QREHEM QRİN
CANLILAR YAŞAYAN OTAQ
(iki pərdəli, dörd şəkildə psixoloji dram)
İngilis dilindən tərcümə edəni: Akif Abbasov
İştirakçılar:
Meri – qulluqçu
Maykl Dennis – 45 yaşında
Roz Pemberton – 20 yaşında
Miss Tereza Braun – 78 yaşında
Miss Helen Raun – 60 yaşında
Ceyms Braun ata – 65 yaşında
Missis Dennis – 45 yaşında
I PƏRDƏ
Birinci şəkil
Qonaq otağı. Yanvar ayı. Günorta çağı. Pərdə açılanda ilk növbədə otağın qeyri-adiliyi diqqəti cəlb edir. Görünüş etibarilə o, Holland-parkdakı digər evlərdən fərqlənmir. Qonaq otağında nəyin qəribə, qorxulu olmasını söyləmək çətindir.
Səhnənin dərinliyində – iri pəncərə arxasından ağacların başları görünür. Pəncərə nədənsə yarıya qədər dəmir şəbəkəyə alınıb. Ola bilsin ki, məsələ mebellərin yerləşdirilməsindədir.
Otaq qeyri-adi üslubda bəzədilib. Onu daha münasib qaydaya salmaq olardı. Əslində bizim günlərdə bunun üçün baş sındırmağa dəyməz. Otaqda iki qapı var: biri açıqdır – qapıdan pilləkən meydançası görünür. İkinci qapı bağlıdır, bir neçə pilləni aşaraq oraya daxil olmaq mümkündür.
Pərdə qalxarkən birinci mərtəbədən zəng səsi eşidilir.
(Meri tələsik daxil olur. Geyimindən onun qulluqçu olması əsla bilinmir. Biçimsiz qıçlı bu qadın gəldi-gedər qulluqçudan daha çox ev adamı təsiri bağışlayır. Meri pilləkənlə örtülü qapıya doğru qalxır, dəstəyi dartır. Qapı qıfıllıdır)
Meri (astadan). Miss Tereza…
Bir an diqqətlə qulaq asır. Zəngin yenidən səsləndiyini görüb pilləkənə sarı gedir.
Pilləkəni qaçaraq düşdüyündən ayaq səsləri aydınca eşidilir. Bu zaman qıfıllanmış otaqdan suyun şırıltısı gəlir. Həmin səs dərhal otağın nə isə özünəməxsus bir xüsusiyyətə malik olduğunu bizə xatırladır. Belə güman etmək olar ki, bura əvvəllər yataq otağı imiş. O, qonaq otağına oxşamır, tualet otağına açılır.
Pilləkəndə addım səsləri eşidilir. Merinin və başqa bir nəfərin səsi gəlir.
Meri. Miss Braun sizi şən əhval-ruhiyyədə görəndə çox şad olacaq. Buna inanın, miss Roz.
Maykl. Ümid edirəm ki, o, mənim teleqramımı alıb… Uf… Amma nə pilləkəndir?! Qalxdıqca qurtarmaq bilmir.
Meri. Heç qış havasına oxşamır, ser. Yaman istidir.
Maykl. Doğrudan? Qatarda isə yaman soyuq idi. Zalım uşağı sobaları da yandırmamışdı.
Meri Maykl Dennislə Roz Pembertonu otağa gətirir. Mayklın yaşı qırxı adlayıb. Özünü məmnun aparmağa cəhd göstərsə də, sifətində əks olunmuş qayğını yox edə bilmir. Nədənsə iztirab hissi keçirir və bacardığı qədər bunu büruzə verməməyə çalışır. Roz təxminən iyirmi yaşlarındadır. Yuxudan kal oyandığı hiss olunur. Yuxulu gözləri, cazibədar və bir qədər iztirab ifadə edən sifəti gənc, yetişmiş qız kimi ona son dərəcə yaraşır. Bəlkə də o, heç vaxt belə – bu günki kimi, indi olduğu təki füsunkar görünməyəcək…
Meri. Miss Braun bu saat yanınıza düşəcək, ser (gedir).
Maykl. Düşəcək? O, talvarda yaşayır?
Rozla Maykl özlərini narahat hiss edirlər. Bir-birlərindən kənarlaşıb otağı gözdən keçirirlər.
Hm… Dördüncü mərtəbədə qonaq otağı düzəldiblər. Görəsən bu qonaqları bezdirmək üçün deyil ki?.. (Həyəcanlı halda otağı dolanıb əvvəlki yerinə qayıdır, Rozdan üç addım kənarda dayanır). Qəribə otaqdır. Nə isə qondarma forması var. Nə demək istədiyimi başa düşürsən? Onların zövqləri korlanıb nədir?.. Maraqlıdır, bu pilləkən hara çıxır? (pillələri göstərir, qalxır, qapını açmaq istəyir. Xalçanın üzərilə əvvəlki yerinə qayıdıb ayaq saxlayır). Braunlar nəslinin ailə sirri… Nə üçün ağzına su almısan? Dillənsənə. Ürəkaçan bir şey de. De ki, nəyimizə gərəkdir onların işinə qarışmaq.
(Roz başını yelləyir)
Yox, hər halda ciddi bir hadisə baş verməyib. Mən ailənin sadiq dostuyam. Səni sağ-salamat gətirib çıxarmışam. Vur-tut iki saat gecikmisən. Həm də qabaqcadan onlara teleqram göndərmişik. Yetimciyəz mühafizədə olub. Onlar bihudə yerə nigarançılıq çəkiblər. Sən ki mənimlə olmusan.
Roz əlini uzadır, üsulluca Maykla toxunur. Maykl onun əlini ovcunun içərisinə alır, bərk-bərk sıxır. Lakin bir-birlərinə yaxınlaşmağa ürək etmirlər.
Bax ha, ehtiyatlı ol. Mənə görə nigaran qalma. Artıq mən ehtiyatın nə demək olduğunu dərk edəcək yaş həddinə dolmuşam. Amma öz aramızdır, yaxşı tədbir gördüm: dəhlizin hər qurtaracağında bir otaq. Cəmi iki otaq. Qulluqçu qadın oyanmamış ayrılmağa macal tapdıq. Dan üzü səliqə ilə hərənin ayaqqabısı öz otağının qarşısında qoyulmuşdu.
Roz (yalvarıcı tərzdə). Nə üçün, istəklim? Axı biz nədən qorxmalı idik?
Maykl. Ehtiyat igidin yaraşığıdır. Bu yaşımda sənə «sevgilim» deməyə haqqım yoxdur. Mən yarı yaşını ötmüş evli kişiyəm. Sənə yalnız «əzizim» deyə müraciət etsəm, bu, gülünc səslənməz. Ancaq yadında saxla ki, nə vaxt sənə «əzizim» deyirəmsə, bu, ürəkdən gəlir, əzizim.
ROZ. Əgər pilləkənlə qalxan olsa, eşidərik… (Mayklı öpür)
Bu vaxt tualet otağının qapısı arxasından burulan açarın səsi eşidilir.
Onlar aralanırlar… Qapı açılır, miss Tereza Braun girir. Bu qoca lediyə 70-dən artıq yaş vermək olar. O, ardınca qapını örtür.
Helen xala…
Tereza onlara məhəl qoymur. Yanlarından ötür, elə bil otaqda heç kim yoxdur və pilləkən meydançasında gözdən itir.
Maykl. Bu nə məsələdir? Niyə dillənmədi? Necə bilirsən, o bizi gördü?
Roz. Yox. Ola bilsin ki, eşitdi.
Maykl. Yəqin heç eşitmədi də…
Tereza qayıdır. Sevinclər içərisində qollarını açır.
Tereza. Əzizim, sən yəqin ki, Rozsan. Meri gəlişin barədə bir kəlmə də demədi.
Roz (onu öpür). Sizsə Helen xalasınız. Yoxsa sizi nənə çağırım?
Tereza. Əzizim, mən Tereza xalayam.
Roz. Mən necə də səfehəm.
Tereza. Heç bir gilə də. Aradan gör neçə il keçib. O vaxtlar uzağı altı yaşın olardı, düz demirəm?
Roz. Elədir, Tereza xala. Bu, cənab Dennisdir.
Tereza. Səni görməyi çoxdan arzulayırdım, cənab Dennis. Biçarə bacım qızı öz məktublarında tez-tez səni yad edərdi.
Roz (Maykla). Anamı deyir…
Maykl. Başa düşürəm… Miss Braun, əminəm, fikirləşməzsiniz ki, sizin etimadınızı doğrultmamışam.
Tereza. Anlamıram, Sən nəyi nəzərdə tutursan, cənab Dennis? Etimad?
Maykl. Biz on iki saat ləngidik. Belə qərara gəldik ki, dəfndən sonra yorğun-arğın yola çıxmaqdansa dincəlib yola düşmək daha ağıllı olar.
Tereza. Dəfn mərasimində iştirak edə bilmədiyimə görə çox heyfsilənirəm, əzizim. Dayınla Helen xalanı yalqız qoyub gedə bilmədim. Ümidvaram ki, cənab Dennis, kənddə gecələməyə yer tapmısan.
Maykl. Əlbəttə, «Qırmızı Şir» karvansarasında.
Tereza (Roza). Bu gün səhər Terner ata anan üçün messa oxudu, mənim əzizim.
Roz. Gör ha. Bilsəydim, yolda ləngiməzdim.
Tereza. Hamımız kilsədə olduq. Qardaşım da getmişdi. Orada səni yad etdik. Sən katoliksən, cənab Dennis?
Maykl (kəsik-kəsik). Xeyr.
Tereza. Təəccüblüdür, bəs elə isə bacım qızı səni niyə qəyyum təyin edib?
Roz (bir qədər sərt). Nə üçün də yox? Atam da katolik deyildi.
Tereza. Elədir, əzizim. Eh, zavallı Con… Cənab Dennis, bir fincan çay içməzsən ki?
Maykl. Narahat olmayın. Mən yalnız Rozu ötürmək üçün gəlmişəm.
Tereza. «Zəhmət çəkənlər öz əməkləri üçün mükafata layiqdirlər». Bağışlayın, cənab Dennis, bircə dəqiqə (qapıya yaxınlaşır və səsləyir). Meri!
Cavab yoxdur. Meydançaya sarı gedib təzədən çağırır.
Meri! (meydançadan). Saat neçədir?
Maykl. Beş tamam.
Tereza. Meri son dərəcə diqqətli və dəqiqdir. Qayda-qanuna sözsüz əməl edir. Bu gün isə… qəribədir. O, həmişə altıya on dəqiqə işləyənədək burada olur. Bu onun borcudur.
Maykl. Xahiş edirəm, üzrlü sayasınız, mən getməliyəm.
Tereza. Qardaşım adətən, bu vaxtlar çay içir. Meri!.. (pilləkənlə düşür).
Maykl. Bir gör ha… Buzu sındırdıq. Tərslikdən hər ikimiz naşıyıq. Konkidə yaxşı sürüşə bilmirik.
Roz. Səni narahat edən nədir, əzizim? Mənim fikrimi çəkirsən? Lazım deyil. Doğru sözümdür (bir az qüssəli). Anamın dəfnindən sonrakı gecə mən sənin oldum. Bilirəm, bu yaxın qohumlar arasındakı cinsi əlaqə kimi dəhşətli bir günahdır. Kiş-kişlər olsun! Amin!
Maykl. Yox, mənim qorxum, narahatlığım yalnız özümə görədir. Qorxuram bir vaxt mənim üçün əlçatmaz olarsan. Burada, bu qocalar arasında keçilməz, sıx meşədə azarsan. Nədənsə mənə elə gəlir ki, səni itirirəm. Dəqiqələr ötür… Kim bilir sabah nə olacaq (otaqda gəzir).
Roz çaşqın və həyəcanlı halda ortalıqda donub qalır.
Roz. Həyəcanlanma, əzizim, məni itirməzsən. Sən mənim qəyyumum təyin olunmusan. Məgər unutmusan?
Maykl. Rəsmi görüş üçün həmişə bəhanə tapılır. Sən bunu demək istəyirsən? (pillələri qalxır). O buradan çıxdı (tualet otağının qapısını açır). Bu nə cəfəngiyyatdır. Dördüncü mərtəbədə qonaq otağı ilə yanaşı tualet və hamam. Çox güman ki, əvvəllər yataq otağı imiş.
Miss Helen Braun daxil olur.
Helen. Sən Rozsan?
Öpüşürlər.
İstəkli quzum. Yadına düşür? O vaxtlar səni belə çağırardım… Cənab Dennis?
Əl verib görüşürlər.
Sən inanmazsan, cənab Dennis, bu istəkli quzum necə dəcəl və adameşitməz idi.
Helen öz bacısına nisbətən cavan və kökdür. Bir zənən xeylağı kimi daha mehriban təsir bağışlayır. Əslində isə başqasının həyatına hiss edilmədən soxulmaq, xoşbəxtliyinə qəsd etmək onun üçün su içmək kimi asandır.
Gəldiyinizi Tereza mənə dedi. Qulluqçu vaxtından əvvəl getdiyindən indi çayı o hazırlayır. Bir yandan baxanda Meridə günah yoxdur. Mətbəxdə saat həmişə qabağa qaçır. Roz, istəklim, bəlkə yağ-çörək hazırlamaqda xalana kömək edəsən?
Roz. Kömək edərəm, ancaq onun harada olduğunu…
Helen. Pilləkənlə aşağıya – birinci mərtəbəyə düş. Orada vurnuxur. Dərhal görəcəksən (Maykla). Zavallı bacımın gözləri get-gedə qüvvədən düşür. Ancaq əlimizdən nə gəlir?! Artıq 78 yaşı var.
Roz (Maykla). Səni bir daha görmək səadətinə nəsib olacağam?
Helen. Cənab Dennis hələ bizimlə çay içəcək. Düz demirəm, cənab Dennis?
Roz könülsüz halda otağı tərk edir.
Helen. Əhvalım elə pozulmuşdu ki, dəfn mərasimində iştirak edə bilmədim. Əyləş.
Maykl. Gecikmək istəməzdim.
Helen. Hələ sizinlə söhbətimiz olacaq (kreslolardan birində əyləşir). Braunların hamısı Flopsi Bonni kimi hər şeyi bilmək istəyənlərdir. Sən Flopsi Bonnini xatırlayırsan, cənab Dennis?
Maykl. Xeyr.
Helen. Bəs Beatris Potteri? O, mənim nəslimdəndir. Yaxınlıqda onunla Dobenhemdə rastlaşdıq. Bazarlıq edirdi… Sən mənə bir qədər yaşlı görünürsən…
Maykl. Qırx beş yaşım var (könülsüz oturur).
Helen. Yəqin düşünürsən: biz katoliklər hər şeyi müfəssəl öyrənməyi nə yaman xoşlayırıq… Əziz Tereza eşidəndə ki, bacıqızı son arzusunu yerinə yetirməyi katolik olmayan birisinə tapşırıb, quruyub qaldı.
Maykl. Mən onun ərinin dostu idim. Yalnız dostu yox, həm də şagirdi. Mən ona ömrüm boyu borcluyam. London universitetində indiki nüfuzum, işim, vəzifəm də bura daxildir.
Helen. Sən, əlbəttə, bizi dardüşüncəli hesab edəcəksən. Yazıq Conun peşəsi heç vaxt ürəyimizdən olmayıb. Ancaq fikrimizi bacımız qızına deməmişdik. Bilsəydi, ona dərd olardı.
Maykl. Qorxuram mənim peşəmi də bəyənməyəsiniz… Amma mən sadəcə psixologiyadan mühazirə oxuyuram. Professor deyiləm.
Helen. Nə danışırsan, cənab Dennis, bunun sənə zərrəcə dəxli yoxdur. Biz ki səninlə yad adamlarıq. Nə isə, qayıdaq vəsiyyətnamənin üstünə. Axı bu barədə biz hələ heç nə bilmirik (mehribancasına). Sadəcə, maraqdır.
Maykl. Rozun 25 yaşı tamam olanda ildə səkkiz yüz funt alacaq. Həmin vaxta qədər sizin qardaşınızla mən onun himayəçisi olacağıq.
Helen. Səni niyə narahat edək? Bu işi bizim ailənin öhdəsinə buraxsan, daha yaxşı olar.
Maykl. Ölümündən qabaq Rozun atası məni hami təyin edib. Missis Pemberton isə, sadəcə, bunu qüvvədə saxlayıb. Ərinin dostları onun da dostları idi. Conun ölümündən sonra mən hər yay onlara baş çəkirdim.
Helen (kədərli). Bacım qızı, Braunlar arasında katolik olmayanla nikah bağlayan yeganə adamdır.
Maykl (gülümsəyir). Bütün Braunlardan yeganəsi?
Helen. Xeyr, bizim Braunlardan yeganə adam deyirəm. Deməli, sən həm də qəyyumsan, mister Dennis?
Maykl. Bəli, hüquqşünaslar, görünür, işin xatirinə mənim Roza həm qəyyum, həm də himayəçi olmağımı düzgün və qanuni hesab edirlər. Elə ki, vəsiyyətnamə təsdiq olundu, mən daha sizi naraşat etməyəcəyəm.
Helen. Sən məni yaxşı anlamadın.
Maykl. Mən heç də himayəçi rolunu ifa etmək üçün yarandığımı düşünmürəm, miss Braun.
Helen (özünü elə göstərir ki, guya onun fikrini yaxşı başa düşüb). Roz sarıdan bir qədər nigaran qalmışdıq. Sənin teleqramını alanda ürəyimiz təskinlik tapdı.
Maykl. Dəfndən sonra o, bərk yorulmuşdu. Bütün gecəni yolda keçirmək onu üzüb əldən salardı. Ona görə gündüz qatarını seçdim.
Helen. Bütün günü evdə yalqız oturmaq yəqin ki, yazıq Rozun dərdini bir az da atırıb
Maykl. Hər halda dərhal yola düzəlmək bundan daha betər olardı (lazım gəldiyindən daha artıq aydınlaşdıraraq). Özümçün «”Qırmızı Şir”də otaq kirayə etmişdim.
Helen. Bu sənin tərəfinizdən böyük lütfkarlıqdır, cənab Dennis. Kənd kənd olaraq qalır. Onunla eyni evdə gecələməli olsaydın, bu, dedi-qoduya şərait yaradardı.
Maykl. Hətta aramızdakı yaş fərqinə belə baxmayaraq?
Helen (saxta bir gülümsəyişlə). Eh, cənab Dennis, insan elə dəhşətli məxluqdur ki…
Maykl. Dəhşətlimi? Zənn etmirəm. Ola bilsin ki, mürəkkəb və anlaşılmaz xilqət demək istəyirsiniz? Razılaşmırsınızsa, lap deyək, köməyə ehtiyacı olan bədbəxt bir yaranış…
Helen. Son məktublarının birində bacıqızı yazırdı ki, ona böyük kömək göstərmisən. Buna görə sənə hədsiz minnətdarıq. Biz özümüz, demək olar, onun üçün heç bir şey edə bilmədik.
Helen Mayklın fikri dağınıq halda ona qulaq asdığını başa düşür. O, hələ də bu otağa alışa bilmir. Divardakı ləkə xüsusilə onun diqqətini cəlb edir. Helen söhbəti davam etdirir.
Biz əlimizdən gələni edəcəyik ki, Roz unutsun…
Maykl. Üzr istəyirəm. Unutsun dediniz? Nəyi?
Helen. Əziz anasını…
Maykl. Bu, lazımdır? Mən isə, adətən, adamlara yadda saxlamağın sirlərini öyrədirəm.
Helen. Cənab Dennis, nə üçün ətrafa belə çaşqın nəzərlərdə baxırsan?
Maykl. Mən?
Helen. Qorxuram otağın qəribəliyindən söz açasan. Məsələ burasındadır ki, bu bizim yeganə otağımızdır.
Maykl. Həyətdən baxanda bina son dərəcə böyük görünür.
Helen. Otaqların əksəriyyəti qıfıllanıb.
Maykl. Müharibənin ucbatından?
Helen (ikibaşlı). Müxtəlif səbəblər üzündən (onun hələ də otağı nəzərdən keçirməkdə oduğunu görüb). Otaqların təmirə ehtiyacı var. Bu isə böyük xərc istəyir. Haradadır belə imkan?!
Tereza əlində podnos, podnosda yağ-çörək və keks içəri daxil olur.
Tereza. Helen, çay qaynayır. Bircə dəqiqə, cənab Dennis. Artıq hər şey hazırdır.
Tereza ailədə evdar Marfanın rolunu oynayır. Onun mülayim xasiyyəti var. O, başqalarının, ən başlıcası, ilk nəzərdən safqəlbli olmadığı bilinən kiçik bacısının bütün buyruqlarını itaətlə yerinə yetirir.
Maykl. Sizə minnətdarlığımı bildirirəm. Müsaidənizlə mən gedim.
Tereza. Nə danışırsan, sən hələ qardaşımızla tanış olmamısan.
Helen. Təkid etmə, Tereza. Görünür, iş çoxdur.
Maykl. Getməzdən əvvəl bacınız qızına bir neçə söz demək istərdim.
Tereza. Bacımız qızına?.. Axı o… o ki… ölüb…
Helen (sərt). Əzizim, o, Rozu nəzərdə tutur.
Maykl. Vəsiyyətnamə ilə bağlı bəzi məsələləri yoluna qoymalıyıq. Roz isə burada yoxdur.
Tereza. Ehtiyatlı adamsan. Bu, yaxşı keyfiyyətdir, cənab Dennis.
Maykl. Eləmi?
Tereza. Sən güman ki, Roza «Mənə etibar etsəniz, peşman olmazsınız» demək istəyirsən. Görünür, bu sözləri bir vaxtlar daha təsirli ifadə etmisən.
Maykl (onu anlayaraq). Qəyyum ehtiyatı əldən verməməlidir. Yoxsa, barmaqlıq arasına düşər.
Helen (onun fikrini öyrənmək məqsədilə). Sən mütləq qardaşımla görüşməli, bu hüquqi incəliyi müzakirə etməlisiniz. Roz gəncdir, belə şeylərdən baş çıxartmaq iqtidarında deyil. Tereza, Roza de, əgər yorulubsa uzanıb dincini alsın. Biz özümüz cənab Dennisi məşğul edərik.
Roz daxil olur. O, çay dəsgahını gətirir.
Roz. Mən qətiyyən yorulmamışam.
Helen. Elə isə əyləşin. Cənab Dennis, paltonu nə üçün çıxartmırsan? Bu saat Ceymsi də gətirərəm. Yəqin ki, onun uzun illər kreslo möhtacı olmağından xəbərin var (Roza). Çay süz, əzizim (çıxır).
Tereza (stəkan-nəlbəki ilə qurdalanır). Canım, sizə nə olub! Kreslo çəkib əyləşin. Yox, yox, Roz, o kresloya dəymə. O, Helen xalanınkıdır.
Rozla Maykl yanaşı otururlar. Bir-birinə nəzər salmadan təsərrüfat işlərinə başı qarışmış Terezaya baxırlar.
Tereza. Dedin bu gün səhər ibadətində harada olmusan, əzizim?
Roz. Heç yerdə, Tereza xala.
Tereza. Necə yəni heç yerdə? Əzizim, axı bu gün xaçın suya salındığı gün idi. Hə, az qala unutmuşdum. Qorxma, günaha batmazsan. Axı sən yolda olmusan.
Roz. Sadəcə, yadımdan çıxıb. Qatarın vaxtına qədər kilsəyə getmək olardı. Amma elə möhkəm yatmışdım ki…
Tereza. Heç olmasa bir tikə, cənab Dennis.
Maykl. Yaxşı, siz deyən olsun.
Tereza. Bəs sən, Roz?
Roz. Bir tikə mən də dadaram.
Tereza (çay süzərək). Yazıq ananın ölüm xəbəri bizə çatan kimi doqquz ölü duası sifariş verdim.
Roz. Sağ ol, Tereza xala.
Tereza. Sabah səhər tezdən sən də bizimlə kilsəyə gedərsən. Doqquz duadan ikincisi oxunacaq… Hm… Meri doqquzun yarısında gəlir ki… Eybi yox, biz özümüz səni oyadarıq.
Roz. Təşəkkür edirəm.
Tereza. Yağ-çörək götür, cənab Dennis (Rozla Maykl eyni vaxtda boşqaba əl uzadırlar. Təsadüfən əlləri bir-birinə toxunur və tez əllərini çəkirlər) (Roza) Helen xalan yatacağın otaq barədə sənə bir söz dedi?
Roz. Xeyr. Bir də hara tələsirəm? Qaça-qaç deyil ha…
Tereza. Görürsən, əzizim, bizim evdə darısqallıqdır. Otaqların çoxusu qıfıllanıb. Fikirləşdik ki, burada yatmağa etiraz etməzsən. Divan çox rahatdır. Mütəkkəsi açılır.
Roz. Etiraz etmirəm.
Maykl. Bayaq bu barədə bacınızla da söhbətimiz oldu. Xaricdən baxanda mənziliniz böyük görünür.
Tereza. Elədir, cənab Dennis, haqlısan. Amma otaqların əksəriyyətini bağlamaq lazım gəlib.
Maykl. Mühabənin ucbatından?
Tereza. Heç də yox.
Helen (bayırdan). Bu da biz. Qapını bizim üçün kim açacaq?
Helen qardaşı əyləşən təkərli kreslonu sürərək içəri girir. Ceyms Braunun təxminən 65 yaşı var. Onun ayaqları iri şalla örtülüb, boynuna şarf bağlanıb.
Helen (qardaşına). Ceyms, Roz budur. Bu isə onun qəyyumu cənab Dennisdir.
Ceyms. Xoş gəlmisən, mənim balam. Gör aradan neçə il keçib… Amma sən məndən çox dəyişmisən.
Roz (ona sarı əyilir, öpür). Necə dolanırsınız, dayı?
Ceyms. Lap yaxşıyıq, əzizim. Maşallah, böyük qız olubsan. Daha mənim kreslomu qatara çevirib onunla oynamazsan. Ümid edirəm ki, cənab Dennis, o səni bir elə əziyyətə salmayıb. Sizi dünən axşam gözləyirdik.
Maykl. Zənn etdik ki, səhər tezdən yola düşmək daha ağıllı olar, cənab Braun.
Helen. Braun ata, cənab Dennis. Bizim qardaşımız…
Maykl. Hə, hə, əlbəttə. Bağışlayın, xahiş edirəm.
Ceyms. Hə, Roz, bu gündən etibarən yenə də bizim himayəmizdəsən. Bizimlə olmaq sənin üçün darıxdırıcı, yainki, çətin olmaz ki? Düzdür, biz bir qədər qocalmışıq, amma heç də pis adamlar deyilik.
Roz. Mən çox şadam ki, anam məni sizə tapşırıb. Sizsiz puç olardım.
Ceyms. Sən Pembertonlar ailəsində yeganə katoliksən. Amma mənim nəzərimdə heç vaxt Pembertonları təmsil etməmisən.
Tereza (fincanı verərək). Fincanı al, Ceyms.
Roz. Dayı, sənə yağ-çörək verim?
Ceyms. Yox, əzizim, sağ ol. Yalnız çay içəcəyəm. Çox yeməklə aram yoxdur.
Tereza. Eh, Roz, keçən gecə qəribə əhvalat baş verdi. Hansı qadınsa zəng edib soruşdu ki, biz öz bacımız qızının gəlişini gözləyən Braunlarıq?
Roz. O kim idi?
Tereza. Bilmirəm. Sənin bu gün gələcəyini biləndə dəstəyi asdı.
Helen. Nədənsə bu barədə mənə heç nə deməmisən, Tereza. Məndən niyə gizlətmisən?
Tereza. Elə bu saat yadıma düşdü. (Roza) Yəqin rəfiqələrindən biri imiş. Səndən xəbər tutmaq istəyib. Eləmi?
Roz. Yadıma düşmür. Burada, Londonda kim ola bilər? (təəccüblə Maykla baxır).
Tereza. Eybi yox, vacib işi varsa, bir də zəng edər. Yeri gəlmişkən, Ceyms, mühüm bir məsələni nəzərinə çatdırım. Meri bu gün evə vaxtından on beş dəqiqə tez gedib.
Helen. Bu, onun günahı deyil. Mətbəxdəki saat iyirmi dəqiqə qabağa qaçır. (Qocalar söhbət edərkən Rozla Maykl səssiz-səmirsiz otururlar. Onlar narahatdırlar. Boş söhbətlərə qoşulmaq ürəklərincə deyil).
Tereza. Əgər saat çoxdan qabağa qaçırsa, bu daha pis. Demək, o, maraqlanıb bilməlidir ki, əslində saat neçədir (Ceymsə). Bəlkə, onunla danışasan? Sənin deməyin daha münasib olar. Öz səhvini ona anladar. Ah! (qəflətən fincanı yerə qoyub qapıya sarı getmək istəyir).
Helen. Nə olub?
Tereza. Əgər Meri ertə gedibsə bəs soba?
Helen. Soba bir-iki dəqiqə gözləyər. O da tez əkilməz. Eh, mənim işgüzar Marfam.
Tereza. Əgər axşam piroq gec hazır olsa, birinci sən deyinəcəksən.
Helen. Elə isə qoy mən bişirim. Bütün günahlar da mənim boynumda qalsın.
Tereza. Bu gün mənim növbəmdir. Düzdür, Ceyms? Biş-düşlə mən məşğul olmalıyam.
Ceyms. Bu gün cümə axşamıdır? Hə, sənin növbəndir.
Helen. Mən də sənə kömək edərəm, əzizim. Sənin ağır şeylərə güc elədiyini görəndə ürəyim tab gətirmir.
Söhbət əsnasında Rozla Maykl qalan adamlardan bir qədər aralanırlar. Tereza gedir. Onun dalınca çıxmaq istəyən Helen, Mayklın əlini uzadaraq Rozdan boş fincanı aldığını görür. Bu an onların əlləri üsulluca bir-birinə toxunur.
Roz. Sağ ol, sevgilim (o, axırıncı sözü deyərkən ehtiyatsızlıq edir. Artıq gecdir, söz ağzından çıxıb).
Helen. Ceyms, cənab Dennisi bişirdiyim keksə qonaq et (çıxır).
Ceyms. O, əla keks bişirir, cənab Dennis, dadına baxsan, peşman olmazsan.
Maykl. Minnətdaram, evə tələsməliyəm.
Roz. Elə təəssüflənirəm ki…
Maykl. Nəyə?
Roz. Demək istəyirəm ki, sənə çox əziyyət verdim.
Maykl. Zərrəcə… Amma arvadım, yəqin ki, narahatdır. O, xəstəhaldır, tez həyəcanlanır. Gərək, gələn kimi birinci evə dəyəydim. Amma vəsiyyətnamə ilə əlaqədar söhbəti qurtarmaq istədim.
Roz (istəklisi isə sabah görüşməyə can ataraq). Bir görün nə etmisən?! Sabaha qədər dözə bilməzdik? Sabah gələcəksən? Onda danışarıq.
Maykl. Nə vaxt istəsən, mən qulluğunda hazır. Sabah zəng edərəm. İndi isə dincəl.
Braun ata otaqda ola-ola onlar xoş sözlər deyib bir-birilərini sakitləşdirməyə çalışırlar.
Roz. Sən mənə əlindən gələn yaxşılığı etdin.
Maykl. Bu, mənim borcumdur. Mən sənə qənim deyil, qəyyum olmuşam.
Roz. Məni çətinliyə salma. İngilis dilinin qrammatikasını sən deyən incəliyinə kimi bilmirəm.
Maykl. Bir qəyyum kimi (astadan və qətiyyətlə) çalışacağam ki, sən heç bir çətinliyə məruz qalmayasan. Xudahafiz, Braun ata.
Ceyms. Xudahafiz, cənab Dennis. Tezliklə görüşəcəyimizə əminəm.
Roz. Mənə elə gəlir ki, kağızlarından hansınısa unutmusan… Bax, oradakılar nədir?
Bunu ona görə deyir ki, keşişin kreslosu arxasına keçsinlər və o, sevgililəri görə bilməsin. Onlar öpüşməyə macal tapmasalar da, bir anlığa bir-birilərinə qısılırlar.
Maykl. Görünür, paltomun cibində qalıb (birlikdə qapıya sarı gedirlər). Siz düşməyin. Vestibül uzaqdır, sabaha qədər, Roz.
Roz. Sabaha qədər.
Maykl (sonuncu dəfə bu qəribə otağı nəzərdən keçirərək). Xudahafiz (çıxır).
Roz pilləkən meydançasında dayanıb onun ardınca baxır. O, pilləkənləri düşdükcə addım səsləri eşidilir. Roz qayıtmaq bilmir. Pauza.
Ceyms. Yaxın gəl, əzizim. Bir fincan da iç.
Roz (qayıdaraq). Çayı çox da xoşlamıram.
Ceyms (onun fikrini duyaraq). Hə, pillələri enmək çox vaxt aparır. Bizim evdə təkcə mətbəx öz yerində – birinci mərtəbədədir. İndi ki çay içmirsən, onda yaxın gəl, yanımda otur. Mən ayda, ildə bir dəfə yad adam görürəm.
Roz. Məgər mən yadam?
Ceyms. Yadları da sevmək mümkündür…
Roz. Hə, elədir (ona yaxınlaşır, fikri isə özgəsi ilə məşğuldur). Dayı, bu qədər otağın ağzı niyə qıfıllanıb?
Ceyms. Artıq görmüsən? Belə tez?
Roz. Elə indicə mərtəbələrdə çaşıb qalmışdım. Qəribə evdir. Mənə elə gəldi ki, aşağı mərtəbədəki otaqların hamısı qıfıllıdır.
Ceyms. Bu dəqiqə başa salaram. Əslinə baxsan, səfeh səbəbi var.
Roz. Eləmi?
Ceyms. Əgər təsadüfi qonaq olsaydın, səbəbini açmaq lazım gəlməzdi. Bu ev sənin də evin olacaq. Özün hər şeyi görəcəksən. Hələ otaqlar bir yana dursun, Tereza xalan da, Helen xalan da sənə qəribə görünəcək… Eh, əzizim, həyatda elə qəribəliklər var ki…
Roz. Tereza xalanın orada görünməsi və heç nəyə məhəl qoymaması bayaq mənə müəmmalı göründü.
Ceyms. Doğru buyurursan, mənim balam. Bu, bir qədər məzəlidir… Mən də istərdim ki, sən bunu elə beləcə, baməzə qəbul edəsən. Ancaq nəbadə təsirlənəsən. Bunun heç kimə ziyanı yoxdur. Qoy bütün bunlar sənin əsəblərini yerindən oynatmasın. Hərdən düşünürəm ki, gənclərin əsəbləri qocalarınkından daha pisdir. Qocalıq babat dərmandır, illərlə də öz təsirini itirmir.
Roz. Siz hələ mənə izah etmədiniz ki…
Ceyms. Boş şeylərdir, mənim balam. Bütün bunların qarşısını istədiyim anda alaram… Eşidəndə ürəkdən güləcəksən. Allah canını sağ eləsin, bu, həqiqətən çox məzəli əhvalatdır.
Roz. Doğrudan?
Ceyms (özünü ələ alır). Bilirsən, bizim əvvəlki qonaq otağımızda Helen xalan yatır. Şikəst olduğumdan məni istəyirdilər yemək otağında yerləşdirsinlər. Mən onları inandırdım ki, pilləkənlə məni aşağı, yuxarı aparmaq onlara çətinlik törədəcək. Ona görə məni o qonşu otaqda – əvvəlki dayəmiz yaşayan kiçik otaqda yerləşdirdilər. Tereza xalan mənim otağımın qarşısındakı otağı tutdu. Əvvəllər orada gündüzlər uşaqlar atılıb-düşərdilər. Bura isə uşaq yataq otağı idi. Bütün qalan yataq otaqları qıfıllanıb.
Roz. Axı nə üçün?
Ceyms (ağır-ağır və həvəssiz). Onlar bir vaxt kiminsə öldüyü otaqlardan istifadə etmək istəmirlər.
Ceyms (açıq bir diqqətsizliklə). İnsanlarda yataq otağında ölmək bir vərdiş halını alıb. Bizim evdə bu otaqdan başqa bütün yataq otaqlarının qapısı bağlanıb. Bacılarım həmin otaqlardan istifadə etmirlər. Bura həmişə uşaq yataq otağı olub. Uşaqlar isə tezliklə ölmürlər. Öləndə isə qocalıqdan yox.
Roz. Bütün bunlar nə vaxtdan başlanıb?
Ceyms. Dəqiq bilmirəm. Atam öləndə bu mənim diqqətimi cəlb etdi. Anamın otağı qıfıllananda bu tamam təbii görünmüşdü. Axı orada onsuz da heç kim yatmırdı. Qonaqlar isə olmurdu… Başıma bu qəziyyə gələndə (ayaqlarını göstərir) burada yaşamağa başladım. Bu vaxt atamın otağının da qıfıllı olması gözümə dəydi. Mən üçüncü mərtəbədəki otaqlardan birini tutmaq istəyəndə Tereza dedi… Hə, məncə, Tereza idi. O dedi: Bu ki, Rozun otağı olub.
Roz. Rozun?
Ceyms. Sənin nənənin. Bizlərdən yalnız o, ailə qurmuşdu. O, bu evdə sənin ananı doğanda öldü.
Roz. Deməli, otaqların qıfıllanması o vaxtdan başlanıb?
Ceyms. Hansı Allah bəndəsi nəyin məhz haçan baş verdiyini bilir? Bəlkə də, o vaxtdan. Bəlkə də, biz hamımız uşaq olub bir otaqda yatan vaxtdan.
Pauza
Roz. Necə də qorxuncdur.
Ceyms. Yox, mənim qızım, bir elə qorxunc deyil. Bəzən zarafata salır, onları burada, bu otaqda öləcəyimlə qorxuduram. Sonra sual verirəm: bəs o vaxt siz – sağ qalanlar hansı qonaq otağından istifadə edəcəksiniz? Amma bir yandan baxanda, mənasız sualdır. Bunu özüm də anlayıram. Onsuz da son nəfəsimdə məni sürüyüb öz otağıma aparacaq, öləndən sonra oranı da kip bağlayacaqlar.
Roz. Bayaqdan danışırsınız, mən isə gözümü döyüb bir şey anlamıram.
Ceyms. Elə mən özüm də bu işlərdən baş aça bilmirəm. Görünür, bu, ölüm qorxusudur. Təsadüfi ölüm onları bir o qədər də təşvişə salmır. Sənin anan nisbətən cavan idi. Ona görə onun ölümünü sən deyən ürəklərinə salmadılar. O, ölməyə də bilərdi. Onları labüd sonluq qorxudur. Təbii ki, nə vaxt kim isə ölürsə, onlar lazım olan işləri görür və belə zənn edirlər ki, yaxşı katolikdirlər. Cənazə duası sifariş verir, ibadətlə məşğul olur, sonra mümkün qədər hər şeyi tez unutmağa çalışırlar. İlk növbədə foto şəkillər yoxa çıxır.
Roz. Axı niyə? Nədən ötrü?
Ceyms. Yaxşısı budur Dennisdən soruş – bu onun ixtisasıdır. O, mühazirə oxuyur, kitab yazır, psixologiyanı tədris edir. Yəqin deyəcək ki, bu, qorxu nevrozudur. Yaxud daha mürəkkəb ad tapacaq. Mən olsa-olsa bir keşişəm. Psixologiya mən girən kol deyil. Bacılarım pis qadın deyillər. Onların vicdanı ləkələnməyib. Allahın acığına gedən günah iş tutmurlar. Bəlkə də, bayaq danışdıqlarım onlar haqda sağlam fikir yaratmır. Çox zaman məhz günahkarlar başqalarından daha möhkəm inama malik olur, Allaha inanırlar. Sən ölümdən qorxursan?
Roz. Bilmirəm… Bu haqda fikirləşməmişəm.
Ceyms. Aydındır. Qoy bu barədə sən yox, onlar fikirləşsinlər.
Roz. Bəs sən, dayı, ölümdən qorxursan?
Ceyms. Bir vaxtlar qorxardım. İyirmi il əvvəl. Sonralar başıma elə müsibətlər gəldi ki. Sanki Allah məni bu qorxu ilə cəzalandırdı. Avtomobil qəzasından sonra məni gərəksiz bir vücuda döndərdi. Mən keşişəm. Lakin şikəstliyin ucbatından tövbə edənlərə qulaq asa, xəstələrə baş çəkə bilmirəm. Bir sözlə, nə diriyə hay verə bilirəm, nə ölüyə pay. Mən ölümdən qorxmazdım. Mövcud ikən gərəksiz olmaq – bax məni qorxudan budur, bundan qorxuram.
Roz. Axı siz öz ailənizə lazımsınız.
Ceyms. Keşiş yalnız öz şəxsi səadətini düşünməməlidir. Bəzən səhərlər hələ yuxudan alayarımçıq oyananda elə zənn edirəm ki, ayaqlarım öz yerindədir. Sonra yanıldığımı başa düşüb, öz-özümə: «Aman Allah, bu gün nə darıxdırıcı gündür», – deyirəm, «Səhər tezdən – ibadət, sonra – müqəddəs priçastiye ittifaqı, daha sonra – mehrab cəmiyyəti… sonra… sonra…» Bütün bu qarmaqarışıqlıqlar məni axır ki, təngə gətirdi.
Roz. İndi mən burdayam. Birlikdə dəniz sahilinə, ya da parka gəzintiyə çıxarıq.
Ceyms. Lap qiyamət olar. Amma haradadır belə imkan… Bunun üçün bir cüt nökər tutmaq lazımdır. Pilləkən hündürdür, mən isə daş kimi ağıram. Yox, qızım, sənə əziyyət vermərəm. Həm də… bu gün-sabah ərə gedəcəksən.
Roz. Hələ o vaxta çox var.
Helen girir.
Helen. Yazıq, rahatsız məxluq. Soba tamam-kamal qaydasında idi. Meriyə həmişə bel bağlamaq olar. Cənab Dennis getdi?
Ceyms. Bir az var gedib.
Helen. Gözəl adamdır, amma mənə elə gəlir ki, onda yumor hissi çatışmır. Flopsi Bonnidən söz açdım, sən demə, onun haqqında heç eşitməyib.
Ceyms. Yalnız, buna görə onu qınamağa dəyməz, Helen. Məsələn, mən ömrümdə “İtirilmiş cənnət”i oxumamışam.
Tereza tələsik gəlir.
Tereza. Cənab Dennis hanı?
Helen. O artıq gedib.
Tereza. Həmin ledi yenə zəng edib. Dünənkini deyirəm. Cənab Dennislə danışmaq istəyir.
Roz. Onun telefon nömrəsi məndə var (güclə sezilən kədərlə). Onu evdə tapa bilər.
Tereza. Ona cənab Dennisin getdiyini bildirdim. Belə olan təqdirdə səninlə danışmaq istədiyini söylədi, Roz.
Roz (rəngi avazıyır). Mənimlə?
Tereza. Həmin qadın missis Dennisdir. Onunla danışmaq istəyirsənmi, əzizim? Elə suallar verir ki, mən onlara cavab tapa bilmirəm.
Roz. Axı onunla tanış deyiləm. Heç üzünü də görməmişəm.
Helen diqqətlə qulaq asır.
Ceyms. Necə suallar, Tereza?
Tereza. Deyir axşam özünü pis hiss edirmiş. İstəyib cənab Dennisi çağırsın. Sən dedin o harada qalmışdı, əzizim?
Roz. Bilmirəm. Deyəsən kənddə.
Tereza. Sonra sənə zəng çalıb. Sən də evdə olmamısan. O mənə nəsə qəribə təsir bağışladı. Telefona get, qızım, o gözləyir.
Ceyms (Roza). Yaxşısı budur, get, onunla özün danış.
Roz (naümid). Bu, mənim işim deyil. Onu tanımıram. Maykl hara getsə, bu saat evdə olacaq.
Helen. Kefini pozsa, mənim istəkli quzum. Yol onu əldən salıb. Helen xalası onun əvəzində danışar (çıxır).
İkinci şəkil
Qonaq otağı. Növbəti gün səhər tezdən. Maykl təkdir. O nədənsə özündə-sözündə deyil. Portfelini açıb bir neçə kağız çıxarır, təzədən yerinə qoyur. Pəncərəyə tərəf gedir. Baxır. Tereza Braun daxil olur.
Tereza. Sabahın xeyir, cənab Dennis.
Maykl. Sabahınız xeyir, dünən söz verdim ki, gələcəyəm.
Tereza. Açığı, belə ertə səni gözləmirdik.
Maykl. Saat on birdə mühazirəm var.
Tereza. Qardaşım səhər yeməyini hələ qurtarmayıb. Bacımla mən səhər ibadətinə getmişdik…
Maykl. Qardaşınızı narahat etməyə dəyməz, miss Braun. Mən Rozun yanına gəlmişəm.
Tereza. O, evdə yoxdur. Bizimlə kilsədə də olmayıb.
Maykl. Elə isə günorta saat üçdən sonra gələrəm. Saat ikidə tələbələrlə məşğələm var.
Tereza. O, günorta da evdə olmayacaq.
Maykl. Nə etməli, çalışaram axşam gəlim.
Tereza. Təəssüf ki, axşam da görə bilməyəcəksən. Bacım belə söylədi.
Maykl (acı bir istehza ilə). Miss Braun dedi ki, o, sabah da evdə olmayacaq, eləmi?
Tereza. Bəli.
Maykl. Nə üçün?
Tereza. Yəqin ki, Helen səbəbini bilir. Mən bilmirəm.
Maykl. Roz haradadır?
Tereza. Doğru sözümdür, cənab Dennis, xəbərim yoxdur. Mənə heç də hər şeyi izah etmirlər.
Maykl. Mən anasının vəsiyyətinə görə Roza həm qəyyum, həm də himayəçi təyin olunmuşam. Onunla danışmağı mənə yasaq etməyə bacınızın ixtiyarı yoxdur.
Tereza. Mən anlamaq iqtidarında deyiləm, cənab Dennis. Onun hansı işi qanuni, hansı işi qeyri-qanuni gördüyünü başa düşmürəm. O, çox inadkardır. Böyük bacı olmağıma baxmayın, o, bütün işləri öz bildiyi kimi görür. Heç Ceymsi də saya salmır. Onun keşiş olduğunu belə unudur. Eh, cənab Dennis, Helen evdə elə qayda-qanun yaradıb ki… (tualet otağının qapısına baxır). Doğrusu, xəcalət çəkirəm. Kənar şəxs bizim haqqımızda nə düşünər? Əgər Helen mane olmasa, onu (tualet otağına işarə edir) pilləkən meydançasına köçürə bilərik.
Maykl. Əgər burada Rozun qayıtmasını gözləməli olsam?
Tereza. Açığı, Rozun evdə olmadığına bir o qədər də əmin deyiləm. Ancaq hər halda, evdə də olsa, bacım onun səninlə görüşməsinə imkan verməz.
Maykl. Miss Braun, məktub yazıb sizə versəm, onu Roza çatdırarsınız?
Tereza. Gərək Helendən öyrənim?
Maykl. Axı mən onun himayəçisiyəm.
Tereza. Helen belə hesab edir ki, bu, səhvən olub.
Maykl (acıqlı). Miss Braunun necə hesab etməsi məni qətiyyən maraqlandırmır.
Helen Terezanın açıq qoyduğu qapıdan görünür. O, Ceymsin kreslosunu itələyə-itələyə gətirir. Qadında əvvəlki mehriban sifətdən əsər-əlamət qalmayıb. İndi aydındır ki, o necə bir mürəkkəb xarakterə malikdir.
Helen. Sabahın xeyir, cənab Dennis. Nə ertə gəlmisən?
Maykl (fikrindən dönməyərək). Gəldim ki, Rozu görüm. Sabahınız xeyir, Braun ata.
Ceyms. Məsələdən hali olsaydım, bəlkə də sənə bir köməyim dəyərdi.
Maykl. Nə bilmək olar? Burası var ki… heç özüm də bilmirəm nə məsələdir.
Helen. Cənab Dennis, sən gedəndən sonra arvadın zəng vurmuşdu.
Maykl. Bilirəm, mənə dedi.
Helen. İndi Roza görə cavabdehlik hissi yalnız bizim boynumuza düşür. Biz hər şeyi yerli-yataqlı aydınlaşdırmağa borcluyuq.
Maykl. Siz nəyi nəzərdə tutursunuz? Deyin, bilək.
Ceyms. Allah xatirinə, yanınızı yerə qoyun, sənə baxıb mən də ayağa qalxmaq istəyirəm. (Onlar əyləşməyə hazırlaşırlar.)
Tereza. O kresloda yox, cənab Dennis. O, Helenin kreslosudur.
Helen. Yaxşısı budur, Tereza, sən get, Meriyə göz qoy.
Tereza. Bu gün mənim növbəm deyil.
Helen. Cənab Dennislə mənim söhbətim var.
Tereza. Axı mən hamınızdan böyüyəm.
Helen. Elə məsələ də burasındadır, əzizim. Bu söhbətin sən yaşda olan adamlara qətiyyən dəxli yoxdur.
Tereza (qardaşını köməyə çağırır). Ceyms…
Ceyms. Get, əzizim. Biz burada lazım olandan da çoxuq.
Helen. Mənə elə gəlir ki, Meri ikinci mərtəbəyə qalxdı.
Tereza. Meri qıfıllı otaqları yığışdırmaq xəyalına düşməz.
Helen. Ona xəbərdarlıq etmişəm. Hər halda, yoxlasan, yaxşı olar.
Tereza tələsik otağı tərk edir.
Helen. Hə, Ceyms…
Xəstə görkəmli Ceyms sakitcə öz təkərli kreslosunda əyləşib, dillənmir.
Pauza.
Sən cənab Dennislə danışmağa söz vermişdin.
Ceyms (köməksiz, demək olar ki, sifətində yalvarıcı ifadə olduğu halda). Nə cənab Dennis katolikdir, nə də bura tövbə hücrəsi… Mənim isə səlahiyyətim çatmır.
Helen. Axı, Ceyms, qadın soruşa bilməz ki…
Maykl. Bu gün ikinci dəfədir ki, məni sorğu-suala tuturlar. Belə olan təqdirdə lap ali məhkəməyədək gedib çıxmaq olar. Siz öyrənmək istəyirsiniz ki, Rozla mən bir-birimizi sevirikmi? Hə?
Helen. Doğrudur, cənab Dennis, ancaq biz heç vədə sualı belə kobud tərzdə qoymazdıq.
Maykl. Mən katolik deyiləm. Qardaşınız bunu çox doğru və düzgün dedi. Ancaq mən “mənəviyyatı təhqir etməyə” cəhd göstərməmişəm. Düzdür, mühazirə oxuyarkən ciddi görünürəm, hətta bir qədər sərt adam təsiri bağışlayıram. Bu, dəqiqlik məfhumunun başqa sözlə ifadəsi deməkdir.
Ceyms. Bağışla, indiyə kimi sən heç də… dəqiq olmamısan.
Maykl. Haqqınız olmadığı halda dediniz. Sizinlə razılaşıram. Cavab verməyəcəyəm.
Helen. Biz sənin haqqında daha pis fikrə düşməli olacağıq.
Ceyms. Öz adından danış, Helen, mən belə fikirləşmirəm.
Helen. Ötən gecəni harada keçirmisən, cənab Dennis? Axı sən kənddə qalmamısan, elə deyil?
Maykl. Tutaq ki, elədir.
Helen. Bəs nə üçün bunu bizdən gizlətmisən?
Maykl. Mən həqiqətən otaq tutmuşdum…
Helen. Missis Dennis zəng edəndə isə…
Maykl. Məhkəməyə iki nəfər cəlb edilməlidir. Rozun razılığı olmadan mən heç bir suala cavab verməyəcəyəm. Yaxşı olardı, onunla danışmağa icazə verəydiniz.
Helen. Xeyr, cənab Dennis, onu bir daha görməyəcəksən.
Maykl. Lap melodramdır. Yaman höcət adamsınız (qəfil qorxu ilə). O xəstələnməyib ki?
Ceyms. Yox.
Maykl (Helenə). Niyə belə danışırsınız, miss Braun? Biz ki uşaq deyilik.
Helen. Sən uşaqsan.
Maykl. Səhviniz var.
Helen. Lap tutaq ki, uşaq deyilsən. Cənab Dennis, lütfən de, neçə uşağın var?
Maykl. Yoxumdur.
Helen. Rozla nə üçün görüşürsən?
Maykl. Vəsiyyətnaməyə görə.
Ceyms. Rica edirəm, açıq danışın. Bu zaman mənim daha çox xoşuma gəlirsən.
Maykl (sancmaq məqsədilə). Onu sevirəm! Kifayət qədər açıq danışdım?
Helen. Açıqmı? Bu… ədəbsizlikdir. Anasının dəfnindən sonra uşağı başdan çıxarmısan.
Maykl. Sizin məntiqiniz kitabxanalar küncünə atılmış əsərlərin toz basmış səhifələrindən boylanır.
Helen danışmağa can atır, Ceyms onu saxlayır.
Ceyms. Ürəyini boşaltdın? İndi bizi yalqız burax.
Helen. Görmürsən nə danışır? Ağzına gələni tullayır.
Ceyms. Acıqlanmaq lazım deyil. Birisi xətrimizə dəyirsə, həmin adama qarşı bizdə kin-küdurət yaranır. Bu, yaxşı hal deyil, Helen. Əsas məsələ bizim inciyib-inciməməyimizdə deyil, söhbət daha mühüm adamlardan gedir.
Helen. Sən onu mühüm adam sayırsan…
Ceyms. Bəli, sayıram. O bizdən daha əhəmiyyətli adamdır. Sənlə mən yalnız öz-özümüzə təşəxxüs sata bilərik. Başqa sözlə desək, özümüz üçün xüsusi əhəmiyyət kəsb edə bilərik. O isə həyatının yalnız yarısını başa vurub. Bizdən daha artıq əzab çəkir.
Helen. Ceyms, xahiş edirəm moizə oxumayasan.
Ceyms. Bağışla, ancaq hərdən keşiş olmağım yadıma düşür. Ruhani ata kimi qərar çıxarmağa məcbur oluram. Xahiş edirəm, gedəsən.
Helen. Ceyms, heç olmasa söz ver…
Ceyms. Helen, sənin səsin hər dəfə eyni avazda səslənəndə zəhləm gedir. Axı bizim hər ikimizin bir ayağı gordadır. Bu dünyada bu günlük, sabahlıq qonağıq, Əzrayıla pay aparanın birisiyik.
Helen. Oh, sənin xasiyyətin lap dözülməzdir (gedir).
Pauza.
Ceyms. Görürsən, söz ağzımdan çıxmamış sürüşdü…
Maykl. Hansı söz?
Ceyms. Ölüm. Yaxşı onunla nə edək?
Pauza.
Maykl. Məncə, miss Braun gərək tamam…
Ceyms. Söhbət Rozdan gedir. Evli olmağından onun xəbəri var?
Maykl. Var.
Ceyms. Bayaq, deyəsən, ikinci dəfə sorğu-suala tutulduğunu dedin?
Maykl (narahat halda otaqda gəzinir, haçandan-haçana Ceymsin kreslosunun yanında dayanaraq). Dünən axşam evə gələndə artıq arvadım qapının arxasını vurub öz çarpayısında uzanmışdı. Hiss etdim ki, hikkəsi yerə-göyə sığmır. Bu gün səhər isə öz hökmünü oxudu.
Ceyms. Hökm ədalətli oldu?
Maykl. Siz ədalətə inanırsınız? (qəzəbli istehza ilə) Hə, az qala unutmuşdum. Siz Allahın ədalətinə, hər şeyə qadir Tanrının mərhəmətinə inanırsınız axı.
Ceyms. Hakim üçün sənin nəzərdə tutduğun ədalətin kor qəpik də qiyməti yoxdur (o çevrilib otaqda gəzişən Mayklın hərəkətlərinə göz qoyur). Allah mühakimə etmir, sadəcə, düzgün hərəkət edir. Bizim bütün şüurlu, yaxud şüursuz niyyətimiz ona bəllidir. Elə buna görə də o ədalətlidir.
Maykl (Ceymsin kreslosuna sarı gələrək). Sizin fikrinizi başa düşürəm. Mən orta yaşlı kişiyəm. Arvadım məndən boşanmaz, eləmi?
Ceyms. Bu vəziyyətdən çıxış yolu tapmaq demək deyil.
Maykl. Mən isə Rozla evlənmək istəyirəm.
Ceyms. Onunla sadəcə yaşamaq sənin üçün sərfəli olardı. Bu onun boynuna daha az minnət qoyardı.
Maykl. Sizin məntiqinizə yalnız nifrət edirəm.
Ceyms. Uzun illərdir mən bu ayaqsız bədənə nifrət edirəm. Məgər mənim nifrətimin bir şeyi dəyişməyə gücü çatır? Faktlara nifrət etmək – vaxtın mənasız itirilməsidir.
Maykl. Mən ağlabatan faktlara inanıram (Pauza). Ata, bizim psixologiyada da dönüklər var. Mən röyanın təhlilinə inanıram. Ancaq hərdən elə sadə, elə qısa yuxular görürəm ki, ilk baxışdan adama elə gəlir ki, onların təhlil edilməsinə lüzum yoxdur. Onlar yalnız ümumi təsəvvür və boyalardan, sadəcə, gözəllik hissindən ibarət olur. Vəssalam. Onda mən daha dərinə getməkdən imtina edirəm.
Ceyms. Nə demək istəyirsən?
Maykl. Mən öz şəxsi məhəbbətim haqda fikir söyləməyə də qadirəm. Bu yaşımda necə olub eşqə mübtəla olmuşam? Bunu öyrənmək, yəqin, sizin üçün maraqlıdır… Həyat kəhər at kimi dördnala çaparaq gedir. Ömrün bu fərəhsiz günlərində gözəl bir qız qarşıma çıxır. Öz eşqindən mənim üçün əlvan çələnglər hörür. Onun sevgisi məni qanadlandırır. Fəqət, həyatımın tez sönəcəyi fikri, qocalıq önündə sonuncu yoxuşu dırmaşmaq fikri, bakirəliyin cazibəsi məni əyləyir, məhəbbətlə əlbəyaxa olmağa vadar edir. Bu, Hayd-parkda qəflətən taydişlə rastlaşmaq kimi qorxuncdur. Hə, ata, sən hər şeyi təhlil edə bilərsən. Fəqət mənası varmı? Yaxşı, tutaq ki, bunu qorxu nevrozu adlandırdım. Bir fikirləşin. Axı bundan sonra mənə gənc, qəşəng, gül kimi açan fərəhnak bir üz, bir cüt göz baxacaq… Hələ bir mənə baxın. Öz məhəbbətimi necə də hikmətli obrazla ifadə edirəm.
Ceyms. Həqiqətin bəzən son dərəcə yalan görünməsinə keşişi inandırmaq lazım gəlmir. Bu mənə lap çoxdan – tövbə edənləri dinləyərkən bəyan olub. Ancaq fərqi yoxdur. Mən sənin mövcud olmamağını və yaxud heç olmasa, özgə cür olmağını üstün tutardım.
Maykl. Yəni necə?
Ceyms. Lap elə nümunə üçün babanı götürək. Xaricdə olarkən o, kim bilir, neçə dəfə ümumixanalara baş çəkib. Lakin ona gün kimi aydın idi ki, o, yalnız kəbin kəsdirdiyi qadını sevmək hüququna malikdir. Öz halalca arvadını atmaq fikri isə ömründə onun ağlına gəlməzdi. Bu, cinayət işləməkdən daha pis günah sayılırdı. O vaxtlar dünyayi-aləm çox tələbkar idi Bəlkə də sən bir insan kimi babandan qat-qat yüksəkdə durursan, ancaq o, insanlara səndən qat-qat az qüssə gətirirdi.
Maykl. Mən heç kimə qüssə-kədər gətirmək niyyətində deyiləm.
Ceyms. Sənin təxəyyülün bir o qədər də bitkin deyil. Axı necə ola bilər, eşqbazlıqla, məhəbbət fitnə-fəsadı ilə məşğul olasan, özü də heç kimə dərd-ələm verməyəsən?
Maykl. Mən heç də məhəbbət fitnə-fəsadı ilə məşğul olmağa hazırlaşmıram. Arvadımla sakitcə, hətta bir qədər səmimi şəkildə ayrılacağam. Bu siz deyən dərəcədə də qüssə-kədər, əzab-əziyyətə səbəb olmayacaq.
Ceyms. Mən səhv etdim. Əgər arvadını atırsansa və ona heç bir dərd-ələm verməyəcəyini zənn edirsənsə, təxəyyülün son dərəcə bitkindir.
Maykl. Biz onunla… əslinə varsanız, ər-arvadlıq münasibətini çoxdan pozmuşuq.
Ceyms. Qəribədir. Bir evdə, bir damın altında yaşadığınız, bir yastığa baş qoyduğunuz halda bir-birinizə nə olmusunuz? Yoldaşmı, şərikmi, bəlkə bacı-qardaş?
Maykl. Mən heç kimi incitmək istəmirəm. Bir kəsi incitmək, dərdə-qəmə düçar etmək mənim yatıb yuxuma da girməz. Siz elə bilirsiniz, Rozla evlənmək qənaətinə gəldiyimdən arvadımdan soyumuşam? Əsla. İki ay əvvəl Roz diqqətimi belə cəlb etmirdi. Mən onlara gedəndə həkimlər Rozun anasını müayinə edib göstərdilər ki, onda döş anginası var. Sizin bacınız qızı çox gözəl bilirdi ki, yersiz bir addım atarsa, yaxud ağır şey qaldırarsa, istənilən anda ölüm onu yaxalaya bilər. O, Rozu mənə tapşırmaq istəyirdi. Katolik olmasam da, o mənə inanırdı. Ərinin ölümü bizim hər ikimiz üçün ağır itki olmuşdu… Söhbət əsnasında Roz otağa girdi. Mən gözümün ucu ilə də ona baxmırdım. Lakin o, anasını öpmək üçün çarpayıya doğru əyiləndə saçlarının ətri məni bihuş etdi… Sonra Roz otaqdan çıxdı. O, vaqonun pəncərəsindən baxarkən gördüyümüz landşaftı xatırladırdı. Bu an adamın ürəyindən qatarı saxlamaq və … düşmək keçirdi…
Ceyms. Hə, sonra…
Maykl. Mən qatarı əylədim.
Ceyms. Buna görə cərimə tələb olunur.
Maykl. Mən belə bir cəriməni ödəməyə canla-başla hazıram. Yalnız özüm. Başqasının buna haqqı yoxdur.
Ceyms. Elə isə de görüm, bacım haqlıdır? Sən dəfn mərasiminə hazırlaşarkən artıq qərara almışdın ki…
Maykl. Nə danışırsınız? Mən son dəqiqələrədək bu barədə fikirləşməmişəm. Əgər sizin yerinizdə mən də olsaydım, bu mənə toxunardı. Söhbət mənim özüm və Roz haqqında getdiyindən, əlbəttə, özümü biabırçı vəziyyətdə qoymaq istəməzdim. Siz görün nə fikirləşirsiniz: “Ehsan süfrəsindən qalan yeməklər birbaşa gətirildi toy məclisinə”, toy ki olmadı. Ona hələ indi də ümid azdır. Biz nə etməliyik?
Ceyms. Sən psixoloqsan. Freydin, Yunqun, Adlerin hikmətlərinə müraciət et, bəlkə onlar sənə yol göstərdilər. Sən məndən yalnız keşiş cavabı ala bilərsən.
Maykl. Mən keşiş cavabı gözləyirəm. Heç olmasa, nəyə qarşı mübarizə aparacağım mənə məlum olar.
Ceyms. Mən yalnız bir cavab verə bilərəm. Sən arvadına qarşı pis münasibətindən, Roza olan münasibətindən, öz-özünə və inanmadığın Allaha yanlış münasibətindən əl çək. Get, onunla görüşmə, məktub da yazma. O yazsa da, cavab vermə. Bir müddət onun üçün də, sənin üçün də çətin, cansıxıcı keçəcək. Nə etməli? Sən zalım adam deyilsən…
Maykl. Bəs sonra?
Ceyms. Haqq-taaladan ümidini üzmə. Hər şey yaxşı olar.
Maykl (əsəbi). Yaxşı olar? Yaxşı haqqında qəribə mühakiməniz var. Fərz edək ki, ondan əl çəkdim. Çox gözəl. O vaxt onun üçün məhəbbət həmişə xəyanətlə əkiz doğulacaq. Yenidən sevərsə, məhəbbətin əbədi deyil, keçici olması fikri onu tərk etməyəcək. Buna görə həmişə özünü müdafiəyə hazırlayacaq, öz qınına çəkilib beləcə də ölüb gedəcək. Mən isə son on ildə keçirdiyim həyatı yenə də davam etdirəcəyəm. Artıq bezdiyim qadınla bir damın altında yaşayacaq, bir yastığa baş qoysam da, yaxınlıq etmək istəmədiyimdən yarı gizli, yarı açıq təsadüfi qadınlarla gün keçirəcəyəm. Arvadım isteriya xəstəliyinə düçar olub. Bu, o deməkdir ki, onillik ürəkaçmaz günlərim onu bu vəziyyətə salıb. Uşağımız öləndən o, naxoşdur. Hərdən fikirləşirəm, bəlkə, uşağın ölümü elə onun öz qondarmasıdır. Onun ölümü mənim gözümün qarşısında olmayıb.
Ceyms. Sən öz arvadına şəfa verə bilməzsən?
Maykl. Qətiyyən. Mən onun dərdinin, azarının bir parasıyam. Düzdür, nə vatxsa bir yastığa baş qoymuş, sevincdən kam almışıq. Lakin o səadət uzaq keçmişdən boylanır.
Ceyms. Demək, sən ev-eşiyini dağıdacaqsan. Allah xatirinə, bir daha mənimlə psixologiyadan danışma. Sadəcə, de, nə etmək fikrindəsən?
Maykl. Rozla evlənmək fikrindəyəm. Təbii, sakit insan həyatı yaşamaq istəyirəm. İstəyirəm ailəm olsun. Roz mənim soyadımı qəbul edər. Rahatlıq, dinclik xatirinə, övlad xatirinə güzəştə gedər. İzdivac barədə heç kəs əsl həqiqəti bilməyəcək. Arvadım, ola bilsin ki, bir vaxt boşanmağa razılıq versin. Onda biz kəbin də kəsdirərik.
Ceyms (istehza ilə). Belə fikri xəyalına gətirmə. Roz belə nikaha razılıq verməz!
Maykl. Siz onu tanımırsınız!
Ceyms. Əksinə, mən ona səndən daha yaxşı bələdəm. Sən katolikin başını tovlayıb onu kəbin kağızına qol çəkdirməyə məcbur etsən də, bunu həqiqi nikah adlandırmaq olmaz. Bəzi məsələlərdə biz səndən az səhv etmirik. Lakin bunu dərk etməyə, heç olmasa, bizdə sağlam fikir tapılır. Bəlkə də Roz birtəhər öz ehtirasını söndürməyincə rahatlıq tapmayacaq, özünü bəxtiyar sanmayacaq. Ancaq elə ki, həmin ehtiras söndü, məhəbbət alovunun üstünə su çiləndi, o səni tərk edəcək. O zaman artıq kəbin kağızı da sənin dadına yetməyəcək. Öz taleyini bizdən biri ilə bağlamağa dəyməz, əzizim.
Maykl. Nə eybi? Mən risk edirəm.
Ceyms. Bəs arvadın?
Maykl. Öz istəyinə çatmayınca onun isteriya tutmaları və qalmaqalları davam edəcək. İki cür hərəkət etmək mümkündür. Əvvəla, ona güzəştə getmək olar. Bu isə növbəti tamaşanı sürətləndirmək deməkdir. Bu vaxt o, yaxşı tazı kimi müvəffəqiyyət qazanır. Sadəcə çıxıb getmək də olar. Tənhalıqda heç nədən tamaşa çıxarmaq onun nəyinə lazımdır? Yarım saat müddətinə də olsa, o qədər evi tərk etmişəm ki. Mən onun xeyrinə gedirəm. Sizə zalım təsiri bağışlayıram, eləmi? Mən zalım deyiləm. Onu sevirəm. O mənim arvadımdır. O öz sağlamlığını bizim uşağımıza görə itirib. Qoy o, xoşbəxt olsun. Mən çox çalışdım. Daha bacarmıram. Belə həyatı davam etdirmək ağılsızlıqdır. Heç birimiz üçün yaxşı olmayacaq. Gec-tez onunla əlaqəni kəsəcəyəm. İztirablı günləri nə üçün uzatmalıyam? Niyə görə? (kresloya yaxın gəlir).
Ceyms (titrəyir, başı köksünə enir). Nə dəhşətli dünyadır!
Maykl. Bəlkə bir anlığa keşiş olduğunuzu unudasınız?
Ceyms (öz-özünə acı bir tənə ilə). Bunu sutkada 22 saat unuduram. Kifayət deyilmi?
Maykl. Bir insan kimi özünüzü Rozun yerində təsəvvür edin. Sizcə, o bu evdə üç qocanın, qapısı qıfıllı otaqların əhatəsində səadət tapa bilər?.. Bu otaqlar niyə qıfıllıdır?
Ceyms (pərt və sakit səslə). Onlar üçün birisi ölən otaqda yaşamaq qorxulu idi. Ona görə bütün yataq otaqlarının qapısı bağlanıb.
Maykl (təəccüblə). Belə de. Qəribə hadisələrlə mən çox rastlaşmışam. Bu beyindən çıxmayan nevrozdur. Demə, heç də bütün insanlar kamala yetmir, həqiqətən yaşa dolmurlarmış. Bəziləri hələ də inanırlar ki, onlar ölmürlər.
Ceyms. Sən bu düşünülməmiş, tələm-tələsik çıxarılmış hökmü necə də bəyənirsən, Dennis.
Maykl. Bu nə gün-rüzgardır, bilmirəm. Siz heç Rozu düşünürsünüz? Əgər bacılarınızdan biri ölərsə, necə olacaq? Və yaxud, siz ölsəniz? Bir təsəvvür edin. Roz mebelləri bir otaqdan digərinə daşıyıb aparmağa kömək edir. Məgər bu məsum qız üçün həyatdır?
Ceyms. Sənin dəlillərin çoxdur, amma…
Pauza.
Maykl (qaliblərə xas əda ilə). Amma nə?
Ceyms. Allahın mərhəməti də böyükdür.
Maykl. Elə güman etməyin ki, mən ona bel bağlayacağam.
Ceyms. Bəzən biz özümüz də ümidimizi ona bağlamırıq.
Maykl. Bacınıza ağız açmaq səmərəsizdir. Ona görə də sizdən təvəqqe edirəm: Rozla danışmağa izn verin.
Ceyms. Bəlkə sən ona yalqız qalmağa imkan verəsən. Qoyasan öz taleyini özü həll etsin.
Maykl. Yaxud onun əvəzində bacınız həll etsin.
Ceyms (son cəhdi edir). Sən psixoloqsan. Yaxşı bilirsən ki, adətən cavan qızlar sən yaşda kişilərə tez bənd olurlar. Bilirsən niyə? Ata nəvazişi görmədiklərindən, bir ata sorağında olduqlarından.
Maykl (tutulur). Nə demək istəyirsiniz?
Ceyms. Roz öz atasını görməmişdi.
Maykl (Ceymsin son sözləri xəncər tək onun bədəninə işləyir, həddindən artıq odlu). Çox gözəl. Mən onun atasını əvəz etməyə hazıram. Onu xoşbəxt etməkdən ötrü hər şeydən əl çəkərəm. Sevgiyə mane olmaq üçün yaxşı təklifdir. Mənsə fikirləşirdim, qara saçım, yaraşıqlı çöhrəm olmadığını bəhanə gətirəcəksiniz… Saçlar ağarır, ikinci buxaq yaranır. Özünü bir ata kimi duymaq isə uzun illər insan üçün fəxarət olur.
Ceyms. Uzun ömür sürəcəyinə yaman əminsən ha…
Maykl. Mən onu təngə gətirməmiş ölüb gedəcəyəm.
Ceyms. Bəlkə də. Amma bu gümana şübhəm var.
Aşağıdan zəng səsi eşidilir.
Maykl. Olarmı gedib onu tapım?
Ceyms. O, evdə yoxdur. Helen yəqin bu barədə tədbir görüb.
Maykl. Onu burada gözləyə bilərəm?
Ceyms. Hər halda səni qovmaq xəyalına düşmərəm.
Maykl (pilləkəndə addım səslərini eşidərək). Bu Rozdur.
Ceyms. Ömründə ola bilməz. Meridir.
Maykl. Nə danışırsınız? Bu onun addımlarının səsidir. O qalxır. Onunla sizin razılığınızla görüşüm, yoxsa razılığınız olmadan?
Ceyms. Onunla söhbətin hansı mövzuda olacaq?
Maykl. Ondan xahiş edəcəyəm ki, şeylərini yığışdırsın.
Roz daxil olur. Mayklı görüb həm təəccüblənir, həm də şadlanır.
Roz. Heç olmasa, zəng edəydin… Mənə dedilər, sən zəng edib bildirmisən ki…
Maykl. Nə?..
Roz. Gələ bilməyəcəksən. Bir həftəliyə harasa gedirsən.
Maykl. Mən zəng etməmişəm. Bizim görüşməyimizə mane olmaq istəyirlər.
Roz. Mənasız cəhddir. Dayı, yəqin sizin xəbəriniz yoxdur.
Ceyms. Yox. O səninlə danışmaq istəyir. Məni apara bilərsən.
Roz. (gah birinə, gah da digərinə baxır). Nə xəbər var? Deyin görüm, nə olub? Hər ikiniz…
Ceyms. O istəyir ki, sən şeylərini yığışdırasan…
Roz (Maykla). Deməli gedirik? (Həyəcanlı halda, özünü unudaraq). Onlar hər şeydən xəbərdardırlar? İstəyirsən bu gün gedim? Elə bu saat?
Maykl çaşqınlıqla onu baxır. Qız çox gənc və son dərəcə təcrübəsizdir.
Yaxşı ki, çamadanı boşaltmamışam. Bir neçə dəqiqədən sonra hazır olaram (qəfil peşmançılıq hissi ilə dayısına sarı çevrilir). Bağışlayın, dayı, sizin yanınızda artıq-əskik danışıram. Yəqin bizim əxlaqsız olduğumuzu zənn edirsiniz…
Ceyms. İşində ol, qızım. Sizdə təqsir yoxdur. Körpə uşaqlar kimi nə etdiyinizi bilmirsiniz.
Roz (fərəhlə). Bizi çox da uşaq bilməyin.
Ceyms. Roz, zəhmət olmasa, qapını aç.
Roz. Sizi kədərləndirmək istəmirdim. Sadəcə iş belə gətirdi.
Ceyms. Mənə görə narahat olma.
Roz. Bilirəm, sizinlə bu tərzdə ayrılmaq, ona qoşulub bu şəkildə çıxıb getmək yaxşı deyil. Amma mənim üçün fərqi azdır. Biz xoşbəxtik, bax, əsas məsələ bundadır, dayı.
Ceyms. O da xoşbəxtdir?
Roz nəzərlərini Maykla zilləyir. O, xoşbəxt adam təsiri bağışlamır.
Roz. Nə oldu, sevgilim?
Maykl. Arvadım bilir.
Roz (gəncliyin qayğısızlığı və laqeydliyi ilə). Gec-tez bilməliydi. O, bərk hirsləndi?
Maykl. Yox.
Roz. Yəqin səninçün çətin olub?
Maykl. Yox.
Roz. Hər halda yaxşı hal deyil. Ancaq sənlə birlikdə bizim üçün hər şey gözəl olacaq, görərsən. O birtəhər dözər…
Maykl. O çox ağladı. Mən onu göz yaşları içərisində tərk etdim.
Ceyms. Xahiş edirəm qapını açasınız. Yoxsa özümü sizinlə cinayət yoldaşı hesab edirəm.
Roz. Üzr istəyirəm, dayı (qapını açır, Ceymsin kreslo ilə qapıdan keçməsinə kömək edir).
Ceyms. Mənim yanıma gələcəksən?
Roz. Siz Allah, gör nə fikirləşirsiniz. Sizinlə görüşməmiş heç gedərəm? (onun ardınca qapını örtür və Maykla sarı dönür). Hə, işlər necədir, əzizim?
Maykl. Arvadım boşanmır. Ola bilsin ki, biz heç vaxt kəbin kəsdirə bilmədik.
Roz (ötəri ümidsizliklə). Ah… (sakitləşir). Əslinə baxsanız, bunlar hamısı boş şeylərdir. Onsuz da kəbin həqiqi olmayacaqdı.
Maykl. Sən həqiqətən katoliksən. Əvəllər katoliklərlə heç qarşılaşmamışdım. Sənin anandan başqa.
Roz. Əslində mən xalis katolik deyiləm. Yarım katolikəm. Atam da katolik deyildi.
Maykl. Heç o sənin yadına gəlir?
Roz. Gəlmir. Təkcə şəklini görmüşəm. Onun burnu bir qədər səninkinə oxşayırdı.
Maykl (tutulur). Bu nəzərimi cəlb etməyib.
Roz. Şeylərimi yağışdırım? (söhbəti davam etdirərək paltarlarını kiçik çamadana yığmağa başlayır).
Maykl. Dini məhdudiyyətlər səni narahat etmir?
Roz (bəzək-düzək ləvazimatı və pijama ilə tualet otağına girərək etinasız halda). Məncə, gec-tez hər şey qaydasına düşəcək. Və mən ölüm yatağında tövbə edərək xoş bir qüdsiyyətlə öləcəyəm (vanna otağından çıxır).
Maykl. Bizim uşaqlarımız qeyri-qanuni doğulacaq.
Roz. Bic doğulmuş uşaqlar ən yaxşı uşaqlardır. Şekspir də belə deyir (pijamanı büküb kiçik çamadana qoyur). Biz axırıncı semesterdə “Kral Con”u keçdik. Müqəddəs bacılar bu yerlərdən tez qaçıb canlarını qurtarmağa çalışırdılar. Qeyri-qanuni uşaqlar haqqında deyilmiş belə bir kəlamı xatırlayırsan: “Səssiz-səmirsiz, xəlvəti doğulmuş…” Falkenbric mənim yaman xoşuma gəlir. Lap çoxdanın söhbətidir. Adam elə gəlir ki, dünən olub.
Maykl. Xalaların səni bir də buralara ayaq basmağa qoymazlar.
Roz (donunu götürmək üçün şkafa sarı gedərək). Elə bilirsən bu məni narahat edir? Sevgilim, mənim bu evi görməyə gözüm yoxdur. Bütün varlığımla bu xarabaya nifrət edirəm. Bilirsənmi onlar otaqları niyə qıfıllayıblar?
Maykl. Xəbərim var.
Roz. Görəsən, onların hansı harada öləcək? Bu fikir həmişə məni narahat edir. Əgər onlardan biri bu otaqda ölərsə, daha yatmağa otaqları qalmaz. Edqar Allan Ponun hekayələri kimi dəhşətlidir.
Maykl. Gör nə çox kitab oxumusan?
Roz. Mənə acığın tutmur ki? Sənin tələbin mənim üçün qanundur. Ruf kimi mənə yalnız hara getmək lazım gəldiyini söylə, o saat yola düzəlim: “Sənin xalqın həm də mənim xalqım olacaq…”. Sənin xalqın, yəqin, hamısı psixoloqdur.
Maykl. Hamısı yox.
Roz. Mən Freydin “Gündəlik həyatın psixologiyası” əsərini oxumuşam. “Pinqvin” nəşriyyatı buraxıb.
Maykl. Eləmi? Bir gör ha.
Roz. Mənim istəklim, səni nə isə narahat edir, yerindən oynadır. Başqa qadına aşiq olmamısan ki?
Maykl. Səninlə hər şeyə son qoyulub.
Roz. Nəsə inanmağım gəlmir. Mənə yiyələnmək üçün çox da vaxt itirmədin.
Maykl. Axı vaxt mənim üçün qızıl idi.
Roz. Yox, nəsə səni həyəcanlandırır. Dünən də belə idin. Nə olub?
Maykl. Sadəcə, lənətə gəlmiş məsuliyyət hissi məni rahat buraxmır. Qulaq as, Roz, məsələ son dərəcə ciddidir. Sən əməlli-başlı fikirləşmisən?
Roz. Mən fikirləşmək istəmirəm. Sən həyata bələdsən, mən isə yox. Sevgilim, mən heç vaxt aşiq olmamışam. Sən isə olmusan.
Maykl. Mən?
Roz. Öz arvadına.
Maykl. Hə.
Roz. Sən ağıllısan. Mənə nə etmək lazım gəldiyini anlat. Mən də o cür hərəkət edim. Şeylərimi yığışdırmışam. İstəyirsən onları boşaldım. İstəklim, sənə münasib olacaq hər şeyə hazıram. Əgər mənə desən Riqel-Korta get, bu saat gedərəm.
Maykl. Riqel-Korta?
Roz. Sevgililər, adətən, hara gedirlər? Harada görüşürlər? Hamı belə danışır. İstəyirsən, bu saat gedim ora, sonra qayıdım. İstəyirsən səninlə hər gün orada görüşüm. Əgər istəyirsən, şeylərimi özümlə götürüb səninlə uzunmuddətli səfərə çıxım?
Maykl. Yalnız uzunmüddətli səfərəmi?
Roz. Allah xatirinə, qəlbindən keçəni mənə de. Mən son dərəcə sözəbaxanam.
Maykl. Mənim mehribanım, biz yalnız özümüzü düşünməməliyik.
Roz. Düşünməyə məni məcbur etmə. Lazım deyil. Mən həyata nabələdəm. Mənim başıma nə oyun desən, gələ bilər. Və hər dəfə belə bir sual eşidəcəyəm: “Heç bu barədə fikirləşmişdin? Bəs filan məsələ barədə?” Rica edirəm, lazım deyil… Heç olmasa indi. Sadəcə, mənə de, nə edim?
Maykl. Səni varlığım qədər sevirəm.
Roz. Bilirəm.
Maykl. Sənin ehtiyatsız olmağını, hissə qapılmağını istəmirəm. Dərindən düşün.
Roz. Əgər həyatımda bir kərə səhv edərəmsə, nə eybi? Qoy olsun. Hələ qabaqda nə qədər il var.
Maykl. Sənin dayın zalım adam olmadığımı nəzərimə çatdırdı… Mən gənclərə yaxşı bələd deyiləm. Son günlər o qədər sarsıntı keçirmişəm ki…
Roz. Heç məni demirsən. Ancaq bu qədər həyəcanlanmağa dəyməz. Qayğı qayğı gətirir. Mənim dayəm belə deyərdi. Gəl başqa şeylər barədə düşünməyi, müvəqqəti də olsa, unudaq. Sonra hər şey arxada qalacaq. Yaddan çıxıb gedəcək.
Maykl. Əgər bacarsaydım…
Roz. Bacararsan, vallah, bacararsan.
Maykl. Bu günkü həyatı yaşamaq sənin üçün asandır. Keçmişin bir elə qəmli iz qoymayıb. Gələcəyin isə parlaqdır. Mənim sabahım isə elə qısadır ki. Mənim əvəzimdə sənin dayın asanca, barmağı ilə o günləri saya bilər. Keçmişdə isə artıq ömrümün başa vurulmuş uzun dövrü qalıb.
Roz. Dünən sən bu günkü kimi aqil görünmürdün.
Maykl. Mənim “aqilliyimlə” hesablaşmalı olacaqsan.
Roz. Əgər lazım gələrsə, mütləq (çamadanı bağlayır). Gedək.
Maykl. Gərək əvvəlcə evə gedib xudahafizləşim.
Roz. Yəqin bu sənin üçün çətin olacaq.
Maykl (sərt). Öz mərhəmətinlə yarama duz basma. Əvvəl-axır uzun illərdən sonra onun da haqqı var ki, sayılsın, adam yerinə qoyulsun!
Roz. Bağışla.
Maykl. Nə deyirsən, mənim sənə acığım tutmur. İnsanı laqeyd edən bu dünyaya acığım tutur.
Roz (yarı ciddi, yarı zarafatla). Birdən o səni dilə tutar ha.
Maykl. Əsla!
Roz. Sən uzun illər ona məxsus olmusan. O, lazımi sözləri tapmağı bacarar. Mən isə bacarmıram.
Maykl. Belə sözlər heç sənə lazım da deyil. Sən gəncsən. Gənclik isə həmişə qələbə deməkdir (Maykl onun diqqətini özünə cəlb edir).
Roz. Harada görüşək?
Maykl. Lankaster-Qreyt stansiyasında. Bir saatdan sonra.
Roz (Mayklın tərəddüd etməsindən təşvişə düşərək). Sən yenə də məni sevirsən?
Maykl. Hə
Roz. Mən öyrənmək istəyirəm, lap dünənki kimi?
Maykl. Lap eləcə.
Roz. Mən sən deyən qədər də yaxşı deyiləm. Amma bundan sonra yaxşı olmağa çalışacağam.
Maykl. Heç nədən qorxma (onu öpür). Sənin firavan günlərin hələ öndədir.
Roz. Səndən sonra həyat mənə gərək deyil. İstəyirəm ürəyimiz həmişə bir vursun, bir də dayansın.
Maykl (gedərkən). Bir saatdan sonra.
Roz. Xudahafiz, ürəyim.
Maykl gedir. Roz çamadanı bağlayır. Pəncərəyə yaxınlaşıb baxmaq istəyir. Yaxşı görmək üçün stulun üzərinə çıxır. Tereza daxil olub tualet otağına keçir. Qapı onun ardınca örtülərkən Helen gəlir. Rozun çamadanını görüb ayaq saxlayır. Roz çevrilir.
Helen. İstəkli quzum (pəncərəni göstərir), açmaq istəyirsən?
Roz (qızarır). Bağışlayın, Helen xala (çamadana yaxınlaşıb götürür).
Helen. Hara gedirsən?
Roz. Ceyms dayı ilə xudahafizləşməyə.
Helen taqətsiz halda özünü kresloya yıxır.
Siz nahaq yerə mənə demisiniz ki, Maykl harasa çıxıb gedib. Onunla indicə ayrıldıq… Qayıdıb Tereza xala ilə də vidalaşacağam (çıxır).
Helen dinməzcə kresloda oturub barmaqlarının ucu ilə yaşaran gözlərini silir. Tereza tualet otağının qapısını açıb çıxır.
Helen (amiranə). Tereza, o gedir! Onu saxlamaq lazımdır!
Tereza ona fikir vermədən otağı keçmək istəyir (onun yolunu kəsir). Özünü belə ağılsız aparma, Tereza! Heç olmasa, indi özünü gicliyə qoyma!
Tereza bacısının yanından ötüb keçir və otağı tərk edir.
Helen. Tereza!
Az sonra Tereza yenidən gəlir.
Tereza. Helen, məni çağırdın?
Helen. Sən ki nə dediyimi eşitdin?.. (qəfil şübhə ilə). Bəlkə eşitmədin?
Tereza. Mən Ceymsin yanında idim. Necə eşidə bilərdim?
Helen (şən). Sən burada idin (tualet otağını göstərir). Özünü elə aparırdın, elə bil məni görmürdün.
Tereza. Ah, yox, əzizim, sənə elə gəlib.
Helen. Deyəsən, məni heyrətə salmaq istəyirsən. Özünü tam sağlam hiss edirsən, Tereza?
Tereza. Məncə, hə. Deyəsən, nə haqdasa mənimlə danışmaq istəyirdin.
Helen. Əyləş, Tereza. Bilirsən, elə bu saatca yanımdan ötüb keçəndə özünü-sözünü bilmirdin. On il əvvəl doktor dediyi kimi…
Tereza (qorxu içərisində). Doktorun nə dediyi yadıma gəlmir.
Helen. O dedi ki, sən gərək son dərəcə… son dərəcə ehtiyatlı olasan.
Tereza (inildəyir). Mən həmişə ehtiyatlı olmuşam, Helen.
Helen. O dedi ki…
Tereza (yalvarıcı). Mən qulaq asmaq istəmirəm, Helen. Eşitmək istəmirəm.
Helen. Sənə “Zərif çiçəyin” haqqında bir şey oxuyum?
Tereza. Axı onu yalnız mən xəstələnəndə oxuyursan. Məgər mən xəstəyəm, Helen? Yəni xəstələnmişəm? (oturur).
Helen (yanaşı əyləşərək). Yuxudan ayılanda bədənində zəiflik hiss etmədin ki?
Tereza (dili-dodağı əsir). Bilmirəm… Deyəsən bir az…
Helen. Başın ağrıyırdı, hə, əzizim?
Tereza. Məncə yox… Azacıq…
Helen. Bəs ürəyin?
Tereza. Yox, necə ki? Helen, sən ki… belə hesab etmirsən ki…
Helen. Əlbəttə, yox. Amma biz yaşlı adamlar gərək ehtiyatlı olaq əzizim. Yaxşı olar, yatağa uzanasan.
Tereza. Mən artıq əziyyət vermək istəmirəm, Helen. Sabah biş-düş növbəsi mənimdir. Axşam Meri çıxıb gedəndən sonra elə bir adam yoxdur ki, ev işlərində sənə kömək etsin.
Helen. Bizim artıq Rozumuz var. O mənə kömək edər. O, alicənab qızdır. Onun köməyinə ehtiyacımız olduğunu bildikdə bizi tərk etməz. Bu saat onu çağıraram. Səni isə yatağa uzadarıq.
Tereza. Ancaq, bəri başdan deyirəm, öz çarpayımda uzanmayacağam. Bəlkə elə burda dincəlim?
Helen (səsini alçaldaraq). Biz ki şərtləşmişdik.
Tereza. Sənin nə dediyini eşitmədim, əzizim.
Helen. Qulağın bu gün nədənsə ağır eşidir. Gah eşidirsən, gah eşitmirsən. Bir özünü sına. Ayağa qalxa bilərsən, Tereza?
Tereza. Əlbəttə (çətinliklə qalxır və yenidən kresloya yıxılır).
Helen. Yatağına uzan, əzizim. Biz Rozla sənə xidmət edərik.
Tereza (yalvarıcı). Helen, rica edirəm…
Helen. Sənin əntiqə yataq otağın var. Gəl, belə edək. Merini Berns Outsa göndərim. O səninçün bir dənə ikona alsın. Anamızın portreti götürüldüyündən onun asıldığı yer ağ ləkə kimi qalıb. İkonanı divardan – onun yerindən asarıq. Bir dənə də övliya Tereza istəyirsənmi?
Tereza. Heç olmasa övliya Vinsent de Paulu… Ancaq, Helen…
Helen. Bir neçə gündən sonra sağalıb ayağa qalxarsan.
Tereza (ümidsiz). Bir neçə?
Helen. Gedək, əzizim. İndi görəcəksən ki, başqasının köməyi olmadan yeriyə bilmirsən. Addım at görək.
Tereza. Niyə yeriyə bilmirəm. Bu dəqiqə (ehtiyatla qalxır, bir addım atır).
Helen. Ehtiyatlı ol! Mənə söykən!
Tereza. Yox, yox! (səndələyir, qorxunc bağırtı ilə stula sərilir).
Helen (qapıya tərəf gedir və çağırır). Roz! Roz! (onun səsində əsl qorxu hissi duyulmur).
Ayaq üstə güclə dayanan Tereza divana sarı bir neçə addım atır və döşəməyə yıxılır. Helen geri dönərkən Terezanı döşəmədə sərili görüb dəhşətə gəlir.
Helen. Tereza, əzizim, yalvarıram, cavab ver, Teraza! (aşağı əyilir, bacısını qaldırmaq istəyir. Nədənsə fikrindən vaz keçib pilləkən meydançasına doğru qaçır, dəhşət içərisində bağırır). Roz! Roz! Xahiş edirəm, Roz! Mənə kömək et, Roz! Kömək et!
II PƏRDƏ
Üçüncü şəkil
Qonaq otağı. Üç həftə ötmüş. Axşam erkəndir. Tereza Braun əyləşib. Ayaqları iri şalla örtülüb. Onun qarşısında Ceyms ata öz kreslosunda oturub ucadan şer oxuyur.
Ceyms. Gedərəm uzağa mən gecə yarı
Qorxunc qaranlığa, zülmətə sarı.
Harasa qaçaram buludlarvari,
Dünya sönmüş ocağı andırar,
Məni də odlu ürək yandırar.
Günəşlə açılan hər aydın səhər
Daha parlaq günə məni səsləyər.
Hardasa bir gözəl hey yol izləyər,
O yerdə özümü sana biləydim.
Kaş onu duyaydım, qana biləydim
Mənə keşik çəkən bu tutqun gecə,
Bir aydın səhərdən əzizidir necə…
(birdən dayanır)
Tereza. Niyə dayandın? Davam et. Bu, Helen oxuyandan daha çox xoşuma gəlir. Düzdür, başa düşmədiyin yerlər də var, amma xoşuma gəlir. Helen isə həmişə mənə övliya Terezanı oxuyur. Özü də onu mənim “zərif çiçəyim” adlandırır. Əslində o, Helenin öz “zərif çiçəyidir”.
Ceyms. Helen yanılır. Elə güman edir ki, sənlə mən artıq qocalmışıq. Hayımız gedib, vayımız qalıb. Adam qocalanda isə ağlı da azalır. Yəqin o, belə düşünür. Özünün qocaldığından sanki bixəbərdir. Nə isə… hamısı ötüb keçər. Bizə qarşı onda zərrəcə kin-küdurət yoxdur.
Tereza. Sən allah düzünü de. Bir neçə gün əvvəl mən doğrudan ölümlə çarpışırdım?
Ceyms. Haradan bilim? Əslində Rozdan başqa hamımızın bir ayağı gordadır.
Tereza. Bilirsən, hərdən elə anlar olur ki, mən bir vaxtlar uşaq otağı olmuş, bir vaxtlar uşaq oyuncaqlarımız səpələnmiş otaqda ölmək istəmirəm. Ürəyimdən əvvəllər kiminsə ölmüş olduğu otaqda – həqiqi yataq otağında ölmək keçir.
Ceyms. Bu sənin haqqındır.
Tereza. Yox. Bu fikir yalnız bir anlığa xəyalımdan keçib. Sonra vahimə məni bürüyüb. Helen deyir, otaqları qıfıllamaq fikri birinci mənim ağlıma gəlib. Xatırlaya bilmirəm, bu, düzdürmü?
Ceyms. Məncə, bu qərara ikilikdə gəlmisiniz. Məhz hansınızın ideyası olduğunu yadıma sala bilmirəm. Ancaq əminəm, günlərin bir günündə biz qardaş-bacılar da olmasa, bir qeyrisi o qıfıllı otaqların qapılarını taybatay açacaq. Bəlkə də bu igid bizim Roz oldu…
Tereza. İnsanları ruh maraqlandırır. Hamı ondan danışır. Mən isə həmişə rahatlıq, dinclik üzünə həsrət qalan ölülər və qarabasmalar haqda fikirlərə qərq oluram. Yadımdadır, bir dəfə Helen belə pəcmurdə könüllərdən mənə hekayət danışıb.
Ceyms. Gərək əvvəldən bu məsələyə qarışaydım. Qapısı bağlanacaq otaqlara bir əncam çəkəydim. O vaxtlar bu elə boş və mənasız qəribəlik təsiri bağışlayırdı ki, baş qoşmağı, sadəcə, lüzumsuz sanırdım. Yox… gərək o zamanlar mane olaydım. Mənim çox az köməyim dəyib, Tereza. İstəyirsən sənə vüsalına yetmədiyim arzularımdan danışım. Onlar hələ də mənə rahatlıq vermir. Fikirləşmə ki, xərifləmişəm, uşaqlıq edirəm. Yox. Lap gəncliyimdən başı üzərini fəlakətlər almış bir Allah bəndəsinə kömək etmək barədə düşünmüş, lazımi anda lazımi sözlər söyləmək istəmişəm. Nə vaxtsa uzaq keçmişlərdə mənə elə gəlirdi ki, mən insanlara həqiqi kömək göstərmişəm. Beş ildə bir dəfə də olsa, yenə bir şeydir… İndi isə… sabah, ya qeyri sabah bir hadisə üz versə, heç bilmirəm lazımi sözlər tapa bilərəmmi… Özümə sən deyən əmin deyiləm.
Tereza. Mən ölümdən qorxuram, Ceyms. Hətta ölüm haqda fikirləşməkdən belə xoflanıram. Roz ilk dəfə bu evə qədəm basanda, deyəsən, onu də bərk qorxutmuşam. Biz özümüz də pis adamlar deyilik. Elə isə ətraf nədən bu qədər qorxuya bələnib?
Ceyms. Yəqin Rozu səni bürüyən vahimə qorxuya salıb. Ölüm haqda sənin axmaq hisslərin onu hürküdüb.
Tereza. Ceyms, məgər bu, axmaq hissdir?
Ceyms. Allaha inanan kəslər ölümdən qorxmamalıdırlar.
Tereza. Bəs cəhənnəm, Ceyms?
Ceyms. Biz hələ o günahı etməmişik. Mən Allahın dərgahına pənah aparıram. Cəhənnəmə gəldikdə isə, o, öz qoynuna bizi yox, daha layiqli olanları səsləyir. Məsələn, mən cəhənnəmə bizim içimizdə oturmuş şeytanın namizədliyini irəli sürərdim.
Tereza. İndi özümü nisbətən yaxşı hiss edirəm. Həm də yalnız ona görə ki, yenidən burada – qonaq otağındayam. Yaxşı ki, Helen mənim otağımın divarında şəkil asıb açıq-aşkar görünən ləkənin üstünü örtürdü. Ancaq hər halda “zərif çiçək”dən imtina etdim. Öz aramızdır, həmin övliya Helenin yaman xoşuna gəlir. Ona görə ki, o, cavan ölüb. Bəzən Helen Roza elə qəribə nəzərlərlə baxır ki, elə bil fikirləşir: “Mən səndən çox yaşayacağam”.
Ceyms. Sənə dincəlmək lazımdır. Yenə oxuyum?
Tereza. Oxu.
Ceyms. “Övliya Con ruhun zülmət gecəsindən danışmaqdan yorulmurdu. Səninlə mən belə incə mətləbləri anlamaq səviyyəsində deyilik. Məsələ burasındadır ki, Allaha həddindən artıq yaxın olmaq insanı qurudur, onun qüvvəsini tükəndirir. Biz hamımız onunla aramızda müəyyən qibtə ediləcək məsafə saxlayırıq. Övliya Con onu əhatə edən zülmət gecəni təsvir etməyə çalışır. Elə bir gecəni ki, orada məhəbbət yoxdur. Hətta ibadət etmək üçün qüvvə, güc tükənib”
Tereza. Mən səhər də, axşam da ibadət edirəm.
Ceyms. Hm… Tereza, öz zərif və kimsəyə kömək etməyən dualarını xatırlayıram. “Bizim atamız…”, “Həzrəti Məryəm…”, “Tövbə…”. Amma mən elə bir ibadət tanımıram ki, on dəqiqə ərzində bütün fikrim yalnız duada olsun, kənar şeylər haqda fikrləşməyim. Düşüncələrimə qida olmaq etibarı ilə bu kainat məndən o qədər uzaqdır ki… Məhəllə keşişi olarkən hiss edirdim ki, ibadətə vaxtım çatmır. Artıq o vaxtdan qaytarılması mümkün olmayan iyirmi il ötüb. Lakin “bizim atamız…” sözləri dilimin əzbəridir. Elə bilirsən bunu da əməlli-başlı deyirəm?
Tereza. Məncə, Ceyms, sənin də zülmət gecən vardır.
Ceyms. Yox, belə ümidsizlik heç vədə məni çulğamaz. Məhəllə keşişi kimi yorğun, üzücü işdən artıq çoxdan yaxa qurtarmışam. Bacılarımla rahat, qayğısız həyat sürmək mənim nəzərimdə dünyalara dəyər. Kitabları vərəqləyib möminlərin dediklərini sənə çatdırıram. Özümün onlara heç bir bənzərim yoxdur. Nə etməli, mən bir adamam, məni də Allah belə yaradıb… Bu gün nahara nəyimiz olacaq, Tereza?
Tereza. Pendirli makaron. (birdən Ceymsin zarafatla dediyini zənn edib) Oh, Ceyms…
Helen daxil olur.
Helen. Merini görməmisiz ki?
Ceyms. Mətbəxdə yoxdur?
Helen. Mən onu tapşırıq dalınca göndərmişəm.
Ceyms. Dükana?
Helen. Yox.
Ceyms. Uzağa gedib?
Helen (müəmmalı). Parkın içərisiylə…
Tereza. Biz qəlyanaltı etdikdən sonra onu görməmişəm.
Helen. Elə o vaxt gedib. Elə bilirdim gəlib stəkan-nəlbəkini yumağa çatacaq. Görünür, bu işi özüm görməli olacağam (gedir).
Tereza. Bununla nə demək istəyirdi?
Ceyms. Bilmirəm.
Tereza. Xəstə olarkən Roz mənim üstümdə böyük əziyyət çəkdi. Mənimlə çox mehriban davrandı. Qorxu içərisində nə vaxt oyanırdımsa, onu çarpayımın baş tərəfində kresloda mürgü vuran görürdüm. Yadıma gəlir. Mən lap uşaq olanda, heç onda Helen doğulmamışdı, anam həmişə mənim üçün gecə lampası yandırardı. Mən çox qorxaq idim. Ona görə… lampanın alovu kiminsə sakit nəfəsinə oxşar səs çıxarırdı. Roz da yatanda eynən o cür nəfəs alır.
Ceyms. O, səmimi qızdır.
Tereza. Ancaq əvvəllər mənimlə sərt davranırdı. Bilmirəm niyə?
Ceyms. İndi bunun heç bir əhəmiyyəti yoxdur.
Tereza. Mənə elə gəlir ki, özümdən gedərkən Helen Rozun gedişi barədə mənə nə isə dedi. O hara getmək istəyir? Deyəsən, Helen deyirdi, Roz bizdən qaçmaq fikrindədir. Başa düşmürəm nə üçün bu qənaətə gəlib? Bu qorxu hissi ilə əlaqədardır?
Ceyms. Həyəcanlanmağa dəyməz. Hələ ki, o buradadır.
Tereza. Məni heç nədən agah etmirsiniz. Çox məsələni ümumiyyətlə anlamaq iqtidarında deyiləm.
Ceyms. Tələb də etmə. Bir şeyi öyrənib bilməkdənsə, daha çox gözümüz qarşısında olana inan. Belə məsələləri psixoloqların öhdəsinə burax. Onlar soruşacaqlar: “Bu həqiqətən belədir?” Doğrudan, bu fikirdəsiniz? Yaxud yalnız nəyi fikirləşdiyinizi fikirləşirsiniz?…”
Heç birisi pilləkənlərdən gələn addım səslərini eşitmir.
Meri (bayırdan). Ancaq miss Roz… Xahiş edirəm, mis Roz…
Roz. Gedək, gedək!
Meri. Miss Roz, mənə əmr etmişdilər ki…
Roz. Bilirəm nəyi əmr ediblər.
Qapı taybatay açılır. Roz Merini otağa itələyir. Roz axırıncı dəfə gördüyümüzdən xeyli dəyişib. Bu gün son dərəcə əsəbidir. Gözlərinin dərinliyində bir kədər gizlənmişdir. Üç həftə əvvəl o öz məhəbbətindən məst olmuşdu. Şad-xuraman, qızğın bir qız idi. İndi isə sanki bir qədər yaşa dolub. Əvvəllər olduğu kimi şux, təravətli görünmür. Qəlbində bəslədiyi gözəl ümidləri qayçılanmış, qarşısına acı bir ümidsizlik çıxmışdır. Bu neçə həftədə düşünməyə, hadisələri saf-çürük etməyə kifayət qədər vaxt tapdığından son vaxtlar bu və ya digər məsələnin həllində daha qətiyyətlə hərəkət edir.
Roz. Hə, bağışla, danış görək.
Meri. Miss Roz, vallah…
Roz. Hə, az qala unutmuşdum. Sən axı buyruq qulusan. . Qul sahibi isə burada yoxdur (qapıya yaxınlaşıb haraylayır). Helen xala! Helen xala!
Tereza. O, mətbəxdədir, Roz.
Roz. Eybi yoxdur, bu saat harada olsa, gələr. Onun cəsusu artıq qayıdıb.
Meri. Xahiş edirəm, miss Roz…
Roz. Bu sizin ümumi kələyinizdir.
Ceyms. Söhbətin hansı kələkdən getdiyini bilmirik.
Roz. Əhv edin. Gərək sizi qatmayaydım. O saat oxun hansı səmtdən atıldığını biləydim. Bu onun işidir. Onun məni görməyə gözü yoxdur.
Ceyms. Ola bilməz.
Roz. Bəli, görməyə gözü yoxdur. Səbəbini bilirəm. Sevgi – insan üçün təbii ehtiyacdır. Sevmək – Yer üzündə mövcud olmaq, böyümək, boya-başa çatmaq deməkdir. Övlad sahibi olmaq, ölmək deməkdir. O isə bütün bunlara nifrət edir. Qıfıllı otaqların divarlarını genişləndirmək, həmin otaqların əhatəsində yalnız qapısı açıq bircə otaq – qonaq otağı saxlamaq, onu isə sevgidən, həyatdan, ölümdən ayırmaq xəyalındadır. Burada heç kəs heç zaman ölmür! Əbədi həyata bir baxın! Burada heç kəs heç zaman nə doğulur, nə doğur! Axı bu, xatalıdır. Məntiqə bir baxın! Bu otaqda gecələr mənə yatmağa icazə verirlər. Ona görə ki, mən gəncəm. Əzrayıl burada mənimlə görüşsə, onda Yer öz oxundan çıxar. Biz sevib-sevilməyə qadirik. Bu isə böyümək, boya-başa çatmaq deməkdir.
Helen (gəlir). Meri, sən burada neyləyirsən?
Roz. Onu buraya mən gətirmişəm. Onun məlumatı mənim üçün də maraqlıdır.
Helen. Hansı məlumatı, əzizim?
Roz. Necə hansı? Mənim hər addımım haqqında topladığı məlumat. Saat üçə on beş dəqiqə işləmiş oradan getməyim haqda məlumat. Bir də həmin adam gələn kimi binaya girdiyi üçün Merinin onu tanıya bilməməsi barədə məlumat.
Helen. Meri, yaxşısı budur, sən get.
Roz. Mane olmayın, onun hesabatını dinləmək istəyirəm.
Helen. Meri, çıx get.
Meri gedir. Pauza.
Söhbətin nə barədə getdiyindən xəbərsizəm.
Roz. Əksinə, xəbərdarsınız. Meriyə qaranlıq qalan məsələlər barədə ətraflı məlumatı məndən ala bilərsiniz. Maykl üçün yarısında – məndən və Meridən xeyli əvvəl gəlmişdi. Saat üçdə mən binaya girdim. Soyundum. Saat beşdə qalxıb geyindim. Biz onunla bir çarpayıda uzandıq. Bəli, qol-boyun olduq. Bütün bunlardan Merinin xəbəri yoxdur. Siz Mayklla çıxıb getməyimə mane olan gündən etibarən hər həftə üç-dörd dəfə görüşürdük (kədərli). Əgər Merinin vaxtını belə boş şeylərlə almasaydınız, burada mənsiz də keçinərdiniz. Mənim köməyimə ehtiyacınız qalmazdı.
Ceyms. Helen, deyilənlər doğrudur?
Helen. Məlum fikrə görə, doğrudur. Mən şübhələnirdim. İstəyirdim aydınlaşdırım, görüm, hər gün bir neçə saatlığa o hara gedir?
Ceyms. Bu sənin nəyinə lazım idi?
Tereza sakitcə ağlayır.
Helen. Zarıma, Tereza.
Ceyms. Mən təkrar edirəm. Bu sənin nəyinə lazım idi?
Helen. O bizim himayəmizdədir. Belə məsələləri aydınlaşdırmaq isə mənim öhdəmə düşürdü. Sən onları bir-birindən ayırmaq iqtidarında deyildin. Roz onunla çıxıb getməyi vəd etmişdi. Bu, bilirsən, necə dəhşətli günahdır?
Ceyms. Sən buna əmin idin?
Helen. Əlbəttə. Axı o, evlidir.
Ceyms. Məgər onun evli olmağını bilməyin onun həqiqətən günahkar olmağına şəhadət verir?
Helen. Heç olmasa, özündə bir azca sağlam əqidə tap, Ceyms.
Ceyms. Əgər səndə, az da olsa, mərhəmət tapılsa, mən də çalışaram.
Helen. Sən axmaqsan.
Ceyms. Aşıq gördüyünü çağırar. Mən gözüm görənə inanıram. Allah bundan artıq məndən tələb də etmir.
Helen. Sən onun özünü öyməsini eşitdin? Əgər onlara mane olmasaydım, getdikcə ağ edəcək, günü-gündən daha yaxın olacaqdılar.
Ceyms (kəskin). Mane oldun?
Roz. Bəli, biz bir-birimizin məşuqu olduq. Bir yastığa baş qoyduq. Siz ki, dəhşətli günahdan bu qədər söz açırsınız, elə isə nə üçün onunla çıxıb getməyimə imkan vermədiniz? Məgər belə yaxşıdır? Bəlkə Riqel-Kortda gündüz görüşləri xoşunuza gəlir?
Helen. Bəli, bu, yaxşıdır. Bu, labüd sonu yaxınlaşdırır.
Roz. Amma nə dediniz! Başqa cür də ola bilməzdi. Məhəbbəti məhv etmək sizin tərəfinizdən lütfkarlıqdır.
Helen. Belə məhəbbəti, bəli.
Roz. Yaxud digər məhəbbət arasında nə fərq var? Məgər o, evli olmasaydı, mən onu başqa cür sevərdim? (sualına özü astaca cavab verir) Bu, daha böyük xoşbəxtlik olardı.
Ceyms (bayaqdan əlverişli anı gözləyərək). Sən dedin ki, onlara mane olmusan?
Helen. Bəli, buna görə peşman da deyiləm. Mən onu kilsənin qoynunda saxlamışam. İndi o, istənilən zaman tövbə etməyə gedər.
Roz. Tövbədən sonra yenə bildiyini et, sonra yenə tövbə… Siz güman edirsiniz ki, bu, ailəli, uşaqlı olmaqdan, əsl insan kimi yaşamaqdan, qoşa qarımaqdan yaxşıdır?
Helen. Bu, sadəcə, ölüm günahında yaşamaq deməkdir.
Roz. Allahda daha sağlam əqidə, bir də mərhəmət olur.
Helen. Allahın mərhəmətinə həddindən artıq bel bağlamaq özü də əlavə günahdır.
Roz. Bəs necə? Xəbərim var. Rahiblər bunu öyrəniblər, buna ehtimal nəzəriyyəsi deyirlər.
Ceyms. Sən bayaq onlara mane oldum deyəndə nəyi nəzərdə tuturdun?
Helen. Tereza xəstə deyildi.
Roz. Xəstə deyildi? O ki huşsuz halda döşəməyə yıxılmışdı.
Helen. Mən Terezaya xəstələndiyini bildirdim, o da inandı.
Roz. (sinəsindən inilti qopur). Oh…
Davam edən sükut.
Helen. (özünü müdafiə edərək). Mən təcili tədbir görməliydim, Ceyms.
Ceyms. Əgər sən səfeh yox, ağıllı adam olsaydın, deyərdim, çox zalımsan.
Tereza. Başa düşmürəm, nə barədə danışırsınız.
Ceyms. (kədərlə Helenə). Bəlkə onu sən başa salasan? Mənim əlimdən heç nə gəlməz. Tereza, əzizim, Helenlə öz otağına get. Bu qədər oturduğun bəsdir, get, dincəl.
Tereza. Ceyms, məni uzaqlaşdırmaq istəyirsən?
Ceyms. Belə lazımdır. Mənim kitabımı götür. Rozla təklikdə söhbət etmək istəyirəm.
Tereza. (qapıya sarı gedir, qapının ağzında ayaq saxlayır). Bəs sən, Helen, gedirsən?
Helen. (Ceymsə). Sənə etibar etmirəm. Mən qalıram.
Ceyms. Qoy sən deyən olsun. Roz, Terezanı ötür.
Roz Terezanın əlindən tutub qapıdan çıxır.
Tereza. (çıxarkən yalvaran uşaq səsi ilə). Mənə „Gecən xeyrə qalsın“ deməyə gələcəksən, Ceyms?
Ceyms. Hələ tezdir, nahardan qabaq yanına gələcəyəm. Axşam isə yaxşı yatasan deyə, kitab oxuyacağam.
Rozla Tereza gedirlər
(Helenə) sən Terezanın ölümünə bais ola bilərdin.
Helen. Mən yalnız kefsiz olduğunu ona söylədim… Düşünmədim ki,…
Ceyms. Sən öz düşüncələrin barədə kifayət qədər çərənlədin.
Helen. Bütün hadisələrə o əxlaqsız adam baisdir.
Ceyms. Onda günah yoxdur. Hər şeyə bizim şüurumuz, xeyirxahlığımız, övliyaların həyatından bəhs edən kitablar, Allahın mömin bəndələrinin şəkilləri, mehrab cəmiyyətinə verdiyimiz ianə səbəb olsaydı, şübhə ona böylə bir iztirab verməzdi. O bizi özünün bütün sevincinə, kədərinə şərik edərdi…
Helen. Bəs nə üçün o bunu etmir?
Ceyms. Ona görə bizim evdə məhəbbət yox, qorxu hökm sürür. Əgər ondan qurban tələb ediriksə, əvəzində ona nə verməliyik? Dini həqiqətlər dəstimi?
Helen. Özündən danış Ceyms.
Ceyms. Nə deyirəm ki… Səxavət bardaş qurub əyləşib, Allah-taala sözü danışır, amma bütün günü ziyandan özgə xeyir vermir.
Helen. Maykl qızı yoldan çıxarıb.
Ceyms. Ağılsız məntiqdir. Əgər lap sən deyən olsa belə.
Roz gəlir.
Roz (meydan oxuyurcasına). Hə, nə oldu?
Ceyms. (Helenə) gərək ondan üzr istəyəsən.
Helen. Üzr istəyim?
Ceyms (Roza). Helen səni güdməkdə yaxşı iş görməyib.
Helen. O bizim himayəmizdədir. O bizi aldadıb.
Roz. Siz məni aldatmısınız!
Helen. Yalana qarşı yalan!
Ceyms. Bəsdir, mumla. İlahi, məni məhv et, sən məni təngə gətirmisən. Çıx, xahiş edirəm.
Helen. Mən burada qalmaq istəyirəm.
Ceyms. Mən sənin qardaşınam, bundan savayı, həm də keşişəm. Səndən bizi yalqız buraxmağı xahiş edirəm.
Helen. (qapıya sarı gedir, lakin dönüb yeni bir təhqirə əl atır). Kilsə sənin kimi fərsiz keşişdən öz yaxasını nə qədər tez qurtarsa, bir o qədər yaxşı olar,
Helen çıxır və ardınca qapını örtür.
Sükut.
Roz. (meydan oxuyurcasına). Bütün bunların nə demək olduğunu, nəhayət, başa düşürsünüz?
Cavab gəlmir.
İndi ki, Tereza xala sağalıb, mən azadam. Mən Mayklla çıxıb gedirəm. Biz əvvəllər olduğu kimi indi də qovuşmağa can atırıq.
Ceyms. Əvvəllər olduğu kimi?
Roz. Biz bir-birimizi təngə gətirməmişik, əgər bunu nəzərdə tutursunuzsa (meydan oxuyurcasına), biz daha dərin məhəbbətlə… Biz bir-birimizə daha yaxından bələd olmuşuq.
Ceyms. Riqel-Korta keçirdiyiniz saatların belə uğurlu olmasına çox şadam.
Roz (titrək səslə). Məni ələ salmayın! Xahiş edirəm, ələ salmayın.
Ceyms. Səni ələ salmaq fikrində deyiləm.
Roz. Dayı, bütün bunlar mənim əzablarımı günbəgün artırır. Qüssədən ürəyim tel-tel olur (onun kreslosu önündə döşəmədə əyləşir). Artıq yorulmuşam. Nə etməli olduğumu anlaya bilmirəm.
Ceyms. Bəs o necə?
Roz. Bir yerdə olanda hər şeyə dözürük. Saat üçün yarısında biz xoşbəxt oluruq, saat üçdə yenə səadət içərisində üzürük. Sonra bir qədər yatırıq. Saat dörddə də bizim üçün pis keçmir. Amma sonra saatın əqrəbləri beşə on dəqiqə işlədiyini bizə xatırladır. Həmin an qəm-qüssə bizi bürüməyə başlayır… Hər gün beşə on beş dəqiqə işləmiş… Saat beşə yaxınlaşanda özümüzü son dərəcə ağıllı aparırıq. Buxarının üzərindəki qızıl suyuna çəkilmiş zəhləmgetmiş fransız saatı bizi tələsdirir. Bir gün yaraşıqlı görünüşünə baxmayıb o saatı sındıracağam… Bəsdir daha… Bütün bunları sənə danışmağın ədəbsizlik deyil ki?
Ceyms. Davam et. Canlı insan nitqinə qulaq asmaq ayda-ildə bir dəfə keşişə nəsib olur. Adətən hər şey ölü formalarla bizə izah edilir.
Roz. «Axırıncı tövbədən sonra, üç həftə əvvəl 27 dəfə zina etmişəm» Helen xala istəyir ki, mən məhz belə cavab verim. Amma, ata, əsl məsələ heç də bunda deyil. Belə zənn edilir ki, biz sizin vasitənizlə Allahla ünsiyyətdə oluruq. Deməli, xudavəndi-aləmə hər şey əlinin içi kimi aydındır. Hətta buxarının üstündəki saat da… Mən tövbə etmək istəmirəm. Ey böyük Yaradan, bizə daha sönməz məhəbbət bəxş et! Bizim birlikdə yaşamağımıza imkan ver! Razı olma ki, bu xoşbəxtliyi Riqel-Kortda, yenə bir daha Riqel-Kortda tapaq! Bax, mən belə demək istəyirəm. Başa düşürsünüz?
Ceyms. Başa düşürəm, mənim balam.
Roz. Biz nə edək?
Ceyms. Mənim balam…
Roz. (sərt). Mən bir keşiş kimi sizdən xəbər almıram. Belə bir cavab mənə məlumdur. Ancaq mən Helen xalanı inandıra bilmirəm ki, Allah üçün Riqel-Kortda həftədə üç dəfə görüşüb, vidalaşıb, ayrılmaq sərfəlidir, nəinki başqa cür?
Ceyms. Necə yəni başqa cür?
Roz. Rahatlıq, ailə, oğul-uşaq, yaşa dolmaq. Özü də hər cür kilsədən uzaq.
Ceyms. Onda sən xoşbəxt ola bilməzsən.
Roz. Olaram. Yanılmayın. Ata, Priçastiyesiz keçinərəm. Bu mənə işgəncə verməz. Həyatda Mayklsız yaşamaq isə…
Ceyms. İnsanlar hicrana üstün gəlməyə qadirdir. Günlər keçir…
Roz. Bəli, amma, insan nəyisə dəf etməlidir. Onunla birgə olmağımız haqqında yuxular görmək, lakin oynayarkən özünü tənhalıqda tapmaq, yenidən yuxu görmək üçün yatmaq, vaxtın yaxınlaşmasını gözləyərək tez-tez saata baxıb dəqiqələri saymaq…
Ceyms (qüssəli, təəccüblü). Bu üç həftə ərzində necə də kamala yetmisən.
Roz. Maykldan məhrum olandan sonra Allahı həqiqətən sevəcəyimə ümid edirsiniz? Allah təsəlli verməzdən əvvəl bizi bax beləcə əzab çəkməyə məcbur edir.
Ceyms. Sən məsələni həddindən artıq sadələşdirirsən.
Roz. Axı hadisələrin gedişi özü sadədir. Burada anlaşılmaz bir şey yoxdur, ata. Bu, təbii sevgi əlaqəsidir. Sizsə elə şeylərdən söz açırsınız ki…
Ceyms. Bədbəxtlik orasındadır ki, sən Allaha az inanırsan. Sorğu-sual etmədən, kor-koranə Allahın dərgahına pənah aparsan, yüngülləşərsən, o sənə yol göstərər…
Roz (sifəti daşa dönür. Ceyms onu inandıra bilmir). Hə? Onunsa əlindən heç nə gəlmir, lal kimi sakitcə dayanır, ətraflı seyr edir. Görünür, ona qəhrəmanlar lazımdır. Mən isə qəhrəman deyiləm. Mən qorxağam. Bu qədər dərdə dözümüm yoxdur. Mənim kimilər çoxdur, ata, lap çox. Allah lazımi məqamda qorxaqların xatirinə ölür.
Aşağıdan zəng səsi eşidilir.
Ceyms. Allah onları qəhrəman şəklinə saldı, hətta Petri də.
Roz. Allahın möcüzələri haqqında çox oxumuşuq. Ancaq onun dönük bəndələri haqqında məlumatımız yoxdur. Bu bəxtəvər dönüklər Allah haqqında nə qədər az fikirləşirlər, bir o qədər rahat həyat sürürlər.
Ceyms. Dönük olmağı da bacarmaq lazımdır.
Roz. Mən isə, dayı, özümü yoxlamaq belə istəmirəm. Mən qorxağam. Mənə, sadəcə, cüzi insan rahatlığı gərəkdir. Lakin belə bir reseptlə yox: “Allahı sev, ümidini ona bağla, tədricən hər şey yaxşı olacaq”… Dayı, xahiş edirəm, katolizimlə əlaqəsi olmayan bir şey danış.
Helen tələsik gəlir.
Helen. Səni soruşurlar, Roz.
Ceyms. Kim?
Helen. Missis Dennis.
Ceyms. Ona nə lazımdır? (şübhə ilə) O bura necə gəlib çıxıb?
Helen (gizli bir təntənə ilə). Mən ki dedim. O, Rozu görmək istəyir.
Sarısını udmuş Roz dəhşət içərisində üzünü yana çevirir.
Pauza
Ceyms. Sənin qurmana oxşayır. De ki, Roz xəstədir, evdə yoxdur. Ağlına nə gəlir de, təki rədd olub getsin.
Helen. Onun haqqı var ki…
Ceyms. Bu uşaq kifayət qədər əzab çəkib.
Helen (şübhə ilə). Uşaq?
Ceyms. Hə.
Roz (ona sarı dönərək, sərt). Mən burda gözünüz qabağındayam, elə deyilmi? Nəyi gözləyirsiniz Qoyun gəlsin (qapıya yaxınlaşıb taybatay açır).
Helen cəld çıxır, Meriyə əmr edir ki, Missis Dennisi yuxarı gətirsin.
Ceyms. (Rozu tərk etmək istəmir). Onunla bacararsan?
Roz. Son üç həftədə onun haqqında az fikirləşməmişəm.
Ceyms. (kreslonu qapının qarşısında əyləyir). Gərəyin olsam, məni səslə. Öz otağımda olacağam.
Roz inadla cavab vermir. Ceyms otağı tərk edir. Roz yönü divara dayanır. Meri missis Dennisi otağa ötürür. Onun ardınca cəld qapını bağlayır. Missis Dennis təxminən 45 yaşlarındadır. Onun saçları vaxtından əvvəl ağarıb, gərgin və əsəbi sifətində qətiyyətli bir ifadə var. O, narahat halda ətrafa boylanır. Otağın qəribəliyi onu təəccübləndirir.
Missis Dennis. Maykl buradadır?
Roz. Yox, siz onu burada tapacağınıza əmin idiniz?
Missis Dennis. O, mühazirəsi olduğunu söylədi, amma indi mən heç nəyə inanmıram. Siz Rozsunuz, elədir?
Roz. Siz onun arvadısınız, elədir?
Missis Denis. Mən sizin məktublarınızdan birini oxudum. Məktub onun xalatının cibindən çıxdı.
Roz. Belə de.
Missis Dennis. Maykl məktubları həmişə ehtiyatsız saxlayır.
Roz. Siz bunu söyləməyə gəlmisiniz? Bundan ötrü dördüncü mərtəbəyə qalxmağa dəyərdimi?
Missis Dennis (acı-acı). Məktubunuz elə təsirli idi ki… Amma siz ona həddindən artıq inanırsınız.
Roz. İnanıram! Bunu düz dediniz.
Missis Dennis. Çox təəssüf. Bu qədər fədakarlıq etməyiniz əbəsdir. Heç olmasa… Hə… Yəqin onun necə bir ilan olduğundan xəbərsizsiniz. Rola girməyi gözəl bacarır. Tələbə qızlarla onun arasında həmişə qəribə anlaşılmazlıqlar olur. Bu, çox güman ki, Freydi birlikdə qiraət etdikləri üçündür. Toyumuzdan üç ilə sonra bizim uşağımız öləndə hətta ondan boşanmaq istədim.
Roz. Bəs bunu nə üçün etmədiniz?
Missis Dennis (qəzəblə). Çünki mənimlə olmaq ona xoş idi! Mənimlə olmaq ona həmişə xoş olacaq! Mən onun bütün günahlarından keçirəm. Bəs siz?
Roz. Mənsə keçmirəm. Çünki sevirəm. Onu öz səxavətimin gücünə özümə bağlamaq niyyətində deyiləm. Əgər məni tərk etmək istəsəydi, onu heç vaxt saxlamazdım.
Missis Dennis. O həmişə sizi tərk etmək barədə fikirləşir.
Roz. Fikirləşməyə onun haqqı var. Hətta səhv etməyə belə…
Missis Dennis. Maykl həqiqətən sizi sevsəydi, məni atardı…
Roz. Üç həftə əvvəl o buna hazır idi.
Missis Dennis. Hələ ki mənimlədir.
Roz. Ona görə ki, mən gedə bilmədim.
Missis Dennis. Niyə?
Roz. Onu saxlayan qüvvə məni saxladı (amansız). Onun sizə yazığı gəlir! Elə mənim də…
Missis Dennis (kinli). Ötən gecə bu, hiss olunmadı.
Roz. (ürək ağrısı ilə). Sizə inanmıram!
Missis Dennis. Əgər onu sizdən ayırmağa hazıramsa, onda necə?…
Roz. Yalan deyirsiniz! Yalan danışdığınızı özünüz də bilirsiniz! Bura niyə gəlmisiniz? Bu, əxlaqsızlıqdır, alçaqlıqdır.
Missis Dennis. Əxlaqsızlıq? Bu sözü sizdən eşitmək təəccüb doğurur. Mən onun arvadıyam.
Roz. Arvadı olaraq qalın. Mən isə yalnız onun məşuqəsi olmaq istəyirəm.
Missis Dennis birdən tabsız halda kresloya çökür, ağlamağa başlayır.
Roz. (bir anlığa sakitcə baxır, lakin dözə bilmir). Bağışlayın (dərin bir ümidsizliklə). Bütün bunlar necə də mürəkkəbdir.
Missis Dennis. Onu mən də sevirəm. İstəyirəm o, yalnız mənimlə qalsın. Bu sizə əzab verməz.
Roz (acı). Əzab verməz?
Missis Dennis. Mən həqiqəti demədim. Biz artıq çoxdandır ki, yaxın olmamışıq. Lazım gəldiyi kimi.
Roz. Hm… Əsl sevgi heç də bunda deyil. Bəzən sadəcə onunla birlikdə olmaqdan, bir havadan nəfəs almaqdan ötrü hər şeyi qurban verərəm. Bir açarla qapını açmaq, birgə nahar etmək, sakitcə yanaşı oturub kitab oxumaq…
Missis Dennis (əsəbi). Nə vaxt yola düşürsünüz? Axı siz çıxıb getmək qərarına gəlmisiniz… Məni üzməyin, deyin!
Roz. Bilmirəm.
Missis Dennis. Siz gəncsiniz. Kefiniz istəyən kişi ilə görüşə bilərsiniz. Yüzlərlə erkək bir öpüş üçün sizin ayaqlarınıza düşər! Yalvarıram, ondan əl çəkin! (sözünü kəsir). Onsuz yaşaya bilmirəm.
Roz onun isterik hal keçirdiyni və get-gedə vəziyyətinin pisləşdiyini görür. O, tələyə düşüb, qorxu hissi keçirir.
O məni atsa, ölərəm. Özümü öldürərəm.
Roz. Yox, yox! Belə iş tutmayın!
Missis Dennis. Tutaram… Hm… Ürəyinizdən keçəni duydum: “Özünü öldürsə, nə yaxşı olar. Mən də Maykla ərə gedərəm…” Belə düşünürdünüz?
Roz. Xahiş edirəm…
Missis Dennis. Ondan əl çəkin, yalvarıram. Bir yerdə gizlənin, o sizi axtarıb tapa bilməsin. Siz gəncsiniz. Buna dözümünüz çatar.
Roz. Ancaq mən belə bir əzaba sadəcə qatlaşmaq istəmirəm.
Missis Dennis. Mən xəstəyəm. Bəlkə də Əzrayıl bu gün-sabah canımı aldı. Nə olar, bir az gözləyin. Çox demirəm, uzağı yarım il. Onda görərsiniz ki… Yarım il sən deyən çox da deyil (demək olar ki, bağırır). Məni səfalətə sürükləməyə haqqınız yoxdur! (ayağa qalxır, Roza sarı gedir) Haqqınız yoxdur! (birdən onun sifətinə bir sillə vurur, lakin o dəqiqə dizi üstə çöküb yumruğu ilə stolu döyəcləməyə başlayır) Mən buna vadar oldum. Siz məcbur etdiniz… Ölmək istəyirəm!!! Ölmək istəyirəm! Ölmək istəyirəm!!! (stolu döyəcləməkdə davam edir)
Roz köməksiz halda onun başı üzərində dayanıb nə edəcəyini bilmir.
O da mənim ölümümü istəyir. Siz hamınız bunu gözləyirsiniz.
Roz. Yox, yox (ümidsiz). Bizim ən müqəddəs amalımız onun səadətidir…
Missis Dennis. Əgər o məni tərk etsə, ağlımı itirəcəyəm (ləngər vura-vura qalxır, Rozun ayaqlarına düşür… İsteriya tutması keçib gedir. Yenidən stulda əyləşir). Zəhmət olmasa, bir az su verin.
Roz tualet otağının qapısına sarı gedir. O, içəri girəndə missis Dennis cəld qalxır, stolun üstünə qoyduğu çantasını götürür, açıb oradan şüşə qab çıxarır, qapağını burub açır, Roz gəlir. Missis Dennis şüşə qabı ovcunda sıxır (su dolu stəkanı alır).
İşığı söndürə bilərsinizmi, əzizim. Onsuz da aydınlıqdır.
Roz elektrik açarına sarı gedir. Missis Dennis həbləri ovcuna boşaldır. Özü də yavaş-yavaş boşaldır ki, Roz onları görsün. Geri dönən və onun nə etdiyini görən Roz qadına tərəf qaçır, dartıb dərman şüşəsini onun əlindən alır və küncə atır.
Missis Dennis (son dərəcə əsəbi). Niyə belə edirsiniz? Onsuz da başqasını tapacağam!
Roz. Öz işinizdir. Siz, sadəcə, mənə qara-qorxu gəlirsiniz? (pilləkənlə sürətlə yaxınlaşan addım səsini eşidib qapıya doğru qaçır). Aman Allah, bu ki Maykldır!
Maykl gəlir.
Maykl!..
Maykl (arvadına nəzər salaraq). Onun burda olduğunu mənə dedilər.
Roz (üzgün). O özünü öldürmək istəyirdi.
Maykl. Boş şeydir. Köhnəlmiş fənddir (arvadına). Bəs sən bir daha artistlik etməyəcəyinə söz vermişdin. Ayıb deyil, əzizim?
Missis Denis. Mənə “əzizim” demə.
Maykl. Sən əzizsən. Nəyə layiqsən, o adla da çağırıram.
Roz diqqətlə onlara baxır. O, əzab çəkir, çaşıb qalır. Sən deyən yaşa dolmayıb ki, insanların bir-birlərini müxtəlif cür sevdiklərini anlasın.
Missis Dennis. Sən ki məni tərk etməyə hazırlaşırsan.
Maykl. Bəli.
Missis Dennis. Görürsən, özün də etiraf edirsən. İndiyə kimi bir dəfə də olsun bunu mənə deməmisən.
Maykl. Mən zəif, iradəsiz olmuşam. İndi isə hər şey sona yetdi. İnsan qəlbini duymaqda məni mütəxəssis hesab edirlər. Amma əməli hərəkət etmək lazım gələndə heç mən özüm də bunu başqalarından yaxşı bacarmıram.
Missis Dennis. Maykl, axı o sənlə müqayisədə çox gəncdir.
Maykl (ağrı içərisində). Mən artıq onu qocaltmışam.
Missis Dennis. Bəs mənim taleyim necə olacaq, Maykl? Təsəlli tapmağa uşağım da yoxdur.
Maykl. Hər şey yaxşı olacaq. Sənin dostların var. Bir müddət keçəcək və… (öz günahını hiss edib, demək olar, onun qarşısında günahını yumağa çalışır)… Və hətta biz, bəlkə, görüşə bildik.
Roz cəld üzünü yana çevirir. Artıq onları birlikdə görmək iqtidarında deyil.
Onlar qıza doğma ər-arvad təsiri bağışlayırlar.
Missis Dennis. Çıxıb getsən, qulağının ardını görəndə məni görərsən. Harada olduğumu, başıma haranın külünün töküldüyünü, xəstəmi, ya da ki, sağlam olduğumu bilməyəcəksən. Gəlib göz yaşlarımı görməyə imkan vermərəm.
Maykl. Sənin yenidən xoşbəxtlik tapmağını bilirsən nə qədər arzulayıram? Bizim birlikdə bəxtiyar günlərimiz olmayıb. Mənimçin bu cansıxıcı həyat Rozla tanış olduğum günə qədər davam edib.
Missis Dennis. Xoşbəxtilkdən yaman dəm vurursan. Bəli, tale mənim üzümə ağlayıb. Bu neçə ildə məni axtarıb-aramayan səadət tənhalıqdamı, sənsizləşən günlərimdəmi məni tapacaq? Belə zənn edirsən? Ancaq məsələ təkcə xoşbəxt olmaqda deyil. Sən öz mühazirələrində xoşbəxt kəslərlə tez-tez rastlaşırsan. Mən yalqız qalmaq istəmirəm, Maykl. Tənhalıqdan qorxuram. Maykl, Allah xatirinə… Hm… Az qala Allaha inanmadığını unutmuşdum. O isə (əli ilə Rozu göstərir) inanır.
Roz (dözə bilmir, yenidən onlara sarı çevrilir və mübarizə meydanına atılır). Dayanın, xahiş edirəm, dayanın. Siz ki ucunu tutub ucuzluğa gedirsiniz.
Maykl və missis Dennis Roza baxırlar. İndi o, burada yad adam təsiri bağışlayır.
(gah birini gah da digərinə nəzər salır). Biz bir-birimizi sevirik, missis Dennis. Bax, beləcə, çox sadəcə. Bu, adi haldır. Hər gün yüzlərlə belə hadisələr baş verir. Hamı sevir. Hər gün yeni sevənlər meydna atılır. Qəzet oxumursunuz məgər?! Xəbərsiz olmazsınız. Hər ay yüzlərlə boşanma olur.
Maykl. Hər ay yüzlərlə bədbəxtlik.
Roz. Əzizim, sən ki, bədbəxt olmağa hazırlaşmırsan. Axı onunla qalmırsan. Mənimlə yaşamaq, ömür sürmək istəyirsən. Biz xoşbəxt olacağıq.
Missis Dennis. Görürsən, o, əzab çəkmir.
Maykl (ona sarı çevrilib acıqla). Bu barədə o, ucadan bağırmır. Heç nədən tapança kimi açılmır… Vəssalam (sakitcə) Bağışla, mən də qışqırıram. Bizim hamımızın əsəbləri korlanıb.
Missis Dennis. Daha bundan belə əsəbləşməli olmayacaqsan (ayağa qalxır). Get evə (özünü düzəldir). Mən sənin gələcək evini nəzərdə tuturam. Şeylərini yığışdıra bilərsən. Mən orada olmayacağam (qapıya doğru gedir). Bu gün orda gecələyə də bilərsən. Evdə olmayacağam (çıxır).
Roz əlini Maykla uzadır. O isə bunu görmür. Qapıya baxır.
Maykl (öz-özünə). Onun əlindən nə xəta desən, çıxar (otağı tərk edir, arvadını haraylayır, əvvəlcə biz onun adını eşidirik). Marion! Marion!
Hələ də əli uzanıqlı qalan Roz qulaq asır. Birdən əli yanına düşür.
(Bayırdan) Marion! (asta addımlarla otağa qayıdır, öz aləminə qapılır). Heç nə etməz! İnsanlar qorxunc intiharlarla özlərini məhv etmirlər!
Pauza.
Elədir?
Roz. Bəli… Biz nə etmək niyyətindəyik, Maykl?
O qızı eşitmir, onun baxışları qapıya zillənib.
Maykl! Maykl! Biz nə etməliyik?
Maykl (ümidsiz bir qüssə ilə). Bizmi? Xoşbəxt olmağa hazırlaşırıq.
Roz. Sən də.
Maykl. Əlbəttə… Səninlə birgə. Buna qüvvəmiz çatar (acı tənə ilə öz-özünə). Axı özgənin bədbəxtliyinə dözməyə nə var? Buna başqalarından daha yaxşı mən bələdəm. Sənətimlə əlaqədar bu vəzifə mənim boynuma düşür.
Roz. Sizə nə olub? Bir təhərsiniz, bəlkə, çıxıb getməyimizi ona bildirdiyn üçün dilxorsan?
Maykl. Getməyimizi ona mən bildirdim? Hə…ə… Az qala unutmuşdum. O məni haldan çıxardı.
Roz. Bəs getməyə hazırlaşmırsan?
Maykl. Biz ki çoxdan şərtləşmişik. Xalan sağalan kimi çıxıb gedəcəyik.
Roz. O, sap-sağlamdır. Mən artıq azadam.
Maykl (astadan). Elə isə… Hə… elə isə, əlbəttə… gedə bilərik.
Roz. Nə vaxt? Bu gün, sabah?
Maykl. (tərəddüd edərək). Sabah yox, o biri gün. Mən onunla üzlüşməliyəm.
Roz. Onu bu qədər sevməyini istəməzdim.
Maykl. Qısqanma, əzizim. Lazım deyil.
Roz. Qısqanmıram. Sadəcə, sənin əzab çəkməyinə dözə bilmirəm.
Maykl. Şeylərini yığışdır… Sabah yox, o biri gün (onu öpür, qapıya sarı yönəlir).
Roz. (həyəcanlı. Nə edəcəyini bilmir. Məktəbli qız sadəlövhlüyü ilə). A lientot
Maykl. (arvadı haqda fikir onu tərk etmir). O haraya getmiş olar? Onun sən deyən çox rəfiqəsi də yoxdur (gedir).
Onun axırıncı sözlərindən sonra Roz əli ilə ağzını qapayır. Bir an pilləkəndən gələn ayaq səsələrinə qulaq asıb qüssəli halda əyləşir. Hönkürməmək üçün əlini bərk-bərk ağzına sıxır. Helenin səsi və kreslo təkərlərinin cırıltısı onu ayağa qalxmağa məcbur edir. Helen kresloda əyləşmiş qardaşını gətirir.
Helen. Nə vaxt gedirsən?… Öyrənmək istəyirəm.
Roz. Sabah yox, birisi gün (onun cavabı elə zəif səslənir ki, sanki o özü də buna inanmır).
Helen (qardaşına). Terezaya kitab oxumağı vəd etmisən. Unutma ha…
Ceyms. Yadımdadır. Sən özün bəzi şeyləri unutmusan.
Bir anlıq tərəddüddən sonra Helen Roza yaxınlaşır və onun yanağından öpür. Helen gedir. Roz əlini yanağına aparır, onun öpüşünü hələ də yanağında hiss edir.
Uzun pauza.
Bir şeyə ehtiyac var?
Roz. (demək olar ki öz-özünə). Ona dedim ki, məni düşünməyə məcbur etməsin. Mən ona xəbərdarlıq etmişdim.
Braun ata sakitcə kreslosunda büzüşüb dillənmir.
Əgər o gün çıxıb getsəydik, xoşbəxtlik tapardıq. Məni fikirləşməyə vadar etməsələr, heç nə barəsində düşünmərəm. Bir də tanımadığım adamlar haqqında fikirləşmək nəyimə lazımdır? Onun sadəcə adını eşitmişdim. Vəssalam. O isə öz ayağı ilə gəlib buraya çıxdı. Yumruğu ilə stolu döyəclədi, kresloda əyləşib gözünün qorasını tökdü. Mən onları bir yerdə gördüm. Onlar ər-arvadırlar, dayı! Mən heç vədə bu həqiqət barədə fikirləşməmişdim. Doğrudur, Maykl evli olduğunu mənə demişdi. Amma onları bir yerdə görməmişdim. Lap kitablarda yazıldığı kimi. Bu gün isə onları bir yerdə gördüm. Dayı, mənə yol göstərin (onun qarşısında döşəməyə düşür). Deyin, mən nə edim, ata?
Ceyms. Sən ata deməklə ağzımı qapayır, məni zalım olmağa vadar edirsən.
Roz. İstəyirəm mənə yol göstərib, “belə et”, “elə et” desinlər. İstəyirəm, kimsə mənə “bura gəl”, “ora get” desin. Mən beynimi yormaq istəmirəm.
Ceyms. Əgər mən onu “tərk et” desəm?
Roz. Buna dözmərəm.
Ceyms. Madam ki, belə zəifsən, yaxşısı budur, onunla çıx get.
Roz. Onun arvadının iztirabına dözə bilmirəm.
Ceyms. Sən lap uşaqsan. Lakin uşaq olsan da, iştahan böyükdür. Birdəfəlik başa düşməlisən ki, ya şəxsi səadətindən vaz keçməlisən, ya da özgənin iztirablarına göz yummalısan. Kimsə əzab çəkməlidir. Başqa yol yoxdur.
Roz. Yer üzündə xoşbəxt insanlar saysız-hesabsızdır, həyat adlı yolu birgə gedə bilməyənlər də çoxdur. Belələri xoş günlərin birində başa düşürlər ki, onlar bir-birlərindən ötrü yaranmamışlar. Ona görə də ayrılırlar… Bu barədə bilirsiniz nə qədər oxumuşam.
Ceyms. Mən də oxumuşam. Sehrli nağıllar da çox zaman “Həmin vaxtdan etibarən onlar ömürlərinin axırına qədər xoşbəxt həyat sürdülər” sözləri ilə qurtarır.
Roz. Deməli, belə xoşbəxtlik mümkündür.
Ceyms. Axmaqlar üçün, bəli! Əzizim, sizin heç biriniz ağılsız deyilsiniz. Maykl insan arzusunun təhlili ilə məşğul olur. Sənin günahın özünə aydın olduğu kimi, onun da şəxsi eqoizmi özünə bəllidir. Psixoloq və katolik… Siz özünüzü Riqel-Kortda sutkada iki saatdan çox aldada bilməzsiniz.
Roz. Mən buna qadirəm. Qadir.
Ceyms. Onda özünü həyatın boyu aldatmış olarsan. Məsələn, bayaqki isteriya tutması uzun müddət yadından çıxmayacaq. Qadının öz ərinə ümid bəsləməyə haqqı var.
Roz (sinəsindən inilti qopur). Ah…
Qapı açılır, Tereza daxil olur. O, xalatdadır. Roz əlilə ağzını tutub nəzərlərilə onu izləyir. Tereza onlara fikir vermədən tualet otağına girir. Qapı onun arxasınca örtülərkən Roz hönkürüb başını Ceymsin dizləri üzərinə qoyur, Ceyms onun saçlarını tumarlayıb sakitləşdirməyə çalışır.
(başını qaldırır). Bu, dəhşətdir! Dəhşət! Dəhşət!
Ceyms. Ondakı qəribəliyi adi hal kimi qəbul edəcəyini düşünürdüm. Sən isə hər dəfə təsirlənirsən.
Roz. Mən daha da burada – onların əhatəsində yaşaya bilmərəm! Görürsünüz, nə oyunlardan çıxırlar? Mən heç kəsin heç zaman ölmədiyi otaqda yatmaram! Dayı, yalvarıram! Mənə çıxıb getməyi buyurun! Mənə çıxıb getmək hüququ verdiyinizi söyləyin! Katolizmdən söz açmayın. Mənə kömək edin! Yalvarıram! Kömək edin!
Ceyms. Sənə kömək etmək mənim borcumdur. İstəyirəm dadına yetəm. Öz həyatım bahasına olsa belə yaxşılıq etmək istəyirəm. Ancaq ağzımı açan kimi dilim dəyəri bir qəpiyə dəyməz dini katexizisin ağır yükü altında lal olur.
Roz. Deməli, mənə heç bir ümid verə bilməzsiniz?
Ceyms. Ümidimi? Bu, başqa məsələ. Ümid həmişə var.
Roz. Nəyə?
CEYMS. Özünü ələ alıb onu unut.
Roz cəld ayağa sıçrayıb ondan aralanır.
(sözlər çətinliklə ağzından çıxır. Çeynənmiş ifadələrdən savayı söz tapa bilmir). Əzizim, kilsəyə get. Xeyir-bərəkət ordadır. Dərdinə əlac taparsan. Əlinə təsbeh al. Təsbehin var? Müqəddəs Məryəmin ayaqlarına düş… Dua et…
Roz. (nifrət və şübhə ilə). Dua edim?
Ceyms. Roz,… xahiş edirəm… (qızın verəcəyi cavab onu qorxutduğundan əzabla lazımi sözlər axtarır, lakin yenə də tapa bilmir). Bir az gözlə…
Roz. Dediniz onunla getsəm, o, ömrü boyu bədbəxt olacaq. Bəs burada qalsam? Nəyə nail olacağam? Bu ayaqyolundan, canlılar yaşayan yeganə otaqdan savayı heç nəyim olmayacaq. Deyirsiz, əlimi Allahın ətəyindən üzməyim. Hələ ümid var, dua edim. Axı kimə? Siz mənə Allah haqqında, onun mömin bəndələri haqqında danışmayın! Mən sizi ayaqdan məhrum edən, məni isə Maykldan məhrum etmək istəyən Allahınıza inanmıram. Mən sizin kilsəyə və Allahın anası müqəddəs Məryəmə inanmıram. İnanmıram! İnanmıram! Zərrəcə inamım yoxdur!
Ceyms əlini ona uzadır. Roz yana çəkilir. Helen gəlir, soyuq nəzərlərlə bu mənzərəni seyr edir.
Helen. Nahar vaxtıdır (Ceymsə). Tereza səni çağırır, mənsə hələlik burada süfrə salım.
Ceyms. Olmaz bu gün başqa otaqda nahar edək?
Helen. Sən ki başqa otaq olmadığını gözəl bilirsən (kresloya yaxın gəlib onu qapıya doğru sürür).
Ceyms daha müqavimət göstərmir. O, özünün qocalığı, xəstə görkəmi ilə barışır.
Helen (Roza). Stolun üstünə süfrə sal. Bu saat qayıdıb sənə kömək edərəm.
Helen Ceymsi aparır.
Roz. (tənha) İnanmıram! İnanmıram! (özünü unutmuş halda otaqda gəzinir. Şüşə qab gözünə sataşır. Diz üstə çöküb onu qaldırır. Sonra ümidsiz halda tualet otağının qapısına doğru gedir və çağırır). Tereza xala! Əziz Tereza xala!
Tualet otağının qapısı açılır. Tereza çıxır, adəti üzrə Roza
əhəmiyyət vermədən otağı dolaşır.
Tereza xala, xahiş edirəm!
Bir anlığa adama elə gəlir ki, qoca, xərifləmiş idrak bu çağırışa, haya səs verəcək. Tereza arxa çevrilir. Sonra yenidən qapıya sarı gedir.
Allah xatirinə, mənimlə danış, Tereza xala! Bu mənəm, Rozam…
Tereza çıxır, ardınca qapını örtür.
(Ümidsiz halda tualet otağının qarşısındakı meydançaya düşür). Doğrudanmı mənə heç kim kömək etməyəcək? (şüşə qabdakı həbləri boşaltmağa başlayır. Hamısını boşaltdıqdan sonra, dua üçün cəhd göstərir, lakin duanın sözlərini yadına sala bilmir). Bizim atamız… sən… siz…siz… (birdən uşaq kimi tamamilə şüursuz təlləffüz etdiyi sözlərin əhəmiyyətinə varmadan ovcunun içərisindəki həblərə nəzər salaraq dua etməyə başlayır). Ya rəbb! Anamı, dayəmi, bacım Mariya-Luizanı hifz et və günahımdan keç! Yalvarıram, elə et ki, bir daha mərasimlər olmasın.
PƏRDƏ
Dördüncü şəkil
Yataq otağı. Ertəsi gün. Yorğan-döşək döşəmədə tökülüb qalıb. Ceyms ata öz kreslosunda oturub. Maykl (arxası ona sarı) pəncərədən baxır. Meri kreslonu qapıya sarı aparır.
Meri (nəfəsini dərir). Evdə səliqə-sahman yaratmağın vaxtı çoxdan çatıb. İcazə versəydiniz, mənzilə əl gəzdirərdim. Bayaq bunları miss Helenə söyləyəndə üstümə çımxırdı: “Sənə məsləhətlərinə görə yox, gördüyün işlərə görə pul verilir” dedi.
Ceyms. İstəyirsən, deyim, sənə kömək etsinlər.
Meri. Dəyməz, ser. Qoyun hər kəs öz işi ilə məşğul olsun. Belə olan təqdirdə günaha daha az batarıq (kreslonu qapıya kimi gətirir, sonra geri dönərək Ceymsə). Bayaq səhv etdim. Gərək miss Helenə tutarlı cavab verəydim: “Miss Helen, siz haqlısınız” deyəydim. “Ancaq mən heç də məsum və biçarə qızı pusmaq üçün deyil, evdə gördüyüm işlərə görə zəhmət haqqı alıram!”. Az qala dəyişəklər yadımdan çıxmışdı (dəyişəkləri kreslonun üstünə yığır). Gör nə qədər boş yer var. Sizcə, boş sandıqların burada qalmasına etiraz etməzlər? Bundan belə yeməyi harada yeyəcəksiniz? Ayıbdır, vallah. Bu boyda imarətdə bir dənə fərli-başlı qonaq otağı tapılmır.
Helen gəlir.
Helen. Buralarda yaman çox vaxt itirirsən, Meri.
Maykl pəncərədən aralanır.
(Mayklı görüb). Sizin burada olduğunuzu bilmədim, cənab Dennis.
Maykl. Xəyala dönmüş varlığı yoluxmağa gəldim. Siz Allah, bir baxın. Onun ölümü barədə mənə xəbər verməyə qabiliyyətiniz çatmayıb.
Helen. Sən bizim ailənin üzvü deyilsən (stullardan birini götürür).
Maykl. Ölümdən qorxan insan üçün siz kifayət qədər müsibət törətmisiniz.
Helen (ona məhəl qoymur). Ceyms, əgər Terezanın otağından yataq otağı kimi istifadə etsək, otağımız kifayət qədər genişlənər. Səni başqa yerə köçürmək lazım gəlməz.
Ceyms. Bu gün harada yatacağım məni maraqlandırmır.
Helen. Həyatsa davam etməlidir, Ceyms. Əgər qadın olsaydın, bunu daha aydın başa düşərdin.
Maykl. Roz da qadın idi. Gənc, məsum. Ölüm onun qoynuna çox erkən girdi. Al yanaqlarını, qönçə dodaqlarını vaxtsız soldurdu
Helen (yenə stul qoyur). Məni niyə ittiham edirsən? Günahkar sayıla bilinəcək adam sənsən. Onun vicdanını sən öldürdün, namusunu ləkələdin. Nəticədə o, özünə qəsd etdi. Ölümü özünə rəva bildi.
Maykl (ittiham edərək). Əgər mənim arvadımı dartıb buraya gətirməsəydiniz, o, intihar etməzdi.
Ceyms. Əgər pəncərə, qatar, körpü… olsaydı… siz deyən idi. İndi müqəssiri axtarmağın mənası varmı? Bunun ona köməyi dəyəcək? (Maykla). Aşna, deyəsən, özünü bu işdə təqsirli hesab etmirsən?
Helen. Kimin günahkar olması mənə gün kimi bəllidir.
Maykl (özündən çıxır). Əlbəttə, sizə bəlli olar. Əgər öz çirkin və xəbis ürəyinizə bir balaca nəzər salsanız, bu dəqiqə müqəssirin adını çəkərsiniz.
Ceyms. Məncə, Freyd müqəssirlik, günahkarlıq kimi bir anlayışın mövcudluğunu inkar edir.
Maykl. Allah xatirinə, psixologiyadan bu gün bircə kəlmə də söz salmayın. Psixologiya da onun köməyinə yetmədi. Bütün bu kitablar, bərli-bəzəkli sətirlər, mühazirələr, röyaların təhlili… demə boş şeylərmiş. Şeytan cildinə girmiş ölüm toxumları imiş. Düz demirəm? Mən bir psixoloq kimi insan qəlbini yaxşqı oxuyurdum. Nə olsun, bir şeyə müvəffəq ola bildim? (üzünü yana çevirir). O burada döşəmədə uzanmışdı.
Ceyms. Hətta bizim ürəklərimiz də müqəssir olmağımıza şəhadət verər.
Maykl. Müqəssirsiniz, buna varlığım qədər əminəm.
Helen. Mən – zərrəcə…
Maykl. Elə isə nə üçün bu otaqda yatmırsınız? Günahkar deyilsiniz? Demək, hər şey öz qaydasındadır. Elə isə nədən qorxursunuz?
Ceyms. Helen, doğrudan da, nədən qorxuruq?
Helen (vahiməli). Biz ki şərtləşmişdik. Sən ki xəbərdarsan…
Ceyms. Şərtləşmişdiniz?
Helen. Terezanı vahiməyə salmaq olmaz. O çox qocadır. Elə dəhşətli anları olur ki… Onun iradəsi ziddinə getmək yaramaz. Mən heç nədən qorxmuram, Tereza isə…
Ceyms. Deməli, səbəbkar odur?
Helen. Hə, odur. Bu otaqda heç kim yatmamalıdır, Ceyms.
Ceyms. Mən də?
Helen (dəhşətlə). Axı hər şey artıq həll olunub, qurtarıb, Ceyms. Terezanın yatdığı otaq həm də qonaq otağı olacaq. İndi Meri oranı qaydaya salır. Ceyms, sən ki onun rahat və böyük otaq olduğundan xəbərdarsan (stulu çəkib qapının arxasına aparır, qayıdır). Bu otağı isə indi qıfıllamalıyıq.
Ceyms. Bizi yalqız burax. Öz işinlə məşğul ol, Helen.
Helen tərəddüd edir, Maykla baxır.
Bir az burda oturmaqla dünya dağılmaz.
Helen danışmağa cəhd göstərir, lakin nə isə fikirləşir, stulu qapıb gedir.
Pauza.
Maykl. Rozla mən… Daha doğrusu, aşiqlə onun təcrübəsiz məşuqəsi bu otağa üç həftə əvvəl gəlmişdik (özünə haqq qazandırmaq istəyir). Həmin gün, bilirsiniz, o necə də şad və xuraman idi. Onun sevinci aşıb daşır, üzü fərəhdən gülürdü.
Ceyms. O çox sürətlə yaşa doldu, kamala yetdi.
Maykl. Keçən gecə Roz sizinlə söhbət etdi?
Ceyms. Bəli.
Maykl. Axı nə üçün belə etdi?
Ceyms. İztirablar daim onu hədələyirdi. Sizin, özünün, arvadınızın iztirabları gecəli-günüdüzlü onu təqib edirdi.
Maykl. Bir az əvvəl arvadım buraya – mənə zəng vurmuşdu. “Xəbər quş qanadlı olur” deyiblər. Haradansa öyrənib. Dərin hüznlə kədərləndiyini xəbər verirdi.
Ceyms. Fikrin nədir?
Maykl. Onunla yaşamaqda davam edəcəyəm. Əgər bunu həyat adlandırmaq mümkündürsə. Qəribə məntiqdir. Məni psixoloq hesab edirlər. Mən isə iki insan ürəyi qırmışam.
Ceyms. Psixologiya sənə insanların qəlbindən baş çıxarmağı öyrədə bilər. Sevməyi isə öyrətmir.
Maykl. Mən ki onu sevirdim.
Ceyms. Xəbərim var. Onu elə mən də sevirdim. Ancaq bizim heç birimiz – nə sən, nə də mən onu həqiqi məhəbbətlə sevməyib. Bəlkə övliyalar… Yox, heç onlara da inanmıram. Dünən axşam Allah sevimli balama, körpə quzuma ümid vermək üçün onu mənim yanıma göndərmişdi. O, kömək əlini ona uzadım deyə mənə çox yalvardı: «Mənə heç bir ümid verə bilməzsiniz?» deyə soruşdu. Mən də Allaha müraciət etdim: «Onun sualına cavab tapmaq üçün mənə qüvvət ver!». Allah isə iyirmi il məni bu kresloda oturmağa ona görə vadar etmişdi ki, belə məqama hazır olum. İmdad diləyənə yol göstərim. Fərasətsiz olduğumu görən Ulu Tanrı da susdu. Mən Roza dua etməyi məsləhət gördüm. Əgər duanın törədəcəyi fəsadı qabaqcadan duya bilsəydim, ona başqa cür kömək göstərərdim. Roz «Dua edim?» sözlərini sonsuz nifrətlə, demək olar ki tüpürərək dedi.
Maykl. Mən axmaq xəyalları başından qovsun deyə bir anlığa arvadımın ardınca çıxmışdım. Onun özünə xətər yetirəcəyindən qorxurdum. Ancaq bu xəta daha əziz adama toxundu. İndi başıma haranın külünü töküm? Doğrudanmı heç nə dəyişməyəcək?
Ceyms. Üç qoca qonaq otağından məhrum oldu. Psixoloq xəstə arvadı ilə qaldı. O isə yoxa çıxdı… Gölməçəyə atılmış daş yoxa çıxan kimi.
Maykl. Bu fəlakətlərin baisi Allaha yenə inanırsınız?
Ceyms. Bəli.
Maykl. Elə isə, bu kortəbii, mən deyərdim ki, ağılsız inamdır.
Ceyms. Bəzən belə də olur.
Maykl. Üstəlik deyərdim zalım bir inam…
Ceyms. Seminariyada öyrədilənlərin demək olar, hamısını unutmuşam. Hətta Allahın mövcudluğu haqqındakı fərziyyələri də. Hə… deyəsən, bəzi şeylər yadıma düşür. Hansı müqəddəs kitabdasa deyilir: «Bizim duyğularımız nə qədər dərin sıxıntı, inamsızlıq və ümidsizliklə bələnirsə», etiqad bir elə böyük əminliklə: «Ümidini Allaha bağla, hər şey yaxşı olacaq» deyir.
Maykl. «Hər şey yaxşı olacaq»? Siz bunu doğrudan duyursunuz?
Ceyms. Yox, duymuram. Mənim duyğularım sarsıntı, qeyri-əminlik və ümidsizliklə yüklənib. Nə etməli, mən də belə zəifəm.
Maykl. Mənsə zəiflərə acımayan Allaha inanmazdım.
Ceyms (yalvarıcı). Sənə and verirəm, bu gün onu rahat burax. Ona inanmırsansa da, onun haqqında belə nifrətlə danışma. Əgər mövcuddursa, o da Rozu sevirdi. Onun şüursuz halda zəhər içməsini də görüb. Bizlərdən heç kəs məhəbbət və iztirabın qədrini bilmir. İndi Allah onu səxavətlə Rozun başına səpir.
Maykl (əzabla). Fəqət gec deyilmi?
Ceyms (onu təəccübləndirmək məqsədilə). Bu gün sənin daxilində bir ağrı dillənir. Heç nə edə bilməzsən. Bu tərəflərdə xərçəngdən ölmüş bir adam uyuyur. Bax onun daxilində də bir ağrı dillənir. Biz çətinə, dara düşəndə əzab-əziyyətdən gileylənir, ahu-zar edirik. Sən istəyirsən bu əzab-əziyyət dünyasında ağrı və iztirabdan təcrid olunmuş yeganə şəxs olasan?
Maykl. Siz isə Allah tərəfindən dünyanın belə yarandığını zənn edirsiniz, eləmi?
Ceyms. Bəli. Mən onun hərəmizə bir dərd verdiyinə də inanıram. O yalnız dünyanı yaratmayıb. Əbədiyyət yaradıb. İztirab, ağrı sənlə mənim üçün uzun həngamədir. Uşaq doğmuş qadın üçün isə bu, sadə bir işdir. Ölüm bizim uşağımızdır. Biz əzab, əziyyətin, iztirabın içərisində çırpınıb öz ölümümüzü doğuruq. Ağrı məni də sizin kimi qovurur. Roz isə artıq rahatlanıb. O artıq öz uşağını doğub. Ölüm onunçun artıq mövcud deyil.
Maykl. Elə danışırsınız, sanki o sağdır (birdən hücuma keçir). Hə, hə… Az qala yadımdan çıxmışdı. Hm… Rozun sağ qaldığını, o dünyada yaşadığını kilsəniz sizə öyrədir, eləmi? O öz günahı ucbatından lənətlənməyib. Onu mənim arvadımın çıxardığı həngamələr cəhənnəm əzabında yanmağa vadar edib.
Ceyms. Bizi axmaq yerinə qoyma. Kim deyə bilər ki, biz onun son qərarından xəbərdar olmuşuq. Son dəqiqələrdə yalnız Allah onunla olub.
Maykl. Siz özünüz təsdiq etdiniz ki, «Dua edim?» sözünü o necə nifrətlə söylədi.
Ceyms. O, qızın son sözləri deyildi və ola da bilməzdi. Sən lap yaxşı bilirsən ki, məhəbbət nifrətlə bacı-qardaş doğulur…
Maykl. O heç də mürəkkəb xilqət deyildi. Gənclərə xas hər cür nevroz, riya və təzadlar ona yad idi. Onun sizin kilsəyə ehtiyacı yox idi. O, aydan arı, gündən duru idi. Heç bir günahın sahibi deyildi. Sadə bir qız idi.
Ceyms. Sadə olduğu üçünmü onu sevirdin? Zənn etmirəm. O, dözümlü idi. Onda böyük səbir vardı. Sizi valeh edən bu idi. Çaşıb birdən etiraz edərsən. Onda hər bir dərdə dözüm vardı. Bu isə hər kəsə bəxş edilmir… Elə buna görə də hər ikimiz onu sevirdik.
Maykl (kədərlə). «Gölməçəyə düşmüş daş…»
Qapı açılır. Tereza daxil olur. Qoca ledi yorğan-döşəyin ağırlığı altında səndələyir. Onları divanın üstünə tökür.
Ceyms. Bu nədir, Tereza?
Tereza. Mənim otağımı qonaq otağı düzəldirlər. Mən burada yatacağam.
Səhnənin arxasından Helenin səsi eşidilir: “Tereza, haradasan, Tereza?”
Helen görünür. Maykla fikir vermir.
Helen. Tereza, sən yenə xəstələndin? Nə edirsən? Bu yorğan-döşək kimindir? Axı hər şey qaydaya salınıb.
Tereza. Mən burada yatacağam (yatağı salmağa başlayır).
Helen. Burada? Ceyms, onu başa sal… Biçarə nə etdiyini bilmir. Burda yatmaq olmaz. Mən ona icazə vermirəm. Axı biz şərtləşmişdik. Ceyms, di ona bir şey de…
Tereza soyuqqanlı halda yatağı salmaqda davam edir. Ceymsin baxışları bacılarına zillənir. Maykl pəncərədən aralanır, baxır.
Helen (təlaş içərisində). Tereza, əzizim, lazım deyil. Axı o burda öldü. Bu otaqda can verdi (divanın qarşısında diz çöküb bacısına mane olmağa çalışır).
Ceyms. Qurtar, Helen! Yetər ağılsızlıq etməyimiz! Allah siz qadınlar kimi mərhəmətsiz deyil. Qorxu içərisində onsuz da kifayət qədər ömür sürmüsünüz. Bir az da insan kimi yaşayın, əzizim. Bir az da insan kimi yaşayın!
Helen birdən üzgün halda yatağa düşür, uşaq kimi hönkürür.
İndi Tereza ondan daha güclüdür. O, Helenin qarşısında əyləşib onun başını tumarlayır. Uzaq keçmişlərdə olduğu kimi böyük bacı ərkilə onunla danışır.
Tereza. Nəyə gərəkdir göz yaşları? Nəyə? Onlar yalnız kələm suvarmaq üçün lazımdır. Hamısı boş şeydir, əzizim. Axı nə üçün burada yata bilmərəm, hə? Nə üçün qızımız, əziz balamız haqqında düşüncələrdən qorxmalı, vahimələnməliyik? Rozun öldüyü otağın yerini heç bir otaq mənə verəmyəcək…
Pərdə salınarkən Tereza hələ də Helenin başını tumarlamaqda davam edir.
PƏRDƏ
İngilis dilindən tərcümə edən:
Akif ABBASOV
Yazıya 39 dəfə baxılıb