Məmməd Qədir — Kimsə açammaz qapımı

Məmməd Qədir

Məmməd Qədir

 

BAĞLAMIŞAM

Sulandıqca qəmlə canım
sünbül tək dəm bağlamışam.
laybalaydı qapılarım
elə dünən bağlamışam.

Nə atım var, nə kəhərim
yolum uzun allah kərim.
bir dağam ki zirvələrim
görünmür çən bağlamışam.

ömür adlı bir yabını
yordum çatladı dabanı.
kimsə açammaz qapımı
içəridən bağlamışam…

***

İtirmişəm

Şaxta, sazaq döyür məni,
Suvağımı itirmişəm.
yad nəzərlər yeyir məni,
Duvağımı itirmişəm.

Mən daha vətən deyiləm,
Sirrini örtən deyiləm.
Əkməyin, bitən deyiləm,
Torpağımı itirmişəm.

Yaddaşım, huşum qalmayıb,
Ürəyim, başım qalmayıb,
Laçınım, Şuşam qalmayıb,-
Papağımı itirmişəm…

***

Bahar ağacları

Bu dünya oxdan asılıb ,
Varlığı yoxdan asılıb,
Nəsimi çoxdan asılıb,
Quruyub dar ağacları.

Hər toranlıq axşam deyil,
Hər şölə saçan şam deyil,
Bu gəzənlər adam deyil,-
Qəhər, qübar ağacları.

Ölüm imiş bildikləri,
Ağlamaqdı güldükləri,
Kim güldürər kötükləri,
Kim ağladar ağacları.

Torpağa yeriyib dizim,
Daha kötüyəm , əzizim,
Dibimizdən çıxıb bizim
bitir bahar ağacları…

***

Çıxım.

Canım yerdə, ruhum göydə,
Yerə düşüm, göyə çıxım?
Canım şirin, ruhum rahat,
Mən hansına yiyə çıxım?

Yovşan oldum, alaq oldum,
Rişə atdım, calaq oldum,
Ömrü satıb bir yol aldım,
Kökə düşüm, soya çıxım.

İşıqlatmır səhər məni,
Tutub boğur qəhər məni,
Buz eyləsin kədər məni,
Yaz əriyib suya çıxım.

Kül altda od basdırıram,
Gözə bulud basdırıram,
Hər gün ümid basdırıram,
Hansı üzlə toya çıxım?!

Meylimi çəkmişəm meydən,
Bu dünya sevgiyə meydan,
Azdır məni, dəli Şeytan,
Gəlib bir sevdaya çıxım…

Yazıya 716 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.