Jozef Merrik və ya insanların onu adlandırdığı kimi məşhur “Fil adam”. Bilinəndən fərqli olaraq onun adının əslində Con olduğu sübut olunub. 1862ci il, İngiltərə – Leyçester şəhərində dünyaya gələn Con, tibbdə nadir hallarda rastlanan xəstələklərdən birinin daşıyıcısı idi. Dərisinin deformasiyaya uğraması onun üz və bədən nahiyəsində kəskin şəkildə nəzərə çarpırdı. Sonralar həkimlərin apardığı araşdırmalar xəstəliyin həqiqətən də sümükdən qaynaqlanmadığını qeyd etmişdilər.
Özünün görünüşünə görə 12 yaşında məktəbdən çıxan Con, 1 il əvvəl 11 yaşında anasını itirir. İş axtarmağa çalışsa da uğur qazanmır. 17 yaşından Leyçesterdəki emalatxanalardan birində yaşamağa başlayır. 1884cü ildə həmin dövrün əyləncə adamlarından olan Sam Torronunla müqavilə bağlayır. Şərqi Midlanda aparılan Con, burada pul qarşılığında insanlara sərgilənir.
Daha sonra Londona gələn Con, burada digər bir şoumen Tom Norman tərəfindən əvvəlki şəkildə istismara məruz qalır. Sərgilərin birində London xəstəxanasının həkimi Frederik Trevis Conu görür və onun bir neçə fotosunu çəkir. Normanın iş yeri polislər tərəfindən bağlanır. Merrik isə Avropa turuna yollanır.
Belçikada oğurlanan Merrik, bir müddət burada insanlara sərgi obyekti kimi təqdim edilir. Məsələyə müdaxilə edən polislər Merrikin üstündən həkim Frederikin kartını tapırlar. Londona qayıtmağı bacaran Con, London xəstəxanasında Trevis tərəfindən müalicə olunmağı qəbul edir. Ömrünün qalan hissəsini burada keçirən Merrik, bir çox məşhurun da maraq obyektinə düşür. Bunlardan biri də Uels şahzadəsiAleksandra idi.
1890cı ildə, 27 yaşında ölən Con Merrikin, ölüm səbəbi kimiaspixiya (nəfəs çatışmazlığı) göstərilir. Həkim Trevis onun adi insanlar kimi uzanaraq yatmağa cəhd göstərməsi nəticəsində oksigen çatışmazlığından öldüyünü deyirdi.
Ölümündən sonra da Conun hansı xəstəlikdən əziyyət çəkməsi barədə müxtəlif fikirlər dolaşırdı. Əvvəlcə onun neyrofibromatozdan (dəri və sinirlərdə yaranmış pozğunluq) əziyyət çəkdiyi deyilirdi. 1986cı ildə yeni bir teoriya irəli sürüldü. Amerikalı Maykl Kohen 1979cu ildə xəstəliyi “Promotey sindromu” adlandırır. Sindrom insanda anadangəlmə dəri pozğunluğu və qeyri-ənənəvi sümük inkişafı ilə bağlı idi.
Con Merikin sümükləri öldükdən sonra London Kral Tibb Muzeyində saxlanılır. 1988ci ildə pop ulduz Maykl Cekson 1 milyon dollar qarşılığında sümüklərin ona verilməsi ilə bağlı muzeyə müraciət etsə də rədd cavabı alır. Ardınca Merrikin ailəsi muzeyə təzyiq göstərməy başlayır, lakin onlar da müvəffəqiyyət qazanmırlar.
Merrikin qısa və əzablı həyatı bir çox sənət sahələrində də öz əksini tapmışdır. 1979cu ildə amerikan dramaturq Bernard Pomerans, “Fil adam” adlı tamaşanı səhnələşdirir. Kinosevərlər isə Con Merriklə bağlı Devid Linçin “Fil adam” adlı kinosundan məlumat ala bilərlər. 1980ci ildə çəkilən film Akademiya tərəfindən 8 oskar namizədliyi qazanmışdı. Baş rolda Con Hörts və Entoni Hopkins iştirak edirlər.
Yazıya 727 dəfə baxılıb