Tələsik halda metroya daxil oldum və nəqliyyat kartımı turniketə yaxınlaşdırdım. Balansımın bitdiyini görüncə pul yükləmə aparatına tərəf getdim. Aparatın qarşısında növbə var idi. Öndə ayaq üstündə güclə dayanan yaşlı bir adam kartına pul qoymağa çalışırdı. Arxadakılar qocanı tələsdirdikcə onun əlləri əsir, edəcəyi əməliyyatı qarışdırırdı. Qocanın arxasında dayanan gənc əsəbi şəkildə dilləndi:
– Tez olun də, gözləyirik, axı…
Onun himinə bəndmiş kimi başqa bir gənc:
– Baba, aparatla məzələnirsən, qurtar də… – deyərək, ucadan güldü. Növbədə dayanan insanlar da səs-küy salmağa başladılar.
– Utanmırsınız? – səsimə dönənlər çaşqın halda gözlərini mənə zillədilər. – Yaşlı adamdır, ona kömək etmək əvəzinə lağa qoyursunuz. Ayıb deyil? Siz də bir gün qocalacaqsınız! Biz belə deyildik. Yaşlıya, özündən böyüyə, qadınlara, uşaqlara hörmət, qayğı var idi. Unutduqmu kimliyimizi? Keçmişini unudanın gələcəyi də olmaz! – hirslə dedim və adamları yararaq qocaya tərəf getdim. Əlindəki kartı alıb aparata yaxınlaşdırdım, cibimdən pul çıxarıb ödəniş etdim. Qoca məsum və həyəcanlı baxışlarla məni izləyirdi.
– Əmi, nəqliyyat agentliyinə müraciət elə, bu yaşda insanlar gediş haqqı ödəməli deyil. Buyurun, bu da sizin kartınız, üstündə kifayət qədər pul var, hara istəsəniz gedə bilərsiniz, – dedim.
Qoca kartı məndən götürərək turniketə tərəf getdi. Başqalarının növbəsinə girməyim deyə kənara çəkildim və sıram çatanda kartıma pul qoyub geri döndüm. Eskalatorun yanındakı adamların arasından bayaqkı məsum gözlərin mənə zilləndiyini hiss etdim, yaxınlaşdım və:
– Əmi, getmədiniz? Bir probleminizmi var? – deyə soruşdum.
– Titrək səslə dedi:
– Bala, ünvan soruşacaqdım, qorxdum ki, yenə də mənə acıqlanarlar, səni gözlədim…
– Əmi, acıqlanmazlar, niyə acıqlansınlar ki? – desəm də, bayaqkı vəziyyəti xatırlayıb sözümü dəyişdim. – Əmi, bəs hara gedəcəkdiniz, söyləyin mən yardımçı olum.
– Üsküdüra gedəcəm, Marmaraya…
– Əmi, Kirazlıdayıq, Marmaray çox uzaqdadır. Bura siz necə gəldiniz? –soruşdum. – Qoca cavab vermədən başını aşağı saldı. – Əmi, burdan Yeniqapıya gedəcəksiniz, sonra sarı çizgiyə keçərək Marmaray qatarına minəcəksiniz, iki dayanacaq sonra Üsküdar Marmarayda düşərsiniz.
Qocanın baxışlarından hiss etdim ki, məni anlamır. Dedim:
– Yaxşı, əmi, mən sizi ora apararam. Qocanın üzünə işıq gəldi, sakitcə yanıma düşdü. Biz platformaya enərək qatara mindik və Üsküdara tərəf yol aldıq. Yolumuz uzaq olduğundan söhbətə başladım:
– Əmi, haralısınız?
– Malatya! – dedi.
– Oo, Malatya bərəkətli yerdir, bağ-bağça, əkin-biçin, var-dövlət…
– Bala, mən uzun müddət məhkəmədə hakim işləmişəm, indi təqaüddəyəm, dedi. – Öz-özümə pıçıldadım: “İlahi, qədərinə şükür! Adam illərlə hökm sahibi olub, bir sözünü iki edən tapılmayıb, insanların taleyini, qədərini həll edib… Bu gün isə uşaq-muşağın lağ yerinə çevrilib… – Bəs sən haralısan, nə işlə məşğulsan, oğlum? – qoca mehribanlıqla soruşdu:
– Ərzurumluyam, əmi, Torpaqqala kəndində böyük bir ailədə doğulmuşam.
Amma əslim-köküm Azərbaycandandır.
– Azərbaycanlısan eləmi? Nə gözəl… – Bir müddət düşünəndən sonra əlavə etdi: – Azərbaycanlılar çox qorxmaz və cəsur olurlar. Amma heyif ki, son dönəmlər bizi yanıltdılar. Torpaqlarında ermənilər oturur…
– Əmi, elə deyil, azərbaycanlılar işğaldakı bütün torpaqlarını azad etdilər, indi o torpaqlarda həqiqi sakinlər yaşayır.
– Oğlum, mən o gün Heydər Əliyevin çıxışını dinlədim, torpaqlarımızı azad edəcəyik deyirdi…
Anladım ki, Qarabağ hadisələri qocanın yaddaşında illər əvvəlki kimi qalıb. Ona görə də son illər Azərbaycanda baş verən hadisələri ona nağıl etdim və cəmi 44 gün ərzində igid, qorxmaz Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqlar barədə qürurla danışdım. Qoca məni dinlədikcə, “Afərin!”, “Afərin!” deyir, şəstlə başını yırğalayırdı.
– Sən Azərbaycana dönəcəksən eləmi? – İçimi titrədən, lakin uzun illərdir əlim çatmayan arzumdan söz etdi qoca.
– Təəssüf ki, yox, əmi, 1965-ci ilin Cümhuriyyət bayramından bu yana Ərzurumdan Samsuna köç etmişik. İşim-gücüm hamısı Samsundadır. Azərbaycana qonaq kimi gedib-gəlirəm… – dedim.
– Eybi yox, bala, ora da bizimdir, bura da. Hamısı türk torpaqlarıdır…
– Bəli, əmi, türk hər yerdə türkdür, bu barədə çox yazmışam. Axı demədim, qələm əhliyəm, jurnal və qəzetlər üçün yazılar yazıram, bədii ədəbiyyatla da məşğulam, şeirlərim müxtəlif yerlərdə dərc edilir. – Söhbəti ona yönəltmək üçün soruşdum: – Əmi, Malatyadan İstanbula nəylə gəldiniz, təyyarə ilə, ya avtobusla?
– Bilmirəm… – qoca sakitcə cavab verdi.
– Əmi, bəs çantalarınız hanı? Yükünüz var idi? – həyəcanla soruşdum. Düşündüm ki, çantalarını hardasa unudub. Sakitcə üzümə baxdı. Onun üzündəki saf, məsum ifadəni görüncə kövrəldim. Sanki üç yaşındakı uşağa çətin bir sual vermişdim, gözlərini döyə-döyə mənə baxırdı. O an anladım ki, qoca demensiya, yəni ağıl itkisi xəstəsidir. Bilirdim ki, belə xəstəliyin ilk əlaməti unutqanlıqdır. Xüsusilə də, yaşlı insanlar arasında tez-tez rast gəlinən demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər. Bu xəstəliyin ən çox rast gəlinəninin alzheimer demensiya olduğunu da bilirdim. – Əmi, Üsküdara hara gedirsiniz indi? – deyə soruşdum.
– Oğlum məni Üsküdar Marmarayda gözləyir! – Gözləri parıldadı, üzünə yayılan sevincdən anladım ki, oğlunu çox sevir. Öz-özümə oğlunu qınamağa başladım, axı, sən necə oğulsan ki, yaşlı və xəstə atanın tək halda yola çıxmasına razı olursan. Qoca isə gümrah səslə övladlarından danışmağa başladı: – Bir oğlum, bir qızım var. İndi oğlumun yanına gedirəm…
– Əmi, telefonunuz hanı, verin oğlunuza zəng edim, bilsin ki, çatırıq.
Qoca eyni sualı mənə verdi:
– Telefonum hanı?
Məsələnin daha da çətin olduğunu hiss etdim.
…Axşam düşmüşdü, Üsküdar Marmaraya çatmışdıq. Qoca saga-sola boylanır, oğlunu axtarırdı. Kimsənin bizə yaxınlaşmadığını görüb soruşdum:
– Əmi, üstünüzdə şəxsiyyət vəsiqəniz varmı?
Əlləri titrəyə-titrəyə cibindəki vəsiqəni çıxardı. Üz ifadəsindən həyəcanlandığı, qorxduğu hiss edilirdi. Dedim:
– Narahat olmayın, əmi, oğlunuz gələcək, gəlməsə, mən sizi evinizə qədər aparacam.
Sonra onun şəxsiyyət vəsiqəsinə baxdım, qoca həqiqətən malatyalı idi və məşhur bir nəsli təmsil edirdi. Uzun müddət prokurorluqda işlədiyindən ailəsini tapmaq elə də çətin olmayacaqdı. Bir dostum Daxili İşlər Nazirliyində işləyirdi. Ona zəng edərək qocanın yaxınlarıyla əlaqə saxlamağını xahiş etdim. Dostum mənə telefon nömrəsi göndərdi, zəng etdim, bir qadın cavab verdi. Dedim:
– Bağışlayın, bu vaxt sizi narahat edirəm… – Sözümü yarıda kəsən qadın həyəcanla soruşdu:
– Atam sizinlədir?
– Bəli, mənimlədir.
– Necədir? Yaxşıdır? Xəbərimiz olmayıb evdən çıxdığından. Telefonu da götürməyib…
– Narahat olmayın, hər şey yaxşıdır…
– Üsküdar Marmaraydasınız? – Mən yerimizi tərif etmədən soruşdu.
– Bəli, burdayıq! – Çaşqınlıqla cavab verdim. Qadın hardan bilirdi ki, biz hardayıq. Soruşmağa macal vermədi:
– Sizə həyat yoldaşımın nömrəsini verim, yoldaşım Üsküdar Marmaraya getdi, yaxınlıqda olar indi, ona zəng edin, xahiş edirəm, – dedi.
Nömrəni alıb, qocanın kürəkəninə zəng etdim. Kürəkən:
– Qardaş, Üsküdar Marmaraydasınız eləmi? Gəlirəm, xahiş edirəm, gözləyin! – dedi və telefonu qapatdı. Öz-özümə deyinməyə başladım: “Yaşlı, üstəlik də xəstə kişini təkbaşına buraxırlar, həm də bilirlər haradadır. Oğlu hanı bəs? Oğula bax də, qoca kişini yanına çağırır. Adam, özün get atanı götür də, xəstəyə necə dedin gəl bura. Yaxşı, dedin, bəs hara yoxa çıxdın?
Birazdan kürəkən bizə yaxınlaşdı və məni bağrına basaraq:
– Allah razı olsun sizdən. Sizə də əziyyət verdik, – dedi.
Mən acığımı boğmağa çalışaraq dedim:
– Siz xəstə adamı küçəyə necə buraxmısınız? Niyə nəzarət etmirsiniz? Bilmirsinizmi, alzheimer xəstələri ilə üç yaşındakı uşaq eyni ağılda olur. Belə adamı nəzarətsiz buraxmaq olar?
– Bilirik, qardaş, üç ildir…
Onun sözünü kəsdim:
– Bəs, xəstə atanı bura çağıran oğul hanı? Heç olmasa, gələrdi, ona da deyərdim sözümü…
– Qardaş, qayınatam üç ildir bu xəstəliklə əlləşir. Qaynım polisdə işləyirdi. Üç il əvvəl terrorla mübarizə əməliyyatında Şəhid oldu. Həmin gün atasına “Ata, Üsküdar Marmarayda səni gözləyirəm” demişdi. Bu üç ildə hər şeyi, bütün keçmişini unudan qayınatam təkcə oğlunu unutmur… Üç ildir evdən qaçıb bura gəlir…
Ayaqlarım sözümə baxmırdı, yıxılmamaq üçün yaxınlıqdakı oturacağa çökdüm…
Sentyabr-2024
“Ədəbiyyat qəzeti”
Yazıya 67 dəfə baxılıb