(“Samsundan başlanan yol” romanından)
Ülkü Atatürkün sevinci, xoş günü idi. Onunla bir yerdə olanda, birlikdə gəzintiyə çıxanda qayğıları azalır, xəstəliyi, ağrıları yadından çıxır, rahatlıq, dinclik tapırdı. Bu qızcığaz ona fərəhli anlar bəxş edirdi. Ülkü də Atatürkü dünyalar qədər sevir, onu “Atatürkcüyüm” çağırırdı.
Atatürkün öz övladı yox idi. Bacısı Vəzifə xanımın bu şeytan qızının adını Atatürk qoymuş və mehrini ona salmışdı.
Onlar yenə gəzintiyə çıxmışdılar. Ülkü Atatürkün əlindən tutub tullana-tullana gedir, dartınır, onu ardınca çəkir, hərdən onun əlindən çıxıb irəliyə doğru qaçır, sonra cəld geri dönüb Atatürkə tərəf gəlirdi. Belə anlarda Atatürk öz işini bilirdi: qız, adətən qaça-qaça özünü onun üstünə atardı. Ona görə də Atatürk qollarını geniş açıb onu havada tutur, başı üzərinə qaldırardı. Qız sevincindən qanad açıb uçur və ucadan səslənirdi:
-Mən səndən böyüyəm!
Başqa uşaqlar kimi Ülkü də cürbəcür suallarla ona müraciət edərdi. Bu gün də o, sualı-sual dalınca verirdi:
-Atatürkcüyüm, adamlar səni niyə çox sevirlər?
-Ona görə ki mən də onları çox sevirəm.
-Bəs niyə hamı sənə Ata deyir?
-Ona görə ki mən tək özümü fikirləşmirəm. Onlara qayğı ilə yanaşıram. Ata kimi onların halına yanıram, kömək əlimi uzadıram.
-Sən hamıdan böyüksən?
-Yox, qızım, hamıdan böyük bizim millətimizdir, türk xalqıdır.
-Atatürkcüyüm, eşitmişəm müharibədə çox olmusan. Həmişə düşmənə qalib gəlmisən. Bu necə olub?
-Qızım, tək əldən səs çıxmaz. Təkbaşına mən güclü düşmənin öhdəsindən gələ bilməzdim. Onlar bir nəfər, iki nəfər deyildi. Çox idi, lap çox. Düşməni bizim qəhrəman ordumuz ölkədən qovub. Mən də onlara kömək etmişəm.
-Sənin tapançan var?
-Varım idi. İndi yoxumdur.
-Bəs niyə yoxdur? Baxmaq istəyirəm.
-Tapançanı onda gəzdirirdim ki, lazım idi. İndi buna ehtiyac yoxdur. Düşməni qovmuşuq.
-Birdən düşmənlər üstümüzə gəlsə, nə edəcəksən?
-Onlar buna cəsarət etməzlər. Biz güclüyük. Bilirlər ki, bizimlə silah gücünə danışmaq olmaz. Söz-söhbətimizi, mübahisəmizi danışıb həll edirik. Bir də ki… sən narahat olma. Ordumuz qüdrətlidir, yenilməzdir, sərhədlərimizi qoruyur.
-Atatürkcüyüm, sən uşaqları çox sevirsən. Düzünü de, məni çox sevirsən, yoxsa onları?
-Ülkü, o uşaqlar da, sən də bu xalqın, bu vətənin övladlarısınız. Sizin hamınızı çox sevirəm. Səninlə onlar arasında fərq qoysam, məndən küsərlər.
Ülkü dodaqlarını büzdü. Atatürk onun könlünü almağa çalışdı:
– Gərək sən mənim sözlərimdən inciməyəsən. Daha çox mən kiminlə oynayıram, kiminlə gəzməyə çıxıram, hə? Səninlə. Buna görə sevinmirsən?
Ülkünün eyni açıldı, kefi kökəldi. Əli ilə işarə etdi. Atatürk onu başa düşdü və qızın bərbərində aşağı əyildi. Ülkü onun üzündən öpdü.
Elə bil dünyanı Ülküyə bağışlamışdılar.
E-mail: prof.akif@mail.ru
Yazıya 679 dəfə baxılıb