Tamammı, əfəndim? – İradə Aytel yazır

İBRAHİM İLYASLI İLİ

 

Küllü-aləm bir ola,

Bir anı əylədəmməz.

Vaxt bir Allah görküdü,

Vaxta Salam-Əleyküm!

 

Nə gözəldi söhbətə “Salam-Əleyküm”lə başlamaq. Həm də İbrahim İlyaslının “Salam-əleyküm”ü ilə.

Telefon söhbətimizdən…

– “Başı bəlalım, nejəsiz?”

-Nejə olajam, dərdiş, beləjənə.

-Deyirəm, ay İbrahim İlyaslı, mən sevdiyim şeirlərdən yan keçmirəm, o şerin müəllifindən nəsə yazıram, ama heç sizdən yazmamışam….

-İnanırsanmı, dərdiş, bu savax elə mən də onu fikirrəşirdim ki, Aytel niyə heç mənnən yazmır…”

Bu söhbətimizdən xeyli vaxt keçir… maraqlıdır ki, yazmaq istədiyim adamdan həmişə gec yazıram. Tələsirəm, amma gecikməyə…

***

 

İbrahim İlyaslını mən rəhmətlik Akif Səmədlə eyni zamanda tanımışam. Daha doğrusu, Akif Səmədə ithaf etdiyi şeirlə həm İbrahim müəllimi, həm də Akif Səmədi tanımışam:

 

Mənim xalamoğlu doğru kişiydi,

Yalanlar öldürdü Akif Səmədi.

…Tələbədən rüşvət, əsgərdən rüşvət

Alanlar öldürdü Akif Səmədi!

– elə bu şeirdən sonra Akif Səməd yaradıcılığını oxudum, öyrəndim və İbrahim İlyaslı ilə görüşdüm. Görüşümüz Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunda baş tutdu. Gözəl insan, kitabların məhşur tərtibatçısı, sinəsi sözlə (gözəl sözlə) dolu Ramiz Hümmətin sayəsində baş tutan görüş zamanı mən həm də bildim ki, İbrahim İlyaslı bu poeziya evinin  direktoru vəzifəsində çalışır.

Onu çoxları tanıyır. Ona görə də onun səmimiyyətindən, insaniyyətindən, qonaqpərvərliyindən, humanistliyindən söz açmayacağam, sadəcə, o böyük insanın – İbrahim İlyaslının yaradıcılığından bəhs edəcəyəm. O yaradıcılığından ki, ustadlarından – Yunis Əmrədən, Qurbanidən, Tufarqanlı Abbasdan, Xəstə Qasımdan, Vaqifdən, Vidadidən, Qaracaoğlandan, Aşıq Ələsgərdən, Hüseyn Caviddən, Sabirdən, Hadidən, Səməd Vurğundan, Şəhriyardan, Əli Kərimdən və s. dərs aldı, gələcək nəsillərə dərs oldu. Hamı kimi qat-qat, qalaq-qalaq, rəf-rəf kitablar yazmaqdansa, az-az, lakin bədii və məntiqi (kökünə bağlı və sabaha uğurlu) fikirlər söyləməyi özünə yol seçdi. Və elə ona görə də Yunis Əmrənin ruh davamçısı Akif Səməd “İbrahim İlyaslı barədə “sözdən ötrü başqasından borc istəməyə, başqasına əl açmağa ehtiyacı yoxdu” söylədi, İbrahim İlyaslı yaradıcılığına etibar elədi, güvəndi…

Akif Səməddən, İbrahim İlyaslıdan danışanda rəssam Nevai Metinin də adını çəkmək yerinə düşərdi. Çünki bu üç dostun qəmi-dəmi, yaxşısı-pisi bir ocaqda bişib, bir ocaqdan boy verib. Şairin Nəvai Metinə yazdığı gərayılısında da bu ərk görklənir:

Ay Nəvai, bilirsənmi,

Nədi mənim davam sənnən.

Dost-dostuyla nəfəs alar,

Şəriklidi havam sənnən.

 

“Mən bir dəli rəssamam” şeirində isə

Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən bir dəli rəssamam
.

– deyən şair bəlkə də özünün rəngbərəng, ətirli, səsli, pıçıltılı, kövrək şeirlərini elə rəssam dostu Nevai Metinin tablolarında görür və ömrü boyunca arzularında yollandığı Türkiyəyə ithaf etdiyi şeirinin girişində də rəssamın adını çəkir və onun sayəsində vüsalına erdiyi Türkiyəni belə vəsf edir:

Nə zamandır bu nura, işığa yol gəlirdim,

Bir söz əzizlənirdi ürəyimdə – Türkiyə!

***

 

Qəmlə kədər həm sinonimdi həm də antonim. Əslində hər biri eyni hissdən doğan fikrin feillənməsidi. lakin, çox fərqli şəkildə. Sanki bu iki hal birlikdə Kür çayıdır. O həlim, mülayim, sakit də ola bilər, yaxud, dəli-dolu, ləpəli, daşlı-çınqıllı da. Nəticə etibarı ilə, bir yerə üz tutur, məqsədi o yolu getməkdir. Yəni qəmın ləpiri görünmədən, sakit-sakit ürəkdən gözə (sözə) yol gəlir, kədər isə dalğalı-dalğalı, hissləri yara-yara, arzuları tapdalaya-tapdalaya, ətrafdakıları yandıra-yandıra, ağlada-ağlada, göynədə-göynədə içdən çölə çıxır. Bu bənzəmə və ayrılığı şair aşıq Əli Quliyevə ithaf etdiyi qoşmasında çox lakonik şəkildə anladır:

 

…Dərd yarı olardı dərd ola bilsə,

Biz çəkən nədisə hədərdi, əmi!

Qələmdən axanda qəm yığnağıdı,

Saza qaldıranda kədərdi, əmi!…

 

Və buradan bir nəticəyə də gəlmək olar; İbrahim İlyaslı dərdin kədər yox, elə qəm halındadı. Çəkdiklərini sakit-sakit, məhzun-məhzun, gizlin-gizlin içində çəkir. Çölünə daşmır, sel-tufan olmur. Onun kədərini görmək üçünsə içinə baş vurmaq lazımdı. İçinə baş vuranda isə həm də zamanıyla ayaqlaşammasa da, zamanıyla sözləşməyi, danışmağı bacaran şairin zamanının iç üzünü necə sərrastlıqla açdığını görəcəksən. Görəcəksən ki, əslində xalqın mövcud durumuna, haqsızlığa, qana-qadaya o hamıdan çox yanır, hamıdan çox reaksiya verir:

…Divarların bu üzündə,
Qismətim qübardı mənim.
Hər yan gözəllikdi, Tanrım,
Hər yanım divardı mənim.

***

 

Ona zəng edəndə, görüşəndə “Necəsən” şeirinin misraları ilə sözə başlayıram. Elə yazımı da bu misrayla başladım. Bu şeir İbrahim İlyaslının özünə necə də bənzəyir; səmimi, coşğulu, qəmli, sevgi dolu, gənc… və bu şeirin üzərindən misalla ötüşə bilmədim, şeiri bütöv verirəm:

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər-zibam, ləlim, gövhərim,
Yaqut-Yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Özündən muğat ol barı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?


İncəli olmaq elə şair olmaq deməkdir. İncəli olmaq incə qəlbli, şirin ləhcəli, sazlı-sözlü, bayatılı, qımqımalı olmaq deməkdir. İncə qımqımaları ta nənələrimizin dilindən bu günə qədər yol gəlsə də öz bakirəliyini, orjinallığını itirməyib. İbrahim İlyaslı da o qımqımalara sadiq qalaraq öz qımqımalarını ürəyində cücərdir, misralarında əzizləyir, boyunu sevir:

 

İncədə bir gözəl ağlar,

Qara baxtı – ağ yaylığı,

Ağ umudu qara örpək:

“Mən yarımdan yarımadım,

Səni də heç yarıma çıçık, –

Sarı çiçək, sarıma çıçək.

 

***

İbrahim İlyaslı yaradıcılığa gənc yaşlarından başlayıb. “Hamı bir körpüdən keçir” (1998), “Mən bir söz bilirəm” (2006), “Yuxuma söykənmiş adam” (2011)  kitabların müəllifidir. Mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuş şairin bu il 50 illik yubileyi qeyd edildi. Həmin gün demək olar ki, bütün mediya ondan yazdı, ondan danışdı… Tək mən susdum. Qəribə olan isə bu idi ki, İbrahim müəllimdən söz deməyi həmişə mən istəmişdim. Fikrimi Nevai Metinə söylədim ki, şairi qocalığın gəncliyi münasibəti ilə mən təbrik etmədim axı… Cavabında: “Yubiley ilboyu olur, bu il İbrahim İlyaslı ilidi, yazarsan” dedi. Və mən də təbrikimi payıza saxladım. Bəlkə də baharda dünyaya gələn şairin payıza yolunu elə payızda qutlamaq imiş qismətim. O şairin ki, hər şeiri yarananda urəyində söz közünün yeri qalır:

Səni
Qana-qana
Yazmaq olmur,
Yaza-yaza
Qanmaq.
Sənə yetməyin
Bircə yolu var:
Yanmaq!!!
Yanmaq!!!
Yanmaq!!!

Əsil şairliyin Tanrı vergisi olduğunu deyən şair, şeirlərinin birbaşa İlahi qüvvəylə bağlı olduğunu açıqlayır. Yəni məqsədli şəkildə (qana-qana) şeir yazmazlar, yana-yana yazmaq, şeri qoşmaq yox, şair olmaq lazımdı deyir:

Qələm, dəftər – dörd divar,
Sevinc, qəm, giley-güzar,
Şeir qoşmağa nə var, –
Şair olmaq zülümmüş!

Şeir – sevgidir! Şeir yazmaq sevdiyin insanla sevişmək, can bir qəlb olmaqdır! Necə ki insan sevəndə durulur, darılır, həyata bağlanır, olum və ölüm arzulayır (qısqanclıq, xəyanətlə qarşılanan zaman), tək bir nəfərin timsalında bütün bəşəriyyəti sevir, sevgilisinə can atır, vüsal həsrətiylə qovrulur, hicran oduna yanır şeir də elədir. Yazmayınca qovrulursan, vüsalına çatanda durulursan, kədər içini silkələyəndə şeirlənirsən, ruhunun pıçıltılarını eşidirsən:

Səni görən divanədir,
Bilirəm səndən ötəri.
Göz yaşımla dağı-daşı,,
Dəlirəm səndən ötəri.

Uydurmadım daha nələr,
Qurtarıbdır bəhanələr.
Qonşunuza axşam-səhər,
Gəlirəm səndən ötəri.

İbrahiməm için-çin,
Sızlayıram, gedir köçüm.
Ölmürəm yaşamaq üçün,
ölürəm səndən ötəri.

Və sonda, “İbrahim İlyaslı ili” munasibəti ilə şairi və şeirsevərləri təbrik edirəm,  şair, yana-yana yazdıqlarınız oxucularınıza mayak olsun, yol göstərsin (necə ki mayakdır, yol göstərir!

Vəssəlam!
– Tamammı, əfəndim?
– Tamam, tamam!

 

 

İradə Aytel

 

 

Yazıya 105 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.