Kəndimizdə bir gözəl var – Fatma Aslan yazır…

Kəndimizdə bir gözəl var. Qəlbi gözəlliklər məskəni, bütün dünya gözəlliklərinin vəhdəti,mavi gözləri yalnız gözəlliyi görən,incə ruhu ancaq sevgini duyan, sevginin gücünü vəsf edən bir gözəl.

Böyük sənətkarımız Cəfər Cabbarlı demiş: “Kimdir o?”, “Nədir o?”

Bu bizim ulu Borçalımızın yazar qızı Afaq Azərdir.Bu ad, bu imza artıq oxuculara,xüsusilə gənc oxuculara çoxdan tanışdır.Təzəcə çapdan çıxmış “Mənim tənha gözəlim” romanı ilə də könülləri fəth etdi, özünə geniş oxucu kütləsi qazandı.

Afaq Azər Gürcüstan Respublikası Borçalı mahalının qayım-qədim eli Faxralıda zəhmətkeş bir ailədə dünyaya göz açıb. Onda bədii yaradıcılığa maraq hələ orta məktəbdə oxuyan zamanlardan yaranmışdı.Afaqa dərs deyən müəllimləri, xüsusən də ədəbiyyat müəllimi Sitarə müəllimə ondakı işığı görmüşdü. Amma kimsə bilmirdi ki, bu işıq bir gün bir tonqala, bu qığılcım bir alova çevriləcək. Afaqın inşa yazıları bir istedadın gəlişindən xəbər versə də, onun bir vaxt böyük həcmli romanlar müəllifi olacağını xəyal etmirdilər. Lakin Afaq öz romantik aləmində,xəyal dünyasında özünü bir yazar kimi görürdü,hiss edirdi. Çünki o,özünü hamıdan yaxşı tanıyırdı, potensialına bələd idi.İçində ona rahatlıq verməyən hisslər, duyğular,həyat hadisələri bir gün ağ vərəqlərə töküləcəkdi.

Afaq ali təhsil almağı,ədəbiyyatçı,yaxud jurnalist olmağı çox istəyirdi.Ancaq həyatın zərbələri,taleyin cilvələri arzularını həyata keçirməyə macal vermədi.Fəqət Afaqın mübariz ruhu həyatın zərbələrinə təslim olmadı,dalğalara sipər oldu,axına qarşı getdi.Afaq bilirdi ki, həyat mübarizədir.Bu mübarizədə səbr edən, qətiyyətli, mübariz olanlar qazanır.Allahım bu uca könüllü qızın mükafatını verdi.Çünki Allah ona əl açanları heç vaxt naümid qaytarmır.

Afaqın doğulub boya-başa çatdığı kənd aşıqları,şairləri,söz xiridarları ilə mahalda məşhurdur. Faxralı Borçalı şeirinin atası sayılan Şair Nəbi Faxralının,Əli Səngərlinin,Güllər Pərinin,Güllər İsmayılın,Qara Qəribin,Səkinə Alməmmədlinin,Şair Şabanın,Rəşid Faxralının,Hamlet Kazımoğlunun və s.onlarla şairin,söz ustadının vətənidir.Belə bir ədəbi mühitdə böyüyən şəxsin bu söz çeşməsindən bəhrələnməməsi mümkün deyildi. Bu eldə poeziya mühiti geniş olsa da,nəsrdə qələmini sınayan çox deyildi.Afaq ustadlardan bəhrələnsə də,öyrənsə də tapdanmış cığırla getmədi,özünə yeni iz, yeni yol açdı.Qələmini nəsrdə sınadı.Həm də nəsrin ağır , əhatəli, süjet xətti çoxşaxəli,obrazlar qalereyası zəngin olan roman janrında.

Afaq Azər bədii yaradıcılığa sistemli şəkildə 2015-ci ildə başlayıb.Əvvəlcə əsərlərini sosial şəbəkədə yaymağa başlayıb və oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.2019-cu ildən yazdığı romanlar hissə-hissə “Yurd sevgisi” qəzetində dərc olunub.2022-ci ildən isə hekayələri ” İlin hekayələri” kitabında işıq üzü görüb.

2024-cü il Afaq üçün daha uğurlu, daha yaddaqalan oldu. Bu ilin yayında Bakıda “Elm və təhsil” nəşriyyatı Afaq Azərin “ Mənim tənha gözəlim” adlı romanlar kitabını oxucuların sərəncamına verdi. Kitabda “Mənim tənha gözəlim” və “Mənimsən” romanları yer alıb.Hər iki əsərin əsas ideyası sevginin aliliyi,yenilməzliyi,insanın duyğularının,düşüncələrinin səmtini dəyişdirmə gücü, onu mənəvi cəhətdən saflaşdırması,zənginləşdirməsidir.” Dünyanı sevgi, gözəllik xilas edəcək” ideyası hər iki əsərdən qırmızı xəttlə keçir.Çünki sevgi, elə gözəllikdir. Ruhun,duyğuların,hisslərin gözəlliyi,ülviliyidir. O böyük eşq Kəsra hökmdarı meşşan təbiətli Xosrovu incə ruhlu aşiqə çevirdi,Fərhada Bisütun dağını yardırdı,Qeysi Məcnun etdi,Kərəmi oda yandırdı. Bu eşq qəhrəmanlarının siyahısını istənilən qədər artırmaq mümkündür.Ona görə ki,bu qəhrəmanlar bu gün də var, sabah da olacaq.

“Mənimsən” əsərinin əsas obrazları Sənəm və Azərdir.Onların dünyaya fərqli baxışları,fərqli düşüncələri var.Sənəm üçün əsl gözəllik daxili aləmin gözəlliyidir.Zahiri görkəm o qədər də önəm daşımır.Onun əzmkarlığı,ağlı,səbri,ruhunun,duyğularının zənginliyi Azərin düşüncələrini dəyişdirir,əsl gözəlliyin harada olduğunu ona göstərir, öz həyat yoldaşına yenidən aşiq olur. Təsadüfi deyil ki,əsərin sonunda Sənəmi uşaqlıq,gənclik xəyallarına qovuşdurur.Dünyanın səkkiz möcüzəsindən biri və ən möhtəşəmi olan məhəbbət abidəsi “Tac Mahal”a aparır.Həyatın sınaqlarından keçmiş eşq hekayəsi dünyanın möcüzəsi olan bir məhəbbət abidəsində tamamlanır.

“Mənim tənha gözəlim” romanının əsasında olmuş əhvalatlar,həyat həqiqətləri dayanır.Əsər həyat həqiqətləri ilə yazıçı təxəyyülünün vəhdətindən yaranıb. Əsərin əsas qəhrəmanı Nazəndə sübut edir ki,eşq,sevgi həm də fədəkarlıqdır,sevdiyinin səadəti üçün özünü, öz ambisiyalarını unutmaqdır.Hətta ən həssas nöqtən olan qadınlıq qürurunu arxa plana atmaqdır. Sevən üçün sevdiyi hər şeydən öndə gəlməlidir.

Qəhrəmanın nisgilli taleyi oxucunun ürəyini incitsə də, əsl sevgini,əsl insanlığı,mənəvi zənginliyi oxucuların gözü önündə sərgiləyir.Əsl sevginin nələrə qadir olduğunu bütün əzəməti ilə canlandırır.

Əsərlərin dili sadə,aydın,anlaşıqlı,xalq dilindən gələn ifadələrlə zəngindir.Oxucu hadisələrin axarına düşdümü əsərdən,onun qəhrəmanlarından ayrıla bilmir.Əlbəttə ki,bəzi xırda qüsurları da var.”Eybsiz gözəl olmaz” deyiblər.Bu da yəqin ki,yazıçının ilk qələm təcrübələri olmasından irəli gəlir.

Afaq xanım hələ çox gəncdir.Qarşısında uzun bir həyat yolu var.Həyat təcrübəsi,həyati müşahidələri,içindı ona rahatlıq verməyən duyğuları Afaq xanıma hələ çox əsərlər yazdıracaq,oxucularını sevindirəcək.

 

Yazıya 50 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.