Bir neçə il öncə şair-yazıçılardan soruşanda ki, niyə Qarabağ mövzusuna ürəklə üz tutmursunuz? – öz məğlubiyyətimizdən nə yazaq? – deyə cavab verirdilər. Amma budur, Allahın ədalətiylə, Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, müzəffər ordumuz düşmənin 30 ilə qurduğu istehkamları 44 gün ərzində darmadağın eləyərək, işğalçıları qutsal torpaqlarımızdan qovdu və çoxillik ağrı-acılarımıza, həsrətimizə son qoyub, bizi cənnət Qarabağımıza qovuşdurdu. Bu gün məğlubiyyət kompleksindən çıxan yazarlarımız Qarabağ mövzusuna artıq qalib ölkənin nümayəndəsi kimi xüsusi bir coşqu, qürurla üz tutur, ən dürlü janrlarda zəfərimizi tərənnüm və təsvir eləyirlər. Əlbəttə, bu qutsal konunu plakata, şüara, şablona, yaxud daha pisi, özünüreklam vasitəsinə, möhtəkirlik alətinə, hansısa merkantil maraqların ifadəsinə çevirmək istəyənlər də var və buna ancaq təəssüflənmək olar. Şəhid qanıyla alver eləmək Allahın hüzurunda günah, toplum qarşısında mənəvi cinayətdir. Qoy, ürəyində iman işığı, vətən yanğısı, ədalət duyğusu olmayanlar özlərində azacıq da olsa, sorumluluq duysun, bu mövzuya ümumən yaxın gəlməsinlər. Amma ən qutsal dəyərləri belə piştaxta önünə çıxarmaq istəyən bu söz dəllallarını hələ ki Allahın ədaləti, vicdanın mühakiməsinə buraxıb, bu yazımda həqiqi vətənpərvərlik duyğusuyla yaşayan və yazanlardan, onların konkret nümayəndəsi kimi Qafar Cəfərlidən, daha dəqiq desəm, onun Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilən “Şəhid bayrağı” əsərinin səhnə təcəssümündən danışmaq istəyirəm.
Öncə, bunu vurğulayım ki, Qafar Cəfərli artıq bir neçə ildir Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədridir və onun bu görəvə təyinatından sonra bölgədə ədəbi prosesin canlanması göz qabağındadır. Bölmənin uzun dönəmdir ki, nəşri dayandırılan ədəbi-bədii orqanı “Şəfəq” dərgisi yenidən işıq üzü görür, bölgə yazarlarının əsərlərindən ibarət “Cənub inciləri” antologiyası dərc olunub, AYB Lənkəran bölməsinin yaradılmasının 45 illik yubileyi təntənə ilə keçirilib. Bura saysız-hesabsız kitab təqdimatları, yubileylər, görüşlər, anım günləri və digər tədbirləri də əlavə eləsək, bölmənin yeni sədrinin qısa müddətdə gördüyü işlərin ən ümumi konturları aydın olar.
AYB Lənkəran bölməsində görülən işlərdən danışmaq, əlbəttə, lazımdır və hətta vacibdir, çünki görülən işə verilən dəyər başqalarına da stimul verir və ümumi işin yüksəlişinə səbəb olur. Amma Lənkəranda ədəbi-bədii prosesin canlanması ayrıca bir söhbətin mövzusudur və bizim çaparaq da olsa, bu məsələyə toxunmağımızın səbəbi odur ki, söz bölmə sədri Qafar Cəfərlinin “Şəhid bayrağı” pyesinin səhnələşdirilməsindən gedir, özü də Qarabağ zəfərimizin dördüncü ildönümünün sevincini yaşadığımız günlərdə.
Məlumat üçün deyim ki, nə şəhid mövzusu, nə də dram janrı Qafar Cəfərlinin yaradıcılığında yeni deyil. Onun indiyə qədər sosial ədalət sorunlarına həsr olunmuş, maraqlı süjet xətti, oxunaqlı dili və gözlənilməz finalı ilə diqqəti çəkən “Qıl körpüsündə rəqs”, “Tanrı əmanəti” pyesləri işıq üzü görüb, eyni zamanda o, müharibə, şəhadət və qazilik mövzusunda “Tanrının göz yaşları” romanının, bir sıra hekayələrin müəllifidir. “Şəhid bayrağı” pyesinin özəlliyi ondadır ki, burda şəhidlik mövzusu və dram janrı bir araya gəlib və pyes əsasında hazırlanmış eyniadlı tamaşanın Zəfər günümüz öncəsi Lənkəran Dövlət Teatrında uğurlu nümayişi göstərdi ki, müəllifin dramaturji cəhdləri əsassız deyil.
Tamaşaçı auditoriyası tərəfindən həyəcanla izlənilən tamaşa haqqında fikirlərimi sizinlə bölüşməzdən öncə pyesin mövzu, məzmun və dramaturji özəlliklərindən danışmaq istəyirəm. “Şəhid bayrağı” novellavari, gözlənilməz bir olay üzərində qurulub. Amma bu gözlənilməzlik oxucu diqqəti çəkmək üçün istifadə olunan ənənəvi yazıçı fəndi olmayıb, gerçək həyat faktının özündən gəlir, yəni pyes olmuş əhvalatdan danışır. Şəhid xəbəri gələn ordu zabitinin ailəsi – ata-anası, həyat yoldaşı və balaca oğlu ağır sarsıntı keçirir, amma çox keçmir, o qəfildən gəlib çıxır və məlum olur ki, komandiri həqiqətən də şəhid düşmüş başqası – öz əsgəri ilə dəyişik salıblar. Dramaturqun mövzu seçimi iki əsas məsələdə uğurludur. Birincisi budur ki, seçilən həyat faktının özündə artıq dramaturji baxımdan effektiv gözlənilməzlik, qəfil açılış amili var. Bu, məsələnin sənət tərəfidir. İkincisi odur ki, komandirin cəbhədən sağ-salamat qayıtması yaşamaqda olduğumuz zəfər sevinci ovqatına uyğundur və tamaşaçıda nikbin ovqat oyadır. Bu nikbinlik hazırda bizə çox lazımdır.
Burda bir dramaturji nüans üzərində özəl dayanmağa ehtiyac görürəm. Pyesin fabulası gerçək həyat faktının gözlənilməzliyindən doğan peripetiya – səhvlər dramı və onun tamaşaçı üzərindəki güclü emosional təsiri üzərində də qurula, pyes komandirin evə sağ-salamat dönüşü ilə tamamlana da bilərdi. Əgər bu pyesi mən yazsam, yəqin ki, elə belə də edərdim. Bu barədə fikrimi premyeradan sonra sayın Qafar Cəfərliyə də bildirdim. “Şəhid bayrağı” müəllifinin bu məsələdə mövqeyi fərqlidir və fikrimcə, heç də əsassız deyil. Şəhid olmuş əsgər də azərbaycanlıdır, insandır, onun da ailəsi, əzizləri var və bu amil Qafar Cəfərlini vadar eləyib ki, pyesi şəhid əsgərin valideynləri ilə bağlı hissə ilə tamamlasın, yəni müəllifin insanlığı burada onun dramaturqluğuna üstün gəlir. Çünki şəhid düşmüş əsgər onun üçün başqası deyil, bu məsələdə hamı əsərin əsas qəhrəmanı qədər doğmadır, hamı qəhrəmandır, burada ümumən “başqası” anlayışı yoxdur.
Tamaşaya quruluş verən Emil Əsgərov yeni nəsil rejissorlar arasında özəl yer tutur. Etiraf eləyək ki, dünya rejissura ənənələri ilə tərbiyələnən, internet dönəmi yetirmələri olan bu rejissorlar klassik ənənələrdən bir az uzaq düşüblər. Emil də özünün modern səciyyəli tamaşaları ilə seçilir və belə bir rejissorun klassik dram sənəti ənənələrinə sadiq dramaturqla yaradıcı əməkdaşlığı, öz metodoloji prinsiplərindən uzaqlaşaraq, realist psixoloji tamaşa hazırlaması maraqlı görünür. Lakin şəhidlik mövzusu hər cür yeniliyin fövqündə, hər dürlü “izm”in dışındadır və məncə, dramaturqla rejissor hər şeydən öncə, məhz bu məsələdə ortaq nöqtəyə gəliblər. Tamaşa heyətinin dediyinə görə, rejissor məşq prosesində, xüsusən də, şəhidin ölüm xəbərinin gəldiyi səhnələrə mizan verərkən, emosiyalarını cilovlaya bilməyib hönkürürmüş və onun bu duyğusallığı səhnəyə də, aktyorlardan keçərək zala da sirayət eləyirdi. Qadın və kişi, uşaq və ya böyük olmasından asılı olmayaraq zalda əyləşənlər az qala, bütün tamaşanı göz yaşlarına boğulurdular. Mən bununla zaldakıların ağlamasını hökmən tamaşanın uğuru saymaq kimi bayağı bir fikirdən uzağam. Kimsə bu göz yaşlarını uğur kimi qəbul eləyə bilər, kimsə yox. Mən isə bir məsələdə əminəm – “Şəhid bayrağı”nın premyerasında Lənkəran Teatrının zalı, Aristotelin terminləriylə desəm, əsl katarsis – göz yaşları ilə daxili təmizlənmə, içsəl saflaşma laboratoriyasına çevrilmişdi. Zatən, sənətin, özəlliklə də teatrın əsas missiyası elə bundan ibarətdir. Sanki hamı bura ürəyini boşaltmağa, dərdini-odunu tökməyə gəlr. Füzuli demişkən, hər gələn qəmli gəlib, şad gedir, yanimizə…
“Şəhid bayrağı” tamaşasının araya-ərsəyə gəlməsində Emil Əsgərovla yanaşı, Lənkəran Teatrının baş rejissoru, cavan olmasına baxmayaraq, özünün yetərincə ciddi rejissor imici ilə tanınan, “Manqurt”, “Cəhənnəm sakinləri”, “Casus” və digər pyeslərə verdiyi quruluşlarla istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda ciddi uğurlara imza atan Anar Babalının da əməyi qeyd olunmalıdır. Mənə elə gəlir ki, rəsmi çevrələr də, sənət çevrəsinin rəsmiləri də Anar Babalının istedadına bundan sonra daha böyük qayğıyla yanaşacaq, onun öz potensialını gerçəkləşdirməsi üçün daha geniş şərait yaradacaqlar. Söhbət, şübhəsiz ki, sadəcə, Lənkəran Teatrı deyil, ümumən Azərbaycan Teatrı miqyasında qayğıdan gedir.
Əlbəttə, kim istəsə, bunu bir nəfərin subyektiv fikri kimi qəbul eləyə bilər, amma mən sözümün sorumluluğunu dərindən duyaraq deyirəm ki, 145-ə yaxın yaşı olan Lənkəran Teatrı bölgə teatrlarımız arasında ən qabaqcılı, ən uğurlusu, ən yetkini və ən yenilikçisidir. Azərbaycan milli teatrının yaranması qədim tarixi və mədəni ənənələri, özünəməxsus koloriti olan bu şəhərin adıyla, yəni 1873-cü ilin martında səhnələşdirilən “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasıyla bağlıdır. Mərziyyə Davudova, Fatma Qədri, Barat Şəkinskaya, Hökümə Qurbanova, Amaliya Pənahova, Şəfiqə Məmmədova kimi böyük aktrisalar pleyadasına mənsub Xalq artisti Böyükxanım Əliyevanın nəfəsi gəzib dolaşan Lənkəran Teatrına ümumən bütün “ən”lər yaraşır. O dərəcədə ki, bu Teatra “bölgə” təyinini qoşmağa adamın dili gəlmir. İstər repertuar seçimi, istər rejissor işi, istər aktyor oyunu, ümumən teatr sənətinə məxsus istənilən bir cəhətiylə Lənkəran Teatrı, hətta ana teatrımız Milli Teatrdan belə geri qalmır. “Şəhid bayrağı” tamaşası da özünün bütün uğurlu tərəflərinə görə maraqlı dramaturji fakturası ilə yanaşı, həm də məhz Lənkəran Teatrının klassik teatral ənənələri və müasirlik ruhuna borcludur. Özü də sənət adamı olan, vaxtilə aktyorluq eləyən, bu üzdən sənətkarları gözəl başa düşən, hər cür lüzumsuz inzibatçılıq və pedantlıqdan uzaq, demokratik fikirli Laləzar Hüseynovanın direktorluğa gəlişindən sonra burada yaradıcı ovqat daha da canlanıb. Teatr hamının qarşılıqlı hörmət və anlaşma şəraitində birgə çalışdığı, bir-birinin uğurlarına sevindiyi böyük bir ailəyə, səmimi yaradıcılıq atmosferinin hökm sürdüyü sənət məkanına çevrilib.
Böyük Cəfər Cabbarlı deyirdi ki, dramaturq sənətin ilk pilləsində dayanır, onun son və əlçatmaz pilləsini aktyor fəth eləyir. Doğrudan da, bütöv bir tamaşa heyətinin aylarla gördüyü işin yekununu tamaşaçıya çatdıran aktyor olur və tamaşanın uğurunda aktyorların rolu böyükdür. “Şəhid bayrağı”nın qəhrəmanını – səhvən şəhid zənn edilən komandir Poladın obrazını tamaşada gənc aktyor Saleh Əzimzadə oynayır. Salehi ilk dəfə rejissor Anar Babalının quruluşunda “Tanrı quşu gəlmədi” (Cavid Zeynalov) tamaşasında əsas rollardan birində görmüşəm. Özünün sözün bütün anlamlarında səhnə imkanları ilə o təkcə bu tamaşaların deyil, ümumən Lənkəran Teatrının qəhrəmanı kimi formalaşmaqdadır. Məncə, bu gənc aktyordan kinofilmlər və seriallarda da uğurla istifadə eləmək olar. Proqnoz verməyə ehtiyat eləsəm də, deyim ki, mən Salehi gələcək Azərbaycan teatr və kino sənətinin sayılıb-seçilən isimlərindən biri kimi görürəm. Əlbəttə ki, Səməd Vurğunun “birinci addımda lovğalananlar, ikinci addımda yıxılacaqdır” sözlərini unutmasa, sevib-seçdiyi sənətə axıracan sadiq qalsa.
Tamaşada aktyor oyunu baxımından diqqəti ən çox çəkən Poladın valideynləri – atası Fərhadı canlandıran Əməkdar artist Sücəddin Mirzəyev və anası Sevdanı oynayan Aynur Əhmədova oldular. Hər iki aktyoru bundan öncə “Casus” (dramaturq Kamal Abdulla, rejissor Anar Babalı) tamaşasından tanıyırdım. Onlar günümüzün reallıqlarına dair zaldakılara sətiraltı mənalarla dolu mesajlar göndərir, səciyyəvi cizgilərə malik obrazlar yaradırdılar. Teatr sənəti bizdə nadir hallarda belə dərinə gedir, belə odla oynayır. “Şəhid bayrağı” tamaşasında isə durum başqadır. Burada əsas olan zalla gizli mesajlaşma deyil, tam əksinə, ata və ana obrazlarının maksimum səmimiyyətlə, açıq-aşkar ekspressivliklə təqdimindədir. Onların öz övladlarına olan sevgisi, qazi olduğu halda, ikinci dəfə könüllü olaraq cəbhəyə yollanan Poladın həyatı üçün keçirdikləri böyük həyəcan, onun ölüm xəbəri gələrkən yaşadıqları ağlasığmaz sarsıntı hər iki aktyorun ifasında zala inandırıcılıqla, reallıq ölçüsünü aşmadan, heç bir bayağı patetika, pafosa yol vermədən çatdırılırdı. Dəhşətli xəbəri eşidən Sevda – Aynur Əhmədova əlindəki sinini qeyri-ixtiyari yerə salır və dili tutulmuş halda döşəməyə çökür, Fərhad – Sücəddin Mirzəyevin anındaca beli bükülürdü. Sücəddin Mirzəyevin qutsal əmanət kimi səliqə ilə qatlanmış bayrağımız da əlində avansenaya çıxması, sonra da şəhid qanı tökülmüş bayrağı bağrına sıxaraq “şükür ki, oğlumuz vətən uğrunda, torpaq uğrunda, xalqımız uğrunda şəhid olub” – deyə tamaşanın əsas ideyasını açıqladığı səhnə emosional təsir gücüylə xüsusi seçilir, tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanırdı. İnanıram ki, o anda təkcə mənim deyil, çoxlarının ürəyindən “bayraqları bayraq yapan üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa, vətəndir” misraları keçirdi.
Tamaşada yer alan Nəzrin (Məleykə Cəfərova), Rafiq (Allahverən Babayev), Teymur (Miraslan Ağayev), Zeynəb (Təranə Fərəcova), Nəbi (Buludxan Buludov), hətta uşaq obrazı Mətinin ifaçısı Zeynal Məmmədzadə belə dramaturji mətnin imkan verdiyi qədər tapşırılan işin öhdəsindən gəlməyə çalışırdılar. Sadəcə, balaca Mətinin stolun üstünə çıxaraq, yumruqlarını düyünləyərək vətənpərvərlik şüarı deməsi bir qədər ifrata varmaq, aşırı patriotizm təsiri bağışladı.
Bütün təqdirə və tənqidəlayiq tərəfləri ilə “Şəhid bayrağı” maraqla, həyəcanla izlənilir, bir saat on dəqiqə çəkən tamaşanın nə vaxt bitməsindən zalın xəbəri olmurdu. Tamaşanın ən ilginc yönlərindən biri o idi ki, şəhidlərin ölməzliyi ideyası burada sadəcə ruhən deyil, cismən də öz təsdiqini tapır, şəhid zənn edilən döyüşçü doğrudan da, sağ-salamat öz ata-anası, ailə-uşağının yanına qayıdırdı. Tamaşada diqqəti çəkən və çox ağrılı məqamlardan biri də Qafar Cəfərlinin zala ötürdüyü bir sıra mesajlarıydı ki, bunların arasında evin tək övladının cəbhəyə aparılmasına etiraz önəmli yer tutur. Doğrudan da, özünün tək övladını itirən ata-ananın həyatı ömürləri boyu bir zindana dönmürmü və bu acını onlara yaşatmağa ixtiyarımız varmı?
“Şəhid bayrağı” tamaşası dramaturq Qafar Cəfərli və başda Teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynova olmaqla, Lənkəran Teatrının vətən, millət və dövlət qarşısında öz borcunu dərk etməsi və bu borcdan irəli gələn mənəvi öhdəlikləri yerinə yetirmək cəhdinin uğurlu ifadəsidir. Məncə, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı bu tamaşa ilə Qafar Cəfərlinin simasında özünün səciyyəvi dramaturqunu tapdı. Onların birgə fəaliyyətinin bundan sonra hələ uzun illər davam edəcəyi və daha uğurlu sonuclar verəcəyinə inanır, hamıya öz işində uca Allahdan başarılar diləyirəm.
Yazıya 8 dəfə baxılıb