Siqaret tüstüsüylə boş otaqda tənhalığın rəsmini çəkmək,
Həyatındakı sonuncu qadının vidalaşma anını düşünmək,
hər gün yaşamaq istədikcə bir az daha ölmək,
Puç olmuş arzularını mavigözlü qaraçı qızın baxışlarında görmək,
dərdlərini şərab dolu qədəhlərin son damlasında unutmaq,
Limana getmək. qağayıların uçuşunda ümid axtarmaq.
Nizami küçəsindəki bomujla dərdləşmək, yoxsulluğa tüpürmək,
Kirə haqqını ödəyə bilməmək, Tanrını öldürmək,
Səliqəsiz saqqalında dünyanın tozunu gəzdirmək,
Van Qoq kimi qulağını hansısa” Raşel ” ə hədiyyə etmək,
Salvador Dali kimi dəlilik etmək, ağıllı adamları söymək,
Ruhunu döymək, cismini əzmək, sonsuzluğa enmək
Əzablarına aşiq olmaq, kədərdən həzz almaq,
Sevişməyə qadın tapmamaq, erotik filmlərə baxmaq,
Könüllü aldanılmaq
və ölümü gözləmək,
dünən şəhid oldun
Qəbir daşı küləklə pıçıldaşır,
həyat davam edir, yenə qaynaşır,
dünən şəhid oldun, aman nə gözəl.
inanma vədlərə, boş-boş sözlərə,
unudulmaz deyilsən,
bir gün hər kəs unudar.
atan yad qadın qoynunda,
öz yeni körpəsinin əsasın qoyar,
anan səndən sonra övlad istəməz.
sən yoxsansa, neynir başqa övladı?
mənasız sonsuzluq adın qazanar.
ölümdən sonra həyat yoxdur,
öldünsə hər şey bitdi,
inanma ruhun varlığına,
ruhun özgə anaların
bətninə köçməyəcək.
o dünya sözünə inanma dostum,
ölüm həyatın sonu deməkdir,
bəs öldürdüyün düşmən əsgəri,
bəxbəxt bir ananın tək təsəllisi,
yazıq deyilmiydi söylə, a dostum.
budur savaşların fəlakətləri,
qanlar axır su yerinə,
qanı qanla yumazlar desək də.
Vətən sevgisi heçdir,
övlad eşqiylə müqayisədə.
Öldün dostum. öldün
geri gələn deyilsən.
amma xoşbəxtsən,
bir də ölən deyilsən,
xilas oldun bu gicbəsər dünyadan,
Terminoloji Həyat
Biz düz xətti başlanğıcı və sonu olmayan dünyanı dərk etmək üçün öyrəndik . dairəni mənasız kürədə fırlanmağımızı təsvir etmək üçün çəkdik. üçbucağın sahəsini öz həqiqətlərimizi daşyonan ustaların ayaqları altına atmaq üçün tapdıq. katalizatorun tərifini ölüm reaksıyasını tezləşdirmək üçün əzbərlədik. rəqəmləri rüşvət alarkən aldanılmamaq üçün öyrəndik, kvadrat tənliyi həyat zərbələrinin bizdən iki dəfə güclü olduğunu bilmək üçün həll etdik, anatomiyanı cinsi tələbatlarımızı axmaq üsullarla yatırmaq üçün öyrəndik. ingilis dilini əcnəbi qızlara ı want to …… you sözlərini deyə bilmək üçün öyrəndik. biz tarixi yalnız qiymət almaq üçün oxuduq və savaş öz qanlı barmaqlarıyla taleyimizə “2” yazdı. ədəbiyyatı şərəfsiz xalq şairlərini pafosla tərifləmək üçün öyrəndik. politologiyanı bizə eyni nəslin üzvlərinə səs verməyi bacarmaq üçün öyrətdilər, fəlsəfəni bizə qaranlıq otaqda sevgi axtarmağın mənasızlığını anlatmaq üçün öyrətdilər, lakin cütlüklər qaranlıqda sevişməyi daha çox sevmirlərmi? Ana – dili dərsini bizə ana dilində qüsursuz söyüşlər söymək üçün öyrətdilər. biologiya dərsini bizə ağacların gövdəsinə sabunlu su töküb, sonra da daha quruyub adı ilə kəsə bilmək üçün öyrətdilər. bizə musiqi dərsini taleyin ironiya adlı kompozisiyasının finalında dəli kimi gülmək üçün öyrətdilər. iki gündəlik tutduq ki, birinə mənfi, digərinə müsbət qiymətlərimizi yazdıraq, birinə özümüz, digərinə anamız qol çəkərdi. öz günahlarımıza qol çəkənlər özümüz idik. bizə sevməyi nəsilləri artırmaq , qəddar dünyaya məsum insanlar bəxş etmək üçün öyrətdilər. tənha qalmaq üçün dostlaşdıq, unudulmaq üçün aşıq olduq.
Yazıya 784 dəfə baxılıb