Xanım İsmayıl qızı– Yazmağa dərd tapmayasan

Xanım İsmayılqızı10254043_593903304063743_7076398410737522943_n (1)
Ürəyində bir arzu tut,
Dilində dua kimi.
Bu arzu səni aparsın bir gülərüz qapıya.
Bu dua səni çatdırsın Tanrıya.

***

Eh… gidi dünya…
Nələri itirmədik ki…
Əvvəl uşaqlığımızı,
Sonra gəncliyimizi,
İlk sevgimizi itirdik…
Sən eləcə baxdın
hisslərimizin bozarmasına,
Ürəyimizin qırılmasına…

 

Eh… gidi dünya…
Nələri itirmədik ki…
Əvvəl arzularımızı,
Sonra torpaqlarımızı,
Atamızı, anamızı,
Xoşbəxtliyimizi,
Baharlarımızı itirdik…
Sən eləcə baxdın
Sevdiyimiz rənglərin yox olmasına,
Bağrımızın yarılmasına…

Eh… gidi dünya…
Nələri itirmədik ki…
Əvvəl balalarımızı,
Atalığımızı, analığımızı,
Sonra havalarımızı,
Yuvalarımızı,
Sonsuzluğa çırpılan
Dualarımızı itirdik…
Sən eləcə baxdın
Səndən asılanların
hayqırtısına,
Torpağına sığınmasına…

Eh… gidi dünya…
Nələri itirmədik ki…
Əvvəl qanadlarımızı,
Sonra ayaqlarımızı,
Nəhayət,
Əllərimizin arasından
Başımızı itirdik…
Sən eləcə baxdın
Yarımçıq bədənlərin
parçalanan ruhunun
çığırtısına…
Və dəli olmasına…

***

Azıb gedə biləsən,
Səslə boğulmayasan.
Yoxa çıxasan birdən,
Bir də doğulmayasan.

Yavaşca qeyb olasan,
Sonsuzluqdan çıxasan,
Qəfil unudulasan,
Gözə toxunmayasan.

Yad məktuba dönərək,
Geri göndərilərək,
Əllərdə əzilərək,
Cibə soxulmayasan.

Sevgilərin zilindən,
Adamların dilindən,
Allahın da əlindən,
Yerə yıxılmayasan.

***

Dərdlər ilim-ilim itə,
Yazmağa dərd tapmayasan.
Biləsən hamı xoşbəxtdi,
Bir nəfər  pərt tapmayasan.

İtirdiyini görəsən,
Dərdindən ölüb gələsən,
Üzlərdən sevinc dərəsən,
Bir dənə şərt tapmayasan.

Ömrünə pay seçmək üçün,
Ürəklərə köçmək üçün,
Azadlığı içmək üçün,
Bir dənə sədd tapmayasan.

***

Yağışın damlasını,
Ovcuna sıx, üzünə vur.
Kimlərsə ağlayır göydən.
Öp, gözünün üstə qoy,
Göydən düşən damlaları.
Sənin üçün yağanları.
Göyün də yas tutmağı var…
Bizim üçün ağlayırlar
GÖY ADAMLARI…

 

Yazıya 1190 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.