirsən?

Əziz.  Gəzirdim.

Mən.  İstirahətdə olansan?

Əziz  (bir qədər fikirləşib). Doğru buyrursan. «Sərhədçi» sanatoriyasını tanıyırsan?

Mən.  A-a, sən zabitsən?

Əziz. Tapdın. Şərqdə qulluq edirdim. Keşikçi katerinin komandiri  idim. Hazırda istefadayam.

Mən.  Neçə yaşın var?

Əziz.  Otuz.

Mən.  Bu yaşda istefaya çıxmaq hələ tezdir.

Əziz.  Mənimki belə gətirdi.

Mən. Məsələ aydındır: Sən – cərimə alanlardansan. Sərxoşluqla məşğul olubsan,   kart oynayıbsan, tiryək çəkibsən, məsum qızları aldadıbsan… Boynuna al.

Əziz.  Hə, mən bütün əxlaqsızlıqların  yuvasıyam…

Mən  (güldüm). Bəs həqiqətdə necə?

Əziz.  Həqiqət bir qədər özgə cürdür. Uzun əhvalatdır.

Mən.  Maraq oyatmaq istəyirsən?

Əziz.  Nə danışırsan? Başqa vaxta qalsın…

Mən.  Əgər başqa vaxt olmasa?

Əziz. Deməli, sənin üçün sirli şəxsiyyət olaraq qalaram.

Mən.  Bəs nə üçün Krımda, yaxud Qafqazda deyil, burda dincəlirsən? İndi oralarda kurort mövsümünün ən yaxşı vaxtıdır.

Əziz.  Bura mənim doğma diyarımdır. Mən burda doğulmuşam.

Mən.  Ailən, ata-anan burdadır?

Əziz.  Ailəm yoxdur… Ata-anam da …

Mən.  Sən atılmış uşaqsan?

Əziz.  Düz tapmısan. İndiki kimi yadımdadır. Bu, yeni il axşamı olub. Məni maliyyə nazirinin qapısı ağzına tullamışdılar. Elə həmin ailədə də tərbiyə aldım.

Mən. Oho-ho! Necə də gülməlidir (Əziz özünü narahat hiss etdi. Nə deyəcəyini bilmədi). Evli də deyilsən?

Əziz. Nə vaxtsa olmuşam…

Mən. Aydındır. Məgər kurorta gələn və kimsəsiz sahildə qızla rastlaşan adam da evli olar? Mən axmaq hələ  bir soruşuram da.

Əziz.  Mən həqiqətən evli deyiləm.

Mən.  Arvadını körpə uşaqla atmısan.

Əziz  (qəmgin). Üç uşaqla… özü də dördüncüsü doğulanda. İndi isə qaçıb alimentdən gizlənirəm.

Mən.  Di bəsdir. Axı ciddi soruşuram, sənsə…

Əziz.  Ciddi soruşursansa, hər şey tərsinə olub.

Mən.  O səni atıb?

Əziz.  Belə çıxır.

Mən.  Bəs uşaqlar?

Əziz. Uşağımız yox idi…

Mən.  Uzun sözün qısası, xasiyyətiniz tutmayıb?

Əziz.  Düzü, belədir.

Mən. A-a! Hamınız beləsiniz! Qızların ardınca qara kölgə kimi gəzir, şeir oxuyaraq başlarını piyləyir, diz üstə çökürsünüz. Elə ki istəyinizə çatırsınız, başlayırsınız: sarsağın biridir, meşşandır, sonra isə: salyut, qoy cəhənnəm olsun, xasiyyətimiz tutmadı!

Əziz.  Qəribədir,  mənim barəmdə hər şeyi bilirsən ki.

Mən.  Gəl bir bilməyim! Axı mən qaraçı qızıyam!

Əziz.  Qoy oturmuşuq.

Mən. Bəs nə fikirləşirdin (mən çiyinlərimi geniş açıb qaraçı rəqsində olduğu kimi dabanlarımı yerə döyə-döyə oxudum). Gözləri qara, gözləri ehtiraslı… Aydındır?

Əziz. Ay-dın-dır… Görürəm, sən yalnız çoxlu pərəstişkarı olan qız deyilsən, həm də istedadlısan.

Mən.  Elə məsələ də ondadır ki, heç də hər şey siz fikirləşdiyin kimi deyil. Fala baxa bilirsən?

Əziz.  Belə də… Bir balaca.

Mən (kartları ona ataraq). Di, falıma bax. Özü də xaç krala.

Əziz  (kartları düzərək). O-o! Səninki yaman gətirir. Sənin kralın olduqca varlı, son dərəcə yaşlı və olduqca xeyirxah adamdır. Şəxsi maşını da var. Niyə gülürsən? Kart yalan deyir?

Mən.  Di…di…davam et.

Əziz. Kral başından bir tük belə əksik olmasına razı deyil. Siz bir-birinizi sevirsiniz və son dərəcə xoşbəxtsiniz.

Mən. Oho! Bəlkə sən,  sirli kişi, xoşbəxtliyin nə demək olduğunu bilirsən?

Əziz.  Bir balaca məlumatım var…

Mən (istehza ilə). Oy, necə də maraqlıdır. Tez danış.

Əziz.  Xoşbəxtlik arzu deməkdir. Ona yetəndə insan xoşbəxt olur.

Mən.  Bəs sonra?

Əziz.  Sonra onda başqa arzu baş qaldırır.

Mən.  Sən də xoşbəxt idin?

Əziz.  Bəli.

Mən.  Uzun müddət?

Əziz.  Bilmirəm. Bu, zamanla ölçülmür.

Mən.  İndi  necə, xoşbəxtsən?

Əziz (əsəbi halda ayağa qalxaraq). İndi isə yox…

Mən.  Axı, nə üçün?

Əziz.  Mən yaşamaq istəyirəm…

Mən.  Nə dedin?

Əziz (siqaret çıxararaq). Belə… Heç nə… Siqaret çəkirsən?

Mən.  Oho! Yapon siqaretidir!

Əziz. Çox yaxşı siqaretdir (Siqaret çəkdik). Bəs sən… xoşbəxt idin?

Mən.  Yadıma düşmür. Şərab istəyirsən?

Əziz. Ürəyimdən keçir, amma istəmirəm.

Mən.  Heç.

Əziz.  Heç.

(Mən özüm üçün şərab süzdüm. Əziz yanımda əyləşdi. Dəniz səmtdən tirol mahnısı eşidildi).

İsgəndərin səsi. «Mən isə sütül oğlan idim. Tirol dağlarında ömür sürürdüm».

Mən.  Odur. Getsən yaxşıdır.

Əziz. Bəlkə qalıb ona meydan oxuyum? Gözəl qaraçı qızının yolunda duelə çıxım?

Mən. Mən bilən, getsən yaxşı olar.

Əziz. Otellodur?

Mən. Sadəcə kobuddur.

Əziz. Nə deyirəm ki. Qoy gəlsin, biz şahmat-dama yarışı təşkil edərik.

Mən. Yumruq davası istəmirsən ki?

Əziz. Yox, mən ziyalıyam.

Mən. Onda həqiqətən, getsən yaxşı olar.

Əziz. Belə çıxır ki, kart yalan deyirmiş.

Mən. Xudahafiz.

Mən əlimi uzatdım. Ona nə isə demək istədim, lakin bilmədim nə deyim. Bizim sahildə qəflətən peyda olan bu qəribə adam getdi. O, qayığı suya itələdi, atılıb qayığa mindi və cəld gözdən itdi. Mən çadıra qayıtdım və qab-qacağı yığışdırmağa başladım.

Bir müddətdən sonra digər qayıq  sahilə yan aldı. İsgəndər sahilə çıxdı. O, yenicə tutduğu iri balığı mandolina kimi əlində saxlayaraq, şən mahnı oxudu. İsgəndər dərhal balıqlardan birini, sonra ikincisini mənə sarı atdı, mənə yaxınlaşdı, üsulluca məni qaldırdı, fırladı, öpdü və yerə qoydu.

Mən sakitləşdim, anlaya bilmədiyim həyəcan ötüşdü.

İsgəndər. Hə, körpə, içəridən məni qızdır! (Mən onun üçün yarım stəkan konyak süzdüm). Azdır!

Lap donmuşam (Mən yenə süzdüm. O,  birnəfəsə başına çəkib, qarnını sığalladı). Oho-ho! Yaxşı getdi! Damarlarımdan xoş bir istilik axır. Bilirsən, Nazi, elə fırtına idi ki… Vəhşi dalğalar qayığı atıb tuturdu. Mavi rəngli əjdaha, yəni     dəniz də ağzını açıb adamı udmaq istəyirdi. Əlqərəz, az qala getmişdim fələyin kamını.

Mən.  Niyə belə risk edirsən?

İsgəndər (bisenslərini* şappıldadaraq). Eybi yoxdur. Bir elə uzağa getməmişdim.

Mən.  Sənin necə  bir igid olduğundan xəbərim var.

İsgəndər.  Sənin bundan xəbərin olsa da, göy əjdahanın xəbəri yoxdur (tonqala yaxınlaşdı, yapon siqaretlərinin kötüyünü gördü).  Burada kim olub?

Mən.  Bir gənc qızınmağa gəlmişdi.  Qəhvə içdi, məni siqaretə qonaq etdi.

İsgəndər. Yapon siqareti. Picon, yaxud casus. Məsələ bunları ayırd edə bilməkdədir  (Məni qucaqladı, Kozlovskini yamsılayaraq oxudu). “Bu kölgəli və rahat bağı sevirəm…”(Əsnədi). Nə direktor var, nə də alıcılar… Sakitlikdir… Niyə susursan?

Mən.  Bilmirəm…Hava…Qəhvə istəyirsən?

İsgəndər.  Nə isə çox tünd şey istəyirəm.

Mən.  Konyak?

İsgəndər. Daha isti tünd.

Mən.  Axı nə?

İsgəndər.  Sənin özünü.

Mən.  Ədəbsizlik eləmə.

İsgəndər. Yaxşı.

(Biz susduq. Sükut. Mən tutqun dənizə baxdım.)

İsgəndər  (gitaranı götürdü, astadan züm-zümə etdi). “Uzaq-uzaq ellərə, göm-göy durna qatarı uçur…”

Mən.  Saşa, nə vaxtsa xoşbəxt olmusan?

İsgəndər (gitaranı çala-çala). Dəfələrlə. Bax, elə indicə o halı keçirirəm: yanımda qəşəng qadın, onun yaraşıqlı ayaqları var… Vəhşi sahil, sakitlik… Niyə soruşdun?

Mən. Yola düşməzdən əvvəl həkimin yanında oldum (İsgəndər əl saxladı). O dedi ki, mən heç vaxt ana olmayacağam (İsgəndər bir daha astadan ifa edir). Məni eşidirsən?

İsgəndər.  Aha.

Mən.  Bəs niyə  susursan?

İsgəndər.  Nə deyim axı?

Mən.  Bilmirəm.

İsgəndər.  Mən də…

(Mən ona baxdım, lakin o, başını aşağıya, gitaraya doğru endirib çalmaqda davam etdi, sonra durnalar haqqında mahnı oxumağa başladı. Küləyin ani şiddəti artdı. Tonqal öləzidi. İsgəndər, nə billah elədisə, mümkün olmadı, alov keçdi. Alatoranlıqda İsgəndər bir neçə dəfə kibrit çəkdi. Göy guruldadı, yağış başladı, dəniz tutqunlaşdı, biz maşına doğru götürüldük.  Sahildə yalnız küləkdən əsim-əsim əsən çadır qaldı. Yağış yağırdı. Dəniz guruldayırdı).

 

İKİNCİ FƏSİL

 

Ertəsi gün günəş şəfəq saçırdı, səma mavi, dəniz göy idi. “Spidola”dan qopan oynaq musiqi ətrafa yayılmışdı. Mən kartof soyur, musiqinin tempinə uyğun rəqs edirdim. Əzizin sahilə nə zaman çıxdığından xəbər tutmadım. Birdən mənə belə gəldi ki, kimsə mənə göz qoyur. Mən çevrildim.

Əziz.  Afərin, afərin!

Mən.  Salam, suda boğulan adam!

Əziz.  Salam.

Mən.  Deməli, qamışlıqda xışıltı salan sən idin?!

Əziz. Belə çıxır… Dostunuz evdədir?

Mən.  Qorxmayın, balıq ovuna getdi.

Əziz (rahat nəfəs alaraq). Allaha şükür. Deyəsən, təhlükədən sovuşdum. O mənim yuxuma girmişdi. Yuxuda elə qüvvətli və qorxunc görünmüşdü ki, uzaq dursam – yaxşıdır.

Mən. Doğru deyirsən.

Əziz. Hə, darıxdınız?

Mən. Yox, kartof təmizləyirəm. Bəs sən necə, darıxırsan?

Əziz. Yox, özümçün gəzirəm.

Mən. Yəni heç darıxmırsan?

Əziz. Darıxanda dənizə baxıram. Dəniz isə, bilirsən… Hər şeyi – qəmi də, kədəri də adama unutdurur. Səni hər şey təngə gətirə bilər, təkcə dənizdən başqa. Bircə ona baxmaqdan yorulub-usanmaz, təngə gəlməzsən. Necə deyib…

Mən. Lui Araqon?

Əziz. Yox, Pasternak.

Mən. A-a…  Di, davam et.

Əziz. Nə?

Mən. Elə belə. Bəs sən burada daha nə edirsən?

Əziz. Yemək yeyirəm.

Mən. Fikirləşəndə elə mən də. Bəs daha nə?

Əziz. Yatıram.

Mən. Mən isə bütün gecəni yatmamışam.

Əziz. Nəyisə arzulamısan?

Mən. Yox. Düşünürdüm ki, görüm nə vaxtsa xoşbəxt olmuşam?

Əziz. Tapdın?

Mən. Bir şey çıxmadı.

Əziz. Məlum oldu ki, heç vaxt arzulamamısan.

Mən. Bəli.

Əziz. Belə olmur…

Mən.  Yetər, xəyala dalmışam. Yada salmaq gülüncdür.

Əziz. Gülünc?

Mən. Aktrisa olmaq arzusuna düşmüşdüm, gülünc dediyim budur. Axmaq olmuşam (Gözlənilmədən ona yaxınlaşdım və danışmağa başladım). Məktəb xorunun solisti idim. Hamı məni alqışlayırdı. Onuncunu qurtaranda  qərara gəldim ki, özümü sınayım. Teatra – baş administratorun yanına getdim. O, qırmızı dodaqlı, daz baş bir dayı idi. Həmin qırmızı dodaqlı, daz baş dayı dedi ki, Stanislavski və Nemiroviç-Dançenko sisteminə görə, teatr asılqandan başlanır və məni qarderobçu kimi işə götürdü. Bir dəfə məni yanına çağırıb əl atasan dizlərimə, güclə yaxamı qurtardım. Dedi: “Daha bizim teatrda nüfuz qazanacağına bel bağlamaya bilərsən”. Düz bir həftə gözümün yaşını axıtdım. Anam daha betərini fikirləşib tanış mama-həkimi evə çağırdı. Məcbur olub əhvalatı danışdım. Uğunub getdilər…

Əziz. Daz baş adminstrator incəsənət nə qanır?

Mən. Sonra məşhur bir artistin yanında oldum. Bizim şəhərdə onunçun bütün qızların ürəyi gedirdi. Mənə qulaq asıb: “Vokal sənətinə dair bildiklərin orta səviyyədədir, ancaq yar-yaraşığına söz ola bilməz…” dedi və mənə yaxınlaşmağa başladı. Ondan zidd-zəhləm getdi və qaçıb canımı qurtardım. Sən isə “Arzu!” deyirsən, əziz yoldaş.

Əziz. Elə bu?

Mən. Başqa bir vaxt da arzu etmişəm, amma yaxşısı budur onu xatırlamayım. Öz etirafımla səni cəlb edə bildim?

Əziz. Qurtar.

Mən. Bir ara həbsxanadan qurtulmaq arzusunda idim.

Əziz. Sən həbsdə də olmusan?

Mən. Yox. O məni xilas etdi (başımla dənizi göstərdim).

Əziz. Onun barəsində səhv etməmişəm.

Mən. Mağazaya təzəcə girmişdim ki, birdən yoxlanış başlandı və taraq! Təzə pulla iki min manat əskiyim gəldi. Üç gün yoxladılar. İşi məhkəməyə vermək istəyirdilər. İşə getmir, evdə oturub nə vaxt dalımca gələcəklərini gözləyirdim. Az qala ağlımı itirəcəkdim. Yuxuda da barmaqlıq görürdüm. Lap kinoda olduğu kimi, barmaqlıq aşkarda da gözüm önündən getmirdi. Özümdən çox anama yazığım gəlirdi. O dəqiqə ürəyi partlardı. Birdən-birə o – İsgəndər gəlib hər şeyi yoluna qoyduğunu söylədi. Anamla mən onun boynuna sarılıb doyunca ağladıq.

Əziz. Sən qurtuldun?

Mən. Hə.

Əziz. Hə, buna xoşbəxtlik demək olar. Özü də belə xoşbəxtlik bütün göy üzünü ta üfüqə qədər işıqlandıran nur olub…

Mən. Bu, yeri və onun üzərində sürünən quru qurbağasını və kərgədanları görməmək üçün həmin nurdan kor olmaq daha yaxşı idi.

Əziz. Bax, buna deyərlər naşükürlük. Həmin gecə sizə gələn adam axı kərgədan yox, sənin xilaskarın idi.

Mən. Bu yalan idi! Ağ bir yalan!

Əziz. Yalan?

Mən. Hə. Hər şey sən demə, qabaqcadan planlaşdırılıbmış. Sonralar özü etiraf etdi. Demə, iki rulon bostonu o özü gizlədibmiş. Yoxlanışı təşkil edən də o imiş. Amma özünü elə göstərirdi ki, yoxa çıxan malların əvəzini öz cibindən ödəyib.

Əziz. Məqsədi nə imiş?

Mən. Mənim rəğbətimi qazanmaq üçün ona xilaskar rolunu oynamaq lazım idi. Onun şöbəsinə şagird təyin olunan ilk gündən gözü məndə idi. Xeyirxah hami qiyafəsinə girib məni satıcı keçirdi. Elə ki, maddi-məsul şəxs oldum, bu oyunu çıxardı.

Əziz. Hə – ə, ancaq nə kişidir! Beləsinə nə deyəsən?… Sən də onunla qaldın?

Mən. Bəs nə edəydim?

Əziz. Çıxıb gedəydin, qaçaydın!

Mən. Hara?

Əziz. Hara gəldi! Buzlaqlara, eskimosların yanına! Bütün bu oyunlardan sonra onu necə qəbul etdin? Onunla öpüşüb, bir yastığa baş qoydun?

Mən (istehza ilə). Yoldaşın əlavə etməyə yenə sözü var?

Əziz. O ki, səni satın alıb (Mən qəh-qəhə çəkdim). Niyə gülür­sən. Başa düşmürəm, niyə belə şadsan? (Mən gülməkdə davam etdim).

Mən. Riyakarlıq etməyin yetər.

Əziz. Mən?

Mən. Sən!

Əziz. Mən kimə qarşı riyakarlıq edirəm?

Mən. Nəcib adamlara qarşı.

Əziz. Hansı əsasla belə deyirsən?

Mən. Hamınızın torpağı bir yerdən götürülüb. Özünü həqiqətdə olduğundan yaxşı qələmə vermək məqsədilə onu ittiham edirsən. Hamınız bir bezin qırağındansınız.

Əziz. Sən məni təhqir edirsən?

Mən. Doğrudan? Yaxşı, bəs nə üçün qamışlıqda gizlənib  o gedəndən sonra çıxdın?

Əziz. Mən onu yox, səni görmək istəyirdim.

Mən. Sənə elə gəldi ki, ona xəyanət edə bilərəm? (Əziz susurdu). Səhvin var, dostum! Bax,  gör, nə yaraşıqlı ayaqlarım var! (donumu yuxarı çəkdim) Bu ayaqlar onun mülkiyyətidir. Onun, yalnız onun bu ayaqlara malik olmaq hüququ var. Özü də istənilən vaxt, nə zaman istəsə. Sənsə heç bir şeyə nail ola bilməyəcəksən. Macəranı orda – yoğun zabit arvadlarının yanında axtar.

Əziz. Sən mağazada  əl altından malları necə xırıd edirssənsə, insanlar barədə də eləcə mühakimə  yürüdürsən…

Mən. Arvadın səni atıb, səninsə bütün dünyaya qəzəbin tutub… Kimin günü xoş keçirsə, ona paxıllıq edirsən…

Əziz. Sənin günün xoş keçir?

Mən. Təsəvvür et ki, hə!

Əziz. Sən, sadəcə,  alçaq tiplə əlaqənə haqq qazandırmaq istəyirsən…

Mən (onun sözünü kəsdim və demək olar ki, isterik tərzdə qışqırırdım). Hə! Hə! Hə! Və bunun sənə dəxli yoxdur! Özgə qəlbinə girmə!

Əziz. Heç hazırlaşmıram da (qalxıb qayığa sarı getdi). Xudahafiz!

Mən. Hələlik! (Əziz sahilə yaxınlaşıb qayığı itələməyə başladı. Quma oturmuş qayıq yerindən tərpənmədi. Nəhayət, qayıq suda yırğalanmağa başladı.  O, avarları  avar yerinə keçirdi. Mən qayığa tərəf qaçıb qayığın kənarından yapışdım). Dayan. Göz yaşımı axıtdın, indi isə aradan çıxırsan! Mən ağlayıram, görürsən (Mən ağladım). Sən gedirsən. Hər şeyi də unudacaqsan. Mən isə burada yalqız qalacağam. Axı nə üçün mənə bu axmaq xoşbəxtlikdən söz açdın? (Əziz gözlədi. O, axıra qədər məni dinləmədən istənilən an üzüb gedə bilərdi. Ona görə  də nəzərimdə tutduqlarımın hamısını  deməyə tələsdim). Sənin kim və necə adam olduğunu bilmək istəmirəm. Amma hər şeyi sənə danışacağam. Axı həqiqəti kimsə bilməlidir… Siz hamınız, elə bil, qabaqcadan sözləşmisiniz, yalnız məni günahlandırırsınız. Heç olmasa, biriniz soruşmur ki, nə üçün onu tərk edə bilmirəm. Onun arvadı qara-qışqırıq salıb. Məsələmə iclasda baxıblar: mən ailə dağıdıram, onun pullarına, malına göz dikmişəm. Hamısı qoy lənətə gəlsin! Onun heç nəyi mənə gərək deyil. Mən, sadəcə, qorxuram! Tək-tənha qalmaqdan qorxuram. Uşaq yaşlarımdan bundan qorxmuşam. Mənim plüş ayı balası varım idi. O, çayda batanda mən xəstələndim. Anam mənimçün başqasını, eyzən həmin cürünü aldı. Amma mən ona öyrəşə bilmədim.

Atamı xatırlamıram, mən doğulana qədər müharibədə həlak olub. Anam cavan və gözəl idi. Bizə bir kişi gələr, özü ilə konfet, gül gətirər, həyatdan, sağlamlıqdan, müxtəlif şeylərdən danışardı, ancaq həmişə gözlərindən nə isə arzuolunmaz bir istək oxunardı. Mən həmin istəyin nə demək olduğunu dərk etməyə başlayanda, ondan zindi-zəhləm getdi. Ona olan nifrətim aşıb daşırdı. Kobudluq edir, anamı evdən gedəcəyimlə hədələyirdim… Anam vərəmə tutulanda adamların ayağı bizim evdən kəsildi. Anamın göz yaşlarını saxlamaq olmurdu. Mən təkliyin necə dəhşətli, hətta rüsvayçılığın özündən  betər olduğunu başa düşdüm… İsgəndər məni həbsxanadan xilas edəndə böyük bir arxam olduğunu hiss etdim və bundan vəcdə gəldim. Bütün dünya mənə bu səma təki mavi və hüdudsuz göründü. İnsanlar mənə təbəssüm bəxş edir və son dərəcə xeyirxah görünürdülər. Həmin yaş dodaqlı o administrator da birdən-birə mənə sadəcə yazıq və miskin adam təsiri bağışladı. Mən durnalar kimi mavi yerin üzərində qanad açıb uçurdum.

Onun heç vaxt öz uşaqlarını, ailəsini atmayacağını bilirdim, lakin mənim üçün bunun heç bir əhəmiyyəti yox idi. Mən öz uşağımı gözləyirdim. (Əziz qayıqdan çıxdı, onu sahilə bənd etdi. Onun çıxıb getməyəcəyinə əmin oldum. Sakitcə və aramla danışdım. O, dinməzcə qulaq asırdı).  Sonradan o öz alçaqlığını boynuna aldı… Bütün dünya alt-üst oldu. Yanar kömür üzərində ayaqyalın gəzib, lakin ayağımda heç bir yanıq hiss etməyəcək, çılpaq gəzib bunu ayıb bilməyəcək bir günə düşmüşdüm. Həkimin yanına getdim və … mənim köksümün altında yaşamaqda olan kiçik varlıq …məhv edildi… və hər şey mənasız və əhəmiyyətsiz oldu. Mən onu  tərk etdim.. Unutmağa çalışdım.. Mən oğru da, küçə qadını da …ola bilərdim…lakin onun yanına qayıtdım…Başqa birisi ilə ciddi münasibət ola da bilməzdi… Bu gün bunun, sabah başqasının başına papaq ola bilməzdim. Riyakarlıq etmək istəmədim. Bilirəm, gec-tez onu təngə gətirəcəyəm…Anam öləcək və mən tamamilə tənha qalacağam…Heç vaxt uşağım olmayacaq…(Gözlərimi qaldırıb Əzizə   baxdım. O susurdu). Çox sağ ol ki, axıra qədər qulaq asdın…İndi gedə bilərsən… (O susurdu). Niyə dinlənmirsən? (O cavab vermədi). Riyakarlıq etmək istəmirsən? Bəlkə sən doğrudan da vicdanlı adamsan? …

(Mən  qalxıb çadıra sarı getdim. Heç nə olmayıbmış kimi sakitcə “Spidola”nı qoşdum. Gurultulu caz musiqisi eşidildi. Sonra arxası üstə uzanıb ayağımı ayağımın üstünə aşırıb musiqinin ritminə uyğun surətdə qıçlarımı oynatmağa başladım. Əziz bir müddət dayanıb durdu. Sonra  sərt hərəkətlə qayığı itələdi, atılıb mindi və xudahafizləşmədən uzaqlaşdı.  Az sonra İsgəndər sahilə çıxdı. O, qaşqabaqlı idi).

İsgəndər. Bütün günüm hədərə getdi. Tilova bircə balıq da düşmədi (O, qayığı dartıb quma çıxartdı, mənə yaxınlaşdı). Nə olub? (“Spidola”nın  səsini azaltdı). Niyə ağlamısan?

Mən. Elə-belə.

İsgəndər. Tənhalığın adi göz yaşlarıdır?

Mən. Gəlsənə, başqa yerə köçək?

İsgəndər.  Yaxşı. Sabaha qalsın. Sənin arzun mənim üçün qanundur (qəbuledicini qurdalamağa başladı).

Mən. Saşa!

İsgəndər. M-m!

Mən. Səndən soruşmaq istəyirdim…

İsgəndər. Buyur, görüm…

Mən. Niyə bunu etdin?

İsgəndər (başını qaldıraraq). Nə etdim?

Mən. Bastonu gizlətdin?

İsgəndər. Yenə başladın? (o, futbol marşı tutdu, reportaja qulaq asmağa hazırlaşdı. Lakin artıq verilişin axırı idi). Ah, lənətə gəlmiş, gül kimi fürsəti əldən verdik.

Mən. Axı nə üçün həqiqəti danışdın? Mən heç vaxt bilməzdim…

İsgəndər (fitlə futbol marşı çalaraq). Yəqin belə lazım imiş… Bildim ki, günahımdan keçərsən. Ona görə də danışdım…

Mən. Əgər keçməsəydim?

İsgəndər. Belə etməzdin… Axı mən  vicdanlı adamam… (Qəbuledicidən qəh-qəhə səsi eşidildi. Müğənni «Bizə hansı   yemək verdilər, orda hansı şəraba qonaq etdilər» operettasından  məşhur nömrəni ifa edirdi).

Mən. Saşa… Sən mənimlə evlənə bilərdin? (İsgəndər radioqəbuledicini bir kənara qoydu və son dərəcə diqqətlə mənə baxdı, çünki, bu barədə ilk dəfə idi ki, soruşurdum).

İsgəndər. Axı, nə üçün birdən-birə bu barədə soruşdun?

Mən. Maraq güc gəldi. De də. Evlənə bilərdin?

İsgəndər (bir qədər fikirləşərək). Evlənmək? Axı niyə? (O, gözlərini mənə zillədi. Mən çiyinlərimi çəkdim). Başa düşürsən, körpə… Məhəbbət azadlıq deməkdir, insan həyatının kiçik bəzəyi deməkdir. Məhəbbət dünyanın fani olmasını, hər cür xoşagəlməzlikləri, bu lənətə gəlmiş atom bombasını… unutmağa imkan verir… Sən mənimçün azadlığın bir parçasısan. Əgər evlənsək, azadlıq yükə çevriləcək və biz təsəlli axtarmalı olacağıq. Ailə başlanan yerdə azadlıq bitir. Bunu hamı bilir və könüllü olaraq başını cəncələ salır… Ağıldankəmlər…

Mən. Deməli, evlənməzdin.

(İsgəndər qəbuledicinin nizamlayıcısını burub çadıra girdi. Müğənni qəh-qəhə çəkirdi. Gecə idi. Ulduzlar  sayrışırdı. Dəniz  işıq saçırdı. Dəniz dincəlirdi…)

 

ÜÇÜNCÜ  FƏSİL

 

Səhər. İsgəndər uzaqda, dənizdə romans oxuyurdu: «Üz mənim qayığım…» Mən sahildə dayanıb onun getdikcə kiçilən və nəhayət, Daş burunda yoxa çıxan qayığına baxdım.

Sonra çadıra qayıtdım, jurnal götürüb onu vərəqlədim. Oxumaq istəmirdim. Siqaret çəkir, dənizə baxırdım. Ayağa qalxıb sahilə getdim, yenidən çadıra qayıtdım, jurnalı götürdüm, bir kənara tulladım… Öz-özümə etiraf etməyə utanırdım ki, mən Əzizi gözləyirəm və belə bir həyəcandan iztirab çəkirdim:  Doğrudan  gəlməyəcək?

Kimsə astadan fit çaldı. Mən fitə dönmədim, lakin diksindim və gərgin bir vəziyyətdə donub qaldım.

Əziz. Bonjur, madam! Suare, puare, muare! (Arxaya döndüm. O, sahildə dayanmış və iri plüş meymunun pəncəsindən tutmuşdu). Madam, mənim böyük dostum ikinci Burbon səni salamlayır (O, meymunu mənə uzatdı).

Mən. Qəşəngdir (Meymunu götürdüm). Fikirləşdim ki, bir də görünməzsən.

Əziz. Niyə bu qərara gəldin?

Mən. Nə isə mənə belə gəldi.

Əziz. Gördüyün kimi, mən yenə də buradayam. Özü də tək yox.

Mən. Niyə gəldin?

Əziz. Tapa bilmirsən? Sən ki, mənim haqqımda hər şeyi bilirsən. Bax, mən münasib anı seçir və … başa düşürsən?

Mən. Yaxşı görək!

(Biz hərəmiz İkinci Burbonun bir əlindən yapışıb çadıra tərəf getdik. Oturub siqaret çəkdik).

Əziz. Qəşəng qadınsan!

Mən. Bax, bu oldu kəşf! Bəs sənin arvadın necə, qəşəng idi?

Əziz. O elə indi də qəşəng olmalıdır. Ancaq yəqin ki, çox qocalıb: iyirmi iki yaşı var…

Mən. Sən onu sevirdin?

Əziz. Deyəsən… Açığı, dəqiq deyə bilmirəm…

Mən. Nə vaxt evlənmişdiniz, heç olmasa, bunu bilmirsən?

Əziz. Sözün düzünü desəm, hər şey nə isə təsadüfən, çox mənasız bir şey kimi oldu… Həm evləndik, həm də ayrıldıq… Mənim və yoldaşlarımın həyatı sadə idi, ancaq özgə cür həyat da arzulamırdıq. Belə həyat bizi təmin edirdi. Patrulluq üzmələri, sahildə isə əyləncəli gecələr, gitara, şərab, nazlı-qəmzəli gözəllər… Bir dəfə qızlardan biri yanımda anası ona icazə verdiyi vaxtdan bir qədər çox qaldı… Səhər tezdən yuxudan oyanıb gördüm  ki, qız mənə baxıb zülm-zülm ağlayır. “Di, qalx”, -dedim! Gedib, zaqsın qapısı ağzını kəsdirdik. Dostlarım bu izdivaca növbəti əyləncə kimi baxırdılar. Açığı, mən özüm də gələcək ailə həyatımı ciddi təsəvvür etmirdim. Toydan sonra ilk dəfə dənizə çıxdım. Gecə buxtada qaldım. Ulduzlara, okeana tamaşa etdim. Birdən-birə özümü son dərəcə xeyirxah və yaxşı, üstəlik xoşbəxt hiss etdim. Ürəyim xoş bir duyğudan isindi: zərif və incə varlıq dayanıb yeganə ümidi və müdafiəçisi olan bir adamın, göz işlədikcə uzanıb gedən sular əhatəsində olan bir  insanın  geri dönməsini gözləyir. Bu, mən idim. Bu, dəmdəməki və qızların başını tovlayıb yoldan çıxaran hər hansı bir adam yox, məhz mən – güclü dəniz cəngavəri mən  idim. Hə-ə, o məni sevirdi, bilirsiniz, az qala dəlicəsinə sevirdi. Ürəyi həmişə səksəkədə idi. Ona elə gələrdi ki, mən dənizdə çoxdan qalmış mərmiyə toxunmuşam, yaxud yapon brakonyerləri və tede tərəfindən əsir alınmışam. Evə dönəndə həmişə ağlar, pərvanə təki başıma dolanar, hər baxışdan  diksinərdi. Birlikdə yaşadığımız iki il beləcə ötdü. Sonra mənim daxilimdə elə bil nə isə qırıldı. Onda mən daha öz-özümə hesabat vermirdim. İndi mənə elə gəlir ki, mən sadəcə belə məhəbbətdən yorulub-usanmışdım. Öz keçmiş sarsaq sərbəstliyim üçün qəribsəmişdim. Bu ara onun əvvəlki nişanlısı ordudan qayıtdı və bu mənim mənasız və yersiz iradlarım, yanlış şübhələrim, öcəşmələrim üçün bəhanə oldu. Görünür, onun həyatını dözülməz etmişdim. Bir gün şeylərini yığışdırıb anasının yanına getdi.

Mən. Sən isə fərəhinizdən qanad açdın?

Əziz. Yox, qorxdum. Onun ardınca yollandım. Qayıtması üçün dil tökdüm. Lakin gözlənilmədən o, qürurlu və adameşitməz oldu. “Dedi, səni, yalnız səni sevirəm. Və buna görə istəmirəm ki, yazığın gəlib, mənə acıyasan…” Vəssalam. Sən bu qəziyyə haqqında nə deyə bilərsən?

Mən. İlahi. Mən deyim? Bilmirəm… Məncə, insan sizin  bu plüş meymun kimi sadə olan, lakin ona hər şeyi xatırlatmayan, əzab-işgəncə verməyən bir şeyə malik olsa, daha yaxşıdır.

Əziz. Yeri gəlmişkən, İkinci Burbonu səninçin hədiyyə gətirmişəm. Ola bilsin ki, həmin ayı balasını əvəz etsin. Əslinə baxanda, o özü də əvəzdir…

Mən. Bəs birinci Burbonu kimə hədiyyə vermisən?

Əziz. O ölüb…

Mən. Necə? O canlı idi?

Əziz. Bəli. O, canlı və çox zirək idi. Hətta bir balaca sırtıqlığı vardı. Bunu isə həmin meymunun xatirəsini yad etmək üçün almışıq.

Mən. O nədən öldü?

Əziz Radiasiyadan.

Mən. Radiasiyadan?

Əziz. Bizim qayıq radiaktiv zonaya düşəndə o da katerdə idi. Burbon yüz əlli rentgen şüası aldı. Bu isə meymun üçün ölüm demək idi.

Mən. Bəs insan üçün.

Əziz. Elə insan üçün də.

Mən. Katerdə ekipaj vardı?

Əziz. Əlbəttə… Axı, o, heç də «Uçan hollandiyalı» deyildi. Meymundan savayı, katerdə üç nəfər vardı.

Mən. Onlar hamısı? (Əziz başı ilə təsdiq etdi və təzədən siqaret çəkdi). Axı bu necə oldu ki, baş verdi?

Əziz. Keşikçi kateri neytral sularda radiaktiv zona aşkar etmişdi. Ratsiya sıradan çıxdı. Qarşıdan sərnişin gəmisi gəlirdi. İşıq siqnalı vermək üçün həmin zonanı yarıb keçmək lazım idi.

Mən. Hə, hə. Lap yaxınlarda hardasa sərnişin gəmisini xilas etmiş üç dənizçi haqqında oxumuşam. Bəlkə də “Mayak”la xəbər veriblər… Orada atom sualtı qayığı partlamışdı.

Əziz. Hə, o barədə yazmışdılar.

Mən. Hər üçü həlak oldu?

Əziz. Salamat qurtarmaq qeyri-mümkün idi.

Mən. Axı onlar həmin lənətə gəlmiş zonanı keçməyə də bilərdilər!

Əziz. Bəli, keçməyə bilərdilər. Gəmidə isə min nəfər adam vardı. Onlar isə üçcə nəfər idi. Özgə cür hərəkət etmək olmazdı. Məsələ burasındadır.

Mən. Qəribə mühakimə yürüdürsən…

Əziz. Məncə, vətəndaş müharibəsində həlak olanlar da, İspaniyada ölənlər də, Odessa yaxınlağında yerləşən  vodokaçkada döyüşənlər də, Vladimir Komorov da belə mühakimə yürüdərdi…

Mən. Bir şeyi başa düşmürəm… İnsanın öz şəxsi həyatını könüllü qurban verməsində bir məna varmı? Bu ki, dəhşətdir.

Əziz. Əgər, bu, vacibdirsə – mənası var…

Mən. Belə çıxır ki, səninki gətirib.

Əziz. Nə üçün belə zənn edirsən?

Mən. Həmin gün sən növbədə olmamısan…

Əziz. Xeyr, mən də növbədə idim… (Biz susduq. Mən sarsıldım. İlahi, mənə bax… Dünənki kəşfim əhəmiyyətsiz göründü və məni utandırdı. Bilmədim ki, nə deyim və özümü necə aparım. Ona nə isə yaxşı sözlər demək istəyirdim, lakin lazımi sözlər tapa bilmədim). Bax, görürsən, yenə də qanını qaraltdım (O, saatına baxdı). Nahara az qalıb. Yoxa çıxdığımdan xəbər tutsalar, hamı bir-birinə dəyəcək. Həkimlər hər addımıma göz qoyurlar, xüsusən son günlərdə. Sabah gələcəyəm. Çao!

Mən. Səni gözləyəcəyəm.  (Əziz  qayığa sarı gedib itələdi, atılıb mindi və üzüb getdi. Mən əlimdə meymun dayanıb durdum).

Əziz (uzaqdan). Burbonu incitməyin, yaxşı cavandır!

(Əziz  gözdən demək olar ki, itəndən sonra, mən meymunu tullayıb, sahilə doğru qaçdım, əlimi ağzıma qoyaraq qışqırdım).

Mən. Əgər sən inqilab etməmisənsə? İspaniyada ölməmi­sənsə? Kosmosa uçmursansa? Gəmiləri xilas etmirsənsə? Əgər hətta özünün kiçik qəribə həyatını qura bilmirsənsə? Miskin tənhalığına qələbə çala bilmirsənsə? Onda necə, nə etməli? Hə-ə?

(Dənizdən külək əsirdi. Cavab gəlmədi. Bir qədər dayandım, sonra sudan aralandım, Burbonu qaldırdım və qumun üzərinə düşdüm).

İsgəndərin səsi. Nazi-i (Öncə meymunu gizlətmək istədim. Lakin fikrimdən daşındım). Nazi, mənə kömək et.

Mən meymunu çadırın qarşısına qoyub çağırışa tələsdim. Qayıq  göründü. İsgəndər dizi üstə qayıqda dayanmışdı. Onun əlləri al-qana boyanmışdı. O, çiyinlərimdən tutub məni qucaqladı. Biz çadıra sarı getdik.

İsgəndər. Yeni baza üçün yaxşı yer tapmışdım, qayıqdan tullananda lövbərə toxundum… Yaram dərin deyil, ancaq qan dayanmaq bilmir! (Onu əyləşdirib yarasını yodla təmizlədim və tənziflə sarımağa başladım). Tarım çəkdin (Mən sarğını boşaltdım). Birdən qanda zəhərlənmə başlasa, a?

Mən. Ola bilər.

İsgəndər. Nə, nə?

Mən. Qanda zəhərlənmə başlasa, ölərsən.

İsgəndər (vahimə içərisində). Nə səfehləyirsən?

Mən. Burada nə var ki? Qanda zəhərlənmə başlasa, ölərsən. Sən heç ölüm haqqında fikirləşirsən?

İsgəndər. Mənim daha vacib işlərim var.

Mən. Heç ölə bilərsən?

İsgəndər (əlini alnıma qoyaraq). Hərarətim qaydasındadır?

Mən. De görüm, başqa adamların yolunda ölə bilərsən?

İsgəndər. Hansı adamların?

Mən. Əgər sənin yanına…gəlsə…

İsgəndər. Kim gəlsə?

Mən. Tutaq ki, Allah. Hə, Allah gəlib: “İsgəndər, öl, yoxsa minlərlə başqaları öləcək” desə, ölərsən?

İsgəndər. Axı nə üçün?

Mən. Ölməzsən?

İsgəndər. Yox.

Mən. Qoy minlərlə başqaları ölsün, hə?

İsgəndər. Ölsünlər də. Burda mənim nə günahım var?

Mən. Əgər sən başqalarının yolunda ölümə hazır olan özgə birisinə rast gəlsən?

İsgəndər. Demək, o, gicbəsərdir, yaxud psix. Şöhrət axtarır.

Mən. Axı şöhrət onun nəyinə gərəkdir?

İsgəndər. Pulu yoxdur, şöhrət istəyir. Psixlər azdır?

Mən. Lap alverçi kimi fikirləşirsən.

İsgəndər. Sənətimdir! Nəyi düşünürəm, onu da deyirəm. Baş­qaları isə çılpaq bədənlərindəki tənasül üzvlərini yarpaqla örtürlər.

Mən. Demək, sən özünü heç vaxt qurban verməzdin?

İsgəndər (ani fikirləşəndən sonra). Ümumiyyətlə, ola bilsin ki, bunu edərəm. Lakin insanlar buna layiq deyil.

Mən. Layiq deyil?

İsgəndər. Bəs sən özün necə, kiminsə xatirinə özünü qurban verərdin?

Mən. Bir dəfə mən bunu etmişəm.

İsgəndər. Əşi qoy oturmuşuq. Kimin yolunda?

Mən. Anamın.

İsgəndər. Nə vaxt olub?

Mən. Sən bostonu gizləyəndə…

İsgəndər. Bu məsələyə ananın nə dəxli var?

Mən. O mənə: “Əgər səni tutsalar, ölərəm” dedi. Mən də sənin yanına getdim.

İsgəndər. Anan bilirdi ki, səni tutmayacaqlar. Ayağında mal qalmadığından onun xəbəri vardı.

Mən. Sözləşmişdiniz?

İsgəndər. Sənin xoşbəxtliyin naminə… Ona elə gəlirdi ki, biz evlənəcəyik.

Mən. Ola bilməz!

İsgəndər. Hiyləgərlik eləmə. Sən özün hər şeyi bilirdin.

Mən. Mən heç nə bilmirdim!

İsgəndər. Bilməməyin səninçin sərfəli idi, ona görə.

Mən. Yalan deyirsən.

İsgəndər. Heç Yeni ili xatırlayırsan? Anan içib ağzından qaçırmışdı. Sən pəncərənin qarşısında dayanıb ağlayırdın. Mən  sənin yanını kəsdirib düz səhərə qədər oturdum, arvadıma isə milis şöbəsinə düşdüyümü dedim. Yadından çıxıb? (Mən yaddan çıxarmağa çalışdığım həmin mənfur gecəni xatırladım və yalnız indi hər şeyi başa düşdüm. Dodağımı dişləyib susdum). Hə, niyə dinmirsən? Bəlkə müzakirəni davam etdirək?

Mən. İlahi! Biz insanlar necə də iyrəncik (Mən əllərimlə üzümü qapadım).

İsgəndər (əlini mənim çiynimə qoyaraq). Sən, körpə quzum, bundan hələ indi xəbər tutursan? Mən isə gör nə vaxtdan… Ən yaxın və ən yaxşı dostu atama şər atanda, başqa ən yaxşı dostu ana­ma əl atanda, sonra isə mənzilimizə yiyələnib ailəmizi küçəyə tökəndə bilirdim. Hamı bizdən üz döndərmişdi. Anamı işə götürmürdülər. Üç il məni instituta qəbul etmədilər. Bir əlcə çörək üçün hər gün dağa-daşa düşürdük. Gecələr stansiyada kömür, çürük qarpız yükləyirdim. Xırda alverlə məşğul olmağa başladım. Bir dəfə qohumlarımdan birinin yanına gedib on manat istədim. Mən gedəndən sonra evdən qızıl saatın yoxa çıxdığını aşkar etdilər. Hamı məndən-ac bazar itindən şübhələnirdi. Sonradan saat divanın arxasından tapıldı. Demə, uşaq atıbmış. Bunu eşidən kimi gəlib onların evdəki bütün pəncərə şüşələrini qırdım. Məni tutub sağ canımda israhat qoymadılar… Hə, bu da sənə insanlar! Sənsə istəyirsən ki, onların yolunda ölümə gedim. Ola bilsin ki, haradasa müqəddəs adamlar var. Ancaq mən belələrini görməmişəm. O, bastonu heç cür unuda bilmirsən? Özünü mələk kimi göstərmə. Onsuz da yaşamaq instinkti səni sındırır. Və sən alçaqlıqlara öyrəşir, daha heyrət etmirsən. Çünki sən özün də alçaqlıq etməyə hazırlanırsan.

Mən. Elə bu? Daha başqa heç nə yoxdur? Başqa həqiqət yoxmu?

İsgəndər. Həqiqət? Bu, materiyanın hərəkətidir, körpə. Materiyanın hərəkətidir, onun dağılmasıdır. Bomba partlayışıdır. Görüşdür. Ayrılıqdır. Doğuluşdur. Ölümdür. Bütün qalanları isə əxlaqdır, bir də əncir yarpağı*. İnsanlar öz çılpaq bədənlərinin tənasül üzvlərini örtmək üçün onları uydurublar.

Mən. İçməyə bir şey var (İsgəndər axsaya-axsaya maşına doğ­ru gedib konyak çıxardı və meymunu gördü). Bu nə müqəv­vadır?

Mən. İkinci Burbondur…

İsgəndər. O haradan çıxdı?

Mən. Yəqin hansısa psix itirib… (İsgəndər meymunu qolu getdikcə tulladı. Mənə yaxınlaşdı, butulkanı açıb mənə və özünə konyak süzdü. Mən içdim). Yenə süz.

İsgəndər. Bəlkə bəsdir?

Mən. Süz (İsgəndər təəccüblə mənə baxdı və konyak süzməyə başladı. Mən gördüm ki, gözlərimi açdığına görə onun özü də dəhşətə gəlir). Yenə süz (Mən ağladım. Ona da, özümə də yazığım gəldi).

İsgəndər. Lazım deyil…ağlamaq lazım deyil, körpə… (Stəkanın yanlarından konyak süzülürdü).

 

DÖRDÜNCÜ FƏSİL

 

Qaşqaralan vaxtdır. Dənizin üzəri ilə ardı-arası kəsilməyən quş karvanı ötüb keçirdi.  Mən sahildə oturub səssiz-səmirsiz dənizə baxırdım. Əziz yanımda dayanmışdı. Daha çox onun bu səhər gələcəyindən qorxurdum. Və hər halda o gəldi. Onunla və İsgəndərlə dünənki söhbətdən sonra daxilimdə çox böyük narahatçılıq vardı. Hələ heç vaxt ürəyim belə sıxılmamışdı.

Əziz. Bəlkə sənin qarşında nə isə bir günahım var (Mən cavab vermədim). Nə olub? Dünən bir dost kimi söhbət etdik… Bəlkə mənə görə sənə söz deyiblər? (Mən başımı yellədim). Allah xatirinə cavab ver, sənə nə olub?

(Mən cəld ona tərəf çevrildim və ayağa qalxdım. O mənə baxdı, təqsirkar adamlar kimi gülümsədi. Bu insan nə üçün mənim həyatıma daxil oldu? Birdən mən daha betəri barədə düşündüm: bəlkə onu elə təhqir edim ki, o, həmişəlik çıxıb getsin? Ola bilsin ki, bu, həm mənimçin, həm də onunçun daha yaxşı olar?  Xoşbəxtlik­dən bunu etmədim. Mən dinməz-söyləməz çadıra yaxınlaşdım, Burbonu gətirib ona verdim).

Əziz. Boyun qaçırırsan? (gülümsəyərək) Yetimçədən?

Mən. O məndən boyun qaçırır.

Əziz. Yalvarıram, de,  bütün bunlar nə deməkdir?

Mən. Ciddi bir şey yoxdur.

Əziz. Bu bir sutka ərzində sənə nə isə olub?

Mən. Ciddi bir şey olmayıb. Sadəcə, bəzi şeyləri bilmişəm.

Əziz. Məsələn, nəyi?

Mən. Bilməsən yaxşıdır.

Əziz. Bax, bu olmadı. Əgər mənə aidiyyəti varsa, gərək deyəsən.

Mən. Sənə? Əlbəttə, bunun sənə də aidiyyəti var. Dəhşət burasındadır ki, indi mənə aid nə varsa, eyni zamanda, sənə də aiddir. Sənə elə gəlir ki, orda-dənizdə qəhrəmanlıq göstərmisən? Əslində  cinayət törətmisən.

Əziz. Mən? Səni başa düşə bilmirəm.

Mən. Bəli. Bəlkə də sənin xilas etdiyin gəmidə öz qızının ləyaqətini hərraca qoymuş mənim anam, yaxud bir qızı alçaqcasına aldadıb onu ömürlük analıq səadətindən məhrum etmiş insan olub? Bəlkə də orda özünü günahsız qurban kimi göstərən bir nəfər şərəfsiz varmış. Bəlkə də gəmidə öz dostuna şər atmış, sonra isə onun arvadını körpə uşaqları ilə küçəyə tullayıb onun mənzilinə yiyələnmiş bir adam varmış? Bəlkə də orda yaş dodaqlı, dazbaş, cavan qızları yoldan çıxaran bir adminstrator varmış. Sən isə öz həyatınız bahasına bütün bu kompaniyanı xilas edibsən!

Əziz. Bəsdir! Sən bəşər nəslinin əclaf olduğunu sübut etmək istəyirsən. Lakin belə bəsit təsəvvürlə istəyinə nail ola bilməzsən. Və belə bir iddian əsassızdır ki, gəmidəki adamları xilas etmək üçün öz həyatımdan keçməyə dəyməzdi…

Mən. Bəlkə, dünya İssık-Kulun üzərindəki səma kimi mavi, insanlar isə uçan bu quşlar kimi ləkəsizdir?…

Əziz. Yox, Nazi. Dünya nə mavidir, nə də qara. O, spektrin bütün rəngləri ilə bəzənir. Nə vaxta qədər insan mövcuddur, yer üzündə məhəbbət də, nifrət də olacaq. Nə vaxta qədər insan çörək və ətlə qidalanır, həyat uğrunda mübarizə olacaq. Nə vaxta qədər insan ölümə məhkumdur, kədər də, itki də olacaq…

Mən. Belə çıxır ki, şər məhvedilməzdir?

Əziz. Bu, şər deyil, həyatdır. Mübarizəsiz isə həyat yoxdur.

Mən. Elə isə barrikadalar qurmaq, öz həyatını qurban vermək niyə lazımdır?

Əziz. İnsanın əslən-nəslən xeyirxah, mərhəmətli və yaxşı olduğunu sübuta yetirmək, onun ehtiyac və yoxsulluqdan, köləlik və əsarətdən əyilmiş belini düzəltməkdən ötrü…

Mən. Gözəl sözlərdir… Heç olmasa sən bu sözləri deməyəydin..

Əziz. Bu sözlərin yolunda atan həlak olub.

Mən. Başqaları isə şər işlər görməkdə davam edirlər!

Əziz. Onlar xeyirxah olduqlarını bilməyən   bədbəxtlərdir.

Mən.  Bəs bunu  bilən adam necə – xoşbəxtdir?

Əziz. Hə.

Mən. Sən xoşbəxtsən?

Əziz. Mən əsas borcumu yerinə yetirməyə çalışdım… Hər şey çox sadədir.

Mən (sakitcə). Mənə belə gəlir ki, sənin xoşbəxtliyin yalnız ondan ibarətdir ki, etdiyin yaxşılığın peşmançılığını çəkməyə macal tapmamış dünyanı dəyişəcəksən…

Əziz. Mən hələ yaşamaq istərdim..

Mən. Lakin sənin cəhdin dənizdəki damla kimidir. Sənin etdiyini minlərlə başqaları etmək istəmirlər…

Əziz. Mən ki, etdim…

Mən. Belə çıxır ki, sən ölümə yalnız özünə görə getmisən? (Birdən Əzizin başı gicəlləndi və o, qumun üstündə oturdu.  Özümü ona sarı atdım).

Əziz. Narahat olma…Bu saat keçər…Tezliklə hər şey ötüşəcək (O, başını  yırğaladı. Mən dizi üstə onun qarşısında otur­dum, yanağımı onun ovcuna söykədim).

Mən. Bağışla məni…Mən çox yaramaz qadınam. Mən qəddar həşəratam. Mənim bütün dünyaya acığım tutub. Öz iztirablarım, qəmim-kədərim üçün, heç vaxt ana ola bilməyəcəyim üçün qisas almaq istəyirdim.

(O mənim başımı köksünə sıxdı. Mən onun ürəyinin necə döyündüyünü eşitdim.  O mənim saçlarımı öpdü, biz  susduq. Lakin mən öz səsimi eşitdim. Deyəsən, o da bunu eşitdi).

Mənim səsim. Bu vaxta qədər harada idin? Mən səni gözləmişəm. Bütün ömrüm boyu gözləmişəm, amma başqaları gəldilər. Gəldilər və məni öldürdülər. Budur, sən gəldin. Səninlə olma­ğı necə də arzulayıram! Yalnız səninlə! Amma sən çox gec gəldin. Dünya necə də ədalətsiz qurulub. İnsanlar nə üçün bir-birlərin­dən qorxur, bir-birlərinə nədən ötrü kələk gəlirlər, sevmək, uşaq doğmaq, buğda səpmək əvəzinə dəhşətli bombalar ixtira edirlər. Tezliklə həmişəlik gedəcəksən. Amma mənimçün həmişə­yaşar olacaqsan. Mənim qəlbimdə, vicdanımda, qürurumda əbədi yuva salacaqsan…Sağ ol, mənim xeyirxahım…

Əziz (mənim gözlərimə baxaraq). Bu gün məni gözləyirdin?

Mən. Səni hər səhər gözləyirdim. Bu gün isə yox. Sənin gəlməyini istəmirdim, ancaq bununla belə, gözləyirdim… İstəyirsən sənin palatanda növbə çəkim?

Əziz. İcazə verməzlər…

Mən. Əgər necə lazımdırsa xahiş edilsə?

Əziz. Necə lazımdırsa xahiş edilsə də köməyi dəyməz… (Mən başa düşdüm. O mənim ona öyrəşməyimi istəmirdi).

Mən. Hə, hə… İcazə verməzlər, bilirəm.

Əziz. Onlar məni tam konsiliumla müşahidə edirlər. Nədənsə mən o birilərindən ağıram… Ediklə Sergey çox zəifdirlər… (Birdən məndə ümid yarandı).

Mən. Bəlkə hələ gec deyil? Mən oxumşam haradasa… Hə, deyəsən Yuqoslaviyada. Hə, Yuqoslaviyada müalicə edə bilirlər…

Mən. Hə, hə… Əlbəttə, hər şey ola bilər. Hər şey…

Tibb bacısının uzaqdan eşidilən səsi. Əziz-iz, haradasınız?

Əziz. Axtarırlar. Getmək lazımdır (O, ayağa qalxdı, əlini mənə uzatdı).

Mən. Sizi ötürərəm, yaxşı?

(Biz asta addımlarla sahil boyunca irəliləyirdik. Ləpədöyən səs qoparırdı. Alçaqdan dənizin üzərilə qağayılar uçurdu. Biz getdik. Bir müddət sonra əlində balıqla dolu vedrə  tutmuş İsgəndər sahildə göründü. O, çadıra yaxınlaşdı).

İsgəndər. Nazi-i! (Ona hay verən olmadı). Nazi-i, haradasan? (İsgəndər maşına doğru  gedib baxdı, ins-cins yox idi. Sahilə yaxınlaşdı). Nazi-i!

(Cavab gəlmədi. O bizim düşərgəmiz boyunca qaçdı. Məni çağırdı və axtardı. Qayığın arxa tərəfində əyləşdi. Bir qədər oturub, ayağa qalxdı, bizim ardımızca yollandı. Tezliklə mən qayıtdım, qayığı və içərisində balıq olan vedrəni gördüm. Maşına yaxınlaşdım. Çamadanımı götürdüm. Şeylərimi yığışdırıb, Burbonu götürdüm. İsgəndər gəldi. O, həyəcanlı idi).

İsgəndər. Harada idin? (Mən susurdum. O mənə lap yaxın gəldi). Soruşuram, harada idin?

Mən. Daşlı burunda…

İsgəndər. Orda nə küllənirdin?

Mən. Tək deyildim.

İsgəndər. Gördüm. O kim idi?

Mən. İnsan idi…

İsgəndər. O haradan çıxdı?

Mən. Deyəsən, göydən düşüb.

İsgəndər. Gic zarafatı burax.

Mən. Yaxşı.

İsgəndər. Soruşuram, o kim idi?

Mən. İnsan…

İsgəndər. Meymun olmadığını bilirəm!

Mən. Yaxşı ki, bilirsən.

İsgəndər. Başımı qatma. Ora niyə getmişdin?

Mən. Elə-belə

İsgəndər. Bəs niyə qayıtdın?

Mən Çıxıb getmək üçün…

İsgəndər. Hara getmək üçün?

Mən Bilmirəm…Səndən ayrılıram… birdəfəlik…

İsgəndər. Birdəfəlik? Gözüm aydın…get!

Mən. Salamat qal!  (İsgəndər qayığa oturdu, siqaret çəkdi və baxışlarını dənizə zillədi. Mən çamadanı götürdüm). Şosseyə qədər maşınla apar…

İsgəndər. Şinləri yeyilib…

Mən. Eybi yox… Hər şeyə görə təşəkkür edirəm…Piyada gedərəm…

İsgəndər. Xoş gəldin…

(Mən çamadanı götürüb, yola düzəldim. O, qanrılıb həqiqətən getdiyimi görüb özünü mənə sarı atdı, dartıb çamadanı əlimdən aldı).

Mən. Burax məni, Saşa!

İsgəndər. Yaxşı, axmaqlıq etdiyin yetər.

Mən Axmaqlıq etmirəm, Saşa.

İsgəndər. Axı nə olub?

Mən. Ən başlıca şey olub…

İsgəndər. Nə?

Mən. Başqasına rast gəlmişəm.

İsgəndər. Nə vaxt?

Mən. Yarım saat əvvəl. Bax, elə bu yerdə.

İsgəndər.  Onu deyirsən? (Başı ilə sanatoriyanı göstərdi).

Mən. Hə (İsgəndər çiyinlərimdən yapışıb gözlərimə baxdı və qəh-qəhə çəkdi).

İsgəndər. Ələ salırsan? Hə? Amma oyunbazsan ha! (Mənim gülmədiyimi görüb itələdi və qaşqabağını tökdü). Doğru sözündür?

Mən. Hə.

İsgəndər. Sən onunla olmusan?

Mən. Hə, olmuşam.

İsgəndər. İndi o haradadır?

Mən. Çıxıb getdi.

(İsgəndər maşına tərəf cumdu, mühərrikin iri açarını qamarladı).

İsgəndər. Onu öldürəcəyəm!

Mən Çatmazsan…

(İsgəndər açarı tulladı, mənə yaxınlaşdı, saçlarımdan yapışdı. Mən diz üstə çökdüm).

İsgəndər. Zarafat edirsən? De ki, yalan deyirdim!

Mən. Yox.

İsgəndər. Qancıq! (O, çamadanı qolu getdikcə tulladı və vəhşi qəddarlıqla məni döyməyə başladı. Sanki onun bütün fəlakətlərinə bais mən idim). İndi gedə bilərsən!

(O, sahilə doğru getdi, arxasını mənə sarı çevirərək əyləşdi. Mən ayağa qalxa bilmirdim. Əlim bərk ağrıyırdı. Mən ağrıdan və incidiyimdən ağlayırdım).

Mən. Niyə belə etdin?

İsgəndər. Rədd ol burdan!

Mən. Sən bədxah adam deyilsən, amma özünü yalandan bədxah kimi göstərirsən…

İsgəndər. Çıx, get!

Mən. Sən xeyirxah adamsan, ancaq özün bunu bilmirsən… (O, üzünü çevirib məni eşitmək istəmirdi). Əgər bilsəydin necə xeyirxah adamsan, heç zaman belə hərəkət etməzdin…

(O, tüpürərək siqaretini atdı. Mən oturub ağlayırdım. Bədənim ağrıyırdı və bərk incimişdim, çamadanı heç cür aça bilmirdim. Nəhayət, açdım, güzgü çıxartdım, saç düzümümü qaydaya salmağa başladım. Yanağımı boyamış tuşu sildim. O, ayağa qalxdı, mənə yaxınlaşdı, əlimdən tutdu).

İsgəndər. Ağrıdır, hə? (Mən başımın işarəsi ilə təsdiq etdim. O, son dərəcə incə səmimiyyət və sevgi ilə əlimi öpdü, saçlarımı sığalladı).  Səninçin ayıb deyil? Bir kişi sənə azlıq edir?

Mən. Bəs sənə bir qadın azlıq edir?

İsgəndər. Mən kişiyəm.

Mən. Mən də qadınam.

İsgəndər. Qulaq as, Nazi, nahaq yerə məni ələ salırsan. Axı mən də insanam. Mənim də özümə görə mənliyim, əsəblərim, şərəfim və hətta ürəyim var.

Mən. Qəribədir…

İsgəndər. Gəl, ciddi danışaq.

Mən. Gəl…

İsgəndər. Müfəssəl danış, görək nə olub?

Mən. Müfəssəl? Mən bütün həyatım boyu axtardığım adama rast gəldim, o…

İsgəndər. Ancaq rica edirəm, lirikasız-filansız! O kimdir?

Mən. Dənizçi-zabit. Meymunu da mənə o bağışlayıb.

İsgəndər. O səninlə evlənmək istəyir?

Mən. Tezliklə o öləcək…

İsgəndər. Xəstədir?

Mən. Hə…

İsgəndər. Bəs elə isə hara getməyə hazırlaşırdın?

Mən. Sadəcə, çıxıb gedirəm…Eskimoslar, ağ ayılar olan yerlərə… Hər şeyi təzədən başlayacağam…

İsgəndər. Məni tərk etsən, ürəyim partlar… (İlk dəfə idi ki, ondan belə sözlər eşidirdim. Mən ona baxdım: bəlkə aldadır? Yox. O, çiyinlərimdən tutdu).

Mən. Lazım deyil, Saşa. İndi bunun heç bir mənası yoxdur.

İsgəndər. Sənsiz yaşaya bilmərəm…

Mən. İlahi! Sən necə də qəribə və mürəkkəb adamsan…

İsgəndər. İstəyirsən, birlikdə gedək. Hə? Mən hər şeyi ataram. Hətta ticarəti də. Pedaqoji institut qurtarıb müəllim olaram. Sən oxuyar, öz sevimli əyləncən-nəğmə ilə məşğul olarsan. Bizim üçün ikilikdə yaxşı keçər.

Mən. Gecdir, Saşa.

İsgəndər. Xoşbəxt olmaq heç vaxt gec deyil.

Mən. İkilikdə bizimçin darıxdırıcı olacaq…

İsgəndər. Böyük oğlumu da özümlə götürərik. Arvadım verər, sən onu doğma balan kimi sevərsən… O çox yaxşıdır… Məni bağışla. Bunu çoxdan etməli idim. Amma məni də qınamalı deyil. Otuz beş yaşında üz-gözün öyrəşdiyi ailəni tərk etmək, sevimli balalarını atmaq asan deyil. Bu, qarşıda səni nələr: fəlakətmi, yainki qaş-daşla, xəzinə ilə dolu adanın gözlədiyini bilmədən belə bir qayıqda kompazsız-filansız okeana çıxmaq kimi bir şeydir. Ancaq indi hər şeyi götür-qoy etmişəm. Səni itirə bilmərəm… Gözümün nuru! Mən qaranlıqdan qorxuram, çox qorxuram! Məni bağışla…Mən ki, sənin xətirinə hər şeyə hazıram! Məhəbbətin xatirinə… Bizim özümüzün xatirimizə…(Məni öpməyə başladı).

Mən. Mənim qayğıma qalacaqsan?

İsgəndər. Hə!

Mən. Məni sevəcəksən?

İsgəndər. Hə!

Mən. Bizim üçün yaxşı olacaq?

İsgəndər. Hə! Hə! Hə!  (O məni öpdü. Mən gözlərimi yumaraq gülümsəyirdim. Mən ona inanırdım. Səma mavi di. Yer mavi idi. Biz mavi idik. Dəniz mavi idi…).

Gecədir. Dəniz nura qərq olub. “Mayak”ın şərti adını bildirən siqnallar yer üzünü dolaşırdı.

Aqniya Bartonun həyəcanlı səsi. Hörmətli radio dinləyiciləri! «İnsanı tapmalı» verilişimizin axırıncı dəfə səsləndiyi gündən bir ay keçir. Budur, qarşımda bir yığın məktub durur. Onların birində deyilir: «Hörmətli Aqniya Lvovna, sizin şeirləriniz uşaqlıqdan mənə tanışdır. Biz onları qardaşım Alekseylə hələ müharibədən əvvəl öyrənirdik. İndi Aleksey yoxdur. Qırx ikinci ildə Leninqradda bizim evə bomba düşdü. Qardaşımla mən küçəyə qaçdıq. Mən onu itirdim. Öz şəklimi sizə göndərirəm. Biz Alekseylə əkizik. Bir-birimizi tapmaqda bizə kömək edin…»

Başqa bir məktub: “Yoldaş, Barto, mən Sovet İttifaqı Qəhrəmanı Pyotr Beskalov Moskvadan Berlinədək bədənimdə bir yer belə çızılmamış gedib çıxmışam. Ancaq ürəyimdə böyük yara var. Arvadım İrina Viktorovnanı və oğlum İqoru itirmişəm. Biz Xar­kovda yaşayırdıq. Cəbhədən qayıdanda evin  yerində boş mə­həl­lə və xarabalıqlar gördüm. Xahiş edirəm, radio vasitəsilə məlumat verəsiniz. Bəlkə onların hansısa sağdır və mənə cavab verəcəkdir”.

Üçüncü məktub: “Mustafa Taqayev yazır ki, uzun müddət hərbi xəstəxanada yatıb və mühasirə zonasında olan ailəsini-1900-ci il təvəl­lüdlü anası Zülfiyyə Əhmədovanı, 1920-ci il təvəllüdlü arvadı Mari­ya Nikolayevnanı, 1941-ci il təvəllüdlü qızı Tamaranı itirib…”. İvçenko Sergey Petroviç 1935-ci il təvəllüdlü qardaşı Alekseyi axtarır…

 


BEŞİNCİ FƏSİL

 

Bu gün günəşi  görməmişdik. Səhərdən hava tutqun olub. Qara bulud topaları dənizin üzərilə hərəkət edirdi. Havadan yağış qoxusu gəlirdi. İsgəndər maşınla əlləşir, mən isə şeyləri yığışdırırdım: biz qərara gəlmişdik ki, şəhərə qayıdaq.

Uzaqdan göy gurultusunu xatırladan uğultu qopdu. İsgəndər başını qaldırıb qulaq asdı.

İsgəndər.  Yəqin təyyarədir. İndi daha yaza qədər tufan olmayacaq. Dağlara yağış yağır… (Mən dağlara baxdım. Ağ zirvələr buludların üstünə çıxmışdı. Mən arxa çantasını maşına apardım və çadırın bərkidildiyi payaları çıxarmağa çalışdım). Qoy onlar gələn ilə qədər qalsınlar. Heç kim toxunmaz. Yaxınlarda Talasda minillik tarixi olan qədim qəbiristan tapıblar. Deyilənə görə, meyit çürüyüb, tabut isə qət-təzədir. Ona görə ki,  ardıcdandır. Çox möhkəm ağacdır (Mən maşına yaxınlaşdım. İsgəndər maşının hansısa detalını əlində hərlədirdi). Üzümü sil, Nazi. (Mən onun yaş alnını sildim, saçlarını düzəltdim. O məni öpdü, qucaqlamaq istədi, mən özümü kənara verdim).  Bayaqdan susub danışmırsan, niyə?

Mən. Bütün gecəni danışmışam. İndi fasilədir.

İsgəndər (təlaşla). Bəlkə fikrindən daşınmısan? (Bu an o mənə çox gülməli və əziz göründü. İsgəndərə baxıb gülümsədim, o da gülümsədi. Sonra İsgəndər detalı yerinə taxdı. Motor işə düşdü). Hə, düzəldi! İndi əlimi yuya bilərəm… Loroşfuko demişkən, indi dumanı yarıb gələcək üfüqlərə doğru gedək (Sabunu götürüb dənizə sarı getdi). Ehe, bir bax, kimsə qayıqla buraya gəlir (Mən səksəndim). Deyəsən qadındır.

(İsgəndər əlini yellədi. Biz dənizə baxırdıq. Bir azdan bir qayıq sahilə yan aldı. Ağ xalatlı qız qayığı idarə edirdi. İsgəndər qayığı sahilə çəkdi. Qız sıçrayıb qumun üstünə düşdü. Yay çəkmələri azacıq bulandı. O, balacaboylu, sarışın saçlı, aydın gözlü bir qız idi, mələkciyəzə oxşayırdı. Deyəsən, bu, o zaman Əzizi səsləyən qız idi).

Qız. Mən Nazini axtarıram (Mənə yaxınlaşdı). Sizə çatdır­ma­ğı xahiş etdilər (zərfi uzatdı).  Əzizdəndir. Onun dalısıycan sanitar vertolyot gəlib (Mən zərfi açıb bir kənara çəkildim).

Əzizin səsi (məktub). “Əziz Nazi! Axşam mənə qan köçürdülər. Amma səhər tezdən halım yenə xarablaşdı. Özümü heç vaxt belə pis hiss etməmişdim. Deyirlər akademik Pavlov ölərkən keçirdiyi hissləri assisentinə diktə edib. Mən nə alim, nə də rəssamam. Mənim uşaqlarım yoxdur. Mən ev tikməmişəm, ağac da əkməmişəm. Mən öz hisslərimdən, duyğularımdan savayı insanlara heç bir şey qoyub gedə bilmirəm. Mən başa düşürdüm: insan ona görə doğulur ki, Yer üzündə nə isə etsin. Bunun naminə o, yaşamalıdır. Xeyirxahlıq və pislik eləmək insanın öz əlindədir. Baxır öz vicdanına. Həmişə yadında saxla ki, insan öz mövcudluğu zamanı xeyirxah və gözəldir. Mən öz həyatımı yalnız yaxşılıq və xeyirxahlıq  yolunda qoydum. Məni tikə-tikə etsələr də öz əqidəmdən dönmərəm. Bədxahlıq həmişə mövcud olub, ancaq onu edənlər bədxahlığın özündən də yüz qat betərdir. Səni öpmədiyimə, səninlə çadırda yaşamadığıma, gecələr şəhərdə gəzmədiyimə görə bilirsən nə qədər heyfsilənirəm. Lakin bununla belə…Biz görüşdük, bir-birimizi tanıdıq. Bilirəm, məktub kefini pozacaq. Bağışla. Mən pijonluq etmək istəmirəm. Özümü son dərəcə pis hiss edirəm. Mən ölürəm. Salamat qal, Nazi! Mən səni sevirəm!»

(Uzaqlarda motor gurultusu eşidildi).

Mən. Onu nə vaxt aparacaqlar?

Qız. İndicə.

Mən. Huşu başındadır?

Qız. Yox.

(İsgəndər bizə baxmadan qaşqabaqlı və dilxor halda əlini yuyurdu).

Mən. Sənin neçə yaşın var, ay qız?

Qız. On yeddi. Nə olub ki?

Mən. Sənin nişanlın var?

Qız. Yoxdur.

Mən. Heç kişilərlə olmusan?

Qız. Yox…

Mən. Doğru deyirsən?

Qız. Oy, sizə nə olub! (İncimiş halda üzünü çevirdi. Mən məktubu ona uzatdım.)

Mən Götür.

Qız. Nə üçün?

Mən. İnsanlar sənə həşərat kimi görünəndə oxuyarsan.

Qız. Məgər belə də olur?

Mən. Olur.

(Vertolyotun uğultusu artdı. Uğultu artıq bütün havaya yayıldı. Vertolyot havaya qalxdı)

Mən. Əziz! (Mən vertolyotun ardınca qaçdım, ilişib yıxıldım. Gurultu kəsildi. Mən tam sakitlik olana qədər üzüqoylu uzandım. Yalnız yağışın səsi gəlirdi. Sonra  başımı qaldırdım. İsgəndər və qız mənə baxırdı).

İsgəndər (xəstələrin danışdığı kimi sakit və asta-asta). Hə, qurtardı?

Mən. Qurtardı (Mən maşına sarı getdim, çamadanı və Burbonu götürdüm).

İsgəndər. İndi leysan başlayacaq (Mən cavab vermədim və yola düzəldim. O özünü mənə çatdırdı). Ay dəli, hara?

Mən. Bilmirəm…

Mən bir əlimdə çamadan, o biri əlimdə meymun sahil boyu irəliləyirdim. Külək sifətimə döyəcləyir, yağış şırıltı ilə tökülürdü. Dalğalar ayaqlarımı qucaqlayırdılar. Mənə elə gəlirdi ki, hansısa əzəmətli bir musiqini dinləyirəm. Bəlkə də bu Raxmaninovun musiqisi idi…

 

 

PƏRDƏ

 



* Neandertal adam-qazıntı halında tapılan və orta paleolit dövrü adamı (tərcüməçi)

* bisens – əli bilək oynağından bükən çiyin əzələsi (tərcüməçidən)

* heykəltəraşlıqda: çılpaq bədənlərin tənasül üzvlərini örtən yarpaq təsviri (tərcüməçidən)

Yazıya 57 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.