“Qranulalar”: təkcənəlikdən xilas olan mətnlər – Azər TURAN

Vaxt gəlir, hər şeyin yetişir sonu

Bu nəydi, qurtardı, yox oldu, getdi?!

Bu da bir həyatdı – oynadıq onu,

Bu da bir oyundu – yaşadıq, bitdi.

 

“Ol zamanlar”la “İndiki zamanlar” arasında keçid quran “Seçmələrin seçməsi – Qranulalar” kitabında Kamal Abdulla “Mən Azərbaycan dilində yazmıram, mən Azərbaycan dilinin potensialında yazıram” deyir… Bu dil potensiyası zehnimizdə düşüncə dalğası yaradıb tarixin dərinliklərinə yayılır. Orda dünya mədəniyyətinin düşüncə layları qatbaqatdır. Orada yunanlarla türklər mif dövründə yaşayırlar. Orda Loakoon da, Dədə Qorqud da eyni statusla mövcuddurlar. Orda Laokoonun boynuna sarılmış ilanları da anlayırsan, Dəli Domrulun saflığını da… Orda Odisseylə Basat, Antiqona ilə Beyrək, Buğacla Edip, Dirsə xanla Lay, Dədə Qorqudla Homer yanaşıdır. Hələ üstəlik, Sosürün struktural dilçiliyi də, Lütfi Zadənin qeyri-səlis məntiqi də, “Albatros” şeirilə Bodler, “Azərbaycan ədəbiyyatının semiotik bütövlüyünü quran” səma şairi Hüseyn Cavid də oradadır.

Kamal Abdulla yazır: “Bizə nə barədə düşünmək imkanı verilibsə, o, təbiətdə mövcuddur. Cənnət və cəhənnəm – hökmən! Uçan qablar – bəli! Cinlər və şeytanlar – əlbəttə! Devlər, təpəgözlər, yeddibaşlı əjdahalar – nə qədər desən! Nə zamanlarsa biz onlar barədə sadəcə, düşünmürdük, biz onları həm də görürdük”.

Kitabdakı sözləri üzdən və səthi oxumayanda inanırsan ki, bu dildə danışan insan, cənnəti və cəhənnəmi də, uçan boşqabları da, cinləri və şeytanları da, devləri, təpəgözləri, yeddibaşlı əjdahaları da görən insandır. İnanırsan ki, onun ruhu məsti-ələstdə iştirak edib… Onda hələ Adəm yox idi, Adəmin ruhu var idi. Həm də Dədə Qorqudun ruhu…

Kamal Abdullanın bütün yaradıcılığı əslində “Kitabi-Dədə Qorqud”un təfsirindən ibarətdir. Dədə Qorqudun kitabı Kamal Abdullaya görə, Mifdən Yazıya keçid ideyasını həyata keçirən ədəbi vasitədir, Mifin Azərbaycan ədəbiyyatındakı səlahiyyətli səfiri də Dədə Qorquddur. “Üzdəki, görünən Dədə Qorqud gizlində qalmış Dədə Qorqudun niqabıdır”. Kamal Abdulla gizlindəki Dədə Qorqudun sirlərini çözməyə, kitabın üzündəki niqabı qaldırmağa bir ömür sərf etmiş yazıçımızdır. O, Dədə Qorqudu bütləşməyə qoymur. Buna rəğmən, “Kitabi-Dədə Qorqud” dastanı “insan cəmiyyətini bir qədim təbiət dövründən başqa bir qədim dövrə – mədəniyyət dövrünə keçirən körpüdür”, – deyir. Qorqudşünaslıqda belə bir versiya varmı, olubmu, bilmirəm. Amma növbəti hipotez, yaxud müəllifin qaldırdığı sual mütləq mənada yenidir və düşünmək üçün hədsiz intibalar doğurur: “Bu körpü Dəli Domrulun quru çayın üzərindən saldığı haman sınıq körpü olmasın?!” Quru çayın üzərindəki körpü nə idi? Körpüdən o tərəfdə Dəli Domrul hələ Allahı tanımırdı, Allahın birliyinə iman gətirməmişdi. Əzrayılı tanımırdı. Körpüdən o tərəfə o, şərab içir, sərxoş olurdu. Körpünün o başında o, bütpərəst idi. Körpüdən bu tərəfdə baş verənlər onu ayıldır, tək olan Allahı tanıyır. Allahın mömin insanların könüllərində olduğuna iman gətirir. Domrul türk düşüncəsini təbiət dövründən sivilizasiya dövrünə keçirir. O, həm də Allahı Qüdsdə, Kəbədə deyil, insan qəlbində arayan sufilərin başlanğıcıdır…

Kamal Abdullanın təfsirində “Qarşı yatan Ala dağ”ın məkan kimi mifosemiotik anlamı qatbaqatdır, həm elmidir, həm metafizikdir, həm mifdir, həm də reallıqdır. “Hərəkətdə olan zamanla hərəkətsiz məkanın mifoloji təsəvvürdə birləşdirilməsi cəhdi”dir.

Bu kitab postmodern sufi mətnləri təsiri bağışlayır.

Bu kitabdakı sofist düşüncələr dalğası, bəzən Laokoonu saran ilanlar kimi adamın bütün zehniyyətinə dolanır. Kamal Abdullanın düşüncə tərzi mifoloji elementlər kimidir. Hər epizodun əngin fəzası vardır. O dərinlikdə Berqsonun zaman anlayışı da xüsusi yer tutur.

“Seçmələrin seçməsi – Qranulalar” İntellektual kitabdır. Onu Noam Çomskinin generativ dilçiliyi kontekstində də, Lüdviq Vitgenşteynin məntiqi pozitivizminə istinadən də oxumaq faydalı olar.

“Qranulalar”dakı sonsuz şüur axını yeni suallar yaradır. Və bu suallar ifadə olunan fikrin, yazılan cümlənin, misranın cazibədarlığını, mətnin gözəlliyini tamamlayır, nəzəri baxımdan bütövlüyünü təmin edir.

Məsələn, belə:

“Pərdə önündənsə pərdə arxasında baş verənlər daha maraqlıdır. Kulis və kontekstin qədrini bilək”.

O biri səhifədə isə:

“Məni başqasından gizlətmək çətin,

Sənin hər yerindən görünürəm mən.

Üzündən, gözündən görünmək asan,

Səsindən, sözündən görünmək asan –

Sənin kölgəndən də görünürəm mən.”

 

Yaxud o, “Yarımçıq əlyazma”nın dilini təniqid edənlərə xatırladır ki, “Yarımçıq əlyazma”nın dil baxımından tənqid olunan tərəfi əsərin Dədə Qorqudla bağlı hissəsi olub, buna rəğmən, Şah İsmayıl hissəsi tənqid olunmayıb. Tənqidçilər nəzərə almayıb ki, arxasında mətn dayanan və mətn dayanmayan romanları fərqləndirmək lazımdır.

Yaxud bu kitabın araçılığı ilə ədəbi tənqidimizdə ilk dəfə belə bir üslub dilə gəlir: “Azərbaycan ədəbiyyatının bu günə qədər hövlnak (qorxaqcasına) qaçmağa çalışdığı ən başlıca mövzu, ideya budur: o biri dünyanı görməzliyə vurmaq. Guya o biri dünya yoxdu, məhşər ayağı yoxdu və cavab vermək vaxtı – o müdhiş vaxt heç vədə gəlməyəcək”.

Bu mənada, “Seçmələrin seçməsi – Qranulalar” həm də nəzəri kitabdır.

Bu kitab, eyni zamanda soykökü barədə düşüncədə milli ikiliklərdən imtinanı təlqin edən, Koroğluya deyil, Dədə Qorquda çağıran şəcərə kitabıdır.

Bəzən fəlsəfi sofistika üslubu ilə göz qamaşdıran bu kitabın janrı nədir?

Janrları sərhədlərə bənzədən, yaradıcılığında janr qəliblərini dağıdan Kamal Abdulla etiraf edir ki, “Bu kitabla janrını özüm üçün hələ də müəyyən edə bilmədiyim bir mətn yaranmışdır”.

“Ədəbiyyatda janr yoxdur. Janr olsa-olsa, ədəbiyyatşünaslıqda olur” deyən, “janrların üstündən uçub birindən o birinə” keçən yazıçının, şairin, dramturqun, ədəbiyyatşünasın kitabı olan “Seçmələrin seçməsi – Qranulalar”da da janr qəlibləri dağıdılıb. Bir dram əsəri, bir roman, bir hekayə, bir şeir, bir elmi araşdırma sıxılan enerji ilə bir mini esse şəklində təzahür edib. Kamal Abdulla müxtəlif əsərlərinin içərisindəki qranulaları, özək fikirləri, cümlələri, yəni bütün əsərlərinin cövhərini həmin əsərlərin həndəsəsindən azad edib. Onların “zaman və məkanca ayrılmağımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir” iltimasına əməl edib,  bu mətnləri təkcənəlikdən xilas edib. İndi onlar bir küll halında Azərbaycan ədəbiyyatının hadisəsi kimi qarşımızdadır.

 

28 iyul 2024

mənbə: “Əsəbiyyat qəzeti”

Yazıya 10 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.