ƏYALƏT YAZIÇISI – Qərib Mehdinin yeni hekayəsi

Əşrəf müəllim əyalət ziyalısı idi. Yaşadığı kənddən paytaxta 400 km-lik məsafə vardı. Birində ali təhsil almışdı, o birisində kənd məktəbində müəllimlik edirdi. Fərqli məkanlarda ərsəyə gəlmişdi. Şəhər mühiti kəndli idimini canından çıxara bilməmişdi. O, gözünü açıb gördüyü kənddə özünü daha rahat hiss edirdi.
Bu kəndin dağı uca, dərəsi dərin idi. Bu kəndin göyü gurultulu, suyu şırıltılı idi. Bu kənddə nə vardısa, gözü ilə görüb yaddaşına ötürmüşdü. Dərs dediyi ibtidai sinfin uşaqlarına könlünün başında yer ayırmışdı. Dörd ildən bir şagirdlərini yuxarı siniflərə ötürürdü. Çoban qoyun-quzusunun, maliyyəçi pulunun qədərini dəqiq bildiyi kimi, o da indiyəcən dərs dediklərinin adlarını əzbər bilirdi. Əli, Həsən, Muxtar… və bir də Ayaz. Vaxtaşırı bu adlar dəyişir, öz yerlərini başqa adlara verirdi. Onlara dərs deyən Əşrəf müəllim isə yerində sayırdı. O, şagirdlərini axıb gedən suya, özünü isə bu suları irəli ötürən çay məcrasına bənzədirdi. Sonralar bu adlardan biri – Ayaz həmişəlik onunla oldu. Daha doğrusu, dərslərinə zəif hazırlaşan Ayaz onun yazıçı imzasının təxəllüsünə çevrildi. Bu necə baş verdi? Tələsməyək.
Heç bilmirdi necə oldu ki, o, yazıçı oldu, özü də uşaq yazıçısı. Əşrəf Kərimov məktəbdə ibtidai sinif müəllimi kimi tanınırdı. Daşına-torpağına, otuna-suyuna, adamlarına, heyvanlarına yaxşı bələd olduğu doğma kənd məktəbində dərs deyirdi. Peşəsini və dərs dediyi uşaqları sevirdi. Bu sevgi təkrarçılığı yaxın buraxmırdı. Hər yeni dərs ilində elə bilirdi ki, ilk dəfədir sinif qapısını açır və çoxsaylı uşaqların qoşa ulduz kimi işıq saçan gözlərilə rastlaşır. Başqalarından fərqli olaraq, şagirdlərlə asanlıqla ünsiyyət bağlayırdı. Bu qəribə, ikitərəfli bağlantı pedaqoji fəaliyyətinə son qoyana qədər davam etdi.
Şagirdlərini heç vaxt yaxşı və zəif oxumaqlarına, intizamlı və intizamsız olmalarına görə fərqləndirmirdi. Heç birindən mehribançılığını əsirgəmirdi. Bəlkə də, şuluq uşaqlara, dərsinə hazırdıqsız gələnlərə daha çox diqqət ayırırdı. Buna görə də şagirdləri xasiyyətlərində olan fərqləri – özünəməxsusluqlarını ondan gizlətmirdilər. Çünki şagirdlər müəllimlərinə inam və sevgi bəsləyirdilər. Əşrəf müəllim bir də gördü ki, onun qarşısında, müşahidəsində xarakterlər yığını boy verir. Onların hər biri uşaq dünyasının maraqlı daşıyıcıları idi.
Bu sərvəti nə qədər yaddaşın ixtiyarına buraxmaq olardı? İllər keçəndən sonra hərəsi bir canlı həyat olan xatirələr yaddaşın arxivində itib-batmayacaqdımı? Hiss etdi ki, onlara əhvalatlar şəklində daimi ömür vermək, bu müşahidələri yazıb çap etdirmək lazımdır. Fikrini işə çevirdi. Beləliklə, Əşrəf Kərimov adlı uşaq yazıçısı ədəbi aləmə daxil oldu. O, qəzetlərdə, jurnallarda dərc olunan hekayələrilə tanındı. Şagirdləri ilk dəfə idi ki, canlı yazıçı görürdülər. Və bununla fəxr edirdilər ki, onların müəllimi yazıçıdır. Onların həyatı zaman-zaman müəllimlərinin qələmindən gəlib keçirdi. Əli kitablı, dili şeirli-hekayəli uşaqlar onun sevimli qəhrəmanları, həssas oxucuları olmuşdular. Boş vaxtlarında valideynlərinə kömək edən, qoyun-quzu otaran, məhsul toplayan uşaqlar kitabsevər kimi də yetişirdilər.
Ədəbi uğurları getdikcə Əşrəf müəllimi həvəsləndirirdi. Tənqidçilərin təhlili yazılarında onun da imzası göründü. Həm də təqdiranə…
Bədii yaradıcılıq Allah vergisiydi! Əşrəf Kərimov buna inanırdı. Yuxarıdan «icazə» olmasa, onun qələmi işə düşə bilməzdi. Daha iki nəsnəyə də inanırdı. O, çox mütaliə etmişdi, xüsusilə uşaq yazarlarının əsərlərini. Deməli, mənbəyə yiyələnmişdi. Bir də özünün müşahidə qabiliyyətinə arxalanırdı. Sənətkarlıq bu üçlüyün haləsində yetişirdi.
Məktəb məkanı onların ikitərəfli – müəllif-oxucu görüşlərinə bəs eləmirdi. Müəllimin evi də uşaqların üzünə açıldı. Şagirdləri onu qəlbən sevirdilər. O, bəzi müəllimlər kimi umacaqlı deyildi, dərs dediklərini istismar edib bağ-bağçalarında işlətmirdi. Onların qarşılıqlı «ticarəti» ancaq bədii sözdən, maraqlı kitablardan keçirdi.
Artıq Əşrəf müəllimin köməkliyi ilə yeniyetmə oxucular dünyada və respublikada tanınan uşaq yazarlarının yaradıcılığına bələd olmuşdular. Müəllim xüsusilə bir qənaətini tez-tez oxucuları ilə bölüşürdü: «Oxuyan oxdan yayınar. Sizi ov olmaqdan kitab xilas edəcək». İmtahana çəkənlər onlardan nağılçı Andersen, uşaqların sevimlisi Marşak, «Mumu» kimi təsirli hekayənin müəllifi Turgenev barədə ətraflı məlumat ala bilərdilər. Sonra bu siyahıya başqaları da daxil oldu.
Əyalət yazıçısının özü canlı bir kitabxana idi. O, yeniyetmə oxucularını yaxın keçmiş – yüz il əvvəlin yazarlarının yaradıcılığı ilə tanış etmişdi. Onlar Mirzə Ələkbər Sabirdən söz düşəndə «Uşaq və buz»u, Abbas Səhhətin adını çəkəndə «Könlümün sevgili məhbubu mənim; Vətənimdir, vətənimdir, vətənim» aşılaması, Abdulla Şaiqin adını eşidəndə təkəbbürlü qoşabuynuz keçiyə edilən xəbərdarlıq yada düşürdü.
Onlar lap günümüzün uşaq yazarlarının –Xanımana Əlibəylinin, Həbibənin, İlyas Tapdığın, Rafiq Yusifoğlunun, Zahid Xəlilin, Aləmzər Əlizadənin, Ələsgər Əlioğlunun yaradıcılıqlarından da xəbərdar idilər. Geniş ürəkli Əşrəf müəllim özündən çox başqalarının yaradıcılığını təbliğ edirdi.
Bəzən sayın çoxluğu əhəmiyyət kəsb eləmir.
Dünyanı qucaqlayan iki yazarı müəllif – oxucu meyarı kimi qəbul etmişdi. Yəhudi əsilli polyak yazıçısı Yanuş Korçak uşaq oxucuları üçün çox yazmışdı. Oxucularına olan sevgisi onları birləşdirib bir can halına gətirmişdi. Bizim Hüseyn Cavidin də uşaqlara davranış qaydalarına həsr olunmuş bir şeiri var. O şeirlə tərbiyələnən yeniyetmə gələcəkdə əsl vətəndaşa çevrilə bilər. Şeir belədir:
QIZ MƏKTƏBİNDƏ
– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
– Pəki, sənin anan, baban varmı?
– Var.
– Nasıl, zənginmidir baban?
– Əvət, zəngin, bəyzadə…
– Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin
incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma…
– Var əfəndim, var… lakin müəlliməm hər gün söylər, onların yox qiyməti, bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
– Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin kimdir, quzum, söylərmisən?
– Ən çox sevdiyim ilkin o Allah ki, yeri-göyü, insanları xəlq eylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi elçilər.
– Başqa sevdiklərin nasıl, yoxmu?
– Var…
– Kimdir onlar?
– Anam, babam, müəllimim, bir də bütün insanlar!..
Uzaqdakı Yanuş Korçak, yaxındakı Hüseyn Cavid əyalət yazarının idealına çevrilmişdilər. Onların məkanları, milli mənsubiyyətləri ayrı olsa da, taleləri bir nöqtədə qovuşurdu. Coğrafiyası aşırı olan sevgini bağışlamırlar. Şagirdləri ondan bu sevginin açımını istəmişdilər. Müəllim demişdi: «Vaxtı çatanda o barədə də danışacağam. Hələlik…».
Bir dəfə Mustafa adlı oxucusu Əşrəf müəllimdən soruşdu:
– Mirzə Ələkbər Sabir satirik qələm sahibidir. Siz isə onu öndə olan uşaq şairi hesab edirsiniz. Nəyəsə əsaslanmasanız, bu fikrə gəlməzsiniz.
Kənd yazıçısı pırtlaşıq marağı daraqlayıb sahmana saldı:
– Sabirin uşaqlar üçün yazdığı «Gəl, gəl, ay yaz günləri» şeiri çox düşündürücüdür. Məhsulun bolluğu havaların, rüzigarın necə gəlişindən asılıdır. Hamilə qadına necə qayğı göstərilir? Əlbəttə, sözün bütün mənalarında yaxşı! Təbiət də çiçəklənən yaz fəslində məhsula hamilə olur. Bir də görürsən ki, nizam pozulur, ağacların sevdalı vaxtında yağış, qar, şaxta bol məhsul arzulu ümidləri yoxluğa qərq edir. Sabir bol məhsul xatirinə təbiəti nizama çağırır: «Dağda ərit qarları; Bağda ərit qarları; Ağaclar açsın çiçək; Yarpağı ləçək-ləçək». Yəni, çiçəklər vüsala yetəndən sonra təbiətin şıltaqlığı o qədər də vecə gəlməz. Məhsul məsələsi həll olunmuş olar.
Oxucular müəllimlərinin bu izahından sonra heyrətlə bir-birinin üzünə baxdılar. Zənn etdilər ki, təbiətdən aman istəsən, yəqin o da insafa gələr.
Bir məsələ yeniyetmə oxuculardan Ayazı bərk düşündürürdü. Oxuduğu kitab sahiblərinin çoxu özünü oxucularına təxəllüslə təqdim edir. Müəllimləri də sayılan-seçilən yazarlardan biri idi. Nədən o, özünə cəlbedici bir təxəllüs tapmırdı? Yoxsa, bu barədə düşünmürdü? Narahatlığını sakitləşdirmək üçün Ayaz mütləq təşəbbüsdə bulunacaqdı. Fikrini xətrini çox istədiyi Aytənə bildirdi. Maraq Aytəni də aldı. Nədən bütün qələm sahiblərinin təxəllüsü olsun, Əşrəf müəllimin təxəllüsü olmasın? Aytəndən gələn dəstək Ayazı bir az da ürəkləndirdi. Ancaq onun bir çəkinəcək yeri vardı: dərslərindən yüksək qiymət ala bilmirdi, zəif oxuyurdu. Fəal olmayan şagirdlər müzakirələrdən, təkliflərdən yayınırdılar. Dirəniş göstərən Ayaz bu qüsurunu üstələyə bildi, icazə istəyib dedi:
– Əşrəf müəllim, siz də çoxsaylı oxucuları olan yazıçısınız. Bir məsələdə siz başqa qələm dostlarınızdan fərqlənirsiniz. Hansı səbəbə görə siz təxəllüs qəbul etmirsiniz?
Sayılmazın atdığı daş baş «yardı». Hamı ayılmış kimi Ayazın sualına dəstək verdilər:
– Nədən?
Bu yeriməzin təklifindən əyalət yazıçısı elə bil yatmışdı, oyandı. Doğrudan ey, niyə onun təxəllüsü olmasın? Təxəllüs axı imzaya əlavə dividend gətirir. Uca dağ deyirsən onlarda, dərin dərə deyirsən onlarda, tufana sinə gərən ağaclar deyirsən onlarda. Şəcərəsi də bir başqa məsələ. Dünyasını dəyişmiş əzizlərindən birini təxəllüs seçə bilməzdimi? Bilərdi. Bəlkə, ağlına gəlməmişdi. Bu vacib məsələni oxucu Ayaz yada salmışdı. Hələ ki gec deyildi. Hələ ömür də, uğurlu yaradıcılıq da irəlidə idi.
Əşrəf müəllim heç kimə heç nə demədən ağ vərəqləri qayçının ağzına verdi. İmtahan bileti həcmində şagirdlərinin sayı qədər – 19 kəsik düzəltdi. Səliqə ilə hər kağız kəsiyinə şagirdlərindən birinin adını yazdı. Sonra o «biletləri» ağzı üstə çevirib qarışdırdı. Və üzünü şagirdlərinə sarı çevirdi. Qərara aldığı məqsədi açdı:
– Hərənizin adını bir kağız parçasına yazmışam. Aytən, gəl bu kağız parçalarından birini çəkib aşkarla. Kimin adı çıxsa, bundan sonrakı yaradıcılığımda o adın təxəllüs kimi daşıyıcısı olacağam.
Aytən maraq içində masaya yaxınlaşıb üzüüstə sərilmiş kağız parçalarından birini çəkdi, geri çevirdi. Sinifdə ən zəif oxuyan şagirdin adı oxundu:
– Ayaz.
Hamı içini çəkdi. Görəsən, müəllimin qərarı necə olacaqdı? Barışmı? İmtinamı?
Əşrəf müəlim barışı seçdi:
– Bundan sonra mənim yazılarımın altında Əşrəf Ayaz oxunacaq.
Qərardan, təsadüfün yaratdığı xoş haldan, Ayaz imkanı olsaydı, heç olmasa bir saatlığa göydə uçan quşlardan qanadlarını borc götürərdi.
Təxəllüsün məsuliyyətini daşımaq gözlənilməz dəyişikliyə səbəb oldu. Bir ayın içində dərslərindən aşağı qiymət alan Ayaz əlaçılar sırasına daxil oldu. Təsadüfün bəxş etdiyi dəyişiklik müəllimi də, şagirdi də qürurlandırdı.
***
Ədəbi aləmdə adçəkilmə qısqanclığı keçmişdə olub. İndinin özündə daha qabarıqdı. Ədəbi təhlillərdə hərdən Əşrəf Ayazın da adı çəkilirdi. Nə yaxşı əyalət yazıçısının imzası yada düşürdü?! Bu ədalət üç nəsnə ilə bağlıdır: birincisi, tənqidçinin vicdanlı olması, ikincisi, uşaq ədəbiyyatında mübarizə meydanının seyrəkliyi, üçüncüsü, obrazların həyatiliyi. Bu sahədə əyalət yazıçısı korluq çəkmirdi. O, təsvir elədiyi surətlərin yanında, hadisələrin içindəydi. Qələmi də hamını razı salan seçilər üslub nümayiş etdirirdi.
Göyü gurultulu, çayı şırıltılı bir məskənin yetirməsi olan yazıçı Əşrəf Ayazın çox sadə tərcümeyi-halı vardı. Bir stəkan çayını içən, bir loxma çörəyini kəsməyən tənqidçi Miryusif Vaqifli iki dəfə onun yaradıcılığı haqqında müsbətyönlü söz açmışdı. Bir dəfə də illik ədəbi icmalda imzası xatırlanmışdı. Əslində, görünmək şakəri qanına hopmamışdı. Yəqin bu səbəbdən adı ön cərgələrdə yer almırdı. Demək olar ki, tərcümə olunmamışdı. Xarici ölkələrdə yaradıcılıq səfərlərində olmamış, heç bir ədəbi mükafata sahiblənməmişdi. İmzası qəzet və jurnalların redaksiya heyətləri arasında gözə dəyməmişdi. Sonu sıfırlı (0) ikirəqəmli təntənəli yubileyini heç kimə xatırlatmamışdı. Sadəcə, rayonda oxucularından Qədirin, Qəşəmin, Qələndərin, Qənirənin… və Ayazın iştirak etdiyi bir neçə görüşə qatılmışdı. Fikri-zikri ancaq onu tərpədən mövzuları qələmə almaq idi. Onun qələm işi meşə məhsullarını yada salırdı: dadını, tamını, keyfiyyətini qoruyub saxlayan meşə məhsulları. Yaraşıqlı, çəkidən ağır, keyfiyyətdən kəm olan «calaq» məhsullardan həmişə yan durmuşdu.
Bir dəfə oxucularından biri soruşdu:
– Ədəbi aləmdə müxtəlif mövzulu, mükafatlı müsabiqələr keçirilir. Siz belə müsabiqələrin heç birinə qatılmırsınız. Maraqlı qələm sahibisiniz. Niyə şansınızı sınamırsınız? Özünüzü belə yarışmalara layiq bilmirsiniz, yoxsa münsiflər heyətinin ədalətinə inanmırsınız?
Əşrəf Ayaz yıxılmaqdan, uduzmaqdan qorxmurdu. Sadəcə, belə ədəbi yarışlara qatılmaq arzusu ağlından keçməmişdi. Oxucunun qəfil sualı elə bil onu ayıltdı. Doğrudan da, niyə ədəbi müsabiqələrə qatılmasın? Niyə də qalib olmaq arzusu ilə yaşamasın? Niyə də halal pul mükafatı sahibi olmasın? O. bu addımı atmaq barədə düşündü. Hətta bu niyyətini xətrini çox istədiyi, ədalətinə inandığı Miryusif müəllimə açdı. Təcrübəli tənqidçi bir az fikrə daldı. Nələrisə düşündü, nələrisə götür-qoy etdi. Nəhayət, ağır-ağır dilləndi:
– Birinin qarnına döşüyürlər. O, qabağını qorumaq əvəzinə haray təpir: «Ay arxam, vay arxam!». Soruşurlar ki, «səni qabaqdan vururlar, sən isə «ay arxam» harayı qoparırsan?». Döyülən cavab verir: «Arxam olsaydı, qabağımı çırpa bilməzdilər». Sənin necə, arxan varmı? – sonra müsahibinə toxunmasın deyə fikrini yayındırdı. – Bu məsəli gülmək üçün çəkdim. Yaradıcılığından arxayınam. İstəsən, bəxtini sınaya bilərsən.
Çox vaxt zarafatın arxasında gerçək gizlənir. Bunu Əşrəf Ayaz nə dərəcədə hiss edirdi? Yoxlamaq adamı yoxa çıxarmaz. Əksinə, müəmmanı aydınlaşdırar.
Bir gün qəzetlərdə dərc olunan müsabiqə mətni əyalət yazıçısının gözünə sataşdı. Uşaqların həyatından bəhs olunan hekayələrin müsabiqəsi keçiriləcəkdi. Müsabiqəni təşkilini «Nur-nəşriyyat» şirkəti öz üzərinə götürmüşdü. Birinci, ikinci, üçüncü yerləri tutanlara pul mükafatları ayrılmışdı. Elan əyalət yazıçısının marağına səbəb oldu və dərinə varmadan qərar qəbul etdi: «Müsabiqəyə qatılacağam. Pulu pul, şöhrəti də üstəlik. Ürəyimə damıb ki, qalib olacağam. Qoy görsünlər ki, papaq altında da oğlanlar var. Qoy media bir az da məni işıqlandırsın. İstedadı da, şöhrəti də özəlləşdirdikləri bəsdir. Əyalətdə yaşayanların da üzünə gün doğsa, dünya dağılmaz ki…».
Əşrəf heç kimə məsləhət eləmədən seçmə bir hekayəsi ilə «Şam» gizli imzası ilə müsabiqəyə qatıldı. Və intizarla nəticənin elan olunacağı günü gözlədi.
Bu arada Əşrəfin yolu paytaxta düşdü. O, seyrək səfərlərinin hər dəfəsində çox inandığı Miryusif Vaqifli ilə görüşərdi. Bu səfər də istisnalıq təşkil etmədi. Ancaq iki «ç»-dan (çaydan və çörəkdən, yan duraraq bir kölgəliyə çəkilib xeyli söhbət etdilər. Tənqidçi sözlü adama oxşayırdı. Nədənsə demək istədiyinə işarə vurmurdu. Bu hal Əşrəfin ürəyindən xəbər verirdi. Miryusifin dili gözlərindən xəbərçilik edə bilərdi. Hələ ki açılışa can atan sirr müqavimət göstərirdi. Gözləyirdi ki, ilk addımı ədəbi yarışlarda qalibiyyətin şirin tamını dadmamış müəllif atsın. Sən demə, əyalət yazıçısına deyəcəkləri varmış. Sən demə, o, təcrübəli, ədalətli bir ədəbiyyatçı kimi münsiflər heyətinin tərkibinə daxil edilibmiş. Bu, «Nur-nəşr» şirkətinin ona etibarından, inamından xəbər verirdi. Münsiflər heyəti son ana qədər sirr boxçasının açılmamasına zəmanət vermişdilər.
Əşrəf Ayaz təmiz, halal ədəbiyyatın təmənnasız əsgəri idi. Bu dəfə müsabiqəyə qoşulmaqla qələminin gücünə daha dərindən bələd olmaq istəyirdi. Narahatlığını ovundura bilməyən tənqidçi belə bir qələm sahibi üçün günaha batmağı özünə rəva bilirdi. Zənn edirdi ki, bu günah üçün o, müqəddəs qələm cəzasına məhkum edilməyəcəkdi. Əksinə, bəlkə ədalətin öz yerini tutmasına kömək etmiş olacaqdı. Nəhayət, dili söz tutdu:
– Sən müsabiqədə iştirak edirsən?
Gözləmədiyi sözdən Əşrəf Ayaz diksindi. Ani olaraq fikirləri qarışdı. Sorğuya necə cavab verəcəyini kəsdirə bilmədi. «Hə» desəydi, bəlkə, nəsə qazanacaqdı. Ancaq onda müsabiqənin halallığını pozmuş olacaqdı. Vaxtsız etiraf? O, bu ədalətsizliyi özünə rəva bilərdimi? Yox. Bu yol onun tutduğu yol deyildi. Cavabı qeyri-müəyyənlikdən gəldi:
– Necə ki?..
Məqsəd yavaş-yavaş dumandan sıyrılırdı:
– Mən müsabiqə ilə bağlı yaradılmış münsiflər heyətinin tərkibindəyəm. Göndərilən materiallar diqqətlə oxunub seçilmişdir. Yazıların tutacaqları yerlər də müəyyənləşdirilmişdir. Qalır müəlliflərin aşkarlanması. Mən bunları sənə deməməliyəm. Bizim də öz öhdəliyimiz var. Mən bunları sənə deməklə müsabiqə «inaqurasiyasını» – and içməsini pozmuş oluram. Sən sözü gedən müsabiqədə «Şam» şərti imzası ilə iştirak edirsən. Mən bunu dəqiqləşdirdim.
Əşrəf Ayaz həyəcanlandı. Sevimli tənqidçisi bunu haradan bilirdi? Yəqin o, Əşrəfə xeyirxah xidmətini təklif edəcəkdi. Qaydalar pozulmurdumu? Bu hala necə ədalətli müsabiqə demək olardı? Və bu bilinsə, Miryusif Vaqiflini münsiflər heyətindən uzaqlaşdırıb cəzalandırmazdılarmı? Olanı vaxtsız etiraf etmək tənqidçini təhlükə qarşısında qoymaq deməkdir. O, xeyirxahını qorumaq naminə, öz ziyanına olsa da, yalan danışmalı oldu. Səsi titrəyə-titrəyə dedi:
– Yanılırsınız Miryusif müəllim, mən müsabiqədə heç bir yazımla iştirak etmirəm.
Onu başa düşən, hətta həqiqətdən uzaq olan qərarını dəyərləndirən tənqidçi gülümsündü:
– «Şam»… yaxşı ad seçmisən. Rəmz kimi uğurludur. Şam yer üzündə qaranlığı boğan ilk işığın babasıdır. İndi gələk mətləb üstünə. Mən sənin üslubuna bələdəm. «Şam» sənin hekayəndir. Bunu aydınlaşdırmaq mənim üçün çətin deyil. Səndən də sorğuma «hə» deməyini gözləmirəm. Nəticə elan olunana kimi öz fikrində qal. Nəzərə al ki, mən də heç bu sözləri sənə deməmişəm, – əlini irəli uzadıb əyalət yazıçısının əlini sıxdı. – Qələbə münasibətilə səni təbrik edirəm. Sevinirəm. Sanıram ki, bu halal qələbənin həmmüəllifiyəm.
Bununla da aralarında həm səmimi, həm də həyəcanlı söhbət bitdi.
***
Sənubər, Süsən, Azad, Qardaşxan, Ayaz… Əşrəf Ayaz yenə oxucuları ilə üz-üzə idi. Bu yazıçı – oxucu görüşü yeniyetmələrin xahişi ilə baş tutmuşdu. Onlar açımı yarımçıq qalan bir mətləbə aydınlıq gətirmək istəyirdidər. Əşrəf Ayazın özünə ideal sandığı sənətkarlar kimlərdir? Sual yenidən təkrarlanmışdı. Kənd müəllimi qaşlarını çatıb sualı cavablandırmağa başladı:
– Yəhudi əsilli polşalı yazar Yanuş Korçak və Azərbaycan türkü şair-dramaturq Hüseyn Cavid. Almanlar düşmən kəsildikləri yəhudilərin uşaqlarını da krematoriyada yandırıb külə döndərirdilər. Növbəti əməliyyat zamanı Yanuş Korçakı kiçik oxucuları ilə birlikdə ölüm sobasının önünə gətirirlər. Almanlar Korçaka bildirirlər ki, oxucularından ayrılsa, onu bu kütləvi edamdan azad edərlər. Yazıçı belə «mərhəməti» rədd edib, oxucuları ilə birlikdə ölməyə üstünlük verir.
Türk kökənli Hüseyn Cavidin məktəbli qəhrəmanı Gülbahar sorğu zamanı bütün insanları sevdiyini bildirir. Məktəbli qız cavablarında həm də Cavidin hansı idealla yaşadıbından xəbər verir. Bu bəşəri sevgi Cavid əfəndini başqa əsərlərində də özünü göstərir.
Məhdud sevgiyə bağlanmadığı üçün sovet sistemi böyük, humanist Cavid əfəndini bağışlaya bilməzdi. Bağışlamadı da. Faşistlər Yanuş Korçakı, bolşeviklər Hüseyn Cavidi məhv etdilər. Onlar qəhrəmanlarının taleyindən yayınıb aradan çıxan qələm sahiblərindən olmadılar. Bu səbəbdən də həmişəyaşardılar.
Hamı heyranlıqla susurdu. Birdən Ayaz özünü saxlaya bilməyib vəcd ilə dilləndi:
– Müəllim, siz də oxucularınıza bağlı olan yazıçılardansınız!
Əyalət yazıçısı dəyər verdiyi üçün oxucusuna təşəkkür etdi:
– Həyatda yollar çoxdur. Əsil sənətçi bu yolların içindən doğrusunu seçməlidir. Əks halda, onun sözünə, yazdıqlarına inanmayacaqlar.
Əşrəf Ayaz dolaşıq işlərin çözümü barədə çox düşünürdü. Ona bir barama qurdu kimi öz ipəyi ilə özünə köynək toxumaq bəs edirdi. Allahının bəxş etdiyi, mütaliəsinin itilədiyi yazıları haqqında Ayazların rəy bildirməsi onun ürəyincə idi. Bəs necə oldu ki, o da şöhrət xəstəliyinə yoluxdu? Üstəlik, Miryusif Vaqifli də bu həvəsi körüklədi. Bu işə baş qoşmaq onun nəyinə lazım idi? Əslində, öz uğuru ilə əyintiyə düzəliş gətirmək istəyirdi. İstəyirdi ki, bədii ədəbiyyat sahələrə bölünməsin. Nə vaxta qədər əyalətdə yaşayan qələm sahibləri ikinci dərəcəli yazarlar kimi özlərini narahat hiss edəcəklər? Uzunluq ölçü vahidi təbiətin müxtəlif sahələrində eyni funksiyanı yerinə yetirmirmi? Yetirir. Bədii ədəbiyyatın meyarı da sözdür. Vəzifəsinin öhdəsindən gələn sözü və söz daşıyıcılarını necə paytaxta və əyalətə bölmək olar? Əşrəf Ayaz bu yanlışı düzəltmək üçün söz yarışmasına qoşulmuşdu.
Əyalət yazıçısı hələ də vaxtsız sirləri açmış tənqidçi, münsiflər heyətinin üzvü Vaqifli ilə açıq söhbətdən yayınırdı. Bu «Gizlənqaç» oyunu tənqidçiyə xoş gəlirdi: «Nə vaxta qədər qaranlığa bürünəcəksən? Ay zalım, artıq günəş çıxıb ey…».
Vaqifli Əşrəf Ayaza telefon açdı. Səsi təmiz, hətta bir az da cingiltili idi. Bilirdi ki, halallığı qorumaq naminə kənd müəllimi onun suallarına aydınlaşdırıcı cavablar verməyəcək. Bununla o, təkcə özünü deyil, həm də tənqidçini qoruyurdu. Tənqidçi isə ondan cavab gözləmədən atını gündoğana çapırdı:
– Rəylər yazılıb, müsabiqə bitib. Qalır nəticəni ədəbi ictimaiyyətə bildirmək. Əşi, sənin nə vecinə… Yenə susursan? Eybi yox, sus. Bu da bir gözəllikdir. Yekun tədbiri «Nur-nəşr» şirkətinin binasında keçiriləcək. Qaliblərin kimliyi, əlbəttə, maraq doğurur. Bu günlərdə təntənəli təqdimatın vaxtı elan olunacaq. İzlə…
Abu-havadan, Vaqiflinin yarıaçıq-yarıörtülü danışıqlarından, işarələrindən əminləşirdi ki, o, qaliblər sırasındadır. Belə sonluq yaxşıdır. Bu sonluqdan ikisi də razı qalmış olar.
Təbiət «Gəl, gəl, a yaz günləri» deyən Ələkbər Sabirin sözünə baxmışdı, şaqqıltılı səsi, küləkli qanadları, utancaq qız kimi gah parlayan, gah da buludlar arxasında gizlənən günəşilə gəlmişdi. Qalib fəslə rəngbərəng çiçək dəstələri bağışlamışdı. Yəqin müsabiqənin nəticələri elan olunanda zala toplaşan oxucular, ictimaiyyət bir qalib kimi ona da gül-çiçək buketləri təqdim edəcəkdilər. Haqqı olduğu üçün sözlü-çiçəkli təbriklər ona yaraşardı.
Gözləniləni həyat yoldaşına açdı. Talvarı sahmana salmağı, şirniyyat ehtiyatı görməyi, hələ bir girişdə qırmızı parça üzərində qonaqlara, sadiq oxucularına aid «Xoş gəlibsiniz» sözlərini yazıb asmağı tapşırmışdı. Bu hazırlıq planı sadəlövhlüyündən irəli gəlirdi. İstəmirdi ki, evi qəfil təbrik axınının qarşısında aciz qalsın. Hər şeyin nübarı sevinclə birlikdə həyəcan da doğurur. Əyalətdə belə sevincin nübarı hər saat, hər adama nəsib olmur.
Bu da gözlənilən gün. Əşrəf Ayaz rəsmi dəvət gözləmədən paytaxta – təntənənin keçirildiyi «Nur-nəşr» şirkətinə gizli həyəcanını, intizarını boğa-boğa qədəm basdı. Zal alışıb yanırdı, şux geyimli adamlar – sənətçilər, oxucular, dəvətli qonaqlar bir-birinin üzünə baxıb gülümsünür, hal-əhval tuturdular. Gül-çiçək dəstələrindən gələn ətir acgözlüklə ciyərlərə çəkilirdi. Bu dəstələr qaliblərə bağışlanacaqdı. Kənd müəllimi arayıcı bir nəzərlə ətrafa baxır, nəyisə dəqiqləşdirmək istəyirdi: «Görəsən, gül-çiçək dəstəsini mən hansı əllərdən alacağam?».
Zal məşhur yazarları qoynuna almışdı. Əyalət yazıçısı paytaxt yazıçılarını imzalarından tanıyırdı. Lakin şəxsi tanışlıqları yox idi. Canında məşhurlara doğru can atmaq, onlarla sərfəli əlaqələr qurmaq xasiyyəti çatışmırdı. Hətta belə süni əməllərə, əlaqələrə qınaqlı baxırdı. Onun paytaxtda tanıdığı bircə adam vardı. O da həmişə ədaləti qorumağa çalışan tənqidçi Miryusif Vaqifli idi. Tənhalıq içində sıxılan kənd müəlliminə Vaqifli bu saat, bu dəqiqə çox lazım idi. Ən azı onu udmaqda olan əjdaha tənhalığın ağzından xilas etsin. Yoxsa o, bir azdan udulacaqdı.
Əşrəf Ayaz baxışlarının bütün gücü ilə xeyirxahını – Miryusif Vaqiflini axtarırdı. Di gəl ki, tənqidçi gözə dəymirdi. Zamanı yetişmişdi, bax, indi tənqidçi burada olub, onun sevincinə şərik çıxıb, qələbə münasibətilə qəlbən əlini sıxardı. O da gizlindən aşkara çıxar, müsabiqədə iştirak etmək fikrinə necə düşdüyündən ürəkdolusu danışardı. Ancaq tənqidçi gözə dəymirdi.
Birdən gözlərinə bir qaraltı dəydi. Vaqifliyə oxşatdı. Sevincək ona doğru can atdı. Bir az yaxınlaşanda gördü ki, yox, can atdığı adam, sadəcə, Vaqifliyə oxşayırmış. Bir azdan eyni hadisə başqa səmtdə baş verdi. Bu canatımı da məyusluqla qurtardı. Üçüncü dəfə də yanıldı. Sıxıntıdan başı fırlanırdı. Bu nədir, hamı Vaqifliyə bənzəyir, sonra heç kim Vaqifli olmur? Hərdən elə olur ki, qaçmaqla məqsədinə yetməyənlər, gözləməklə yetir.
Budur, kimsə ayaqlarını sürüyə-sürüyə ona doğru gəlir. Diqqətlə həmin səmtə baxdı. Gələn Miryusif Vaqifliyə oxşayırdı. Yox, nəinki oxşayırdı, elə Vaqiflinin özü idi. Kədər onun çatılı qaşlarının arasından keçib üzünü bürümüşdü. Gülümsər sifətini məchul bir qayğı bürümüşdü. Yaşantısı əl uzadıb onunla görüşən əyalət yazıçısına da sirayət etdi. Vaqifli heç nəyi izah etmədən zorla tələffüz olunan mətləbə keçdi:
– Onların təzyiqi mənim müqavimətimdən güclü çıxdı. Finala qədər hər şey qaydalı – mənim düşündüyüm kimiydi. Son anda son zəng işini gördü. «Şam»ın qalibinin yerini başqa birisilə əvəz etdilər. Ürəyin sıxılmasın. Belə şeylərə öyrənmək lazımdır. Qanın qaralmasın deyə məclisi tərk edib doğma yurduna yollana bilərsən.
Əyalət yazıçısı tənqidçinin təəssüf dolu acısını başa düşdü. Lakin bu ədalətsizlikdən sınmadığını ortaya qoymağa çalışdı. Səsinin titrəyişini boğdu:
– Mən məğlub olsam da, buradan qalib kimi ayrılmaq istəyirəm. Ən böyük üstünlük insanın özünə qalib gəlməsidir. Mən tədbirdə iştirak edib, qaliblərin sevincinə şərik olacağam. Çətindir. Ancaq mən bunun öhdəsindən gələcəyəm. Evə, oxucularımın yanına qalib kimi qayıdacağam.
Miryusif Vaqifli onun istəyinə qarşı durmadı. Əyalət yazıçısı qələbə çalmış paytaxtlıların məclisində axıracan iştirak etdi. Sonra durub kəndə yollandı. Talvarın girişində, qırmızı parça üzərində yazılmış «Qələbə münasibətilə sizi təbrik edirik!» xoşməramlı sözlər onu gözləyirdi.
***
Sanki təbiətin göyü gurultulu, çayı şırıltılı atını qamçılamışdılar. Nə göy gurultusundan, nə çay şırıltısıdan səngiyirdi. Göyün göz yaşlarına dərələrdən ilan kimi qıvrılıb keçən çaylar qucaq açmışdı. Şimşəkli göyün vahiməli nəriltisi, ağzıköpüklü dərə çayının şırıltısı, qurban tələb eləyirdi. Yoxsa sakitləşməyəcəkdilər.
Ağzı köpüklü, boz-bulanıq çay altından keçib getdiyi körpünü silkələyirdi. Bərk islanmış Əşrəf müəllim onun üstündən keçib getməliydi. Ehtiyatlanırdı, sel hədələdiyi körpünü apara bilərdi. O da azğın axına qurban olardı. Birdən bu gurultunu zorla yarıb keçən bir səs, bir haray eşitdi. Kimisə sel aparırdı. Əşrəf müəllim diqqətlə baxdı. Nə görsə yaxşıdır? Sel Ayazı xilas etmək istədiyi quzusu ilə birlikdə aparırdı. Kəskin mənzərədən yazıçı dəhşətə gəldi. Adını təxəllüs seçdiyi bir məktəbli oxucusu ölümlə pəncə-pəncəyə gəlmişdi. Bir an geciksə, peşmançılıq olacaq, sonra ömrü boyu özünü bağışlamayacaqdı. O, soyunmağa macal tapmadı, eləcə paltarlı özünü qudurmuş ləpələrin ağzına atdı. Ölüm-dirim mübarizəsi başladı. Xeyli çalışdıqdan, çarpışdıqdan sonra Ayaz quzusunu, yazıçı da oxucusunu ölümün pəncəsindən xilas etdi. Özü isə…
Gurultulu göy, şırıltılı çay qurbanlığını alandan sonra sakitləşdi. Yağış kəsdi, buludun qara köynəyi ağardı. Sonra günəş saçaqlarını ətrafa yaydı.
Talvarın qabağına vurulmuş qırmızı parçanın yerinə yas rəmzi olan qara lent vuruldu. Əyalət yazıçısının cənazəsi ortaya qoyulmuşdu. Ayaz beynində bu ağır itkinin müqayisəsini axtarırdı. Nəhayət, tapdı. Müqayisə üçün kiçik yaşlı oxucuları ilə birlikdə ölümü qəbul edən yəhudi əsilli polyak yazıçısı Yanuş Korçakı və bütün insanları sevən Azərbaycanın şair vətəndaşı Hüseyn Cavidi gözləri önündə canlandırdı. Bu insani mirası, yaşantını onlara əyalət yazıçısı Əşrəf Ayaz qoyub getmişdi.
Acımalı itkiyə yaşlılar bərkdən, uşaqlar için-için ağlayırdı. Belə itkidən təkcə namuslu ədəbiyyat qürurlanırdı.
İyul, 2024
Возможно, это изображение 1 человек и учится

Yazıya 33 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.