Nur yolu – Nüşabə Əsəd Məmmədlinin yeni hekayəsi

Dünən rəfiqəm Nərgiz mənə zəng edib dedi ki, işlədiyi Gəncə Dövlət Pedaqoji Universitetində sabah (yəni bu gün) Ramiz Rövşənlə görüş keçiriləcək. Saat 12-də, böyük akt zalında – mən sənə yer saxlayacam, gəl. Etibar məndən ayrılandan sonra, demək olar ki, heç bir tədbirə, yığıncağa getmirdim. Əslində heç kimin yadına da düşmürdüm. Bu mənim üçün yaxşı hal idi. Adamlardan uzaq olmaq istəyirəm. Ünsiyyətdə olduğum iki rəfiqəm var – biri qapıbir qonşum Bikə xanım – Gəncə uşaq evinin müdiri, digəri universitetdə müəllim olan, məni böyük şairimizlə görüşə çağıran Nərgiz müəllimədir.

Mən gecəyarıya kimi işləyirəm. Tərcümə edirəm. Sağ olsunlar, Bakı Dövlət Universitetində birgə oxuduğumuz tələbə yoldaşlarım. Onlardan iki nəfərin özəl nəşriyyatları var. Onlar mənə ingilis və rus dillərindən tərcümə üçün kitab göndərirlər. İşimdən çox razıdırlar.

– Sən yüksək səviyyəli tərcüməçisən. Mən işdən çıxanda, daha doğrusu, redaktoru olduğum qəzetdən kənarlaşdırılandan sonra, cəmi bir ay işsiz qaldım. Tələbə yoldaşlarım sosial şəbəkələrdən xəbər tutub, mənə zəng etdilər və kömək eləmək arzusunda olduqlarını bildirdilər. Mən hər iki nəşriyyatla işləməyə razılıq verdim. Onlar mənim işimi layiqincə qiymətləndirdilər, hər tərcümə etdiyim kitaba görə yüksək qonorar verdilər. Axırıncı tərcümə etdiyim rus yazıçısı Andrey Platonovun kitabı oldu. Sabah Pol Osteri tərcüməyə başlayacam.

Tərcüməçilik ağır, lakin başağrısız işdir. Heç kəs sənə dəyib-dolaşmır.

Ancaq qəzetdə işləyəndə, məni çox incidirdilər. Böyük Hadinin qəbrini darmadağın edib, yerlə-yeksan edəndə, səsimi qaldırdım, başımdan vurdular. Vaxtilə, daha doğrusu, 1920-ci ildə Gəncə üsyanı zamanı Hadi öldürüləndə, onu “Səbiskar” qəbiristanında basdırdılar, 70-ci illərin əvvəllərində, bir axund onun qəbrini orada tapdı və şəhər rəhbərliyinə Hadiylə bağlı xəbəri çatdırdı. “Qeyb olmuş” Hadinin nəşini qəbrindən çıxarıb, Gəncə çayı sahilində basdırdılar. Lap sonra da, bu son illərdə Gəncə bulvarında yenidənqurma işləri aparılanda, qəbri uçurtdular. Bu hadisə barədə qaldırılan səs-küy batsın deyə, Hadiyə “Səbiskar”ın girəcəyində simvolik qəbir düzəltdilər. Onun nəşini itirdilər.

Sonra böyük Məhəmməd Əmin Rəsulzadənin 1992-ci ildə vağzal parkında qoyulmuş abidəsinin başına torba keçirdilər, ətrafına xeyli çınqıl-qum tökdülər ki, insanlar abidəyə gül qoymasınlar.

28 may ərəfəsi idi. Onda mən qəzetin 1-ci səhifəsində Məhəmməd Əmin Rəsulzadənin böyük portretini dərc etdim. Altdan da bu sözləri yazdım – Bağışla bizi, böyük öndər, bu il biz sənə gül gətirə bilmədik.

Qəzeti şəhər köşklərindən yığışdırdılar. Qəzetin çapı dayandı. Mətbəə müdiri mənə zəng edib dedi ki, sizin qəzeti çap eləməyə qadağa qoydular. Bütün mətbəələrə göstəriş verilib. Məni iş yoldaşlarım da qınayırdı.

“Ütarid xanım, niyə hamı kimi yaşamırsınız?

Hamı necə, siz də elə. Yəni palaza bürünüb, elnən sürünmək lazımdır. Rəhbərlik nə deyir, onu da eləmək lazımdır.

Şəhər viran qalır. Baxın, arxitektur binalar nə gündədir – sökülüb, dağılır. Qafqazda ən gözəl parkımız, yəni Xan bağı bu son illərdə bərbad hala düşüb, balaca Venesiya kanalı quruyub, orda üzən ördəklər yoxa çıxıb. Bağdakı marallar, ceyranlar kəsilib, yeyilib. Onların yerində parkı sahibsiz itlər başına götürüb, nə qədər insan, o cümlədən, uşaqlar bu itlərin hücumuna məruz qalıb. Nədi, bunlara göz yummalıyıq. Əgər biz səsimizi qaldırmasaq, kimin yadına düşəcək bu problemlər? Nə yaxşı ki, Gəncədə ictimai iştirakçılıq mərkəzi və Cavad xan fondunun nümayəndəliyi var. Onların fəaliyyəti nəticəsində bir çox xeyirxah işlər görülür, o cümlədən, Qəmbər Hüseynlinin qəbrinin dağıdılmasının qarşısı alınıb. Jurnalist həmkarım susdu və mənnən sağollaşıb getdi.

Bilmirəm nədən, ancaq qəzetdə işlədiyim dövrü ömrümün ən xoşbəxt çağı sanıram. Bəlkə də onda yanımda Etibar var idi. Bəlkə də Etibar olmasaydı, mən çoxdan sınmışdım, mənən əzilmişdim…

Onun özünü son nəfəsim kimi istəyirdim. Biz onunla Bikə xanımın ad günündə tanış olmuşduq. Etibar təzəcə respublika qəzetlərindən birinin bölgə müxbiri təyin olunmuşdu. Bikə xanımın yoldaşı ilə şərikli biznesi vardı. Bikə xanım sonralar deyirdi ki, Etibar bizə qabaqlar seyrək-seyrək gəlirdi, ancaq indi səni tanıyandan sonra az qala, hər gün gəlməyə cəhd edir. Dünən məndən soruşdu ki, Ütarid niyə ərə getmir? Mən ona cavab verdim ki, özündən soruşaram.

– Niyə ərə getmirsən? – soruşdu Bikə xanım.

– Alan yoxdur, – dedim.

Bikə xanım mənim sözlərimi dərhal Etibara çatdırdı. Ertəsi gün o, bir dəstə gül və Mont Blanc parfümü ilə evimə gəldi.

– Mən sənnən evlənmək istəyirəm.

– Hə yaxşı? – biixtiyar dedim.

– Mən razıyam, – ikimiz də mənim sözlərimə güldük.

Bir neçə gün sonra bizim az qonaqlı olan toyumuz oldu. Özümü dünyanın ən xoşbəxt qızı sandım.

Toydan sonra Etibar məni öz ata evinə apardı. Böyük bir evdə ancaq qoca bibisi yaşayırdı. Keçmişdə o kitabxanaçı işləyirdi. Onun ayrı heç kəsi olmadığından, Etibar Həlimə xanımı öz evinə gətirmişdi. Həlimə xanım heç vaxt ailə həyatı qurmamışdı. O, bütün mehrini Etibara salmışdı. Mən o evə ayaq basanda, Həlimə xanım barmağıma yaşılqaşlı qədim üzük taxmışdı. Anamdan yadigardı, – demişdi. Yəni Etibarın nənəsinin yadigarı. Həlimə xanım gözəl süfrə açmışdı, löyünbəlöyün yeməklər hazırlamışdı.

Həlimə xanımdan başqa Etibarın heç bir yaxın qohumu yox idi. Mən isə atamın-anamın tək qızıydım. Hər ikisi müəllim idilər. Atam riyaziyyat, anam – ədəbiyyat. Onları tanıyan hər kəs böyük hörmətlə anırdılar xatırələrini. Hətta məni işə də atam düzəltdi. Xəstə-xəstə yerli qəzetin redaktorunun yanına getdi. Redaktor dədə-baba qonşumuz idi. Çox nəcib, namuslu, qeyrətli və mədəni insan idi. Atam ona deyən kimi qızım artıq ABŞ-dan qayıdıb, ancaq jurnalist kimi işləmək istəyir, redaktor xoşbəxtlikdən boş olan məsul katib yerinə məni işə götürdü. Mən universitetin son kursunda oxuyanda Azərbaycana çox nadir hallarda gələn atamın bibisi oğlu, Amerikanın aparıcı universitetlərinin birində professor işləyən İlyas Musayev ailəsi ilə birgə bizə gəldi. Məhz onun təkidi ilə magistraturanı Amerikada oxudum. İlyas müəllim mən yaşadığım ştatdan uzaq olsa da, hərdənbir yoldaşıyla birgə yanıma gəlirdi, diqqət və qayğısını əsirgəmirdi. Bayramlarda məni evlərinə apartdırırdı.

Magistraturanı bitirən ili mənə Bakıda neft şirkətlərinin birində mətbuat xidmətində iş təklif etdilər. Ancaq valideyinlərim xəstə olduqlarından, Gəncədə jurnalist kimi qalıb işləməyimə qərar verdim. Həmin il həm atasız, həm də anasız qaldım. Sonralar Etibarın köməyi ilə öz müstəqil qəzetimi açdım.

Etibardan ayrılandan sonra, üstümə çox basqılar oldu – “Bu nə məqalədir?” “Siz görülən işləri tərifləmək əvəzinə, bu işləri pisləyirsiniz, rəhbərliyin gördüyü işlərin üstünə kölgə salırsız” və sair və ilaxır. Nəhayət, qəzetimin nəşri dayandı. Hərdənbir qəzeti, işçilərimizi yuxuda görürəm. Qəlbimi bir rahatlıq bürüyür. Uyğularımda Etibarı görmək istəyirəm ki, heç olmasa, yuxularımda bir neçə an xoşbəxt olum. Bikə xanım heç vaxt mənim yanımda onun barəsində söhbət açmır. Etibar onun ərinin ən yaxın dostudur. Bir dəfə mən onlarda olanda, Bikə xanımın yoldaşı telefonda onnan danışırdı – məni görcək telefonla o biri otağa keçdi, fəqət, mən onun səsini eşitdim.

– Təbrik edirəm, Etibar. Adını nə qoydunuz? Aydan? Gözəl addır.

Başımda bir uğultu yarandı.

İçəri iki fincan qəhvə ilə girən Bikə xanım – sənə nə oldu? Rəngin ağappaqdır. Mənə bir dənə aspirin gətirdi. – Al ağzında saxla, udma. Qəhvəni sonra içərsən.

Düşündüm ki, mənim də qızımın adı Aydan ola bilərdi, ancaq fələk qoymadı.

Biz evliliyimizin 9-cu ilində Etibarla qərara gəldik ki, mənim problemlərim ucbatından ana ola bilmədiyim üçün, süni mayalanma üsulu ilə bir uşaq valideyni olaq. Mən dəfələrlə Bakıda, Tbilisidə, Moskvada müayinə və müalicə olunmuşdum. Hamilə qala bilmirdim. Etibarın Bakıdakı qohumlarından olan professor məsləhət bildi ki, EKO edək. Bu, yeganə çıxış yoludur. Nəhayət, hər ikimiz razılıq verdik. EKO baş tutanda, özümü dünyanın ən xoşbəxt qadını sandım. Həlimə xanım məni hər cür qayğıyla əhatə eləmişdi. Bikə xanım da əriylə, universitetdə işləyən rəfiqəm Nərgiz də həftədə 2-3 dəfə mənə baş çəkirdilər. Lakin mənə ana olmaq qismət olmadı. Hamiləliyimin yeddinci ayında mən balamı itirdim. Kesar əməliyyatı kömək edə bilmədi. Mən çox qan itirmişdim, ancaq eşidəndə ki, qızımı məndən ayırıb aparmaq istəyirlər, qışqırdım.

– Dəyməyin balama, onu mənə verin.

Balam hələ isti idi. Mən onun balaca vücudunu köksümə sıxdım. Mənə iynə vurdular. Sonralar balamı düşünəndə nədənsə beynimdə İradə Aytelin misraları səsləndi – bu dünyada mən yetiməm, o dünyada balam yetim…

Mən o məşhur klinikadan çıxanda bildim ki, artıq mənim içim yoxdur. Həyatımı xilas etmək naminə, mənim qadın orqanlarımı çıxarıblar.

Mən özümə gələndə, Etibarı başımın üstündə gördüm. O mənim alnımdan öpdü.

– Əsas sənin sağ qalmağındır. Mən həmişə yanımda sənin nəfəsini eşitmək istəyəcəm.

Acı-acı gülümsədim – ömrümüzün xoşbəxt çağlarında o deyirdi ki, ən böyük arzum ata olmaq və Şuşanı görməkdir.

Sonra mən ağladım. Tibb bacısı mənə sakitləşdirici iynə vurdu. Yatdım.

Bir neçə gündən sonra Gəncəyə qayıtdıq. Gecələrin birində Həlimə xanımla Etibarın aynabənddə olan söhbətini eşitdim. Yataq otağının bir pəncərəsi aynabəndə açılırdı. Ayna açıq idi. Onu örtmək yaddan çıxmışdı.

– Bibi, mən onu özümdən çox istəyirəm. Mən ondan ayrılmaq istəmərəm. Ütarid çox yaxşı insandır, yaraşıqlı qızdır. Onu bədbəxt eləmək istəmərəm. Onun məndən başqa heç kəsi yoxdur.

– Ay oğul, mən də onu çox istəyirəm. Allaha and olsun, üzünə baxa bilmirəm. Bu nə müsibətdir, başımıza gəldi. Ancaq istəmirəm sən sonsuz qalasan, tək qardaşımın yurdu boş qala.

Otağıma tüstü doldu. Hiss etdim ki, Etibar siqaret çəkir.

Təxminən, bir aydan sonra, Etibar Bakıya dəvət aldı. Ona Mətbuat Şurasında iş təklif etmişdilər. O, məni özüylə aparmaq istədi. Getmədim. Dedim ki, sonra gələrəm. Sən icarəyə ev tapanda, gələrəm. Mən ona demək istədiyimi deyə bilmirdim. Göz yaşlarım məni boğurdu. Ona görə ona səsli ismarıc yolladım.

– “Mən istəyirəm sən xoşbəxt olasan. İstəyirəm, ata olasan. Çox istəyirəm bunu. İstəmirəm sən məni görməyə gələsən. Heç vaxt məni axtarma. Mənə çox ağırdır səni görmək. Məni əzaba düçar eləmə. Sadəcə, sənin adın da dilimi yandırır. Qurban olum, gəlmə mənim yanıma, yaxşımı?

Yaxşı ki, ömrümdə Etibar adlı uzun sürən bir bahar olub. Allah qorusun səni!”

Bu səs ismarıcımı göndərəndən sonra bir az sakitləşdim. Ancaq heç iki gün keçməmiş, qəzetim bağlandı.

28 may ərəfəsi idi. Bu bahar ömrümün ən soyuq baharı oldu.

Saata baxdım. Ramiz Rövşənlə görüşə hələ vaxt var idi. Mən qəhvə bişirdim, qənd qatmadan içdim. Sonra duş qəbul elədim. Şkafdan paltar götürmək istəyəndə gözüm Etibarın vaxtilə Parisdən mənə aldığı Chanel donuna sataşdı. Düşündüm ki, mən heç vaxt nə bu yaşıl paltarı, nə də Həlimə xanımın mənə bağışladığı yaşıl qaşlı üzüyü taxa biləcəyəm. Heç MontBlanc parfümünü də heç vaxt işlətməyəcəm. Etibar artıq üç ildir ki, başqa bir qadının əridir. Ayrılmağımızdan iki il sonra evləndi. Mən boşanma ərizəmi onun elektron poçt ünvanına göndərmişdim.

Artıq 12-in yarısı idi. Tez paltarımı geyinib, taksi sifariş verdim.

Aşağı düşəndə bir qadın mənə salam verib, soruşdu: – Siz məni tanımadınız, Ütarid xanım? Mən sizin qonşunuzam də, elə burada, 1-ci mərtəbədə yaşayıram.

– Yox tanımadım, – ancaq səsi tanış gəldi. Nara idi, rentgenoloq idi. Sifəti də, bədəni də dəyişmişdi. İndi onun iri dodaqları, fındıq boyda burnu, enli, qalın qaşları vardı. Bədəni də sanki ayrı biçimdə idi, elə bil yonulmuşdu.

Telefonuma taksiylə bağlı səs gəldi.

Naraynan sağollaşıb, küçəyə çıxdım.

Biz hər axşam yaxınlıqdakı parkda Bikə xanımla heç olmasa, 2 saatlıq gəzintiyə çıxanda, hərdən Nara da bizə qoşulurdu. Onda normal biçimdə, cavan, xoşsifət bir qadın idi. İndi mən ondan hürkdüm.

Mən taksiyə əyləşəndə, sürücü dərhal maqnitofonu qurdu. Maşının salonunu küçələrdə cavanların tez-tez oxuduqları – “can-canadır, can hoppa” mahnısı bürüdü.

– Zəhmət olmasa, musiqini söndürün. Beynimə düşür.

Universitetə vaxtında çatdım. Universitetin qabağı qələbəlik idi. Rəfiqəm Nərgiz məni qarşıladı və orta cərgədə əyləşdirdi. Özü də yanımda əyləşdi. Ramiz Rövşən zala daxil olanda, hamı ayağa qalxdı. Şairimiz gül yağışına qərq oldu. Çox maraqlı keçdi görüş. Sonra hər kəs xatirə olaraq onunla şəkil çəkdirmək istədi. Mən rəfiqəmlə sağollaşıb küçəyə çıxdım. Qulaqlarımda şairimizin:

 

“Bu yerləri, bu göyləri

Yağış yuyur, gün qurudur.

Bu dünyada çox şeyləri

Yağış yuyur, gün qurudur”,

 

– misraları səsləndi.

Hələ ki adamlar Ramiz Rövşənə qulaq asır, onu oxuyur, – demək, dünyanın sonu uzaqdır.

Düşündüm ki, hava isti də olsa, piyada gedim evimə. Yolumu Xan bağından saldım. Bilsəydim ki, orada mən Etibarı görəcəm, özü də son dəfə, heç vaxt Xan bağına ayaq basmazdım. Neçə illərdir ki, mən evdən kənara çıxmıram. “Bazar Store” mağazasının filialı həyətimizdədir. Nəsə lazım olanda 15 dəqiqəyə düşüb elə oradan alıram. Ancaq şər qarışanda Bikə xanımla, hərdən mənə baş çəkməyə gələn Nərgizlə yanımızdakı xiyabanda iki saat ərzində gəzirik. Bikə xanımın qızı ailəsiylə Monakoda, oğlu isə ailəsiylə Londonda yaşayırlar. Bikə xanım məndən 15 yaş böyükdür. Nərgiz yaşıdımdır, bir sinifdə oxumuşuq. O, ailə qurmayıb.

Mən Xan bağına girəndə, bir balaca qız uşağı, iki yaşı olardı, baş xiyabanla zəif addımlarını atırdı. Elə bil mənim yanıma gəlirdi. Mənə yaxınlaşanda birdən skamyanın arxasından bir it uşağın üstünə gəldi. Mən cəld uşağı qucağıma aldım. Körpə qızcığaz ağladı, başını boynuna sıxdı, üzünü çiyinlərimə tökülmüş qara saçlarımın içində gizlətdi.

– Ütarid? – Etibarın rəngi avazımışdı. Uşağı qucağımdan götürəndə əlləri əlimə toxundu. Bütün cismim əsdi. Bütün vücudumu bir ağrı bürüdü. Skamyada qara saçlarını mənimki kimi çiyninə tökmüş bir gənc qadın əyləşmişdi.

Gözlərimə dolan alatoranlıq içində mən onu tanıdım – Etibarın arvadı, məşhur teleaparıcı idi.

Mən az qala, müvazinətimi itirəcəkdim. Dərhal Xan bağından çıxdım. Xoşbəxtlikdən Əşrəf Yusifzadə küçəsindən mənim evim istiqamətində işləyən avtobusu gördüm. Əlimi qaldırdım. Sürücü maşını saxladı. Evə girəndə, dərhal “ketotifen” atdım ki, yatım, içimdəki əzabı, ağrını hiss etməyim. Mən ancaq səhər alatoranlığında oyandım. Telefonumu söndürmüşdüm deyə, heç kəsin, o cümlədən, Bikə xanımın, Nərgizin zənglərini eşitməmişdim. Başımda bir ağırlıq vardı.

Qəhvə içib, Pol Osteri tərcüməyə başladım.

Səhər qəlyanaltı vaxtı Bikə xanım gəldi yanıma. Söhbətləşdik. Etibardan danışanda, özümü saxlaya bilmədim, ağladım.

Onda mən bilmirdim ki, ağlamalı günüm hələ qabaqdadır…

Artıq payız idi. Yarpaq tökümü başlamışdı. Bikə xanımın söylədiyinə görə, Etibar arvadı, uşağı ilə Şuşaya getmişdi. (ürəyimdə düşündüm ki, çox şükür, Etibarın bu arzusu da həyata keçdi). Geri qayıdanda, Yevlax yolunda onun maşını bir sərxoş sürücü ucbatından qəzaya uğradı. Etibar da, həyat yoldaşı da həlak oldular. Uşaq salamat qalıb. Ancaq qolu zədə alıb. Uşağı təcili yardım xəstəxanasına gətiriblər.

Tifilə heç kəs yaxın durmur. Anası uşaq evində böyüyüb, heç kəsi yoxdur. Etibarın da ən yaxın qohumu 75 yaşlı bibisi Həlimədir. O da endokrinologiya dispanserində qeydiyyata alınıb. Lap başımı itirmişəm. Bilmirəm, o uşağa necə kömək edim. Mən sanki donmuşdum. Bikə xanım dedi ki, çalış, ağla, ürəyin bir az rahatlansın.

Mən ona heç nə demədim. Başımda bir ağırlıq vardı. Gözlərim biixtiyar yumulurdu.

– Yaxşı sən yat, axşam danışarıq, – Bikə xanım qapını örtüb getdi.

Mən paltarımı çıxarıb duşa girdim və məni dəli bir ağlamaq tutdu. Sonra iri məhrəbaya bürünüb, divanda uzandım. Yuxuda gördüm ki, ucu-bucağı görünməyən bir səhradayam. Bu səhrada nədənsə insanların başını qılıncla vurub, əvəzində yaxınlıqdakı sürüdən qoyun kəsib, başları vurulmuşların çiyninə yapışdırırlar. Sonra bir şit musiqi çalınırdı. Öz başları qoyun başlarıyla əvəz olunan adamlar bu havaya oynayırdılar. Mənim də başımı kəsmək istəyəndə, mənə elə güc gəlir ki, əllərindən qurtuluram, lakin hansı başkəsənsə üzümə, ağzıma dumbuz vurur. Üzüm qan-qəltana qərq olur. Üzümdən axan qan tökülüb bir qanlı cığır açır. Mən bu cığırla qaçanda qanlı cığır nur yoluna dönür. Və bu yolda mən Aydanı – Etibarın qızını görürəm. O, məni qucaqlayıb, başını çiynimə tökülən qara saçlarım arasında gizlədir. Biz onunla Nur yoluyla addımlayırıq.

Mən yuxudan oyananda, hələ şər qarışmamışdı. Hələ saat 5 yox idi. Bikə xanıma zəng edib dedim – Etibarın qızını mən götürürəm. Onu doğma balam kimi böyüdəcəm. Gedək, indi götürək xəstəxanadan. Sənədləşməni sabah edərik.

Biz xəstəxanaya çatanda, iş günü qurtarmaq üzrə idi. Aydan yatan palataya keçdik. O çarpayıda oturmuşdu. Elə bil kimisə gözləyirdi. Mən Aydanı qucağıma aldım. O, başını sinəmə qoydu, üzünü çiyinlərimə tökülən saçlarım arasında gizlətdi. Bir an gördüyüm yuxunu xatırladım. Aydanla Nur yolu ilə addımlayırıq.

 

5 avqust 2024

Gəncə

Mənbə: “Ədəbiyyat qəzeti”

Yazıya 55 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.