VƏTƏN FƏDAİLƏRİ, GÜNÜNÜZ MÜBARƏK!

polis yanğın(2 İyul Azərbaycan Polisi Günü münasibətilə…)

2 iyul 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının əsası qoyuldu. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 6 iyun 1992-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sı, 24 may 1998-ci ildən isə 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir.

Cümhuriyyət dönəmində hüquq-mühafizə orqanı, Sovet hakimiyyəti illərində milis kimi fəaliyyət göstərən azərbaycanlı polislərimiz ölkəmiz müstəqillik qazanandan sonra uzun və keşməkeşli yol qət etdi. Qarabağ hadisələrinin ilk günlərindən  – Azərbaycan SSR-də baş verən Meydan hərəkatı zamanı və 20 Yanvar olaylarında xalqın yanında olan azərbaycanlı milislər 1991-ci ildə general Məhəmməd Əsədovun rəhbərliyi ilə  bir araya gəldilər. Erməni hərbi dəstələrinin silahsızlaşdırması yönündə fəaliyyətə başlayan milislərimizin ilk əməliyyatı Çaykənd hadisələri kimi tarixə düşdü. Bu əməliyyat Qarabağ olaylarının başlanğıcı, vətənpərvər oğulların ilk uğurlu addımı idi. Milislərimiz həmin gün Ermənistanın Azərbaycanda gizlətdiyi ən böyük silah anbarını ələ keçirərək ətraf kəndləri blokadada saxlayan Çaykəndi daşnaqlardan təmizlədi. Əməliyyat zamanı fədailərimizdən şəhadətə yüksələnlər və yaralananlar oldu…

döyüşdə polisAzərbaycan Vətən Müharibəsi dönəmində Daxili Qoşunlarımız daim xalqın, vətəndaşın yanında olaraq torpaqlarımızın bütövlüyü uğrunda mücadiləyə qalxdı. Birinci və İkinci Qarabağ müharibəsində 1800-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 2056  nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 2833 nəfər isə müxtəlif orden və medallara,  o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.

Azərbaycan Polisi təkcə xarici düşmənlərlə deyil, öz içimizdəki cinayətkarlarla da daim mücadilədədir. Müstəqillik dönəmindən bu yana ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin olunmasında,  vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində polislərimiz təqdirəlayiq işlər görüb. Onların bu fədakarlığının nəticəsidir ki, xalqın polisinə olan inamı, güvəni günü-gündən yüksəlir. Xalq əmindir ki, Azərbaycan Polisi istənilən təxribatın qarşısının alınmasında ən yüksək gücə və peşəkarlığa malikdir.

Bütün dünyanı ağuşuna alan COVID-19 virusunun yaratdığı təhlükə zamanı da Azərbaycan polisi ayıq-sayıqlığı, vətəndaşı qorumaq yönündə apardığı xüsusi əməliyyatları ilə seçildi.

64be503aeb4ae64be503aeb4af169019397864be503aeb4ab64be503aeb4acPolis əməkdaşları təkcə xidməti zamanı deyil, xidmətdən kənarda da vətəndaşı düşünür, qoruyur. Naxçıvan Muxtar Respublikasının ərazisində, Uzunoba gölündə batanları xilas edən zaman şəhadətə yüksələn polis serjantı Vüsal Quliyevi, Xəzər rayonundakı “Mayak” çimərliyində suda boğulan bir nəfəri xilas etmək üçün özünü dənizə ataraq həyatını itirən Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanovu, xidməti və insani vəzifələrini yerinə yetirərkən canını fəda edən yüzlərlə, sağlamlığını itirən minlərlə polis əməkdaşlarını xalqımız heç vaxt unutmayacaq, sayğıyla yad edəcək.

Son illərdə kompüteri və ya kompüter şəbəkəsini əhatə edən cinayət – kibercinayət bütün dünyanı lərzəyə gətirib. Kibercinayət zamanı vətəndaş həm mənəvi (cinayətə təhrik, təhdid, hədə, ölüm, terrora çağırış), həm də maddi (onlayn üsullarla maddi vəsaitin talanması) zərərə məruz qalır. Bu yolda da Azərbaycan Polisi önəmli addımlar atdı. Belə ki, Daxili İşlər Nazirliyinin nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradıldı və cinayətkarları zərərsizləşdirmək yönündə və vətəndaşa dəyən ziyanın geri qaytarılması üçün önəmli tədbirlər həyata keçirildi, əhalinin maariflənməsi üçün böyük işlərə start verildi.

opens23Mən bu minnətdarlıq və sevgi dolu yazımda Azərbaycan Yol Polislərinin də adını çəkməyi özümə borc bilirəm. Əminliklə deyirəm, Azərbaycan Yol Polisinin ayıq-sayıqlığının nəticəsidir ki, yollarımızda baş verən qəzalar minimal həddədir. Sürücülər və piyadalar yol hərəkəti qaydalarına lazımı qədər riayət etsələr, belə hadisələrin sıfıra düşəcəyinə inanıram. Heyif ki, qaydaları pozmağı sevənlərimiz də az deyil. Bu yaxınlarda Bakı küçələrində dolaşaraq piyadaların yol hərəkəti qaydalarına necə riayət etdiklərini maraq etdim. Bu barədə sosial şəbəkədə paylaşımım da oldu. Çox təəssüflə deyim ki, yol hərəkəti qaydalarını pozan piyadaların əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Hətta bir neçəsinə “Siz niyə işıqforu gözləmirsiniz, bu, həm sizin təhlükəsizliyiniz üçün lazımdır, həm də gənc nəsilə örnək olmaq bizim borcumuzdur”, – desəm də, onların əksəriyyəti tərəfindən narazılıqla qarşılandım.

Polisə sevgi ailədən başlamalıdır. Övladlarımızı Polisə sevgiylə böyütməliyik. Valideynlər, eyni zamanda təlim-tərbiyə, təhsil ocaqlarında fəaliyyət göstərən öyrətmənlər gələcək nəsillərə polislərimiz və onların gördüyü işlərlə bağlı bilgilər verməlidir. Hansısa çətinliyə düşən azyaşlı tanımadığı birisindən yox (o adam cani, pedofil, pis vərdişlərin qurbanı ola bilər), polisdən kömək istəməlidir.

Şəxsən mən – İradə Alıyeva bu gün ayaqdayamsa, polislərimizə – xüsusən də Şəmkir polisinə minnətdaram. Başıma gələn hadisəni təfərrüatı ilə bura yazmaq fikrində deyiləm. Qisaca deyim ki, polisimin ayıq-sayıqlığı, operativ əməliyyatı olmasaydı bu gün həyatda olmazdım. Daxili İşlər Nazirliyinin rəhbərliyinə, əməkdaşlarına, Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Hacıyevə, polkovnik Ramil Mustafayevə, polkovnik-leytenant Vüqar Qəhrəmanova, polkovnik-leytenant Anar Şıxəliyevə şəxsim və ailəm adından dərin minnətdarlığımı bildirirəm!

Bu yazımı hazırladığım ərəfədə üzücü bir xəbərlə qarşılaşdım: “İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərmiş, 3 nəfər polis əməkdaşını – kapitan Eldəniz Məmmədov,  serjant Mahir Ağayev və serjant Mirəli Heydərovu və 1 nəfər mülki vətəndaşı qətlə yetirmişdir”. Bu xəbər hamımızı çox sarsıtdı…

Ruhunuz qarşısında baş əyirik, əziz şəhid polislərimiz!

Çox dəyərli, bizim üçün gecəsini gündüzünə qatan, rahatlıq, istirahət nədir bilməyən, ən çətin zamanlarda hamıdan – xəstələnəndə həkimdən, yanğınla üzləşəndə yanğın işçilərindən, dənizdə boğulanda mühafizəçilərdən əvvəl dadımıza yetən fədailərimiz, Polislərimiz!

Sizi 2 İyul Azərbaycan Polisi günü münasibətilə təbrik edirəm!

Müstəqil Azərbaycanla bir doğulan, Azərbaycanım qədər uca, ali olan Polisimiz, sizə sayğımız sonsuz, inamımız əbədidir!

Yaşasın Azərbaycan!

Yaşasın Azərbaycan polisi!

 

İradə Aytel415929925_7756633991016878_1887763460454668851_n

Yazıya 51 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.