Şəbnəm Xeyrulla – ŞADLIQ SARAYI

10698598_910624478962722_8200425864838581433_n

Əvvəlcə ondan başlayım ki, Onunla iş və yol yoldaşıyıq. Yol yoldaşı olmaq elə işimizin tələbidir. Geoloquq. Həftənin üç-dörd günü maşınla şəhərin bir başından vurub o biri başından çıxırıq. Günümüzün çox hissəsi yollarda keçir. Məndən cəmi dörd yaş böyük olsa da, demək olar, işə Onun təsdiqindən sonra qəbul olunmuşam. İşə sınaq müddəti ilə başlamışam. Başlayan kimi də təcrübəli işçi olduğu üçün məni Ona tapşırdılar. Bir aydan sonra O mənimlə işləməyin mümkün olduğunu dedi. Başbilənlərimiz “görürük, birlikdə yaxşı işləyirsiniz”, deyib bizi bir qrupa saldılar. Qrup deyəndə ki, sürücümüzlə birlikdə üç nəfərik. Sürücümüz yaşı əllini ötmüş dayı olsa da, bizimlə – yaşı otuza çatmamış gənclərlə tay-tuş kimi davranır. Düzdür, hərdən “bu sənət qız işi deyil” deyib məni qıcıqlandırır. Amma O hər dəfə tərəfimi tutur, işin qadın-kişi bölgüsünə aidiyyatı olmadığını deyir.

Daim birlikdə olduğumuzu görən iş yoldaşlarımız haqqımızda müxtəlif əhvalatlar uydurur, bizi bir-birimizə yaraşdırdıqlarını deyirlər. Nə bilim, “ikimiz də subayıq, ailə qurmaq yaşındayıq, bir-birimizə də uyğunuq” kimi fikirlər. Əlbəttə, birbaşa yox, zarafatla deyirlər sözlərini. Özü də ikimizə də ayrı-ayrılıqda. Onu bilmirəm, amma şəxsən mənə bu zarafatlar xoş gəlir. Üzdə isə özümü incimiş kimi göstərib, “biz sadəcə dostuq, vəssalam” deyirəm.

Dostuqmu? Əslində deyəsən, yox. Cəmi bir ildir bir yerdə işləyirik. Onun hər vərdişinə, hər xasiyyətinə bələdəm. Susqunluğunda belə danışığını eşidirəm, nə düşündüyünü bilirəm. Təsbehini və ya telefonunu əlində hansı sürətlə fırlatmağından ruh halının necə olduğunu təxmin edirəm. Onu çox asanlıqla özündən çıxara və elə asanlıqla da könlünü ala bilirəm. Bunları necə, nə vaxt, niyə öyrənmişəm, bilmirəm. Amma bir dostdan artıq tanıyıram Onu. Və bir dostdan artıq sevirəm. Bunlardan xəbərsizdir, əlbəttə. Fikirləşirəm ki, bilməməyi çox yaxşıdır. İlk addımı bir qızın atmasını nə mən qəbul edə bilərəm, nə də o. Həm də heç zaman gedilməyəcək bir yolda.

Nə gizlədim, o günə qədər ümidlərim var idi, gözləyirdim. O gün isə hər şeyi elə mədəni şəkildə başa saldı ki… Bəlkə özü də mənə necə böyük bir dərs verdiyinin fərqində olmadı. Növbəti məntəqəyə yollanırdıq. Yolda maşınımız xarab oldu. Düşməli olduq. Düşdüyümüz yer bir şadlıq sarayının qarşısı idi. O, həmin şadlıq sarayını görən kimi gülümsədi, tez telefonunu çıxarıb bəzəkli, işıqlı hərflərlə yazılmış adının şəklini çəkdi. Təəccübləndim. Niyə belə etdiyini soruşdum. Axı şadlıq sarayının adında elə də qəribə bir şey yox idi. Azərbaycan üçün sıradan bir şey idi, qız adı ilə adlandırılmışdı: “Səma”. Hərəkətinə aydınlıq gətirdi: “Bu adda dostum var, ona göndərəcəyəm şəkli.”

Belə yerdə deyəsən, “dalağım sancdı” deyirlər. Amma mən ilk dəfə ürəyimin harada yerləşdiyini həmin gün anladım. Sancırdı. Axı hər şeyi o başa düşmüşdü, beynim yox. Bu Səma kimdirsə sadəcə dost deyil! Əmin idim buna. Az qala dilimin ucunda olan sualı Ona vermək istəyirdim: “Mənim adımda hansısa bir yer görsən, şəklini çəkib mənə göndərərsən?” Cəsarət etmədim. Utandım, reaksiyasının necə olacağını təxmin etdiyim üçün. Qorxdum, cavabının nə ola biləcəyini hiss etdiyim üçün.
Yəqin ki, Səmanı sevir. Bəlkə də bu şəkli ona göndərəndə ardınca belə də yazacaq: “Əzizim, istəsən toyumuzu da bu şadlıq sarayında keçirərik.” Qız da özünü naza qoyub deyəcək ki, “Sevgilim, sən necə istəsən, elə də olar.”

O gündən Səmanı axtarmağa başladım. Bilmək istəyirdim, Onun sevdiyi qız necədir. Özündən soruşa bilməzdim. Axtarıb tapmalıydım. Yolda, metroda, avtobusda, mağazalarda, gözəllik salonlarında, olduğum bütün tədbirlərdə, bir sözlə, hər yerdə gözlərim Səmanı gəzirdi. Yox, nifrət etmirdim o qıza. Sadəcə, qibtə dolu bir maraq hissi idi bu axtarışın səbəbi.
“Bax, bu qız ola bilər. Adına uyğundur, havalıdır elə bil, başı da səmalara dəyəcək az qala,” – metroda gördüyüm qız haqqında belə düşünürdüm. Və o an Allaha bir sual vermək istəmişdim: “Ay Allah, nolardı, mənim də boyumu belə uzun edərdin?” Sonra küfrdən qorxub düzəliş etmişdim: Öz günahımdır, vaxtında idmanla məşğul olmadım, anamın dediyi meyvələrdən yemədim. İndi də balaca boyluluğumun günahını çəkə-çəkə bu metrodakı qıza – bəlkə də Səmaya aşağıdan yuxarı baxıram. Boyum uca olsaydı, bəlkə də O məni sevərdi. Elə bunu düşündüyüm dəqiqə Səma bildiyim bu qız telefonla elə ucadan danışıb, gülməyə başlamışdı ki, təxminimin yanlış olduğunu anlamışdım. Yox, Onun sevdiyi qız heç vaxt ictimai yerdə belə gülməz.

Mağazada gördüyüm, çox incə hərəkətləri ilə diqqətimi cəlb edən qızı da Səma bilmişdim. Hərəkətləri, səsi, danışıq tonu necə də Ona uyğun gəlirdi. Bəlkə də elə səsi ilə ovsunlayıb onu. Mən də bu ovsuna düşüb Allaha üsyan edirmiş kimi soruşdum: “Ay Allah, nolardı, mənə də belə incəlik versəydin?” Sonra küfr etdiyimin fərqinə varmışdım. Axı özüm günahkaram ki, uşaq yaşlarından qızlarla deyil, oğlan uşaqları ilə futbol, müharibə oyunları oynamışam. Qız əşyalarına marağım olmayıb, naz-qəmzəni təhqiramiz bir şey kimi başa düşmüşəm. Bəlkə mən də bu qız kimi incə olsaydım, O məni sevərdi. Qıza yaxınlaşıb adını soruşmaq istədiyim vaxt arxasını çevirmişdi. Və mən onun donunun tamamilə açıq qalan, bədənini bayırda qoyan arxasını görmüşdüm. Yox, bu da Səma deyil. Onun belə açıq-saçıq paltar geyən qızlardan heç vaxt xoşu gəlməyib.

Səmaya bənzətdiyim bir qızı da avtobusda görmüşdüm. Başını aşağı salıb kitab oxuyurdu. Necə gözəl saçları var idi. Paxıllığım tutmuşdu uzun, düz saçlarına. Yenə də gileylənməyə başlamışdım: “Ay Allah, nolardı, mənə də belə sağlam, gözəl saçlar versəydin.” Sonra küfr etmək qorxusu ilə səhvimi düzəltmişdim: Özüm günahkaram ki, saçlarıma yaxşı qulluq etmirəm, elə təbiətin, küləyin ümidinə buraxıram. Saçıma qulluq etsəydim, gözəl görünərdim. Bəlkə O da məni saçlarıma görə sevərdi. Bu vaxt qız əlindəki kitabı qapadıb başını qaldırmışdı. Qara gözlərini görən kimi başa düşmüşdüm ki, yenə səhv etmişəm. Bu da Səma ola bilməz. Çünki Onun yalnız alagözlülərdən xoşu gəlir.

“Səma axtarışlarım” bir ildən çox çəkdi. Həmin bir ildə Ondan uzaq olmaq üçün iş yerimi, daha doğrusu, ekspedisiya qrupumu dəyişdim. Amma hərdən idarədə rastlaşıb salamlaşır, kef-əhval soruşurduq.
Bu günlərdə O gülə-gülə yaxınlaşıb dəvətnamə uzatdı mənə. Dəvətnamənin üzərində şadlıq evinin adı yazılmışdı: “Arzu”. “Gələn ay toyumdur. Qonaqlar arasında səni görmək xoş olacaq”, – dedi. Saxta təbəssümlə dəvətnaməni açıb tələsik gəlinin adını oxudum. Səma deyilmiş. Adının yanında yazılmış qızın adı Arzu idi. Özümdən asılı olmayaraq soruşdum: “Niyə Arzu?” Deyəsən, sualımı başa düşmədi. Amma cavablandırdı: “Qızın adına görə seçdim bu şadlıq sarayını. Deyirlər, pis yer deyil.”

“Allah xoşbəxt eləsin” deyib tələsik Ondan uzaqlaşdım. Beynimdə isə Allaha ünvanladığım bir sual dolaşırdı: “Ay Allah, nolardı, bu şəhərdə mənim adıma şadlıq sarayı tikdirən bir biznesmen yaradaydın?” Küfr etdiyimi tez başa düşdüm: Hər şey çox sadədir; mən Onun sevdiyi biri ola bilmədim.

 

 

Yazıya 833 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.