Sabir Rüstəmxanlı – DUYĞULARIN DİLİ İLƏ (səsli kitab)

Məmməd İsmayıl adı xəyalımda bir dost heykəli ucaldır, yüzlərlə, minlərlə acılı-şirinli xatirəni körükləyir, fikrimi gəncliyimizin unudulmaz günlərinə qaytarır, ürəyimi silkələyir və məni ruhumuzun, arzularımızın qanadlı, pak, cilvəli, gözəl çağlarına qaytarır. Dağların əlaməti ən uca zirvəsi olduğu kimi insanlar da ömürlərinin ən uca bir nöqtəsi, həyatının ən uğurlu və ya əlamətdar günü, ən parlaq əlaməti, ən dəyərli əsəri ilə yadda qalır.
Məmməd İsmayılla tanışlığımızın, dostluğumuzun ömrü otuz ildən artıqdır. Amma, nədənsə, onun adı çəkilən kimi ilk növbədə gözüm önünə 1966-cı ildə buraxılmış balaca kitabının havası ilə Yazıçılar İttifaqının “Natəvan” klubunun tarixi kürsüsündən qeyri-adi bir səmimiyyət və həyəcanla, öz istedadına inamdan gələn daxili bir qürur və inadkarlıqla şeir oxuyan arıq, uca boylu, yaraşıqlı cavan gəlir. Sonra biz tanış olduq və gördüm ki, özünü nə qədər tox, ötkəm aparsa da, sıx, tutaş kiprikləri gözünün dərinliyinə çökmüş kədəri gizlədə bilmir və bu gözlərə həmin məclisdə oxuduğu misraların sonu görünməyən bir ağrısı yazılıb.
Onun Bakıya ilk gəlişi ilə ədəbiyyata gəlişi eyni vaxta düşür.
Məmməd İsmayılın istedadı tonlarla qumu yuyandan sonra qalan qızıl qırıntılarına bənzəmir. O, anadan şair doğulub, ilhamı saf qızıl külçəsidir. Mən bunu birgə yaşadığımız illərin müşahidəsinə söykənib deyirəm.
Onun şeirlərinin böyük əksəriyyəti, bir neçə kitabı gözümün qabağında yaranıb.
Təzə və uğurlu bir yazısı olanda yerində otura bilmirdi. Elə ki üzünə bic, işıqlı bir təbəssüm qonurdu, gözünü qıyıb, əlini güzgü kimi üzünə tuturdu, bilirdim qaynayır. Həmişə də eyni sözlə başlayardı: “Deyir…”. Sanki bu “deyir” sözünü mizrab kimi vura-vura sazını kökləyirdi. Düzünə qalsa, həmin anlarda bu söz çox yerində səslənirdi: “deyirəm” yox, “deyir”. Çünki həmin anlarda səslənən misraları Məmməd demirdi, hardansa ilahidən gələn bir səs deyirdi…
Məmmədin şeirlərinin böyük əksəriyyəti bu səsin diktəsi ilə yazılıb.
Məmməd İsmayılın şeirləri tale yazılarıdır, öz dediyi kimi duatək oxunan yazılardır. O, ilk növbədə özünü, taleyini, ocağını, ana kədərini, “Ümiddən asılan qılıncları”nı, “Ağacdələn”i, “Bu yolların başında”, “Qızlarım şəhərdən kəndə gələndə” və s. yazır. Vətən, insanın taleyi və dünya haqqında yazanda da – Məmməd bunu öz taleyi kimi yazır. İçindən keçirib yazır:

Sən məni dünyaya gətirdin, ana,
Sənisə dünyadan aparıram mən!..

Məmməd İsmayıl həmişə ilhamla, yüksək poetik ovqatla, Azərbaycan türkcəsinin verdiyi imkanları sona qədər dənəyərək yazır. Onun poeziyası çağdaş ədəbiyyatımızın parlaq hadisələrindən biridir.
Sonra Məmməd Bakıya gəldi, mən tələbə olsam da, artıq “Ədəbiyyat və incəsənət” qəzetində işləyirdim, kirayənişin idim, ev axtardığını görüb kömək eləmək istədim və beləliklə biz uzun müddət Bakının müxtəlif guşələrində – 4-cü mikrorayonda, 28 May küçəsində, İnşaatçılar prospektində bir yerdə kirayənişin qalası olduq. İki qardaş kimi. Kasıbçılıq, evsizlik bədbəxtçiliyi vardı, bu gün evli-eşikli, şöhrətli, az-çox imkanlı vaxtımızdan baxanda, əsl xoşbəxtlik kimi görünür. Çünki ikimiz də gənc idik, hələ hər şey qabaqdaydı, halallıqla qazandığımız çörəyimiz, gecə-gündüz dinclik bilməyən qələmimiz, gələcəyə ümidimiz, yeni-yeni tanınan, dilə-ağıza düşən bir “şair” adımız vardı… Harda qalırdıqsa, ora dostlarımızın – cavan şairlərin, aşıqların yığnaq yerinə çevrilirdi. ustad aşıqlar Mikayıl Azaflı, yazıçı Sabir Əhmədli, o vaxt gənc olan Fərman Kərimzadə, Musa Yaqub, Məmməd Aslan, İsa İsmayılzadə, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Müzəffər Şükür, Telman Tovuzlu, aşıq Əkbər, aşıq İmran tez-tez qonağımız olurdular…
İki ayrı xasiyyətli, iddialı adamın bir yerdə yaşadığı o illər bir romanın mövzusudur. Mən Məmməddən cavan olsam da, tərif olmasın, ondan daha səbrliydim və bu, münasibətlərimizi həmişə sabit saxlamağa kömək edirdi. Həmin illərdə Tovuzdakı və Yardımlıdakı balaca evlərimizin ruhunu, dərdini Bakıya – kirayə yaşadığımız otaqlara daşıdıq və hərdən mənə elə gəlirdi ki, mən Yardımlı ilə yanaşı, Tovuzda, Məmmədin Əsrik dərəsindəki o papaq boyda evində də elə onunla yanaşı yaşayıb boy atmışam. Şeirlər və söhbətlər dünyamızı qatıb-qarışdırmışdı. Təsadüfi deyil ki, gözəl şeirlərindən birini “Ana payı” adlandırmış və Məmmədi oğullarından ayırmayan anama həsr etmişdi.
O vaxt, o subay, kirayənişin günlərimizdə çox şeylər haqqında düşünər, çox planlar qurardıq. Arzularımızın hansına çatdıq, hansı qaldı… İndi demək çətindir… amma, bir təsəlli var ki, o illərin ideallarını, o ideallara sədaqəti, düzlüyü, halallığı, səmimiyyəti, Vətən eşqini, ali insanlıq duyğularını qoruyub saxlamışıq.
Məmmədin ana haqqında şeirləri, “Ömürdən asılan qılınclar”, “Hələ yaşamağa dəyər”, “Bir də keçməyəcək ələ bu anlar”, “Kimi aldadırsan, ay zalım oğlu”, “Qoymayın dünyanı adiləşməyə” kimi şeirləri poeziyamızın qızıl fonduna daxil olub.
Sonra həyat bizi ictimai hadisələrin burulğanına atdı, O, “Gənclik” dərgisinin, mən “Azərbaycan“ qəzeti ilə azad, demokratik sözün başında dayandıq. Azərbaycanın müstəqilliyi uğrunda çarpışdıq. Mən Mətbuat və İnformasiya naziri, o, Dövlət Televiziya və Radio Komitəsinin sədri oldu, lakin qələmimiz dayanmadı, ədəbi və vətəndaşlıq mövqelərimiz dəyişilmədi. Sonra o, öz dediyi kimi, zəmanədən söz götürməkdənsə başını götürüb getdi. “Özündən başqa, Tanrıdan başqa sığınacaq yeri olmayan” şairin səsi bu dəfə Dardanel boğazından, Çanaqqala universitetindən ucaldı. Ordan da yolu müxtəlif ölkələrdə keçirilən şeir məclislərinə açıldı, yaradıcılığı müxtəlif ədəbi mükafatlara layiq görüldü.
Məmməd acı bir insan, şirin və şöhrətli bir şair ömrü yaşadı və yaşayır.

Yazıya 32 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.