Azərbaycan Yazıçılar Birliyinin (AYB) Tərcümə Mərkəzinin təhvil-təslimi başlandı. Bu barədə mərkəzin yeni rəhbəri Səlim Babullaoğlu Azadlıq radiosuna müsahibəsində bildirib. O qeyd edib ki, Nazirlər Kabinetində tərcümə qurumunun rəhbəri təyin edilən keçmiş direktor Afaq Məsud hələ ki, yeni ofisə köçməsə də, mərkəzin möhür, nizamnamə və s. sənədlərinin təhvil verilməsi ilə bağlı aktlar imzalanmaqdadır.
İllik büdcəsinin 50-55 min manat təşkil etdiyi mərkəzin fəaliyyəti üçün yeni işçilər cəlb olunacaq. Bundan başqa ayrı-ayrı peşəkar tərcüməçilərin xidmətindən də istifadə olunacaq.
S. Babullaoğlu qeyd edib ki, Seyfəddin Hüseynlinin redaktorluğu ilə çap ediləcək “Dünya ədəbiyyatı” jurnalında hər dəfə bir ölkənin ədəbiyyatına daha çox yer ayrılacaq. “Ulu çinar” jurnalında isə hər dəfə bir türk xalqının ədəbiyyatından çevirmələr üstünlük təşkil edəcək: “Çalışacağıq ki, bu işləri görəndə həmin ölkələrdə fəaliyyət göstərən dərgilər, tərcümə mərkəzləri ilə əlaqə quraq ki, onlar da qarşılıqlı olaraq Azərbaycan yazıçılarının əsərlərini çevirib orada çap etsinlər. Yəni fayda ikitərəfli olsun. Artıq Ukrayna ilə belə bir müqaviləmiz var. Bundan başqa ayrıca kitab seriyamız olacaq”.
Mərkəz rəhbəri əlavə edib ki, əsasən yeni tərcümə əsərlərinə yer veriləcək. “Elə əsərlər olacaq ki, Azərbaycanda tanıdılmayıb, ya da dilimizə fraqmentar tərcümə edilib. Məsələn, Norveç ədəbiyyatı antologiyası. İngilis, polyak şeiri antologiyaları. Çalışacağıq ki, çap etdiyimiz müəlliflər ötən əsrin 60-70-ci illərindən sonrakı dövrü təmsil etsin”, – deyə S.Babullaoğlu qeyd edib.
Adalet.az
Yazıya 854 dəfə baxılıb