(Şair Hidayətin 80 illik yubileyinə sözönü…)
Burdan – Azərbaycan ədəbiyyatından min atlı keçdi. Min atlı da keçməkdə davam edir. O çaparların birindən – ağır yüklü, ağır gərdişli, batman yerişli, sözü də, özü də bütöv, kəsərli, adı adlar, odu odlar siyahısında, doğru yolda, haqq yolunda addımlayan, insanlara haqqı göstərən, insanları haqqa səsləyən – Hidayətdən söz açacağam.
Düz 22 il əvvəl əziz dostumun “Ömrümün çəhlimləri” adlı şeirlər toplusunu oxuyandan sonra öz təəssüratlarımı “Yollara qovuşan çəhlimlər” başlığı altındakı məqaləmdə bölüşmüşdüm. Orda belə bir cümlə var idi: “Səhərin alatoranında otların, çiçəklərin üstünə almaz kimi parıldayan şeh damcıları düzülür. Sən də bu şehli biçənəklərdə gəzirsən, otların, çiçəklərin üstündəki damcıları istər-istəməz yerə səpələyirsən, ayaqların, şalvarının balağı şehə, suya batır. Hələ səhər-səhər heç kəsin addım atmadığı otlaqda çəhlim, iz salırsan”. Onda mən Hidayətin saldığı çəhlimdən söz açmış, onun iziylə gedənləri, getmək istəyənləri Hidayət yaradıcılığının dərinliyinə səsləmişdim. Bu günlərdə dostumun ədəbi yaradıcılığını yenidən varaqladım, onun yeni-yeni çəhlimlərinin şəhdinə büründüm. Və bir daha əmin oldum ki, Hidayət öz yolunu hələ çox gənc yaşlarından seçib, ayırıb, kol-kosdan təmizləməyə başlayıb. Onun 19 yaşında, universitetin elə ilk illərində yazdığı bir şeirə diqqət edək:
Biri köhnə yolları
Köhnə arabasıyla
Başa vurmaq istədi –
Uğur! – dedilər.
Biri sıldırım qayaları
Qəlpə-qəlpə qoparıb,
Özünə bir yol açdı,
– Cığır dedilər!
Təkcə bu misralar 19 yaşlı bir gəncin həyata baxışının, müşahidə gücünün, təfəkkür qüdrətinin, həyatın alt yapısına enmək bacarığının inikasıdır. Hidayət hələ gənc yaşlarından ağla-qaranı, halalla-haramı, yaxşıyla-pisi seçməyi bacarıb və özü-özünə pıçıldayıb ki, “Hidayət, gedilmiş yolla getmə, özünün yolun, izin, cığırın olsun”. 19 yaşlı bir gənc onu da yaxşı bilirdi ki, başqasının cığırıyla addımlayanlar uğura daha tez çatır, nəinki sıldırım qayaları qəlpə-qəlpə qoparıb özünə yol açanlar…
Aylar, illər ötüşdü Hidayət heç kəsin saldığı yolla addımlamadı, özünə yol açdı, bu yolda qayaları, dağları dırnaqlarıyla yararaq uğurun yolunu tapdı, dünyanı salamladı:
Salam, dünya!
Sinən üstdən ötənlərdən
Kimlər köhnə yollarınla
səssiz-ünsüz yeriyiblər,
kimlər təzə yollar açıb, cığır salıb?
– dedi və yalnız öz yoluna inandı.
Gəlin onun keçdiyi yollara bir daha nəzər salaq: Hidayət Orucov bizdən kilometrlərlə uzaqda doğuldu – Qərbi Azərbaycanın Meğri mahalının Maralzəmi kəndində. Ancaq qəlbi, ruhu, saleh əməlləri, torpağına, dilinə, dininə bağlılığı bizə bizdən yaxın oldu. Başqa respublikada, başqa dildə danışanlar arasında təhsilə yiyələnsə də, öz dilinə, ədəbiyyatına, mədəniyyətinə olan vurğunluğu onu Bakı Dövlət Universitetinin filalogiya fakültəsinə gətirdi. Oxudu, ali təhsilə yiyələndi, Azərbaycan dilini sevə-sevə şagirdlərinə öyrətdi, mətbu orqanlarda öz dilinin şirinliyini oxucularına daddırdı. Bütün bunlarla da yetinmədi, Azərbaycan mədəniyyətini, adət-ənənəsini, dilinin lətafətini dünyaya göstərmək üçün yazdı-yaratdı, müxtəlif vəzifələrdə çalışdı – Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etdi, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs dedi, azərbaycanlı şairlərin, yazıçıların kitablarının nəşrində böyük işlər gördü, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru oldu, sonra Bakı şəhərinə köçdü və uzun müddət “Gənclik” nəşriyyatında əvvəlcə baş redaktorun müavini, sonra isə baş redaktor kimi fəaliyyət göstərdi, Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışdı. Diqqət etsək, görərik ki, onun bütün bu illər ərzində bir amalı, bir məqsədi olub – Azərbaycana xidmət, Azərbaycan mədəniyyətini, əxlaqını, dilini, incəsənətini layiqli şəkildə təmsil etmək, xalqımızın mərdliyini, humanistliyini dünyaya tanıtmaq, yenicə qurulmuş müstəqil bir ölkədəki tərəqqini özgə millətlərə örnək etmək…
Bu gün Hidayət Orucovdan söz düşəndə bəzilərimiz ona dövlət xadimi, diplomat, bəzilərimiz şair-dramaturq, tərcüməçi, publisist deyirik. Bəli, sanki bir bədəndə iki ayrı-ayrı ruh yaşayır. Onun biri məntiq, diqqət, məsuliyyət, soyuqqanlılıq tələb edən siyasətçi, o biri isə hadisələrə ürəyinin gözüylə baxan, Məcnun sevdalı, Fərhad külünglü, Kərəm yanğılı ozan, şair, söz adamı, dəli-dolu Koroğludur. O siyasətçi, o dəli-dolu Koroğlu el-obasını, torpağını göz bəbəyi kimi sevir, qoruyur, ona uzanan əlləri dibindən kəsməyə hazırdır. Və yurduna göz dikənlərin üzərindən xətt çəkmək, onlardan üz döndərmək də o siyasətçinin, dəli-dolu şairin özüdü, iç üzüdü. Onun xalqına dil uzadanlar onu başdan-ayağa qızıla tutsalar da, imtina etməyi, yox deməyi bacarır. Buna bariz nümunə kimi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq 1978-ci ildə qazandığı Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri addından imtina etməsini göstərə bilərəm…
Onu da qeyd edim ki, Hidayət ruhundakı dəli-doluluq Azərbaycan müstəqil olandan sonra müstəqillik qazanmamışdır. O, hələ sovetin qılıncının hər iki tərəfinin kəsdiyi dönəmlərdən sözünü deməyi, yuxarılarla (Moskva ilə, Kreml ilə) mücadiləyə qalxmağı bacarırdı. Bu fikrimə də örnək gətirim: 1983-cü ildə 34 nəfər erməniyə rəhbərlik edən azərbaycanlı şair – Hidayət ta Ağrı dağın ətəklərindən Çexoslavakiyaya səyahətə çıxır.
Dəstəmiz İrəvan dəstəsi idi,
Sevilən, tanınan sənətkarlardı.
Dəstədə otuz dörd erməni vardı,
Yalnız bir şairdi – azərbaycanlı.
Onu da qeyd edim ki, örnəyim olan bu şeir hələ 22 il əvvəl də mənim diqqətimi çəkmişdir. Bu gün yenidən bu misralara dönməyim Hidayət poeziyasının heç vaxt solmadığının, illər keçsə də öz aktuallığını itirmədiyinin sübutudur: O bircə nəfər azərbaycanlı – Hidayət Orucov otuz dörd nəfər erməniyə Azərbaycan xalqının böyüklüyündən, mərdliyindən, döyüşkənliyindən sevə-sevə söz açır və Böyük Vətən Müharibəsindəki (1941-1945) qələbədə Azərbaycanın həm arxa cəbhədə, həm də ön cəbhədə göstərdiyi şücaətdən danışır.
O el Od yurdudur, üfüqləri qan,
Heç zaman bağçası, gülü solmayıb.
Ulu tarix boyu Azərbaycandan
Hələ bircə nəfər satqın olmayıb!
– deyir.
Ali Baş Komandan, dünya liderləri sırasında öz yolu, öz çəhlimi olan İlham Əliyev iki yüz ildən artıqdır müxtəlif ölkələr tərəfindən işğallara məruz qalmış bir diyarın, Azərbaycanın müqəddəs torpaqları uğrunda Haqq savaşına qalxdı. Onun bircə çağırışına Azərbaycan oğulları sıralandı, boy-boy döyüşə yollandı. Biz haqq savaşından – Azərbaycan Vətən Müharibəsindən üzüağ çıxandan sonra təkcə itirilmiş torpaqlarımızı deyil, əsrlərdir alnımızda möhürlənən ləkəni təmizlədik, dilimizi, dinimizi, ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi işğaldan azad etdik. Və Hidayətin düz qırx il bundan əvvəlki ümidini “Ulu tarix boyu Azərbaycandan // Hələ bircə nəfər satqın olmayıb!” doğruldan Ali Baş Komandanımız xalqa qələbə müjdəsini çatdıranda belə bir ifadə işlətdi: “Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır”. Uzaqgörən, xalqının İlham oğullarına, ilhamlı oğullarına güvənən Hidayət düz qırx il əvvəl bu günü görərək yazırdı:
…fərəhimdən gözlərim doldu,
Əzəldən sevincçün bir az dəliyəm.
Dedim mən o xalqın bir kiçik oğlu,
Kövrək misrasını yazan əliyəm.
Sən onda bildin ki, bu cavan niyə,
Belə alovludur, belə tufanlı.
Sən onda bildin ki, bu dəstə ilə
Bir ürək addımlar – azərbaycanlı!
Hidayət yaradıcılığının genişliyi, janr müxtəlifliyi kimi poeziyası da əlvan, çoxşaxəlidir. Onun qələmə aldığı vətənpərvərlik, ictimai-siyasi, sələflərinə ithaf, avtobioqrafik… şeirlərin hər biri ayrı-ayrılıqda məzmun və məna çalarlarıyla da zəngindir. O şeirlərin hər biri haqqında səhifə-səhifə fikir söyləmək, kitab-kitab monoqrafiyalar yazmaq olar.
Şairin ömür yoluna nəzər salanda görürük ki, o, dünyanın yarısından çoxunu dolaşıb, müasir şəhərlər, qədim elatlar, əsrarəngiz gözəlliklər, sonugəlməz mənzərələr, dibsiz göllər, dənizlər görüb. Ancaq harda olursa-olsun vətən deyib, bütün gözəllikləri vətəniylə müqayisə edib, bütün gözəlliklərin üstündın vətənə boylanıb,
Qədim Avropanın mərkəz nöqtəsi,
Burdan boylanıram təpəyə, dikə.
Qoca Savalanın uca zirvəsi
Üfüqlər dalından görünə bəlkə…
Vətən üçün qəribsəyib, vətənə məktub yazıb, qürbətdən də Vətən umub:
Vətən yada düşür,
Söz qucaq-qucaq,
Şərqisi köklənib kaman, tar üstə.
İstəsən, qolunu burda geniş aç,
Qürbətdən də bir az sən Vətən istə!
Hidayət təkcə vətəninin dağını, daşını, torpağını, ağaclarını deyil, insanlarını da eyni dillə, eyni nəvazişlə əzizləyir, sevir. Hidayətə görə dünyanın bütün gözəl, saf, bakirə qızları Azərbaycan qızlarıdır, yaxud da Azərbaycan qızlarına bənzəyən qızlardır.
Balatonda bir qız gördüm,
Dağ qızına oxşayırdı.
Dodağında ot saplağı,
Saçlarında səhər mehi,
Gözlərində qara gilə…
Yeri-göyü dalğaları,
Çiçəkləri, ağacları
İlk sevgitək oxşayırdı.
Hidayət ömrünə, yaradıcılığına bütövlükdə nəzər salanda bir həqiqət də gözlərimizdən qaçmır, o, ədəbiyyatın başqa janrları ilə nə qədər məşğul olsa da, yenə də poeziyadan uzaq düşməyib. Müəyyən səbəblərdən şeir sevgilisinə həsrət qalanda, şeir sevgilisinə ayrılıq yaşadanda da şeirindən üzr istəyib, misra-misra əfv diləyib:
Şeirim, ayrılmışdıq, şeirim, bağışla,
Sənsiz min ümidsiz fikrə dalıram.
Elə ki, görüşdük, bircə baxışla
Öz adım, öz atam, özüm oluram.
Poeziya Hidayət ömrünün yol yoldaşı, yaradıcılıq atributudur. Yer kürəsi Ayın, Ay Günəşin başına dolandığı kimi dolanıb şeirin başına. Pərvanə Şəmin, Kərəm Əslinin, Janna arzularının oduna yandığı kimi yanıb şeirin oduna. Bu dolanmalar, bu yanmalar Hidayəti heç vaxt bezdirməyib, usandırmayıb, onu xoşbəxtliyə səsləyib. Və şair şeirinin vüsalında tapıb xoşbəxtliyini. Heraklitə görə xoşbəxtlik düşünməkdə və təbiəti eşidib, ona uyğun davranmaq və danışmaqda idi, Levkippə görə xoşbəxtlik gözəllikdən həzz almaqda idi, Demokrit yazırdı: “az ilə kifayətlənən xoşbəxt adamdır; əsl sərvət var-dövlət yox, ürəkdir”, Sokrat xoşbəxtliyi insanın xeyirxah əməllərində görürdü… Hidayətə görə isə xoşbəxtlik bütün ali keyfiyyətləri özündə ehtiva edən poeziyadır:
Əvvəli – yox,
Sonu – bitməz bir nəğməyəm.
Əsrlərdən-əsrlərə addımlayan təranəyəm.
Al günəşin nəhəngliyi
On dörd günlük büllur ayın şöləsiyəm,
Çinarların,
Çəmənlərin,
Çiçəklərin
Mən yaşamaq həvəsiyəm.
Mən arxayam, mən ümidəm
Zaman oğlu igidlərin gur səsinə
Qaqarinəm!
Yolum-izim qurşaq olub
Anamız Yer kürəsinə!
İnsanlar da, gur çaylar da, bulaqlar da
Nəsil-nəsil axıb keçir gen sinəmdən,
Ölümlər də qorxur məndən!
Ölməzliyin nərəsindən vüqar almış
Uca dağam!…
Bu dünyaya şeirlə – laylayla gələn şair bu fani dünyadan köçəndə, əbədiyyətə yol alanda da (Allah Hidayətə şeir ömrü versin! M.Ə.) sadiq, vəfalı dostu, könül yarı şeirlə uğurlanmaq arzusundadır:
Ən gözəl şeirlər ilk yaz çəməni,
Hər gün o çəməndə dinləyin məni.
Laylayla beşikdə böyüdün, dostlar,
Dünyadan şeirlə götürün məni,
– deyir.
Hidayətin poeziyasında – qoşmalarında, laylalarında, bayatılarında yer alan təbiət mövzusu, mənzərə təsviri, tərənnümlər də özünəməxsus bir dildə, biçimdədir. Gəlin biz də Hidayətin gözləri ilə əzəmətli dağların qoynundan yol alan Misgər çayının şəffaflığına, bədirlənmiş ayın çaya düşən büllur əksinə, yanaqları al-al yanan, Tanrı fırçasından çıxmış Günəşin gözəlliyinə boylanaq:
Bu su Misgər suyudur.
İçib dağlar uyudu.
Ay soyunub lüt çimdi,
Günəş üzünü yudu.
Dünya durduqca, dünyaya yeni-yeni şairlər gəldikcə dünyanın mavi gözü Xəzərə dünya boyda şeirlər həsr edilib, şəninə təriflər yazılıb. Hidayət də Məcnunu olduğu Xəzəri misralarıyla söz incisinə tutub, bəzəyib. Ancaq hamı kimi deyil, – özünəməxsus, fərqli dildə, fərqli şəkildə:
Görürsən, sığmayır sahillərinə,
Bayram şərqisidir bu gün dilində.
Ləpə əvəzinə, dalğa yerinə,
Piyalə tutubdur sanki əlində.
Azərbaycanın təbii gözəlliklərindən söz açan şair, Nizaminin yaşıdı, Nizami qəzəlləri kimi ulu, ali, saflığı, dürdanəliyi ilə təbiətə meydan oxuyan Göy-gölü də misra-misra, söz-söz sevir, əzizləyir:
…Güllər, ağaclar, otlar
Quşlartək dinə-dinə,
Qəlbimizdə paklığın
Müqəddəs nəşidəsi.
Gözlərimiz önündə
Saflığın mənzərəsi!
…Baxaq mavi səmaya,
Baxaq ağappaq aya.
Baxaq yaşıl torpağa,
Baxaq o cavan dağa…
Gəlin bir az da Hidayətin sevgi şeirlərinin limanında lövbər salaq. Onu da bilirəm ki, şairin sevgi şeirlərindən ayrıca bəhs etmək də düzgün olmaz. Çünki onun şeirləri bütövlükdə sevgidən, eşqdən ilham alıb. Hidayət poeziyasında sevgiylə yazılmayan bircə misra belə tapmaq olmaz. Ancaq ozan-aşiqin “Vəfaya məktublar”ını ayrıca xatırlamasam günaha bataram. Bu məktubları dünya ədəbiyyatında az sayda yer alan sevgi məktubları sırasına aid etmək olar. Bu məktubları biz səmimi, saf, sevgi dolu, həyasevər, vüsal eşqiylə çırpınan Mariusun Kozettaya yazdığı (V.Hüqo “Səfillər”) məktublar kimi birnəfəsə oxuyuruq, yox, oxumuruq, o məktublardakı misralarla sevirik, ürək sözlərimizi sevdiyimizə pıçıldayırıq:
Məni soruş!
Məni səslə!
Sənə uçan təyyarənin qabağını duman kəssə,
Sərnişinlər arasında məndən başqa
bir kimsə də
mənzilinə tələsməsə,
Sənə gələn qatarların yolları da
bağlı olsa,
sənə gələn başqa minik tapılmasa…
üs tutaraq ürəyimdə nağıllaşan bir ünvana,
kövrək ada
gələcəyəm pay-piyada,
gələcəyəm qatarlardan sürətlə mən…
Hidayətə görə sevginin ömrü əbədidir. Sevginin qüdrəti insanı saflaşdırdığı, bütün pisliklərdən arındırdığı, bütün pisliklərdən qoruduğu kimi, insan ömrünü əbədiləşdirməyi də bacarır:
Yeddi uca dağ aşmağa,
Zirvələrdə dolaşmağa,
Gülüm, sənə qovuşmağa,
Mənim ömrüm çatar, çatar!!!
Hidayətə görə, sevgiyə inanan hər birimizə görə bu dünyada olmasa da, əbədi dünyada Məcnun Leylisinə, Kərəm Əslisinə, Fərhad Şirininə, …… (Azərbaycan Vətən Müharibəsi zamanı sevdiyi oğlanın şəhadətini eşidəndən sonra öz şirin canına qıyan gənc qız və oğlanın sevgisi nəzərdə tutulur. M.Ə) qovuşacaq.
Mən ki qədəm-qədəm yordum yolları,
Bilmədim axşamdı, yoxsa səhərdi…
Bircə onu bildim, insanın varı,
Sevdiyi günlərin sayı qədərdir.
Hidayət şeir yazanda nəsihət verməkdən çox, örnək göstərməyi, duyğularını özünə pıçıldamağı sevir, Qədim yunan fəlsəfəsindəki “özünə rəva bilmədiyini başqasına rəva bilməyəcəksən” fikrinə sadiq qalır. O, öz sələflərindən – Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabirdən fərqli olaraq xələflərinə nəsihət vermədən “həyatdır bu, yıxıla bilərsən, yıxılmaq insana xasdır, əsil insanlıq isə yıxılandan sonra durmağı bacarmaqdır”, – deyir:
Cəsarət də budur,
Hünər də budur.
Belə cəsarətlə həyat qurasan.
On yol yıxılsan da ayıb deyildir,
Özün yıxılanda özün durasan.
Söhbətimə bu fikirlərlə başlamışdım –sözü də, özü də bütöv, kəsərli Hidayətdən söz açacağam. Bəli, Hidayət sözü daim qılıncdan iti olub. Onun özünün bütövlüyündən doğulub iti sözü. Aşağıdakı örnəkdə şair içi kinlə dolu, qəlbi şeytan yuvası, pisliklə, ziyankarlıqla qidalanan kəsləri dar ağacına çəkir. Bu dar ağacındakı təşbehlərlə oxucu bənzəyən və bənzədilən tərəflə yanaşı onların əlamətlərini – sifəti görür:
Gözünün qarası – ilan yuvası,
Ağı – sarı şeytan bazarı kimi.
Kədərin – qocalmış bir əyyaş yaşı.
Sevincin – təlxəyin azarı kimi.
Diqqət edin, gözünün qarası ilan yuvası, ağı şeytan bazarı olan məxluqun kədəri də simasına bənzəyir. Gözlərə qüssə, baxışlara kölgə, qamətə yük olan kədər o məxluqlarda qocalmış bir əyyaşın yaşına bənzəyir. O məxluqun sevinci də saxtadır, sünidir, ikrah doğurur. Bu isə mütəəssəl təşbehi mükəmməl şəkildə ortaya qoyan, üfunət qoxuyan məxluqları söz qılıncından keçirən şairin uğurlu ədəbi priyomudur.
“Qurani-Kərim”də tez-tez işlənən “Hidayət” sözünün mənası lütf və mehribanlıqla başqasını yönəltmək, ona bələdçilik etmək deməkdir. Yəni hidayət sözünün kökündə yaxşılıq, mehribanlıq durur. Ömrünü yaxşılığa, mehribanlığa, lütfə həsr edən Hidayət bu dünyaya nə qədər inansa, bu dünyanın, dünyamızın gözəlliklərini vəsf etsə də, çox yaxşı bilir ki, arzular, istəklər, aylar-illər varaq-varaq yox olacaq, itəcəkdir:
Uçdu uzaqlara min arzu, soraq,
İtirdim illəri mən varaq-varaq.
Yerdə xoşbəxtliyi ayaqlayaraq
Göylərdə axtardım səadətimi.
Sufizmdən boy verən, irfana doğru yol açan bu qəbil şeirlərində şair insanlara bir ismarış da verərək deyir: – Yerdə nə qədər xoşbəxtliyə nail olsan da, əbədi səadətini göylərdə tapacaqsan!
…Mən Hidayət müəllimi 80-ci illərdən tanıyıram. Onda Hidayət Orucov “Gənclik” nəşriyyatında baş redaktor vəzifəsində işləyirdi. Hidayət müəllimin nəşriyyata rəhbərlik etdiyi dönəmdə bu gün Azərbaycan ədəbiyyatında adla tanınan similar çalışırdı. Azərbaycan folklorunu, klassik ədəbi irsini, ədəbiyyatını, mədəniyyətini, adət-ənənəsini, ləhcə və şivələrini dərindən bilən bu böyük insan bildiklərini bizə öyrətməyə, kitab-kitab el-obaya, dünyaya yaymağa can atırdı. Təsadüfi deyil ki, Azərbaycanın kitab mədəniyyəti tarixində çox mühüm yer tutan 50 cildlik “Dünya Uşaq Ədəbiyyatı Kitabxanası”nın nəşri, 15 cildlik “Azərbaycan folkloru”, 25 cildlik “Macəra və fantastika”, 17 cildlik “SSRİ Xalqları Ədəbiyyatı” kitabxanalarının, bir sıra mühüm seriyaların nəşri məhz Hidayət müəllimin rəhbərliyi altında həyata keçmişdir. Bu gün altmışdan çox poeziya, nəsr, publisistika, tərcümə kitabları, 150-dən çox məqalə, publisist qeydləri olan ədibin əsərləri dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərində (ingilis, rus, gürcü, türk, ərəb, qırğız) nəşr olunur, pyesləri böyük teatrların səhnələrində uğurla oynanılır.
Xalq tərəfindən sevilən, ədəbiyyat, incəsənət adamlarının məktəbi olan Hidayət Orucov müxtəlif dövlətlər və Azərbaycan Respublikası tərəfindən də öz əməyinin dəyərini almışdır. SSRİ-nin “Əməkdar igidliyə görə” medalı, Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Gürcüstan “Ləyaqət” ordeni, Rus Pravoslav kilsəsinin “Müqəddəs Mömin Moskva Knyazi Daniil” ordeni, Azərbaycan “Şöhrət” ordeni, Dağıstan Respublikasının Fəxri Fərmanı, Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beynəlxalq Ədəbi Mükafatı, Rus Pravoslav kilsəsinin “Şöhrət və Şərəf” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Qırğız Respublikası Prezidentinin “İpək Yolu” hədiyyəsi, Çingiz Aytmatov Beynəlxalq ictimai Akademiyasının akademiki, Çingiz Aytmatov adına beynəlxalq “İssık-Kul Forumu”nun Fəxri Fərmanı və s. və ilaxır… Bəzən düşünürsən ki, ilahi, bir insan bu qədər uğuru, eşqi, diləyi, qayğını, ümidi, fərəhi… bir ürəyə, bir ömrə necə sığışdırır? Bu sualımın cavabını Hidayətdən soruşmaq istəyirdim ki, misraları mənə cavab verdi:
Yerə, göyə də sığmır həyat eşqim, diləyim,
Sinəmə necə sığır
Qayğımı, ümidimi, fərəhimi yaşadan
qasırğalı ürəyim?!
Mən hər gün söykənirəm min əlçatmaz istəyə,
Cahana sığışmayan arzum, diləyim mənim
Necə sığır bəs yumruq boyda ürəyə?!
Və bu cavabdan anlaşılır ki, Tanrı hüceyrələrindən, zərrələrindən, enerji axınından, sevgisindən yaratdığı ali varlığa – insana hüceyrələr, zərrələr, sevgi qədər ömür verir ki, arzular, istəklər, diləklər, fərəhlər… yumruq boyda bir ürəyə sığışsın…
Hidayətin öz yolu, öz çəhlimi pyeslərində də aydın görünür. Şeirlərində yol vermədiyi didaktika pyeslərində özünü qabarıq şəkildə büruzə verir. Bu isə şeirə – incə hisslərə, duyğulara məntiqə söykənən, “yüz-ölç bir biç” deyiminə riayət edən ağılı qatmamaq istəyidir. Şeir padişahın qızına aşıq olan, onu qaçırmağa çalışan kasıb, ancaq dəli-dolu bir aşiqin hissləri kimi kor-koranə olmalıdır. Nəsr isə bir az duyğu, bir az məntiq, bir az müşahidə, həyatilik tələb edən janrdır. Şeirdə lirik qəhrəman yaşadığı bircə anı qələmə alırsa, nasir yaşadığı zamanı, məkanı, cəmiyyəti, siyasi ortamı düşünməlidir. Hidayət nəsri ilə nəzmi arasında dağla-dərə qədər fərq var. Yuxarıda qeyd etdiyim kimi onun bədənində sanki iki ruh yaşayır. Nəsrində və publisistikasında o, ağlının, məntiqinin müşahidələrinin gücünə söykənərək zəmanənin əyriliklərini, insanların vəfasızlığını, haram yol tutanları tənqid edir, qınayır, onları haqq yoluna səsləyir. Və heç bir romantikaya, mübaliğəyə, fikrin alt yapısına uymadan… Dramaturqun “Bu dünyanın adamları” adlı iki hissəli qəmli komediyasında Neft Kurortologiyası İnstitutunun direktoru Zaman Həsənli ilə elmi işçi Qoşqar Kəngərli arasındakı dialoqla yazımı başa vurmaq istəyirəm. Həsənlinin oğlu Tural Rusiyada hərbi xidmətini başa vurandan sonra Azərbaycan Milli Ordusunun sıralarında döyüşür və “Qarabağ azad olmayınca geri dönməyəcəyəm” deyir. Oğlu, nəvələri yaşında gənclərin Şəhid olması, işğal altındakı torpaqlar Həsənlini (Həsənli ölkəsini, torpağını, millətini sevən azərbaycanlıların ümumiləşmiş obrazıdır) çox narahat edir:
Həsənli. – Qoşqar, sən çox gəzmisən, dünyanın işlərindən məndən yaxşı baş çıxarırsan, bu müharibə havaxt qurtarar?
Qoşqar – Bütün övladlarımız Tural kimi fikirləşəndə…
Həsənli – Bəs havaxt elə fikirləşəcəklər?
Qoşqar – Deyə bilmərəm… ancaq o gün gələcək! Mütləq gələcək!
Həsənli – Onda qoca çağımda Qarabağa, Zəngəzura payı-piyada gedəcəyəm…
Əziz Hidayət müəllim, başda Ali Baş Komandanımız olmaqla, Mübariz İbrahimovlar, Polad Həşimovlar, ordumuz, Qazilərimiz, şəhidlərimiz məhz Tural kimi fikirləşdilər, Qarabağı azad etmədən geri dönmədilər.
Hörmətli Hidayət müəllim! 1983-cü ildə otuz dörd erməniyə Azərbaycanın gücündən-qüdrətindən danışanda bu günü görürdün. İndi biz təkcə üç-dörd milyonluq erməniyə deyil, bütün dünyaya öz gücümüzü, qüdrətimizi bəyan etdik.
Günümüz, ilimiz mübarək!
Yazıya 39 dəfə baxılıb