Mirəli illər öncə beş il bir qrupda oxuduğu tələbə yoldaşı Hilalla Bakıda təsadüfən rastlaşdı. Hilalın Almaniyada yaşadığını biləndə həm təəccübləndi, həm də sevindi. Təəccübləndi ki, Hilal doğma vətəni qərib ölkəyə necə dəyişib. Sevindi ki, bəlkə Hilalla Almaniyaya getsin, özünü həkimlərə göstərsin. Son vaxtlar onu həkimlərin baş çıxarmadığı bir xəstəlik tutmuşdu. Çox sıxıntı keçirir, həyatda kiməsə gərəksiz olduğunu düşünür, tənhalıq həyatı keçirirdi. Ola bilsin ki, bu ixtisası ilə bağlı idi. Mirəli baytar həkimi idi. Sovet sistemi dağılanda qurduğu kolxoz da, mal-qarası da bir göz qırpımında dağıdılmışdı. İndi hərə öz fermer təsərrüfatını yaratmışdı, mal-qaranın, davarların müalicəsinə də özləri öz bildikləri kimi əncam çəkirdilər. Bir vaxtlar rayonda sayılıb-seçilən Mirəli get-gedə unudulur, adi yığıncaqlara belə dəvət olunmurdu. Bəzən ona qulağı eşidə-eşidə mal həkimidir, deyənlər də olurdu. Mirəliyə ən çox ağır gələn o idi ki, onların arasında həkimlər də vardı.
Mirəli hər şeyi özünə dərd edirdi.O, get-gedə ümidsizləşir, özünə yer tapmırdı. Elə Bakıya da özünü həkimlərə göstərməyə gəlmişdi. Onun əlli yaşı hələ tamam olmamışdı. Uşaqlarını yerbəyer etməmişdi. Mirəli tələbə dostunu güllü-çiçəkli dağ kəndinə – evlərinə dəvət etdi. Hilal dəvəti böyük məmnunluqla qəbul etdi. Yaşıllıqlar içində itib-batan bir şəhərdə yaşasa da, Hilal burda başqa bir aləm gördü. Mirəlinin evi dağın döşündəydi. Aşağıda – dərədə dağ çayı gurultu ilə axıb gedirdi. Hər yan gül-çiçək idi. Hardansa Hilalın yadına kəlbəcərli şair Ənvər Rzanın iki misrası düşdü:
Mərcanı çiyələk, gül dərə-dərə,
Endim bir dərəyə, dərə nə dərə.
Doğma yurd didərgini olan bu talesiz şair indi hardadır, yaşayırmı? Səbəbini özü də dərk etmirdi. Almaniyaya köçəndən bəri onda Azərbaycan poeziya və musiqisinə inanılmaz məhəbbət yaranmışdı. Hər gəlişində Azərbaycandan xeyli sayda şeir kitabları, diskə köçürülmüş Azərbaycan mahnılarını aparırdı. Hilalın yadına tələbəlik illəri, Əli Kərimin bütün tələbələrin əzbər bildiyi “Qaytar ana borcunu” və Məmməd Arazın “Bacım Gülsümə məktub” şeri düşdü. Bu şeirlər ona haqq dünyada olan ata-anasını, doğma kəndlərini xatırladırdı. Fikir onu ağuşuna alıb uzaqlara aparmışdı. Onu fikrindən Mirəlinin həyat yoldaşı Sənəm müəllimə ayırdı:
– Hilal qardaş, deyirlər o tərəflərdə yaxşı həkimlər var. Allah səndən razı olsun. Mirəlini apar onlara göstər, qoy rahatlansın, həm də dünyanı görsün. Sənəm sanki Mirəlinin ürəyini oxuyub bu sözləri deyirdi. Mirəli arvad sarıdan xoşbəxt idi. Sənəm bir dəfə də olsun Mirəlinin xatirinə dəyən söz deməmiş, ərini başının tacı hesab etmişdi. Sənəm halal, xeyirxah adam idi. Adət-ənənəyə sadiq olan Sənəm övladlarını yaxşı tərbiyə etmişdi. Mirəli bir yana, kənddə Sənəmə görə çox analar onların qızlarını gözaltı etmişdi. Çoxları qızlarının bu ailəyə düşməsini arzu edirdi…
Hilal qardaş, bilirsən ki, Mirəli zəhmətkeş adamdı. Mal-qaramız, qoyun-quzumuz, toyuq-cücə, əkin sahəmiz vardır. Mən də məktəb müəllimi kimi az-çox maaş alıram. Uşaqlar da böyüyür, hər şey tədarük etmişik. Qara gün üçün də tədarükümüz var. İmkansız deyilik. Təki Mirəlini həkimlər müayinə etsin. Görək bunun dərdi nədir…
İki həftədən sonra Hilal Mirəlini də götürüb təyyarə ilə Almaniyaya yola düşdü. Mirəli keçmiş Sovet İttifaqının bəzi ölkələrindən başqa, dünyanın heç bir yerində olmamışdı.
Hilaldan xahiş etdi ki, kapitalist ölkələri adlandırğımız ölkələrdən danışsın. Hilal məmnuniyyətlə sözə başladı. O, Hilalın söhbətinə maraqla qulaq asırdı. Eşitdiklərinin bəzisi ona yuxu kimi gəlir, bəzisi ağlasığmayan, əcaib-qəraib işlər təsiri bağışlayırdı. Düzlük, halallıq, işi təmənnasız görmək, işi işbilənə həvalə etmək, qayda-qanuna boyun əymək ona nağıl kimi görünürdü. Bu yerdə Hilal Şəhriyardan iki misranı bədii qiraət ustalarına məxsus tərzdə əzbərdən dedi:
Bizdən qabaqdadır avropalılar,
İşi iş bilənə tapşırır onlar.
Mirəli dağ rayonunun ucqar kəndində yaşayırdı. Bir baytar həkim kimi ən çox onu heyvanlar maraqlandırırdı. Dünyanın gedişi, başqa xalqların həyat tərzi barədə məlumatı çox az idi. Odur ki, Hilal ağlı kəsməyən məsələlərdən söz açanda Mirəli qulaqlarına inanmırdı. Hilal deyəndə ki, Amsterdamda “Qırmızı fanarlar” adlanan küçədə rəsmi olaraq, dövlətin icazəsi ilə qadınlar öz bədənlərini satmaqla, bizim anlamda əxlaqsızlıqla məşğul olur, pul qazanırlar. Almaniyada və bir çox başqa ölkələrdə xüsusi yerlərdə qadınlar bu işlə məşğul olurlar. Qazanclarından dövlətə vergi verirlər. Mirəli eşidəndə ki, bu qadınlar arasında ərli qadınlar da olur:
– Onların ərlərinin papağı boş qalsın – dedi.
Hilal sözünə davam edərək xüsusi vurğuladı ki, əvvəllər xəlvəti, indi isə aşkar, eyni cinsdən olan adamlar evlənirlər. Bəzi ölkələrin parlamentləri bu barədə qərar da çıxarıb.
Mirəlinin yadına tələbə vaxtı mühazirədə professor Mərcanlıdan eşitdiyi sözlər düşdü. Professor deyirdi ki, Marksa görə mədəniyyətin axırı vəhşilikdir. Marks köpəkoğlu doğru deyirmiş – deyə düşündü. Hardansa yadına tarixdən dərs deyən Əsəd Kələntərlinin sözləri düşdü: “Həddən artıq demokratiya və azadlıq anarxiyaya gətirib çıxarır”.
Tələbələr onu “KQB”-nin agenti adlandırırdılar. Əslində o da düz deyirmiş. Hələ böyük ziyalı, Qori seminariyasının məzunu, professor Əhməd Seyidovun çəkinmədən dediyi sözlər: “A bala, a bala, o kommunizm deyirlər ha, o olsa-olsa, Çində olacaq”.
– İlahi, nə böyük müəllimlərimiz varmış – deyərək Mirəli dərindən ah çəkdi. Ürəyinə gəldi ki, bəlkə elə hava limanından geri dönsün.
– Ahın dağlara-daşlara – deyərək Hilal onu fikrindən ayırdı. Dostunun əhvalının pozulduğunu aydınca hiss etdi və mövzunu dəyişdi.
– Mirəli, “nemeski şot” ifadəsi var, eşidibsən? Bir dəfə qrupumuzun tələbələri bayram vaxtı yeyib-içəndə ondan istifadə etmişdi, yadındadırmı?
Mirəlinin dogma kəndində dini ehkamlar möhkəm olduğundan və kasıblıq ucbatından yeyib-içməkdən kənar idi. Elə indinin özündə də dilinə içki dəysə-dəysə, toylarda dəyərdi. Son vaxtlar dini kitablara hədsiz maraq göstərirdi. İlahiyyatçı alim Mirəziz Seyidzadənin “İslami söhbətlər” və “Allahımı necə tanıdım” əsərləri stolüstü kitablarına çevrilmişdi.
Tələbə yoldaşından cavab almayan Hilal dedi ki, “nemeski şot”un nə olduğunu sənə əyani şəkildə göstərərəm.
Üç gün ərzində Hilal dostunu həkimlərə göstərdi: Bütün analizlər verildi. Mirəli hesabladı ki, xeyir-şər qarışıq təkcə analizləri ailə büdcəsinin üç aylığını apardı. Axırı xeyir olsun, – dedi. Xeyir də oldu. Həkimlər onda heç bir xəstəlik tapmadılar. Bu sağlamlıqla 80-100 il yaşayacaqsan dedilər. Hilal almanca gözəl bilirdi. Həkimlərə anlatdı ki, Mirəligilin bölgəsində 100-120 il yaşayanlar çoxdur və uzunömürlülük burada adi haldır. Həkimlər Mirəliylə hərtərəfli söhbətdən sonra anladılar ki, ixtisası ilə bağlı xiffət çəkir, depressiya keçirir. Məsləhət gördülər ki, ferma yaratsın. Fermer təsərrüfatı onun dərdinin dərmanı olacaq. İşini çox sevdiyinə görə və övladları çox olduğuna görə öhdəsindən gələcək, adlı-sanlı fermerə çevriləcək. Məşvərət keçirən həkimlərin haqqı ailənin ikiaylıq büdcəsi qədər oldu. Lakin Mirəli sevinirdi. Alman həkimləri onu sanki yuxudan ayıltmışdılar. Fermer məsələsi onu çoxdan düşündürürdü. Lakin həkim olduğundan, bunu özünə sığışdırmırdı. Görək mən adlı-sanlı, imkanlı fermer olandan sonra indi mənə mal həkimi deyənlər nə deyəcəklər. Əvvəlki ad-sanı qaytarmasam, mən Mirəli deyiləm. Gün gələcək ki, yenidən mənə doktor deyə müraciət edəcəklər.
Yadına Sənəm düşdü. Sənəm ayaqlarından əziyyət çəkir, Allah qoysa gələcəkdə gərək onu da bu həkimlərə göstərim. Həm də dünyanı görər. Həyatında vətəndən kənara çıxmayıb – deyə düşündü. O, qeyri-adi yüngüllük hiss edirdi.
Hilal nəsə deyirdi. Onu şirin xəyallardan ayırdı.
Hər iki dostun kefi kök idi. İlk növbədə Vətənə dönmək üçün Mirəliyə bilet aldılar. Sonra Hilal dostunu şəhərlə yaxından tanış etməyə başladı. Gözəl bir binanın yanından keçəndə Hilal dedi ki, bura təyyarədə söhbət açdığım məşhur yerdir. Buranı hamı tanıyır. Kimdən soruşsan barmaqla göstərər. Pəncərələrin qabağından keçəndə müxtəlif yaşlı, müxtəlif millətlərdən olan qadınları gördülər. Hər otaqda bir nəfər özünə sığal verirdi.
– Ölmüşlər necə də gözəldirlər. Bunları kim desən alar. Pozğunluqla məşğul olmaq əvəzinə niyə ərə getmirlər, – dedi.
Hilal kəndli təfəkkürü ilə yaşayan dostunun sualına təbəssümlə cavab verdi.
Yaşıllıqlar içində itib-batan şəhər Mirəlinin çox xoşuna gəldi. Belə gözəl şəhərdə “əxlaqsızlıq yuvası”nın olması ona bir dərd oldu.
Axşam restoranda oturub yaxşıca yeyib-içdilər. Mirəli demək olar ki, hallanmışdı. Birdən Hilal qonşu stolun arxasında əyləşən bir cütlüyü göstərərək dedi ki, onlar ər-arvaddır. Mirəli gördü ki, kişi ayrı, qadın ayrıca hesab verdi.
– Bax, Mirəli “nemeski şot” budur. Dostlar da burada hesabı belə verirlər.
Mirəli hallansa da, başı yaxşı işləyirdi.
– Əvvələn, o kişinin ki, yanında arvadı hesab verir, o kişinin başı yerə girsin. İkinci isə sənin sözündən belə çıxır ki, biz də ayrı-ayrı hesab verməliyik. Bəri bax, bəs bizim azərbaycanlılığımız harda qaldı?
Hilal gülməkdən özünü saxlaya bilmirdi. Almaniyaya gəldiyi ilk vaxlar o da Mirəli kimi düşünürdü.
Hilal Mirəlini qaldığı üçulduz mehmanxanaya gətirnədə artıq gec idi. Səhər tezdən onu hava limanına aparacaqdı.
Bərk-bərk tapşırdı ki, yatsın, özünə gəlsin. Hava limanında içkili olduğu bilinsə, problem ola bilər.
Mirəli yerinə uzananda susuzluq ona üstün gəldi. Bardan bir şüşə Bavariya pivəsi götürüb başına çəkdi. Gözünün qabağına məşhur binadakı gözəl qadınlar gəldi. Sonra nə baş verdiyini bilmədi. Bir də gördü ki, həmin binanın qabağındadır. Onu dünyanın ən əziz qonağı kimi görünməmiş mehribanlıqla qarşıladılar. Nə qədər adamın qoyun-quzusunu, mal-qarasını məhv olmaqdan qurtarmışdı, kimsədən belə mehribançılıq görməmişdi. Əvvəlcə albomlarda, sonra isə pəncərədən qadınların hamısını ona göstərdilər. Mirəli obyektiv adam idi.
– Necə də gözəldilər. Hamısı good – dedi. Dinimiz yol verir. Əgər bu qadınlardan birini siğə etsəm, Allah və Sənəm məni bağışlar. Qəti qərar qəbul etdi.
– Ay vont a vif (wayf sözünü düz tələffüz etmədi. İnstitutda ingilis dilini az tədris etmişdilər).
– Hamısı good wifdir. Qiymətinə görə hansını istəyirsən seç. Lap gənc və gözəl qadınlar daha bahadır – dedilər.
– Mən siğə ilə arvad almaq istəyirəm.
Onu anlamadılar.
Bir anda tərcüməçi çağırdılar.
– Mən siğə kəbini ilə birdəfəliyə arvad almaq istəyirəm.
Tərcüməçi siğə sözünü anlamadı. Odur ki, Mirəlinin sözlərini belə tərcümə etdi:
– Bu cənab rəsmi kəbinlə birdəfəlik arvad almaq istəyir.
Baxdılar ki, geyimindən-kecimindən ziyalıya oxşayır. Tezliklə binaya yayıldı ki, bir kişi rəsmi arvad almaq istəyir. Çoxları onun başının xarab olduğunu zənn etdilər. Nəhayət, vətənindən didərgin düşmüş, “Robinzon Kruzo” filmindəki, zənci qıza bənzər qadın:
– O qara, mən qara, bizimki tutar, – deyib razılıq verdi. Kəbin kəsildi.
Tərcüməçinin, nigah kəsənin, “gözəl bina”nın işçilərinin zəhmət haqqını ödəyəndən sonra Mirəli baxdı ki, cibində az miqdar pulu qalıb. O, istədi ki, zənci qadınla otaqlardan birinə keçsin, qoymadılar. Bayaqkı mehribanlıqdan əsər-əlamət qalmamışdı. Sanki onlar bayaq əldən-ayaqdan gedən adamlar deyildi:
– Bu sənin kəbinli arvadındır, vətəninə aparacaqsan, – dedilər.
Mirəli nə baş verdiyini anlamırdı. İlahi, mən camaatın üzünə necə baxacağam, Sənəm və uşaqların yanında başımı necə qaldıracağam. Qızlarımı kim alacaq, oğlanlarıma kim qız verəcək, – deyərək baş-gözünə döyməyə başladı. İntihar etmək qərarına gəldi. Qoy camaat elə bilsin ki, xəstəlikdən ölmüşəm. Sənəmin və uşaqların başı aşağı olmasın. Başıma gələn biabırçılığı qara torpaq örtsün. Lakin vətəndən uzaqlarda, qərib ölkədə ölmək, yad torpağa basdırılmaq ona ağır gəlirdi. Hardansa yadına Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun Çində xəstələnərkən yazdığı misralar düşdü:
Vaxtsız əcəl, məndən uzaq dayan, dur,
Qürbət eldə can vermərəm ölümə.
Qılıncını məndən uzaq dolandır.
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə!..
Şerin və düşdüyü ağır vəziyyətin təsirindən ömründə ağlamayan Mirəlinin gözündən yaş sel kimi axırdı. Ayaqlarım sınaydı, buralara gəlib çıxmayaydım, – dedi. Ən əcaib-qəraib, ən ağlasığmaz adət biz müsəlmanların siğə ilə evlənməsi imiş – deyərək özünü lənətlədi.Birdən bərk taqqıltı və səs-küy eşitdi. Gördü ki, qan-tər içindədir. Nə baş verdiyini anlamadı. Qapıda Hilalın uca səsi eşidildi:
– Aç qapını, hava limanına gecikirik. Qapını açmağı ilə Hilalı qucaqlayaraq hönkürtü ilə ağlamağı bir oldu. Haçandan haçana özünə gələrək:
– Allah sənə şükür, yuxuymuş, – dedi.
– Hilal heç nə başa düşmədi.
Yazıya 638 dəfə baxılıb