Ədəbi yaradıcılıqda təsirlənmə ilə plagiat arasında kiçik bir fərq vadır.
Bu məqamda kimsənin bu şeiri mən birinci yazdım, o biri məndən bəhrələnmişdir kimi çıxış etmək haqqı yox. Əslində hər iki müəllifin qismən istinad etdiyi, bəyəndiyi və təsirləndiyi üçüncü bir ünvan var!
Son günlərdə internet məkanında ucuz şou -polemika yaratmaq cəhdində bulunanlar oldu və müzakirəyə, dartışmaya qurban seçilən imza sahibi, 90-ci illərin görkəmli şairi, dostumuz İbrahim İlyaslı oldu.
Polemika yaradan və müzakirələri alovlayan imza sahibləri İradə Aytel, Qəşəm Nəcafzadə, Musa Ələkbərli və onun qardaşı Bəhlul Ataxallı oldu. Məhz Bəhlul Ataxallı görüntülü video yayaraq, çıxışında müzakirə mövzusu olan “Necəsən” rədifli şeirin ilk yazarı olduğunu, şair İbrahim İlyaslının onun yazdıqlarından bəhrələnərək eyni rədifli şeir yazdığını, bu əməlinə görə onu qınadığında da, söhbət əsnasınga kobud cavab aldığını iddia etdi. Əslində nə baş verdiyini anlamayan , dünyadan xəbərsiz kütlə əyləncə tapmış uşaq kimi tərəflər seçərək savaş görüntüsü yaratdı. Bilən də, bilməyən də İbrahim İlyaslını qınamağa, ondan hesab sormağa və hətta hüquq mühafizə orqanlarına verib, höküm kəsməyə cəsarət etdi.
” Evə ət aldıq, pişik yemiş, hesab soralım. Çəkiyə baxanda şübhəli durum. Tərəzidə pişikdisə, ət hanı? Yox, ətdirsə pişik hanı? ” məsəlini xatırlatdı. Nədənsə ədəbiyyatsevər ziyalı təbəqə İbrahim İlyaslı səbriylə susdu.
Ədəbi mühitdə orijinallıq və etika prinsipləri əsasdır. Bir müəllifin başqasının əsərindən ilham alması, onu yeni bir baxış bucağı ilə işləməsi, fərqli üslubda təqdim etməsi ədəbi praktikada qəbul olunan haldır. Lakin unutmaq lazım deyil ki, ədəbi yaradıcılıqda təsirlənmə ilə plagiat arasında kiçik bir fərq vadır.
- Təsirlənmə zamanı müəllif öz dəst-xəttini qoruyaraq yeni bir baxış sərgiləyər, yeni dəyər qazandlrmlş olar.
- Yazıçı əvvəlki əsərin strukturunu, motivlərini, baxışını və hətta ifadə tərzini dəyişmədən götürürsə, bu, yaradıcılıq deyil, plagiat hesab olunur.
Düzü hadisələrin kor-koranə axışı, xalqın maddi-mənəvi varlığına sahib çıxan bir ziyalıya yönələn bunca haqsız qınaq və İradə Aytelin bəlli həqiqəti gizli tutan şübhəli son bəyanatı məni coşdurdu. Daha təhlükəli hal almasına yol verməmək üçün ədaləti bərpa edib, xalq xəzinəsinə verilən tövhənin həqiqi sahibini tapmaq vəzifəsi, hər kəsin haqqını tanımaq və tanıtmaq missiyası mənim boynuma düşdü. Həqiqət isə hamının əzbər mildiyi, nüəllifini xatırlamağa zorlandığı yaxın tarixdə gizli idi. Bu barədə az sonra…
Bu şeirlər eyni rədifli olsa da fərqli düşüncələrdən qaynaqlanan , fərqli baxış sərgiləyən, hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət gəraylı formasıdır.
“Soran varmı əhvalımı,
Ay müşkül halım, necəsən?
Ay gözümdən daşan qəmim,
Artan məlalım, necəsən? -deyə qeyri məlum ünvana müraciət edən Bəhlul Ataxallı şikayətlənərək , ah-nalə ilə gün keçirən, yorğun bir aşiq təsirı bağışlayır. Eyni zamanda qafiyə sistemi kök qafiyələrdən seçilmədiyi kimi, daxili bölgü mizanı pozulmuş, fikir ardıcıllığı və o qədər də əhəmiyyət kəsb etməyən rabitəsiz misralar ritmin qüsurlu inkişafını təmin etmişdi.
Adətən son bəndin hansısa misrasına aşıq öz təxəllüsünü əlavə edərək fikirini tamamlamış olur. Ona görə də son bənd elə möhürbənd adlanır:
Ağayana ola-ola,
Eşq önündə döndü qula.
Hamıdan doğma Bəhlula,
Hamıdan zalım, necəsən? -deyən müəllifin eposu, narazı və küskün ruhu ilə qarşılaşırıq. Sevgidə inad, kin-küdurət, küsü olmamalı və hər şey təbii axara buraxılaraq çözülməlidir…
Aşıq şeirinin incəliklərini və ustalıqla davranan İbrahim İlyaslı qələmi fərqli baxış sərgiləyir:
“Mənim səndən uzaqlarda
Yamandır halım, necəsən?
Özgəsinə qismət olan,
Cah-cəlalım, necəsən?” -deyə sevdiyi, lakin yetə bilmədiyi xanıma xəfif küsü ilə səslənir. Sanki, onu üzməkdən, incitməkdən qorxarmış kimi. Əvvəlki müəllifdən fərqli olaraq seçilən söz və ifadə xüsusi önəm daşıyır və şairin özləmini daha qabarıq inkişaf etdirir. Möhürbəndin ikinci misrası tam uyuşmasa da, sujet xətti. ritm axıra kimi diri tutulur və uğurla tamamlanır;
“Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?”
Beləcə bu iki şeir və müəllifiər arasında arasında dartışacaq yetərli səbəb yox və hər birinin fərqli dünyalara sahib olduğu göz önündə.
Bu məqamda kimsənin bu şeiri mən birinci yazdım, o biri məndən bəhrələndir kimi çıxış etmək haqqı yox. Əslində hər iki müəllifin qismən istinad etdiyi, bəyəndiyi və təsirləndiyi üçüncü bir ünvan var! O ünvan ki, aradan xeyli zaman keçsə də şeirlərini çoxumuz əzbər bilir, lakin müəllifini xatırlamağa zorlanırıq. Hansı ki, “Necəsən?”rədifli şeirin yaddaşlarda qalan ilkin variantın müəllifi, “Səndən savayı”, “Bir qız bir oğlanındır”, ” Qurban olum”, “”Sənsiz”, “Min yaşasın”, “Axtarır səni” kimi dillər əzbəri olmuş onlarla mahnı yazarı, məhum sənətkarımız Rasim Kərimlidən söhbət gedir:
“Uyub yad sözünə, yaman sözünə,
Məni Qəm oduna salan, necəsən?
Tərlan gəncliyimi güdaza verib,
Solanda qeydimə qalan, necəsən?…” -qoşması dildən dilə düşmüş, yaddan çıxmamışdır. Ruhən aşıq, qəlbən nəğməkar şair, saz, zurna-balaban, qarmon və piano ifaçısı, həqiqi bir pedaqoq idi Raslm Kərimli. Ruhu şad olsun.
Nəhayət həqiqi məllifi tapdığımız üçün, başqa uman və ya küsən qalmadığını düşünürəm. Bir də belə halların təkrarlanmaması üçün orijinallığa önəm verməyi, şəxsiyyət və ləyaqət prinsiplərini pozmadan, istinad etdiyiniz mənbənin də xatirini xoş tutmağı tövsiyyə edirəm. Başqasının haqqına girməyin günah olduğunu bir daha xatırlatmaq istəyirəm.
Yaradıcılıq məharəti şahmatda olduğu kimi, beyinlərin, düşüncələrin yarışıdır. Bacardıqca özünüzə və şəxsi imkanlarınıza güvənməyi, məhsuldar çalışmağı öyrənin. Kəndinizə məxsus sözünüz və mövqeyiniz olsun. Əks halda tükənməkdə olduğunuza inanar, mövzu qıtlığı yaşar, başqalarının təcrübədən yararlanma və karlı çıxmaq çabası sizi yanlışa sürüklər, nəticədə isə qazancınız rəzalət və utanc olar!
Hörmət və ehtiramla AKƏM XAQAN -şair və tənqidçi
Yazıya 117 dəfə baxılıb