‘’Oxuduğum,yaşadığım,yazdığım o qədər şeydən sonra içimdə böyük bir narahatçılıq, dəhşətli boşluq hissi hökm sürürdü. Hər şeyin faniliyinin və mənim də ölümlünün bir parçası olduğum gerçəyini dərk etmişdim.Belə idisə onda mən niyə var idim? Mənim var olma səbəbim nə idi?
Dini mətnlərə üz tutub araşdırmalar aparsam da,əlimə tutarlı cavab keçmirdi. Bütün bu inanclar ancaq ölüm döşəyində peşmanlığını dilə gətirən bir xəstəyə təsəlli ola bilərdi.
Daim bir şeyi düşünürdüm – həyatıma bir güllə ilə son verim ya bir kəndirlə? Amma heç cürə intihara cəhd edə bilmirdim. Qəlbimsə hüzünlü bir duyğu ilə dalğalanırdı. Bu duyğuya bir ad vermək məcburiyyətim varsa, buna ‘’Allahı arayış’’ deyə bilərəm. Və bu düşüncə ilə ilə yox,duyğu ilə dərk edə bilmək istəyi idi. Bu bir qorxu,tərkedilmişlik,yalnızlıq hissi idi. Dünyanın orta yerində hansısa naməlumdan kömək ümidi idi.
Allahın varlığını isbat etmənin mümkünsüzlüyünü bilirdim. Kant bu mümkünsüzlüyü isbat etmişdi və mən də inanmışdım . Amma hər şeyə rəğmən mən onu axtarmaqda davam edirdim.
Şopenhaueri və Kantı bir kənara itələdim.Mən vardım və bunun səbəbi Allah idi.
O naməluma dualar edir,kömək istəyirdim və o səsimi eşitmədikcə də yoxluğuna inanmağa başlayırdım. Daim ölür və dirilirdim. Görürdüm ki,mən yalnız Allahın varlığına inandığım zamanlarda var ola bilirəm,qalan bütün vaxtlarda həyatla bağlarım qopurdu.Onu tapacağıma dair xırdaca bir ümidim olmasaydı yəgin ki, intihar etmiş olardım.
Birdən sanki özümü bir qayıqda axınla üzən gördüm. Çevrilib geri baxdım və orda sahil vardı.hansı yönə üzməli olduğumu dərk etdim,kürəkləri axına qarşı çəkməyə,sahilə yanaşmağa başladım.
Sahil – Allah , bütün hər şey isə ona çatmağım,onunla birləşməyimçün idi’’ – bunlar Lev Tolstoyun əlyazmalarından tərcümələrdi və dahi yazarın İslam dini ,Hz.Məhəmmədlə tanışlığına qədərki dövrü əhatə edən zamana aiddi.O sahilə-Allaha İslam dininin peyğəmbəri Hz.Məhəmmədin hədislərini oxuyandan sonra çatdığını etiraf edir.
İlk tanışlığı hindistanlı alim Abdullah Əl-Sührəverdinin ‘’Həzrəti Məhəmmədin hədisləri ‘’ kitabı ilə başlamış, bu kitabdan seçib topladığı hədislərdən ibarət kitabı 1909-cu ildə Rusiyada digər əsərləri ilə birgə yayımlamışdır. SSRİ dövründə yazarın digər kitabları təkrar nəşr edilsə də bu kitab nəşrə getməmişdi. SSRİ yazarın böyük bir oxucu kütləsini nəzərə alaraq onun İslam sevgisini ciddi-cəhdlə gizlətməyə çalışırdı.Sovetlər dağılandan sonra rusiyada kitab 1990-cı ildə rus dilində ‘’Həzrəti Məhəmmədin Qurana daxil olmayan hədisləri ‘’ adı ilə nəşr edildi.
Tolstoyun həkimi olmuş Slovak əsilli Duşan Petroviç Makovitski 1979-cu ildə 4 cilddə ‘’Yasnapolyana qeydləri ’’ adı altında Moskvada nəşr edilən ‘’1904-1910-cu illərdə Tolstoyun yanında‘’ adıyla yazdığı böyük həcmli kitabda Aəzbaycanlı bir adamın həyat yoldaşı olan tatar qadının dahi yazara ünvanlanan məktubundan və ərim müsəlman,mən xristiyanam,övladlarım müsəlman ola bilərmi sualından söhbət açır.Həmin qadın azərbaycanın ilk hərbi topoqrafı olmuş İbrahim ağa Vəkilovun həyat yoldaşı Yelena Yefimovna Vəkilova idi. Onun 2 mart 1909-cu ildə yolladığı məktubuna və sualına cavab gecikmir, Tolstoy 15 mart 1909-da cavab məktubunda qeyd edirdi : ‘’Məhəmməd hər zaman xristianlardan öndədi və onun dini bir xaça ibadət etməkdən qat-qat üstündü.O özünü Allah saymır və özünü Allahla bir tutmur.Müsəlmanların Allahdan başqa ilahı yoxdu və Məhəmmədin də onun rəsulu olduğuna heç bir şübhə yoxdu ‘’. Bu məktubun əsli Yelenanın oğlu Faris tərəfindən 1978-ci ildə Moskvada Lev Tolstoy adına muzeyə hədiyyə edilmişdir və hazırda da bu muzeydə sərgilənir.
Məktub Azərbaycan mətbuatında ilk dəfə 1978-də Azərbaycan jurnalında azərbaycan və rus dillərində yayımlanmışdır.
İslamı qəbul etmiş rus vətəndaşı Valeriya Forohova adlı Quranı rus diinə çevirmiş qadın Tolstoyun ömrünün son zamanlarında İslamı qəbul etdiyini və İslami qaydalarla dəfn olunmaq vəsiyyətini iddia edirdi. Buna sübut kimi yazarın qəbrinin üstündə xristianlığı təmsil edən xaçın olmamasını göstərirdi.
Və Tolstoy etiraflarının birində ərəb-fars dilini bilmədiyi üçün İslamı rus missionerlərdən öyrəndiyini də qeyd etmişdir.
Tolstoy etiraflarına əsasən onun düşdüyü ağır boşluq , fanilik duyğusundan İslama,Hz.Məhəmmədə sığınmaqla azad olduğu qənaətinə gəlmək olur. Onun haqqı həqiqətən tapa bildiyini yaxud o yaşda özünü bunlara dayanmaqla ovudub,təsəlli etdiyini söyləməksə çətindi.
Qeyd : Mənbə kimi Karikatur yayınlarının 2005-ci il _Lev Tolstoy_ Hz.Muhemmed adlı nəşrindən istifadə olunub.
Yazıya 857 dəfə baxılıb