“Avrasiyanın ürəyində” — yeni tərcümə

1507693_768107339909955_2865977398306532978_n
 Bakıda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycan dilinə tərcümə olunmuş “Avrasiyanın ürəyində” kitabının təqdimatı olub. 
Kitab Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü əsasında tərcümə olunub. Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən nəşr edilən kitabı dilimizə Elxan Zal və İbrahim İlyaslı çevirib.
Kitab unikal şəhərdən, Qazaxıstanın gənc paytaxtı Astanadan bəhs edir.
Bu gün Qazaxıstan səfirliyi Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin nümayəndələrinin, eləcə də Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə kitabın rəsmi təqdimatını keçirib.
Qazaxıstanın Bakıdakı səfiri Amangeldi Jumabayev açılış nitqində bildirib ki, kitabda gənc Qazaxıstan dövlətinin təşəkkül tapması yolu təsvir olunub. İlk dəfə 2005-ci ildə çap edilən kitab bir neçə dəfə təkrar dərc edilib və təqribən 30 əcnəbi dilə tərcümə olunub. Səfir Astana şəhərinin tarixi və onun unikal arxitekturası barədə də danışıb.
Təqdimat mərasimində, həmçinin Qazaxıstan Prezidentinin bu yaxınlarda xalqa müraciəti və Qazaxıstanın yeni iqtisadi siyasəti “Nurlı jol” – “Gələcəyə yol” barədə söhbət açılıb.
Tədbirdə Milli Məclisin deputatları da çıxış ediblər. Millət vəkili Nizami Cəfərov deyib ki, “Avrasiyanın ürəyində” kitabı təkcə rəhbərin deyil, həmçinin filosofun, mütəfəkkirin və türk xalqlarının ağsaqqalının əsəridir: “Astanada dünyanın bütün mədəniyyətlərini və sivilizasiyaların bütün spektrini tapmaq olar. Qazaxıstanın gələcəyi bu şəhərdədir”.
Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, müasir Astana Qazaxıstanın simasıdır: “Bu şəhər Qazaxıstanın müstəqillik illərində qazandığı nəticələri göstərir. Azərbaycan və Qazaxıstan arasında həmişə çox yaxşı münasibətlər olub və Azərbaycan bu qardaş ölkəni uğurlarına həmişə sevinir. Nursultan Nazarbayevin həyatı daim vətəninə xidmət edən öz xalqının sadiq oğlunun həyatıdır”.
Deputat Qənirə Paşayeva qeyd edib ki, bu kitab Azərbaycan vətəndaşlarına Qazaxıstanı və onun liderini yaxşı tanımağa imkan verəcək: “Ümid edirəm ki, kitab Azərbaycan xalqı, xüsusi ilə də gənclər arasında populyarlıq qazanacaq”.
Tədbirdə TürkPA-nın baş katibi Jandos Asanov da çıxış edib. O vurğulayıb ki, bu kitab Azərbaycan cəmiyyətinə Qazaxıstanda baş verən hadisələri daha yaxşı başa düşməyə kömək edəcək.
Sonda Qazaxıstanın Bakıdakı səfiri Amangeldi Jumabayev kitabı Azərbaycan dilinə tərcümə edənlərə – şair Elxan Zal Qaraxanlıya və şair İbrahim İlyaslıya öz dərin təşəkkürünü bildirib.

Yazıya 687 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.