Bu gün Azərbaycan Uşaq Ədəbiyyatının tanınmış siması, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gəncəbasar Yazıçılar Birliyinin baş məsləhətçisi Aləmzər Əlizadənin doğum günüdür. Bu münasibətlə onu Kultur.az internet dərgisinin əməkdaşları və oxucuları adından təbrik edirik.
Ümidvarıq ki, müəllifin bu hekayəsi həm oxuculara, həm də Aləmzər xanıma ad günü ərməğanı olacaqdır!
(Hekayə)
Dörd il idi ona ayaqqabı almırdılar. Evdəkilər köhnələrini ortalıqda geyib sıradan çıxarmışdılar. Heç ayağına almadığı çəkmələrini isə yeni evlənən oğlunun arvadına verəndə gəlin götürmək istəməmişdi. Ürəyindəkiləri dilinə gətirmişdi:
-Ana, qoy qalsın, ayağa duranda özün geyərsən.
Ana ağlamışdı, gözünün yaşını sel kimi axıtmışdı:
-Təki mən ayağa durum, ay bala, yeriyim, bundan yaxşısını alaram-demişdi.
Gəlin ananın göz yaşlarına dözməyib ayaqqabıları geyib, onu sevindirmişdi.
…Əvvəlki iki gəlinini özü bəyənib seçmişdi. Hər ikisindən razı idi. Yeni gəlin gələn iki bacını ana evdə gördü. Yaman qorxurdu, birdən gəlinlər bəyənməz. Ancaq onlar da xoşuna gəldi, sevindiyindən ağladı.
Geniş ev-eşikdən, həyət-bacadan ananın istifadə elədiyi qoltuqlu yumşaq kürsü, dəmir çarpayı və ortası deşilmiş stuldu. Onun beyninə qan sızandan sol tərəfinin hərəkəti dayanıb.
…Qadın gözünü xəstəxanada açdı. Böyük gəlinini gördü. Dili dolaşa-dolaşa danışdı:
-Qızım, qadan alım, götür apar o çaydanı təmiz-təmiz yaxala, doldur, gətir qaynat, çay dəmlə, kisədən qənddana qənd qoy, ürəyim yanır, çoxlu çay içəcəyəm.
Ağzına qaşıq-qaşıq su tökdülər.
-Belə istəmirəm, iyrənirəm-zəif səslə etiraf elədi xəstə. Başını yox, gözünü o yana-bu yana döndərib otaqdakılara baxdı. Kimsənin tərpənmədiyini görüb qırıq-qırıq dilləndi:
-Niyə…gedib… çaydanı doldurmursunuz? Görmürsünüz çay istəyirəm? Mobil, qadasın alım, parçı… götür… mənə krantdan su gətir. Sən ağıllısan, bunlar deyəsən kar olublar, eşitmirlər.
Mobil orada yox idi. İynə vuruldu, xəstə yatdı.
Oyananda əhvalı yaxşı idi:
-Hardan ağlınıza gəldi məni Tamamın evinə gətirdiniz? Ürəyim Tamamın yarma xaşılını istəyir.
Qadın eltisinin bişirdiyi yarma xaşılını, bəlkə otuz il bundan əvvəl yemişdi. Həkimin buyurduğu yeməyi qaşıq-qaşıq yedirtdilər.
…Onu xəstəxanaya gətirəndə nə həkimlər, nə də tibb bacıları sağalacağını güman etmirdilər. Xəstənin əhvalı tez-tez pisləşdikcə iynənin, dərmanın ardı-arası kəsilmirdi. Oğlanları, qızları, kürəkənləri, gəlinləri ananın başına fırlanırdı. Tibb bacısının biri həsəddənmi, heyrətdənmi tanıdığı, gördüyü adamlara dönə-dönə söyləyirdi:
-Neçə gündü bu xəstəni Əzrayıl bir tərəfə çəkir, balaları bir tərəfə. Görünür bunlar Əzrayıla güc gələcəklər, təki belə olsun.
Xəstə yavaş-yavaş özünə gəlirdi. İlk dəfə biləndə ki, yatdığı yer xəstəxanadır və yanında başqa xəstə yoxdur, həkimləri qarğadı:
-Allah həmişə belə eləsin. Onları xəstəsiz qalsın.
Ana bir qədər duruxdu, gülümsünmək istədi. Ağzının bir tərəfi xəfifcə səyridi, ancaq gülə bilmədi. Elə bil gülməyi yadından çıxarmışdı. Bəlkə də heç gülmək haqqında düşünmədi. Bayaqkı fikrini bir az dərinləşdirdi:
-Deyirəm axı…Həkimlər mənə niyə bu qədər çox iynə vurur, dərman verirlər. sən demə, məndən başqa bunların xəstəsi yox imiş. Olsaydı iynənin, dərmanın yarısını onlara verərdilər.
Ana diqqətli nəzərlərini əvvəl gəlininin, sonra qızının üzündə saxladı. Sanki ananın gözləri yoxlayırdı, dəqiqləşdirirdi görsün danışdıqlarını gəlini, qızı təsdiq eləyirmi? Onların hər ikisi öz növbəsində birdən dilləndi:
-Yox, ay ana, səndən başqa burada bir nəfər də olsun xəstə yoxdur.
Qadın üzünü divara çevirdi. Həkimlər yanındakılara tapşırmışdı xəstəylə mümkün qədər az danışsınlar. Ona görə nə qızı, nə də gəlini ananı yenidən bayaqkı söhbətə çəkmək istəmirdilər. Ana indicə yuxudan ayılmış kimi gözünü açdı, başını bu yana əydi.
-Hə…Nə yaxşı olub-dedi-Qoy elə bu həkimlərin məndən başqa xəstəsi olmasın. Görüb-görəcəkləri də maaş olsun. Gözlərinin kökü saralana kimi bu ayın başından, o biri ayın başına kimi maaş gözləsinlər. Onlar işləməsinlər, amma maaş alsınlar.
Gəlinlə qızı ananın əlini, üzünü yavaş-yavaş sığallayır, onun sözlərini başları ilə təsdiqləyirdilər. Xəstənin gözü yumuldu, yatdı.
Xəstəxanadan çoxdan çıxarılmasına baxmayaraq, ana keçmişin xatirələri ilə yaşayırdı. Ondan ötrü gələcək, sol qolunun, sol ayağının hərəkətini itirən gündən ölmüşdü. Yıxıldığı gündən bərini ömür-gün hesab eləmirdi.
Qadının məhləsində çoxlu zoğal ağacı vardı. Özü demişkən, “sağlığında”, “ölməmişdən əvvəl” hər bir ağacın başına dolanar, balası kimi əzizləyərdi. Bu il ağacların nə sapsarı çiçəklədiyini, nə yamyaşıl yarpaqladığını, nə də qıpqırmızı qızarmış meyvələrini görmüşdü. Nəvəsini yanına çağırdı:
-Qadan alım, get, bir-iki zoğal dər, gətir görüm yetişibmi?
Qırmızı, iri, şirəli, butulka zoğallardan üzünü turşudub yeyə-yeyə gələn qız, ətəyini nənəsinin işləyən, sağ əlinə tərəf tutdu. (Ana xəstələnəndən ürəyi sanki tükdən asılı kimi, hər an kövrəlir, hər an ağlayırdı). Nənəsi uşağın ətəyindən götürdüyü bir ovuc zoğalı ixtiyarsız axan göz yaşlarına sürtdü-sürtdü…
…Qadın xəyalında cavan, gözəl idi. Sırğası, boyunbağısı, üzüyü vardı. O, həmişə kədərlə arzuladığı bu istəyinə asanlıqla nail olmuşdu. Güzgünün qabağında başını sağa-sola çevirir, qaşı qıpqırmızı butulka zoğal sırğalarını yellədirdi. Sonra bir-birinin ardınca düzülmüş zoğal-muncuq boyunbağısını düzəldir, zoğalqaş üzüklü əlini asta-asta oynadırdı.
Nəvəsinin: “Ağlama, nənə”-kəlməsi onu şirin xəyallarından güclə ayırdı. Yaşla islanmış, elə qırmızı işıq saçan, barmaq uzunluğunda zoğalları ana öz ətəyinə tökdü. Onları bir-bir tumarladı, sığalladı, əzizlədi. Əlindəki zoğalla səssizcə danışmağa başladı:
-Ay sənin bərəkətinə qurban olum, dərilməyinə lap az qalıb.
Bu meyvəni qoyub ayrısını götürdü:
-A başına dönüm, sən sussuzluqdan ölürsən axı? Axşam deyərəm uşaqlar səni suvarar.
Ana zoğalları tamam yumşalıb, boşalana kimi barmaqları arasında oynatdı. Əzilib, lalıqlamış meyvələri yenidən nəvəsinə qaytardı. Nəvəsi sevincək onları da ətəyindəkilərin üstünə tökdü, qırmızı şirəyə bulaşmış ağzını büzüşdürə-büzüşdürə yedi.
Qadın işləyən əli ilə işləməyən əlini qucağına-bayaqkı zoğalların yerinə qoydu. Tutqun barmaqlarını açdı, sığalladı, əli ilə əlinə ürəyində layla çaldı:
-Ay qəşəng qız, sən yaxşı qız idin, sən yaxşı əl idin. Sən heç vaxt bu əlimi darda qoymamışdın. Dur, dur, hərəkət elə, bu bacına kömək elə. Görürsən, bu sənsiz heç nə eləyə bilmir. Bax…Bax…Bu səni sığallayır, sən də onu sığalla də…
Ana işləməyən əlini işləyən əlinin üstünə qoymaq istəyir. Xəstə əl daş kimi aşağı meyllənir. O, öz-özünə hirslənir, kədərlənir, ağlayır, gözünün yaşını silir, əlini gizlincə məzəmmətləyir:
-Sən necə də kobudlaşmısan, ay qanmaz, vəhşisən ey…Az qala ümidim, pənahım əlimi vurub qırmışdın. Kömək eləmirsən eləmə, daha dünyanı dağıtmayacaqsan ki? Nədi, niyə belə hirsli-hirsli baxırsan mənə? Səni mən öldürmüşəm? Yox! Hə…Bəlkə işləyən əlimə paxıllıq eləyirsən? Eləmə, ay bacı, eləmə. Paxıllıq pis şeydir. Axı sən ölməmişdən paxıl deyildin! Sən həmişə mənim sözümə baxırdın!
Qadının sol əli çiynini xeyli aşağı əymişdi. O, sağ əli ilə xəstə əlini götürüb dizinin üstünə qoydu. Birdən-birə ona elə gəldi ki, bütün günahlar xəstə əlindədi. O, dizinin üstə xəfifcə titrəyən əlinə tərs-tərs baxdı. Özünü inandırmağa çalışdı, xəstə əli xəcalətindən indicə hərəkətə gələcək. Var gücünü toplayıb barmaqlarını zorla tərpətdi. Əlinin işləməyəcyini bir daha yəqin edib qəlbi qırılan ana qolunu, sıxılıb yumulan barmaqlarını yaşlı gözləriylə danladı:
-Sənin heç insafın yox imiş. Adam da adamı yarı yolda köməksiz qoyardımı? Mən səninlə neyləyim? Sənin ürəyini heç nə yumşalda bilmir. Sən belə deyildin, ay bacı.
O, işləyən əlini işləməyən əlinə yaxınlaşdırır:
-Bax, bu bacına qoşulub balalarımı böyütdünüz. Bircə dəfə dalaşmadınız. Bircə dəfə səsiniz-sovunuz çıxmadı. Bircə dəfə yiyəşmədiniz. Ağır, çətin, hansı işdən yapışdınızsa başa vardınız. İndi niyə belə üzüdönük olubsan, ay bacı?
Qadın ağladı. Göz yaşları xəstə əlinin üstə damcıladı. Hər düşən damcı ilə əlini ovxaladı. Fikirlərini ürəyində götür-qoy elədi, dilinə gətirmədən düşündü:
-Belə deməyimə baxma, ay bacı, səni kəsib atası deyiləm, sən də mənim əzizimsən. Bir vaxtlar siz ikiniz də (xəstə yüngülcə əlini sıxır) biri-birinizə qoşulub ev süpürərdiniz, qab yuyardınız, xörək bişirərdiniz…İndi sən ölübsən deyə bunları yadına sala bilmirsən…Eh…Haradan yadına salacaqsan?
O, daha ağlamırdı. Gözləri uzun-uzadı yol çəkirdi. Çilçıraq, aynabəndin pərdələri, bayırda görünən ağaclar nəzərində qarışıb itəndən sonra başını hər iki əlinə tərəf əyib pıçıldadı:
-Anam əllər, bacım əllər, Məhəmmədlə ikimizin də cavan vaxtımız idi. Uşağımız olmurdu. Yaman darıxırdıq. Ata yox, ana yox, bacı yox, qardaş yox. Əlimiz heç kimə çatmırdı. Bir gün qızımız dünyaya gəldi. Ay anam əllər, bacım əllər, yadınıza gəlir, ilk dəfə uşağı götürəndə necə sevinirdiniz? Onda şadlıqdan necə də titrəyirdiniz…Bir-birinizə macal vermədən ikiniz də birdən qızımı bağrıma basdınız. Balamı necə fərəhlə bələyir, açır, yuyundurur, geyindirirdiniz…
Ananı yenidən qəhər boğdu, göz yaşları qucağına ələndi. Üzünün-gözünün yaşını silmək yadına düşmədi. Dodaqları əsdi, titrədi. Səsini içinə saldı, danışdı:
-Ay anam, bacım əllər, qızım dünyadan köçəndə siz mənim göz yaşlarımı əzabla, ağrıyla silirdiniz.
Tək əliylə dəsmalını qaldırıb gözünü sildi. Gülümsəmək istədi. Sifəti olmazın əzablarını çəkmiş ifadə aldı. Kimsənin ona fikir vermədiyini gördü. Yenə acı, şirin xəyallarına qayıtdı:
-Anam, bacım əllər, sonra qurban olduğum oğlanlarım oldu. Onları da birgə əzizlədiniz, sevələdiniz, böyütdünüz. Qızım yenidən dünyaya gələndə yerə-göyə sığmırdınız. Elə qızlarımın hamısının qadasını alım. Hamısını siz boya-başa çatdırdınız. Yorulmadınız, şikayətlənmədiniz, gileylənmədiniz. Özüm kimsəsiz olduğum halda Məhəmmədə yetimliyini unutdurdunuz. Anam, bacım əllərim…
Qadın yenə əlini əlinə aldı. Bu dəfə ona hirslənmədi. Körpəsi kimi dindirdi:
-Gör necə də daş kimi ağırsan, düşsən uşağın başını-gözünü əzərsən. Yaxşısı budur səni yerinə qoyum. Sən heç nə qanmırsan!
Xəstə əli evdəkilər stulun üstə rahatladı.
…Ana eşitdi, nəvələrindən biri ağır xəstədi. Uşağın vəziyyətinin yaxşı olması barədə xəbər gələnə kimi ağladı, kirimədi. Şad xəbəri eşidib sevinə-sevinə də xeyli ağladı. Üzünü və tək əlini göyə tutdu:
-Şükür, ay Allah, şükür. Dilim-ağzım qurusun, uşağa bir şey olsaydı mən neyləyərdim? Özümü necə öldürərdim?
Evdəkilər onu sakitləşdirdi. Ana qəmli-qəmli bir nöqtəyə baxdı, baxdı… Sağ ayağı ilə hələ tam açılmayan xəstə ayağını yerindəcə irəli-geri hərəkət elətdirməyə başladı. Yorulanda dayandı. Dərindən “ah” çəkdi, köksünü ötürdü, əliynən elədiyi ürək söhbətini yadına saldı. Onda hirslənib, qınayıb, məzəmmətləmişdi. Nədənsə, ayağına bircə kəlmə qınaqlı söz deyə bilmədi. Üzünü gəlininə tərəf tutdu:
-Eh, ay qızım, gör nə zülmdəyəm, heç ayağa durub özümü öldürməyə də gücüm çatmır.
Gəlini ona təsəlli verdi:
-İraq canınnan, ay ana, nə olub ey, uşaqdır, xəstələnər də, sağalar da.
Gəlin işinin dalınca getdi.
Belə təsəllilər ananın beyninə batmırdı. O, əlini açıq pəncərəyə tərəf uzatdı və tez də yanına saldı. Bu gün yeriyə bilmədiyi üçün ürəyi dolmuşdu. Elə bayaq da uçan quşlara görə əlini pəncərəyə tərəf uzatmışdı. Onlara deyəcəyi sözü vardı. Onlardan imdad istəyəcəkdi. Bundan başqa ananın heç nəyə gümanı gəlmirdi. Az qala ürəyi hövl eləyib çatlayacaqdı. Gözünü pəncərədən çölə zillədi. İki quşun budaqdan-budağa uçduğunu gördü. Onlara həsəd çəkdi, paxıllıq etdi. Ancaq fikrini tez dəyişdi:
-Yox! Sizə paxıllığım tutmur. Heç kimin, heç nəyin mənim kimi olmasını arzulamaram. Ancaq, ey uçan quşlar, insafınız olsun, hərəkətinizdən bir az mənə verin, yeriyim.
Qadın bu sözləri elə pıçıldadı ki, nə quşlar, nə də evdəkilər eşitdi. O, xəstə ayağını şappıldatdı, ovxaladı. Yorulanda dayandı. Gözlərini yumdu. Səssizcə yalvardı:
-Ay pişiklər, ay itlər, ay Allahın sevimli məxluqları, cəld yerişinizdən bir damcı mənə verin, yeriyim. A uçuşan arılar, kəpənəklər, a qaçışan cür-cücülər, qarışqalar, uçuşunuzdan, qaçışınızdan mənə verin, yeriyim. Verə bilmirsiniz? Verə bilməzsiniz axı…
Beləcə, gözləri yumulu xeyli dayandı. Yeddiaylıq oğul nəvəsinin qığıltısını dinlədi.
Gəlin güman elədi ki, qayınanası yatıb, yavaşca qoluna toxundu:
-Dur, yerinə aparım, ana. Deyəsən, yuxun gəlir.
Onun yatmağa meyli yox idi. Dedi:
-Fikir vermə, a bala, gözümü elə-belə yumuram. Gündüz yuxumu alanda səhəri diri açıram. Sən gətir o qadasın aldığımı qucağıma qoy. Gəlin oğlunu onun qucağına qoydu. O da nəvəsini sevələdi:
-Başına dönüm, öz-özünə nə qığıldanırsan, nə danışırsan, nə söyləyirsən? Sən hələ yeriyə bilmirsən. Allah qoysa bir neçə aydan sonra yeriyəcəksən. Mən isə uşaq deyiləm, gözləyim görüm nə vaxt yeriyəcəyəm. Qızım, uşağı tut üzündən öpüm.
Öpdü:
-Səni verənə şükür!-dedi.
Gəlin oğlunu öz qucağına aldı. Ana ayaqlarını baxdı, dönüb uşağın ayaqlarına baxdı. Gəlinindən soruşdu:
-A bala, uşağa ayaqqabı alıbsınızmı? Allah qoysa, bu gün-sabah yeriyəcək.
Gəlin sevincək dilləndi:
-Var, ana, papışı da var, çəkməsi də. İkisini də pay gətiriblər.
Ana fikrə getdi. Nəyisə düşündü, nəyisə yadına saldı. Elə bil yanında adam yox idi. Elə bil özü-özünə danışdı:
-İlk dəfə yeriyən uşağın rüsxət günü var. Rüsxət verilməsə o uşaq yeriyə bilməz. Balamın rüsxət gününə az qalıb. Mənə də bir dəfə rüsxət verilib, yerimişəm. İndi uşaq deyiləm ki, rüsxət günümü gözləyim.
Bu sözlərin qabağında heç kim heç nə deyə bilməz.
Yazıya 890 dəfə baxılıb