Əzizağa Elsevər – Boğulmuş vicdan

41406017_291144274810217_1079621380825153536_nHekayə

Bədii əsər İlahidən gələn hissin, duyğunun tərənnümüdür. Onu almaq, ya satmaq yer üzünün ən şərəfsiz hərəkətidir. Bu, ilahi hissə xəyanət və bağışlanmaz cinayətdir.

Onun həyatda bəxti yaman gətirmişdi. Nəyi arzulamışdı, o da yüyürək ayağına gəlmişdi. Hər şeyi var idi: evi-eşiyi, varı-dövləti, maşını, vəzifəsi, millət vəkilliyi, bir sözlə, hər şeyi. Mağazaları göz çıxardır, reklamları, parıltısı televiziya ekranlarından düşmürdü. Şadlıq sarayları, restoranları dolub-boşalır, bir gün belə boş qalmırdı. Özünün dediyinə görə, “ yuxarıların “ adamı idi. Ona görə kimsə, dəyib-toxunmur, cəsarət edib gözün üstə qaşın var demirdi. O da, “yuxarıların” dediklərindən bir kəlmə kənara çıxmırdı. Desəydilər ki, qatıq qaradır, düşünüb-daşınmadan o da qara deyəcəkdi. Axı, bir də, hünəri nə idi ki, başqa söz deyə, hələ bir özgə fikrə də düşə. Bütün olan-qalanlarının hamısının adları bircə-bircə qara siyahıya tutulub, “yuxarıdakılar”ın stollarının üstünə qoyulmuşdu. Elə bir himə bənd idi ki, çaşıb yolunu azsa, bir anın içində hər şeyini əllərindən alıb, boş yurdda qoyacaqdılar. Gələndə boş, qısıla-qısıla gəlmişdi, gedəndə də , yağışdan islanmış yoluq cücə kimi suyu süzülə-süzülə gedəcəkdi. Elə bil bərk-bərk tapşırıb, qulaqlarına da astaca pıçıldamaqla arın-arxayın salmışdılar ki, qorxma, qətiyyən qorxma! Qanun dediyin nədir ki, qanunu məgər biz vermirikmi?! Ye, ürəyin nə qədər istəyirsə, ye, oğurla, çap-tala, sök, dağıt, lap istəyirsən xaraba qoy! Ancaq sahibinin ayağına düşüb yalmanan o köpək kimi sədaqətli ol! Unutma ki, oğurladığının yerini nə vaxtsa doldurmaq olar, ancaq itən sədaqətin, inamın yerini doldurmaq olmaz! Unutsan… O gün Balağanın gözləri yaman qorxmuşdu. O anı xatırlayanda, elə indi də az qalır ki, sarısını uda. Anasından əmdiyi südü də burnundan qaytara. Hərdən: “ Üzü kölgəli olmaq nə ağır şey imiş, Allah!..” deyə öz-özünə pıçıldayır, sonra çəkinə-çəkinə yan-yörəsinə baxırdı ki, birdən kimsə eşidə bilər. Sonra o, kimsənin eşitmədiyinə arxayın olduğundan uşaq vaxtında olduğu kimi, əllərini ciblərinə qoyub, şalvarını darta-darta ayaqlarını yerə döyər, özünə sual verərdi ki, “Axı sən kimsən, sən də özünə kişimi deyirsən?! Dünənə qədər qoyun-quzunun dalına düşüb dağda-daşda çoban – çoluqluq eləmirdinmi?! Yazıq ananın yamaqlı şalvarına yamaq üstündən yamaq salmasından barmaqları qabar olmamışdımı?! Qayış yerinə belinə bağladığın ip nə tez yadından çıxıb?! Sən səkkizinci sinifdə oxuyanda dədən qonşusuyla şəhərə qoyun satmağa gəlmişdi. Evə yalavaclıq, bacına qırmızı don, anana noxudu kəlağayı almışdı. Yadındamı… sənə də, hə sənə də başı toqqalı qayış almışdı. Toqqa kiçik olsa da, ancaq ustalıqla üstündə döymə yolu ilə gözəl bir mənzərə yaratmışdılar. Günəş dağların arxasından boy verir, dərə boyu çay axır, yamacda yapıncalı cavan çoban çomağına söykənib uzaqlara baxırdı. Həə, deyəsən, unutdum, uzaqda, üfüqün dərinliyində nöqtə-nöqtə durna köçü də var idi. Düzdür, toqqadakı şəkil balaca görünsə də, ancaq orada çox böyük məna var idi. Orada doğulduğu kəndin ruhu, ətəyinə sığındığı Burovar dağlarının sanki əzəməti var idi. Elə həmin gün belinə bağlayıb küçəyə çıxmışdın. Həyəcandan titrəyə-titrəyə adının baş hərfini mürəkkəblə bilənginə yazdığın o qızın, Nadirəgilin evinin qabağından elə razı-razı keçdin ki, sanki dünyanı sənə vermişdilər. Heç düşünürsənmi, gör səni hardan-hara gətirdilər?! Alimlik nə olduğunu bilmirdin, alim elədilər. Ö böyüklükdə zavodun rəhbərliyini sənə tapşırdılar. “Həə, indi sən də bizlərdən oldun!..”-deyib qabağa çəkdilər. Bağlı yolların açıldı. Evində yalan bitdi. Dilində yalan göyərdi. Yalan danışdığını özün də bilirdin. Əvvəl-əvvəl bir az çəkinsən də,  sonra yavaş – yavaş ona da alışdın. Sonra özün yalan uydurdun, hətta öz yalanlarına özünü də inandırıb, qol da götürüb ağır məclislərdə oynadın da. Əvvəl ailən utanırdı yalan danışdığına görə. Sonra onları da şirəyə çəkdin, oğurladığın, qamarladığın pullarla gözlərini elə örtdün ki, bu yalan dünyada yalan uydurmaqda onlar atlı oldu, sən piyada. Canavar iştahan açıldı, dünya malı kor etdi gözlərini. İnsafdan, mürvətdən uzaq düşdün, hər gün, nə bilim, bəlkə də hər saat bir buğda boyu dəyişdin. Vaxtıyla şəhərdə tavanı altına sığınmağa bir ev arzulamışdın. İndi evlərinin sayını itirmisən, heç eləsi var ki, ayağın kəndarına belə dəyməyib, qapısından belə keçməmisən. Hələ xaricdə aldığın adanı, yaxtanı, villanı, açdığın fabrikləri, zavodları demirsən. Daha pula pul demirsən, sanki pul payız xəzəlləri kimi yağır başına. Gəzmədiyin ölkə, görmədiyin yerlər qoymamısan. Hərdən hələ ölməmiş insafın içəridən səni qıdıqlayanda, könlündən Tağıyev olmaq keçsə də, ancaq qorxundan səsini çıxarda bilməmisən, bu mənimdir deyib ortalığa çıxmağa cəsarətin çatmayıb. Şöhrət dalıyca qaçıb, şöhrətli olmaq üçün özünü ora-bura çırpmısan. Tanınmaq, “böyüklərin” kölgəsində öz kölgəni görmək istəmisən. Ancaq kölgədə böyüyənin kölgəsi olmaz axı, atam balası?!

Doğulduğun kəndin ağsaqqalı dədəsindən Balağaya ismarıc göndərmişdi: “ Bu elin oğludur. Kənddə uşaqdan-böyüyə qədər hamı onunla qürurlanır. Allaha şükür, əli yuxarıdır, qoy bir az da yuxarı olsun. Yolu böyükdür, böyüklərnən də oturub-dürur. Necə olsa, adı-sanı var. Bu kəndə bir gün ağlasa, qəbahətmi olar?! Qışda yolların palçığından, çamurundan, yazda, yayda tozundan-torpağından tərpənmək olmur!.. Körpüsü də uçum-uçumdadır. İnişilki kimi sel gəlsə, onu da yuyub aparacaq. İrəyon mərkəzi ilə əlaqə kəsilsə, heç bizi itirib-axtaran da olmayacaq!..” Heç elə bil o sözü Balağaya yox, daşa-divara demişdilər, qurbağa gölünə atılan o daş kimi o da susmuşdu. Dilindən ancaq bircə kəlmə çıxmışdı: “ Baxarıq, indi əlim aşağıdır, qoy bir az özümə gəlim…” Ancaq özü bilirdi ki, yalan deyir, nəfəsi də yalandan gəlir. Heç onun əlinin aşağı olduğunu görən olmuşdumu?! İnanan daşa dönsün! Allahın qara daşına! Sözdür də, deyir, asan yox, kəsən yox!.. Kəndə təzə gəlin gəlmiş coğrafiya müəllimi Nərminə xanım ona flüger deyirdi. Çoxları bu sözü başa düşmədiyindən elə düşünürdülər ki, o, böyük, çox böyük əjdahadır. Zarafat deyil, axı bunu uşaqların sevimlisi Nərminə müəllimə demişdi. Kəndin ağsaqqalı Qurban kişi də çox düşünüb, başını yormadan sözlə möhürünü basıb Balağaya pulgir ayamasını yapışdırmışdı.

Son vaxtlar həyat Balağa üçün yaman cansıxıcı, darıxdırıcı keçirdi. Heç nədən həzz ala bilmirdi. Hər şeyi var idi, ancaq içindəki sıxıntının, narahatlığın bu tezliklə keçib gedəcəyinə inanmırdı. Şair, yazıçı olmaq eşqinə düşmüşdü. Ancaq anlamırdı ki, bədahətdən gələn səda, ilahidən gələn vergi olmasa, titrəməyən duyğuların hisslərini dilləndirə bilməz. Söz adamlarına hərdən paxıllığı tuturdu. İmkanları olmasa da, işıqlı, çox işıqlı görünürdülər. Elə işıq ki, düşdükləri məclisdə sözü-söhbətləri ilə özünü çəkib yuxarı başda oturan Balağanı əridib heç edirdilər. Bəzən günlərnən, bəlkə də aylarnan eşitdiyi o sözlər yaddaşından silinib getmirdi. Səhər yataqdan qalxanda, əl-üzünü yuyub pəncərədən mavi Xəzərə, onun sahilə, qayalara çırpılan köpüklü sularına baxa-baxa qurulananda dodaqları altında pıçıldar. Yerində qımıldanar, əl-qolları ilə qəribə hərəkətlər edərdi. Bunlar həyat yoldaşına çatmadığından, onun içində şübhə toxumu cücərər, öz-özünə pıçıldayıb: ” Allah eləməsin, kişiyə birdən nəsə olar, eyy!..”-deyərdi. Başının üstündə durar, uşaq kimi axıra qədər yeməsinə nəzarət edərdi.

Balağa arvadını çox istəyir, onun qayğıkeşliyini bəyənirdi. Süfrə başında dediklərinə əməl edir, axırda da, bir az gülsünlər deyə boş qabı göstərib: ”Oldu, qəməndir?!”- deyə sağ əlini əskər kimi gicgahına aparırdı.

Balağa axşam yeməyindən sonra iş otağına keçdi. Qapını örtməmişdən qabaq hamıya tapşırdı ki, onu narahat etməsinlər, əlində vacib, çox vacib işi var. Hətta, “yuxarıdan” zəng çalsalar belə, “Bir az soyuqlayıb, yatır!”-desinlər.

Balağa iş stolunun dalına keçdi. Qarşısına qələm, kağız qoydu. Əl-qollarını bir-iki dəfə sağa-sola yelləyib qırışığını açdı. Əlini çənəsinə söykəyib, gözlərini qıydı. Dalğın baxışlarını məchul bir nöqtəyə zilləyib, beləcə bir xeyli baxdı. Handan-hana fikirlərini bir yerə cəmləyib:

Dağlar mənə əl eyləyir,

Qoynundakı qoyun-quzu

Bulud kimi dərə boyu axa-axa!..- yazdı. Sonra nə illah elədisə, dalını gətirə bilmədi. Sanki beyni qurumuşdu, dilindən, yaddaşından sözlər qaçaq düşmüşdü. Hirsindən əlini yumruqlayıb stola çırpdı. Ayağa durub fikus ağacını xatırladan küncdəki kitab dolabının böyründəki şkafın balaca gözündə saxladığı Fransanın Bordo şəhərindən gətirdiyi tünd, bahalı “Liber Pater” şərabından əlli qram süzüb içdi. İçi ballı balaca bir noğul da ağzına atıb otaq boyu gəzindi. Yenə qayıdıb əlli qram içsə də, bədəni istiləşsə də, beynindən, ağlından bir kəlmə keçmədi ki, keçmədi. Pəncərəyə yaxınlaşıb, tül pərdəni çəkə-çəkə dənizə baxdı. Elə bil ki, gümüşü ay işığına bürünmüş dənizdən nəyi isə umur, kömək istəyirdi. Dəniz köpüklü suları, qırçın ləpələriylə sahil daşlarını ayaqları altına alır, iri, yosunlu qayalara çırpılıb, çilik-çilik, qəlpə-qəlpə tökülürdü. Gecə qəribliyə bürünür, səssizlik içində yavaş-yavaş qaranlığı yorğan kimi sinəsinə çəkib nağıllı, kahkəşanlı yuxusuna gedirdi.

Balağa balıq kimi çırpınır, ürəyinə yatası, dilində göyərəsi söz axtarırdı. Sanki söz də qeybə çəkilmişdi, dumanlar, buludlar arxasında gizlənmişdi. Qaraladığı vərəqi bürmələyib ovcunda bərk-bərk sıxdı. Elə bil tapmadığı sözün, yaza bilmədiyi şeirin heyfini kağızdan çıxırdı.

-Yox, şairlik mənlik deyil! Şairlik əzabdır, bir söz üstündə çırpınmaq, yanıb-yanıb kül içindən boylanmaqdır!-dedi Balağa. Yaxşısı budur, hekayə, roman yazaram. Ürəyində gəzdirdiyi “Yarpızlı bulağın söylədikləri…”  hekayəsinə başlamaq istədi. Hər şey gözünün qabağında idi. O çay, o dərə, laləli düzlər, başı qarlı dağlar. Ancaq bir kəlmə yazan kimi hər şey yadından çıxırdı. Sözlər beyninin aynasında donub qalır, ürəyinin istisinə bürünə bilmirdi. Necə hirsləndisə, kağızı, qələmi fırladıb stolun üstündən qəzəblə yerə tökdü. Əllərilə başını tutub, bərk -bərk sıxdı. Otaq boyu gəzindi. “ Liber Pater” şərabından süzüb dalbadal içdi. Yanaqları qızardı, otağın divarları dumanlanan gözlərində oynadı. Şişman qarnı ağırlıq etdi, ayaqları gövdəsinin tarazlığını saxlaya bilmədi. Gəyirə-gəyirə, fısıldaya-fısıldaya divana çökdü. Dodaqları arasında nəyisə danışır, əl-qol atır, sanki havadan, boşluqdan yapışıb yenidən ayağa durmaq istəyirdi. Gözlərinə ağırlıq çökür, mürgü yavaş-yavaş çəkib öz aləminə aparırdı. Səhərə yaxın nigaran həyat yoldaşı otaqdan bir hənirti gəlmədiyini görüb, sakitcə içəri girdi. Balağa sərxoş vəziyyətdə divana uzanıb xoruldayırdı. Həyat yoldaşı nə qədər silkələyib çağırsa da, köməyi olmadı. Axırda əlacsız qalıb  adyalı üstünə örtdü və işığı söndürüb sakitcə öz otağına getdi.

İki həftədən sonra Balağa dəniz kənarındakı ən gözəl restoranlarından birində iki nəfərlik stol açdırmışdı. Stolda nə yox idi, quş südündən başqa hər şey yerindəydi. Restoran da ki, gündüzü qaynar, gecəsi sanki bir nağıl idi. Dəniz də böyründə pıçıldayır, qumlu sahilinə baş qoyub sirli, müəmmalı nəğməsini oxuyurdu. Qəribəydi, Balağanın hər şeyi dəniz sahilində idi, sanki dənizlə nəfəs alırdı. Evi dənizə baxırdı, restoranları, şadlıq evləri, mehmanxanaları, mağazaları… hə, hə, lap zavodu, fabrikləri də dəniz kənarındaydı.

Balağa dağda-dərədə, qoyun-quzu arasında böyümüşdü. Ancaq özü də hərdən təəccüblənirdi ki, onda bu qədər dəniz sevgisi hardandır. Bir dəfə Güllü nənəsi demişdi ki, uşaq vaxtı atası onun göbəyinin kəsiyini, göbək bağını dənizə atıbmış. Atıb ki, böyüyəndə ürəyi dəniz kimi böyük, arzuları, inamları sahilinə sığmasın. Dənizi görəndə çılğınlaşar, Güllü nənəsinin sözlərini yadına salıb dodaqları arasında qımışar, atasına buna görə ürəyində min rəhmət oxuyardı. Heyif ki, bu günlərini doyunca görmədi. Çox dedi, dağı-daşı, qoyun-quzunu atıb evdə otur, ya şəhərə aparım, gəlinlərin, nəvələrin qulluğunda dayansın. Eşitmədi: “ Şəhər mənlik deyil, oğul!- dedi. O qutu-qutu evlərdə boğulub ölərəm! – Bir ovuc torpağı göstərib: – Bax, bu torpaqdan mayamız yoğrulub. Ayağım üzülsə, məni bağışlamaz o torpaq!..”- söyləyib qəti sözünü bildirmişdi. Çapıq qayaya söykənən Yallı dərədən keçəndə qəfil gələn sel ağzına düşmüşdü. O dağların seli də seldir ha! Ağzı açılmasın, açılanda əlini, ayağını yığmaq olmur. Hər şeyi qabağına alıb qəzəbi soyuyana kimi Yallı düzünə qədər aparır. Orda elə bil selin köpü alınır, dar məcradan çıxıb düzən boyu yayılır. Laləli, yarpızlı, nərgizli düzən suların sinəsinə baş qoyub sakit-sakit nəfəs alır. Bulanıq sularda sanki güllərin-çiçəklərin ətrindən məst olub, durulur. Qəzəbini, hikkəsini içinə çəkib düzlərin su həsrətinə, təşnəsinə məlhəm olur.

– Gözlədiyiniz qonaq gəldi, miyəllim! – Yarıaçıq qapıdan arıq, uzun boğazını irəli uzadıb gözlərini Balağaya zilləmiş Kərimağanın səsi onu düşüncələrdən ayırdı. Kərimağa Balağanın böyük dayısının qız nəvəsi idi. Əsgərlikdən sonra dörd ay olardı ki, “Fındıq” restoranına inzibatçı götürmüşdü. Bir az sadəlövhlüyünü kənara qoysaq, hələ ki, götürdüyünə görə peşiman da deyildi.

– Gəlsin!.. Kərimağa, gəlsin! Gözlətmə, qoy gəlsin!-deyib Balağa, ondan cavab gözləyən qohumunu tələsdirdi.

– Gəl, şair, gəl!- Balağa ayağa durub şair Vüqar Göyəzənlini xoş təbəssümlə qapı ağzında qarşıladı. Qoluna girib dənizə açılan pəncərə qabağındakı stolda əyləşdirdi. Özü də otura-otura: – Bilmirəm, kimdəsə oxumuşam.-dedi. -Amma gözəl deyib ha-a… Söz əhliylə keçən ömür yadda qalan ömürdür. Sən xoş gəlibsən, şair qardaş! Allahın verdiyi naz-nemətlə bəzənmiş süfrəmdə bir tikə çörək kəsmək bu da talehin bir qismətidir. Taleh bağlı bir boxça, zər atılan bir oyundur. Onun işini kim bilir ki?! Kiminə şeş, kiminə yek gətirir. Mən sizin yaradıcılığınıza qibtə edən, hardasa sevgiylə, sayğıyla, hələ bir az da həsədlə yanaşan oxucularınızdan biriyəm. Açıq deyirəm, bu gün üzdə olan beş-üç yazan varsa, onlardan biri, bəlkə elə birincisi sizsiniz.

– Balağa müəllim, çox tərif olmadı ki?!

-Tərif niyə, ay canım, olanı deyirəm də! O, rəhmətlik elə-belə  deməyib haa… “ Sağlığında qiymət verin insanlara.”

– Çox sağ olun! Bu tərifi Sizdən eşitmək mənə də xoşdur…

– Başla!.. Yemək soyuyur, bismillah elə. Bu içkilərdən hansından ürəyin çəkirsə, onlar mənim sevdiklərimdəndir, mən də sən içəndən içərəm.

– Bağışlayın, mən içkiyə o qədər də meylli deyiləm. Ancaq dediyiniz o xoş sözlərdən sonra Sizinlə içməmək günah olardı.

– Əslinə baxanda, elə mən də içki adamı deyiləm. Yeri düşəndə, məclisdən-məclisə boğazımı yaşlayıram. Həkimim də məsləhət görmür, deyir, bir az köksən ürəyinə heyifin gəlsin…

– Ay Lələ, həkimlər də çox vasvasıdır. Onların dediyinə qulaq assan onda gərək çox yaşamayasan. Həkimdir də, dediyinə baş üstə de, ancaq öz bildiyini də unutma. İnsan gərək özü-öz həkimi olsun…

Bir-birinin sağlığına deyilən bəlağətli, qanadlı sözlərin arxasınca qaldırılan badələr boşaldıqca, elə bil ki, otaq daha çox işıqlandı, qırışıqları açıldı, sanki gizləndikləri rəsmiyyət pərdəsinin arxasından çıxıb yaşanmış ömrün güneyindən boylanan bir az təmiz, bir az da pak özləri oldular. Balağa gözlərini Vüqar Göyəzənliyə zilləyib soruşdu:- Bilirsən niyə çağırmışam?

– Yo-oox!.. Hardan bilim.

– Bilmirsən. Nə vaxtdır beynimdə dolaşan bir narahatlıq məni içəridən yeyir. Düşünürəm, yaradıcı ziyalılarımız ehtiyaclarını necə ödəyir, necə dolanırlar. Axı qabaqkı vaxt deyil, iş yerləri yox, kitab çıxarda bilmirlər, daha qonorar da yoxdur. Kmin tanışı var, kim yaltaqlıq, üzdülük edir, bir az qabağa düşür, kitabdan-zaddan buraxdırır. Elələri var, dərisi bir qəpiyə dəyməz dədələrinə, babalarına palaz-palaz şəkillərlə dolu kitablar yazdırır. Yazıq yazar, neyləsin, tərifə layiq olmayana tərif deməlidir ki, beş-üç manat pulunu da ala bilsin. Axı onun da ailəsi var, ehtiyac qılıncını sıyırıb, Ərəbzəngi kimi qapısını kəsdirib. Qiymətlər də hər gün qalxır. Dolanışıq da çətinləşib. Ehtiyacı qapıdan qovursan, pəncərədən, buxarıdan düşüb: “ Baxın haa, mən gəlmişəm!..”-deyir. Neyləyəsən, üzlü qonaq kimidir, gəldiyi yerdən nəyisə qoparmamış getmək də istəmir. Kimisi iradəsinə sahib çıxa bilmir, özünü toplayıb yerində bərk dayana bilmir, çox yanlış addım atır. Ailəsini də, gələcəyini də düşünmür, həyatını puç edir. Xalq üçün lazım olan o işığı, istedadı oda atır. Bu günlərdə evin damından özünü atan o şair kimi. Kim idi o?!

– Eldar Qəhrəmanlı! Hayıf, hayıf ondan!.. Açılmadan soldu…

– Yazıqlar olsun, çox yazıqlar! Deyir beş balası yetim qaldı. Evin yeganə çörək gətirəni imiş. Hansısa nəşriyyatdan cüzi maaş alırmış. Çox, çox istedadlı imiş, deyirlər.

– Bəli, normal dolanışığı olsaydı, çox parlaya bilərdi. Gənc idi. Gələcəyi hələ qabaqdaydı. Amma hayıf, çox hayıf. Kirayənişin imiş. Balalarının halına acıyıram. Bir ömür o dərdlə yaşayacaqlar. Necə olacaq halları, Allah özü köməkləri olsun!..

– Qəhrəmanlıya bir bax haa?! Daha bunun harası qəhrəmanlı oldu. Belə qəhrəmanlıqmı olar? Bəs düşünmürsən ki, sabah balaların necə olacaq? Özünə qəsd etmək acizlik, iradəsizlikdir. Həyat mücadilə, döyüş meydanıdır, sinəni əsgər kimi qabağa verib vuruşmasan zamanın sərt küləkləri ağzında toz-torpaq kimi sovrulub gedəcəksən. Ehtiyac düşmən kimi səni qabağına qatıb qovacaq. Sığındığın səngərin boş qalacaq. Atıb qaçdığın silah, istedad da sabah köməyinə çatmayacaq. Bax, buna görə çağırmışam. Fikrimi, bəlkə də, tutdun. Nə etmək istədiyimi səninlə məsləhətləşmək, götür-qoy etmək istəyirəm. Düzü, əvvəlcə orda- Balağa əliylə yuxarını göstərdi: – millət vəkilxanasında görüşmək istədim. Sonra sərbəstlik olsun deyə, fikrimdən daşınıb buranı seçdim. Eşitmiş olarsan, onlara “ lal, kar və kor düyməbasanlar” deyirlər. Xalq heç vaxt yanılmır, onun gözü tərəzidir. Haqq, ədalət tərəzisi! Hər şeyi olduğu kimi dəyərləndirir.  İnsanlar bu dünyaya gələndə pak və təmiz bir vicdanla gəlir. Onu Allah insana verir ki, o körpüdən keçib Tanrısına sarı yol gəlsin. Əslinə baxsan, biz ali varlıq kimi Tanrıdan gəlib, sonda da ruh şəklində ona qayıdırıq! Vicdan Tanrı ilə insan arasında bir körpüdür. Onu həmişə əməlimizlə qorumalı, ləkələmək, uçurmaq lazım deyil. Yazıq o insana ki, vicdanı ləkəli bir ömür yaşayır. Çalışın həmişə güzgüsü, aynası təmiz, parlaq olan bir ömür yaşayın. Kiminsə ürəyini sındırmayın, əzabına, sıxıntısına şərik olun. Maddiyyət insanı sınağa çəkəndə, gərək insan unutmasın ki, bu bir Tanrı imtahanıdır. İnsanın, insanlığın sınağa çəkildiyi imtahan! Tanıdığın, etibar etdiyin, qələminə, istedadına, sözünün gücünə güvəndiyin yazıçı, şair, jurnalist dostlarından bir komanda yığ. Pul sarıdan heç bir çətinliyiniz olmayacaq. Maliyyə dəstəyi verəcəm. Arxayın olun ki, məvacibiniz o dərəcədə olacaq ki, ailənizin yanında da utanıb-qızarmayacaqsınız. Düşünmüşəm, adını “Məram” qoyaq o qəzetin. Məram, məncə, gözəl addır. Məramsız yaşamaq, məqsədsiz nəyəsə nail olmaq olmaz. Məramsız insan, cəmiyyət qasırğalı, fırtınalı ümmanlar, dəryalar qoynunda yolunu azıb dəli dalğalarla çarpışan kompassız gəmiyə bənzəyir. Limana can atır, ancaq hansı limana- yolunu, səmtini tapa bilmir. Gərək həyatda kim olursansa ol, yolun, məramın olsun! Yolunu azma, yolunu azanda fəlakət olar.

“Məram”ın təsisçisi, baş redaktoru sən ol, Vüqar Göyəzənli! Adın kimi qəzetimizi də vüqarlı günlərə çıxart.

Şair Vüqar həyəcanlı, titrək səslə: – Mənmi?! – soruşdu.

-Nədir… niyə təəccüblənirsən?! – Balağa dedi. – Narahatlığa heç bir əsas yoxdur. Axı, dedim ki, arxanızda mən varam. Nə çətinliyiniz olacaqsa, o mənlikdir. Yetər ki, özünüzə inamınız olsun! Əminəm ki, heç bir çətinliyiniz də olmayacaq!.. Demək, razılaşdıq. “ Məram” 16-18 səhifəlik olsun. Həftədə də bir dəfə çıxsın. Satış olmasın, onu oxuyası institutlarda, idarələrdə, nə bilim yaradıcı təşkilatlarda, daha harda, harda pulsuz paylansın. Əvvəlcə tirajını min nüsxə edək, oxucu qazanaq, maraq artdıqca tirajı da artıraq, lap həftədə üç dəfə çıxaq. Komandanı özün seç, neçə nəfər olacağını mənə de.

-Beş nəfər bəs edər? -deyə, şair soruşdu.

-Yox, beş nəfər çox azdır. – Balağa etiraz etdi: – Dedim ki, pul sarıdan narahat olma. Heç olmasa, on, lap qoy elə on beş nəfər olsun. Yaxşı qəzet çıxarmaq üçün, rəqabət meydanında əzilib sıradan çıxmamaq üçün komandan da güclü olmalıdır. Bir adama üç adamın işini gördürəndə,  onda hansı uğurdan, hansı nailiyyətdən danışmaq olar.

-Həə… işlə bağlı razılaşdıqsa, -Balağa ayaq üstə durub, otaqda gəzişə-gəzişə: – onda mənim iki şərtim var.- dedi. Dinlə və toplayacaq yazarlarınla da fikirlərimi bölüşərsən. İlk şərtim odur ki, biz siyasətdən, müxaliflikdən, dedi-qodudan, qeybətdən uzaq olub, kimisə qaralayıb, kiminsə fitvasıyla ləkələmə yolu tutmayacağıq. Yolumuz orta, miyanə yol olacaq. Təhsildən, elmdən, səhiyyədən, mədəniyyətdən, tariximizin qaranlıq səhifələrindən, unudulmuş böyük şəxsiyyətlərimizdən, şairlərimizdən, alimlərimizdən, onların ağrılı-acılı taleyindən, xoş günlərindən, bir sözlə, millətimizin gələcək xöşbəxt taleyindən, Qarabağ savaşından, daha nə bilim nələr, nələr… Məgər bunlar azdırmı?! İnandırıram sizi, bu səpgidə yazacaqlarınız çoxlarının marağına səbəb olacaq və qəzetinizin oxucularının sayını daha da artıracaqdır. Bütün yazılarınızın ana xəttində milli ruha, dövlətçiliyə sədaqət durmalıdır. Allaha şükür, Siz şairlər, yazarlar da bu ruhda tərbiyə almış və bu ruhda da yazıb-yaradan insanlarsınız. Gücümüzü birləşdirib, inanıram ki, çox oxunaqlı, lap elə əl-əl gəzəsi qəzet də buraxacağıq.

-Bu şərt gözəl, hamımız üçün məqbuldur. Millətə, dövlətə xidmət etməyin ən gözəl yoludur. Ziyalılıq təmənnasızlıq, millətin ağrılı, yaralı yerini tapıb həkim kimi müalicə etməkdir. Ara qarışdırmaq, bulanıq suda balıq tutmaq bizə yaraşmaz. Düşmən dişini qıcıdıb, sağımız, solumuz marığa yatıb, Allahın verdiyi sərvəti millətimizə çox görürlər. Müstəqilliyimiz çoxusunun yuxusuna haram qatıb. İşğal olunmuş torpağımız düşmən tapdağındadır. Qayıdacağıq, nəyin bahasına olursa, olsun, bir gün yenə o yerlərə, dağıdılıb, viran olmuş yurdlarıməıza qayıdacağıq. Ancaq bizə hələ vaxt lazımdır! Güclənməyimiz üçün, əqidəmizi, inamımımzı yumruq kimi bir yerə vurmağımız üçün! Bəli, qəzet tribunadır, ziyalıların böyük amallar uğrunda mübarizə meydanıdır. Meydandan qaçmaq yox, meydana gəlmək lazımdır. Bəs o biri, o biri şərtiniz nədir?!

-Həə… ikinci şərtim o qədər də çətin deyil. Bu sizin üçün çox, çox asandır. Hər nömrədə mənim haqqımda nə isə verməlisiniz. Bunu özünüz fikirləşin, necə, nə cür?! Bax, bu tərəf mənlik deyil, daha sizlikdir!.. Ancaq elə etməlisiniz ki, maliyyəçinizin mən olduğunu kimsə düşünməsin. Kimsə qısqanıb içəridən çürüməsin. Əslinə baxanda burda pis iş görmürük, pis düşüncəlilər, xəbis insanlar xəbisliyindən əl çəkməsə.

-Bax, bu işin çətin tərəfidir, Balağa  müəllim. Siz alimsiniz, millət vəkilisiniz, deyək bir dəfə müsahibə verdik. Bəs sonra, sonra necə olsun! Elmi işinizdən nəyisə təkrar dərc edə bilmərik. Bu, oxucu üçün də yorucu, maraqsız ola bilər. Durum deyim, şair, ya yazıçısınız əsərlərinizi də hər sayda yuxarı başda verək?!

-Nə olar, şair, yazıçı deyiləmsə, – Balağa şairin sözünü kəsdi. Qımışa-qımışa – onu da edərsiniz. Nə var ki, sizin əlinizdə o bir içimlik su kimidir. Hekayədir, romandır… nə yazsanız on-on beş qat artıqlamasıyla zəhmətinizin haqqını da alacaqsınız. Bu dünyada istedada baxan kimdir. Onsuz da hər şeyin haqq tərəzisi pozulub. İstedad bir qarın çörəyə möhtacdırsa, onda hansı ədalətdən, hansı insanlıqdan danışmaq olar?! Buyur, hər şey alınıb-satılırsa, daha sən niyə bunu özün üçün dərd edəsən, ar biləsən.

“Məram” öz məramıyla üç aydan sonra bu işıqlı, bir az çirkin, bir az da dedi-qodulu dünyaya gəldi. Sakit, səssiz, kiminsə əlinə, ayağına dolaşmadan gəldi. Qəzet bolluğunda onun gəlişini, elə bil ki, heç kəs hiss etmədi. Onun məqsədi uzaq, mənzili ilğımlı, yolu dolaylı-qolaylı idi. Hələ tanınması üçün nə qədər yol keçməli, çox sarsıntıları, çox fərəhli günlərinə qatmalı idi. Günümüzlə, ağrı-acımızla nəfəs alırdı “Məram”. O heç də bizdən uzaqda deyildi, pulsuz, təmənnasız paylandığı ziyalıların evində, stolunun üstündə əzizlənirdi. Günlər keçdikcə, o biri qəzetlərdən seçilir, böyük oxucu kütləsi yaranırdı. Balağanın maliyyəsi axıb gəlir, dediyi şərtlər öz qüvvəsində qalırdı. “Məram” saydan-saya yüksəlir, necə deyərlər, güzgüyə baxıb özünə vurulan gözəllər kimi gözəlləşirdi. Hər sayın ikinci səhifəsindən Balağanın şəkli boylanırdı. Sözü-sözə calayıb onun haqqında bir əhvalat uydururdular. Daha əhvalatlar da bitirdi. Qəzet əməkdaşlarının ürəyinə işıq, evlərinə istilik, ehtiyacdan, sıxıntıdan uzaq arxayınçılıq gəlirdi. Şair Vüqar Göyəzənli öz döstlarının, tanıdığı qələm sahiblərinin əhatəsində özünü çox rahat hiss edirdi. Ancaq Balağanın ikinci şərtini heç kəsə açıb ağartmırdı. Bu sirr, bəlkə də, qəbr evinə qədər onunla gedəcəkdi. Balağanın adına nəsə uydurub yazmalıydı. Hekayəmi, povestmi, romanmı…hələ bilmirdi. Xəyalında nəsə uydurur, nəsə yaradırdı. Mənliyini, qürurunu əzə-əzə yazmalıydı. Özünü özündən çıxardıb, bir özgə atəşində yana-yana yazmalıydı. İçində nifrət, çölündə yalançı, saxta hörmət gəzdirirdi şair. İmkanı olsaydı, bu saxta, yalançı dünyadan baş götürüb qaçar, öz-özündən gizlənərdi. Ancaq hara, hara qaçacaqdı ki?! Dünyanın özü nifrətdən yoğrulmuşdu elə bil. Fələyin çarxı dönmüşdü. İnsanlıq  payəndəz olub ayaqlar altına atılmışdı. Ehtiyacın, sıxıntının acı, soyuq nəfəsini güclə qapıdan qovurdu. Neyləsin, indi ələ düşən fürsəti, imkanı itirsinmi deyirsən? Axı özü tək deyildi,  ətrafında  ona ümid işığı kimi baxan on beş ailə başçısı da var idi. Onların da halal-haqqənnə çörəyi burdan çıxırdı. Əvvəlcə, şair bir nağıl, bir əfsanə uydurdu Balağanın adına. Sonra “Yarpızlı bulağın sevgi nağılı”nı yazdı. Ancaq ürəyində  ağrısı, tərəddüdü azalmadı. Nifrəti, qısqanclığı içində özünü yandırdı. Axı niyə, niyə onun adından nəyisə verməliyəm? Niyə Allahın mənə verdiyi o istedadı, qabiliyyəti ona xərcləməliyəm?! Bu, vicdanı, ləyaqəti pula satmaq deyilmi? İnsan özü-özünə xəyanət edirsə, bilmirəm, bilmirəm buna nə ad vermək olar?- düşündü. Sonra sakit, soyuq başla dediklərinin üstünə yeridi. ”Pulsuz kişi, insanlığı asanmı sanırsan?” deyə, kiminsə eşitməyəcəyi tərzdə dodaqları arasında pıçıldadı. Həə, axı hamının yükünü sən çəkməlisən. Onlar heç bilmirlər Balağanın adından nə yazdığını. Bilsələr, bəlkə də Vüqarın üzünə baxmaz, kinayəli, eyhamlı baxışlarıyla Vüqarı əzər, şeirlərində tapıb sığındıqları səmimiyyətə də tüpürərdilər…

İçində kiminsə duymadığı dərin sarsıntı, gərginlik, əsəbilik və təlatüm yaşayan şair Vüqar Göyəzənli sonda acı bir ümidə sığınıb təzəcə tamamladığı “Bir dəniz sevgisi…” hekayəsini “Ədəbiyyat şöbəsi”nin müdiri Aslan Şirəlinin qabağına qoyub: – Balağa müəllimindir!.. Oxu, fikrini mənə də deyərsən. -dedi. Siqaret çıxarıb acı-acı sümürdü. Sanki tüstü onun duyğuları idi, boğula-boğula, qıvrıla-qıvrıla otaq havasına qarışıb başının üstündə əriyirdi.

Aslan Şirəli bir qədər təəccüblə: – Balağa da yazır?!- soruşdu.

-Yazır, Aslan, yazır! Özünün dediyinə görə, çoxdan, lap çoxdan, hələ məktəbdə oxuduğu vaxtdan yazır. Ancaq nədənsə, ortalığa çıxartmaqdan çəkinirmiş…

İş gününün axırına yaxın Aslan Şirəli sanki nə vaxtdan bəri axtardığı qiymətli bir itkisini tapmış birisi kimi hövllü baş redaktor Vüqarın otağına girib: -İstedad, vallah, istedad!-deyə sevinclə, həyəcanla bildirdi. Əsl yazıçıdır, belələrini tapıb ortalığa çıxartmaqdan gözəl addım nə ola bilər ?!

-Deyirsən, çap etmək olar də?!

-Olar nədir, şair? Çapı hələ qəzetə bir şöhrət də gətirər.

“Bir dəniz sevgisi…”  “Məram”da  çap olundu. Bir həftə ərzində onu tərifləyən üç məqalə çıxdı. Maraqlısı da o idi ki, hər şeyə qulp qoyan “Mız Qəmbər” də o tərif yazanların arasında idi. Sonra bəlli oldu ki, “Mız Qəmbər”in oğlunu o sayılıb-seçilən nazirliyə kim düzəldib. Sonra yeni, daha sonra yeni hekayələri çap olundu. Balağanın iştahası artdı, povest eşqinə düşdü. “O dağlarda nəyim qaldı…” povesti qəzetin düz on beş sayında çap olundu. Şöhrət hər gün qapısını döydü. Ağıla sığmayan yerlərdən məktublar gəldi. Burda yazısının mürəkkəbi qurumamış okeanın o tayından kitabını çap etmək istəyi çatdırıldı. Uzaq Şərqdə bir müəllimə Balağanın hekayəsindən təsirlənib necə zülüm-zülüm ağladığından yazır, müəllimlər otağında qəzetin əldən-ələ gəzdiyini deyirdi. Hər həftə bir dildə, bir ölkədə Balağanın yazıları çap olunurdu. Bəlkə də, ildırım sürəti də yalan idi ona tez çatan o sevindirici xəbərlərin yanında. İndi o biri qəzetlər, jurnallar da maraqlanırdı Balağanın yazıları ilə. Müsahibə götürmək üçün növbə gözləyənlər o qədər çoxalmışdı ki, hətta vaxt çatdıra bilmədiyindən Balağa da gileyli  düşmüşdü. Qısa vaxtda beş ölkədə on dildə kitabları çıxmışdı. Heç qonorara da ehtiyacı yox idi. Ancaq insafən, ədalət xatirinə desək, qonorarını da göndərirdilər.

Aylar, illər ötdükcə, “Məram”ın da nüfuzu qalxır, qəzet, jurnal bolluğunda yavaş-yavaş seçilib özünə yer-yurd qazanırdı. Oxucularının, yazanlarının sayı artır, elmi-tədqiqat institutlarından, təhsil ocaqlarından, nazirliklərdən, yaradıcı təşkilatlardan, daha nə bilim hardan, hardan zənglər çalınır, xahiş məktubları gəlirdi ki, qəzetin saylarından onlara da çatdırsınlar. “Məram”la bərabər, Balağa da tanınır, şöhrəti, nüfuzu yüksəlirdi. Düzdür, Balağa üzə çıxmasa da, ancaq hər sayda varlığı duyulur, nəfəsi hiss olunurdu. Qəzetin tirajı da artmışdı. Tariximizin qaranlıq qatlarına enir, unudulmuşlar xatırlanır, yaddaşlardan silinənlər, repressiya qurbanları sanki yenidən “doğulub” elinə, evinə-eşiyinə, iş yerinə qayıtdıqca minnətdarlıq məktubları gəlirdi. Başı bəlalı xalqın quzeyinə gün düşür, güneyi həsrətdən əriyirdi. Araz yenə qəmli-qəmli axıb gedir, başı ağ çalmalı Savalan günəş güzgüsündə cilvələnib o taylı, bu taylı yurdun açı taleyindən, dərdlərindən danışırdı. Urmu gölü boğulur, su deyib dad çəkirdi. Balağa məhşurlaşdıqca əllərinin səxavətini yüksəltmiş, məvacibləri artırmış, hətta bayramlarda mükafat verməyi də unutmamışdı.

Axşamın qaranlığı  düşmüşdü. Vüqar Göyəzənli şam yeməyindən sonra siqaret çəkmək üçün eyvana çıxmışdı. İçindəki narahatlıq onu əzir, özündə sakitlik, aram tapa bilmirdi. Evində hər şey yavaş-yavaş qaydasına düşürdü. Daha həyat yoldaşı Gülər üzünə gileyli-gileyli baxıb, nə edim, necə edim demirdi. Vüqar ulduzlu gecənin qaranlığında duyğuları, düşüncələri ilə tək-tənha qalmağı xoşlayırdı. İkiotaqlı evi elə yerdə idi ki, bir tərəfdə qara, qorxunc kölgələr kimi uzanıb gedən dağlar, o biri tərəfdə, uzaqda gümüşü ay işığını solğun-solğun əks etdirən dəniz onun xəyallarında qəribə bir aləm yaradırdı. Min illərdi beləcə dünya öz işindəydi. Ulduzları sayrışır, irmaqları çağlayır, çayları axır, dənizləri çırpınıb sahilləri döyəcləyir, qos-qoca dağları bir-birinə söykənib öz yerində dayanırdı. Ancaq insan sanki bir içimlik su ömrü qədər yaşayırdı. Şam kimi yanıb, şam kimi də sönürdü. Amma dünyaya öz ağlı, zəkası, düşüncəsiylə bir naxış vurub gedirdi. Dünya, əslində, elə insanların dünyası deyildimi?! İnsansız bu dünya görən necə olardı?! Yetim, boynubükük bənövşə kimi görünməzdimi?! Vüqarı düşündürən o idi ki, insan qısa ömründə niyə ləkəli  bir tale yaşayır? Axı öz azadlığını sona qədər qoruya bilməzmi? İndi olanları düşündükcə, görürdü ki, yox! Azadlıq bir qarın çörək deyildi ki, onu tapıb yeyəsən. Gərək cəmiyyət özü azad olsun!..

-Qonağın gəlib, ata!-deyə, Vüqarın böyük oğlu Qüdrət eyvana açılan qapıdan onu çağırdı.

Vüqar otağa keçəndə həyəcandan, təəccübdən gözlərinə inanmadı. Dəhlizə açılan qapı ağzında Balağa və sürücüsü dayanmışdı. Sürücünün bir əlində yekə tort bağlaması və o biri əlində isə rəngbərəng bahalı konfetlərlə dolu torba var idi. Evdə sanki hamı donub qalmışdı. Nə etmək lazım olduğunu da hamı unutmuşdu.

-Nədir, qonaq qəbul etmək istəmirsiniz?-deyə Balağa xoş, ilıq bir təbəssümlə dedi.

– Yox, yox!.. Nə danışırsınız!-deyə Vüqarın qırışığı açıldı.

– Təki siz gələsiniz, ay Balağa qardaş! Nə danışırsınız, elə şeymi olar. Belə xoş gəlib, səfa gətirmisiniz. Qapımız həmişə üzünüzə açıqdır. – Gülərin sözləri daha şirin səsləndi. Sanki otağın aurası dəyişdi, işığını, doğmalığını artırdı.

-Bağışlayın, çox otura bilməyəcəyik! Gəldik ki, şairi xoş günü münasibətiylə biz də ürəkdən təbrik edək. Axı bu gün onun ad günüdür!..

-Düzdür, bu gün mənim doğum günümdür, Balağa müəllim!.. -Vüqar ağır-ağır dedi. Balağanın əlini sıxıb: – Sağ olun ki, sayıb gəlmisiniz! -təşəkkürünü bildirdi: – Ancaq bu gün Şuşanın işğal olunduğu gündür. Düz on ildir ki, ad günümü keçirmirik. Bir də inşallah, Allah ömür versə Şuşanı azad etsək, bax, elə orada- “İsa bulağı”nın başında keçirəcəyimə söz verirəm.

– Qəm yemə, qardaş, Şuşanı da alacağıq! – Balağa əminliklə dedi. – Atalar yaxşı deyib… Quduranın ömrü qırx gün olar. Düşmən nə qədər havalı gəzsə də, ilahi bir ədalət var, heç vaxt nahaq qan yerdə qalmaz. İnan mənə, mütləq, mütləq qayıdacağıq o yerlərə!..

Gülər tez-tələsik süfrə açdı. Balağa oturmaq istəməsə də, xahiş etdilər, “Heç olmasa, bir stəkan çayımızı iç! ” -dedilər. Gülər iyi gendən adamı çağıran kəklikotulu çay gətirdi.

-Bu ətirli, kəklikotulu çay həmişə mənə anamı xatırladır. – Balağa bir az kövrəldi. – O da beləcə çay dəmlərdi. Süfrəniz çörəkli, bol ətirli olsun!

Balağa ani olaraq otaqlara göz gəzdirib: – Görürəm, ev şəraitiniz o qədər də yaxşı deyil, darısqallıqdır. Beş nəfərlik bir ailə üçün otaqlar çox kiçikdir. Belə tanınmış, istedadlı şair üçün heç yaraşmaz. Axı o xalqımız üçün, bizim üçün yazıb-yaradır.. Mənnən Sizə beş otaqlı bir ev hədiyyə.  Sabah sənədləşdirib, elə bu həftədən də köçə bilərsiniz. Tam təmirlidir. Çətinliyiniz olsa, daşımağa fəhlə, maşın da göndərərik. Həə… bu qəhrəmana da…

Vüqar onun sözünü kəsib: – Adı Qəhrəman deyil, Qüdrətdir. -dedi.

-Eybi yox, qoy Qüdrət olsun. Mənim kiçik oğlum da elə bu yaşdadır, adı da Qəhrəmandır. Hər ikisi adları ilə böyüsün. Bax, bu maşının açarıdır. Təzədir, lap yağ içində. “QAZ-31” – dir. Rəngi də ağappaq. Təzə evinizə onunla ağ duvaqlı gəlin də gətirəsən! Sabah bu sürücüm Nurbala ilə gedib adına sənədləşdirərsiniz. Yəqin işsizdir Qüdrət. Şair, istəsəniz oğlunuzu sürücünüz kimi də işə götürə bilərsiniz. Yüksək məvacibini də mən Sizə söz verirəm. Süfrəniz həmişə bolluğa, şadlığa açılsın. İndi mənə icazə verin gedim, bir tədbirimiz var, ora da dəyməliyəm!..

Balağanın sürücüsüylə qəfil gəldiyi kimi, belə tez getməşi də, qəribə bir ovqat yaratdı hamıda. Hələ də inana bilmirdilər ki, bu gəliş real idi, yoxsa şirin bir yuxu. Gülər sevincdən ağlayır, Qüdrət əlindəki “QAZ-31”-in açarını ovcunda bərk-bərk sıxırdı ki, birdən röya, yalan, yuxu ola bilər. Konfet torbasını qurdalayan  Vüqarın kiçik oğlu  Eldar birdən paket gördü. Açıb içinə baxdı, Amerikanın göy yüzlük əskinasları ilə dolu idi. “ Baa… bu nədir, ay Vüqar?!” – Gülərin əli ağzında qaldı. Arıq, uzun barmaqları titrəyə-titrəyə sanamağa başladı: “ Bir, beş, on, iyirmi, otuz…”-daha sanaya bilmədi, gözləri kəlləsinə çıxdı. İndiyə kimi bu qədər pul görmədiyindən özünü itirdi. Həyəcandan : “ Ay uşaq, ay bala… mənə bir stəkan su!..”-deyib stula çökdü. Bütün bunların nə demək olduğunu heç kəs bilmirdi. Təkcə Vüqardan başqa. Vüqar Göyəzənli yaxşı bilirdi. Ürəyində: “Hmm…” – eləyib barmağını dişlədi: “ Deyəsən… roman eşqinə düşüb!”-dedi. Sinəsi yanırdı, siqaret alışdırmaq üçün  eyvana çıxdı. Hirsindən bərk-bərk sümürüb tüstüsünü ciyərlərinə çəkdi. “Mən nə eləyim, ay Allah! Getdikcə kirlənir, özüm-öz gözümdən düşürəm. Nə eləyim, bunları dalamı qaytarım, üzünəmi tüpürüm, yoxsa, ailəmin sevincini əlindən alıb, onlara üsyanmı qaldırım?! Ya, həə… özümü dördüncü mərtəbədənmi atım? Yox, qəsd… , heç də kişilikdən deyil axı?! Balalarımı bir ömür böyü ağrı, əzab içində qoyummu?! Mənim yandığım bəs deyil, hələ onları da  odun içinə atım?! ” – deyə, Vüqar içəridə alışır, ürəyilə bacara bilmirdi. Neyləsin, sirr bir ürəkdə qalanda ürəyi yeyib, dağıdırdı. Onu biri ilə bölüşməyə cəsarəti çatmırdı. Bilirdi ki, sirri bölüşmək onun təsəlli payını artırar, ürəyinə bir qədər rahatlıq gətirərdi. Ancaq belə məqamda sirri bölüşmək, geriyə çəkilmək , bəlkə də ağılsızlıq kimi görünərdi…

Dəniz kənarındakı nağıllar aləmini xatırladan restoranda təqdimat keçirilirdi. Giriş qapısının ağzında Balağanın gülümsər çöhrəli böyük portreti, portretin sağında və solunda içərisi rəngbərəng güllərlə dolu güldanlar qoyulmuşdu. Bir az kənarda üzərində “Zəmanəmizin böyük yazıçısı və ictimai xadimi Balağanın tədbirinə xoş gəlmisiniz!” lövhəsi asılmışdı. Lövhənin arxasında kiçik lampalar tez-tez yanıb-söndüyündən yazı da diqqəti özünə cəlb edirdi. “Zəmanəmizin böyük yazıçısı” sözlərini oxuyan şair Vüqar bərk əsəbiləşdi. Dodaqlarının altında “Böyük yazıçıya bax haa!..” – deyib, tüpürdü. Sonra yenə :” Niyə dağılmırsan, ay dünya?! “- söyləyib özünü, etibarsız dünyanı qınaya-qınaya onun üçün ayrılmış stola tərəf getdi. “Məram”çıların hamısı oturmuşdu. Hamının üzündə işıqlı bir təbəssüm cilvələirdi. Onun yaxınlaşdığını görən “Məqam”çılar yer-yerdən astaca əl çalmaqla salamladılar. Bu gün onlar həm də sevinirdi ki, Balağa mükafat yazmışdı. Tədbiri, maraqlısı orasında idi ki, “Mız  Qəmbər” aparırdı. İlahi, insanın neçə sifəti olar?! O qədər yağlı, tərifli sözlər işlədirdi ki, vallah adamın paxıllığı tuturdu. İnanın, bu sözləri dünyasını dəyişmiş klassiklərimizə desəydilər, o yazıqlar eşitsəydilər, bəlkə də dirilib gələrdilər. İçəridə 7-8 nəfər “lal, kar və kor düyməbasanlar”, Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan, Torontodan, hətta Cənubi Afrikadan, Tasmaniyadan Balağanın yazıçı dostları, Türkiyədən müğənnilər, Pensilvaniyadan, Rusiyadan rokk qrupları gəlib oturmuşdular. Stolların üstü aşıb-daşır, xidmətçilər əldə-ayaqda dolaşır, xidmətdən hamının razı qalmasına çalışırdılar. Tədbirin səbəbkarı yuxarı başda, güllərin, çiçəklərin əhatəsində, taxtda oturmuşdu. Qabağındakı stolların üstünə ikinci Osmanlı sultanı İldırım Bəyazidə həsr edilmiş qalın “Fateh” romanının nüsxələri düzülmüşdü. Gələnlər bir-bir danışır, kitabı oxuyanlar, oxumayanlar da tərifi sanki su yerinə işlədirdilər. Ədəbiyyatımızın başbiləni dili dolaşa-dolaşa lap gül vurur, az qalırdı ki, Balağanı ədəbiyyatımızın Koroğlusu yerinə qoya. Onun yaradıcılığının zənginliyini, geniş masştabda tanındığını, orta məktəb dərsliyində yer aldığını, gənc tədqiqatçının  “Balağa yaradıcılığında vətənpərvərlik motivləri” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası üzərində işlədiyini sevinclə, fərəhlə bildirirdi. Sonda Balağanı ədəbiyyatımızın böyük akulasına, balinasına bənzədib nəhəng okeanlarda ilhamla, yüksək sənətkarlıqla azman əsərlər yaradacağına əminliyini bildirirdi.

Şair Vüqar Göyəzənli sanki oturduğu yerdə boğulur, nəfəsi çatışmırdı.  “İlahi, nə zəmanəyə gəlib çıxdıq, bu nə gündür biz yaşayırıq!” – deyib yerində əsəbi-əsəbi qurcalandı. Qəzəbli-qəzəbli yerindən qalxıb hamının, hamının eşidə biləcəyi tərzdə bağıra-bağıra demək istədi: “ Ay insanlar, niyə gözünüz bağlıdır, niyə, niyə məni görmürsünüz?! Axı tərif dediklərinizi mən yazmışam! Bəs hanı sizin ədalətiniz, hanı qanununuz?! Budurmu, budurmu Sizin insanlığınız? Siz nə vaxta qədər ağa -qara, qaraya ağ deyəcək, pulluların, harınların əlində oyuncağa dönən insanların acı taleyilə oynayacaqsınız? Nə vaxta qədər ki, birinin haqqını yeyib, birini layiq olmadığı mərtəbəyə qaldıracaqsınız onda dünya da od tutub yanacaq! İnsanlıq öləcək! Hər gün ədalətsizliyə bürünmüş faciələrimiz qapılarımızı döyəcək, hər şeydən uzaq düşəcəyik. Qayıda bilməyəcəyik, qayıtmağı arzu etdiyimiz yerə! O yer ki, bizim özümüzük, əcdadlarımız, ulularımız, ərənlərimiz, yurdumuz, dinc yaşayışımız, xoşbəxt taleyimiz, işıqlı sabahımızdır!..

Ancaq nə qədər etdisə, Vüqarın səsi çıxmadı. Çünki çoxları kimi onun da vicdanı boğulmuşdu. Axı vicdanı satanlar, ona xəyanət edənlər elə sağlığında ölü kimi bir şeydirlər. Vicdan insanın varlığı, baş ucalığı, Tanrının verdiyi ən ali mükafat, həyatının mənası, ləyaqətinin, qürurunun ən uca, əlçatmaz zirvəsidir.

Bakı şəhəri, 15 iyun – 19 iyul  2024-cü il.

 

 

 

 

Yazıya 110 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.