“Qısa bir müddət öncə dünya əhalisi iki milyard idi: beş yüz milyon insan və bir milyon yarım “yerli”. Birincilər “Söz” sahibi idi, digərləri isə bu sözü borc almışdılar. Bu ikisi arasında vasitəçi olaraq qulluq edən satılmış kralcıqlar, dağbaşı ağaları və təpədən dırnağacan saxta burjua vardı. Müstəmləkələrdə həqiqətlər çılpaq olaraq ortada idi, amma “metropollar” bu həqiqətin geyimli olmasını üstün tuturdu: yerlilərə özlərini sevdirmək məcburiyyətində idilər. Bir növ ana kimi. Avropalı seçilmişlər, yerlilərdən seçilmiş bir təbəqə yaratmağa səy göstərdilər. Gənclər arasından arıtlayıb seçirdilər və alınlarına qızdırılmış dəmirlə Qərb mədəniyyətinin qaydalarını dağlayırdılar; ağızlarını səslərlə, təmtəraqlı, parıltılı, içi boş sözlərlə tıxadılar. Metropolda qısa bir müddət qaldıqdan sonra gözləri boyanmış bir halda ölkələrinə göndərirdilər. Bu ikiayaqlı yalanların qardaşlarına söyləyəcək heç bir şeyi qalmamışdı, sadəcə əks-səda verirdilər. Bizlər Parisdən, Londondan, Amsterdamdan “Parthenon, Qardaşlıq” deyə bağırdıqca, Afrika ya da Asiyanın hər hansı bir yerindən dodaqlar “…thenon! …daşlıq!” demək üçün aralanırdı. Bu qızıl dövr idi.
Bu dövr sona çatdı. Ağızlar artıq öz-özünə açılırdı: sarı və qara səslər hələ də bizim humanizmimizdən bəhs edirdi, amma sadəcə bizim qeyri-insaniliyimizi üzümüzə çırpmaq üçün…
Avropalılar, bu kitabı açın və içinə baxın. Qaranlıqda bir neçə addım atdıqdan sonra bir ocaq başında toplanmış yadları görəcəksiniz; yaxınlaşın və onları dinləyin. Sizin agentliklərinizə və buraları qoruyan pullu əsgərlərinizə layiq gördükləri qisməti müzakirə edirlər. Bəlkə sizi görəcəklər, amma səslərini belə qısmadan öz aralarında danışmağa davam edəcəklər. Laqeydlikləri sizi ürəyinizdən vuracaq. Onların ataları, kölgələrdə yaşayan o məxluqlar, sizin yaratdığınız ölü canlardır. Onlara işıq verən siz idiniz, onlar sadəcə sizə xitab edərdilər, amma siz bu zombilərə cavab belə verməyə ərindiniz. Onların oğulları sizi görməməzlikdən gəlir. Onları istidən və aydınladan ocaq sizə aid deyildir. Siz, hörmətli bir məsafədə dayanan siz, özünüzü qaçaq, gecəyə xas, işi artıq bitmiş hiss edəcəksiniz. İndi növbə sizdədir. Başqa bir dan yerinin söküləcəyi bu qaranlıqlarda artıq zombi sizsiniz…
Özümüzə nə etmiş olduğumuzu başa düşmək üçün, onlara nə etdiyimizi bizə göstərmələri kifayətdir…
Bir insanı heyvana çevirməyin mümkün olmadığını iddia etmirəm. Onu lazımi ölçüdə zəif salmadan bunu edə bilməyəcəklərini deyirəm. Kötək heç vaxt yetərli olmaz, aclığı daha da artıraraq və təzyiq yaratmaq lazımdır. Quldarlıq şərtlərində bu vəziyyət cansıxıcıdır. Növümüzün bir üzvünü əhliləşdirdiyiniz vaxt, onun məhsuldarlığını azaldarsınız, nə qədər az versəniz, bu qəfəs insanı dəyərindən bahalıya başa gələr. Bu səbəbdən, müstəmləkəçilər, yolun yarısına gəldikdə, əhliləşdirməyi dayandırmaq məcburiyyətində qalırlar. Nəticə: nə insan, nə də heyvan: yerli. Döyülmüş, pis qidalanmış, xəstə, qorxu içində, amma sadəcə bir nöqtəyə qədər; istər sarı, istər qara yaxud da ağ olsun, xarakter xüsusiyyəti həmişə eynidir: o bir tənbəl, daxilən alverçi və oğrudur, nə ilə yaşadığı məlum deyildir və sadəcə şiddətin dilin başa düşür…
…müstəmləkə insanı, dini yadlaşma ilə daha da yaxınlaşaraq özünü müstəmləkə yadlaşmasından qoruyar; birini gücləndirən iki yadlaşmanın təcrübəsi son nəticə olar…
Şiddət dünən başlamış bir şey olsa idi, təzyiq və istismar yer üzündə heç mövcud olmasa idi, bəlkə də göstərilən şiddətsizlik qarşıdurmanı yatışdıra bilərdi. Amma bütün rejim, hətta sizin anti-şiddət baxışlarınız belə min illik bir əzmə vasitəsi ilə idarə olunursa, passivliyiniz sizi əzənlərin cərgəsinə qoymaqdan başqa bir məqsədə xidmət etməz…
Ağzına qədər zənginliklə dolu Avropa, bütün sakinlərinə insanlığı de jure (hüquqi olaraq) bəxş etdi: bizdə insan, cinayət ortağı deməkdir, çünki müstəmləkə talanından biz hamımızfaydalandıq…
Sonumuz yaxınlaşdı, gördüyünüz kimi Avropa ələk kimi su sızdırır. Bəs nə oldu? Çox sadədir: biz tarixin özü idik, indi isə əşyalarıyıq. İqtidar müharibəsi tərsinə döndü, müstəmləkəsizləşdirmə iş başındadır; pullu əsgərlərimizin əlindən gələn tək şey, bu prosesin tamamlanmasını gecikdirməkdir.”
Jan Pol Sartr
Yazıya 678 dəfə baxılıb