6 – 9 iyun tarixlərində “Abu Arena”da “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşıl Dünya naminə Həmrəylik İli”nə həsr olunan III Uşaq Kitab Festivalı keçirilib.
www.kultur.az Anaib.az-a istinadən xəbər verir ki, budəfəki festivalı əvvəlkilərdən fərqləndirən tematik günlərə ayrılması olub. İyunun 6-sı Yaşıl Dünya, 8-i Milli Geyimlər, 9-u isə Mənim Nağıl Qəhrəmanım günləri elan edilib.
Yaşıl Dünya Günündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə iştirakçılara yaşıl torbalarda toxumlar paylanılıb. Milli Geyimlər Günündə təşkilatçılar, iştirakçılar və ziyarətçilər milli paltarlara üstünlük veriblər. Mənim Nağıl Qəhrəmanım Günündə isə hərə öz nağıl personajını canlandırıb.
Festivalın açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, Türkiyənin məşhur uşaq yazıçısı Suat Turqut, “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, sərginin layihə rəhbəri, “Ağıllı bala” nəşriyyatının direktoru Fatimə Alxaz çıxış edib, bu kimi layihələrin Azərbaycan kitabçılığına, ümumilikdə ölkənin gələcəyinə yatırım kimi qiymətləndiriblər.
Festivalda Şəmil Sadiq, Sevinc Elsevər, Aynur Cavid, Rövşən Abdullaoğlu, Reyhan Yusifqızı, Elgüsel, Fatimə Alxaz, Amin Sükut, Əziz Yaqubzadə, Çinarə Köçərli, İradə Qədirova, Mürşüd İsmayılzadə, Aytac Qəmbərova, Günel Əliyeva, Elmir İsgəndərov və başqa yazıçıların təqdimat, imza mərasimləri baş tutub.
Türkiyənin məşhur uşaq yazıçısı Suat Turqut da tədbirin qonağı olub.
Bundan başqa, sərgidə Gülzar İbrahimova, Mehriban Nağıyeva, Xəzər Süleymanlı, Kamal Yaşar, Şəbnəm Həsənəlizadə, Afaq Muradın ifasında qiraət və nağıl saatları, müğənni Röyal Musanın təqdimatında mini-konsert proqramı, Elmar İbrahimovun sehrbazlıq şousu iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri Abdulla Şaiq və Mirzə Ələkbər Sabirin varisləri ilə görüş də tədbirə rəng qatıb.
Sərgidə on minlərlə kitabın endirimli qiymətlərlə satışı, master-klaslar, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar, intellektual oyunlar təşkil edilib.
Tədbirdə oxucular məşhur uşaq yazıçılarından imzalı kitablar əldə edib, onlarla ünsiyyət qurublar.
Festivalın sponsorları “Azsur Group”, “MUSİAD Azərbaycan”, “Azam Group”, “Premium Layihə İnşaat”, “Topxana Layihə İnşaat”, “Nağıoğlu construction”, “SQS Group”, dəstəkçiləri isə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Supertoys” mağazalar şəbəkəsi olub.
Yazıya 21 dəfə baxılıb