Anar – Asqılıqda işləyən qadının söhbəti

anarBizim idarədə, ağrın alım, beş yüzə qədər işçi var. Hərənin
də bir cür, bir fason paltosu var. Mod deyirsiniz, nə deyirsiniz.
Amma, allaha and olsun, hamısını bircə-bircə tanıyıram.
Nömrə-zad olmasa da, heç vədə birinin paltosunu
başqasınınkiynən dəyişik salmaram. Da, ay bala, yeddi ildi
burda işləyirəm, elə olacaq dana.
Hələ, desəm bəlkə inanmayasan, hansı paltonu harda asmağı
da bilirəm. Görürsən, məsəlçün kim ki, kimnən bir səmtdə olur,
onlar elə işə də bir gəlib gedirlər. Odu ki, onların elə paltolarını
da yan-yana asıram. Hə, sözüm onda deyil… Bu əhvalat ki,
danışıram, yəni əhvalat deyəndə, bir əhvalat da yoxdu.
İki-üç il bundan əvvəl, bax, bu yeri ki, görürsən, indi ora
meşin palto asmışam ha, bax, həmişə o nömrəyə iki palto
asırdım. Paltoların rəngi də yadımdadı. Arvad paltosu sarıydı,
özü də çox əntiqə şeydi. Kişi paltosu qaraydı. Özü də köhnə,
nimdaş: qolu-zadı getmişdi.
Mən burda işləyəndən bəri bu iki paltonu bir təhvil almışam,
bir qaytarmışam. Görürsən, ildə-ayda bir dəfə elə düşürdü ki,
işə gəlmirlərdi. Gəlməyəndə ikisi də gəlmirdi. Elə bil
azarlayanda da bir yerdə azarlayırlardı. Bilmirəm də, ay bala,
ər-arvaddılar yainki yar-yoldaş. Hər nəysə, mən ki, o paltoları
bir dəfə də ayrı asmadım.
Hə, bir dənə də şərfləri vardı, belə ağ yun şərflər olur e, kişi
şərfləri. Hə, bax ondan bir dənəsi vardı. Həmişə onu kişi
paltosunun cibində təhvil alardım. Amma soyuq. olanda o şərf
arvad paltosunun üstündə gələrdi.
Mən əvvəl sarı paltonu alıb altdan asardım, ustündən də qara
kişi paltosunu.
Ay keçirdi, il keçirdi, bu paltolar bir gəlirdi ki, bir gəlirdi.
İstəyir işə tez gəlsinlər, istəyir gec, həmişə mən bax bu yeri 112
onlarçün saxlayırdım. Görürsən bəzi günlər heç paltoların
çoxuna yer olmurdu, onlar da heç görürsən, o gün işə
çıxmayıblar. Amma mən bu yeri boş qoyurdum, bilmirəm, ay
bala, nəyə görəsə o yerdən ayrı palto asmağa ürəyim gəlmirdi,
qıymırdım.
Hə, bir dənə də ayrı, mixəyi kişi paltosu vardı. Onu da
həmişə tək asardım. Həmişə paltonu tək verərdi, bilirdim ki,
adama yovuşmazdı. Bu idarədə bir tanışı, bir dostu, aşnası
yoxdu ki, onunla bir yerdə gəlsin ya bir yerdə getsin. Bu
mixəyi palto nədən belə yaxşı yadımda qalıb: bu palto çox
təzəydi, özü də bahalı parçadandı. Amma heç vaxt asqısı
olmazdı. Neçə dəfə demişdim, tikdirmirdi ki, tikdirmirdi.
Axırda bir gün hövsələm çatmadı, götürüb özüm tikdim.
Nə isə, sözüm onda deyil… Günlərin bir günündə səhər
işçilərin paltolarını alırdım. Yaman da basırıq idi, heç fikir
vermirdim nəyi hara asıram. Gücbəlayla çatdırırdım. Aralıq bir
az sakitləşəndən sonra gördüm ki, balam, deyəsən sarı paltonu
həmin o mixəyi paltoynan asmışam. Dedim, hə, yəqin çaş-baş
salmışam. Qaranı mixəyinin yerinə asmışam. Getdim, baxdım,
gördüm yox, qara palto heç yerli-dibli yoxdu.
Səhərisi gün yenə belə, sarıynan mixəyini bir verdilər.
Üç–dörd gün elə belə keçdi, bir gün gördüm, qara paltolu da
gəlib öz paltosunu uzatdı. Tək verdi, mən də ayrı asdım.
Neyləyəydim, a bala, ta bir yerə üç palto asa bilməzdim ki. O
gün də yaxşı yadımdadı, bir az yağış yağmışdı. Yağış yağırdı
deyəndə, heç ağıllı–başlı yağmırdı da, elə balaca çisələyirdi.
Bütün paltolar azacıq islanmışdı, amma qara paltonu elə bil
suya salıb çıxarmışdılar.
Bir müddət keçdi. Bir aya kimi. Bir gün qara paltolu mənə
yanaşdı, qızın paltosunu istədi. Bilirsən, bala, bizdə belə qayda
var: kim ki, hansı nömrəni verir elə həmin paltonu da alır. Lap
istəyir atam oğlu, qardaşım olsun, nömrəsiz ona palto
vermərəm. Həm də ki, özgəsininkini. Amma buna ürəyim
gəlmədi. Qıymadım. Dinməz-söyləməz qızın sarı paltosunu 113
ona uzatdım. Aldı, baxdı, baxdı… Sonra qaytardı. Çıxdı getdi.
Bundan sonra bir də onu görmədim.
18 dekabr 1959

Yazıya 1228 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.