Daxili qərar verilib. Mən yazıçı İsmayıl Qarayevlə bağlı yaddaşımda qalanları zədələmədən kağıza köçürməliyəm. Qədərincə nikbin deyiləm. Bilirəm ki, İsmayıl haqqında söyləyəcəyim xatirələr lazımınca şirin dadmayacaqdır. Bunun səbəbkarı qələm dostum və qayğıkeşim İsmayıl Qarayevin yazıçı taleyidir. Acı da olsa, o sənətkar xoşbəxtdir ki, onun tərcümeyi-halından başqa taleyi də var.
Ana həm də sənətkar üçün mövzuya çevrilən, ona halal şöhrət gətirən bir varlıqdır. Çoxları ədəbiyyatda, söz sənətində yerini bu mövzu ilə müəyyənləşdirib. Bu mənada İsmayıl Qarayev də seçilmədi. Ədəbi ictimaiyyət onu bir yazıçı olaraq “O və mənim anam” hekayəsilə qəbul etdi. Sonradan gələn “Dəniz və dənizçi zarafatları”, “Ömür”, “Gecə keçir” və başqa maraqlı roman, povest və hekayələrilə mövqeyini daha da möhkəmləndirdi.
İsmayılla təsadüf nəticəsində başlayan münasibətlərimiz sonralar gerçəkliyə çevrildi. Elə bir gerçəkliyə ki, onunla hesablaşmamaq mümkün deyildi. 60-cı illərdə o, “Gənclik” nəşriyyatında böyük redaktor işləyirdi. Tale elə gətirdi ki, tanımadığım bu maraqlı qələm sahibi ardıcıl olaraq mənim dörd kitabımın (“İşıq”, “Yaralı mərmər”, “Ucalan dağlar” və “Rast”) redaktoru oldu.
Oturuşmuş vaxtımın baxışı ilə İsmayıl qələminin qüdrətinə, xasiyyətinin özəlliyinə qiymət verəndə heyrətlənirəm. O, heç kimin ömrünü və qələmini təkrar eləməyən bir sənətkar idi. Məsləhətçisi, bələdçisi və yol göstərəni ancaq və ancaq inandığı vicdanı idi. Bu vicdan bəzən yanlış mövqedən çıxış edirdi. Bununla belə, o, bütün hallarda İsmayıl Qarayevi təmsil edirdi.
O dövrdə – Sovetlər dönəmində ədəbiyyat sahələrə bölünürdü: kənd ədəbiyyatı və şəhər ədəbiyyatı. İndi onu şərti olaraq qəbul etsək də, heç kimin ağlına gəlmirdi ki, adı hallananlardan savayı bir dəniz ədəbiyyatı da var. Azərbaycan ədəbiyyatında İsmayıl Qarayevə qədər bu sahədən nümunə çəkiləcək əsərlərə təsadüf olunur.
Məsələn, Mehdi Hüseynin “Abşeon” və Manaf Süleymanovun “Yerin sirri” romanları. Görəsən, bu nümunələrə dəniz ədəbiyyatı demək olardımı? Əslində, yox. Çünki Sovet ideologiyasının umacağına cavab verən belə əsərlər ancaq və ancaq neft istehsalını təmsil edən buruq ədəbiyyatı hesab edilə bilərdi. Dəniz söz və rəng mənbəyi kimi dünyaya Jül Vern (“80000 km su altı ilə”), Ernest Heminquey (“Qoca və dəniz”), Çingiz Aytmatov (“Dəniz kənarı ilə qaçan Alabaş”) və Ayvazovski kimi dahi sənətkarlar bəxş etmişdir. Məncə, İsmayıl Qarayevin “Dəniz və dənizçi zarafatları” romanı zamanına və məkanına görə bu sahənin gerçək ilkinidir.
Dostlarının ərklə “Qara İsmayıl” (rənginə görə) dedikləri bu maraqlı yazıçı Goranboy rayonunun Tapqaraqoyunlu kəndində doğulmuş, Gəncədə texnikum səviyyəsində tibb təhsili almış, Bakıda əvvəlcə Xəzər dənizində, sonra isə “Gənclik” nəşriyyatında işləmişdir. Universitetə daxil olsa da, ali təhsil almağa həvəs göstərməmişdi. Əvəzində ictimai və sosial münasibətlərin cəmləşdiyi həyat onu sənətkar qələmilə mükafatlandıraraq qarşısına çətin vəzifə qoymuşdu: “Məni bütün gerçəkliyimlə yaz.
Bax, onda səndən razı qalacağam”. Beləliklə, İsmayıl Qarayev Maksim Qorki yolu seçdi. Güzəştsiz həyat onun universitetinə çevrildi. Və hansı siyasi quruluşa məxsusluğundan, harada yaşamasından asılı olmayaraq vicdanının mövqeyində dayandı. Bəzən sevilən, bəzən lənətlənən gerçəyi, həqiqəti, ədaləti yazmağı özünün amalına layiq bildi. 50-yədək kitabının hansını oxusanız, heç vaxt dəyişməyən, büdrəməyən bu ədəbi meyarın şahidi olacaqsınız.
Fitrətən istedadlı olan bu yazıçının ədəbi materialı tükənməziydi. İsmayıl cəmiyyətin müxtəlif təbəqələrinin fərqli və uyğun münasibətlər şəbəkəsində özünü rahat hiss edirdi. Bəlkə də belə bir çarpazlığa özü can atırdı. O, quruda və dənizdə, həbsdə və azadlıqda yaşayan, işləyən insanların əhatəsindəydi. Qismətinə düşən, alın yazısına çevrilən bu həyat tərzi, bol-bol müşahidələr onun yaradıcı qələmini aramsız qidalandırırdı.
Müşahidəni gərəkli sözə çevirmək yazıçının xoşbəxtliyidir. O, bəzən bir cümlə ilə lazım olan zaman kəsiyinin necəliyini səiciyyələndirmək ustalığına malikiydi. Bir dəfə Gəncənin Böyük Vətən müharibəsi – çətinliklər dövrünü mənə belə anlatdı: “Şər qarışar-qarışmaz qışın günündə şəhərdə hamı başıaçıq gəzirdi – papaqlarının oğurlanmasından qorxurdular”.
İsmayıl yazıçının əsas silahı olan dil faktoruna böyük əhəmiyyət verirdi. Ona görə də təhkiyə, təsvir və dialoqlarını canlı, şəhdli-şirəli Azərbaycan dilinin bütün çalarları ilə süsləndirirdi. Vəziyyətə görə gah poetik, gah ciddi, gah da yumorlu çalar önə çəkilirdi. Onun sənətkarlığı barədə çox söz demək olar. Ancaq xatirə janrı məni öz hüdudları ilə hesablaşmağa çağırır.
İlk kitabım “İşıq”ın redaktorluğu ona tapşırılmışdı. O vaxtacan mən yazıçı İsmayıl Qarayevi şəxsən tanımırdım. Elə birinci görüşdən isti, qayğıkeş, təmənnasız münasibətini hiss etdim. Özünün ifadəsilə desəm, “maldili” kitabıma toplanan hekayələrim, görünür, xoşuna gəlmişdi. Onu da duydum ki, redaktorum aşağı təbəqənin adamlarına meyillidir. Bu doğmalıq, bu ortaq baxış bizi bir-birimizə bağladı. Yaxınlaşma təbii nəticə olaraq çox sürətlə dostluğa çevrildi. Bununla da, “Gənclik” nəşriyyatında plana düşmək təlaşından xilas oldum. 1967-ci ildən başlayaraq ilaşırı çıxan dörd kitabım onun redaktorluğu ilə ərsəyə gəldi.
Bütün nəşriyyat işçiləri, xüsusilə direktor Əzizə Əhmədova onu kamil kitab redaktoru hesab edirdi. Başdansovdu iş görmək, vaxtını havaya sovurmaq onun kitabına yazılmamışdı. İsmayılın tələbkar redaktəsindən sığortalanan müəllifi tanımırdım. O, nüfuz altında əzilən adamlardan deyildi. Mövqeyini, qürurunu qoruyanıydı.
Özünü Azərbaycanın Balzakı hesab edən Süleyman Rəhimovun yazılarını əli titrəmədən gərəyinə bol-bol ixtisar etdiyinin şahidi olmuşam. Heç də hamı ondan razı qalmırdı. Müəlliflərin özünü doğrultmayan xahişlərinə məhəl qoymazdı. (Belə bir xahişlə mən də müraciət etmişdim. Ancaq sözüm tutulmadı). Onun bəzi redaktələrinə baxanda adamı qorxu hissi bürüyürdü. “Bu nədir?” sorğusuna iki cür cavab verirdi. Ya “kotanlayıram”, ya da “mürəkkəbdə çimizdirirəm” deyirdi. Sonra vahiməni sovuşdururdu: “Mən müəlliflərimin ancaq gərəksiz olan dırnaqlarını tuturam, ətlərini kəsmirəm”.
Bir dəfə adını çəkmək istəmədiyim tanınmış bir yazıçının əsərindən bir parçanı və bu parçayla bağlı atmacalı qeydini mənə oxudu. Əsərdə bir cehiz sandığı və onun üstünə qoyulmuş çıraq təsvir olunurdu. Sonra özünü unudan müəllif yazırdı ki, qəhrəmanı sandığın qapağını açıb oradan nələrisə çıxardı. Gözündən tük yayındırıla bilməyən redaktor İ.Qarayevin müəllifə ünvanlanan atmacalı qeydi beləydi: “Bəs lampa qırılmadı?”. Mən çoxsaylı nümunələrdən ancaq bir-ikisini xatırlatdım. Bax, İsmayıl belə incəliklərə varan, uyğunsuzluqları qaydasına qoyan redaktor idi. Nəticə etibarı ilə ondan narazı qalanlar da udurdular.
İsmayıl gələcəyini gördüyü istedadlı, arxasız və imkansız yazarlara kömək əli uzatmağı özünün vicdani işi hesab edir, belə hallardan daxili bir həzz duyurdu. Onun xeyirxahlığının bəhrəsini çox görmüşəm. Yeri gəldikcə, sifariş gözləmədən bu barədə minnətdarlıqdolu sözlərimi də demişəm. Onların sayı çoxdur. Bu çoxluqdan birini nümunə gətirmək istəyirəm. İndi tanış olacağınız parça “Əlim çatan, ünüm yetən sənətçilər” (“Gəncə” nəşriyyatı, 2002) kitabımdandır. Yazı 1992-ci ildə qələmə alınmışdır.
“Bir çoxları kimi, mənim də ədəbi doğum evim “Gənclik” nəşriyyatının qismətinə düşüb. 8 kitabımdan 5-ni bu nəşriyyat buraxmışdır. Mən onun adi işçisindən tutmuş direktoruna qədər ancaq və ancaq qayğı görmüşəm.
Ağlıma gəlməyənlər başıma gəlirdi. Belə yerdə deyiblər: “Dağıl, a dünya!”. Yarpaq boyda kitabın həsrətində olan Qərib Mehdi nəşriyyatın sevimli müəllifinə çevrilmişdi. İlaşırı kitabım plana düşürdü. Bu xoş yaradıcılıq ovqatının yaranmasında mərhum yazıçımız, dörd kitabıma redaktorluq etmiş İsmayıl Qarayev əhəmiyyətli rol oynayırdı. Mal müştərinin tərifindən sonra daha çox qiymətə minir. O dövrdə “İşıq”, “Qərib, hey!..” kimi hekayələrim səsə düşmüşdü. Azsaylı xeyirxah təbliğatçılarım da mənim istedadıma maraq oyatmaqda az iş görmürdülər.
Yenicə çapdan çıxan “Rast” povestim də bu səslərə qoşuldu. Bu olaylar 1974-cü ilə məxsusdur.
Sən demə, İ.Qarayev hələ redaktə vaxtı “Rast”dan ayrı-ayrı parçaları yoldaşlarına, o cümlədən nəşriyyatın direktoru Əzizə Əhmədovaya oxuyurmuş. Xoşbəxtlikdən onda da maraq doğurmuşammış. Əzizə xanım redaktoruma bildirir ki, mənimlə şəxsən tanış olmaq arzusundadır.
Bakıya getmişdim. Adətim üzrə birinci, dostum və redaktorum İsmayıl Qarayevlə görüşməliydim. “Doğulduğum” ev – “Gənclik” nəşriyyatı bu dəfə məni həmişəkindən xoş qarşıladı. İsmayıl müəllim hal-əhval tutmağa imkan vermədi, məni tələsdirdi:
– Tez ol, Əzizə xanımın yanına gedəcəyik!
Mən özümü itirdim. Təlaş içində geri dartındım:
– Xeyir ola?
– Səninlə tanış olmaq istəyir.
Həyəcanım daha da artdı. Fikir məni götürdü: “Görəsən, nə baş vermişdir? Mənim direktorla nə işim var? Yəqin ki, bir xətaya yol vermişəm”. Ani vaxtda başqa cür fikirləşə bilmirdim. Adətən, aşağılar yuxarıların diqqətini xətaya yol verəndə cəlb edirlər. Daxili sorğularıma aşkar cavab almaq üçün vaxt yox idi. İsmayıl müəllimin təkidilə içəri keçdik. O, gülə-gülə məni direktoruna təqdim etdi:
– “Qaçaq Kərəmi”, axır ki, tapmışam. Sözünüzü deyə bilərsiniz.
Maraqla təlaş arasında qalmışdım. Özümü ələ almağa çalışdım. Yuxarı başda oturan Əzizə xanım mənim kimi təcrübəsiz, sülh niyyətli adamı birdən-birə üç silahla – zəhmli inzibatçılığı, sehrli yazıçılığı və ilahi gözəlliyi ilə qarşıladı. Yəqin ki, stolun üstündə kağız-kuğuz, telefon aparatları, qələmdanlar vardı. Bunlar o qədər də yadımda qalmayıb. Yadımda qalan odur ki, direktorun qarşısında gümüş qulplucaya salınmış pürrəngi isti çay buğlanırdı. Əzizə xanım qayğılı bir görkəmlə, işıqlı bir təbəssümlə əyalətdən gələn yöndəmsiz geyimli gənc yazıçını – məni süzdü:
– Deməli, Qərib sənsənmiş… Nə yaxşı oldu görüşdük. Xoş gəlmisən, – gözləmədiyim halda birdən-birə əlini mənə doğru uzatdı. Bu diqqətdən, nəzakətdən özümü itirdim. Hazır olmadığım vəziyyətin icrasına qoşuldum. Əlimi qarşı tərəfə uzatmaqla qaynar çayın dağılması bir oldu. Ay aman! Bu nə hərəkət idi, mən törətdim?! Xəcalətimdən pul kimi qızarmışdım. Nə edəcəyimi bilmirdim. Heç üzrxahlıq da eləmədim. Mən kobud adam deyildim. Sadəcə, ya sözlər qəhətə çıxmışdı, ya da dilim bəndə düşmüşdü. Üst-başını batırdığıma baxmayaraq, Əzizə xanım heç də pərt olmamışdı. Əksinə, elə bil ki, bu gözlənilməz, xoşagəlməz hadisədən daxili bir zövq alırdı. O bu dəfə təsəlli “əlini” uzadıb məni düşdüyüm çətinlikdən, gərginlikdən xilas etdi. Və həm də sözlərinin səmimiyyətinə bizi də inandırdı: – İsmayıl, yazıçı belə olar də Yoxsa ki, Bakının bəzi yazıçıları kimi…
– Deyəsən, elə bundan ötrü Qəribi çəkib gətirmişdik. Yanmadınız ki? Əsas məsələ budur, – deyə İsmayıl müəllim qayğıkeşliklə dilləndi.
– Yox, yox! – deyə Əzizə xanım incik bir etirazla bu söhbəti tamam kənarlaşdırdı və yenidən yarıciddi, yarıqayğılı bir görkəm alıb əvvəldən gəldiyi qənaəti çözələdi. – Qərib, biz yorulanda İsmayıl dərmanımızı yaxşı bilir, dərhal “Rast”dan parçalar oxuyur. O gün dəniz nəğməsinə heyranlıqla qulaq asdıq. Qəribədir, dənizin qonşusu biz ola-ola, onu sən bizdən daha canlı təsvir etmisən. Sənin gözəl gələcəyin var. İsmayılın yanında deyirəm: yazmaq səndən, çap eləmək bizdən. Səni görmək arzusu – bu sözləri demək istəyimdən doğub.
Qollarım qanad olmuşdu. Yerdə – ədəbiyyat, sənət yollarında yanan yaşıl işıqlar olmasaydı, güman ki, göylərə uçacaqdım. Lakin bu xoşbəxtlik uzun çəkmədi. Hansı səbəbdənsə Əzizə xanımla xətrini çox istədiyi İsmayıl Qarayevin münasibətləri kəskin surətdə soyudu. Hətta dost olduğum redaktorum nəşriyyatdan gedəsi oldu. Direktor bizim dostluğumuzdan xəbərdar idi. Bu soyuqluğun sədəməsi nəticə etibarı ilə mənə də dəydi”.
Daha bir misal. Bu dəfə yığcam dil ilə. İsmayıl nəinki mənə qayğı göstərirdi, o cümlədən, xahişində bulunduğum qələm dostlarıma da işığını əsirgəmirdi. Görkəmli şair Bahadur Fərmanın ilk kitabı bu üsulla oxuculara çatdırıldı. Əlyazmalar qovluğu verib əvəzində əziyyətsiz kitab qəbul etmək nə bəxtəvərlikdir! Təmənnasızlığı bir yana, sonda kitabın çıxması münasibətilə İsmayıl Bahadurla mənə kasıbyana bir banket – sosiska qonaqlığı da verdi.
İsmayıl Qarayev harada doğulduğunu, haradan ucaldığını, doğma el-obasını, onlara övladlıq borcunu heç vaxt yadından çıxarmırdı. Naftalandan kəndlərinə qədər uzanan 5-6 km-lik yol olduqca bərbad haldaydı. Mən bir qonaq kimi bu yolu gedib-gəldikcə çox əziyyət çəkirdim. Gör istifadəsinə hər gün möhtac olan kənd əhli nələr çəkirdi… Təşəbbüsdə bulunanlar olsa da, səsləri eşidilmirdi. Bu işin həlli üçün nüfuzlu ziyalı sözünə ehtiyac duyulurdu. İsmayıl özünü kənarda saxlaya bilməzdi. O, çox çalışdı, aşağı-yuxarı çox əl atdı, ağız açdı, axırda sözükeçər yazıçı Süleyman Rəhimovu bu işə qoşa bildi. Narahat yol düzəldi. Xalqın canı rahatlıq tapdı. Nəqliyyat vasitələrinin təmiri uzandı. İsmayıl yazıçıya həm təşəkkür, həm də onu gələcək xeyirxah işlərə ruhlandırmaq məqsədilə demişdi:
– Bizim camaat – tapqaraqoyunlular sizə minnətdarlıq əlaməti olaraq bu yola Süleyman yolu deyirlər!..
Redaktorumla aramızda yaranan münasibətlərdə eyniyyət çoxluğu məni başqa fikrə salmışdı, onunla qohumlaşmaq istəyirdim. Günlərin birində niyyətimi açdım. O, xeyli fikrə getdi. Nə barədə düşündüyünü hiss etdim. Yəqin ehtiyatlanırdı ki, münasibətlərin şaxələnməsi məni sui-istifdəyə aparır. Cavabını eşitdikdə şübhələrim doğruldu. O, ciddi məsələni yumorun dililə ortalığa qoydu:
– Etiraz etmirəm. Ancaq onu bil ki, bizi dostluq çatısı saxlamasa, qohumluq çatısı saxlayan deyil.
O, qələm işinin qara fəhləsiydi və əlçatmaz sandığı bu ucalığı zahirən cazibəli görünən heç nəyə dəyişməzdi. Çoxları üçün qəribə xasiyyət yiyəsiydi. Sahibi olduğu məqamdan nə vəzifə, nə də şöhrət üçün istifadə edərdi. Belə imkanı və imtiyazıyla ona ikinci oxşar tapmaq çətiniydi. Bəs qələmə sarılmaqda onun məqsədi nə idi? İsmayıl məqsəddən çox, varlığını ifadə eləyən ehtiyaca qulluq göstərirdi. Bəli, bədii sözün vasitəsilə həyatı yazmaq onun doyumsuz ehtiyacıydı. Yazısız günü olmayan bu qələm sahibi yalnız və yalnız mənəvi ehtiyacını ödəmək üçün qələm çalırdı. Yenə misalları köməyə çağıracağam.
Şöhrətdən qaçaq olduğunu bildik. Heç olmasa onu ayağına gətirtməyi belə təsəvvür etmirdi. Universitetdə oxuduğu halda təhsilini başına buraxmışdı. Halbuki, müəllimlərin çoxusu onun müəllifiydi. Kitablarının sayı kifayət qədər olmasına baxmayaraq, Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunmasına baş qoşmurdu. Üzvlük məsələsi onun üçün su içimi kimi asan bir işiydi. Əgər təşəbbüsdə bulunsaydı, kitablarına redaktor olmuş Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Əli Vəliyevin ötəri bir işarəsi bəs edəcəkdi. Neçə dəfə mən də bu məsələ ilə maraqlanmışdım. Cavabı düşündürücüydü:
– Üzvlüyə çalışmaqdansa, yaxşı yazmağa çalışmaq lazımdır.
O, xətrini çox istədiyi, istedadına inandığı gəncləri də şöhrət xəstəliyindən çəkindirməyə çalışırdı. Elə mənə də eyni prizmadan yanaşırdı. Üç kitabımdan heç birində şəklim verilməmişdi. Bəlkə, dördüncüdə… Ona inanmaqla bərabər, həm də çox istəyirdim ki, heç olmasa, bir kitabım müəllif şəkliylə birlikdə dərc edilsin. Bir gün bu amacla dostumun qarşısında bənövşəboyun oldum:
– Ustad, “Rast”da şəklimi versən, yaxşı olar…
O, yenə yumor silahını işə saldı:
– Göyçək oğlansan, qızlar şəklinə baxıb hayıl-mayıl olar, kitabını oxumağı unudarlar. Şəkil ucuz uğurdur, əsas əsərdir.
Avtoqrafla kitab bağışlamaq həmişə sənətkara xoş olmuşdur. Qarşı tərəfə ondan daha xoş. O üsulla bağışlanan kitabları çoxları əldə etməyə can atırlar. Qəbul olunmuş bir hal kimi müəlliflərin əksəriyyəti kitab bağışlanan haqqında, layiq oldu-olmadı, gurultulu sözlər yazırlar. Özünə hörmət qoyan çox az sənətkar qələminin tamahına tət dedirtməyi bacarır. Onlardan biri də İsmayıl Qarayev idi. Mən onun yaxınlarına yazdığı avtoqraflarda “Qaqaş, səni maç eləyirəm” sözlərindən savayı bir şey oxumadım.
Hamı kimi İsmayılın da ədəbi baxışlarında, zövqündə müəyyən ziddiyyətlər vardı. Hiyləgərliyə, ikiüzlülüyə qapı açmazdı. Xasiyyətinin astarı olmadığından mövqeyini birbaşa ortalığa qoyurdu. Bu da istər-istəməz incikliyə gətirib çıxarırdı. Mən bunları deməyə də bilərdim. Onda yaxından tanıdığım qələm dostumun çalarlı xarakteri, ədəbi portreti bütövlüyündən xali olardı. Bir də ki, onun gizlətmədiyini mən niyə görə qələmardına vurmalıyam? Keçən əsrin 60-70-ci illərində imzalarını təsdiq etdirmiş, gerçək ədəbiyyatın ayağa durmasında faydalı xidmətləri olmuş yazıçılardan Anara, Məmməd Araza və Altay Məmmədova İsmayılın münasibəti birmənalı deyildi. Əlbəttə, bu barədə bizim fikirlərimiz haçalanırdı.
İsmayıl arzulanan tərəfdaşıydı. Onunla bir yerdə olanlar darıxmır, gözlənilməz atmacalarından, duzlu-məzəli söhbətlərindən nəşələnirdilər. Nəşriyyatın azarkeş işçilərilə qızğın nərd yarışları keçirirdi. Rəqibi təkcə hesablanmış oyun üsulu ilə deyil, həm də çaşdırıcı replikaları ilə təsirə və təzyiqə məruz qoyurdu. Onun iştirakı ilə keçən yeyintili-içintili mikro-məclislər maraq doğururdu. Xalqdan mayalanan yumoru belə məclislərdə bütün gücü ilə işə düşürdü. Sənətçilərin əksəriyyəti kimi o da içkiyə biganə deyildi. İnsafla desəm, əlibadəli redaktorumun heç vaxt sərxoş olduğunu, cızığından çıxdığını görməmişdim. Yoldaşları gülüşdən daha çox bəhrələnmək üçün ona imtiyazlı şərait yaradırdılar. Belə yığıncaqlardan biri daha çox yadımda qalıb. Sağlıq söyləyən baməzə İsmayıl o məclisdə qəribə dəlillərilə içkilərin təsnifatını aparırdı:
– Konyak yuxarıdakılara məxsus içkidir. Bizim kimi lati-lütlərin ona sahiblik eləməyə haqqı çatmaz. İçkilər belədir də… Pivə içdin, gərək bir ayağın ayaqyolunda olsun. Rəngli çaxırı da şəffaflaşdırana kimi böyrəyin atası yanır. Allah versin arağa! Araq içkilərin şahıdır. Atırsan aşağı, bir dəqiqə keçməmiş çıxır yuxarı…
İsmayıl hədsiz ailəcanlı adamıydı. Nəsillərində oğlan uşağının qıtlığı özünü qabarıq biruzə verirdi. 7 bacının yeganə qardaşıydı. Özü beş uşaq atasıydı. Mən sonuncu üçlüyü – Vəsiməni, Qoşqarı və Savalanı tanıyırdım.
İlk üç uşağı qız övladıydı. Ənənənin təkrarlanacağından təlaşlanırdı. Ancaq dördüncü övlad – oğlan uşağı Qoşqar məcranı dəyişdi. Ondan sonra gələn Savalan dəyişikliyi daha da möhkəmləndirdi. Bir az irəli gedərək demək istəyirəm ki, övladları onun adını, zəhmətini və haqqını doğrultdular. Atalarının ölümündən sonra Bakıda onun adını daşıyan nəşriyyat açdılar. Onlar başqa sahədə də özlərini göstərə bilərdilər. Kitab nəşri yolunu seçməklə övladlar yazıçı atalarının, nəşriyyat işçisi atalarının arzu-kamını çiçəkləndirdilər.
İsmayıl bir ata olaraq övladlarının gələcək taleyi – təhsil almaları, ev-eşik sahibi olmaları, cəmiyyətdə layiqli yer tutmaları üçün heç nəyini əsirgəməmişdir. O, nasaz səhhətilə filçəkməz yüklərin altına girmişdi. Hətta son qurbana da hazır olmuşdu. İstedadını, qələmini belə, onlara qurban verərək neçə-neçə yad imzalı əsərlər də yazmağa məcbur olmuşdu.
Bu mürəkkəb xarakterli insan həm də uşaq kimi sadəlövh idi. Hamını özü kimi düz sandığından qarşıdakını sınağa çəkmədən inanırdı. Və bu sınaqsız inamlar axırda öz acı nəticəsini göstərdi. İnsafdan, ədalətdən çox, fakta söykənən zaman ömrünün ahıl çağında onu cəzalandırdı. Beləliklə, həyatın daha bir mərhələsi – “Qara İsmayıl”ın qara günləri başladı. Allah tərəfindən yazılmış tale insanı sınaqlar qarşısında qoyur.
Tale də Allah kimidir – insanı müxtəlif sahələrdə sınamağı xoşlayır. Bəxtinə tale yazıçılığı düşən İsmayıl Qarayevin məhbəs həyatı ağrılı olduğu qədər də maraqlıdır. Şərti olaraq ədəbiyyatı asudə, mühacir və məhbəs sahələrinə bölmək olar. Sovet dönəmindən bəri ədəbiyyatımızın ən sınıq yeri məhbəs həyatıdır. Halbuki, Qırmızı imperiya Azərbaycan ziyalılarının qaymağını qırıb-çatmış, həbsxanalarda çürütmüşdür. Ancaq o dönəmdə demək olar ki, məhbəs əbəbiyyatı yaranmadı. Çünki şəraitin mümkünsüzlüyü buna imkan vermədi. Xarici ölkələrdə isə həbsxana həyatı xeyli fərqli formada qurulmuşdu. Bir misal çəkəcəyəm. 13 il azadlıqdan məhrum edilmiş böyük türk şairi Nazim Hikmət haqqında yazılan bir kitabda oxumuşdum: Türkiyə – ədəbiyyatının möhtəşəmliyinə və hərtərəfliliyinə görə həm də türk həbsxanalarına borcludur.
Heç kim istəməz ki, ölkəsinin işıqlı vətəndaşı azadlıqdan məhrum edilib həbsxanaya atılsın. Əgər bu hal qaçılmaz olduqda necə? O həyat necə yaşanmalıdır? Ruhdan düşüb mənasız, boz ömür sürənlər çoxdur. Qabiliyyətini təsbeh süvenirlərinə yönəldənlər də var. Ancaq Çingiz Ələkbərzadə və İsmayıl Qarayev kimi yazıçılar zindanda belə Azərbaycan ədəbiyyatı qarşısında borclarını unutmadılar.
Xüsusilə, İsmayıl Qarayev sərt qanunlarla idarə olunan həbsxana həyatını özü üçün “yaradıcılıq evi”nə çevirə bildi və bu aləmdən bəhs edən qiymətli əsərlər yazdı. Beləliklə, o, bu sahəni qələmə alan azsaylı yazıçılardan biri oldu.
İlk növbədə sənətçini yaşadan yaratdığı ölməz əsərlərdir. İkinci bir yol da var – xatırlanmaq yolu. Sənətçi xatirələrdə daha bütöv görünür. Onun görünməyən dünyasını – sənətilə birlikdə şəxsiyyətinin cizgilərini də geniş oxucu kütləsinə çatdırmaq çox vacibdir.
Sanki dünyasını dəyişmiş hər bir dəyərli sənətkar, ruhu vasitəsilə sağ olan həmkarından xahiş edir: “Məni xatırla ki, yaşayım”.
Elə mən də bu amacla müşahidəmdə olan bu sətirləri qələmə aldım.
Yazıya 1367 dəfə baxılıb