“Türk ülküsü candan da əziz bayrağımızdır…” – Azər TURAN

Ədəbiyyatın sırf estetika hadisəsi olduğunu iddia edənlər, onun məfkurəvi tərəfini xoş görməyənlər dönüb Nihal Atsızın yaradıcılığına baxsın. Milli məfkurə poeziyanın estetikası ilə yalnız böyük şairin qələmində bu şəkildə qaynayıb-qarışa bilər. 1931-ci ildə “Qəhrəmanlıq” və “Qəhrəmanların ölümü” kimi idealist ruhlu şeirlər yazan böyük şairin isə cəmi 26 yaşı vardı.

 

Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də ulduzlar kimi parlayıb sönməməkdir.

Ölməzliyi düşünmək boşuna bir əməkdir,

Qəhrəmanlıq: saldırıb bir daha dönməməkdir…

Qəhrəmanlıq – içərək acı ölüm tasından

İrəliyə atılmaq və sonra dönməməkdir.

…Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də günəşlər kimi parlayıb sönməməkdir.

Bunun üçün ölümə bir atılış gərəkdir,

Atıldıqdan sonra da bir daha dönməməkdir.

 

Yaxud:

 

Gərilir zorlu bir yay

Oxu fırlatmaq üçün;

gecə göydə doğar Ay

Yüksəlib batmaq üçün.

…Qəhrəmanlar can verir

Yurdu yaşatmaq üçün.

 

Şeirlər, bütövlükdə estetizm nümunəsidir, sırf şairlik hadisəsidir. Amma həm də Atsızın bütün şeirləri kimi, milli məfkurə daşıyıcısıdır.

O, həm də romançı idi. “Bozqurdların ölümü”, “Bozqurdlar dirilir”, “Dəli qurd” və “Ruh adam” romanları təkcə tarixi roman deyil, eyni zamanda mötəbər tarix kitablarıdır. Atsız türk tarixini Zəki Vəlidi Toğan səviyyəsində, türk mifolojisini Abdulqadir İnan səviyyəsində tədqiq edən və bunu bədii yaradıcılığına tətbiq edən böyük yazıçıydı. Nihal Atsız həm də dilçidir. Yılmaz Öztuna yazırdı ki, “Atsız bir dil və tarix bilgini idi. Həm dilçi, həm tarixçi olanlar nadirdir və belələri tarixdə çox başarılı olurlar”. Yazıçı üçün bundan etibarlı təməl təsəvvür etmək çətindir…

Təkcə dil arxitekturasına, üslub və təhkiyəsinə görə deyil, elmi fikirdə milliyyət duyğusunun təkanlarını yaradan “Bozqurdların ölümü” romanı həm tarix, həm ədəbiyyat, həm də mifdir: “Gür Şad ölmüş, fəqət, atdan düşməmişdi. Ölmüş, fəqət, yenilməmişdi… Yağılar, onun igid başını gövdəsindən ayırıb Çin xaqanına götürdülər…

Gür Şad bir əliylə tuğu yüksəldirkən, ötəki əliylə duman alana bir işarət yaparaq “Qalxın!” deyə hayqırdı. Qırx şəhid birdən qalxdılar. Gür Şad əliylə irəlidə bir yeri göstərdi, “Oraya!” – deyə gurladı. Göstərdiyi yer Tanrı Dağı idi. Təpəsində ataların ruhları dolaşırdı. Qırx bir şəhidin ruhu bir fırtına kimi, bir musiqi kimi, bir işıq kimi axaraq Tanrı dağına doğru yürüməyə başladılar… Onları orada, başlarında Alp Ər Tonqa olan atalar qafiləsi bəkləyirdi…”

Atsızın bütün romanlarında Böyük Çölün rüzgarları əsir. Böyük Ədəbiyyata Böyük Çöldən gəlmiş Çingiz Aytmatov etiraf edirdi ki, “Bozqırda doğulmuş olan mən belə, bozqır həyatını, heç bozqır görməmiş Hüseyn Nihal Atsız qədər canlı anlada bilməzdim”.

Nihal Atsız romanlarını da dastan poetikası üzərində qururdu. “Üzün aya bənzəyir. Qaşın yaya bənzəyir. Gözlərin yaşıl alası. Saçların aslan yeləsi. Yerişin durna kimi. Sallanışın sona kimi. Hankı yerdən, qaynaqdansan? Hankı boydan, oymaqdansan?” Bir uyğur dastanının çağdaş türkcə ilə romanlaşması, roman içində romana, “Ruh adam” romanına çevrilməsi Nihal Atsızın alimliyiylə eyni vüsətdə olan yazarlığının tərzidir və təsdiqidir.

Uyğur masalının motivlərini incələyərkən elə mətnin magik və mistik cazibəsində Nihal Atsız tarixin estetik, dini, poetik və politik… mərhələlərini gözdən keçirirdi. Masalın ehtiva etdiyi şamanizm ünsürləri onun X əsrdən öncələrdə baş verdiyinə dəlalət edir. Masal qəhrəmanının yüzbaşı olması isə Hunlar dövrünün əks-sədasıdır. Masalda buddizmin əlamətləri də var və s.

Tarixi ədəbiyyatlaşdırdığı (əslində romantikləşdirdiyi) qədər də ədəbiyyatı tarixləşdirən Nihal Atsızın zəkası türk varlığının və kimliyinin ən dərin qatlarına işıq salır və nüfuz edirdi. Atsız Sakalar çağının da ötəsinə adlayıb, milad öncəsi XII-VII yüzilliklərdə Şu dövlətinin tarixini araşdırırdı. Ziya Gökalpdan sonra Mete barəsində elmi fikri ədəbi dövriyyəyə buraxırdı, Tanrıkut Meteyə istinad edən təmayülü sistemləşdirir, onu türk düşüncəsinin ciddi tarixi faktına çevirirdi. Gürşadın türk fikir həyatına gəlişini də Nihal Atsızın qələmi təmin etdi. Alp Ər Tonqa dastanını yazıya aldı, “Kitabi-Dədə Qorqud”u, Hunlar dövrünün ədəbiyyatını tədqiq etdi. “Göy Türklər zamanında ədəbiyyat” adlı yazı yazdı.

27 yaşlı Nihal Atsız Göy Türklərlə Oğuzların mənşəyini araşdırmaq üçün hələ 1932-ci ildə Orxon-Yenisey yazıları ilə “Kitabi-Dədə Qorqud” mətnlərinin müqayisəli təhlilini təklif edirdi. Kül Tigin abidəsindəki “Körür közim körmaz teg, bilir bilgim bilimaz-teg boldı” epitafiyasını “Kitabi-Dədə Qorqud”da “Dəli Domrulun hekayəsi”ndəki sözlərlə qiyaslandırırdı. Nihal Atsıza görə bu bənzəyiş, sadəcə, oğuz bənzəyişi deyil, daha əski dövrün Uyğur və Xaqaniyyə ləhcələri ilə söylənmiş mətnlərində də eyni frazalar yer alırdısa bu, “eyni təbirlərin Türklər arasında nə qədər uzun müddət yaşadığını, yəni qövmi-milli ənənələrin qüvvətini göstərirdi”.

Yaxud Dədə Qorqudun kitabındakı şeir formalarının Mahmud Kaşğari divanındakı şeir şəkilləri ilə müqayisəli təhlilini aparırdı.

Atsızın təbirincə, “Qazax türklərinin tanınmış şair və tarixçilərindən Oljas Süleymanoğlu”nun (Oljas Süleymenovun) yazdıqlarına və Həsən Oraltayın ona göndərdiyi fotokopilərə istinad edərək türkoloji düşüncəyə yön verən fikirlər söyləyirdi… Qızıl əlbisəli döyüşçünün məzarından tapılmış gümüş çömçənin üstündəki yazını oxuyur və belə bir qənaət irəli sürürdü ki, bu yazılar Orhun hərflərinin başlanğıcı və ən əski şəklidir. Bu yazılar türk tarixinin hunlardan əvvəlki dövrünü aydınlaşdırır, onlar Orhun yazılarından min il əvvələ, yəni sakalar dövrünə, miladdan öncəki VII-V əsrlərə aiddir və s. Atsız həm 2500 il əvvəl mövcud olmuş yazıları oxumağa cəhd edir, həm də Qızıl Əlbisəli Adamın məzarından tapılmış qaşığın üzərindəki yazını oxuyan qazax alimlərinin transkripsiyada yanlışa yol verdiklərini bildirir. Transkripsiya edənlər hansısa sözü əsgər şəklində oxuyublar. Amma bu, ola bilməz. Çünki yunanlardan ərəblərə keçmiş “əsgər” sözü qədim türkcədə yox idi. Yaxud “bəxt” fars sözüdür və o, 2500 illik tarixi olan türk yazısında işlənə bilməzdi və s.

 

***

Türk varlığının əbədi davam etməsini istəyən Nihal Atsız nəinki bu yolda büdrəyən çağdaşlarına, hətta tarixdəki türk böyüklərinə də qınayıcı nəzərlə baxırdı. Kim tərəfindən təlqin olunur-olunsun, fərq etməz, türklərin savaş ruhunu uyuşduran düşüncəyə qarşı, Atsızın qəzəb fırtınası səngimək bilməyib. Nəinki Yunus Əmrənin humanizminə, heç Mövlanaya da dözməyib. Atsız Yunusun ən böyük fəzilətini onun saf türkcəsində, Mövlananın ən böyük qəbahətini isə farscaya heyranlığında görürdü… Mövlananın Şəms Təbrizi ilə xəlvətə çəkilməsinin nədənləri barədə isə düşünmək belə istəmirdi. Avropada Yunusun şairliyinə deyil, daha çox humanizminə dəyər verilməsinə  dözmürdü: “Yunus Əmrə türkcənin böyük bir sənətkarıdır. Türkcənin böyük bir şeir və fikir dili olduğunu ortaya qoyanlardan birisidir. Fəqət, Yunus Əmrənin fikirləri türk millətini… uyuşdurmuşdur”. Yunusun: “Döyənə əlsiz gərək, / Söyənə dilsiz gərək…” misraları Nihal Atsızı incidirdi. Çünki ona əlsiz, dilsiz dərvişlər deyil, döyəni döyə, söyəni söyə bilən bir millət gərək idi. Döyməklə və söyməklə başa keçmiş dünyanın qarşısında döyənə əlsiz, söyənə dilsiz olacaq bir türk milləti Nihal Atsız üçün milli fəlakət mənbəyi idi.

O belə düşünürdü. Çünki ömrü sarsıntılar, ədəbi və siyasi qovğalar içində keçmiş, zülmün hər üzünü görmüş Nihal Atsız hər şeydən əvvəl, mücadilə və savaş adamıydı. Savaş hissindən məhrum olan “millətlərdə əxlaqi bir pozulmanın başladığı gözdən qaçmamaqdadır… İsveçdə kültür və rifah son dərəcəyə vardığı halda, İsveç xalqının əxlaqındakı, gündən-günə çoxalan cırlaşma düşündürücü bir durum almaqdadır. Bəzi bayramlarda isveçli gənclərin kütləvi şəkildə yapdığı rəzalətlər, məmləkətdə homoseksual dərnəklərin qanunla tanınması… kimi əcaibliklər, bu millətin bir iç sıxıntısı, bir mənəvi çabalama içərisində olduğunu göstərir. İsveç iki yüz ildən bəri savaşmamışdır…”

Nihal Atsız özündən əvvəlki turançılardan fərqlənirdi. Onun üçün böyük Turanın mərkəzi, türklüyün ilk qaynağı Azərbaycan idi. Yazırdı ki, “Azərbaycan Türkiyəni quran türklərin ilk yığınaq bölgəsiydi. Anadolu, İraq və Suriya buradan irəliləməklə ələ keçirilmişdi. On üçüncü yüzildə Xorasandan Akdənizə qədər uzanmış Böyük Türkiyəni idarə edən İlhanlıların mərkəzi bölgəsi Azərbaycandı. Yəni, bir baxıma Türkiyə bu gün qədim paytaxtını qeyb etmiş bir dövlət kimidir…”

Nihal Atsıza görə, Səfəvi-Osmanlı müharibəsi türklərin iç məsələsiydi, milli savaş deyil, qardaş qovğasıydı. O, eyni zamanda Azərbaycan şəhərlərini Türkiyə şəhərlərindən ayırmır, Türk dövlətinə “Bursa, Ədirnə, İstanbul, Ankara şəhərləri başkəntlik yapmışsa, Azərbaycanın şəhərləri də bir zamanlar eyni vəzifəni görmüşdür” deyirdi.

Atsız, panfarsistlərinin 1950-ci illərdə İran mətbuatında Azərbaycan dili əleyhinə yazdıqları əsilsiz və məkrli fikirlərə də sərt reaksiya vermişdi. Bildirirdi ki, Azərbaycanın türklüyü “əcəmləri də qərib iddialara sövq edir: onların fikrincə, Elxanlılar Azərbaycanı alıb əcəm olan əhalisinin dilinə iynələr batırmaq surətiylə xalqı türkcə danışmağa zorlamışlar. Bir millətin dilinə iynə batırıldığı üçün yabançı bir dili kütləvi şəkildə öyrənərək danışmağa başlamasının gerçəklə bağdaşlaşdırılmasındakı gülünclük meydandadır”.

İran mətbuatında Azərbaycan pantürkistlərinin əleyhinə dərc olunan yazılara cavab verməyi də özünə borc bilirdi: “Türklərin pantürkizm ülküsünü güdmələri bir qüsursa, iranlıların panaryanizm düşüncələri nədir? Pantürkizm gerçəkləşə bilən bir ülkü olduğunu keçmişlə isbat edə biləcək durumda olduğu və yalnız türkləri düşündüyü halda fars və erməniləri içinə almaq xəyalındakı panaryanizmə nə deməli? Hələ farslarla ermənilərin birləşməsi əsla gerçəkləşməyəcək olan bir düşüncənin ardındakılar nasıl insanlardır?”

 

***

Dünyasını 70 yaşında dəyişsə də, Nihal Atsızın ulduzu 39 yaşında söndü. 1944-cü ilin 19 mayında Gənclik və İdman bayramında (sonralar Atatürk Gənclik və Spor bayramı) keçirilən mitinqə qatılan Adilə Ayda “Böylə idilər yaşarkən…” kitabında həmin mitinqi xatırlayaraq yazır: “Tribunadakı yerim cümhurbaşqanı İsmət İnönüyə olduqca yaxındı… Çıxışının yarısına çatdığı zaman içimi dəhşət bürüdü. Bir türk dövlətinin başqanı bu sözləri necə söyləyə bilərdi?.. Fəqət, başqa bir şey ağlıma gəldi. Bu çıxışı İnönünün həyatında əbədiyyən silinməyəcək bir ləkə olaraq qalacaq”.

İsmət İnönü həmin mitinqdə turançılıq dalğasını qabardan insanları, “şüursuz və vicdansız fəsadçılar” adlandırır, onları ittiham edirdi. Nihal Atsızı özünə rəqib görürdü. Hətta bunu 1944-cü ildə Stalin Rusiyasına xoş gəlmək üçün turançılara böhtan ataraq edirdi. İsmət İnönü inanmışdı ki, guya “Nihal Atsız Almaniyadan para alaraq hökuməti devirmək və cümhurbaşqanı olmaq qayəsindədir” və s. İnönü Atatürkü anma törənində Nihal Atsıza qarşı cəbhə açırdı.

Nə baş verirdi? İki il əvvəl, yəni 1942-ci il avqustun 5-də Türkiyənin baş naziri Şükrü Saracoğlu başçılıq edəcəyi hökumətin türkçülüyün əsaslarına dayanacağını bəyan etmişdi. Nihal Atsız da o zaman nəşr etdiyi “Orhun” dərgisinin 1944-cü il aprel sayından etibarən, Saracoğluna bir neçə məktub ünvanlamış, Türkiyəni içəridən vuran, türk düşüncəsinə düşmən olan cərəyanların əsl mahiyyətini bir-bir sadalamışdı.

Və türkçülük hərəkatına yeni vüsət qazandıran həmin məktubların ardından Türkiyədə turançı-irqçi blok “ifşa” edilmişdi (eynən, Stalin metodu ilə və həm də Stalinə xoş gəlmək üçün).

Türkçülük yalnız bundan sonra əks-həmləyə keçərək Türkiyəni silkələmiş, Türkiyə yenidən Atatürk dönəmindəki türk ruhuna sahib çıxmışdı. Məncə, bu, bir düşüncə adamı olaraq, Nihal Atsızın Türkiyə tarixində və türk milləti qarşısında ən böyük xidmətidir. Bu tarixi xidmətin müqabilində İsmət İnönü onun həbsinə qərar verdi. Nihal Atsız Vətəni, milləti sevdiyi üçün “Vətənə xəyanət” maddəsilə həbs olundu. Öztunanın təbirincə, “olduqca mütəvazi, utancaq, insanlardan qaçan, tərbiyəli, səmimi, incə bir insan” olan Atsız  işgəncələr və təhdidlər altında istintaq olundu. Həbsxanada yatdı. Əfvindən sonra da ömrünün sonuna qədər müəllimlik hüququ yasaqlandı.

Nihal Atsız türkçüydü və tükçülüyə ideologiya kimi baxırdı. O zaman, Fransa üçün demokratiya, Rusiya üçün kommunizm nə idisə, Nihal Atsıza görə, Türkiyə üçün türkçülük də o olmalıydı. Hətta türkçülüyün mənəvi və siyasi izahını da o yaratmışdı: “Türkçü əyyampərəst və yaltaq ola bilməz… Ən böyük sərtliyi də nəfsinə qarşı göstərir… Hələ türkçülüyün müqəddəsatını dağıdanları əsla bağışlamaz və bunları bağışlayanları milli düşmən sayar…Türkçü alçaqkönüllü (təvəzökar) olmağa məcburdur. Özünü gözə soxmaq etdiyinin əvəzini gözləmək və təqdir olunmaq üçündür. Halbuki təqdir gözləmək bir məncillikdir, xudbinlikdir. Türkçü millətinə bir xidmət göstərərkən, bunu bəyənilmək üçün deyil, vəzifə bildiyi üçün edir və göstərdiyi ən böyük xidmətin belə adı-sanı bilinmədən ölüb məzarsız yatan şəhidlərin hizməti yanında çox kiçik qalacağına inanır… Türkçü, heç şübhəsiz, türkdən olur. Fəqət, hər “türkçüyəm” deyən türk, türkçü deyildir”.

Beləliklə, Nihal Atsız turançıydı, türkçüydü, amma irqçi deyildi. İrqçilik anlayışını Türkiyənin siyasi leksikonuna 1944-cü ildə İsmət İnönü daxil etdi və bu, Nihal Atsızın soy anlayışına İsmət İnönünün verdiyi yanlış təfsir idi… 1944-cü ildə belə bir ittihamla yarğılanmaq hitlerizmdə suçlanılmaq mənasına gəlirdi. Atsız necə irqçi ola bilərdi ki, onun ilk savaş hədəflərindən biri irqçiliyin, nasizmin qurucusu Mussolini olmuşdu? Aşağıdakı misralar onun Mussoliniyə ünvanladığı “Dəvətiyyə” şeirindəndir:

 

Duydum ki, yelkənləri edib də fora,

Gələcəkmiş orduların yaşıl Bosfora.

Buyursunlar… Bizim üçün savaş düyündür,

Din ərəbin, hüquq sizin, hərb türklüyündür.

Aclar nasıl bir istəklə qoşarsa aşa,

Türk əri də böylə gedər qanlı savaşa.

…Çağrı bəylə Tuğrul bəyin qurduğu dövlət

İtaliyalı mələzlərdən üstündür, əlbət.

…Dirilərək başınıza keçsə də Sezar,

Yenə olur Anadolu sizə bir məzar.

…Tanıyoruz Attiladan bəri Germanı,

Farklımıdır Prusyalı, yaxud Erməni?

…Gərçi bu gün əskisindən daha çox diksən.

Fəqət, yenə biz osmanlı, sən venediksən!

…İnsan oğlu umudlarla aşıb-daşmalı,

Aryalarla Turanlılar qarşılaşmalı!

…Bizim yanıq Füzulimiz əngin bir dəniz,

Qarşısında bir göl qalır sizin Danteniz.

Bizlər ulu bir çinarız, sizlər sarmaşıq!

Generallar Paşalarla atamaz aşıq!..

…İrqinizi heçə saydı Həzrəti Fateh,

Bir az daha yaşasaydı Həzrəti Fateh

Nə Venedik qalacaqdı, nə Floransa…

“Xoş gəldiniz” deyəcəkdi bizə Fransa!

 

1940-cı ildə Türkiyədən torpaq istəyən Mussoliniyə verdiyi bu cavabdan dörd il sonra, dediyim kimi, ona irqçilik damğasını vurub, həyatının qalan hissəsini zəhərə döndərdilər.  Amma Atsız məfkurəsinə sona qədər sadiq qaldı. Hətta ömrünün lap axırında son şeirini də türk bayrağına, daha doğrusu, bayraqlaşdırdığı türk ülküsünə həsr edib dünyadan köçdü:

 

Türk duyğusu hər türkçüyə ən dadlı kımızdır,

Türk ülküsü candan da əziz bayrağımızdır.

Bayraq ki, onun kölgəsi Bozqurdları toplar,

Bayraq ki, bütün qeyb edilən yurdları toplar.

Hardan gəliyor? Tanrıkutun ordularından!

Lakin bizə bir beyt oxuyur qutlu yarından.

Zərbəylə könüllərdə yatan ülkü silinməz!

Atsız yerə düşməklə bu bayraq yerə enməz.

 

1944-cü ildən sonra otuz il iqtisadi sarsıntılar içində ömür sürdü… Amma məfkurəsindən dönmədi. Dövlət işlərində çalışmaq ona yasaq edilsə də, “sərt zərbələrlə yıpranan ələmli və ümidsiz” (Banarlı) ömründə türk birliyi düşüncəsini daim ayaqda tutacaq əsərlər yaratdı. Adilə Ayda yuxarıda xatırlatdığım kitabında yazırdı ki: “1975-ci ildə… Köçdüyü Bostaniçidəki evi Atsızın başına bəla olmuşdu. Dərdlər, problemlər arasında bunalırkən, yalnız, yapayalnızdı. Bir neçə il öncə onu tərk edib Almaniyaya yerləşən xanımından boşanması o il içində sonuclanmışdı. Oğullarından da vəfa və bağlılıq görmürdü…”

11 dekabr 1975-ci ildə elə həmin ruh halıyla da, İbrahim Kafesoğlunun sözləri ilə desək, “türk milliyyətçiliyinin fikir və əxlaq cəbhələrində dərin bir boşluq buraxaraq” dünyasını dəyişdi:

 

Tanrı dağı Tanrılar, Tanrılaşanlar dağı,

Orda on üç əsrdir bizi bir gözləyən var.

Savaş türküləriylə aylı-qızıl bayrağı,

Kəfənsiz ölülərin ruhunu özləyən var…

Ulu Tanrı! Gur Şadın yenilməyən ruhunu

Uca Tanrı Dağında bir az daha barındır.

Gələcəyiz yakında… Yarın bütün oralar

Dəmir biləklərdəki çelik qılınclarındır.

O sarayda bulunca tanrılaşan ərləri

Artıq gözüm arxaya bir daha dönməyəcək.

Həpsi sussa da, Gur Şad uzadaraq əlini:

“Xoş gəldin, oğlum Atsız, kutlu olsun!” – deyəcək.

 

1989-cu ildə Nihal Atsız barədə “Qeybə və sevgiyə çəkilən türklər” adlı bir məqalə yazmışdım. O zaman Nihal Atsızın məfkurəsi – Turan bir xəyal əsəriydi. İndi ideallar, az qala, gerçək olub… Turanın bir addımlığındayıq. İkinci Qarabağ savaşından sonra qələbəmizlə bağlı duyğularımı “Zəfər paradı və Nihal Atsız” adlı yazımda ifadə etməyə çalışdım. “Türk ülküsü candan da əziz bayrağımızdır” isə  bu günün yazısıdır. Nihal Atsız ay-ulduzlu bayrağı Turana səsləyir… “Bayraq ki, onun kölgəsi Bozqurdları toplar, / Bayraq ki, bütün qeyb edilən yurdları toplar”.

 

22 avqust 2024

Mənbə: Ədəbiyyat qəzeti

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.